
“Dağlar” – xalq yaddaşı xalq dilində (səh. 41)
Azərbaycan poeziyasında “dağ” obrazı təkcə təbiət təsviri deyil, həm də milli yaddaşın, əyilməzliyin, dərdin və haqqın rəmzidir. Bu ənənəni davam etdirən şairlərdən biri də pedaqoq-şair Asif Yusifcanlıdır. Onun “Dağlar” qoşması həm forma, həm məzmun baxımından klassik aşıq poeziyası ilə müasir ictimai düşüncənin qovuşduğu təsirli bir nümunədir.
Şeir ilk misradan oxucunu narahat edən, düşündürən sualla başlayır:
“Bu dünya bəs nədən belə qarışdı,
Yağılar törətdi qırğını, dağlar.”
Bu sual yalnız şəxsi kədərin ifadəsi deyil, bir dövrün, bir xalqın taleyinə ünvanlanan fəryaddır. Şair dünyanın “qarışmasını” təsadüfi yox, zorakılıq, ədalətsizlik və qanla əlaqələndirir. “Yağılar” sözü burada həm konkret düşməni, həm də ümumən zalım gücü simvolizə edir.
Qoşmada diqqət çəkən əsas məqamlardan biri təbiətlə insan taleyinin paralel verilməsidir:
“Qan axan torpaqda baharda qışdı,
Qoparın tufanı, çovğunu, dağlar.”
Burada baharın qışa çevrilməsi poetik metafora kimi çıxış edir. Bahar – ümidin, dirçəlişin rəmzidir. Onun qışa dönməsi isə müharibə, itki və mənəvi donuqluğun simvoludur. Şair bu mənzərəni dağlara müraciətlə ifadə edir. Dağlar susan şahid deyil, dərdi anlayan, sözə cavab verən canlı varlıqdır.
Şeirin ikinci bəndində müəllifin əxlaqi mövqeyi daha açıq şəkildə görünür:
“Belə öyrəşməyin murdar bir üzə,
Çətin çıxan olur murdar təmizcə.”
Bu misralar publisistik ruhun zirvəsidir. Şair cəmiyyətə xəbərdarlıq edir: çirkinliyə alışmaq ən böyük təhlükədir. Murdarlığın normaya çevrildiyi yerdə təmizliyə dönüş çətinləşir. Bu, təkcə fərdi yox, ictimai faciədir.
Dədə Ələsgərin uca Yaradana nisbət tutduğu dağlar insan oğlunun gözündə həmişə əzəmət simvolu, güvənc yeri, sığına biləcəyi son alınmaz qala hesab olunub. Qaçağı da, üzgünü də, şölən qurmaq istəyən sevinclisi də həmişə dağlara üz tutub. Bu məqamda Asif Yusifcanlı da məhz dağlara üz tutur:
“Ürəyim atlanır, can atır sizə,
Gözlərim həsrətin yorğunu, dağlar.”
Burada dağlar sığınacaq, mənəvi təmizlik məkanı kimi təqdim olunur. Şairin ürəyi, ruhu şəhərdən, cəmiyyətin çirkabından qaçıb dağlara can atır. Bu, klassik poeziyada tez-tez rast gəlinən, lakin hər dəfə yeni məna qazanan motivdir.
Şeirin son bəndi isə artıq açıq sosial ittihamdır. Qosmanın möhür bəndində şair özünə müraciətlə: “Asif, görməmişdim belə dünyanını”, – dəyərək, ittiham edir və sorğu-suala tutur:
“Nədən doğru saydıq fələk sayanı,
Arxalı köpəyin çoxmuş həyani,
Günahkar bilirlər doğrunu, dağlar.”
Bu misralarda şair cəmiyyətin dəyər ölçülərinin pozulmasını ifşa edir. “Arxalı köpək” obrazı – gücə söykənən, amma mənəviyyatsız insanları simvolizə edir. “Doğrunun günahkar sayılması” isə ədalətsiz sistemlərin ən ağrılı həqiqətidir.
Asif Yusifcanlının “Dağlar” qoşması:
-klassik aşıq poeziyası formasında yazılmış,
-dərin ictimai, əxlaqi və fəlsəfi məna daşıyan,
-publisistik ruhu güclü olan,
-oxucunu laqeyd qoymayan bir əsərdir.
Bu qoşmada dağlar:
-şahid,
-sirdaş,
-vicdan,
-haqqın tərəfdarı kimi çıxış edir.
Şair bir pedaqoq kimi öyrədir, bir vətəndaş kimi etiraz edir, bir sənətkar kimi isə poetik həqiqəti qoruyur. “Dağlar” qoşması min illərin ötəsindən boylanaraq həm bu günün, həm də gələcəyin oxucusuna mənəvi güc verən, bütöv bir epoxaya güzgü tutan xalqın söz yaddaşıdır. Çox ibrətamiz nümunədir.
15.01.2026. Şuşa.
Müəllif: ZAUR USTAC
Oxuyun >> Gözündə tük var