
“CIĞIR”IMIZ YOL OLDU
ALTMIŞINCI YAZI
(Yunus Oğuzun “Cığır” romanı haqqında)
“Yunus Oğuz müasir Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrindən biri olmaqla bərabər, öz imzası, dəsti-xəttilə seçilən söz sənətkarlarındandır. Onun ümumi dünya qələmdarları sırasında yeri Təbəri, Qaşqarlı Mahmud, Lev Tolstoy, Yevgeni Tarle, Vasiliy Yan, Məmməd Səid Ordubadi kimi ustad sənətkarların arasındadır. Onu bir yazar kimi sələflərindən və xələflərindən fərqləndirən başlıca xüsusiyyət istər tarixi, istərsə də şahidi olduğumuz hadisələrə yalnız quru bədii salnaməçi mövqeyindən yanaşmamasıdır. Beləki, onun bütün qələmə aldığı mətn nümunələrində mövzuya analitik yanaşma mövqeyi qabarıq şəkildə ortaya çıxaraq keçmişi təsdiq, gələcəyi isə tərtib edir.” Bu sözləri Olaylar.az-a müharibə veteranı, yazar, “Yazarlar” jurnalının baş redaktoru Zaur Ustac Yunus Oğuzun “Cığır” tarixi romanının Dövlət mükafatına layiq görülməsi üçün Azərbaycan Atatürk Mərkəzi tərəfindən namizədliyinin irəli sürülməsinə münasibət bildirərkən deyib:
“Tarix, hərb mövzulu yazılar həmişə diqqət mərkəzimdə olub. Bu qəbildən olan yazılarda heç vaxt imzaya deyil, məhz mətnlərə, onların faydalılığına, gələcək nəsillər üçün daşıdığı informasiya yükünə, tutumuna fikir vermişəm. Bu mövzuya dəfələrlə müraciət edərək layiqliləri təqdir, yarıtmazları isə açıq şəkildə tənqid etmişəm. Əgər söhbət konkret olaraq Yunus Oğuzdan gedirsə, “Çağdaş örnək yazarlar” adlı yazımda bu imzanı gəncliyə nümunə olaraq göstərmişəm. “Cığır”a gəlincə, Yunus Oğuz bu əsəri yazmasa belə bir yazar kimi Azərbaycan ədəbiyyatında öz sözünü çoxdan demiş, imzasını təsdiqləmişdi. Bəli. Bu qəti olaraq belədir. Ancaq Yunus Oğuz bu mövzuda yazmaya bilərdimi? Əlbəttə, xeyr! Yunus Oğuz qələbədən, şanlı Zəfərimizdən, Şuşadan mütləq yazmalı idi. Bu Zəfərə qədər qələmə aldığı digər silsilə tarixi romanlarında işarə ilə toxunduğu mətləbləri enində-sonunda açıq bir mətnlə ortaya qoymalı idi. Zaman yetişdi. Bu nümunə “Cığır” oldu. Özü də necə? – Şəxsən mən romanın anonsunu Şuşada şanlı Zəfərimizin memarı Müzəffər Ali Baş Komandanın hüzurunda müəllifin öz dilindən eşitdim. Bu mənzərəni seyr edəndə qeyri-ixtiyari olaraq gözlərimin önündə fatehlərin yanında olan salnaməçi mirzələrdən biri qismində canlandı Yunus Oğuz… Yunus Oğuz qalib sərkərdənin önündə, hadisə yerində onu televiziyadan seyr edən milyonların gözü qarşısında elan etdi ki, o artıq “Cığır”dan yazmağa başlayıb. Bu çox məsuliyyətli və ciddi öhdəlik idi. Bizim tanıdığımız, tarixi biliyinə, siyasi-analitik bacarığına və ümumilikdə geniş erudisiyasına güvənən Yunus Oğuz bu vəzifənin öhdəsindən layiqincə gəldi. O bir peşəkar söz adamı kimi verdiyi sözün üstündə durdu. Gələcək nəsillərə örnək ola biləcək yeni faydalı bir nümunə yaratdı…
Yunus Oğuzun tarixinə söykənərək romanda verdiyi tərtiblərin çoxu qısa bir müddət ərzində həyata keçdi. Bu gün artıq Xankəndində bayrağımız dalğalanır.
Bu yaxınlarda öyrəndim ki, Yunus Oğuzun “Cığır” tarixi romanının Dövlət mükafatına layiq görülməsi üçün namizədliyi irəli sürülüb və aidiyyəti qurum tərəfindən namizədlik qəbul edilib. Ümidvaram ki, növbəti xəbər “Cığır”ın Yunus Oğuz, ədəbiyyat, ədalət, ümumilikdə yurdsevər vətən övladları, o cığırı canları, qanları, sıldırım qayalara hördükləri həyatları bahasına yol edərək bu gün artıq yerdən, göydən Göyçə gölünə boylanan əsgərlərimiz, qazilərimiz, şəhidlərimiz adına bu mükafatı qazanması olacaq!”
“Yazarlar” jurnalının baş redaktoru,
AYB və AJB-nin üzvü.