
PAYIZ
Meşəyə getdimmi, ürəyim dinər,
Köklənər könlümün kamanı, sazı.
Meşələr bir nəhəng aynaya dönər,
Özündə əks edər payızı, yazı.
Yarpaq əllərini çiynimə qoyub,
Elə bil sinəmə yeriyir payız.
Soyuq küləklərin səsinə uyub,
Yenə yarpaq-yarpaq əriyir payız.
Qızırğalanmaz da o öz varına,
Meyvəsi, yarpağı sel kimi axar.
Acgöz dələlərin yuxularına
Gecələr sübhəcən qoz-fındıq yağar.
Həzin görkəm alar yenə dağ, dərə,
Torpaq həsrət qalar isti günəşə.
Tazanə küləklər budaq simlərə
Toxunar, kövrəlib oxuyar meşə…
Müəllif: Rafiq YUSİFOĞLU,
şair, Əməkdar mədəniyyət işçisi, filologiya elmləri doktoru, professor.