
ÜRƏYİNDƏ
Bilirəm ki, bir üzüksüz,
Qaşa döndüm ürəyində.
Gah köçəri, gah yaralı,
Quşa döndüm ürəyində.
Səni sevən qərib sona,
Külə döndü yana-yana.
Sən girdikcə dondan-dona,
Qışa döndüm ürəyində.
Südabəyəm, ölənədək
Gözləyəcəm, Qu quşu tək.
İndi yaşa, ətək-ətək
Daşa döndüm ürəyində.