“Səmimi sətirlər çələngi” layihəsi barədə düşüncələrim

“Səmimi sətirlər çələngi” layihəsi barədə düşüncələrim
Son zamanlar Odlar Yurdu Azərbaycanın poeziya paytaxtı olan doğma Cəlilabadın ədəbi mühitinin öz sayğısı və səmimiyyəti ilə tanınan və hörmətə layiq görülən xanım nümayəndəsi, Turan Yazarlar Birliyinin üzvü, “Həməşəra” və “Nizami Gəncəvi” Fəxri Diplomları, “Ziyadar” Mükafatı, TYB-nin xüsusi Ödülü, “Tomris” və “Turan Ödülü” laureatı, bədii qiraətçi, yazıçı-şair Atlaz xanım Rzayi diqqət, səmimiyyət və sayğını tərənnüm edən bir layihə ilə önə çıxdı.
“Səmimi sətirlər çələngi” adlanan bu layihə ilk mərhələdə layihəyə qatılmış əzizlərimizin bir neçəsinin baxışları əsasında “Cəlilabad ədəbi mühitinin öz ziyalısına təşəkkürü” başlığı altında və 25.07.2026 tarixində Azərbaycan Jurnalistlər Birliyinin üzvü, “Ədalət və Həqiqət” qəzetinin təsisçisi və baş redaktoru, yazıçı-publisist Cəmil müəllim Dadaşovun təsisçisi və baş redaktoru olduğu “Turaztv.az” portalında, ardınca isə 26.07.2026 tarixində çağdaş Azərbaycan ədəbiyyatının fədakar nümayəndəsi, AVMVİB, AJB və AYB-nin üzvü, “Qızıl Qələm” Media Mükafatı, “Həməşəra” Fəxri Diplomu, “Hüseyn Cavid” və “Turan Ödülü” laureatı, Prezident təqaüdçüsü, tanınmış nasir, naşir, şair-publisist, Zaur Ustac müəllim tərəfindən təsisçisi və baş redaktoru olduğu “Yazarlar.az” portalında yayımlandı…
Bundan sonra ölkənin müxtəlif rayon və şəhərlərindən bu ədəbi-ictimai layihəyə qoşulanların sayı çoxaldı və beləliklə də 15.08.2026 tarixindən 30.08.2026 tarixinədək günlər ərzində yazılan fikirlərin “Həməşəra” mətbu orqanının rəsmi Facebook səhifəsində yayımlanmasına qərar verildi.
Atlaz xanım tərəfindən 22.07.2026-30.08.2026 tarixində həyata keçən bu ədəbi-ictimai layihənin əsas məqsədi ilk öncə Cəlilabad, daha sonra isə ətraf rayonlar və paytaxt Bakı şəhərində yaşayan qələm əhli, ədiblər, şairlər, yazıçılar və ziyalıların şəxsimlə bağlı baxışlarını toplayıb yayımlamaqla indiyədək gördüyüm balaca xidmətləri dəyərləndirməkdən ibarət olsa da əslində bu layihə çərçivəsində cəmiyyətdə, xüsusilə də ədəbi mühitimizdə bir sıra gözəlliklərə imza atılmış oldu. Burada onları ixtisarla sadalamaq istərdim:

  1. Cəmiyyət arasında “dəyərləndirmə mədəniyyəti”nin təbliğ edilməsi;
  2. Ədəbi mühitin nümayəndələri arasında səfa-səmimiyyət tellərinin möhkəmlənməsi;
  3. Görülən yaxşı işlərə qarşı biganəlik yanaşmasının dolayısı ilə rədd edilməsi…
    Bütün bunlar sonda mənə və şəxsimə deyil, əslində cəmiyyət və xüsusilə də ədəbi mühitimizin xeyrinə tamamlanmış oldu. Bu layihənin “Həməşəra” mətbu orqanı tərəfindən işıqlandırılmasında əsas hədəf də Atlaz xanımın zəhmətini dəyərləndirməklə yanaşı, əsasən yuxarıda sadalanmış faydaların önəmindən ibarət idi.
    Unutmamalıyıq ki, dəyərləndirmə heç də məddahlıq, yaltaqlıq və mübaliğə (şişirmə) deyil. Kiminsə barəsində ədalət və səmimiyyət çərçivəsində səmimi söz deyən və ya yazan insan hökmən bunun üçün kimdənsə sifariş və ya göstəriş almayıb. Dəyərləndirmə bir mədəniyyətdir. Dəyərləndirmə həyatda yaxşılar və yaxşılıqların təbliği və yaşadılması deməkdir. Həm də həyatda başqalarını dəyərləndirməyi bacaranlar ilk öncə özləri həyatda dəyərli olan insanlardır.
    Bu layihə ilə bağlı 25.07.2026 tarixli yazıb paylaşdığım statusda qeyd etdiyim kimi, səmimi olaraq etiraf edirəm ki, mənim ədəbi mühitimizin əziz və dəyərli nümayəndələrinin barəmdə belə bir addım atacaqlarından əsla xəbərim olmayıb. Sadəcə sonra öyrəndim ki, bu iş ədəbi mühitimizin öz səmimiyyəti və dəyərləri ilə tanınan dəyərlimiz Atlaz xanım Rzayinin təşəbbüsü və digər əzizlərimizin lütfkarlığı ilə həyata keçib.
    Digər tərəfdən, ümumiyyətlə, mən özümün deyil, əsasən səmimi, sayğılı və dəyərli olan əzizlərimizin təqdimatı və təbliğini üstün tutmuş və tuturam. Çünki belə insanlara səmimi və təmənnasız bir xidmətçi olmağı ən böyük şərəf və fəxarət sayıram!
    Bu müddət ərzində bir neçə dəfə paylaşımları saxlamaq qərarına gəldim. Lakin layihə çərçivəsində fikir bildirmiş digər əzizlərimizin xətrinə dəyməsin deyə onu davam etdirmək məcburiyyətində qaldım…
    Haqqımda yazılan bütün sözləri bir-bir diqqətlə oxuyub düşündüm və deyilənlərdən nəticə çıxarmağa çalışdım. Bəzən də bu yazılara sanki vəfatımdan sonra deyilən və yazılan fikirlər kimi yanaşıb gah sevindim, gah da kövrəldim…
    Bu qədər əziz insanın qəlbində olduğuma, onlara təmənnasız və səmimiyyətlə xidmət göstərdiyimə görə bu səviyyədə sayğı və sevgiyə layiq görülməyimə görə fəxarət hissi keçirib qürurlandım, lakin bütün gözəlliklərin və bütün uğurların əslində Ulu Tanrıdan olduğunu da unutmadım…
    Hər bir halda bu layihəni bir səmimiyyət güzgüsü kimi dəyərləndirməyi özümə borc bilib, bu işdə əməyi olan hər kəsə və barəmdə özləri kimi səmimi və gözəl sözlər yazmış əzizlərimə: dəyərli qələm əhlinə, ədəbi mühitimizin ləyaqətli ağsaqqallarına, ədəbiyyat sahəsinin dəyərli xanımları və bəylərinə, həmçinin, cəmiyyətdə müəllim, ziyalı, idmançı, siyasətçi, dövlət məmuru, rəssam, incəsənət xadimi, jurnalist, kitabxanaçı, tərbiyəçi, din xadimi və hətta, təqaüdçü və evdar, həmçinin, “Həməşəra” mətbu orqanının sadə izləyicisi kimi tanınan bütün dəyərli insanlara, bu layihəni ilk dəfə işıqlandırmış Cəmil müəllimə və Zaur Ustac müəllimə, xüsusilə də layihənin müəllifi və icraçısı, dəyərlimiz və səmimimiz bədii qiraətçi və yazıçı-şair Atlaz xanım Rzayiyə öz səmimi minnətdarlığımı bildirir, Ulu Tanrıdan onların hər birinə uzun, sağlam və mənalı-məsud ömür, yeni-yeni yaradıcılıq uğurları diləyirəm!

31.08.2026

İlqar İsmayılzadə
fəlsəfə üzrə fəlsəfə doktoru, “Həməşəra” mətbu orqanının təsisçisi və baş redaktoru, AJB, AYB və TYB-nin üzvü, Turan Xalq yazarı, “Ziyadar” Mükafatı, “Qızıl Qələm” və “Zəfər” Media Mükafatları laureatı, teoloq, araşdırmaçı, tərcüməçi, yazıçı-publisist

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir