Bir həsrət üşüyür indi hardasa, Əsir yarpaq -yarpaq sazağın altda. Bir çiçək bahara açır gözünü, Bir çiçək can verir torpağın altda.
Bir arzu aldanır payız yelinə, Bir arzu köz olur odsuz, oçaqsız. Bir ümid asılır dar ağacından, Bir ümid doğulur əlsiz , ayaqsız.
Bir sevgi yol gedir sabaha sarı, Bir sevgi asılıb gümanda qalıb. Bir öpüş qovuşub azadlığına, Bir öpüş hələ də damanda qalıb.
Bu gedən sevdalar, gələn sevdalar, Görən hansı yoldan , bərədən keçir? Görən neçə qeybət, qal bazarından, Neçə cür qanundan, törədən keçir?
Hardasa ağlayır bir qız ləpiri, Baxırsan üstündə göz yaşı donub. Bir yarpaq üzülüb öz budağından Uçub bu ləpirin üstünə qonub.
Kimsə ulduz-ulduz sayır saatı, Kimsə kirpiyiylə döyür gecəni. Bir sürü yalavaç küçə itləri Söhbətə tuturlar yoldan keçəni.
Bir səhər taxtından yıxılır indi, Bir səhər taxtına çıxır hardasa. Kiminsə könlündən keçən məhəbbət Kiminsə baxtına çıxır hardasa.
Bir qadın saçını darayır bəlkə, Paltarı səadət, sinəsi həsrət. Açılıb örtülür dərdə, sevincə, Bir qapı işıqdı, bir qapı zülmət.
Bir yuxu tökülür göyün üzündən, Bir yuxu nə vaxtdı ərşə çəkilib. Dünyanı bürüyüb od, ocaq iyi, Deyəsən ürəklər şişə çəkilib…
BU QAPI
Bu qapı şadlığa açılmadı heç, Açılıb bağlandı qəmə bu qapı. Gələndən, gedəndən bir tənə yedi, Lənət qapısıymış demə bu qapı.
Utanır elə bil öz taleyindən, Başını aşağı salıb dayanıb. Uçub tökülərdi çoxdan bu qapı, Tanrı umuduna qalıb dayanıb.
Ərklə bu qapını çalan olubmu, Kiminsə üzünə gülüb bu qapı? Nə olsun açılıb örtülür hələ Elə ayaq üstə ölüb bu qapı.
Baxanda adamın zəhri yarılır, Bu qapı sevgidən uzaqdı, Allah. Bu qapı sevincə tamarzı qalıb, Bu qapı yazıqdı, yazıqdı, Allah.
GÖZ ARASINDA
Hamının gözündə ölüm xofu var, Cəhənnəm xofu var, zülüm xofu var, Burdan o tərəfə bircə qapı var, Açılır qaş ilə göz arasında.
Neçə əl yapışıb bax, çiynimizdən, Bu sol çiynimizdən, sağ çiynimizdən, Asılıb qalıbdı vaxt çiynimizdən, Dolaşır əlliylə yüz arasında.
Bir günah Onundu, bir günah bizim, Gör hara gətirib bu günah bizi, Gah şeytan azdırır, gah Allah bizi, Qalmışıq yalanla düz arasında.
Adam olmağın da yüz əzabı var, Səbir əzabı var, döz əzabı var, Hərənin öz haqqı, öz hesabı var, O da ki, Allahla öz arasında.
ÖZÜMƏ
Bu bàyram səninçün şeir yazmadım, Utandım qələmdən, varaqdan nəsə, Utandım Allahdan, günahdan nəsə. Bu dəfə əliboş gəldim yanına, Məni yazmadığım sözə bağışla, Tanrıya bağışla, bizə bağışla. Bu bayram səninçün çiçək almadım, Bu bayram doyunca ağlatdım səni, Bu bayram boyunca ağlatdım səni, Ağla, gözlərinin yaşına dönüm, “Bayramın mübarək” – deyə bilmədim, Dayan ,heç olmasa başına dönüm. Mən səni köməksiz qoydum bu bayram, Şeirsiz, çiçəksiz qoydum bu bayram, Sənin həvəsinlə oynadım, qadın. Bu gün daşa döndüm, dəmirə döndüm, Sənə bircə çiçək qıymadım , qadın. Aldada bilmədim bu gün mən səni, Durub danışmağa sözüm olmadı. Utandım qələmdən, varaqdan bu gün, Lap elə Allahdan, günahdan bu gün , Səni aldatmağa üzüm olmadı. Bu bayram mən səni sözə tutmadım, Bu bayram mən səni baxışa tutdum, Küləyə, leysana, yağışa tutdum. Elə için -için göynədin , qadın. Bu bayram səninçün şeir yazmadım, Bu bayram səninçün çiçək almadım, Bu bayram öyrətdim sənə təkliyi, Bu bayram qapını döymədim, qadın.
Şair Ramiz İsmayılın “Ömür dastanının qıfılbəndləri” adlı kitabı çap olunub. Vaxtilə “Mingəçevir işıqları” və “Oqni Minqeçaura” qəzetlərinin, Mingəçevir yerli radio verlişləri redaksiyasının fəal ictimai müxbiri olan R.İsmayıl şeir yaradıcılığı ilə yanaşı nəsrdə də bir çox ədəbi nümunələr yaradıb. “Payızda xatırla məni” adlanan ilk kitabı 2000-ci ildə işıq üzü görüb. “Gözü yolda qalan var” sənədli povesti birinci Qarabağ müharibəsi dövründə Xramorddakı Qriqorian kilsəsində bir həftəyə yaxın erməni “boevikləri” ilə təkbaşına vuruşan Natiq Səlim oğlu Qasımovun döyüş yolu və həyatından bəhs edir. “Ömür dastanının qıfılbəndləri” kitabı isə şair-publisist, Məmməd Araz mükafatı laureatı, Azərbaycan Yazıçılar və Jurnalistlər Birliyinin üzvü Budaq Təhməz haqqındadır. “Şair ürəyi”, “Mən vətənin oğluyam”, “Vətən dərdi”, “Çətin dövran əzə məni”, “Ötən günlərim” və digər kitabların müəllifi B.Təhməzin Türkiyə və İran mətbuatında da şeirləri çap olunmuşdur.
R.İsmayıl şair dostunun həyat yolunu, yaradıcılığını, dostluqlarının ilk tarixini, ədəbi söhbət və müzakirələrini oxuculara geniş şəkildə çatdırır. Kitabda hər ikisinin qıfılbəndləri ilə yanaşı B.Təhməzin ayrı-ayrı vaxtlarda qələmə aldığı deyişmələr və ömrünün müəyyən məqamlarını əks etdirən fotoları da yer alıb. Şairin səksən beş illik yubileyi münasibətilə yazılan, “İmza” Nəşrlər evində ərsəyə gətirilmiş kitabın ön söz müəllifi yazıçı, “Xəzan” jurnalının redaktoru Əli bəy Azəridir.
14 mart – Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar müəllimin ( Anar Rəsul oğlu Rzayev) doğum günüdür. Özünu Sözə, ədəbiyyata həsr etmiş ağsaqqal ziyalımız, ustad ədibimizi dünyaya təşrif buyurduğu gün, ömür təqviminin yeni ili münasibətilə Sözün işığında qutlayıram. Tanrı qorusun!
Sözün işığında yol gedənlərin Düşər çöhrəsinə Tanrı işığı. Ağsaqqal zirvəsi fəth edənlərin İlahi qüdrətdən nur yaraşığı.
Hər kəsin əməli – onun aynası, Sənin söz çələngin, qələmin örnək. Ağsaqqal yolunun idrak-mayası Haqqa, həqiqətə yön olan məslək.
Dünya işığına göz açan andan Ömür dediyimiz bir yol üstəyik. Belə xəlq edibdi Ulu Yaradan, Təpədən-dırnağa arzu-istəyik…
Mən Anar Rzayevin nə titullarını sayacam, nə kreslosunu öyəcəm, nə onunla yanaşı çəkdirdiyim şəkli paylaşacam( Çünki qoşa şəklimiz yoxdu) . Sadəcə sevdiyim və hörmət etdiyim bir yazıçı haqda düşündüklərimi qələmə alacam. Axı heç bu yazıçının mənim tərifimə və alqışıma da bir o qədər ehtiyyacı yoxdu. Zamanında( elə indi də) o ki var tərifləyiblər. Boğazdan yuxarı və ya sidq ürəklə, axır ki, öz haqqını, söz haqqını çoxdan alıb yazıçı. Özü də zəhmətiylə, işiylə, cild-cild əsərlərilə alıb. Yəni halal haqqını veriblər. Elə bizə də onun söz tərəfi, işıqlı tərəfi lazımdı.Yalançı tərifin əleyhinəyəm. Elə həqiqətlərə kölgə salanların da. Az qala birnəfəsə oxuduğum kitabların müəllifini elə sözündən tanıyıb təqdir etmişəm həmişə. Özünüsə yaxından bircə dəfə görmüşəm . AYB -yə üzv olanda tədbirdə vəsiqəni mənə təqdim edəndə. Vəssalam. Sonradan nə o məni görüb, nə mən onun qapısını döymüşəm.( Kabinetinin qapısını) . Kiminsə ətəyindən tutub titul, kreslo eşqinə də düşməmişəm. Yaddaşımda da necə görmüşəmsə, elə də qalıb. Səmimi, təvazökar, mehriban. Bəlkə bir az da utancaq. Vəzifə tərəfindən bu qədər danışa bilərəm ancaq. Amma söz tərəfindən saatlarla, bəlkə lap günlərlə danışaram. Axı ən xırda hekayəsindən tutmuş, ən böyük romanınacan hamısı bir həyatdı yazıçının yazdıqları. Gündəlik qayğılarımız, ağrılarımız, həsrətimiz, ayrılıqlarımız, nisgilimiz, nöqsanlarımız, uğurlarımız yazıçı təxəyyülündə elə məharətlə cilalanıb ki… Anar kökünə bağlı yazıçıdı. Sətir-sətir düşündürən, kitab-kitab anladan yazardı . Gəncliyim onun əsərlərinin arasında keçib. Gecələr lampa işığına , ay işığına oxumuşam kitablarını. Vərəq-vərəq anlamağa çalışmışam yazdıqlarını. Ürəklə, həyəcanla , acgözlüklə özümə diktə etmişəm yazarın düşündüklərini. Anlamadığımı təkrar oxumuşam. Bir də, bir də…. Yazıçı öyrədib, qoruyub , hifz edib məni dünyanın o biri üzündən. Anlamışam ki, beşmərtəbəli evin altıncı mərtəbəsi olmur. Lap özünü öldürsən də olmur. Əsmərin və Oqtayın timsalında əbədi sevgiyə inanmışam. Güvənə- güvənə , qoruya-qoruya, mübarizə edə -edə inanmışam həm də. Onların səhvlərindən nəticə çıxara-çıxara tutmuşam bir sevginin yaxasından. Geriyə dönüşü olmayan sevdaların bir ömür şikəst qoyduğu duyğulara yana-yana inandırıb məni tərtəmiz sevgiyə yazıçı. Yadımdadı onun “Sizsiz” əsərini oxuduqca necə ağrılı hisslər keçirmişdimsə uzun müddət özümə gələ bilməmişdim. Atasızlığı, anasızlığı elə o vaxt daddırmışdı bizə Anar. Yetimləşmişdim bircə anın içində ata-anam yanımda ola-ola. Bəlkə də o çağacan ölümün bu qədər yaxında olduğunu, əbədi ayrılığın ağırlığını bu qədər hiss etməmişdim. Heç o çağacan mən Anarı Rəsul Rzanın və Nigar Rəfibəylinin oğlu kimi də tanımamışdım deyəsən. Çünki yazıçı valideynlərinin kölgəsində yazıb yaratmırdı..Onu özü kimi sevirdik. Anar kimi. Sonra anladım onun soy-kökünə bağlılığını, sözünün çəkisinin hardan qaynaqlandığını. Amma yenə də o həmişəki Anar idi gözümdə. Mən onu Rəsul Rzanın oğlu olduğu üçün yox, yazıçı Anar olduğu sevirdim yenə də. Zərrəcən dəyişməmişdi duyğularım. Əvvəlki çəkisindəydi. Onun psixoloji sarsıntıları mənə də sirayət etmişdi. Neçə gün özümə gələ bilməmişdim. Demək yazıçı bacarmışdı duyğularını sözə çevirməyi. Özü də böyük ustalıq və məharətlə. Onun ssenarısi əsasında çəkilmiş filmlər nə qədər həyati və mükəmməl alınsa da əsərin orjinal dili tamam başqaydı. Yazıçı ilə oxucu arasında təmas yarada bilirdi Anar Rzayev . Dialoqa girirdik hətta müəlliflə. Üz-üzə qoyurdu bizi qəhrəmanlarıyla. Əyinlərindəki paltarından tutmuş səsinə, baxışınacan xəyal edirdik onları. Nəfəslərini hiss edirdik yanımızda. Narazı qaldığımız, üsyan etdiyimiz vaxtlar da az olmurdu. Yazıçıdan küsürdük hətta neçə müddət. Sonra sakitləşirdik və anlayırdıq ki, elə belə də lazım imiş. Çünki həyatın reallıqları ilə barışmaq lazım olduğunu başa düşürdük. Demək Anar fikirlərini düzgün ifadə edə bilirdi. Eyni zamanda yazıçı bizi həqiqətlərlə üz -üzə qoymaqla gözəl həyat dərsi keçirdi bizə. Bu da bir məsuliyyətdi. Bu yükün altına girməkdən də qorxmurdu yazıçı. Təsadüfi deyil ki, teatr və kino tariximizdə ən gözəl filmlərin və tamaşaların çoxusu Anarın ssenarisi əsasında çəkilənlərdi. Onu daha çox sevdirən bilirsiz nədi? Yazıçı azadlığa çan atan duyğularını heç vaxt buxovlamırdı. Onun hissləri sərhəd tanımırdı. Qəhrəmanlarının gizli, mübhəm hisslərini pərdə arxasında gizlətmirdi. Ona görə də oxuduğumuz əsərlər saxta gəlmirdi bizə. Yazıçının əsərlərini elə ilk səhifədəcə özümüzünküləşdirirdik. Özü də sevə-sevə. Əsər bitsə də qarmaqarışıq duyğuların arasında neçə gün özümüzə gəlı bilmirdik. Dönə bilmirdik reallığa. Elə bilirdik ki, elə əsl həyat o kitablardadı. Bu da yazıçının uğuruydu. Bəlkə də fikirlərimlə və düşündüklərimlə razılaşmayanlar da olacaq. Amma bütün bunlar mənim sevdiyim yaxıçı haqda düşüncələrimə xələl gətirməyəcək. Qəribədi. Hərdən fikirləşirəm ki, bütün gözəl yazarlarla mənim bir ruh bağım var. Özü də gizlin, gözəgörünməz yaxınlıqdı bu. İşıq seli qədər yaxın. Bəlkə bu ruh yaxınlığımızdı bizi Anar Rzayevlə doğmalaşdıran. Ad günü ərəfəsində yazıram bu yazını. Özü də ay işığına. Bilmirəm heç doğum gününəcən çatdıracağammı? Amma əsas odu ki, yazıram. Özü də ürəklə yazıram. Təmtəraqsız və bəzəksiz. Düşündüyüm kimi. Nə qədər bacarıram , nə qədər yazıçıya layiqdir, onu da bilmirəm. Əsas odu ki, bu yazı doğulur . Özü də ömrünün 86 -sında. Bir də nə vaxt doğulacaq belə bir yazı? Allah bilir. Bircə onu bilirəm ki, mən onu “Dantenin yubileyi”-nə, ” Gürcü familiyası”-na”, “Təhminə və Zaur”-una, “Sizsiz”-inə , “Keçən ilin son gecəsi”- nə görə tanımışam. Bu tanışlığın içində dopdolu sevgi və şükranlıq var. Təbrik edirəm .Yeni yaşın mübarək, yazıçı Anar Rzayev! Yolun çox uzun olsun!
“Məişət zorakılığına yox deyək!” hekayə müsabiqəsinin qalibləri elan olunub
Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin (İSİM) Azərbaycan Yazıçılar Birliyinin (AYB) “Ulduz” jurnalı ilə əməkdaşlıq çərçivəsində keçirdiyi hekayə müsabiqəsinin yekunlarına həsr olunmuş tədbir keçirilib.
Reyting.az xəbər verir ki, AYB-nin Natəvan klubunda 13 mart 2024-cü ildə təşkil olunan tədbiri “Ulduz” jurnalının baş redaktoru Qulu Ağsəs açaraq səhiyyə müəssisələri ilə yaradıcı təşkilatların əməkdaşlığını yüksək qiymətləndirib.
O bildirib ki, məişət zorakılığı halları bütövlükdə cəmiyyət üçün təhlükəlidir və yalnız məqsədyöblü yanaşma, geniş maarifləndirmə ilə bu problemin həllinə nail olmaq mümkündür.
İSİM-nin direktoru Qəhrəman Haqverdiyev çıxış edərək vurğulayıb ki, müsabiqənin təşkilində əsas məqsəd gənc nəsildə tolerantlıq, dözümlülük, qarşılıqlı anlaşılma və hörmət, ailədaxili problemlərin dinc yolla çözülərək həllinin tapılması kimi xüsusiyyətlərin aşılanması olub.
Tənqidçi-ədəbiyytaşünas Seyfəddin Hüseynli, İSİM-nin Səhiyyə kommunikasiyası şöbəsinin müdiri Laura Quliyeva, yazıçı-publisist, əməkdar jurnalist Zemfira Məhərrəmli çıxış edərək bildiriblər ki, məişət, eləcə də gender əsaslı zorakılıqla mübarizə aparmaq üçün müvafiq qurumların əlaqələndirilmiş şəkildə fəaliyyət göstərməsi, əhali arasında geniş təbliğatın aprılması zəruridir.
Sonra “Məişət zorakılığına yox deyək!” mövzusunda təşkil olunan hekayə müsabiqəsinin finalçılarının hamısı qalib elan olunub: Arif Rəhimov (“Zərif və kövrək məxluq”), Azər Musaoğlu (“Fidan”), Fatimə Bayramova (“Bağlı qapı arxasında”), Maya İmran (“Humay Atabəy”), Rəşid Bərgüşadlı (“Otit”), Şəfa Vəli (“Quşxanadan reportaj”), Zemfira Məhərrəmli (“Ailə sənin məbədindir”). Qaliblərə diplom və xatirə hədiyyələri təqdim edilib, belə müsabiqələrin gələcəkdə davam etdirilməsi və seçilmiş hekayələrin ayrıca kitab şəklində çap edilməsi nəzərdə tutulub.
Qeyd edək ki, müsabiqə “525-ci qəzet”in informasiya dəstəyi ilə baş tutub.
QIRMIZI (hekayə) Gülsümün kənddə ən çox çəkindiyi adam Suğra arvaddır. Çünki onun taleyində Suğra arvadın birbaşa rolu var. Suğra arvadın sözlərinə görə, Gülsüm ağıldan yüngül olduğu üçün vaxtında ərə gedə bilməyib. Amma Gülsümün yozumu başqadır. Deyir, yetim qızı alan kim idi? Deyir, istəyənim çox olub, dəstə-dəstə elçilər də gəlib, qardaşım arvadı imkan verməyib. Amma sonda, pis- yaxşı, bəxti açılıb. Suğra arvadın köməkliyi ilə özündən 30 yaş böyük, arvadı ölmüş yaşlı bir kişiyə ərə veriblər. Gülsümün yaşı özünün dediyinə görə 35, Suğra arvadın dediyinə görə isə 40-dır. Əynində həmişə qırmızı güllü paltar, ayağında dabanları əzilmiş yüngül yay ayaqqabısı olur. Enli paltarının belini nazik toqqa ilə sıxıb bağlayır. Başına bağladığı qırmızı çiçəkli yaylığın altından görünən saçları hiss olunur ki, naşı əllə kəsilib. Çox güman ki, özü kəsib. Arıq olduğundan uşaq kimi görünür. Üzündə həmişə gülüş olur. Nəyə sevindiyi, nəyə güldüyü bilinməz, amma gülüşü əskik olmaz. Suğra arvad Gülsümü ərə verdiyinə görə çox qürrələnir. Onun fikrincə, evdə qalıb qardaşı arvadının danlağını götürməkdən, qardaşının uşaqlarına qulluq etməkdənsə, yenə ər evi yaxşıdır. Kişi yaşlı olsa da yenə başının üstündə həyandır, çörək verəndir. Bu yerdə Gülsüm də Suğra arvadla razılaşır. Doğrudur, əri evi yaxşı olmağına yaxşıdır, amma iş orasındadır ki, Gülsüm ər evində Suğra arvadın etimadını doğrultmayıb, tam o istədiyi kimi arvad olammayıb. Ər evində elə hoqqa çıxardıb ki, nəyinki Suğra arvadın, heç kənd adamlarının da yatsa yuxusuna girməzdi. Kənddə balacadan– böyüyə hamı bilir ki, Gülsüm qoca və xəstə ərini bu tərəflərdə hamını heyran edən gənc və gözəl Dilbərə qısqanır. Elə qısqanır ki, az qalır qanına susaya. Əgər Gülsümdən soruşsan ki, bu dünyada nifrət etdiyin adam kimdir, heç düşünmədən deyər ki, Dilbərdir. Yaxud soruşsan ki, dünyanın ən axmaq, ən pozğun qadını kimdir, yenə də cavab verər ki, Dilbərdir. Suğra arvad özü də başa düşür ki, Gülsüm uşaq kimidir. Onu idarə etmək elə də asan deyil. Hərçənd ki, Suğra arvad qeybətcil olmaqla yanaşı, həm də kənd arvadlarının idarə edənidir, yerin altını da bilir, üstünü də. Danışanda elə həvəslə, elə maraqla danışır ki, elə bil aşıq toyda dastan danışır. Amma hər nə qədər bacarığı olsa da, Gülsümün hər addımını da izləyəmməz axı… Heç Gülsümün addımını izləmək mümkün də deyil. Onun qəflətən yolda peyda olmasına hamı alışıb. Necə gəldiyi bilinməz, bir də baxarsan ki, gözünün qarşısında, daha doğrusu, kənddə ən məşhur yer olan, adamların səhər-axşam yığışdığı kötüyün yanında bitib. Söhbəti də ən çox kənddəki toylardan olur. Suğra arvadın xəbərdarlığına baxmayaraq kənddə toy olanda Gülsüm bir həftə əvvəldən o toyun havasına uçur. Uşaqlarla birlikdə ən tez gedib toyxanada oturan, toydan ən sonda çıxan da o olur. Gülsümü görən kimi uşaqlar başına toplaşır. Suğra arvad him-cimlə başa salır ki, gəl, qoşul arvadlara. O da əlacsız qalıb ayağını sürüyə-sürüyə gəlib arvadların yanında dayanır, güc-bəlayla onların söhbətinə qulaq kəsilir. Suğra arvaddan çəkinməsə, dünya dağıla arvadlar toplaşan yerə üz çevirməz, elə uşaqların yanında dayanar. Uşaqlar daha maraqlıdırlar. Kəndin arvadları hər şeydən, çox vaxt da ağla gəlməyən hadisələrdən danışırlar. Belə dərinliklər onun üçün deyil. Nəyinə gərəkdir ki? Toy-qonaqlıq deyil ki, bir kənarda dayanıb sevinsin, əylənsin. Ən pisi də odur ki, arandan-dağdan danışan arvadlar bir də görürsən söhbəti heç nədən gözəl Dilbərin üstünə gətirirlər. Hərə bir əhvalat quraşdırır. Dilbərin adını eşidən Gülsüm alovlanır, “cini təpəsinə vurur,” əlini- əlinə vurub vaysınır: -Bizim kişi Dilbərlə gəzir. Gecələr həyətdə görüşürlər. Gecə it hürəndə bilirəm ki, Dilbər həyətə gəlib. Kənddə baməzə, itoynadan kimi tanınan Tükəz arvad Gülsümə yaxınlaşır. – Gülsüm, de görüm, kişini çox qısqanırsan?
– Əlbəttə! Kişiləri qısqanmaq gərəkdir, gərək gözündən kənara qoymayasan, yoxsa, əldən gedər, qaytara bilməzsən. Kişilərə etibar yoxdur! Pozğun qadınlar da çoxdur, Dilbər kimi. Gülsüm son cümləni bir qədər şəstlə, həm də hündürdən söyləyir ki, hamı eşitsin… Bir az da dərin görünmək istəyir. Gülsümün sözünə hamı gülüşür. Adamların nəyə güldüyünü aydınlaşdırammasa da, o da gülənlərə qoşulur. Gülsümə nə var ki, gülmək öz əlindədir. Təki deyib gülən olsun, adamlar şənlənsin. Adama elə gəlir ki, Gülsüm gülməsə dünya dağılar, günəş bu kəndi belə işıqlandıra bilməz, kəndin kənarına səpələnmiş mal-qara belə həvəslə kövşəyəmməz… Suğra arvad Gülsüm üçün yana-yana deyir ki, heyf, sümüyü yüngüldür bunun. “General” kimi arvadın yerinə gətirmişəm. Dedim, bu da yetimdir, ortalıqda qalmasın, bir tikə çörəyini yesin. Bu da ki, belə çıxdı… Gülsüm Suğra arvaddan başqa, ögey qızından da çəkinir. Ögey qız şəhərdə yaşayır və kəndə gələn kimi kötüyün yanına gəlir. Yanında da həmişə ekiz oğlanları olur. Bir-birindən seçmək olmur oğlanlarını. Kürən, gombul uşaqlardır, üzlərindən harınlıq yağır. Kəndə gələn kimi yola çıxırlar. Uşaqlardan biri kötüyün kənarındakı otluqda əyləşir, ipi boşalmış ayaqqablarını Gülsümə tərəf uzadır ki, gəl ayaqqabılarımı bağla! Gülsüm bildiyi şəkildə uşağa nəvaziş göstərir, əyilərək ayaqqabılarının bağını bağlayır. Ekizlərin o biri tayı da irəli gəlib onun qarşısında dayanır: -Mənim ayaqqabılarımı da aç, təzədən bağla! Gülsümün ögey qızı arvadlara deyir ki, Gülsüm atama yaxşı qulluq etmir. Səliqəsi də bir şey deyil, kişi öləndən sonra çətin ki, burda qala. Bu yerdə Suğra arvad özünü saxlayammır, necə də olsa ədalət hissini boğammır, qəti şəkildə etiraz edir: -Yox, ağıldan yüngül olmağına yüngüldür, amma səliqə- səhmanına, təmizliyinə söz ola bilməz! Ögey qızın söhbətini eşidən Gülsümün üzü tutulur, cəld vedrələrini götürüb kənara çəkilir, yola düzəlir. Əslində, Gülsümün kədərli olmasını heç kim istəmir, necə olsa, adamların kefini açır… Evlərimiz yaxın olduğundan əlindəki boş vedrəni yelləyə-yelləyə gedən Gülsümün yanına düşürəm. Sakitcə yeriyirik. Hiss edirəm ki, üzü tutulub, danışmağa həvəsi yoxdur. Ona necə təsəlli verəcəyimi, kefini necə açacağımı düşünürəm. Amma birdən-birə Gülsümün üzünə gülüş qonur. – Sabah kənddə toy var. Sevinci dalğa-dalğa üzündən axaraq köhnə ayaqqabılarının ucuna qədər yayılır, az qala çiynində uçmağa hazırlaşan qanadları görünür. -Səhər toya gedəcəm. Sonra mənə tərəf dönür: – Eşitdim Bakıya gedirsən… Cavab gözləmədən hündürdən bəyan edir. -Yaxşı edirsən, bu kəndi Allah dağıtsın… – Kənd dağılsa, hara gedəcəksən, ay Gülsüm? Dodaqlarını sıxaraq çiyinlərini çəkir. Gözlərini az qala yerlə birləşməkdə olan göyün ortasına dağılmış mavi–boz buludlara dikir, sanki gedəcəyi yeri axtarır, amma heç vaxt gedib çıxa bilməyəcəyini anlayır, astaca köksünü ötürür. -Bakıdan gələndə mənə qırmızı lak, kəpənəkli sancaq, bir dənə də qırmızı boyunbağı al! – Qırmızı lakı neynirsən, Gülsüm? Uşaq deyilsən ki?.. – Qırmızı olsun, qırmızını xoşlayıram, dırnağıma çəkib toya gedəcəm. Gülə-gülə söz verirəm ki, mütləq o dediklərini alacağam. Sevinir, üzünə yenidən xoşbəxt təbəssüm yayılır. – Gətirib verəndə xəlvət ver, heç kim görməsin – deyə pıçıldayır. Başımla razılığımı bildirirəm. – Suğra arvad bilməsin ha! Bir daha ona söz verirəm, inanır. Qapılarının ağzında sağollaşırıq. Bir anlıq dayanıb nəsə fikirləşir. -Deyəsən, Bakı çox böyükdür, hə… Amma bu kənd də çox böyükdür, lap şəhərbazar kimidir. Yəqin ki, şəhərdə özünə ər də tapacaqsan… Əlini-əlinə vurub gülür. Sonra özünü yığışdırır. – Mən gedim, kişi məni evdə tapmayıb hirslənər. Dediklərimi yadından çıxartma ha, rəngləri qırmızı olsun. Yaxşı yol! Şəhərdən qayıdarkan əlimdəki şeyləri Gülsümə verməyə tələsirəm. Tam o istədiklərini almışam. Qoy sevinsin. Kəndə çatan kimi onu axtarıram. Bir az dincəldikdən sonra yola çıxıb Suğra arvaddan xəbər alıram. Suğra arvad qaşlarını çatır: – Eşitmədin, kişi ölüb?! – Eşitmişəm. Bəs o nə oldu? Suğra arvad köksünü ötürür. – Qonşu kənddə yaşlı bir kişiyə ərə gedib. Neyləsin, ögey qızı yola vermədi. Kişinin o biri uşaqları da burada qalmağını istəmədilər. Qardaşı arvadı da yiyə durmadı. Bir təhər düzüb-qoşduq, ərə verdik, gedib bir tikə çörəyini yesin. Hiss edirəm ki, gözlərində heç vaxt nəm görünməyən Suğra arvad qəhərlənib. Kəndin içi ilə burulan tozlu yol birdən-birə kimsəsiz görünür mənə. Hər tərəfdə bir boşluq uzanır sanki. Kədərlənirəm. Amma kim nə deyir-desin, mənə elə gəlir ki, Gülsüm bu dünyanı qırmızı rəngdə görürdü. Qırmızı…
…Lev Tolstoyun oğlu dünyasını vaxtsız dəyişəndə,1895-ci il 12 mart tarixində,böyük yazıçı bu münasıbətlə gündəliyinə yazırdı: “…Obyektiv baxımdan oğlumun ölümü barədə,təbiət daha yaxşılarını yetirməyi təcrübə edir və görəndə ki,dünya onları qəbul etmək üçün hələ hazır deyil,onları geri götürür.Lakin irəli getmək üçün təbiət təcrübə etməlidir.Bu labüddür. Çox tez uçub gələn qaranquşlar donurlar.Lakin onlar hər halda uçub gəlməlidirlər…”