QAZAXISTANLI QONAQLAR MİLLİ KİTABXANADA

QAZAXISTANLI QONAQLAR MİLLİ KİTABXANADA

29 iyul tarixində Qazaxıstan Respublikasının Siyasi Repressiya Qurbanlarının Tam Reabilitasiyası üzrə Dövlət Komissiyasının üzvü, Layihə ofisinin rəhbəri, Metodologiya üzrə Altkomissiyanın rəhbəri Qasımov Sabır Milli Kitabxananın qonağı olub.
Qonaları Milli Kitabxananın direktoru, professor Kərim Tahirov qarşılayıb.
Görüş zamanı qonaqlara Milli Kitabxananın fəaliyyəti, zəngin kitabxana fondu, rəqəmsal resursları və beynəlxalq əməkdaşlıq istiqamətləri barədə geniş məlumat verilib. Daha sonra tərəflər Azərbaycan və Qazaxıstan arasında elmi-mədəni əlaqələrin inkişafı, ortaq türkoloji irsin tədqiqi, ədəbiyyatşünaslıq sahəsində aparılan araşdırmalar və kitabxanalararası əməkdaşlığın genişləndirilməsi imkanlarını müzakirə ediblər.
Qonaq Azərbaycan Milli Kitabxanası ilə tanış olub və burada yaradılan müasir informasiya mühiti ilə tanışlığından məmnunluğunu ifadə edib.
Sonda Sabır Qasımov “Abdulvahap Kara. Sovyetler Birliği’nin Türk Dünyası Politikası”, “История борьбы за независимость в Северном Казахстане”, “Сборник материалов Республиканской научно-практической конференции «Революционная доктрина «Малый Октябрь в Казахстане»: политические цели, методы реализации. 17 октября 2025 года г.Астана”, “Материалы Международной научно-практической конференции «Историческое и международное значение Декабрьского (1986) восстания в Казахстане»”, “Саяси қуғын-сүргін құрбандарын толық ақтау жөніндегі мемлекеттік комиссияның материалдары ХХ ғасырдың 20–50 жылдары «Алаш» және түркі халықтарының азаттық үшін күресі XI том”,”Ұлт жады Республикалық ғылыми журнал 2023, № 4 (6) “ adlı kitab və jurnalları Milli Kitabxananın fonduna hədiyyə edib. Öz növbəsində, Milli Kitabxananın direktoru qonağa “Birinci Türkoloji Qurultay. Stenoqrafiya”, “Birinci Türkoloji Qurultay. Biblioqrafiya” kitablarını, həmçinin Milli Kitabxananın fotoalbomunu bağışlayıb.
Səfər xatirə şəkillərinin çəkilməsi ilə yekunlaşıb.

İlkin mənbə: Azərbaycan Milli Kitabxanası

Azərbaycan Milli Kitabxanası

KİTAB HAQQINDA YAZILAR

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

QARŞISINDA “O”SU OLAN DÜNYA

QARŞISINDA “O”SU OLAN DÜNYA

Şam süfrəsindən qalxıb, təzə hekayəmin üstünə əyiləndə, Şəkinin Kiçik Dəhnə kəndindən olan şair Elbrus Mikayılın zəngi gəldi mənə. Ürəyimdən gizilti kimi bir narahatlıq keçdi: “Nə əcəb bu vaxtı…”
– Salam, axşamınız xeyir!
– Salam, salam, nə var, nə yox, qardaş?!
– Nə olacaq?! Yahya müəllimə dəyməyə gəlmişik. Deyir… gedirəm… salamat qalın.
– Necə yəni “gedirəm, salamat qalın”?!
Birdən qulağıma Yahya müəllimin gümrah səsi gəldi:
– Qardaş, yazın-yaradın, beş ildən sonra sizin hekayələriniz əl-əl gəzəcək.
– Bu nə gedişdi, Yahya müəllim?
– Qara ciyərimdən indi xəbər tutmuşam. Deyir, başına çarə qıl, sənə yoldaşlıq eləyə bilməyəcəm!
– Vallah, bir qohumum ümidsiz vəziyyətdə idi. Qaraciyərini dəyişdilər, indi əhvalı da yaxşılığa dəyişib.
– Müəllim babayam, nəyim var ki, mənim?! Bir evdi, bir həyətdi, on-onbeş də bar ağacı. Sata bilmərəm.
– Niyə satasınız ki?!
– Biz Şəkililər nəyi bilməsək də, haqq-hesabımızı yaxşı bilirik. Qara ciyəri dəyişmək Şəki halvasıdı bəyəm, çənə vurub, bir-iki manat da qiymətini salasan?!
– Həəə… Bizim qohumu iki ay süründürdülər burada – ora pul, bura pul… Ölüm ayağında çatdırdılar İstanbula. Orada da azı yüz mini getdi. Yaxşı ki, atasının ona bağışladığı evi varmış.
– Ürəyinə salma, qardaş. Mənimki də buracan imiş. Onsuz da şair dostum, rəhmətlik Qoca Xaliddən ötrü burnumun ucu göynəyirdi. Dünən gecə yuxuma da girmişdi. Yəqin ki, tezliklə görü-şəcəyimiz əyan olubmuş ona.
– Yahya müəllim, Bakıya gəlin, gedək bir yaxşı həkimə…
– Bakıda qara ciyər üzrə ən məşhur həkim H…-dı.
– Olmusunuz yanında?!
– Onsuz da üzüm o yanadı…
– Ay Yahya müəllim, səsiniz gümrah, əhvalınız xoş… Vallah, bu sözlərinizin mənası çatmır mənə.
– Salamat qalın…
Yahya müəllimlə söhbətim günlərlə ürəyimdə dolandı.
Elbrus Mikayıl düz beş gün sonra, dar axşamçağı yığdı məni:
– Yahya müəllimi də dəfn elədik!
– Nə danışırsınız?!
– Heç özünə fikir verən deyildi rəhmətlik. Bəlkə də ömründə ilk dəfəydi həkimə getmişdi. “Ciyərinizə su gəlib, müəllim”, deyiblər…
– Heyf Yahya müəllimdən! Heyf!
– Həyətində iki çarpayı vardı, birində illər xəstəsi olan həyat yoldaşı yatırdı, o birində özü.
Son dəfə sizinlə danışdığım günüydü, yoldaşımla dəyməyə getmişdim. Elə sevindi gəlişimizə. Hətta evimizə qayıdanda yerindən durub, darvazaya qədər bizi ötürdü:
– Ay dost, xəbərin olsun… 3-4 günə gedirəm! – dedi.
– Hara gedirsən, qardaş?!
– Adına dünya deyirlər ey, qabağında bir “O”su da var?!
– İrağ olsun, Yahya müəllim, irağ olsun!
– “İraq”dan keçib…

26.08-29.09.2026

Müəllif: Qəşəm İsabəyli,

Qəşəm İsabəylinin yazıları

DAHA ÇOX MƏLUMAT BURADA

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Ozanlar yurdunun sirr övladıyam!

ÖVLADIYAM
Müzəffər ordunun şanlı əsgəri,
Ərənlər yurdunun ər övladıyam!
Zalımın zülmünə təhəmmülüm yox,
Babəklər yurdunun hürr övladıyam!
* * *
Ustadım Nəsimi, sözümüz sözdü,
Ədalət, həqiqət bağrımda közdü,
Ziyadar dühası bir deyil, yüzdü,
Mövlalar yurdunun nur övladıyam!
* * *
Dərvişəm, müqqəddəs sayılır təkkəm,
Hülqumdan yuxarı dayanır öfkəm,
Od, ocaq diyarı tanınır ölkəm,
Alovlar yurdunun nar övladıyam!
* * *
Unutma, şah babam Xətai başdı,
Nadir şah, mətədə tərpənməz daşdı,
İlham, nə keçilməz sədləri aşdı,
İgidlər yurdunun nər övladıyam!
* * *
Tarixdə Nəbisi, Koroğlusu var,
Gen dünya yağıya daim olub dar,
Düşmən qarşımızda yenə oldu xar,
Aslanlar yurdunun şir övladıyam!
* * *
Göydən Yer üzünə ərmağan, payam,
Gündüzlər Günəşəm, gecələr Ayam,
Ən parlaq ulduzdan törəyən boyam,
Ozanlar yurdunun sirr övladıyam!
* * *
Ustacam, vətənim vətən içində,
Axıb duruluruq zaman köçündə,
Min bir anlamı var, adi “heç”in də,
Aqillər yurdunun pir övladıyam!
13.11.2020. Bakı.

Müəllif: Zaur USTAC

Nisə Kərimovanın yazıları

I>>>> Rənglərin Şahzadəsi

Daha çox məlumat burada

ZAUR USTACIN YAZILARI

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Su gətirən şəhid

Su gətirən şəhid
Vətən üçün canını qurban verən oğullarımız var olduqca, Vətənimiz də əmin – amanlıqda olacaq. Bu firavanlığı bizə canı bahasına bəxş edən qəhrəmanlarımızdan biri də Abdullayev Balazadə Rafət oğludur. Balazadə 1991-ci il iyun ayının 22 – də Salyan rayonunun Yenikənd kəndində anadan olmuşdur. 1997-ci ildə həmin kənddə şəhid Salman Cəfərov adına orta məktəbdə oxumuşdur. Sakit təbiətli, savadlı və üzü nurlu biri kimi hər kəsin sevib hörmət bəslədiyi bir oğul idi. O, çox Vətənpərvər idi. Vətənə olan sevgisi onunla birgə doğulmuşdu. Oxuduğu məktəbin qapısından içəri girərkən, açılan şəhid lövhəsi bu sevgini daha da alovlandırırdı. Onun kiçik şair və şagird ürəyində bu sevgi yaşından daha böyük idi. Anası Gülşən xanım bildirir ki, oğlu Balazadə illər imiş ki, Prezidentin verəcəyi əmri gözləyirmiş. Elə iş yerindən atasına zəng edərək evdən hərbi biletini gətirməsini xahiş edir. Özü də ərazi üzrə hərbi komissarlığa gedərək könüllü şəkildə ərizəsini yazır. Və 27 sentyabrda başlayan ikinci Qarabağ döyüşlərinə qatılır. Balazadə Tovuz döyüşlərində də könüllü iştirak etmiş bir qəhrəman kimi mübarizənin və müharibənin nə demək olduğunu gənc yaşlarında görmüşdü və anlamışdı. O, strateji yüksəkliklərin alınması və Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə kəşfiyyatçı qəhrəmanlıqla döyüşürdü. Ağdərə uğrunda gedən qızğın döyüşlərin birində döyüş tapşırığını yerinə yetirən əsgər yoldaşlarına su aparmaq istəyərkən, 18 oktyabr 2020 – ci ildə düşmən gülləsinə tuş gələrək şahidlik zirvəsinə ucalıb.
Şəhidimiz ona uzun illər dərs deyən müəllimi Rəfael müəllimin Xatirəsini sizlərə təqdim edirəm. “Allah cəmi şəhidlərimizə rəhmət eləsin. Babazadə mənim şagirdim olmuşdu. Uşaqlıqdan çox çılğın vətənpərvər oğlan idi. Mənim oğlum Muradla bir sinifdə oxumuşdu. Hazırlaşıb Ali təhsil aldılar. 44 günlük savaşın ilk günündən könüllü cəbhəyə yola düşdülər. Qismət belə imiş. Mənim oğlum salamat qayıtdı. Babazadə şəhidlik zirvəsinə ucaldı. Məkanı cənnət olsun”.
Dostu Xəqani Əzməmmədov öz xatirələrində bildirir ki, Balazadəni yola salanda gülərüzlə getdi. O səhnə hələ də gözümüzün qarşısındadır. İllərlə biz o səhnəni unuda bilməyəcəyik. Şəklini paylaşıb “gülə – gülə getdiyin kimi də gülə – gülə qayıdarsan” inşallah, – dedik. Mən inanıram ki, dostum elə gülərüzlə də qayıtdı. Çünki, o, cənnət sakini oldu.
Bu yazını hazırlamaq mənim üçün çox çətindir əslində. Ona görə çətindir ki, mən Balazadə Abdullayevlə eyni məktəbdə oxumuşam. O, məndən cəmi bir sinif yuxarı oxuyurdu. Oxuduğu illər ərzində çox mədəni, tərbiyəli, savadlı biri olaraq yaddaşımızda qaldı. Ruhu şad, məqamı uca olsun!
Şəhidlər ölmür, özünün də yazdığı şeirdə dediyi kimi; –
“Vətənin keşiyində mərd dayandınız
Yaddaşlarda silinməyən iz sadınız
Sizlər bizim üçün həmişə varsınız
Ölməyib, ölməyir, ölməyəcəklər” (Abdullayev Balazadə)
Şəhidimiz şəhadətindən sonra Azərbaycan Respublikasının Prezidenti tərəfindən “Suqovuşanın azad olunmasına görə” və “Cəsur döyüşçü” medalları ilə təltif edilib.

Atlaz Rzayi
Turan Yazarlar Birliyinin üzvü, “Həməşəra” və “Nizami Gəncəvi” Fəxri Diplomları, “Ziyadar” Mükafatı, TYB-nin xüsusi Ödülü, “Tomris” və “Turan Ödülü” laureatı, bədii qiraətçi, yazıçı-şair