Kaş ki sözlərimə inanmayaydın, Bir yalan biləydin doğru arzunu. Əlçatmaz, ünyetməz gümana belə Əlimi açmazdım ömrüm uzunu.
Bəlkə nahaq yerə ürək sirrimi Xahişsiz, filansız açmışam mən də… Vəsfinə yazdığım şeirlərimi Oxuyub kiməsə, öyünürsən də.
Gecənin gözündə əriyən kimdi?- Bu qismət soyuqluq üzündən düşüb. Ay da doğma idi, ulduz da doğma, Daha gecələr də gözümdən düşüb.
Necə yaxın idik gözlə qaş kimi, Necə uzaq düşdük göy üzü qədər. Duman da biz olduq, qaya-dağ da biz, Uzanan yolları qınadıq…hədər!
Yollarım üstünə yağan qar kimi Ələnir üstümə suallar indi. Yüz-yüz sorğuların cavabı bumu?- Hə… biri var idi, biri yox idi…
Əfrahim Hüseynli, Azərbaycan Yazıçılar Birliyinin üzvü, “Qızıl Qələm” Media Mükafatı, “İbn Sina”, “Cəsarətli qələm”, “Xəmsə”, “Həməşəra” və “Nizami Gəncəvi” Fəxri Diplomları laureatı, həkim, şair Cəlilabad rayonu
Layihə rəhbəri: İlqar İsmayılzadə fəlsəfə üzrə fəlsəfə doktoru, “Həməşəra” mətbu orqanının təsisçisi və baş redaktoru, Azərbaycan Jurnalistlər Birliyi və Azərbaycan Yazıçılar Birliyinin üzvü, “Ziyadar” Mükafatı, “Qızıl Qələm” və “Zəfər” Media Mükafatları Laureatı, araşdırmaçı, tərcüməçi, yazıçı-publisist
(esse) Qəlbim güzgü kimi idi. Hər dəfə qırılanda təkcə bir parça sınmırdı, içimdən də nəsə qopurdu. O qırıntıları yenidən birləşdirməyə çalışırdım, amma heç vaxt əvvəlki kimi olmurdu. Çatlar qalırdı. Hər çat bir xatirəni, hər qırıq isə deyə bilmədiyim bir sözü xatırladırdı. İnsan bəzən yaşadığı hadisəni yox, o hadisədən sonra dəyişən özünü daha çox düşünür. Vaxt keçdikcə məni qorxudan şeylər adiləşdi. Tənhalıq artıq qəribə hiss etmirdi. Sükut əvvəllər məni sıxırdı, indi isə ən çox onu dinləyirəm. Gecələr yuxu gəlməyəndə anlayırsan ki, insanın ən uzun söhbəti başqaları ilə yox, elə özü ilə olur. O söhbətdə nə yalan var, nə də gizlənəcək yer. İndi qorxmuram. Yox, cəsur olduğum üçün yox. Sadəcə həyat mənə göstərdi ki, hər şeyi itirməkdən qorxan insan bir gün itkilərlə yaşamağı da öyrənir. O gündən sonra həyata baxışın dəyişir. Eyni küçələrdən keçirsən, eyni insanları görürsən, amma artıq əvvəlki insan olmursan. Yenə də hər səhər oyanıram. Günəş yenə doğur, şəhər yenə yaşayır. Mən də yaşayıram. Amma bilirəm ki, bəzi yaralar sağalmır. Onlar sadəcə səssizləşir. İnsan da həmin səssizliklə yaşamağı öyrənir və bir gün anlayır ki, güclü olmaq heç vaxt sınmamaq deyil. Güclü olmaq, qırılmış halınla belə yoluna davam edə bilməkdir.
Əminəm ki, bu mətni oxuyan 10 insandan ən azı 9-u belədir: Gözünü açırsan. Əlin avtomatik telefona gedir. Reels, TikTok, Instagram… 30 dəqiqə keçir, amma beynin hələ də yorğundur. Əgər belə deyilsənsə, səni təbrik edirəm, seçilənlərdənsən.) Bəs heç düşünmüsən, niyə hamı eyni vəziyyəti yaşayır? Diqqət edirəm ki, son bir ildə toplum olaraq insanların mimikaları çox dəyişib. İctimai nəqliyyatda gedən insanlara nəzər yetirsəniz, güman ki, mənimlə razılaşarsınız. Bunun bir çox səbəbi var. Bu mətndə isə yanaşmam bir az fərqli olacaq. Psixoloji nöqteyi-nəzərdən baxdıqda, daha çox uşaqlıq təcrübələri və hazırda baş verən situasiyaların insan psixikasına təsiri araşdırılır. Amma məsələyə daha dərindən yanaşdıqda vəziyyət bir qədər fərqlidir. Bunu daha aydın anlamaq üçün insanın bioloji sistemi haqqında düşünək. İnsan beyni milyonlarla il ərzində belə işləməyə öyrəşib: Məqsəd qoymaq → zehni və fiziki əmək sərf etmək → məqsədə çatmaq → məmnun olmaq. Məsələn, ilk insanların əsas işi qarnını doyurmaq idi. Məqsəd qoyulduqdan sonra ov üçün əmək sərf edirdilər. Ovladıqdan sonra yeyirdilər və bu, onları həm fiziki, həm də mənəvi olaraq rahatladırdı. Modern dövrdə isə bu sistem dəyişib. Hər şey sanki hazırdır və sən məqsədsizlik içində “çırpınırsan”. Məqsədsiz olan beyin özünə lazımsız məşğuliyyətlər tapır. Bu məşğuliyyətləri də sistem sənin üçün düşünüb: futbol fanatizmi, sosial media bəyəniləri, oyunlarda level keçmək, marka geyimlər, iPhone yarışı, izləyici sayı… Ardını siz tamamlayın. ) Elə bir dövrə çatmışıq ki, iPhone-u olmayan insan özünü natamam hiss edir. Bunlar beynə “vacib iş görürəm” illüziyası yaradır. Bu da insanın mənəvi boşluğunun yaranma səbəblərindən biri hesab oluna bilər. Mənəvi boşluq isə psixoloji problemlərə zəmin yaradır. Diqqət azalır, səbirsizlik artır, təşviş artır, tək qalmaq çətinləşir (yəni telefonsuz), məqsəd hissi zəifləyir. Rəsmi statistikaya görə, son illərdə dünyada antidepressant istifadəsi artmaqdadır. OECD-nin Health at a Glance 2025 hesabatına əsasən, 2013–2023-cü illər arasında OECD ölkələrində antidepressant istehlakı orta hesabla 40%-dən çox artıb. Sistemin yaratdığı bu mexanizmi “pozmaq” asan deyil. Amma sağlam psixologiya üçün əmək sərf edə bilərik. Bəzi tövsiyələrə diqqət etsək, bir müddət sonra sistemin “oyununun” qurbanı olmaqdan çıxıb onu kənardan izləyə biləcəyik. Qısaca qeyd etsəm: Məqsəd təyin etmək ən vacib addımdır. Məqsəd dəqiq və mənəvi baxımdan dəyərli olmalıdır. iPhone almaq məqsəd deyil. Hər hansı ali məqsəd uğrunda çalışmaq xaos içində özünü tapmağa kömək edəcək. Hər gün fiziki hərəkət et. Çünki beyin daha sağlam düşüncə istehsal etmək üçün hərəkət istəyir. İstehsal et, yalnız istehlak etmə. Bütün günü nələrisə izləməklə yanaşı, faydalı videolar hazırlaya, yazılar yaza, yeni bacarıqlar öyrənə bilərsən. Telefonsuz vaxt keçir. Telefon beyni “uyuşdurur” və sən düşünmək üçün lazım olan sakitliyi itirirsən. Bir az telefondan uzaqlaş. Bunları həyatına tətbiq etdikdə ətrafında “zombilər” gəzdiyini sən də görəcəksən… Unutma ki, ən təhlükəli zombi filmlərdə gördüyümüz deyil. Ən təhlükəlisi hər səhər telefonunu açan, bütün günü istehlak edən, amma niyə bədbəxt olduğunu bilməyən insandır. Sevgi ilə qalın…
ÖVLADIYAM Müzəffər ordunun şanlı əsgəri, Ərənlər yurdunun ər övladıyam! Zalımın zülmünə təhəmmülüm yox, Babəklər yurdunun hürr övladıyam! * * * Ustadım Nəsimi, sözümüz sözdü, Ədalət, həqiqət bağrımda közdü, Ziyadar dühası bir deyil, yüzdü, Mövlalar yurdunun nur övladıyam! * * * Dərvişəm, müqqəddəs sayılır təkkəm, Hülqumdan yuxarı dayanır öfkəm, Od, ocaq diyarı tanınır ölkəm, Alovlar yurdunun nar övladıyam! * * * Unutma, şah babam Xətai başdı, Nadir şah, mətədə tərpənməz daşdı, İlham, nə keçilməz sədləri aşdı, İgidlər yurdunun nər övladıyam! * * * Tarixdə Nəbisi, Koroğlusu var, Gen dünya yağıya daim olub dar, Düşmən qarşımızda yenə oldu xar, Aslanlar yurdunun şir övladıyam! * * * Göydən Yer üzünə ərmağan, payam, Gündüzlər Günəşəm, gecələr Ayam, Ən parlaq ulduzdan törəyən boyam, Ozanlar yurdunun sirr övladıyam! * * * Ustacam, vətənim vətən içində, Axıb duruluruq zaman köçündə, Min bir anlamı var, adi “heç”in də, Aqillər yurdunun pir övladıyam! 13.11.2020. Bakı.
AZƏRBAYCAN Odlar yurdu deyir hamı, Azərbaycan mənim adım! Sağım, solum, dörd bir yanım, Öz canımdan, qol-qanadım! *** Nazlı Araz kəmərimdir, Xudafərin onun qaşı! Birləşdirir ayrı düşmüş, Dost-tanış, bacı-qardaşı!
Zaur Ustac (tam adı: Mustafayev Zaur Mustafa oğlu; d. 8 yanvar 1975, Bakı) — tanınmış müasir Azərbaycan şairi, publisisti, Birinci Qarabağ müharibəsinin iştirakçısı və ehtiyatda olan hərbçi-zabitdir. O, həmçinin “Yazarlar” jurnalının baş redaktoru və “Qızıl qələm” mükafatı laureatıdır. Həyatı və Hərbi Fəaliyyəti Doğum tarixi: 8 yanvar 1975-ci il. Doğum yeri: Bakı şəhəri, Azərbaycan. Hərbi xidməti: Birinci Qarabağ müharibəsində iştirak etmiş qazidir və hazırda ehtiyatda olan zabitdir. Təqaüdü: 2019-cu ildən etibarən Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsüdür. Yaradıcılığı və Jurnalistika Mətbuat fəaliyyəti: Dövrü mətbuatda ilk çıxışları 1988-ci ildən başlayıb. [1, 2] Baş redaktorluq: Müasir Azərbaycan ədəbiyyatını işıqlandıran “Yazarlar” jurnalının təsisçisi və baş redaktorudur. [ Üzvlüyü: Azərbaycan Yazıçılar Birliyinin (AYB), Azərbaycan Jurnalistlər Birliyinin (AJB) və Müharibə Veteranları İctimai Birliyinin (AVMVİB) üzvüdür. Kitabları: Müəllifin 50-dən çox kitabı çap olunmuşdur. Yaradıcılığında vətənpərvərlik, hərbçi həyatı, ana dili və uşaq ədəbiyyatı əsas yer tutur. Uşaq ədəbiyyatı: Məktəbəqədər hazırlıq sinifləri üçün hazırladığı “Oxu” və “Hesab” kimi vəsaitləri respublikanın təhsil müəssisələrində geniş istifadə olunur. Məşhur əsərləri: “Günaydın”, “Əliş və Anna”, “45”, “Üzeyir Hacıbəyov-140” kitabları və “Övladıyam”, “Ana dilim”, “Zabitlər” şeirləri geniş oxucu kütləsinə malikdir. O, əsərlərini həm latın, həm də əski ərəb qrafikası ilə nəşr etdirir. Əgər maraqlıdırsa, sadəcə””Google”-da “Zaur Ustac” yazıb axtarış verməklə onun haqqında daha çox məlumat əldə edə bilərsiniz.
Getdin qayıtmadın geriyə bir də, Bizim bu bəndlərə, bərəyə bir də, Dönüb boylanmadın bəriyə bir də, Yoxdumu dönməyə üzün, qaranquş?
Qoyduğun bu yerlər qış qalıb hələ, Tikan qalıb hələ, daş qalıb hələ, Baharın qucağı boş qalıb hələ, Yoldadı hamının gözü ,qaranquş, Deyən unutmusan bizi, qaranquş.
***
Ruhumuz yenə də dərdə köklənib, Yenə də aldadır duyğular bizi. Çıxıb yadımızdan bütün fəsillər, Qoymur göz açmağa qayğılar bizi.
Gecə səhərəcən vaxtı sayırıq, Zaman öz işində,ürək tələsir. Qaranlıq işığa meydan oxuyur, Sevginin qabağın ayrılıq kəsir.
Hər gün başımızda kədər dolaşır, Hər gün ömrümüzdə qəm çiçəkləyir. Hər gün suya düşür xəyallarımız, Hər gün gözümüzdə nəm çiçəkləyir.
***
Hələ təbiətin bahar çağıdı, Hələ bağlar yaz ömrünü yaşayır. Günəş-günəş sığallanır ağaclar, Hələ güllər naz ömrünü yaşayır, Hələ bunun töhməti var qabaqda.
Ulduz -ulduz xəyallanır gecələr, Ulduz-ulduz yuxu axır gözündən. Quşlar yenə salamlayır səhəri, Nur tökülür səhərlərin üzündən, Hələ bunun zülməti var qabaqda.
Ürəklərdə min arzu var,min ümid, Sevənlərin üzü gülür hələ ki. Bahar donlu,yaz ətirli duyğular Yavaş-yavaş sözə gəlir hələ ki, Hələ bunun həsrəti var qabaqda.
***
Səni addım səslərindən tanıyıram, Səni küçələrin yel çəkənindən. Səni dənizin ləpəsindən , Səni dalğaların pıçıltısından tanıyıram. Küləklərində nazlanıb saçlarım, Yağışlarında islanıb. Gecələri pəncərə-pəncərə sabahlamışam səninlə, Səhərləri səninlə salamlamışam günəşi, Baxışlarında xumarlanıb xəyallarım. Hara getsəm kölgə kimi düşüb baxışların arxamca, Keçirmisən məni zülmətdən işığa, Nağıl-nağıl ovutmusan. Səndə aza-aza tapmışam özümü, Yoxsa unutmusan? Səni işıqlarından tanıyıram, Səni qaranlığından. Səni yuxusuzluğundan tanıyıram, Səni yorğunluğundan. Məni sabaha uğurlyıb dəli Xəzər, köhnə dalanlar,sürüşkən küçələr. Səni yanaqlarımda oynaşan qum dənələrindən tanıyıram, Səni xəzəllərindən. Bakı,sən ey ayrılığa sevdalı şəhər, Nöqtələr,nöqtələr…
Soyuq Şimalda Şərq hərarəti (Günay Əliyevanın “Nərgiz” kitabına ön söz) Salam olsun, çox dəyərli oxucum! Bəzən bir kitab təkcə müəllifin yazdıqlarını deyil, bütöv bir dövrün yaddaşını yaşadır. Elə kitablar var ki, onları vərəqlədikcə hadisələri oxumursan, insanların sevgisini, həsrətini, milli kimliyə bağlılığını, Vətənə uzanan görünməz telləri hiss edirsən. Günay Əliyevanın “Nərgiz” kitabı da məhz belə nəşrlərdəndir. Şimalın sərt iqlimi ilə tanınan Norveçdə Azərbaycan ruhunu yaşatmaq, ana dilini qorumaq, milli-mənəvi dəyərləri gələcək nəsillərə ötürmək asan məsələ deyil. Bunun üçün təkcə təşkilatçılıq yox, həm də böyük sevgi, səbir və fədakarlıq lazımdır. “Nərgiz” kitabının hər səhifəsində məhz bu fədakarlığın izi görünür. Təfərrüatlara keçməzdən əvvəl müəllifi yaxından tanıyaq: QISA ARAYIŞ Günay Əliyeva (Əliyeva Günay Asif qızı) 1985-ci ildə Yevlax şəhərində anadan olmuşdur. İbtidai təhsilini Bakı şəhəri, Nərimanov rayonu, Novruzov qardaşları adına 36 nömrəli orta məktəbdə almışdır. Ali təhsilini Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində başa vurmuşdur. Ədəbiyyata marağı məktəb illərindən formalaşmışdır. Həmin dövrdə qələmə aldığı “Məktəb illəri” şeiri “Savalan” qəzetində dərc olunmuşdur. Sonralar “Paritet” qəzetində jurnalist kimi fəaliyyət göstərmiş, burada müəllifi olduğu hekayələr mütəmadi olaraq nəşr edilmişdir. 2011-ci ildən Norveç Krallığının paytaxtı Oslo şəhərində yaşayır. Oslo Universitetində Mədəniyyət və Əlaqələr ixtisası üzrə bakalavr, Media və Əlaqələr ixtisası üzrə magistr təhsili almışdır. Hazırda Osloda fəaliyyət göstərən Akademika Kitab Evində çalışır. Eyni zamanda, 2020-ci ildən etibarən Oslo şəhərində fəaliyyət göstərən Nizami Gəncəvi adına Həftəsonu Azərbaycan Dili Məktəbinin koordinatoru kimi fəaliyyət göstərərək Azərbaycan dilinin, mədəniyyətinin və milli-mənəvi dəyərlərinin xaricdə yaşayan soydaşlar arasında təbliği və gələcək nəsillərə ötürülməsi istiqamətində çalışır. Günay Əliyeva “Nərgiz” kitabının müəllifidir. Günay Əliyeva 2020-ci ildən “Yazarlar” jurnalı ilə sıx əməkdaşlıq edir və müntəzəm olaraq həm “Yazarlar” jurnalında, həm də müvafiq olaraq “Yazarlar.Az” saytında dərc olunur. Günay Əliyeva ədəbiyyatımızın təbliği və dilimizin qorunması yönündə göstərdiyi xidmətlərə görə “Yazarlar” jurnalı tərəfindən “Çingiz Abdullayev” diplomu (2024), “Ziyadar” mükafatı (2026), “Ədəbiyyat səfiri” diplomu və mükafatı (2026) ilə təltif olunub. Günay Əliyeva “Yazarlar” jurnalının redaksiya heyətinin üzvü, “Norveç” üzrə təmsilçisidir. Müəllif illər boyu müxtəlif tədbirləri, görüşləri, təqdimatları, konfransları, uşaq layihələrini və mədəniyyət proqramlarını sadəcə xəbər kimi təqdim etmir. O, bütün bunları Azərbaycançılıq ideyasının xidmətində olan mənəvi missiya kimi qələmə alır. Kitabın əsas qəhrəmanı əslində ayrı-ayrı insanlar deyil, Azərbaycanın özüdür. Harada yaşamasından asılı olmayaraq ürəyi Vətənlə döyünən soydaşlarımız bu kitabın əsas obrazlarına çevrilirlər. “Nərgiz”də ən çox diqqəti cəlb edən cəhətlərdən biri ana dilinə göstərilən sonsuz ehtiramdır. Oslo şəhərində fəaliyyət göstərən Nizami Gəncəvi adına həftəsonu Azərbaycan dili məktəbinin fəaliyyəti, Beynəlxalq Ana Dili Gününə həsr olunan tədbirlər, uşaqların Azərbaycan dilində şeir söyləmələri, mahnılar oxumaları və milli kimlik ruhunda tərbiyəsi kitabın aparıcı xəttini təşkil edir. Bu kitabın başqa bir üstünlüyü onun publisistik salnamə xarakteri daşımasıdır. Burada hər yazının arxasında konkret zaman, konkret hadisə və konkret əməyin izi dayanır. Müəllif oxucuya sadəcə məlumat vermir, onu hadisələrin iştirakçısına çevirir. Oxucu Oslo kitabxanalarında keçirilən təqdimatlarda, Novruz tonqalları ətrafında, Zəfər bayramı tədbirlərində, uşaqların şeir söylədiyi salonlarda, Azərbaycan musiqisinin səsləndiyi konsertlərdə özünü iştirakçı kimi hiss edir. Xüsusilə diqqət çəkən məqamlardan biri də kitabın uşaqlara yönəlmiş fəaliyyəti əhatə etməsidir. Gülzar İbrahimovanın “Trolların sirri” əsərinin yaranması, Norveçdə təqdimatı, uşaqların həmin əsəri Norveç dilinə tərcümə etməyə başlaması göstərir ki, mədəniyyət xalqları bir-birinə yaxınlaşdıran ən möhkəm körpüdür. Bu baxımdan Günay Əliyevanın fəaliyyəti yalnız Azərbaycan diasporu üçün deyil, mədəniyyətlərarası dialoq baxımından da əhəmiyyətlidir. Kitabın səhifələrində vətənpərvərlik xüsusi yer tutur. Qarabağ zəfərinə həsr olunmuş tədbirlər, Novruz şənlikləri, Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü, Müstəqillik Günü, ana dili ilə bağlı layihələr göstərir ki, müəllif üçün milli kimlik yalnız keçmişin xatirəsi deyil, gələcəyin məsuliyyətidir. Publisistika çox zaman gündəlik hadisələrin ömrü qədər yaşayır. Lakin bəzən elə publisistik nümunələr yaranır ki, onlar dövrün tarixi sənədinə çevrilir. “Nərgiz” də belə kitablardandır. Bu gün xəbər kimi oxunan yazılar sabah Norveçdə Azərbaycan diasporunun formalaşma tarixini araşdıracaq tədqiqatçılar üçün qiymətli mənbəyə çevriləcək. Günay Əliyevanın dili sadədir, səmimidir və oxucuya yaxındır. O, pafosdan uzaq duraraq faktları danışdırır. Bu isə kitabın inandırıcılığını daha da artırır. Müəllif hadisələri bəzəmir, onların mahiyyətini göstərir və oxucunu həmin mühitə aparmağı bacarır. “Nərgiz” adının özü də rəmzi məna daşıyır. Nərgiz çiçəyi qışın sonu ilə baharın başlanğıcı arasında açır. Soyuq torpaqdan boylanan ilk ümidlərdən biri olur. Bu kitab da elə həmin rəmzi yaşadır. Norveçin sərt qışı içərisində Azərbaycan ruhunun, ana dilinin, milli musiqisinin, poeziyasının və mədəniyyətinin çiçəklənməsini nümayiş etdirir. Bu kitabı oxuyarkən anlayırsan ki, Vətəni yaşatmaq üçün mütləq onun coğrafiyasında yaşamaq şərt deyil. Vətəni ürəyində yaşadan insanlar harada olsalar, orada kiçik bir Azərbaycan qururlar. Günay Əliyevanın rəhbərliyi və əməyi ilə həyata keçirilən çoxsaylı layihələr bunun canlı sübutudur. Əminliklə demək olar ki, “Nərgiz” təkcə publisistik yazılar toplusu deyil. Bu kitab Azərbaycan diasporunun mənəvi salnaməsi, milli kimliyimizin soyuq Şimalda döyünən isti ürəyidir. Oxuculara təqdim olunan bu nəşr gələcək nəsillər üçün həm örnək, həm də qiymətli sənəd olacaqdır. Çünki burada yazılanlar sadəcə hadisələr deyil, Vətən sevgisinin, ana dilinə məhəbbətin, milli yaddaşın və Azərbaycançılıq ideyasının yaşayan tarixidir. Soyuq Şimalın ağ örpəyi altında döyünən bu isti ürək uzun illər Azərbaycan sözünə, Azərbaycan mədəniyyətinə və Azərbaycan ruhuna işıq saçacaq. Sona qədər həmsöhbət olduğunuz üçün təşəkkür edirəm. Hələlik!
Günay Əliyeva (Əliyeva Günay Asif qızı) 1985-ci ildə Yevlax şəhərində anadan olmuşdur. İbtidai təhsilini Bakı şəhəri, Nərimanov rayonu, Novruzov qardaşları adına 36 nömrəli orta məktəbdə almışdır. Ali təhsilini Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində başa vurmuşdur. Ədəbiyyata marağı məktəb illərindən formalaşmışdır. Həmin dövrdə qələmə aldığı “Məktəb illəri” şeiri “Savalan” qəzetində dərc olunmuşdur. Sonralar “Paritet” qəzetində jurnalist kimi fəaliyyət göstərmiş, burada müəllifi olduğu hekayələr mütəmadi olaraq nəşr edilmişdir. 2011-ci ildən Norveç Krallığının paytaxtı Oslo şəhərində yaşayır. Oslo Universitetində Mədəniyyət və Əlaqələr ixtisası üzrə bakalavr, Media və Əlaqələr ixtisası üzrə magistr təhsili almışdır. Hazırda Osloda fəaliyyət göstərən Akademika Kitab Evində çalışır. Eyni zamanda, 2020-ci ildən etibarən Oslo şəhərində fəaliyyət göstərən Nizami Gəncəvi adına Həftəsonu Azərbaycan Dili Məktəbinin koordinatoru kimi fəaliyyət göstərərək Azərbaycan dilinin, mədəniyyətinin və milli-mənəvi dəyərlərinin xaricdə yaşayan soydaşlar arasında təbliği və gələcək nəsillərə ötürülməsi istiqamətində çalışır. Günay Əliyeva “Nərgiz” kitabının müəllifidir. Günay Əliyeva 2020-ci ildən “Yazarlar” jurnalı ilə sıx əməkdaşlıq edir və müntəzəm olaraq həm “Yazarlar” jurnalında, həm də müvafiq olaraq “Yazarlar.Az” saytında dərc olunur. Günay Əliyeva ədəbiyyatımızın təbliği və dilimizin qorunması yönündə göstərdiyi xidmətlərə görə “Yazarlar” jurnalı tərəfindən “Çingiz Abdullayev” diplomu (2024), “Ziyadar” mükafatı (2026), “Ədəbiyyat səfiri” diplomu və mükafatı (2026) ilə təltif olunub. Günay Əliyeva “Yazarlar” jurnalının redaksiya heyətinin üzvü, “Norveç” üzrə təmsilçisidir.