Murad Məmmədov – Söz var

SÖZ VAR
Söz var ağız dondurur,
Udanmırsan, yemək olmur.
Dərdə dönür, can yandırır,
Niyəsini demək olmur.

Sağalmayan yara kimi,
Öz içində bəsləyirsən.
Son mənzilə, gora kimi,
Axşam, səhər səsləyirsən.

Nə kimsəyə açılası,
Nə də səni yıxan deyil.
Unudulub qaçılası,
Nə də yaddan çıxan deyil.

Bu dərd ilə dolanırsan,
Kimsə sənə həyan olmur.
Öz içində bulanırsan,
Ətrafından duyan olmur.

Dolaşırsan bir kənarda,
Deyilənə bənd olmursan.
Vaxt olur çətində darda,
Dərdi vecinə almırsan.

Daşıyırsan ürəyində,
Lal ün kimi, səda kimi.
Hiss edirsən kürəyində,
Yağır olan zədə kimi.

Yaranışdan bir müəmma,
Öhdəsindən gələnməzsən.
İnsan bütöv sirdi, amma,
Xislətini bilənməzsən.

OĞULSAN
Dildi sözə verən dad,
Çalış ona şirin qat.
Sözünlə bir qəlbi şad
Edə bilsən, oğulsan!

Yollar çarpaz, dolaşıq,
Dərd-azarla bulaşıq,
Gah qaranlıq, gah işıq,
Gedə bilsən, oğulsan!

Zülmü müdrük çağınla,
Kök-köməcin tağınla,
Dişinlə, dırnağınla,
Didə bilsən, oğulsan!

Yoldaş olsan təkiylə,
Nə tələ qur, nə hiylə.
Şeş qoşanı yekiylə
Uda bilsən, oğulsan!

Dərindən olsan halı,
Naşı sevməz kamalı.
Ağıllı ağsaqqalı
Dədə bilsən, oğulsan!

Ətrafında sevənin,
Oğul, uşaq, nəvənin,
Ləzzətini güvənin
Dada bilsən, oğulsan!

Dərd bükməsin qolunu,
Nə sağını, solunu.
Əzrayılın yolunu
Güdə bilsən, oğulsan!

İNCƏYƏ YAĞIŞ YAĞIR
Gün batır, axşam çökür,
Göyə bax, ahmır tökür.
Elə bil hönkür-hönkür
İncəyə yağış yağır.

Palçığı sözə baxmır,
Tutduğunu buraxmır.
Suyu sellənib axmır,
İncəyə yağış yağır.

Nərğizə bax, oyanmır,
Sarı rəngə boyanmır.
Neçə gündü dayanmır,
İncəyə yağış yağır.

Günü güzəranı yox,
Dayanmır, amanı yox.
Bu palçıqda canı yox,
İncəyə yağış yağır.

İslandıqca kürəyim,
Buza dönür ürəyim.
Biləmmirəm nə deyim?!
İncəyə yağış yağır.

Keçib amandan ahdan,
Qorxusu yox sabahdan.
Bərəkəti Allahdan,
İncəyə yağış yağır.

DİL VURAN ARANIN SÖHBƏTİ BİTMİR
Bu yaşda bir şeyi anlayammıram,
Dil niyə dinc durmur, kimisə satır.
İnsanıq, söz deyib danlayammıram,
Mənim gücüm ancaq sözümə çatır.

Şuğulluq qədimdən köhnə sənətdi,
Donluğu danışan dilə bağlıdı.
Belə götürəndə bir qarış ətdi,
Deyəsən qazancı yaman yağlıdı.

Burda alət olan kəlmədi, sözdü,
Dilinə dolayıb çatdırır sənə.
Bilsə ki, hər işi qarsayan közdü,
Bəlkə cana doyar, yorular çənə.

Məndən sənə demək, səndən də mənə,
Sən demə peşəymiş, çox qədim peşə.
Utanmır, iyrənmir, usanmır yenə,
Fərasəti budur, keçirdir işə.

Sözün qabağında yalmanmaz kişi,
Çəkinməz, nə varsa düzünü söylər.
Görüm zəhrimara dönsün o işi,
Səni el içində bir qəpik eylər.

Qeybətin bir ucu sənin əlində,
Danışma, ayıqdı, söz güdür çoxu.
İnsanı danışdır, nə var dilində,
Oxu sifətindən, gözündən oxu.

Kişiyə yaraşmaz, yapışmaz qəti,
Qeybətin səs-küyü yaddaşdan itmir.
Möhkəm tut ağzında yüz qram əti,
Dil vuran aranın söhbəti bitmir.

AĞILLI İNSANA SÖZ GƏRƏK DEYİL
Ağlımdan nə keçir, başıma gəlir,
Vallah çəkinirəm nəsə deməyə.
Kimə danışıram qımışıb gülür,
Bircə yazıq səbrim gəlir köməyə.

Yaxşıya dəyişmir görürəm illər,
Ruhum çox yorulub, rahatlıq gəzər.
Bu gün çəkdiyimi sabah silirlər,
Yoxsa bu ağrıya səbirmi dözər.

Gəzib dolaşıram başımı qatıb,
Bircə rahat olum, yorulum yatım.
Köhnə fikirləri ağlımdan atıb,
İlahi, kömək ol, yetmişə çatım.

Bilirəm taleyim sözümə baxmır,
Yazılı kitabdı ağzı qapalı.
Nə mənə gün verir, nə də buraxmır,
Bir gülən görmədim məni tapalı.

Bilirəm ömürdü, qismətim bəlli,
Taleyin quluyam, yüz gərək deyil.
Bir gün deyib-gülmək yalnız təsəlli,
Ağıllı insana söz gərək deyil.

GƏRAYLI
Nə yaxşının, nə də pisin,
Başı gora titrəməsin.
Yüz yaşayıb ölən kəsin,
Günahını yuyanı var.

Dəlisinin danlayanı,
Bir nəsilin sonluyanı,
Hər ocağın anlayanı,
Ağıllısı, duyanı var.

Çayı, salı, bu bərəni,
Dam üstündə hər kərəni,
Dünya adlı bir kürəni
Öz yerinə qoyanı var.

Kim ayrılır, gözü nəmdi,
Günü qara, bəxti kəmdi.
Hamı keçən bir dönəmdi,
Günlərini sayanı var.

Baxsan, dünya bir möcüzə,
Özü köhnə, sözü təzə.
Murad görür gəzə-gəzə,
Bundan betər o yanı var.

Müəllif: Murad MƏMMƏDOV

MURAD MƏMMƏDOVUN YAZILARI

MURAD MƏMMƏDOVUN KİTABI

ZAUR USTACIN YAZILARI

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir