Yusifov Qoşqar Aslan oğlu 22 mart 1942-ci ildə Tovuz rayonunun Səfərli kəndində anadan olub. Orta təhsilini Böyük Qışlaq kənd məktəbində aldıqdan sonra Bakı şəhərində Rabitə texnikumunu (indiki Azərbaycan Texniki Universitetinin nəzdində fəaliyyət göstərən Bakı Texniki Kollecini) bitirib. Təhsilini başa vurduqdan sonra uzun illər Tovuz rayonunun Böyük Qışlaq kəndində rabitə qovşağının rəhbəri vəzifəsində çalışıb.
Qoşqar Aslanoğlu gənc yaşlarından şeir yazmağa başlayıb. Onun şeirləri el arasında sevilərək dillər əzbərinə çevrilib.
Yusifov Qoşqar Aslan oğlu 20 iyun 2017-ci ildə vəfat edib.
Səsimə çox zaman hay verən yoxdu, Xəyala dalıram əlim üzümdə. Sanmayın tənhayam, ətrafım çoxdu, Nə olsun uzaqdı, yaddı gözümdə.
Arxaya baxıram, qaralan yoldu, Nə bir qaraltı var, nə səs-səmir var. Bu qədər yol gəldim, görən nə oldu, Axı ad, soyad var, keçən ömür var.
Bircə şey bəllidi mənə həyatda, Sağlamsan, sağsansa qədrin bilinir. Beyində, şüurda, dərin alt qatda, Köçən sıfırlanır, tezcə silinir.
Yaşa, qədrini bil, var olan canın, Geridə qalanı Yaradan bilir. Çıxar ləzzətini bu günkü anın, Çünki sabah gəlir, ayrı gün gəlir.
Demə ki mələyəm, yoxdu günahım, Təqsirim hər şeyə qarışmağımdı. Dünyaya gəldim ki, sizlərə baxım Gedişim uduzub barışmağımdı.
OIMASIN İstəmərəm gözüm dolsun, Məni görən kəs olmasın. Tanrım işdən halı olsun, Bəndə filankəs olmasın.
Zaman cəllad, vaxtımız dar, Yıxılanı həmən udar. İçinizdə bir qərib var, Qıymayın, o, pis olmasın.
Oxu, bülbül, borcun durur, Hər gün könlüm səni sorur. Məni səsin bəmi yorur, Qoy zil olsun, pəs olmasın.
Bəzən yatıb gec qalıram, Dolaşmaqdan həzz alıram. Cəhətləri səhv salıram, Qatı duman, sis olmasın.
Səhv böyüksə, yadda qalar, Yaddaş hər an yada salar. Astarı üz bilsən olar, Ağlın dəlintərs olmasın.
1lə 3ün cəmi dörddü, Nə bir bərkdi, nə üç sərtdi. On üç sözü kimə dərddi?! 13 sayda nəhs olmasın.
Murad, bəlli yaşın çatıb, Baş ağrıtma ara qatıb. Mən biləni hamı yatıb, Biz də yataq, səs olmasın.
DEMƏSƏ DƏ Səhər durub şükür eylə, canda təpər deməsə də, Keçmə ədəb sərhəddini, baxma, çəpər deməsə də.
Başın, beynin tədavüsü hərdən azca dincəlməkdi, Can da ətdən, sümükdəndi, ağrı kəsər, deməsə də.
Sazın, sözün aşiqi ol, gözün bundan zərər görməz, Ürək coşar, sağ ol deyər, qara ciyər deməsə də.
Hərdən tək ol, zümzümə et, köklə səsi lazım olar, Kimsə duyar xoşu gələr, buna əsər deməsə də.
Puldu şəxsi var eləyən, boş-boşuna gedib gəlməz, Bezər pulsuz ticarətdən, yoxdu səmər deməsə də.
Hamı səni sevə bilməz, Yaradana asi olma, Zəlil edər həyatını, səsin kəsər, deməsə də.
Yüz ölç, bir biç, ağıllı ol, hər yetənə qulaq asma, Ağlın səni lağa qoyar, səndən küsər deməsə də.
Kimlər gəldi, kimlər getdi, bu həyatdan bil, ay Murad Dünya sənə biganədi, xeyrinə şər deməsə də.
NECƏ GƏLDİM, NECƏ ÇATDIM BU YAŞA Necə gəldim, necə çatdım bu yaşa, Heç bilmədim necə keçdi bu ömür. Ürək istər yalan ola, dil çaşa, Niyyətimi dümağ olan saç demir.
Nə dünəndi, nə bu gündü olanlar, Belə olub, belə olur, olacaq. Növbəlidi boşalanlar, dolanlar, Dolu başı yandıranmaz olacaq.
Zaman gedir, tutanmırıq ipini, Alışırsan, qaynayırsan, daşırsan. Hərdən şeytan göz ağardır, təpinir, Birdən birə əlifini çaşırsan.
Şükr edirəm məndən sonra qalana, Təki Allah sıxıntıya salmaya. Vay o gündən dirənəsən dalana, Tərpənməyə çıxış yolun olmaya.
Vaxtım çoxdu olanları çözməyə, Səbir istər yada salım birbəbir. Qorxuram ki, ürək buna dözməyə, Bu yaşımda bəs eləmir tək səbir.
Necə gəldim, necə çatdım bu yaşa, Yaradana bir ömürlük borcum var. Yol gedirəm son mənzilə birbaşa, Bu enerjim nəyə çatar, qurtarar.
DÜŞÜNƏK Bu dünya xali deyil, Geridə qalanı var. İnsanı yığvalı deyil, Pis günə salanı var.
Yaşadığın silinmir, Yaddaş var ortalıqda. Yaxşılığın bilinmir, Nə xaliqdə, balıqda.
Həyat nehrənin tayı, Doldurur çalxalayır. Yaxşıya yaxşı payı, Pisi pisə calayır.
Bir nahaq söz deyilir, Susursan, can çəkilir. Hərdən haqqın yeyilir, Təpəndə turp əkilir.
Dəlidən dolu olmur, Hər kəs tayını tapır. Oğrunun yolu olmur, Girir, talayır, çapır.
Uzaq ol, yanan oddan, Bir addım çəkil dala. Görmüsənmi heç yaddan, Adama yanan ola.
Oxu məni, ay insan, Qəribliyə salma gəl. Nəsihəti heç zaman, Vermək olmur əlbəəl.
Sözlə adam sağalır, Çalış ürək sındırma. Əməlin yadda qalır, Unut, heç vaxt andırma.
Bu dünya xali deyil, Hər sifətdə adam var. Hamı ziyalı deyil, Cahil olan aldanar.
EVİMƏ Gəl qulaq as ürəyimə, bir qonaq ol can evimə, Pişvazın ruh gətirər, şöhrət ilə şan evimə.
Sənin yerin bir ayrıdır, bilirsən ki, ürəyimdə, İstəmərəm yad toxuna, güllü-gülüstan evimə.
Ay üzündən, gözəlim, ruhlanaram, zövq alaram, Həll edərəm qəliz olan müşkülü asan evimə.
Bir arzum var ürəyimdə, gəlsən demək istəyərəm, Qibləsi məlum olan Kəbəyə baxan evimə.
Ay Murad, tövbə elə, zamanın var, gəl yoluna, Yaradana ağır gedər, salsan əgər qan evimə.
QOŞMA Səbirli ol, bu dünyada düz yaşa, Düzsənsə, qəti qorxma sorğudan. Ağız açma nadürüstə, əyyaşa, Pənah umma fırıldaqdan, oğrudan.
Çaylar çıxıb yatağından, düz axmır, Qismətdi, neyləyək, sözünə baxmır, Kor dünyadı tutduğunu buraxmır, Nədi səni dinc qoymayan, ağrıdan?!
Murad dinməz, dünya gözəl dolansa, Sevinc, fərəh üst-üstündən qalansa. Üzdə gülüş, gözdə nifrət yalansa, Nə gözləyim ağıllıdan, doğrudan.
Bu gün Azərbaycan foto və media məkanında özünəməxsus izi olan tanınmış fotojurnalist Rasim Sadıqovun 70 illik yubileyi qeyd olunur.
Rasim Sadıqov uzun illərdir ki, Azərbaycan mətbuatında fotoqraf və jurnalist kimi fəaliyyət göstərərək, ölkəmizin ictimai, mədəni və tarixi anlarını obyektiv vasitəsilə yaddaşa köçürən sənətkarlardandır. Onun çəkdiyi fotolar yalnız informativ sənəd deyil, həm də dövrün ruhunu və insan talelərini danışan vizual salnamədir.
Fotoaparatı ilə həyatın ən müxtəlif məqamlarını sənətə çevirən Rasim Sadıqov Azərbaycan fotoqrafiya məktəbinin inkişafına öz töhfəsini verən dəyərli sənətkarlar sırasında xüsusi yer tutur.
Azərbaycan Fotoqrafları Birliyi adından Rasim Sadıqovu 70 illik yubileyi münasibətilə səmimi qəlbdən təbrik edir, ona möhkəm cansağlığı, uzun ömür və yeni yaradıcılıq uğurları arzulayırıq!
Sənət yolunuz daim işıqlı, obyektiviniz isə həmişə həyatın ən gözəl anlarını görən olsun.