
“Çağdaş Danimarka Poeziyası” antologiyası işıq üzü gördü
“Yeni DƏB” seriyasından daha bir neçə kitab bizi gözləyir
Knud Sörensen, Benni Andersen, Uffe Harder, Erik Stinus, Lin Nilsen, Peter Poulsen, Laus Strandbi Nilsen, Henrik Norbrant, Nils Hav, Marianna Larsen, Piya Tafdrup, Tomas Böberq kimi XX əsrin günümüzədək tanınmış və yazıb-yaradan 12 Danimarka şairinin şeirlərinin toplandığı kiçik antologiya – “Çağdaş Danimarka Poeziyası” “Yeni DƏB” seriyasından “Zərdabi Nəşr”də nəfis şəkildə işıq üzü görüb. 2005-ci ildən indiyəqədər Səlim Babullaoğlunun Azərbaycan Yazıçılar Birliyinin nəzdində, “Dünya ədəbiyyatı” dərgisinin əlavəsi kimi təsis etdiyi “Yeni DƏB” seriyasında 25-dən artıq kitab-dünya ədəbiyyatı nümunələri nəşr olunub. Bir ara nəşrində fasilə yaranan seriya AYB Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin bazasında təkrar bərpa olunub.
Antologiyanın tərcüməçiləri türk əsilli Danimarka vətəndaşı, şair-tərcüməçi Hüseyn Duyğu, Səlim Babullaoğlu (tərtibçi, redaktor, ön sözün müəllifi), nəşrin məsləhətçisi Əsəd Cahangir, koordinatoru Rauf Aslanov, naşiri Elman Qasımovdur. “Yeni DƏB” seriyanın redaksiya heyətinə Səlim Babullaoğlu, Seyfəddin Hüseynli, Əsəd Cahangir, Azər Turan, Qulu Ağsəs, Fərid Hüseyn daxildir.
Kitab üzərində Emil Camalov və Məlahət Qənbərova çalışıblar.
AYB katibi Səlim Babullaoğlu bizə bildirib ki, yaxın vaxtlarda, daha 4 kitab işıq üzü görəcək.
Seriyanın informasiya dəstəkçiləri sırasında “Dünya ədəbiyyatı” dərgisi, “Ədəbiyyat qəzeti”, “Ulduz” jurnalı, www.mustaqil.az, www.yazarlar.az saytı da var.
“Ədəbiyyat qəzeti” oxucuları üçün Nils Havın 2 şeirini dərc edib.
Nils Hav/ Niels Hav
Görkəmli Danimarka şairi və nasiri. 7 noyabr 1949-cu ildə Qərbi Danimarkada, fermer ailəsində doğlub. “Mən kor olanda”, “Biz burdayıq”, “Kopenhagen qadınları” və başqa şeir kitablarının müəllifidir. Bütövlükdə 10 şeir və hekayə kitabı nəşr edilib. Danimarka İncəsənət Şurasının mükafatına layiq görülüb. “The Literary Review”, “Ecotone”, “Exile”, “The Los Angeles Review”, “Absinthe: New European Writing” və b. jurnallarda şeirləri və barəsində rəylər dərc edilib. Türk şairi Ataol Bəhramoğlu onun haqqında belə yazır: “Zəkası, həssasiyəti, incə ironiyası və orijinal düşüncəsi, ictimai vicdanıyla o gözünün baxdığı hər yerdə və hər şeydə şeir qoxusu alır…” Avropa, Asiya, Afrika, Şimali və Cənubi Amerikanın bir çox ölkələrində, o cümlədən Türkiyədə səyahətdə olub. 2022-ci ildə Bakıda gerçəkləşdirilən onlayn “Şuşaya salam” beynəlxalq poeziya marafonunun işitrakçısı olub. Hal-hazırda Kopenhagendə yaşayır.
Atamın gəlişi
Mənə baş çəkməyə gəlmişdi sevimli atam
və ondan yadigar kətilə əyləşdi yenə.
– Eh, Nils,- dedi.
Güclüydü, günəş qaraltmışdı dərisini,
işım-işım işıldayırdı, sağlamdı.
Bir zamanlar məzar daşları
daşıyırdı başqalarıyçün
əl arabasında,
uzunsov bir mili də vardı əlində.
Kömək edərdim ona.
İndi özününkünü daşıyır
təkbaşına.– İşlər necədir?- soruşdu.
Hər şeyi danışdım.
Planlarımı, uğursuz cəhdlərimi.
Lövhəyə on yeddi qəbz sancaqlanmışdı.
– At bunları, – dedi, – onsuz da yenə gələcək.
Güldü.
– Özümə heç vaxt yazığım gəlmədi, – dedi.
– Yuxusuz gecələr keçirdim,
necə hörmət qazana bilərəm deyə
dərin-dərin düşündüm.
Bu çox vacibdi!
Bir siqaret verdim ona,
atıbmış sən demə.
Günəş pəncərələri,
bacaları zəbt etməyə başlamışdı.
Zibilçilər səs-küy salmışdılar,
qışqırırdılar bir-birinə.
Atam yerindən qalxdı,
pəncərəyə sarı yönəldi,
baxdı:
– İşləri çoxdu onların, – dedi, – bu yaxşıdı.
Köks ötürdü.
– Bir işin qulpundan yapış, – dedi.
İsa müsəlmanların tərəfindədir
Adam həm də yediyidi,
donuz əti yeyirsənsə, demək donuzsan –
bu meyvəsatanın dediyidi.
İsa müsəlmanların tərəfindədir.
Yusif və Məryəm ona heç vaxt donuz əti vermədilər,
uşaqlığında donuz əti heç yemədi
və vərdiş eləmişdi buna.
Yeni il axşamı qızarmış donuz yemək
mədəsini bulandırır.
Adamlar əvvəl kilsəyə gedir,
sonra qızarmış donuz əti yeyirlər,
nəsə düz deyil burda.
Yaxşı bəs iqlim fəlakəti?
Bu məsələdə qarışıqlıq çoxdu,
mələklər də məmnun deyillər.
İsa insanların veqan olmalarını,
göy-göyərti, mer-meyvə yemələrini
tövsiyyə edərdi,
meyvəsatan belə deyirdi
Tərcümə: H. Duyğu, S.Babullaoğlu
===============================================
<<<< WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ >>>>
Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru