
Göydə qalan insanlıq: Hökumə Əliyevanın seçimi
Bu gün 25 dekabrdır. Təyyarə qəzasından düz bir il keçir. Bir il rəqəm olaraq kiçik görünür, amma bəzi hadisələr var ki, onların çəkisi zamanla ölçülmür. Onlar insanın yaddaşında, vicdanında və cəmiyyətin kollektiv şüurunda yaşayır.
Bu qəzanın adı tarixə yalnız bir faciə kimi yox, Hökumə Əliyevanın adı ilə birlikdə yazıldı.
Hökumə Əliyeva bir qadın, bir insan, bir seçim.
Qəza anı psixoloji baxımdan insan şüurunun ən sərhəd nöqtəsidir. Beyin təhlükəni hiss edəndə ilk refleks “özünü qoru” əmri verir. Bu, biologiyanın diktəsidir. Amma bəzən insan biologiyanı aşır. Bəzən bir saniyəlik qərar yüzlərlə həyatın istiqamətini dəyişir.
Hökumə Əliyeva məhz bu anda özünü yox, başqalarını seçdi.
Qadın cəsarəti çox vaxt yanlış anlaşılır. Onu emosional dözüm, səbir və susmaqla eyniləşdirirlər. Halbuki qadın cəsarəti bəzən ölümü görüb geri çəkilməməkdir. Öz canından keçməyi düşünmək deyil başqasının yaşamasını öz həyatından üstün tutmaqdır.
Psixoloji tədqiqatlar göstərir ki, ekstremal vəziyyətlərdə insanlar iki qrupa bölünür: qorxuya tabe olanlar və dəyərə tabe olanlar. Hökumə Əliyeva ikinci qrupun insanı idi. Onun davranışı panikadan yox, daxili etikadan qaynaqlanırdı.
Bu hadisə bir daha sübut etdi ki, qəhrəmanlıq planlaşdırılmır. Qəhrəmanlıq xarakterdir.
Pilotlar isə bu faciənin görünməyən, amma ən ağır yükünü daşıyan tərəfidir. Onlar göydə yalnız texniki qərarlar vermirlər onlar eyni anda psixoloji təzyiq, məsuliyyət və zamanla yarışırlar. Hər saniyə həm ölümə, həm ümidə eyni məsafədə olmaq pilotun peşə reallığıdır.
Bu qəza zamanı pilotların verdiyi qərarlar, qazandıqları saniyələr və son ana qədər aparılan mübarizə bir daha göstərdi ki, pilotluq sadəcə peşə deyil etik missiyadır. Sükanı buraxmamaq bəzən yaşamaq instinktinə qarşı çıxmaq deməkdir.
Hökumə Əliyeva və pilotlar bu missiyanı yerinə yetirdilər. Onlar son ana qədər mübarizə apardılar. Bəlkə də bu mübarizə kimlərinsə sağ qalmasına, kimlərinsə yenidən həyata tutunmasına səbəb oldu.
Bir il keçdi. Amma bu hadisə unudulmamalıdır. Çünki bu, yalnız faciə deyil. Bu, insanın hansı anda kim olduğunu göstərən güzgüdür.
Hökumə Əliyeva bizə göstərdi ki, qadın olmaq zəiflik deyil. Qadın olmaq bəzən ən ağır anda ən güclü dayanmaqdır. Öz həyatını yox, başqasının ümidini seçməkdir.
Bu gün 25 dekabrdır. Bir il tamam olur. Göy susur. Amma o səsizliyin içində bir ad var Hökumə Əliyeva.
Və bu ad insanlığın yaddaşında qalmalıdır.
Müəllif: Gülər Nizamiqızı