Etiket arxivi: Elçin Nəsib

Xəlil MİRZƏ – BİZİM MÜSAHİBƏ – 1

BİZİM MÜSAHİBƏ

Elçin Nəsib: ““Əsl jurnalistlər bu gün çap mediasında var, internet jurnalistikasında da…”

Tarixin yaddaşına hopmuş hər bir mühüm hadisənin arxasında bir millətin dirçəlişi, maariflənməsi, özünüdərk yolu dayanır. Azərbaycan xalqının bu yolda atdığı ən əlamətdar addımlardan biri, şübhəsiz ki, 1875-ci ilin iyulun 22-də “Əkinçi” qəzetinin ilk nömrəsinin nəşri ilə reallaşdı. Həmin gün yalnız bir qəzetin ərsəyə gəldiyi tarix deyildi, həm də milli özünüdərkin, fikir azadlığının və ictimai oyanışın başlanğıcı idi…
Jurnalistlərin peşə bayramı ərəfəsində Sabirabadda çıxan “Kür-Araz” qəzetinin ictimai əsaslarla poeziya və nəsr şöbəsinin rəhbəri,“Yazarlar” jurnalının Aran bölgəsi üzrə təmsilçisi, Azərbaycan Yazıçılar Birliyinin üzvü, şair-publisist Xəlil Mirzə “Kür-Araz” qəzetinin təsisçisi və məsul redaktoru Elçin Nəsiblə həmsöhbət olub. Həmin müsahibəni təqdim edirik:

Qısa tanıtma:

Elçin Xəlil oğlu Nəsibov (Elçin Nəsib) 1958-ci il aprelin 16-da Gədəbəy rayonunun Gədəbəy qəsəbəsində anadan olub. BDU-nun jurnalistika fakültəsini bitirib. Əmək fəaliyyətinə 1975-ci ildə kitabxana müdiri kimi başlayan E.Nəsib öz taleyini jurnalistika ilə bağlayıb.
1976-cı ilin fevralından Sabirabadda çıxan rayon qəzetində müxbir, yerli radionun redaktoru, həmin qəzetdə sənaye, tikinti və nəqliyyat, kənd təsərrüfatı, aqrar-sənaye, iqtisadiyyat şöbələrinin müdiri, baş redaktorun müvini, baş redaktor vəzifələrində çalışıb.
Bir sıra respublika mətbuatının bölgə müxbiri,“Yeni Muğan” qəzeti baş redaktorunun I müavini, “Respublikaçılar” qəzetinin baş redaktoru olub. Xarici ölkələrin mətbuatında bir sıra maraqlı yazılarla çıxış edib. Eyni zamanda onun haqqında xarici ölkələrin mətbu orqanlarında maraqlı yazılar dərc olunub. Bir sıra video-çarxlara ssenarilər yazıb. 2022-ci ilin oktyabrından 2026-cı ilin yanvarınadək “Muğanın səsi” qəzetinin baş redaktoru olub. 2026-cı il yanvarın 28-dən “Kür-Araz” qəzetinin təsisçisi və məsul redaktoru olmaqla bərabər,”Muğan-Şirvan” qəzetinin təsisçisi və baş redaktorudur.
E.Nəsib ailəlidir, 2 övlad atasıdır. Böyük oğlu Ərtoğrul Aprel döyüşlərində və Vətən müharibəsində, kiçik oğlu Nəsib isə 2022-ci ildə “Antiterror əməliyyatı”nda (“Qisas”) iştirak edib.
Elçin Nəsib Sabirabadda ədəbi mühitin formalaşmasında mühüm rol oynayır. 26 ildir ki, “Suqovuşan” Ədəbi Məclisinin rəhbəridir. Ədəbi məclisin kitab-almanaxlarını çapdan buraxır. O, Azərbaycan Yazıçılar Birliyi Aran Bölməsinin orqanı “Aran” jurnalı baş redaktorunun müavinidir. “İllər aparır bizi”, “Əkinçi”də maarifçilik ideyalarının təbliği”, “Sabirabad mətbuatı tarixi”, “Ədəbi düşüncələr”, “Xatirələrdə yaşayanlar”, “İgidlər yenilməz, şəhidlər ölməz”, “Sabirabad qarpızı”, “Musahibə”, “Sabirabad teatrı” kitablarının müəllifidir. Onlarla kitabın tərtibçisi, ön söz yazanı, redaktoru olan E.Nəsibin “Sabirabad futbolu” kitabı da çap olunmaq üzrədir. Bir sıra mükafatlara layiq görülüb.

-Gəlin söhbətə həyat yolundan başlayaq…

-Orta məkəb illərimdə məni divar qəzetinin redaktoru seçdilər. Bu o vaxt idi ki, artıq qələm təcrübələrim respublika qəzetlərində çap olunurdu. 1975-ci ildə Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinə qiyabi qəbul edilməklə (onu da deyim ki, mən qəbul olan il ilk dəfə üç turdan ibarət yaradıcılıq müsabiqəsi keçirilməyə başlamışdı, jurnalistika fakültəsinə sənəd vermək istəyənlər hökmən qəzet və jurnallarda çıxış etmiş olmalıydı, həmin yazılar əsasında rəy verilirdi ki, bu gəncdən jurnalist olar, ya olmaz) 1976-cı ilin fevralından Sabirabadda çıxan “Muğan” qəzetində müxbir kimi əmək fəaliyyətinə başladım…Və bu günə qədər də seçdiyim yoldayam…
-Elçin müəllim, “Sabirabad mətbuatı tarixi” kitabının müəllifi kimi, istərdim rayon qəzetinin keçdiyi inkişaf yoluna nəzər salaq…

-Sabirabad mətbuatının tarixi 1930-cu il avqustun 8-dən başlayır. Əslində rayon qəzetini zaman özü yaratmışdır. Ötən əsrin əvvəllərində dairə kimi ayrı-ayrı qəza və mahalların tərkibində fəaliyyət göstərən Petropavlovkaya 1930-cu ildə inzibati rayon statusu verilməklə onun rəsmi mətbu orqanını təsis etmək barədə qərar qəbul olunmuşdur. Bir il sonra rayona Azərbaycanın böyük satira ustası M.Ə.Sabirin adı verilmişdir. Qəzet bir vərəq, yəni iki səhifə həcmində, A-3 formatında buraxılmışdır. Materiallar əl şriftləri ilə yığılır, mexaniki üsulla çap olunurdu. Sonralar qəzet 4 səhifə həcmində çıxmağa başlamışdır. Qəzet 1930-1962-ci illərdə “Pambıq cəbhəsində”, 1962-ci ildən 1992-ci ilədək “Muğan”, həmin tarixdən sonra “Suqovuşan” və nəhayət, 2020-ci ildən “Muğanın səsi” adı ilə çıxmışdır. 1930-cu ildən 2026-cı ilədək fəaliyyət göstərən qəzet Azərbaycan mətbuatının inkişafında mühüm rol oynamışdır. Tarixi zərurət nəticəsində təsisçilərin qərarı ilə öz fəaliyyətini dayandıran “Muğanın səsi”nin missiyasını yeni hüquqi statusda “Kür-Araz” qəzeti davam etdirir. Öz mənbəyini Türkiyə ərazisindən götürərək Sabirabadda qovuşan məmləkətimizin iki böyük çayının adını daşıyan qəzet MEDİA Reyestrində qeydiyyata alınaraq 2026-cı il yanvar ayının 28-dən fəaliyyətə başlamışdır.

-Yəqin “Kür-Araz” qəzeti redaksiyasında Sabirabadın mətbuat tarixini əks etdirən muzeyi də keçmişi yaşatmaq üçün yaratmısınız…
-İndiki dövrdə rayon mətbuatını tarixləşdirməyə ehtiyac duyulurdu. Muzeyin açılması hər şeydən əvvəl “Kür-Araz” qəzetinin kollektivinin vətəndaşlıq sevgisindən, keçmişimizə hörmətlə yanaşmağımızdan irəli gəldi. Muzeyin ekspozisiyasında toplanmış eksponatlar, sənədlər mətbuat tarixinin ötən dövrləri haqqında ətraflı bilgilər verir. Məsələn, ziyarətçilər öyrənirlər ki, “Muğan” qəzetinin həyatında 1969–1982-ci illər inkişaf dövrü olub. O dönəmdə Azərbaycan KP MK-nın 1-ci katibi olan, ümummilli lider Heydər Əliyev hər mövsümdə Sabirabada səfər edir, pambıq tarlalarında, taxıl zəmilərində, heyvandarlıq komplekslərində əməkçilərlə görüşürdü. Pambıqçılıq rayonlarının zona müşavirələri də, adətən, Sabirabadda keçirilirdi. Bu hadisələr “Muğan” qəzetinin səhifələrində yer alan qiymətli materiallar olurdu. Həmin dövr günaşırı çıxan qəzetin tirajı 20 minə yüksəlmişdi. Ulu öndərin bütün tədbirlərində “Muğan”ın əməkdaşları da yaxından iştirak edirdilər. Bu gün rayonun Heydər Əliyev Mərkəzindəki şəkillərin böyük bir qismi məhz “Muğan” qəzetinin əvəzsiz xəzinəsindəndir.
Muzeydə “Ümummilli lider Heydər Əliyevin Sabirabada səfərləri”, “Sabirabad mətbuatının klassikləri”, “XX–XXI əsrlərdə Sabirabadda nəşr olunmuş mətbuat orqanları”, “İzi qalan jurnalistlər” bölmələrində fotoşəkillər, müxtəlif illərdə dərc olunmuş qəzetlər, Sabirabad jurnalistlərinə aid kitablar, onların şəxsi əşyaları, sənədləri və s. yer alıb.
Muzeyin yaradılması Sabirabad jurnalistikasının bu günü və gələcəyi üçün əlamətdar hadisədir. Sabirabadlı qələm ustadlarının varislərinin muzeyə bağışladıqları sənədlər və fotolar insanda zəngin təəssürat yaradır. Bizim hamımızın borcumuz muzeyi zənginləşdirməkdir. Arxivlərdə olan digər sənədlər, eksponatlar muzeyə təqdim edilməlidir ki, təəssürat daha zəngin və bütöv olsun.

-Müstəqillik dövrünün jurnalistikasını keçmişlə necə müqayisə etmək olar?

-Sovet dövrü ilə indiki dövrün jurnalistikasını müqayisə etsək, həm müsbət, həm də mənfi cəhətlərin olduğunu görərik. Sovet dövrü partiyalı sistem idi, istədiyin başqa mətləbi yaza bilməzdin. Sovet ideologiyası, Kommunist partiyası nəyi diqtə edirdisə onu yazmalıydıq. Sovet dövrü jurnalistikasını xarakterizə etmək üçün bircə misal çəkmək istəyirəm. Yazılarımın birində Mirzə Fətəli Axundovu dahi sənətkar kimi göstərmişdim. Mənə irad tutmuşdular ki, “dahi” sözü ancaq Lenin haqqında işlənə bilər. Bir sözə görə belə baş ağrıdırdılar, nahaq yerə incidirdilər. O dövrün mətbuatını xarakterizə etmək üçün düşünürəm ki, elə bu misal yetərlidir. Amma o dövrdə qəzet alıcılığı yüksək idi. O vaxt bütün xərci dövlət çəkirdi. Çünki mətbuat onun ideologiyasına xidmət edirdi. Müstəqillik dövründən sonra isə qəzetlər tiplərə, qruplara bölünməyə başladı: iqtidar və müxalifətyönümlü mətbuat, azad mətbuat, ayrı-ayrı şəxslərin buraxdığı özəl mətbuat və sair. Ona görə də istər-istəməz burada artıq fərqlər meydana gəldi…
-Müasir dövrümüzdə sosial media da meydana gəlib. Hansı vacibdir, internet, yoxsa çap mediası?
-Məlumdur ki, operativliyinə görə ənənəvi jurnalistika sosial mediadan geridə qalır. Lakin bu o demək deyildir ki, sosial mediada verilən məlumatların hamısı doğrudur… Bir də görürsən ki, həqiqəti əks etdirməyən xəbəri kimsə media və sosial şəbəkələrdə yaydı. İstifadəçilər də mənbə göstərmədən və dəqiqləşdirmədən kütləvi şəkildə onu götürüb tirajladı… Nəticədə yalan və qeyri-rəsmi bir məlumat ortaya çıxdı. Bu cür dezinformasiya isə cəmiyyətdə yanlış təsəvvür formalaşdırır, ictimai narahatlığa səbəb olur və informasiya təhlükəsizliyinə mənfi təsir göstərir…Hər gün agentlik və saytlarda, sosial şəbəkələrdə qarşımıza bir-birinin təkrarı olan istinadlı, istinadsız minlərlə xəbər çıxır. Bəlkə də bir xəbərlə gün ərzində ayrı-ayrı saytlar, sosial şəbəkələrin təqdimatı ilə dəfələrlə qarşılaşırıq. Çünki indi özü xəbər istehsal edən agentlik və saytlar çox azdır. İnsanlara xəbər ötürən “jurnalistlər” yeni xəbər axtarışına çıxmır, oradan-buradan mənimsəməklə xəbər yaradırlar. Heç şübhəsiz, əsl jurnalistlər bu gün çap mediasında var, internet jurnalistikasında da…Lakin bununla belə, indi çap, xüsusilə də internet mediasında bir kitab belə oxumayan, sözün, cümlənin, mətbuatın nə demək olduğunu əsla anlamayan, jurnalistikaya yamaq “jurnalistlər”ə də rast gəlmək olur…
Əslində hər ikisi vacibdir. Lakin çap mediası dünənimiz kimi, həm də sabahımızdır. İnternet mediasına bel bağlamaq olmaz. Çünki bu gün saatlarla qopa bilmədiyimiz internetin, sosial şəbəkələrin yaddaşı bir anın içində silinib gedə bilər. Odur ki, internet mediası bizim deyil, çap mediası isə necə deyərlər, əlçatandır. İllər əvvəl verilmiş yazını internetdən tapmaq bu gün müşkülə çevrilir. İnternet mətbuatına arxayın olub yazılı mətbuatı itirmək olmaz. Bu, xalqın tarixinin itməsinə səbəb ola bilər. Onu qorumaq lazımdır. Tarixi faktların ənənəvi kağız daşıyıcıda, daha etibarlı yazılı mənbələrdə əbədiləşdirməyin vacibliyi həmişə öz əhəmiyyətini saxlayır. Bu gün baş verən hadisələr qəzet və jurnalların arxivlərində tarixləşir. Lazım gələndə qəzet və jurnalları vərəqləməklə, keçmişlə tanış olarkən sanki həmin dövrə qayıdırsan. Bir sözlə, biz nəyi əlimizdə tutub saxlaya biliriksə, o bizim ola bilər.
-Jurnalist əxlaqı, etikası ilə əlaqədar sözünüz…

-Jurnalistlər siyahısında adamların çoxluğu, əsl qələm sahiblərinin, yaxşı yazanların azlığı məni daim narahat edir. Kimi görürsən, qoltuğunda qovluq deyir: “jurnalistəm”. Buna görə də mətbuatımızı təsadüfi adamlardan qorumaq lazımdır. Əks halda zərbə istedadlı adamlara dəyir. Jurnalist davranışı, ətrafa münasibəti ilə mənfi emosiya doğurmamalıdır. Bütün mövqelərdə vicdadının səsinə qulaq asmalı, qərəzkarlıqdan uzaq olmalıdır. Demokratik təsisatlara və hamı tərəfindən qəbul olunmuş əxlaq normalarına hörmət etməlidir.
-Siz eyni zamanda “Suqovuşan” Ədəbi Məclisin rəhbərisiniz. Məclisin mövcud durumu və fəaliyyəti barədə danışın.

-Məclisimiz yazarları öz işığında cəm edib, istedadlıların üzə çıxması üçün fəaliyyət göstərir. Biz onların taleyüklü məsələləri ilə maraqlanırıq. Şair və yazıçıların əsərlərini məclisin müzakirəsindən sonra yaxşılarını seçib “Suqovuşan” Ədəbi Məclisinin almanaxlarında kitab halında buraxırıq. Məclis üzvlərimizin öz vəsaitləri hesabına şeir, hekayə, povest və romanları kitab halında çap olunur. Ədəbi məclisimiz bir sıra görüşlər, şairlərin yaradıcılıq gecələrini də keçirir.

-Niyə məhz “Suqovuşan”, Aranla, bölgələrlə bağlı ədəbi məclisinizə daha tutarlı bir ad seçə bilməzdinizmi?

-Əgər söhbət həqiqi ədəbiyyatdan, Vətən sevgisindən gedirsə, onda bizim də fikirlərimiz, düşüncələrimiz yeni və fərqli olmalıdır. Biz bu adı düşünülmüş şəkildə qoymuşuq. Ona görə ki, Azərbaycanın iki nəhəng çayı məhz bizim ərazidə-Sabirabadda qovuşur. Bu da təbiətin bu günə kimi açılmayan bir sirri, möcüzəsidir. “Suqovuşan” da simvolik məna daşıyır. Hətta rayonda bu adda kənd də var. Bir vaxtlar rayon qəzeti də həmin adla çıxırdı. Həm də Kür və Araz bütövlükdə Azərbaycan deməkdir. Vətəni düşmənlərimiz şaqqaladılar. Hissələrə kəsik-kəsik edib bölsələr də, Kür və Araz çayı torpaqlarımızı birləşdirir və bizi bir olmağa çağırır. Bizim də silahımız qələm və onun ucundan süzülüb gələn müqəddəs sözdür. Bizim ədəbi məclis məhz bu ruhda köklənib. Ümumiyyətlə, biz “Suqovuşan” Ədəbi Məclisində bütöv Vətəni, Azərbaycanı görürük. Bu, həm də Arazın o tayındakı qardaşlarımızın eşqi, arzusu deməkdir. Burada “eşq” Vətən, “arzu” isə xalqımızın birliyi deməkdir.

-Bölgə mətbuatının hazırkı durumu Sizi qane edirmi?

-Qəzet təsis etməyin nə qədər asan, lakin onu çap etdirib dövriliyinin saxlanılmasının nə qədər çətin olduğunu bütün naşirlər bilirlər. Bütün bunlara baxmayaraq, “Kür-Araz” bu gün də rayon mətbuatının ən yaxşı ənənələrini qoruyub saxlamağa çalışır, hüquqi, demokratik və vətəndaş cəmiyyəti qurmaq istiqamətində irəliləyən Azərbaycanımıza xidmət edir
-Maraqlı müsahibə üçün çox sağolun. Fürsətdən istifadə edərək, Sizi, “Kür-Araz” kollektivini və bütün dəyərli media təmsilçilərimizi qarşıdan gələn Milli Mətbuat Günü münasibəti ilə təbrik edirəm! Bu çətin, məsuliyyətli və şərəfli peşəni fədakarlıqla yerinə yetirdiyinizə və ölkəmizdə mətbuatın inkişafı üçün çalışdığınıza görə sizə dərin təşəkkürümü bildirirəm. Jurnalistlərə gələcək fəaliyyətlərində uğurlar, xoşbəxtlik və cansağlığı arzulayıram!

Söhbətləşdi: Xəlil Mirzə
Şair-publisist, AYB-nin üzvü

Xəlil Mirzənin digər yazıları

DAHA ÇOX YENİ MƏLUMAT

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

VƏSİLƏ USUBOVANIN ANIM GÜNÜ

VƏSİLƏ USUBOVANIN ANIM GÜNÜ

… Önun haqqında bir dəfə sovet dövründə respublika mətbuatına yazı hazırlamışdım. Lakin həmin məqaləni Bakıdan gələn jurnalist qız öz imzası ilə vermişdi. Yazını sovet dövrünün tələblərinə uyğun hazırladığımdan ürəyimcə alınmamışdı. Bu səbəbdən də məqaləmin altında başqasının imzasını görəndə o qədər də narahat olmadım. Əsas bu idi ki, yazı dərc olunmuşdu…
Vəsiləni redaksiyamıza qədəm qoyduğu gündən tanıyırdım. O vaxtdan bütün keşməkeşli ömrünün şahidi olmuşdum. Özünəməxsus yaradıcılıq tərzi, bənzərsiz xarakteri, uğursuz taleyi ilə heç kəslə müqayisə edilməyəcək bir jurnalist idi.
Sabirabad rayonunda çıxan “Muğan” (indiki “Suqovuşan”) qəzetində ədəbi işçi kimi işə başladığım ilin isti yay günlərinin birində redaksiyamıza təyinatla bir jurnalist qız gəldi. Sanki kollektivimizə xəfif bir meh əsdi, ab-havası dəyişdi…O, özü ilə aramıza incəlik, təravət gətirdi…Analıq məzuniyyətinə çıxmış məktublar şöbəsi müdirinin yerinə işə götürüldü. Yadımdadr, ilk dəfə redaksiyaya daxil olan məktublardan yarımsəhifə hazırlamışdı. Oxuyan kimi hiss edirdin ki, bunlar fərqli, özünəməxsus tərzi olan bir qələm sahibinin məhsuludur. Qəzetimizin səhifələrinə təzə imza, təzə nəfəs gəlmişdi…
Həmin günlər kollektivimizə ağır itki üz verdi məzuniyyətdə olan redaktor müavini Ərəstun Əliyev vəfat etdi. O müavin ki, Vəsilə hələ tələbə ikən qəzetə təcrübə keçməyə gələndə onun ilk qələm məhsulunu qiymətləndirərək demişdi:”Bu qız güclü jurnalist olacaq”.(Yeri gəlmişkən deyim ki, Vəsilə Usubova “Muğan” qəzeti redaksiyasında 16 il işlədi)
O, görkəmi, duruşu ilə də Sabirabadda sensasiya yaratmışdı. Oğlanlar ona vurulur, qadınlar, qızlar isə qibtə edirdilər. Özü isə çox şeyə biganə idi. Bütün fikrini-zikrini yazı-pozuya vermişdi. Özünü tez tanıtdı. Oxucular etiraf edirdilər ki, “Muğan” qəzetini əlimizə alan kimi Vəsilənin adını axtarırıq…
Onu əhatə edən mühitdəki nöqsanları görür, etiraz səsini ucaldırdı. Təbii ki, bu ona asan başa gəlmirdi. Çətinliklər həmişə yol yoldaşı olurdu. Fikir despotları addımbaşı ona əngəl olurdular. O isə həqiqəti deməkdən çəkinmir, düşündüklərini, gördüklərini yazmağı bacarırdı. Yazılarında mətləbləri o dövrün tələblərinə uyğun olaraq sətiraltı ifadələrlə verirdi…
…Bir otaqda otururduq. Çoxlarına laqeyd, soyuqqanlı görünsə də, təpədən dırnağadək həyat eşqi ilə dolu bir qız idi. Bir də görürdüm, başını stolun üstünə qoyub ağlayır. Bilirdim ki, Bakının, tələbə dostlarının xiffətini eləyir. Bu halı tez də keçib gedirdi. Yenə də danışıb-gülür, ordan-burdan söhbət edirdi…
Onunla rayonun tarlalarını, zəmilərini, fermalarını çox gəzmişik. Hər addımbaşı jurnalist ləyaqətinin, qadınlıq məlahətinin, əsl-nəcabətliyinin şahidi olmuşam. Sağ ayağını maşının pilləkəninə qoyub dizinin üstündə bloknota qeydlər edən şalvarlı, xurmayı saçlı jurnalist qız…Vəsilə mənim yaddaşıma elə beləcə də həkk olunub. O, anadan xanım-xatın doğulmuşdu və bütün ömrü boyu hər addımbaşı bunu sübut etdi.
Bir məsələni xüsusi qeyd etmək istəyirəm. İndi qız-gəlinlərimizin çoxunun şalvar geyinməsi adi hal almışdır. Ancaq 36 il bundan əvvəl, həm də rayon yerində şalvar geyinmək hər qızın hünəri deyildi. Saxta qeyrət sahibləri hərəkətə gəlmişdilər. Heç kəs onu inadından döndərə bilmədi. O zaman hətta rayon Partiya Komitəsinin birinci katibi də işə qarışdı. Faydası olmadı…Ümumiyyətlə, heç bir rəhbər onu öz “idarəetmə maşını”nın “vintciyi” edə bilmədi.
Arabir hekayələr yazırdı. “Utancaq” hekayəsini 34 il bundan əvvəl qəzetdə dərc etdirmişdi. Sonralar nədənsə bədii yazılarını üzə çıxarmadı…
O, gözəl övlad, qayğıkeş bacıydı. Bizdə işləməyə başlayanda atasını işdən çıxarmışdılar. Ortancıl qardaşı maşın qəzasına düşdüyünə görə dustaq idi. Qalanları tələbə, əsgər, məktəbli idilər. Qardaşının dustaq olmasını addımbaşı Vəsiləyə əngəl edirdilər. Bunu bəhanə edərək onu patriya sıralarına qəbul olunmağa qoymadılar. Hiss olunurdu ki, maddi cəhətdən çətinlik çəkirlər. Ancaq heç kəs onun heç bir zaman tamahkarlıq etdiyini, kiməsə əyildiyini görmədi. Onu döndərmək, onu satın almaq mümkün deyildi. Bu sizə asan gəlməsin. Yaxşı geyinmək, bər-bəzək qız-gəlinlərin ən zəif yeridi. Əslində Vəsilənin belə şeylərə ehtiyacı yox idi. Yaradan heç nəyini ondan əsirgəməmişdi…
7 il kənd təsərrüfatı şöbəsinin müdiri işlədi. Sonra məsul katib oldu. Stavropol diyarı İpatovo rayonu əməkçilərinin təşəbbüsünə qoşulan sabirabadlıların iş-gücünü işıqlandırmaq məqsədilə qəzetimiz həftədə 5 dəfə çıxırdı. Bunun nə qədər çətin iş olduğunu yalnız rayon qəzetində işləyənlər bilir. Qəzet materiallarının 70-80 faizi kənd təsərrüfatından olurdu. Bunların da yarıdan çoxunu Vəsilə hazırlayırdı…
Xalqımızın düçar olduğu Qarabağ bəlası onun da yuxularını ərşə çəkmişdi. Bir-birinin ardınca vətəndaş qeyrətinə bələnmiş yazılar yazırdı. 20 Yanvar hadisələri haqqında ilk yazını da qəzetimizdə o yazıb. Sabirabadlı ilk şəhid, ilk Milli Qəhrəman haqqında məqalələr hazırlayıb. Qarabağ döyüşlərində şəhid olmuş iyirmidən artıq sabirabadlı gəncin ömür yoluna qələmi ilə işıq salıb. O, soyuqqanlı yaza bilmirdi. Oxucu hər sətirdə vətəndaş qeyrətini, jurnalist etirazını, qəzəb və nifrətini görürdü. Bu sətirlərin arxasında Vəsilə sanki saçlarını yolur, torpağının, millətinin igid oğullarına gah ağı deyir, gah da həzin-həzin layla çalırdı…İlk vaxtlar Qarabağ hadisələrindən yazan jurnalistlərə də pis baxır, onları da ekstremistlərin, vandalistlərin siyahısına salırdılar. Onu belə şeylər narahat eləmirdi…
…Vəsilə yazırdı. İdarədəki otağında, birotaqlı mənzilinin küncündə, mətbəxində. Bəzən dizinin üstündə, bəzən də sinəsi üstə uzanıb yazırdı. Mənzil almaq istəyənlərə, ev təmir etdirmək, su, işıq çəkdirmək arzusunda olanlara, haqqı tapdalananlara kömək edirdi. Hamını dinləyir, risklə müdafiə edir, can yandırırdı. Özü, öz ailəsi yaddan çıxmışdı…
Tək idi, köməksiz idi. Otağındakı şkafda həmişə adyal saxlayırdı. İşi çox olanda, növbətçi qalanda stulları yan-yana düzüb uşaqlarını bunun üstündə yatızdırır, adyalla örtürdü…
İki uşağı, bir bacısı ilə təkotaqlı, şəraitsiz mənzildə yaşayırdı. Onu, ailəsini tanıyanlar, yazılarını oxuyanlar yaşadığı mənzili görəndə təəccüblənirdilər. Təkcə özü ruhdan düşmürdü. Özünə baxan qadın idi. Həmişə şux, ətirli, təmiz geyimdə olurdu. “Məsələ harada yaşamaqdan asılı deyil, necə yaşamaqdan asılıdır, mənim evim gözəlliklər məskənidir”,-deyirdi.
Bir müddət rayon qəzetindən ayrılmışdım. Mərkəzi qəzetdə bölgə müxbiri işləyirdim. Geri qayıdanda Vəsiləni görmədim. İşdən çıxmışdı. Mənimçün redaksiya suyu sovulmuş dəyirmana dönmüşdü. Hər addımda onun yeri görünürdü. Onu rayon İcra Hakimiyyətində işə götürmüşdülər.
…1998-ci ilin isti yay günlərində hamımızı donduran müdhiş hadisə baş verdi. Həmin qaynar avqust günlərində göydən od ələnəndə Vəsilənin başına qar yağırdı. Gözünün ilk ovu, 4 yaşından atasız böyütdüyü oğlu 18 yaşına 2 gün qalmış faciəli şəkildə dünyasını dəyişdi. Rayonda iki oğlanın biriydi, bəlkə də birincisiydi İlham. Antik heykəllərə, əfsanəvi Herkulesə bənzəyirdi… Ömrünün ən ağır günündə də Vəsilə öz xanımlığı ilə hamını heyran qoydu…
Bir dəfə İlhamdan söz düşəndə mənə demişdi:
-O, mənim hər şeyimdi. Evimin yeganə kişisi, gözümün işığı, dizimin taqətiydi. Bütün arzularım onunla bağlıydı. Özündən çox o, mənə bənzəyirdi. Romantik, macərapərəst idi. Nağılları çox sevirdi. Uşaqlığında anam bildiyi bütün nağılları ona danışıb qurtarmışdı. Xalaları çarəsizlikdən özlərindən nağıl düzəldib ona danışırdılar. Bir dəfə də nağıl istəyəndə dedim ki, mən sənə uzun bir nağıl danışacağam.. Öz həyatımı ona danışmağa hazırlaşırdım. Arzulayırdım ki, onu özümə dost böyüdüm. Heç kimə-atama, qardaşlarıma, ərimə deyə bilmədiklərim dərdlərimi ona deyim. Fələk bu arzumu da ürəyimdə qoydu. Bəndələrin haqsızlığı, qədirbilməzliyi məni qırmırdı, əksinə, bir az da qürurlu edirdi. Amma Tanrının əməyimi zaya verməsi əl-ayağımı yerdən üzdü. Ananın gözü baxa-baxa balanın can verməsi…Dünyaya gələndə ilk çığırtısını eşitdiyin məxluqun son nəfəsini, ürəyinin son döyüntüsünü görmək…Dünyanın bütün işıqları söndü o gün. Hər şeyin rəngi soldu, dadı qaçdı. O sağ olanda nağıl kimi şirin bir ömür yaşayırdım. Həyatın qayğı və ehtiyaclarına belə zövq mənbəyi kimi yanaşırdım. Onun bir cüt corabını yumaq mənimçün bəxtəvərlik idi. İlham getdi, bütün şirin nağılların yerini acı həqiqətlər tutdu…İndi mən ona bir nağıl borcluyam. Bu nağıl Özüm və Oğlum haqqındadı…
Həmin gün heç zaman stuldan belə ağır qalxmamışdım. Ürəyimdə heç belə ağrı aparmamışdım. Bir dəfə Vəsilənin özünə demişəm bu sözləri. Demişəm ki, mən qadın tayfasına çox hörmət bəsləyən adamam. Səni isə heç kəslə müqayisə etmərəm. O gün yolboyu heç kəslə müqayisə etmədiyim xanımın gilələrində yaş qaynayan gözləri, titrəyən səsi gözlərimdən getmirdi. İstedadlı jurnalist, çoxlarından daha artıq səadətə layiq olub ona qovuşmayan həsrətli qadın. Sinəsi dağlı ana… Fikirləşirdim ki, Allahım, bu zərif məxluqun ömrü üçün bu qədər acılar həddindən artıq deyilmi? Və…Görəsən Vəsilə bütün bunlara necə dözür?..
Son dəfə onunla küçədə rastlaşdım. Sınıxmışdı. Taqəti yox idi. Ağrıyırdı. Özünü çox narahat hiss edirdi. Səsi də bir qədər tutulmuşdu. Amansız xəstəlik onu qəflətən yaxalamışdı. Deyirdi ki, boğazımdan su belə keçmir. Ona məsləhət gördüm ki, özünü həkimə göstərsin.
… Nə biləydim ki, bu Vəsilə ilə son görüşümmüş. Sonra Bakıya özünü həkimə göstərməyə getdi. Bir müddət orada bacısıgildə qaldı. Kollektivimiz tez-tez onunla telefon əlaqəsi saxlayırdı. Hiss edirdik ki, telefonla danışanda belə əziyyət çəkir. Sonradan bizə dedilər ki, onu doğma kəndlərinə aparıblar. Redaksiyamızın kollektivi ona dəyməyə hazırlaşırdı ki, qəfil ölüm xəbərini eşitdik. 2015-ci il aprelin 23-də haqq dünyasına qovuşdu.
Vəsilə Usubova 1951-ci ildə Sabirabad rayonunun Kolanı kəndində (indi həmin kənd Hacıqabulun ərazisinə daxildir) anadan olmuşdur. O, kəndin ilk qadın jurnalisti idi.
Vəsilə yazıb-yaratmaqdan doymurdu . Müxtəlif qəzet və jurnallarda tez-trz maraqlı publisistik yazıları dərc olunurdu .”Ədalət” qəzeti ilə daha sıx əməkdaşlıq edirdi. Qəzetin köşə yazarı idi. Beynəlxalq dərgilərdə də onun yazıları çap edilir, oxucu rəğbəti qazanır, mükafatlara layiq görülürdü. Vəsilə eyni zamanda xarici dillərdən bədii tərcümələr etmişdi. Çox istəyirdi ki, kitablarını nəşr etdirsin və redaktoru da mən olum.
…Sözsüz ki, bir yazıda onun haqqında geniş danışmaq mümkün deyil. Həm də onun həyat və yaradıcılığı haqqında qəzet və jurnallarda, xarici ölkə mətbuatında dəfələrlə müxtəlif yazılarla çıxış etmişəm.
Yüksək mədəniyyətə malik olan, gözəl keyfiyyətləri ilə seçilən, insani ürəklərdə yaşayan peşəkar yurnalist, yazıçı-publisist, Azərbaycan Jurnalistlər Birliyinin üzvü Vəsilə xanım bizlərə əlvida dedi. Özü ilə neçə-neçə arzuları, istəkləri apardı. İnsanların Vəsilə xanıma qarşı olan hörmət və məhəbbətini onun dəfnində bir daha hiss etdik. Onun dəfninə gələnlərin ucu-bucağı görünmürdü. Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Həsən Həsənov başda olmaqla aparatın məsul işçiləri, redaksiyamızın kollektivi, icra nümayəndələri, bələdiyyə sədrləri, idarə, müəssisə rəhbərləri, kənd sakinləri dəfndə iştirak edirdilər.
Vəsilə Usubova cismən aramızda olmasa da bir təskinliyimiz var: Ondan qalan və heç zaman unudulmayacaq xoş xatirələr…Allah rəhmət eləsin, qəbri nurla dolsun!

30 aprel 2015

Elçin NƏSİB,
(Elçin Nəsibin “Xatirələrdə yaşayanlar” adlı kitabından)

ELÇİN NƏSİBİN DİGƏR YAZILARI

VƏSİLƏ USUBOVANIN YAZILARI

Daha çox məlumat burada

ZAUR USTACIN YAZILARI

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I