
Sinif rəhbəri – məktəbin sütunu
Məktəb bir binadırsa, onun sütunları şübhəsiz ki, müəllimlərdir. Amma o sütunların içində elə biri var ki, bütün yükün ağırlığını çiyinlərində daşıyır – bu, sinif rəhbəridir. Məktəbdarlıq, ümumilikdə, bir komanda işidir. Onun hər bir əməkdaşı o bütöv sistemin ayrılmaz parçasıdır. Bəzən isə biz bu hissələrin hər birinin nə qədər vacib olduğunu, onlarsız bütövlüyün dağılacağını unuduruq. Mənim fikrimcə, məktəbi məktəb edən ən əsas fiqur sinif rəhbəridir.
Təsadüfi deyil ki, deyirlər: “Yaxşı məktəb direktoru ilə tanınır, yaxşı sinif isə sinif rəhbəri ilə.” Əgər bir sinfin rəhbəri işini bilən, təcrübəli pedaqoq, bacarıqlı təşkilatçı və eyni zamanda ürəyində sevgi daşıyan insandırsa, o sinif məktəbin ən seçilən sinfinə çevrilir. Mən, elə siz də dəfələrlə bunun şahidi olmuşuq: müəllimliyi yalnız peşə deyil, həm də həyat missiyası bilən sinif rəhbərlərinin yanında böyüyən şagirdlər məktəbin fəxrinə çevrilib.
Amma çox təəssüflər olsun ki, biz bu müqəddəs missiyanın qədrini çox vaxt bilmirik. Ölkəmizdə sinif rəhbərliyi institutlaşmayıb, bu sahə üçün ayrıca kurslar, xüsusi hazırlıq proqramları yoxdur, hətta pedaqoji kadr yetişdurən ali məktəblərimizin proqramında da buna xüsusi yer verilmir. Sinif rəhbərləri özlərini daha çox daxili motivasiya ilə, içlərindəki uşaqlara olan sevgi ilə inkişaf etdirirlər. Əslində isə onlar təkcə sinfin meneceri deyil, həm də psixoloqu, həkimi, təşkilatçısı, hətta ailə üzvüdürlər. O, məktəb ilə valideyn arasında, şagird ilə müəllim, valideyn arasında, müəllimlə rəhbərlik arasında möhkəm bir körpü rolunu oynayır. Çox vaxt da bütün şikayətlərin, narazılıqların toplandığı qutu elə sinif rəhbərinin ürəyidir.
Şəxsi müşahidələr və nümunələrim
Bir dəfə məktəbdə direktor müavini bir sinfə sinif rəhbəri tapa bilmirdi. Bir neçə müəllimə təklif edildi, amma əksıriyyətin cavabı eyni idi: “Mən o sinfi götürmərəm, onlar dilənçi kimidir, hər gün bir problem çıxardacaq, demaqiqluq edəcıklər.” Başqa bir dəfə isə bir sinif rəhbəri mənə gülümsəyərək dedi: “Sizi bu sinfə gətirmək üçün bilirsinizmi, valideynlər rəhbərliyə nə qədər pul yığıblar?” Bu acı bir etiraf idi.
Hətta dostlarımdan biri danışırdı ki, onların sinif rəhbəri müəllimlər günündə valideynlərdən pul yığıb, zərfə qoyub uşaülarlb yanında ona verib. Təəssüflər olsun ki, hələ də bəzi hallarda sinif rəhbərliyi “maklerlik” funksiyasına çevrilir. Bəlkə də bu, 90-cı illərin məktəb sindromundan qalan bir vərdişdir – süpürgə pulu, qəzet pulu, jurnal pulu yığa-yığa böyüyən bir ənənənin davamı. Düzdür, bu gün artıq həmin “pul yığımı” azalıb, amma onun yerini başqa formalar alıb.
Sinif rəhbərinin seçimi direktor seçimi qədər önəmlidir!
Bütün bunlara görə, sinif rəhbərinin seçimi təsadüfi olmamalıdır. Əslində bu seçim az qala direktorun təyin edilməsi qədər önəmli qərardır. Çünki uşağın həyatında anasından sonra ən böyük rolu çox vaxt sinif rəhbəri tutur. O, uşağın həm dərs motivasiyasını, həm dost münasibətlərini, həm də gələcək həyat dəyərlərini formalaşdırır. Yaxşı sinif rəhbərinin təsiri illərlə davam edir. Sinif rəhbəri sadəcə bilik yox, həyat dərsi verən, hər bir uşağın taleyinə ürəklə yanaşan bir rəhbərdir.
Bu gün təəssüf ki, sinif rəhbərliyinə görə əlavə verilən maaş çox cüzidir. Məsuliyyət isə saysız-hesabsızdır. Çox müəllim məhz bu səbəbdən bu məsuliyyətdən qaçır. Çünki əvəzində daha çox töhmət, danlaq, günahlandırma gəlir. Halbuki sinif rəhbərini düzgün seçsək, yetişdirsək və dəyərini bilsək, məktəbdə vəziyyət tamamilə başqa olar. O zaman məktəbin adı, uğuru, ab-havası dəyişər.
Unutmayaq: uşağın həyatında anasından sonra ən böyük müəllim sinif rəhbəridir.
Müəllif: Şəmil Sadiq
Mustafa Müseyiboğlu adına kitabxana
===============================================
<<<< WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ >>>>
Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru