Milli Kitabxanada Xalq yazıçısı, akademik Kamal Abdullanın “Gizli “Dədə Qorqud” yeni mənalar axtarışında” kitabının müzakirəsi və təqdimat mərasimi keçirilib

Milli Kitabxanada Xalq yazıçısı, akademik Kamal Abdullanın “Gizli “Dədə Qorqud” yeni mənalar axtarışında” kitabının müzakirəsi və təqdimat mərasimi keçirilib

22 aprel 2026-cı il tarixində Milli Kitabxanada Xalq yazıçısı, Əməkdar elm xadimi, akademik Kamal Abdullanın yeni nəşr olunan “Gizli “Dədə Qorqud” yeni mənalar axtarışında” kitabının müzakirəsi və təqdimat mərasimi keçirilib.

Milli Kitabxananın direktoru professor Kərim Tahirov tədbir iştirakçılarını salamlayıb, akademik Kamal Abdullanın Azərbaycan filologiyasının, əsasən də qorqudşünaslığın, mətn dilçiliyinin hərtərəfli öyrənilməsi və inkişafındakı mühüm xidmətlərindən, Azərbaycan xalqının dünyaya bəxş etdiyi ən nadir incilərdən olan “Kitabi-Dədə Qorqud” eposunun görkəmli yazıçı, alim Kamal Abdullanın istər bədii, istərsə də elmi yaradıcılığında tutduğu mühüm yerdən danışıb, müzakirə və təqdimatı keçirilən kitabın Azərbaycan Yazıçılar Birliyi tərəfindən Azərbaycanın Elm, texnologiya, memarlıq, mədəniyyət və ədəbiyyat üzrə Dövlət Mükafatları Komissiyasına bu ilin ədəbiyyat sahəsində dövlət mükafatına təqdim edildiyini diqqətə çatdırıb.

Ulu Öndər Heydər Əliyevin “Kitabi-Dədə Qorqud” dastanını Azərbaycan xalqının “ana kitabı” və milli kimlik rəmzi kimi dəyərləndirərək, onun öyrənilməsi və təbliğinə böyük önəm verdiyini vurğulayan direktor kitabın 1991-ci ildə ilk dəfə Bakıda, 1994-cü ildə Türkiyənin Bursa va İstanbul şəhərlərində ayrı-ayrı tərcümələrdə türkcə nəșr edildiyini, 1999-cu ildə əlavələr edilmiş və təkmilləşdirilmiş yeni nəşrinin “Sirriçində dastan va yaxud gizli Dədə Qorqud-2” adı ilə, 2009-cu ildə isə yenidən işlənmiş və təkmilləşdirilmiş nəșrinin rus dilində çap olunduğunu, yeni bölmələrin əlavə olunduğu “Mifdən Yazıya va yaxud Gizli Dədə Qorqud” adlı tədqiqatın yenə də 2009-cu ildə Bakıda işıq üzü gördüyünü vurğulayaraq hazırda təqdim edilən kitabın bütün əvvəlki nəşrlərin labüd ümumiləşdirici variantı olmaqla yanaşı, bir sıra yeni fəsillər, bölmələr, əlavələrlə təkmilləşdirildiyini, əsər vasitəsilə oxucunun “Kitabi-Dədə Qorqud” mətninin dərin və gizli qatlarına nüfuz etmək, bu qatlardakı mənaların aşkar qata təsir və əlaqəsini müşahidə etmək imkanına malik olduğunu diqqətə çatdırıb.

Xalq şairi Sabir Rüstəmxanlı akademik Kamal Abdullanı böyük alim, böyük yazıçı adlandıraraq kitabı sanballı tədqiqat əsəri hesab etdiyini, kitabda dünya mifologiyası ilə müqayisələrin çox dərin elmi, bir az da poetik şəkildə təhlil edildiyini söyləyərək bu kitaba Dövlət mükafatının verilməsini bütövlükdə Dədə Qorqud adına, dastanına, Dədə Qorqud aliliyinə veriləcəyini bildirib.

Xalq yazıçısı, Dövlət mükafatı laureatı Elmira Axundova əsəri böyük qazax yazıçısı Oljas Süleymenovun “Az-Ya” əsəri ilə müqayisə edərək bu iki dahiyanə yazılmış əsərlər arasında paralellər aparmış akademik Kamal Abdullanın Dədə Qorqud mövzusuna sadiqliyindən danışıb, onun böyük ədəbi ənənələrin daşıyıcısı kimi dövlət mükafatına tam layiq olduğunu bildirib.

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Azərbaycan dili və ədəbiyyat siyasəti şöbəsinin müdiri Vasif Qurbanzadə nazirliyin dil və ədəbiyyat sahəsində olan bütün mütərəqqi addımları dəstəklədiyini diqqətə çatdıraraq akademik Kamal Abdullanın “Gizli “Dədə Qorqud” yeni mənalar axtarışında” kitabının Dövlət mükafatına təqdim olunmasını alqışladığını diqqətə çatdırıb.

Azərbaycan Yazıçılar Birliyinin katibi, şair, tərcüməçi Səlim Babullaoğlu Kamal Abdullanı unikal və ensiklopedik zəkaya malik alim və yazıçı adlandırıb, onun “Gizli “Dədə Qorqud” yeni mənalar axtarışında” kitabından qaynaqlanan həm bədii, həm də elmi yaradıcılığı haqqında danışıb.

Milli Məclisin üzvü, yazıçı Aqil Abbas Kamal Abdullanın Azərbaycanda Dədə Qorqud araşdırmalarının ən ciddi müəllifi sayıldığını söyləyib, təqdim edilən əsərin dövlət mükafatına tamamilə layiq olduğunu vurğulayıb.

Xalq şairi Vahid Əziz Kamal Abdullanın yaradıcılığında Azərbaycan ədəbi varlığının mükəmməl təhlil edildiyini, bu fundamental tədqiqatın müxtəlif rakurslardan öyrənilməsinin vacibliyini bildirib, kitabın Dövlət mükafatına tamamilə layiq olduğunu xüsusilə qeyd edib.

Akademik Muxtar Kazımoğlu-İmanov Kamal Abdullanın hələ gənc yaşlarından Dədə Qorqud mövzusu ilə Musa Adilovun rəhbərliyi ilə məşğul olduğunu qeyd edib, “Kitabi-dədə Qorqud” dastanının poetikasına giriş”, “Azərbaycançılıq və “Kitabi-Dədə Qorqud” dastanı”, “Kitabi-Dədə Qorqud”da semantik sayrışmalar. Mifolinqvistika” kitabları, “Beyrəyin taleyi” dramı və digər əsərlərinin adlarını çəkib, onun Azərbaycan postmodernizminin banisi hesab edildiyini, ən müasir və ən arxaik mədəniyyət sirlərinə baş vuran yazıçı olduğunu vurğulayıb. Natiq alim və yazıçının əsərləri ilə Dədə Qorqudun fəlsəfəsini açdığını, Azərbaycan və yunan mifologiyalarını müqayisəli tədqiq və təhlil etdiyini, aparılan müqayisələrin oğuzların ana kitabının dünya mədəniyyət inciləri sırasında necə bir mötəbər yer tutduğunu ortaya qoyduğunu qeyd edib və kitabın Dövlət mükafatına layiq olduğunu söyləyib.

Tədbirin davamında Mətbuat Şurasının sədri Rəşad Məcid, ADPU-nin Filologiya fakültəsinin dekanı, dos. Könül Həsənova, ADPU-nin professoru Təyyar Cavadov, ADPU Türkoloji Mərkəzin Türk ədəbiyyatı bölməsinin müdiri prof. Elman Quliyev, ADU-nin prorektoru prof. Həmidə Əliyeva akademik Kamal Abdullanın fundamental düşüncə sərgilədiyi çoxsaylı sanballı əsərləri haqqında, həmçinin müzakirə və təqdimatı keçirilən kitabın orijinallığı barədə danışaraq həmin əsərin Dövlət mükafatı almağa ən layiqli əsər olduğunu bildiriblər. Fotolar:


https://www.millikitabxana.az/news/gizli-dede-qorqud-yeni-menalar-axtarishinda

İlkin mənbə: Azərbaycan Milli Kitabxanası

Azərbaycan Milli Kitabxanası

KİTAB HAQQINDA YAZILAR

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

SƏADƏT SULTAN – AD GÜNÜMƏ

AD GÜNÜMƏ

Ötən ömrün akkordlarını nəzərdən keçirərkən

Bəzən insan dayanıb geriyə boylananda anlayır ki, ömür sadəcə yaşanan illərin cəmi deyil — o, duyğuların, seçimlərin, yol ayrıcılarında verilmiş qərarların və ən əsası, ürəyin səsini dinləyərək atılmış addımların bütöv bir harmoniyasıdır. Hər bir il, hər bir gün bu harmoniyanın bir akkordudur.

Bu gün – ad günümdə – ötən ömrün akkordlarını nəzərdən keçirərkən, həyatımın böyük bir hissəsinin sözlə, fikirlə, düşüncə ilə bağlı olduğunu daha aydın hiss edirəm. Ömrümün yarıdan çoxu jurnalistikaya, tərcüməçiliyə, yazıçı-publisist kimi fəaliyyətə həsr olunub. Bu yol bəzən çətin, bəzən keşməkeşli olsa da, hər zaman mənim üçün mənalı və dəyərli olub.

İxtisasca rus dili müəlliməsi kimi ali təhsil alsam da, taleyin məni yönəltdiyi yol fərqli oldu. Müəllimlik fəaliyyətim qısa sürdü, lakin sözə olan sevgim, fikri ifadə etmək ehtiyacı məni başqa bir istiqamətə apardı. Mən qələmlə danışmağı, düşüncələri kağıza köçürməyi seçdim. Bu seçim isə həyatımın əsas məzmununa çevrildi.

Jurnalistika mənə cəmiyyətin nəbzini duymağı öyrətdi. Tərcüməçilik müxtəlif dünyalar arasında körpü salmaq imkanı verdi. Publisistika isə düşüncələrimi daha geniş müstəvidə ifadə etməyə şərait yaratdı. Hər bir sahə mənim ömrümün bir parçasına çevrildi, bir-birini tamamladı və mənim kimliyimi formalaşdırdı.

Bu gün geriyə baxanda nə peşmanlıq hiss edirəm, nə də yarımçıq qalmışlıq. Çünki seçdiyim yol mənim yolum idi. Hər akkord öz yerində səsləndi, hər səs öz mənasını tapdı. Bəlkə də həyatın ən böyük uğuru elə budur – öz səsini tapmaq və onu qorumaq.

İllər ötür, zaman dəyişir, amma insanın içindəki söz ehtiyacı dəyişmir. Mən də bu ehtiyacla yaşamağa davam edirəm. Çünki bilirəm ki, yazmaq sadəcə peşə deyil — bu, həm də yaşamaq tərzidir.

Bu gün yeni bir ilin astanasında dayanarkən, gələcəyə də eyni inamla baxıram. Hələ yazılacaq sözlər, deyilməmiş fikirlər, bölüşüləcək duyğular var. Ömrün akkordları hələ tamamlanmayıb — bu musiqi davam edir.

Və mən bu musiqinin bir parçası olmaqdan məmnunam.

Səadət Sultan Abbasova,
Yazıçı – publisist, AYB üzvü

Daha çox məlumat burada

ZAUR USTACIN YAZILARI

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

“Ədibin Evi”nin təşkil etdiyi Mir Cəlal adına V Hekayə Müsabiqəsi yekunlaşdı – Təbrik

“Ədibin Evi”nin təşkil etdiyi Mir Cəlal adına V Hekayə Müsabiqəsi yekunlaşdı – Təbrik

“Ədibin Evi”nin təşkil etdiyi Mir Cəlal adına V Hekayə Müsabiqəsinin qalibləri mükafatlandırılıb. Onlar müsabiqəyə 258 əsər təqdim edən 211 müəllifin arasından seçiliblər.

3-cü yerə Turan Uğurun “Əbabil Quşu”, Həmid Piriyevin “Müjdə”, Xatirə Nurgülün “Bilalın Qayıdışı” hekayələri,

2-ci yerə Elnur Məmmədlinin “Kəkələmə”, Ömər Xəyyamın “10410-cu gün” hekayələri layiq görülüb.

1-ci yeri isə Sərvanə Dağtumasın “Körpənin intiharı” kiçik hekayəsi qazanıb.

Qalibləri təbrik edən münsiflər heyətinin üzvləri xalq yaradıcılığı ilə klassik bədii üslubun qabaqcıl təcrübələrini ədəbiyyatımızın hekayəçilik ənənələrinə gətirən Mir Cəlalın irsinin gənc yazıçılar tərəfindən davam etdirildiyini təqdirəlayiq hesab ediblər.

Qalib hekayələr geniş oxucu kütləsinə “Azərbaycan” jurnalının növbəti sayında təqdim ediləcək.

Mənbə: Ədibin Evi

Məlumatı hazırladı: Leyla Mahirqızı

DAHA ÇOX YENİ MƏLUMAT

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

VƏSİLƏ USUBOVANIN ANIM GÜNÜ

VƏSİLƏ USUBOVANIN ANIM GÜNÜ

… Önun haqqında bir dəfə sovet dövründə respublika mətbuatına yazı hazırlamışdım. Lakin həmin məqaləni Bakıdan gələn jurnalist qız öz imzası ilə vermişdi. Yazını sovet dövrünün tələblərinə uyğun hazırladığımdan ürəyimcə alınmamışdı. Bu səbəbdən də məqaləmin altında başqasının imzasını görəndə o qədər də narahat olmadım. Əsas bu idi ki, yazı dərc olunmuşdu…
Vəsiləni redaksiyamıza qədəm qoyduğu gündən tanıyırdım. O vaxtdan bütün keşməkeşli ömrünün şahidi olmuşdum. Özünəməxsus yaradıcılıq tərzi, bənzərsiz xarakteri, uğursuz taleyi ilə heç kəslə müqayisə edilməyəcək bir jurnalist idi.
Sabirabad rayonunda çıxan “Muğan” (indiki “Suqovuşan”) qəzetində ədəbi işçi kimi işə başladığım ilin isti yay günlərinin birində redaksiyamıza təyinatla bir jurnalist qız gəldi. Sanki kollektivimizə xəfif bir meh əsdi, ab-havası dəyişdi…O, özü ilə aramıza incəlik, təravət gətirdi…Analıq məzuniyyətinə çıxmış məktublar şöbəsi müdirinin yerinə işə götürüldü. Yadımdadr, ilk dəfə redaksiyaya daxil olan məktublardan yarımsəhifə hazırlamışdı. Oxuyan kimi hiss edirdin ki, bunlar fərqli, özünəməxsus tərzi olan bir qələm sahibinin məhsuludur. Qəzetimizin səhifələrinə təzə imza, təzə nəfəs gəlmişdi…
Həmin günlər kollektivimizə ağır itki üz verdi məzuniyyətdə olan redaktor müavini Ərəstun Əliyev vəfat etdi. O müavin ki, Vəsilə hələ tələbə ikən qəzetə təcrübə keçməyə gələndə onun ilk qələm məhsulunu qiymətləndirərək demişdi:”Bu qız güclü jurnalist olacaq”.(Yeri gəlmişkən deyim ki, Vəsilə Usubova “Muğan” qəzeti redaksiyasında 16 il işlədi)
O, görkəmi, duruşu ilə də Sabirabadda sensasiya yaratmışdı. Oğlanlar ona vurulur, qadınlar, qızlar isə qibtə edirdilər. Özü isə çox şeyə biganə idi. Bütün fikrini-zikrini yazı-pozuya vermişdi. Özünü tez tanıtdı. Oxucular etiraf edirdilər ki, “Muğan” qəzetini əlimizə alan kimi Vəsilənin adını axtarırıq…
Onu əhatə edən mühitdəki nöqsanları görür, etiraz səsini ucaldırdı. Təbii ki, bu ona asan başa gəlmirdi. Çətinliklər həmişə yol yoldaşı olurdu. Fikir despotları addımbaşı ona əngəl olurdular. O isə həqiqəti deməkdən çəkinmir, düşündüklərini, gördüklərini yazmağı bacarırdı. Yazılarında mətləbləri o dövrün tələblərinə uyğun olaraq sətiraltı ifadələrlə verirdi…
…Bir otaqda otururduq. Çoxlarına laqeyd, soyuqqanlı görünsə də, təpədən dırnağadək həyat eşqi ilə dolu bir qız idi. Bir də görürdüm, başını stolun üstünə qoyub ağlayır. Bilirdim ki, Bakının, tələbə dostlarının xiffətini eləyir. Bu halı tez də keçib gedirdi. Yenə də danışıb-gülür, ordan-burdan söhbət edirdi…
Onunla rayonun tarlalarını, zəmilərini, fermalarını çox gəzmişik. Hər addımbaşı jurnalist ləyaqətinin, qadınlıq məlahətinin, əsl-nəcabətliyinin şahidi olmuşam. Sağ ayağını maşının pilləkəninə qoyub dizinin üstündə bloknota qeydlər edən şalvarlı, xurmayı saçlı jurnalist qız…Vəsilə mənim yaddaşıma elə beləcə də həkk olunub. O, anadan xanım-xatın doğulmuşdu və bütün ömrü boyu hər addımbaşı bunu sübut etdi.
Bir məsələni xüsusi qeyd etmək istəyirəm. İndi qız-gəlinlərimizin çoxunun şalvar geyinməsi adi hal almışdır. Ancaq 36 il bundan əvvəl, həm də rayon yerində şalvar geyinmək hər qızın hünəri deyildi. Saxta qeyrət sahibləri hərəkətə gəlmişdilər. Heç kəs onu inadından döndərə bilmədi. O zaman hətta rayon Partiya Komitəsinin birinci katibi də işə qarışdı. Faydası olmadı…Ümumiyyətlə, heç bir rəhbər onu öz “idarəetmə maşını”nın “vintciyi” edə bilmədi.
Arabir hekayələr yazırdı. “Utancaq” hekayəsini 34 il bundan əvvəl qəzetdə dərc etdirmişdi. Sonralar nədənsə bədii yazılarını üzə çıxarmadı…
O, gözəl övlad, qayğıkeş bacıydı. Bizdə işləməyə başlayanda atasını işdən çıxarmışdılar. Ortancıl qardaşı maşın qəzasına düşdüyünə görə dustaq idi. Qalanları tələbə, əsgər, məktəbli idilər. Qardaşının dustaq olmasını addımbaşı Vəsiləyə əngəl edirdilər. Bunu bəhanə edərək onu patriya sıralarına qəbul olunmağa qoymadılar. Hiss olunurdu ki, maddi cəhətdən çətinlik çəkirlər. Ancaq heç kəs onun heç bir zaman tamahkarlıq etdiyini, kiməsə əyildiyini görmədi. Onu döndərmək, onu satın almaq mümkün deyildi. Bu sizə asan gəlməsin. Yaxşı geyinmək, bər-bəzək qız-gəlinlərin ən zəif yeridi. Əslində Vəsilənin belə şeylərə ehtiyacı yox idi. Yaradan heç nəyini ondan əsirgəməmişdi…
7 il kənd təsərrüfatı şöbəsinin müdiri işlədi. Sonra məsul katib oldu. Stavropol diyarı İpatovo rayonu əməkçilərinin təşəbbüsünə qoşulan sabirabadlıların iş-gücünü işıqlandırmaq məqsədilə qəzetimiz həftədə 5 dəfə çıxırdı. Bunun nə qədər çətin iş olduğunu yalnız rayon qəzetində işləyənlər bilir. Qəzet materiallarının 70-80 faizi kənd təsərrüfatından olurdu. Bunların da yarıdan çoxunu Vəsilə hazırlayırdı…
Xalqımızın düçar olduğu Qarabağ bəlası onun da yuxularını ərşə çəkmişdi. Bir-birinin ardınca vətəndaş qeyrətinə bələnmiş yazılar yazırdı. 20 Yanvar hadisələri haqqında ilk yazını da qəzetimizdə o yazıb. Sabirabadlı ilk şəhid, ilk Milli Qəhrəman haqqında məqalələr hazırlayıb. Qarabağ döyüşlərində şəhid olmuş iyirmidən artıq sabirabadlı gəncin ömür yoluna qələmi ilə işıq salıb. O, soyuqqanlı yaza bilmirdi. Oxucu hər sətirdə vətəndaş qeyrətini, jurnalist etirazını, qəzəb və nifrətini görürdü. Bu sətirlərin arxasında Vəsilə sanki saçlarını yolur, torpağının, millətinin igid oğullarına gah ağı deyir, gah da həzin-həzin layla çalırdı…İlk vaxtlar Qarabağ hadisələrindən yazan jurnalistlərə də pis baxır, onları da ekstremistlərin, vandalistlərin siyahısına salırdılar. Onu belə şeylər narahat eləmirdi…
…Vəsilə yazırdı. İdarədəki otağında, birotaqlı mənzilinin küncündə, mətbəxində. Bəzən dizinin üstündə, bəzən də sinəsi üstə uzanıb yazırdı. Mənzil almaq istəyənlərə, ev təmir etdirmək, su, işıq çəkdirmək arzusunda olanlara, haqqı tapdalananlara kömək edirdi. Hamını dinləyir, risklə müdafiə edir, can yandırırdı. Özü, öz ailəsi yaddan çıxmışdı…
Tək idi, köməksiz idi. Otağındakı şkafda həmişə adyal saxlayırdı. İşi çox olanda, növbətçi qalanda stulları yan-yana düzüb uşaqlarını bunun üstündə yatızdırır, adyalla örtürdü…
İki uşağı, bir bacısı ilə təkotaqlı, şəraitsiz mənzildə yaşayırdı. Onu, ailəsini tanıyanlar, yazılarını oxuyanlar yaşadığı mənzili görəndə təəccüblənirdilər. Təkcə özü ruhdan düşmürdü. Özünə baxan qadın idi. Həmişə şux, ətirli, təmiz geyimdə olurdu. “Məsələ harada yaşamaqdan asılı deyil, necə yaşamaqdan asılıdır, mənim evim gözəlliklər məskənidir”,-deyirdi.
Bir müddət rayon qəzetindən ayrılmışdım. Mərkəzi qəzetdə bölgə müxbiri işləyirdim. Geri qayıdanda Vəsiləni görmədim. İşdən çıxmışdı. Mənimçün redaksiya suyu sovulmuş dəyirmana dönmüşdü. Hər addımda onun yeri görünürdü. Onu rayon İcra Hakimiyyətində işə götürmüşdülər.
…1998-ci ilin isti yay günlərində hamımızı donduran müdhiş hadisə baş verdi. Həmin qaynar avqust günlərində göydən od ələnəndə Vəsilənin başına qar yağırdı. Gözünün ilk ovu, 4 yaşından atasız böyütdüyü oğlu 18 yaşına 2 gün qalmış faciəli şəkildə dünyasını dəyişdi. Rayonda iki oğlanın biriydi, bəlkə də birincisiydi İlham. Antik heykəllərə, əfsanəvi Herkulesə bənzəyirdi… Ömrünün ən ağır günündə də Vəsilə öz xanımlığı ilə hamını heyran qoydu…
Bir dəfə İlhamdan söz düşəndə mənə demişdi:
-O, mənim hər şeyimdi. Evimin yeganə kişisi, gözümün işığı, dizimin taqətiydi. Bütün arzularım onunla bağlıydı. Özündən çox o, mənə bənzəyirdi. Romantik, macərapərəst idi. Nağılları çox sevirdi. Uşaqlığında anam bildiyi bütün nağılları ona danışıb qurtarmışdı. Xalaları çarəsizlikdən özlərindən nağıl düzəldib ona danışırdılar. Bir dəfə də nağıl istəyəndə dedim ki, mən sənə uzun bir nağıl danışacağam.. Öz həyatımı ona danışmağa hazırlaşırdım. Arzulayırdım ki, onu özümə dost böyüdüm. Heç kimə-atama, qardaşlarıma, ərimə deyə bilmədiklərim dərdlərimi ona deyim. Fələk bu arzumu da ürəyimdə qoydu. Bəndələrin haqsızlığı, qədirbilməzliyi məni qırmırdı, əksinə, bir az da qürurlu edirdi. Amma Tanrının əməyimi zaya verməsi əl-ayağımı yerdən üzdü. Ananın gözü baxa-baxa balanın can verməsi…Dünyaya gələndə ilk çığırtısını eşitdiyin məxluqun son nəfəsini, ürəyinin son döyüntüsünü görmək…Dünyanın bütün işıqları söndü o gün. Hər şeyin rəngi soldu, dadı qaçdı. O sağ olanda nağıl kimi şirin bir ömür yaşayırdım. Həyatın qayğı və ehtiyaclarına belə zövq mənbəyi kimi yanaşırdım. Onun bir cüt corabını yumaq mənimçün bəxtəvərlik idi. İlham getdi, bütün şirin nağılların yerini acı həqiqətlər tutdu…İndi mən ona bir nağıl borcluyam. Bu nağıl Özüm və Oğlum haqqındadı…
Həmin gün heç zaman stuldan belə ağır qalxmamışdım. Ürəyimdə heç belə ağrı aparmamışdım. Bir dəfə Vəsilənin özünə demişəm bu sözləri. Demişəm ki, mən qadın tayfasına çox hörmət bəsləyən adamam. Səni isə heç kəslə müqayisə etmərəm. O gün yolboyu heç kəslə müqayisə etmədiyim xanımın gilələrində yaş qaynayan gözləri, titrəyən səsi gözlərimdən getmirdi. İstedadlı jurnalist, çoxlarından daha artıq səadətə layiq olub ona qovuşmayan həsrətli qadın. Sinəsi dağlı ana… Fikirləşirdim ki, Allahım, bu zərif məxluqun ömrü üçün bu qədər acılar həddindən artıq deyilmi? Və…Görəsən Vəsilə bütün bunlara necə dözür?..
Son dəfə onunla küçədə rastlaşdım. Sınıxmışdı. Taqəti yox idi. Ağrıyırdı. Özünü çox narahat hiss edirdi. Səsi də bir qədər tutulmuşdu. Amansız xəstəlik onu qəflətən yaxalamışdı. Deyirdi ki, boğazımdan su belə keçmir. Ona məsləhət gördüm ki, özünü həkimə göstərsin.
… Nə biləydim ki, bu Vəsilə ilə son görüşümmüş. Sonra Bakıya özünü həkimə göstərməyə getdi. Bir müddət orada bacısıgildə qaldı. Kollektivimiz tez-tez onunla telefon əlaqəsi saxlayırdı. Hiss edirdik ki, telefonla danışanda belə əziyyət çəkir. Sonradan bizə dedilər ki, onu doğma kəndlərinə aparıblar. Redaksiyamızın kollektivi ona dəyməyə hazırlaşırdı ki, qəfil ölüm xəbərini eşitdik. 2015-ci il aprelin 23-də haqq dünyasına qovuşdu.
Vəsilə Usubova 1951-ci ildə Sabirabad rayonunun Kolanı kəndində (indi həmin kənd Hacıqabulun ərazisinə daxildir) anadan olmuşdur. O, kəndin ilk qadın jurnalisti idi.
Vəsilə yazıb-yaratmaqdan doymurdu . Müxtəlif qəzet və jurnallarda tez-trz maraqlı publisistik yazıları dərc olunurdu .”Ədalət” qəzeti ilə daha sıx əməkdaşlıq edirdi. Qəzetin köşə yazarı idi. Beynəlxalq dərgilərdə də onun yazıları çap edilir, oxucu rəğbəti qazanır, mükafatlara layiq görülürdü. Vəsilə eyni zamanda xarici dillərdən bədii tərcümələr etmişdi. Çox istəyirdi ki, kitablarını nəşr etdirsin və redaktoru da mən olum.
…Sözsüz ki, bir yazıda onun haqqında geniş danışmaq mümkün deyil. Həm də onun həyat və yaradıcılığı haqqında qəzet və jurnallarda, xarici ölkə mətbuatında dəfələrlə müxtəlif yazılarla çıxış etmişəm.
Yüksək mədəniyyətə malik olan, gözəl keyfiyyətləri ilə seçilən, insani ürəklərdə yaşayan peşəkar yurnalist, yazıçı-publisist, Azərbaycan Jurnalistlər Birliyinin üzvü Vəsilə xanım bizlərə əlvida dedi. Özü ilə neçə-neçə arzuları, istəkləri apardı. İnsanların Vəsilə xanıma qarşı olan hörmət və məhəbbətini onun dəfnində bir daha hiss etdik. Onun dəfninə gələnlərin ucu-bucağı görünmürdü. Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Həsən Həsənov başda olmaqla aparatın məsul işçiləri, redaksiyamızın kollektivi, icra nümayəndələri, bələdiyyə sədrləri, idarə, müəssisə rəhbərləri, kənd sakinləri dəfndə iştirak edirdilər.
Vəsilə Usubova cismən aramızda olmasa da bir təskinliyimiz var: Ondan qalan və heç zaman unudulmayacaq xoş xatirələr…Allah rəhmət eləsin, qəbri nurla dolsun!

30 aprel 2015

Elçin NƏSİB,
(Elçin Nəsibin “Xatirələrdə yaşayanlar” adlı kitabından)

ELÇİN NƏSİBİN DİGƏR YAZILARI

VƏSİLƏ USUBOVANIN YAZILARI

Daha çox məlumat burada

ZAUR USTACIN YAZILARI

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I