İntizar Pianoçu solmuş, qurumuş gülləri sevirdi. Bu solmuş güllər ona həyatının ən gözəl, ən xoş xatirələrini xatırladırdı. O, qurumuş gülləri tullamaz, onları çox dəyərli bir əşya kimi notlarının arasında saxlayardı. O, bir otaqlı evdə yaşayırdı. Otağı həmişə rütubətli olardı. Evdə nimdaş paltarlarını geyinər, sevimli pianosunda müxtəlif melodiyalar ifa edərdi. Lakin səhnəyə çıxanda həmişə səliqəli və zövqlü geyinərdi. Səhnə insanlarla dolu olardı. Hər konsertində tamaşaçılar ondan yeni əsərlər, yeni duyğular gözləyərdilər. Çünki pianoçu hər dəfə dinləyicilərinə fərqli hisslər bəxş edərdi. Fəqət ağır notların dərinliyini yalnız özü hiss edirdi. Zalı titrədən alqışlar pianoçunun ruhunda sevinc qığılcımı yaratmırdı. Konsert başa çatdıqdan sonra səhnə boşalardı. Pianoçu isə evinə qayıdarkən bir gül alar, yenə öz otağında köhnə xatirələri ilə baş-başa qalardı. Çünki illər öncə hər çıxışından sonra dünyalar qədər sevdiyi insan ona bir gül bağışlayardı.
ÖVLADIYAM Müzəffər ordunun şanlı əsgəri, Ərənlər yurdunun ər övladıyam! Zalımın zülmünə təhəmmülüm yox, Babəklər yurdunun hürr övladıyam! * * * Ustadım Nəsimi, sözümüz sözdü, Ədalət, həqiqət bağrımda közdü, Ziyadar dühası bir deyil, yüzdü, Mövlalar yurdunun nur övladıyam! * * * Dərvişəm, müqqəddəs sayılır təkkəm, Hülqumdan yuxarı dayanır öfkəm, Od, ocaq diyarı tanınır ölkəm, Alovlar yurdunun nar övladıyam! * * * Unutma, şah babam Xətai başdı, Nadir şah, mətədə tərpənməz daşdı, İlham, nə keçilməz sədləri aşdı, İgidlər yurdunun nər övladıyam! * * * Tarixdə Nəbisi, Koroğlusu var, Gen dünya yağıya daim olub dar, Düşmən qarşımızda yenə oldu xar, Aslanlar yurdunun şir övladıyam! * * * Göydən Yer üzünə ərmağan, payam, Gündüzlər Günəşəm, gecələr Ayam, Ən parlaq ulduzdan törəyən boyam, Ozanlar yurdunun sirr övladıyam! * * * Ustacam, vətənim vətən içində, Axıb duruluruq zaman köçündə, Min bir anlamı var, adi “heç”in də, Aqillər yurdunun pir övladıyam! 13.11.2020. Bakı.
Fridrix Şillerin “Məkr və məhəbbət” əsəri – Sevginin məğlubiyyəti, yoxsa cəmiyyətin? Əsərin mərkəzində iki gənc – Ferdinand və Luiza dayanır. Onlar fərqli təbəqələrdən olsalar da, sevgilərində heç bir saxtalıq yoxdur. Lakin onların qarşısında görünməyən, amma çox güclü bir divar var – cəmiyyətin sərt qaydaları. Zadəgan ailəsinin varisi olan Ferdinandın kasıb musiqiçinin qızı ilə evlənməsi mümkün hesab edilmir. Şiller bununla göstərir ki, bəzən insanın taleyini öz hissləri yox, doğulduğu ailə müəyyən edir. Əsərdə ən diqqətçəkən obrazlardan biri Prezident fon Valterdir. O, ata olsa da, oğlunun xoşbəxtliyini deyil, öz siyasi maraqlarını düşünür. Vurm isə rədd edilmiş sevgisini qisas hissinə çevirərək məkrin simvoluna çevrilir. Onların qurduğu hiylə Luizanı yalan danışmağa məcbur edir, Ferdinandı isə qısqanclığın əsirinə çevirir. Beləliklə, Şiller göstərir ki, bəzən bir yalan onlarla insanın həyatını məhv edə bilir. Mənə görə, əsərin ən təsirli səhnəsi Luizanın ölüm anında həqiqəti deməsidir. Oxucu həmin anda anlayır ki, faciənin səbəbi xəyanət deyil, insanların bir-birinə inanmaması və başqalarının qurduğu oyuna aldanmasıdır. Ferdinand həqiqəti anlayanda artıq gec olur. Bu sonluq oxucunu düşündürür: əgər insanlar həqiqəti vaxtında danışa və dinləyə bilsəydilər, bəlkə də heç bir faciə baş verməzdi. Şiller bu əsərlə yalnız iki gəncin sevgisini qələmə almır. O, yaşadığı dövrün ədalətsiz cəmiyyətini tənqid edir, insan ləyaqətini və azad seçimi müdafiə edir. Məhz buna görə “Məkr və məhəbbət” bu gün də aktuallığını itirməyən, oxucunu düşündürən və ona mühüm suallar verən klassik əsərlərdən biri olaraq qalır.
Hər bir insanın ömür yolu onun arxada qoyduğu izlərlə, işıqlı xatirələrlə ölçülür. Bir neçə gün əvvəl dünyasını dəyişən Əhməd Aşurovun ömür yolu da məhz zəhmətlə və öz işinə sadiqliklə keçib. O, uzun illər çalışdığı məsul vəzifələrdə səmərəli fəaliyyəti ilə seçilib, bu sahədəki çoxillik təcrübəsi ilə tanınıb. Əhməd Mustafa oğlu Aşurov 1960-cı il oktyabrın 28-də Qazax rayonunda anadan olub. O, 1978-ci ildə Qazax şəhər 1 nömrəli tam orta məktəbini bitirib. Elə həmin il Azərbaycan Dövlət Neft Akademiyasının (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) Neft-Mexanika fakültəsinin axşam şöbəsinə daxil olub. 1978-ci ildə hərbi xidmətə çağırılan Əhməd Aşurov 1985-ci ildə ali təhsilini başa vurub. Əhməd Aşurovun gənclik illəri həm də maraqlı bir televiziya tarixi ilə yadda qalıb. O, gənc yaşlarında zavodda çalışarkən dövlət televiziyasında ölkənin ilk realiti şou xarakterli layihəsi keçirilirdi. “7 sual, 7 cavab” adlı bu populyar verilişdə Əhməd Aşurovun rəhbərlik etdiyi zavodun işçilərindən ibarət komanda da iştirak edirdi. Həmin komandanın kapitanı olan Əhməd Aşurov öz bilik və bacarığı ilə komandasını qələbəyə daşıyır. Bu qalibiyyət ona o dövrdə böyük rəğbət və populyarlıq qazandırır. O, əmək fəaliyyəti dövründə Azərbaycan Respublikası Dövlət Maddi-Texniki Təchizat Komitəsində şöbə müdiri, daha sonra Bakı Şəhər İcra Hakimiyyətində şöbə müdiri vəzifələrində işləyib. Ömrünün sonrakı mərhələsində mədəniyyət və təhsil sahəsinə də öz töhfəsini verən Əhməd müəllim, Bülbül adına Orta İxtisas Musiqi Məktəbində direktor müavini vəzifəsində çalışıb. Öz işinə sadiqliklə səmərəli fəaliyyət göstərmiş Əhməd Aşurovun xatirəsi onu tanıyanların qəlbində daim yaşayacaq. Qeyd edək ki, uşaq yaşlarından musiqiyə və incəsənətə maraq göstərən, 5 il tar təhsili alan Əhməd Mustafa oğlu Aşurov Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının Fikrət Əmirov adına Əməkdar Kollektiv Dövlət Mahnı və Rəqs Ansamblının direktor-baş dirijoru, Prezident mükafatçısı Mustafa Aşurovun atası və ilk müəllimi olub.
Sözün lirizmi və duyğunun poetikası Firavan Mahirin “Jalə sevgisi” kitabı haqqında düşüncələr
Akademik Yaşar Qarayev yazırdı ki, ədəbiyyat xalqın mənəvi yaddaşı, insanın isə daxili aləminin bədii tarixidir. Bu baxımdan hər yeni kitab təkcə müəllifin yaradıcılıq hesabatı deyil, həm də müasir ədəbi prosesə qoşulan yeni bir səsdir. Ədəbiyyatın inkişafı müxtəlif poetik dünyaların, fərqli duyumların və fərdi üslubların qarşılıqlı mövcudluğu ilə təmin olunur. Burada eynilik deyil, fərdilik qiymətlidir. Müasir Azərbaycan ədəbiyyatında öz qələmini sınayan müəlliflərdən biri də Firavan Mahirdir. Onun “Jalə sevgisi” adlı ikinci kitabı müəllifin poetik dünyasını daha yaxından tanımağa imkan yaradır. Poeziya və nəsr nümunələrinin toplandığı bu kitab müəllifin daxili aləmini, həyata və insana münasibətini, bədii düşüncə istiqamətini nümayiş etdirən bir nəşr təsiri bağışlayır. Firavan Mahir peşə etibarilə ingilis dili müəllimidir. Müxtəlif dillərin poetik imkanlarına bələdlik onun söz seçimində, ifadə dəqiqliyində və fikrin yığcam təqdimatında hiss olunur. O, uzun təsvirlərə deyil, qısa, lakin emosional yük daşıyan poetik ifadələrə üstünlük verir. Müəllif üçün söz yalnız informasiya vasitəsi deyil, həm də hissin estetik ifadəsidir. Kitabın əsas mövzu dairəsini sevgi təşkil edir. Ancaq bu sevgi yalnız romantik hiss kimi təqdim olunmur. Burada sevgi insanın mənəvi bütövlüyü, sədaqəti, həsrəti, həyatın faniliyi və daxili təmizliyi ilə vəhdətdə təqdim edilir. Müəllif lirik qəhrəmanın duyğularını təbii axarda təqdim etməyə çalışır və süni pafosdan uzaq durur. “Kədərli qadın” şeirində oxuyuruq: Kədəri gözündə gizlədən qadın, Qəmdən ürəyini sızladan qadın. Bir qara buludu dalınca salıb, Çiçək yanağından öpdürən qadın. Bu misralarda müəllif konkret bir obrazdan çıxış edərək Azərbaycan qadınının ümumiləşdirilmiş mənəvi portretini yaradır. Burada kədər zəiflik deyil, mənəvi gücün ifadəsidir. Tarixin ağır sınaqlarından keçmiş qadının dözümü, səbr və fədakarlığı poetik boyalarla təqdim olunur. Müəllif qadının daxili aləmini sentimental çalarlarla deyil, həyat həqiqətinin fonunda göstərməyə çalışır. Firavan Mahirin poetik təfəkkürü daha çox obrazlı deyimlərdə özünü göstərir: “Bir balaca ürək verdin, dərya boyda sevgi qoydun…” “Bəzən bir mehinlə sığal çəkirsən, dərdimi o mehin alıb aparır…” “Səssizliyi gəzirəm qəlbimin harayında…” “Payız gəldi həm havaya, həm ömrümə bu gecə…” Bu misralar müəllifin bədii düşüncəsinin əsas istiqamətini müəyyənləşdirir. O, böyük fəlsəfi mühakimələr irəli sürmür; əksinə, gündəlik duyğuların poetik mahiyyətini açmağa çalışır. Sadə sözlər onun qələmində emosional məna qazanır. Poeziyanın təsir gücü də məhz bu səmimiyyətdən doğur. Yaşar Qarayev yazırdı ki, əsl poeziya insanın mənəvi aləmini zənginləşdirən estetik hadisədir. Firavan Mahirin şeirlərində də diqqəti cəlb edən cəhətlərdən biri oxucunun duyğularına hesablanmış təbii lirizmdir. Bu lirizm pafosdan deyil, müəllifin daxili yaşantılarından qaynaqlanır. Kitaba daxil edilmiş hekayələr də müəllifin yaradıcılıq diapazonunun genişliyindən xəbər verir. Hadisələrin ardıcıllığı, obrazların xarakterik cizgiləri və müəllif təhkiyəsinin axıcılığı göstərir ki, Firavan Mahir yalnız poeziyada deyil, nəsrdə də özünü ifadə etmək istəyən müəllifdir. Hekayələrdə həyat müşahidəsi ilə emosional təəssüratın vəhdəti hiss olunur “Jalə sevgisi” müəllifin yaradıcılıq yolunda mühüm mərhələ hesab edilə bilər. Kitabda böyük poetik iddialardan daha çox səmimi hiss, daxili təmkin və insan ruhuna həssas münasibət diqqəti cəlb edir. Bu isə hər bir qələm sahibi üçün mühüm başlanğıcdır. Yaradıcılıq inkişaf etdikcə poetik təfəkkür də dərinləşir, obrazlar zənginləşir, sənətkar fərdiliyi daha aydın görünür. Firavan Mahirin bu kitabı göstərir ki, o, Azərbaycan poeziyasının milli ənənələrinə bağlı qalaraq öz poetik nəfəsini formalaşdırmağa çalışan müəlliflərdəndir. “Jalə sevgisi” oxucunu duyğuların təbii axarına dəvət edən, lirizmi və səmimiyyəti ilə seçilən bir kitab kimi dəyərləndirilə bilər.
USTAD ZÜLFİ VELLİDAĞIN 75 İLLİK YUBİLEYİ VƏ KİTAB TƏQDİMATI (Cəlilabadda ədəbi tədbir) Bu gün (26.06.2026) Cəlilabad şəhərində yerləşən Heydər Əliyev Mərkəzində Cəlilabad ədəbi mühitinin görkəmli nümayəndəsi, Cəlilabad Rayon Ağsaqqallar Şurasının İdarə Heyətinin üzvü, Turan Yazarlar Birliyinin üzvü, DGYTB Məsləhət Şurasının üzvü, “Həməşəra” və “Nizami Gəncəvi” Fəxri Diplomları, TYB-nin Ödülü və “Turan Ödülü” laureatı, veteran pedaqoq, ədəbiyyatşünas, ustad şairimiz Zülfi Vellidağın 75 illik yubileyi və yenicə işıq üzü görmüş “Qəlbimdən gələn səslər” adlı şeirlər kitabının təqdimat mərasimi keçirildi. Cəlilabad rayonunun tanınmış ziyalıları, Cəlilabad ədəbi mühitinin bir qrup nümayəndəsi, Azərbaycan Yazıçılar Birliyi və Turan Yazarlar Birliyinin bir qrup üzvləri, şəhid ailələri, habelə yazıçı və şairlərin, ədəbi təhlilçi, tənqidçi və ictimaiyyət nümayəndələrinin iştirakı ilə yüksək səviyyədə və səmimi aurada keçirilən tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi, Azərbaycan Silahlı Qüvvələrinin Günü, həmçinin, əziz şəhidlərimizin anılması ilə başladı, ardınca tədbir iştirakçıları öz çıxışında Ustad Zülfi Vellidağın ziyalı şəxsiyyəti, rayonun elm və təhsil, eləcə də ədəbi mühitinə xidmətlərindən söz açaraq onun ədəbiyyat sahəsindəki xüsusi bacarığı və ustad mövqeini yüksək qiymətləndirdilər. TYB-nin üzvü, tanınmış yazar və bədii qiraətçi Adıgözəl müəllim Nuriyev və bədii qiraətçi, şair Müşahidə xanım Nərimanovanın aparıcılığı ilə davam edən tədbir boyu Ustad Zülfi Vellidağıın qələmə aldığı şeirlərdən müəyyən nümunələr qiraət edildi, həmçinin, tədbirin xüsusi qonaqları Cəlilabad Rayon İcra Hakimiyyətinin rəsmisi Varid Əsgərov, Azərbaycan Respublikasının Milli Məclisinin deputatı, professor Elman Nəsirov, tanınmış şair, publisist, nasir, ictimai xadim və Türk dünyasının fəal söz adamlarından olan Əkbər Qoşalı, çağdaş Azərbaycan şeirinin öncüllərindən olan şair, tərcüməçi və essesit, eyni halda Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan Yazıçılar Birliyinin beynəlxalq əlaqələr və tərcümə məsələləri üzrə katibi, Avropa Elm və Sənət Akademiyasının həqiqi üzvü Səlim Babullaoğlu, AYB Həmkarlar İttifaqının sədri, “Mustaqil.az” portalının baş redaktoru, AYB və AJB-nin üzvü, tanınmış kapitan, şair-publisist Faiq Balabəyli, Dünya Gənc Türk Yazarlar Birliyi (DGTYB) İctimai Birliyinin başqanı, şair-publisist İntiqam Yaşar və digər tanınmış qələm əhli və ziyalılar öz çıxışlarında Zülfi Vellidağın ədəbi yaradıcılığı, təhsil sahəsində yarım əsrlik faydalı xidməti və insani keyfiyyətlərindən danışdılar. Tədbirin davamında Əkbər Qoşalı tərəfindən Milli Məclisin İctimai Birliklər və Dini Qurumlar Komitəsinin sədri fəlsəfə doktoru Fazil Mustafanın təbrik məktubu, Səlim Babullaoğlu tərəfindən AYB-nin sədri, Azərbaycanın Xalq yazıçısı Anar Rzayev tərəfindən imzalanmış “Fəxri Diplom” və özü tərəfindən xüsusi tablo hədiyyəsi, İntiqam Yaşar tərəfindən DGTYB-nin xüsusi fəxri lövhəsi, fəlsəfə üzrə fəlsəfə doktoru, “Həməşəra” mətbu orqanının təsisçisi və baş redaktoru, AJB, AYB və TYB-nin üzvü, Turan Xalq yazarı, araşdırmaçı, tərcüməçi, yazıçı-publisist İlqar İsmayılzadə tərəfindən Ustad Zülfi Vellidağın 75 illik yubileyi və ədəbiyyat sahəsində xidmətlərinə görə “Nizami Gəncəvi” Fəxri Diplomu, Turan Yazarlar Birliyi tərəfindən ona verilmiş “Turan Xalq şairi” fəxri adına aid xüsusi lövhə, həmçinin, “Yazarlar” jurnalının baş redaktoru, tanınmış yazıçı, şair-publisist Zaur Ustac tərəfindən göndərilmiş “Əsrin yazarı” medalı və medalın xüsusi vəsiqəsi, “Sözün işığı” mətbu orqanının baş redaktoru Ədalət Salman tərəfindən Cəlilabad Rayon Veteranlar Təşkilatının Fəxri fərmanı, həmçinin, digər iştirakçıların xüsusi hədiyyələri təqdim edildi. Ustad şair Zülfi müəllim öz çıxışında ona göstərilən sayğı və diqqətə görə tədbir təşkilatçıları və iştirakçılarına, onu təltif etmiş və hədiyyə təqdim etmiş bütün əzizlərə səmimi minnətdarlığını, həm də bütün tədbir iştirakçılarından razılığını bildirdi. O, ən böyük hədiyyənin gözəl və səmimi insanlarla bir arada olmaqdan ibarət olduğunu bildirərək göstərilən bütün səmimi davranışlara görə hər kəsə təşəkkür etdi… Bu tədbirdə ustad şairin yenicə nəfis şəkildə nəşr edilmiş sayca ikinci şeirlər kitabından tədbir iştirakçılarına hədiyyə olundu. Tədbir xatirə şəkillərinin çəkilişi ilə yekunlaşdı…
“Yazarlar” olaraq biz də həmkarımızı təbrik edir, bütün həyat və fəaliyyətində yeni-yeni nailiyyətlər arzulayırıq! Uğurlarınız bol olsun! Xeyirli olsun!
ATLAZ SƏTİRLƏR… (Atlaz Rzayinin ilk şeirlər kitabının təqdimatı) Cəlilabad ədəbi mühitinin istedadlı xanım nümayəndələrindən olan, Turan Yazarlar Birliyinin üzvü, “Həməşəra” Fəxri Diplomu, “Ziyadar” Mükafatı, TYB-nin Ödülü və “Turan Ödülü” laureatı, bədii qiraətçi, yazıçı-şair Atlaz xanım Rzayinin poeziya sahəsində işıq üzü görmüş ilk kitabı təxminən 2022-ci ildə çap olunmuş və oxucularının görüşünə gəlmişdir. Burada həmin kitab barədə ümumi təqdimatla tanış oluruq:
Kitabın əsas məlumatları: Kitabın adı: “Atlaz sətirlər” (Şeirlər) Müəllif: Atlaz Rzayi Redaktor və korrektor: AYB-nin üzvü, şair Sevil Gül Nur Dizayner: Tünzalə Tağıyeva Ön söz: Gün Ay Ümid (AYB-nin üzvü, şair) Naşir: “Gənclik” nəşriyyatı, Bakı Nəşr olunduğu il: 2022 Çap növbəsi: Birinci Kağız formatı: 60×84 1/16 Tiraj: 100 ədəd Səhifə sayı: 68 səhifə.
Müəllifin qısa təqdimatı: Atlaz Həsənağa qızı (Atlaz Rzayi) 1991-ci ilin oktyabr ayının 26-da Azərbaycan Respublikasının Salyan rayonunun Yenikənd kəndində əslən Cəlilabaddan olan bir sadə ailədə dünyaya göz açmışdır. 1998-ci ildə Salman Cəfərov adına Yenikənd kənd tam orta məktəbinə getmiş və 2009-cu həmin məktəbi uğurla bitirərək orta təhsil haqqında Attestatını almışdır. Uşaq yaşlarından etibarən poeziya sahəsinə həvəs göstərmiş, müxtəlif mövzularda bir-birindən maraqlı şeirlər qələmə almışdır. Ədəbiyyat sahəsində “Atlaz Rzayi” təxəllüsü ilə tanınan bu xanım yazıçı-şair 2018-ci ildən etibarən müxtəlif internet portalları və dövrü mətbuatda öz şeirləri ilə çıxış etməkdədir. Atlaz Rzayi şairliklə yanaşı yazıçılıq və bədii qiraətlə də məşğuldur. İndiyədək bir çox tanınmış şairlərin şeirlərini səsləndirmiş, həmçinin, vətən uğrunda canından keçmiş 20-yə yaxın əziz şəhidlərimizlə bağlı məqalələr yazmışdır. 2025-ci ildə Cəlilabad ədəbi mühitinin xanım yazarları barədə respublika səviyyəsində ilk dəfə olaraq yazılıb işıq üzü görmüş “Qələm tutan incə əllər” kitabında onun həyat yolu və poeziya nümunələrindən danışılmışdır. Bundan əlavə, indiyədək bir çox antalogiya və ədəbi məcmuələrdə öz bədii ədəbiyyat nümunələri ilə uğurla çıxış etmişdir. Turan Yazarlar Birliyinin üzvüdür. Cəlilabad ədəbi mühitini layiqincə təmsil etdiyinə görə, “Həməşəra” Fəxri Diplomuna layiq görülmüşdür. Bundan əlavə, “Yazarlar” jurnalı tərəfindən məlum “Atlaz sətirlər” kitabına görə “Ziyadar” Mükafatı, həmçinin, Turan Yazarlar Birliyinin xüsusi ödülü və “Həməşəra” mətbu orqanı tərəfindən təsis edilmiş “Turan Ödülü” ilə təltif edilmişdir.
Kitab barədə: Bu kitab bədii qiraətçi və yazıçı-şair Atlaz Rzayinin 4 il öncə işıq üzü görmüş ilk şeirlər kitabıdır. Kitabın redaktoru və korrektoru Cəlilabad ədəbi mühitinin tanınmış nümayədəndələrindən olan Azərbaycan Yazıçılar Birliyinin üzvü, “Həməşəra” Fəxri Diplomu laureatı, şair Sevil Gül Nur, ön söz müəllifi isə AYB-nin üzvü, şair Gün Ay Ümiddir. Şair Gün Ay Ümid kitaba yazdığı ön sözdə Atlaz Rzayinin ədəbiyyat sahəsində iddiakar olmadığı, təkəbbürdən uzaq olan və eyni halda onu sözə ehmalca yanaşan bir xanım olaraq təqdim edir, onun şeirlərini uzunçuluqdan uzaq, həzin və xəfif adlandırır. O, həm də Atlaz xanımı heç kimin yaradıcılığına müdaxilə etmədən öz yolunda ürəyinin doğduğu şeiri qucaqlayanlardan biri olaraq vəsf etmişdir… Kitabda Atlaz Rzayinin təbiət, həyat, insan və sevgi kimi mövzularda sərbəst forma və heca vəznində olan 59 şeiri yer almışdır. Bu şeirlərdən yalnız biri (“Sevgi ömrü” adlı şeir) Xalq şairi Ramiz Rövşənə ithaf olunmuş, “Oxu bülbül” adlı digər şeiri isə görkəmli Azərbaycan şairi mərhum Bəxtiyar Vahabzadənin “Oxuma, bülbül” şeirinə cavab olaraq qələmə alınmışdır. Atlaz Rizayinin poeziya dünyasını ümumi baxımdan analiz etdikdə, onun sadəliklə yanaşı, həm də səmimi və ürək oxşayan olduğunu təsbit etmək mümkündür. Onun həyatda malik olduğu sadəlik, səfa-səmimiyyət və saflıq xüsusiyyətlərinin sanki qələmə aldığı şeirlərinə hopduğunu söyləmək olar. “Atlaz sətirlər” kitabında yer almış bir-birindən maraqlı və gözəl şeirlər bunu deməyə əsas verir. Bu baxımdan, kitabın adlanması da tam uyğun və dəqiq təsbitdir. Çünki atlaz (atlas) sözü lüğət baxımından ipək və ya sintetik liflərdən hazırlanmış, üzü hamar, çox parlaq və keyfiyyətli parça növüdür. Adətən paltarlar, astarlar və dekorativ ev tekstili üçün istifadə edilir, gözəllik, zəriflik və dəbdəbə simvolu kimi qəbul olunur. Bu parça növü öz parlaqlığı ilə tanınır, ona görə də təşbihlərdə hamar, işıltılı şeyləri təsvir etmək üçün “atlaz kimi” ifadəsi işlənir. Atlaz xanımın qələmə aldığı şeirlər də rəvan, sadə və zərif olduğundan kitabının “Atlaz sətirlər” adlanması tam uyğundur.
Arzu və diləklər: Bu təqdimatın sonunda Cəlilabad ədəbi mühitinin dəyərli xanım nümayəndəsi, Turan Yazarlar Birliyinin üzvü, bədii qiraətçi, yazıçı-şair Atlaz xanım Rzayiyə Ulu Tanrıdan uzun, sağlam və mənalı-məsud ömür, xoşbəxtlik və yeni-yeni yaradıcılıq uğurları arzulayıram!
İlqar İsmayılzadə (fəlsəfə üzrə fəlsəfə doktoru, “Həməşəra” mətbu orqanının təsisçisi və baş redaktoru, AJB, AYB və TYB-nin üzvü, TYB-nin İdarə Heyətinin üzvü, Turan Xalq yazarı, “Ziyadar” Mükafatı, “Qızıl Qələm” və “Zəfər” Media Mükafatları Laureatı, tərcüməçi, araşdırmaçı, yazıçı-publisist) 26.06.2026