GÜNƏŞDƏN OD ALIB ODU TÜKƏNMƏZ

GÜNƏŞDƏN OD ALIB ODU TÜKƏNMƏZ

Uzadar əlini yıxılan olsa,
Kədərdən, qüssədən sıxılan olsa.
Qəmlənər baxçada bir gül saralsa,
Yaxşı adamları Tanrı qorusun.

Müəllimlər cəmiyyətin memarlarıdır, desək, yəqin ki, səhv etmərik. Bu danılmaz bir həqiqətdir ki, hər kəsin layiqli vətəndaş kimi formalaşmasında müəllimlərin həm orta məktəbdə, həm də ali məktəbdə əvəzsiz xidmətləri vardır.
Deyirlər ki, hər kəsin taleyində müəllimin yeri var. Bu, həqiqətən belədir. Əlimizdən tutub əlifbanın ilk hərfini öyrədən,eləcə də “ana” kəlməsini yazmağı, saymağı öyrədən ilk müəllimini kim xatırlamırki?
Məktəb partası arxasında oturduğumuz ilk günlərdən müəllimlər bizə qətrə-qətrə Vətənə, torpağa sevgi hissi aşılayırlar. Biz Azərbaycanın şanlı tarixini, ana yurdumuzun gözəlliklərini, Vətən sevgisin, vətənin qəhrəman oğullarının göstərdikləri qəhrəmanlıqları…və s. daha çox müəllimlərimizdən öyrənmədikmi? Sevimli müəllimlərimiz bizə şifahi xalq yaradıcılığının, dastanlarımızın ruhunu aşılayıblar, eləcə də yazılı ədəbiyyatımızın görkəmli nümayəndələrinin – Nizaminin, Füzulinin, M.Ə.Sabirin, S.Vurğunun, C.Məmmədquluzadənin, H.Cavidin əsərlərinin incəliklərini öyrədiblər. Biz onların sayəsində bütün varlığımızla xalqımızın əsrlərin sınağından çıxan adət-ənənələrinə, milli-mənəvi dəyərlərinə bağlanmışıq, dünyagörüşümüz, həyata sağlam baxışımız formalaşıb.
Tanışlıq: Abidov Abid Şamil oğlu 8 dekabr 1954-cü ildə Quba rayonunun Afurca kəndində anadan olub. 1961-ci il 1 sentyabrda Quba rayonu Afurca kənd orta məktəbinin birinci sinfinə qəbul edilib, 1971- ci ildə orta məktəbi bitirib.
Abid müəllimin dediklərindən: 1972- ci ildə Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq məktəbinin rəngkarlıq (rəsm və rəsmxət müəllimi) fakültəsinə qəbul olunmuşam. Birinci kursu bitirdikdən sonra ordu sıralarına çağrılmışam. İki il hərbi xidmətdə olandan sonra təhsilimi davam etdirmişəm. 1978-ci ildə Əzim Əzimzadə adına rəssamlıq məktəbini bitirmişəm.
1979 -cu ildə Kabardin -Balkar Respublikasının paytaxtı Nalçik şəhərində Dövlət Musiqili Teatrında rəssam işləmişəm.
1982-ci ilin 1 sentyabrından Quba rayonu, Afurca kənd tam orta məktəbində rəsmxət və rəsm müəllimi kimi işləməyə başlamışam.
1983-cü ildə V.İ.Lenin adına Azərbaycan Dövlət Pedaqoji İnstitutunun Azərbaycan dili və ədəbiyyat fakültəsinə qəbul olunmuşam. 1988-ci ildə ali məktəbi bitirmişəm. Hər iki fəndən məktəbdə dərs demişəm. 2018-ci ilin iyun ayından təqaüdə çıxmışam.

YADA DÜŞƏR
XATİRƏLƏR…

Abid müəllim bir anlıq xəyala dalıb yenidən danışmağa başladı: -1983 -cü ildə sənədlərimi V.İ.Lenin adına Azərbaycan Dövlət Pedaqoji İnstitutunun ,Azərbaycan dili və ədəbiyyatı fakültəsinə vermişdim. Hər bazar günü bir imtahan verirdik. Birinci imtahan yazılı idi. Ədəbiyyatdan inşa yazdıq. İmtahanı böyük bir zalda təşkil eləmişdilər. Mən Cəfər Cabbarlının “1905-ci ildə ” əsərini seçdim və bu mövzuda inşa yazdım.
Məndən yan tərəfdə bir oğlan oturmuşdu. Sakitcə oturub inşanı yazırdı. Hərdən -biz yorulduqda bir-birimizə nəzər yetirirdik. Mən Məmmədov Hüseyni həmin yazı imtahanında birinci dəfə gördüm.
İkinci dəfə institutun birinci mərtəbəsində divara vurulmuş siyahıya baxarkən Hüseynin necə sevindiyinin şahidi oldum.
Düz beş il bir qrupda, bir yerdə təhsil aldıq. Birinci kursda qrupumuzun nömrəsi 501 idi. Oxuduğumuz müddətdə mən onu bir savadlı, tərbiyəli, mədəniyyətli bir adam kimi tanıdım. Bu cəhətdən xasiyyətimiz tutmuşdu. Aramızda dostluq münasibətləri yarandı. Biz ali məktəbi bitirdikdən sonra da tez-tez görüşürdük.
İllər keçdi. Mən Quba rayonunun Afurca kəndində yaşayırdım. O, isə Bakı şəhərində yaşayıb işləyirdi. Hər dəfə Bakıya gələndə onunla görüşürdüm. Axır ki, talenin hökmü ilə biz qohum olduq. Yaxşı deyiblər ki, taledən, qismətdən qaçmaq olmaz.


Yanvar ayında 10 günlük sessiyanı keçirmək üçün bir mehmanxanada üç günlük yer aldıq.Düşündük ki, lazım olsa, vaxtı yenə də artırarıq. Mehmanxanada üç gün qaldıqdan sonra qaldığımız otağa qayıtdıq. Nə görsək yaxşıdır? Kitablarımızı, paltarlarımızı otaqdan çıxarıb dəhlizə, qapının ağzına tökmüşdülər. Qapını isə bağlamışdılar. Biz nə qədər çalışdıqsa da yenidən orada yer ala bilmədik. Məcburiyyət qarşısında qalıb buradan uzaqlaşdıq. Hərə öz qohumunun yanına getməli oldu.

Günəşə çatsa da nurlu taleyim,
Səninlə bağlıdır arzum, diləyim.
Nə bir dərdim olar, nə də bir qəmim,
Sən yüz il yaşasan, ilk müəllimim!

Müəllim əməyini çox vaxt bağban əməyi ilə müqayisə edirlər. Bağban min bir əziyyətlə yetişdirdiyi ağacın bəhrəsini görəndə sevindiyi kimi, öz yetirmələrinin xoş sorağını alanda müəllimin də qəlbi sevincdən dağa dönür. Müəllimlərimiz ad-san sahibi olan yetirmələri barədə həmişə iftixar hissi ilə söhbət açırlar. Bu vaxt, adətən, xoş xatirələr göz önündə canlanır. Yetirmələrinin uğurları müəllimlərimizə sanki yeni güc verir,onları daha şövqlə işləməyə ruhlandırır.
Və ən nəhayət, Vaqif İsaqoğlunun yaxşı və xeyirxah adamlara, ləyaqət və mərifət sahiblərinə, hər əməli, hər işi ürəyə xoş gələn dost adamlara yazmış olduğu şeirdən bir parçanı yada salmaqla, bu misraların məhz Abid müəllim kimi mərd kişilərə həsr edildiyi düşünürəm və bu düşüncəmdə yanılmadığımı bilirəm:

El üçün çalışdı, eldə ucaldı,
Yaxşılıq elədi, yaxşı ad aldı.
Qaranlıq yollara bir işıq saldı,
Mərd kişiyə bir sənətdi kişilik.

Hüseyn İsaoğlu, yazıçı-publisist,
AYB – nin və AJB – nin üzvü.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir