
MÜƏLLİM TƏK ELMİNİN BAĞBANI OLDU
Hamının xoş günü, xoş anı oldu,
İmanı, gümanı, vicdanı oldu.
Müəllim tək elminin bağbanı oldu,
Üz tubub yol gedir ucalığa o.
…”Mənə bir hərf öyrədənin köləsi olaram”.- Bu sözlər Islam dünyasının parlaq simalarından olan Həzrəti Əliyə məxsusdur. Din, əqidə, məslək uğrunda uca şəhidlik zirvəsinə yüksələn Həzrəti Əlinin öyrədənin – müəllimin əməyini belə yüksək dəyərləndirməsinin səbəbini anlamaq üçün ilk növbədə müəllimlik peşəsinin mahiyyətinə nəzər salmaq gərəkdir.
Müəllimlər dünyanın ən gözəl sözlərindən daha çox təsvir olunmağa layiq insanlardır. Onlar xüsusi olaraq, ən fəzilətli və ən tərifəlayiq ziyalılardır. Həyatımızda unuda bilməyəcəyimiz və nümunə götürə biləcəyimiz müəllimlər az deyil.
Haşiyə: Quliyeva Kubra İsaq qızı 18 aprel 1955- ci ildə Hacıqabul rayonunda anadan olub.
1972-ci ildə Hacıqabul rayon 9 saylı orta məktəbin məzunu olan Kubra xanım 1973- cü “Pionerlər evində” əmək fəaliyyətinə başlayıb, 1977-ci ildə Əli Bayramlı (indiki Şirvan) şəhər texnikumunda ibtidai sinif müəllimi fakültəsinə daxil olub. Oxuduğu müddətdə müəllimlərin etimadını doğruldub və qrup tərəfindən “Komsomol” təşkilatı katibi seçilib.
1980-ci ildə texnikumu bitirib, təynatla Saatlı rayon təhsil şöbəsinə göndərilib və həmin ilin avqust ayından Saatlı rayonunun Nəsimikənd kənd sovetliyində ibtidai sinif müəllimi kimi fəaliyyətə başlayıb.
Kubra xanımın dediklərindən: -Mənim idealım olan mərhum bacım Almas müəllimdən çox şey öyrəndim. Həmin il təhsil şöbəsi mənə etimad göstərib rayon mərkəzinə- Saatlı rayon Qıraqlı kənd səkkizillik məktəbinə direktor vəzifəsini təklif etdilər. Ançaq valideynlərim istəyinə görə razılıq vermədim. Hətta bundan öncə kənd sovetində işləməyi də təklif etmişdilər. Çünki sovetlər dönəmində Sov.İKP- nin sıralarında olmuşdum. 1983-cü ildə sənədlərimi V.İ.Lenin adına APİ-nin filologiya fakültəsinin qiyabi şöbəsinə verdım və oranın tələbəsi oldum. 1986-cı ilin oktyabr ayından atamın təkidi ilə Saatlı rayon təhsil şöbəsindən işdən çıxdım.Çünki kənd həyatına uyğunlaşa bilmirdim, valideynlərim məndən nigaran qalırdılar.
1986-cı ildən Hacıqabul şəhər 2-i saylı tam orta məktəbində sinif müəllimi kimi fəaliyyətimi davam etdirmişəm. 1988- ci ildə APİ- ni bitirdim və ali təhsilli Azərbaycan dili və ədəbiyyat müəllimi diplomu aldım.
2002-ci ildən isə Azərbaycan dili və ədəbiyyat fənnini tədris etməyə başladım. Ədəbiyyat fənninin tədrisinə başlayan gündən şagirdlərim tərəfindən sevildim. Müəllim üçün bundan gözəl nə ola biər?
Bir neçə dəfə təhsil şöbəsinin işçiləri tərəfindən dərslərim dinlənilib və haqqımda rayon qəzetində məqalələr dərc olunub. Dövlər tərəfindən verilən sərəncamlar əsasında həmin məktəbdən 2019-cu il aprelin 18-də 65 yaşımın tamam olması ilə əlaqədar məktəbin müəllim kollektivinin iştirakı ilə təntənəli surətdə təqaüdə çıxmışam.
…Azərbaycan təhsilində, gənclərin təlim- tərbiyəsində xüsusi xidmətləri olan müəllimlərdən söz düşəndə Kubra Quliyevanın da adı hörmətlə çəkilir. Kubra müəllimə mənalı və şərəfli bir ömür yaşayır. Yaşadığı mənalı və şərəfli ömrə imza atan
Kubra müəllimə söyləyir ki, ibtidai sinif müəllimim mənə həmişə deyərdi ki, yaxşı oxumaq, çalışmaq lazımdır. Əgər yaxşl oxusan, sənin üçün əlimdən gələni edərəm. Həm də deyirdi ki, heç vaxt yalan danışma, dürüst olmağa çalış. Bəzi insanların fikrincə, müəllimlər sadəcə olaraq dərsini keçib gedən insanlardır. Əslində, bu belə deyil, müəllimlər təkcə dərs deyən yox, həyatın çətinliklərini izah edən insanlardır.
Məktəb illərində həyatımıza çoxlu müəllimlər olub, onlar həyatımızda silinməz izlər buraxıb. Xüsusilə ibtidai sinif müəllimimiz məktəbdə, dərslərdə, hətta həyatla qarşılaşdığımız ilk anda əlimizdən tutub, bizimlə gəzib. Bu gəzinti biz sərbəst gəzə bilənə qədər davam edib. Büdrədiyimiz zaman bizi qaldırıb, bilmədiklərimizi söyləyib, qorxduqda bizi ruhlandırıb, səhvlərimizi düzəldib. Bir sözlə, onun əlində xəmir kimi formalaşdırılıb işlənirik. Bu mənada ibtidai siniflərdə ilk müəllimlərimizin zəhməti unudulmazdır. Ona görə ki, uzun müddət mən özüm də ibtidai sinif müəllimi işləyib görmüşəm.
Bu il, Kubra müəllimənin 70 illik yubileyi olub. Birinci kurs tələbə olduğunuz günlər çox geridə qaldı, siz artıq təqaüddə olan ağbirçək müəlliməsiniz! Əminik ki, 10 ildən, 20 ildən sonra da sizinlə fəxr edəcəyik, tələbə yoldaşı kimi sixdən həmişə ürəkdolusu söhbət açacaq, haqqınızda könülaçan sözlər deyəcəyik!

Hüseyn İsaoğlu, yazıçı-publisist,
AYB – nin və AJB – nin üzvü.