Təranə Məmməd – Sevda gülü

Sevda gülü

(hekayə)

20 ildir ki, xaricdə yaşayıram. Bakıdan gedəndə 40 yaşım var idi, ailəli deyildim. Bir qadınla yaxın əlaqəm var idi. İndi “onu sevirdim” deyə bilərəm, ancaq, o zaman ondan asanlıqla ayrılıb tərk etdim Bakını. Biz bir yerdə yaşamırdıq, ancaq tez-tez görüşürdük. Onunla keçirdiyim ilk gün də yadımdadır. O qadın o qədər incə, sakit, gözəl idi ki, sonralar heç beləsinə rast gəlmədim.
Söhbətlərimiz çox uzun çəkərdi həmişə. Sonda mən onu evlərinə yola salıb qayıdardım. Bəlkə də biz çox yaxşı dost idik və yaxın əlaqəmiz dostluğumuza, dostluğumuzsa sevgililiyimizə mane olmurdu.Bu qənaətə illər sonra gəlmişəm.
Onunla bir yerdə olanda heç bir məsuliyyət hiss etmirdim. Çünki məndən onunla evlənməyi tələb etmirdi.Biz bir yerdə olanda çox xoşbəxt olurduq.
Adətən qadına görüşəndə gül verirlər. Mən, əksinə, onu evlərinə yola salanda bir qızılgül bağışlayırdım həmişə o qadına.
Özü də ağ gül. Ağ gızılğülü çox sevirdi o.
Bu artıq bir ənənəyə çevrilmişdi. Heç unutmurdum ona gül bağışlamağı. Hər dəfə bu ağ gülə o qədər sevinirdi ki, sanki dünyanı bağışlayırdım ona.
Bakıdan gedəndə o məni təyyarə limanından ötürdü. Heç bir vida səhnəsi olmadı. Bir- birimizlə görüşüb ayrıldıq.
O gün mən ona gül bağışlamadım. Bilmirəm nədən, amma o gün o evinə gülsüz qayıtdı.
Bilmirəm niyə bunları xatırladım 20 ildən sonra? Xatirələr belədir. Unudursan, sonra yenə xatırlayırsan. Təbii ki, həmin qadın məni çoxdan unudub. Heç bir əlaqəmiz qalmadı axı. Mən xaricdə başqa bir qadınla evləndim. İndi oğlumun 18 yaşı var.
Bakıya dünən gəlmişəm.
20 ildə şəhər o qədər dəyişib ki, bəzi yerləri heç tanımadım. Çox gözəlləşib Bakı. Bu gün İçəri şəhərə gəldim. Buralarda çox gəzərdim cavanlıqda.
Həmin o qadınla da bura gələrdik çay içməyə.
Budur, yenə həmin daş pilləkənlər, daş örtüklü küçələr. Burda da çox şey dəyişib , ancaq ümumi kolorit dəyişməyib.Yeni restoranlar, kafelər ətrafda çoxalsa da buranın özünıməxsusluğunu pozmayıb.
Bayaqdan gəzirəm buralarda. İndi kafelərdən birində oturub çay içəcəm.
Budur, bax , nə qəribə adı var bu kafenin?! “Sevda gülü”. Lap o ötən günləri xatırlatdı mənə bu ad. O qadın da ağ gülü sevdiyinə görə mənim bağışladığım ağ gızılgülə “sevda gülü” deyərdi. Gör bir 20 ildən sonra həmin söz nələri xatırlatdı mənə?! O görüşləri, o söhbətləri və hər dəfə ayrılanda o qadına bağışladığım ağ sevda gülünü.
Görəsən o indi hardadır? Evlərinin yerini tapmaram artıq. O vaxt Sovetski deyirdilər o yaşadığı küçəyə. İndi oralardan əsər əlamət qalmayıb.Yəqin indi onun da ailəsi, uşaqları var. Nə isə… ötən günlər geri dönmür heyif ki.
Çox rahat kafedir. Adı da mənə doğmadır. “Sevda gülü”. Elə burdaca çay içim.
Bəh, bəh! Samovar çayıdır ki bu, kəklik otuyla, darçınla, limon və Bakı mürəbbələriylə. Dünyanın heç yerində çayın belə ətri yoxdur. Lənkəran çayıdır yəqin. İçməklə doymursan bu çayı. Artıq 3 cü stəkandır içirəm. Armudu stəkanda çayın başqa ləzzəti olur!
Canım Vətənim , nə yaxşı ki, burdayam! Oğlumu da bura gətirəcəm mütləq.
İndi isə durum, işim çoxdur,getməliyəm.
Hesabı vermək üçün ofisantı çağırdım. O yaxınlaşıb bir ağ qızılgül uzatdı mənə.
Mən Avropada belə sürprizlərə çox rast gəlmişəm,amma bu ağ gül mənə qəribə gəldi nədənsə.
-Bu mənimdir?- deyə soruşdum.

-Bəli. Biz müştərimiz kafeni tərk edəndə ona bir ağ gül bağışlayırıq. İlk gündən belədir.

  • Gözəl adətdir! Niyə məhz ağ gül?
  • Bilmirəm. Müdirimiz belə deyib. Gün ərzində bir neçə iri qutuda gül gətiririk və hamısını müştərilərə paylayırıq.
  • Müdiriniz qadındır?
  • Bəli
  • Mən onu görə bilərəmmi?
  • Bəli. İndi çağıraram.
    Mən yıxılmamaq üçün stuldan tutub dayanmışdım. Müdirin 20 il bundan əvvəl Bakıda qoyub getdiyim qadın olmasına əmin idim.
    O asta addımlarla mənə yaxınlaşırdı. Əlbəttə, ötən 20 il öz izini onun üzündə, əllərində, sinəsində qoymamış deyildi, ancaq gözləri həmin gözlər idi.
  • Eşidirəm sizi. Nədən narazısınız?- deyə o dilləndi.
    Mən yaxınlaşıb onun əlindən tutdum və əlimdəki ağ gülü ona uzadıb:
  • Məni tanımadınmı?-
    dedim.
    O susur, mənə baxırdı. Onun baxışlarında o qədər ağır həsrət, inciklik var idi ki. Mənim illərcə anlamadığım, duymadığım bir sevgi də var idi bu baxışlarda.
  • Sən gəlmisən?!-deyə nəhayət o dilləndi.
  • Hə. Ailəmlə Bakıdayam.
  • Nə yaxşı. Çox yaxşı ki, gəlmisən.
  • Sən necəsən? Ailən, uşağın varmı?
  • Var, bir oğlum var.
  • Nə gözəl! Çox sevindim. Oğlunun atasını sevirsənmi?
  • Çox! Ondan başqa heç kimi sevmədim.
  • Nə gözəl! Mən isə sevmədən evləndim, ancaq çox yaxşı qadındır oğlumun anası. Mənim də bir oğlum var.
  • Çox gözəl. Çox sevindim.
  • Bu kafenin adı, müştərilərə gül bağışlama ənənəsi mənə o günləri xatırlatdı.
  • Hə. Mən isə heç unutmadım o günləri. Çox çalışdım ki, unudum. Unuda bilmədim.
  • Ərin də sənə dəstək olub yəqin bu kafeni açmaqda.
  • Mən ərə getmədim ki.
  • Bəs…?
  • Gəl səni oğlumla tanış edim.
    O arxaya çönüb mənim adımı çağıranda anladım ki,oğluna mənim adımı qoyub.
    Otaqdan hündür, yaraşıqlı bir gənc çıxıb bizə yaxınlaşdı.
    Mən stula oturdum, çünki ayaq üstə dursaydım halım pis olacaqdı. Mənə yaxınlaşan oğlan mənim cavanlığımın təkrarı idi.
    Bu necə ola bilər axı?
    Mən o qadınla dəfələrlə birlikdə olurdum. O mənə heç vaxt hamılə olduğunu deməmişdi. Mən ondan ayrılıb onu unutdum. O isə…
  • Tanış ol, bu mənim oğlumdur,- deyə o oğlunu mənə təqdim etdi.
    Mən əlimi cavan oğlana uzadanda bədənimdən sanki isti bir cərəyan keçdi. Artıq heç şübhəm qalmadı. Bu cavan oğlan mənim oğlum idi…

Müəllif: Təranə MƏMMƏD

TƏRANƏ MƏMMƏDİN YAZILARI

I> BİR KİTABA YÜKLƏNMİŞ MİN FİKİR

DAHA ÇOX MƏLUMAT BURADA

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir