Təranə Dəmir – Doğum günümə

Dekabr,
Şəhər küçə-küçə,
Ağaclar külək-külək üşüyür.
Mən də üşüyürəm,
Saçlarım dən-dən,
Əllərim çiçək-çiçək üşüyür.
Bir “Salam” kəlməsinə qaçır baxışlarım,
Gülümsəyirəm insanlara, ağaclara, quşlara, küləyə, yağışa,
Bir ilıq təbəssümdə gizlədirəm kədərimi doğrusu,
Otuz il əvvəlki kimidi,
Heç dəyişməyib,
Məni uzaqdan vurur dənizin qoxusu.
İstəyirəm tələsəm,
Ayaqqabılarımın səsi başıma düşür,
O da ayaqlarım kimi yorulub deyəsən.
Birdən kimsə adımı çağırır,
Düşürəm adımın sehrinə,
Ürəyim uçunur adıma sarı,
Dönüb bir fəsil geri qayıdıram üstündə yeridiyim zamanı,
Hardayam? hardadı? hanı?
Sonra baxıram ki,bir oğlan bir qızın yanaqlarını baxışlarıyla sığallayır,
Qız nazlanır,
O nazlandıqca mənim bir sığallıq təbəssümə tamarzı yanaqlarım islanır,
Çatlaq dodaqlarım göz yaşını başına çəkir,
Nəfəsi üstünə gəlir dodaqlarımın..
Sonra təzədən qayıdıram bu saata,bu ana,bu günə,
Sakitcə keçib gedirəm yanlarından yağış-yağış.
Gözüm qıza sataşır,
“Bu qız mənə oxşamır axı”
Sahil boyu göyərçinlər didib dağıdır torpağı,
Onlar dən, mənsə xatirə axtarıram…
Dekabr!
Səni bu gün də addım-addım arxada qoyuram-
Dizimdə yel, gözümdə eynək, çiynimdə dopdolu bir aldanış..
İstəyirəm dənizə daş atım,
Ürəyim sözümə baxmır,
Mən səndə doğuldum, mən səndə böyüdüm, mən səndə sevdim, mən səndə aldandım..
Bağışla məni, dekabr!

Müəllif: Təranə DƏMİR,

AYB -nin və AJB-nin üzvü, şair -publisist

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<l

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir