
AZƏRBAYCAN MƏTBUATI – 151
Həmişə dilimizdə tez-tez səslənən bir məsəl var: deyir, söz vaxtına çəkər. 365-gündən sonra, gecədən üzü sabaha açılan səhərimizdə yenə o sözün vaxtı özünü yetirdi…
22 iyul 1875 ci il Azərbaycan mətbuatının yarandığı gün kimi həyatımıza daxil olub. Bu tarixi gün “Əkinçi” qəzeti ilə bütün Şərq aləminə nur təki saçılan Azərbaycan mətbuatının banisi maarifçi ziyalı, unudulmaz Həsən bəy Zərdabinin adı ilə bağlıdır. Nə xoş ki onun mətbuatda açdığı cığır sozalmadı, itmədi və böyük yola çevrildi.
Milli mətbuatımız zaman-zaman qadağalar, basqılar, ağrılar yaşadısa da xalqın milli, ictimai şüuruna öz təsirini göstərə bildi. Bu çətin, şərəfli yolu ondan sonra gələn zəka sahibləri – Məhəmməd ağa Şahtaxtlı, Cəlil Məmmədquluzadə, Əhməd bəy Ağaoğlu, Əli bəy Hüseynzadə, Ömər Faiq Nemanzadə, Üzeyir Hacıbəyli, Ceyhun Hacıbəyli… kimi Söz xiridarları, maarifçi nəsillər böyük cəsarətlə, fədakarlıqla davam etdirdilər…
Mənə görə, jurnalistlərin peşə bayramı əslində xalqın bayramıdır. Həqiqi sözün qüdrətilə həyatımızın ictimai, siyasi, sosial, mədəni-mənəvi problemləri və inkişafı zaman-zaman mətbuatda öz əksini tapıb. Bu mənada 22 iyul tarixini xalqımızın da bayramı kimi qəbul etməkdə məni qınamayın…
Cəsarətli sözün qüdrəti və özünün peşəkarlığı, intellekti, mənəviyyatı ilə Azərbaycan mətbuatının inkişafına xidmət edən bütün jurnalist həmkarlarımı təbrik edirəm. Hər zaman HAQQ SÖZünüzlə var olun! Bayramınız mübarək, mətbuat fədailəri!
Hörmətlə: Şəfəq NASİR
Filologiya üzrə fəlsəfə doktoru
Oxuyun >> Gözündə tük var
Zaur Ustacın şeirləri haqqında