
Əyri-üyrü küçələrinin daş döşəmələrində addım səsləri, məhəccərlərinin qıvrım-qıvrım naxışları, böyük şəhərin hay-küyünün içində sükut adası, məhəllə məscidlərinin minarələrində yuva qurmuş göyərçinlər… həzin, eyni zamanda şaqaraq notların vəhdətində nəğmə İçərişəhər. Beş əsrlik daş yaddaşındakı susqunluğu və bu susqunluğun içindən haraylanan hayqırtı İçərişəhər. XX əsrin 60-cı illərində çoxlarının duyub, hiss etdiyi bu ecazkarlığı musiqinin dilində səsləndirmək Vaqif Mustafazadə cəhdində sadəcə cəhd olmadı. Vaqif barmaqlarından piano dilləri dil açıb oxudu. Onun qayğıların ağuşunda keçən uşaqlığını, atasızlığnı, ilk gəncliyini, sevgisini və əlbəttə sakini olduğu İçərişəhrin bənzərsiz nəğməsini. Vaqif barmaqlarının sehrində səslənən notlar yaradıcı ruhu ilə yanaşı duymaq, İçərişəhərin yaranışdan divarlarına, daşlarına hopmuş huzuru musiqinin dilində danışdırmaq bacarığı ilə qoşalaşıb özünə qədərki ənənlərinin üstə yaranan yeni sənət, yeni yol, yeni məktəb idi. Vaqifin sənət gerçəyi gerçəklərin içində nağıl, nağılların əhatəsində gerçək olmaqla dinləyici ruhunu özündən qoparıb haralarsa uzaqlara aparır. Zillə bəmin arasındakı keçidlərin tilisimində tilisimlənib qalan dinləyicisi Vaqif sənətinin möcüzəsində ayaqları yerdən üzülmüş kimi çəkisizliyə düşür. Sirli, sehirli nağıl dünyasında öz nağılının, öz xatirəsinin əhatəsində bəstəni də, ifanın da məhz onun həyat hekayəsi olduğunu sanır.
Həsrətdir, xatirədir, köks ötürməkdir, ümidir, çağrışdır, şahə qalxıb öz nəhrinə üsyan edən, sakitləşib sevgili sahillə öpüşən dalğadır Vaqif ifası. Ana laylasının şirinliyi, ürək sızladan ağının acısıdırVaqif bəstəsi.
Vaqif üsyan edirdi. Kimə, nəyə etraz edirdi? Dövrünün buxovlarınamı, onu başa düşməyənlərəmi, bəlkə dünyaya tez gəldiyinə? Təkcə bəlli olan o idi ki, onun içindən etiraz kükrəyirdi.
Saysız-hesabsız araşdırmaçılar, musiqişunaslar yaradıcılığını caz, caz-muğam vəhdəti adlandırdı. Qoy nə deyirlər, necə tədqiq edirlər etsinlər. Bir həqiqət var ki, Vaqif özünü, ürəyinin səsini köçürürdü nota, Vaqif içindəki təlatümləri,etirazları hayqırırdı. İfası qəlbinin səsi idi. Notlar onun ürəyindən qopurdu.
Sənət ehtirası, mütüliyə qarşı cəng, haray not-not canından can qoparırdı Vaqifin. Hər ifasından sonra ürəyinin bir parçası ayrılıb ürəyindən alqışlara qarışırdı.
Bütün çətinliklərə, qarşısına çəkilən sədlərə baxmayaraq gələcəyə ümidli idi. Nə vaxtsa onun gələcəyinin gələcəyinə inanırdı. Gözləyirdi. Gözlədiyi zamanına qovuşmaq üçün tələsirdi. Ona qarşı çıxanlar, səhnə tərzinə etiraz edənlər çox olsa da, lap hərdən hər şeyi ürəyinə salsa da öz yoluna davam edirdi. Amma ömrünün qırxıncı baharına çatmamış fələk ömür yolunu kəsdi. Amansızcasına, elə səhnədəcə. Barmaqları royalın ağ-qara dilləri üstündə hərəkətsizləşdi. “Əzizəni gözləyərkən” ifası yarımçıq qaldı. Yarımçıq ömür, yarıçıq ifa…
Müəllif: Pərviz YƏHYALI
>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<
===============================================
<<<< WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ >>>>
Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru