
Sənubər Mehman Buxara vilayətinin Candan rayonunun Çarzanə kəndində anadan olub. 2004-cü ildə Özbəkistan Dövlət Dünya Dilləri Universitetinin beynəlxalq jurnalistika fakültəsini bitirib. Özbəkistan Yazıçılar Birliyinin üzvüdür.
Şeirləri respublika mətbuatında və Qırğızıstan, Azərbaycan, Türkiyə, Hindistan, Belçika, Keniya, Almaniya və Amerika kimi ölkələrdə dərc olunmuşdur.
“Yaşıl ibadətlər”, “Xəyyamsayağı şadlıqlar”,
“Eşq Gəlir”,“Sözün Vətəni” kitablarının müəllifi.
Köhnə dəftərləri açmamaq olmur,
Köhnə dəftərlərdə qalan dünya bu.
Təkcə badə kimi hicranla dolmur,
Sevgidən badəsi dolan dünya bu.
Mahnılar oxudum eşqin tarında,
Özünü övliya bilən bu dünya.
Məşrəbə çevrilib Bəlxin darında –
İmandan asılıb, ölən bu dünya.
Ey yar, əllərini əllərimə ver,
Ayrılıq – köksümü dələn dünya bu.
Gündüzü həsrətdə, gecə yaz şeir,
Dünyanı unudan, bölən dünya bu.
Həsrət, get, sinəmə sığmazsan ancaq,
Fəqət eşq neyini çalan dünya bu.
Əzizim, sevgilim, gözlərimə bax,
Sənə tələsməkdə dolan dünya bu!
Sənubər, halını aşiqlər bilər,
Eşq üçün dünyadan köçən dünya bu,
Hələ sübh kimi xoş mahnılar ilə
Vüsal şərbətini içən dünya bu!
GÖZLƏRINƏ ÇÖKÜB ÖLSƏM, OLARMI?
Hər kəs öz işinə batır dünyada,
Evi, gərdişinə batır dünyada.
Könlünü dünyaya satır dünyada,
Allahıma varıb, gəlsəm, olarmı?
Qəlbimi suvarıb, gəlsəm, olarmı?
Bir məqam istərəm, məqamdan artıq,
Bir aram istərəm, aramdan artıq.
Bircə an könlünü et pay, qonaqlıq,
Mən onu haylayıb gəlsəm, olarmı?
Allaha dayayıb gəlsəm, olarmı?
Səhərlər açılar göyün qapısı,
Qafillər yatmaqda qəflət yuxusu.
Dəyməyin, qoy yerdə qalsın hamısı,
Göylərə baş çəkib gəlsəm, olarmı?
Sonra yer şərhini bölsəm, olarmı?
Sənubər, ağaclar gecə ay əmər,
Gecə aləm evə məyus çəkilər.
Gecə qüssə qəlbi bəxtinə gömər,
Mən gülə çevrilib qalsam, olarmı?
Könülə çevrilib qalsam, olarmı?
Deyib, demədiyim etirazım var,
Çalıb, çalmadığım ürək sazım var.
Sənə etmədiyim sonsuz nazım var,
Sinəni aç, ora dolsam, olarmı?
Gözlərinə çöküb ölsəm, olarmı?
Azərbaycan dilinə uyğunlaşdıran: Şahməmməd Dağlaroğlu