Aborta gedən analara səslənirəm: Dayanın, durun, getməyin! Onsuz da bilirəm, gedən ayaqlarınızdır, Ürəyiniz durmaq istəyir. Nə olar, getməyin, durun.
O gün metronun qarşısında, Balaca bir qız dilənirdi, O qədər balacaydı ki, Ovucuna qəpik sığmırdı. Hardansa bir qadın gəldi, Ona sarılıb hönkür-hönkür ağladı. Az öncə öz qızını abort etdirmiş anaya oxşayırdı o qadın.
Aborta gedən analara səslənirəm: Nə olar, getməyin. Öldürməyin o dilsiz, ağızsız körpənizi. Axı, o doğulub gülümsəyəcək, Sizə ana deyəcək. Analıqdan məhrum etməyin özünüzü.
İlahi, səndən başqa şahidim yoxdur. İndicə ikinci qızım gəldi, Bir dilim alma qoydu yazı masamın üstünə, Öpdü məni və qaçıb getdi. Mənə də çox demişdilər; Neynirsən ikinci qızı? Nə yaxşı ki, sərt dayandım, Öldürmədim öz qızımı. Yoxsa indi yanağımda bu öpüş, Masamda bu alma dilimi olmazdı. Həm də bu mövzuda yazdığım zaman. Qızımın gəlişi də tanrının mesajıdır.
Aborta gedən analara səslənirəm; Nə olar, getməyin. Öldürməyin öz balanızı. Müharibələrdə ölən uşaqlara acıyırsız, Bəzən göz yaşı tökürsüz, Amma düşünmürsüz ki, Siz də öz balanızın qatili olursuz.
Aborta gedən analara səslənirəm: Qurban olum, getməyin, Öldürməyin öz balanızı.
Türkiyə Cümhuriyyətinin yaranmasından 100 il keçdi
(“Samsundan başlanan yol” romanından)
TÜRKİYƏ DƏ
I DÜNYA MÜHARİBƏSİNƏ QOŞULDU
Uşaqların “dava-dava” oyunu bir əyləncədir, oyundur. Oyun olmasa da, bir-birlərinə bir-iki yumruq vurub, bir-iki söyüş söyüb çəkilib gedir, olsa-olsa bir-birilə küsür, sonra da barışırlar.
Böyüklərin dava-dalaşı bir-birinin gözünün altını fanarlamaqla, bir-birini xurd-xəşil etməklə qurtarır. Bəd ayaqda biri o birini vurub öldürür. Biri canını tapşırır, o birini tutub basırlar dama.
Dövlətlərin bir-birilə düşmənçiliyi və müharibə etməsi böyük fəsadlar verir, fəlakətlər, kütləvi qırğınlar törədir, ailələr başsız qalır, şəhərlər, kəndlər, yaşayış məskənləri yerlə yeksən olur.
İyirminci yüzilliyin ikinci onilliyində bəzi ölkələr qana qan deyir, heç cür sakitləşmək bilmirdilər. Hakim dairələr öz vətən-daşlarının dərdi-səri, problemləri, yaşayış tərzi, ölkələrinin abadlaşdırılması üçün iş görmək əvəzinə dünyanın yenidən bölüşdürülməsi uğrunda planlar qururdular..
Bir yanda Rusiya, İngiltərə və Fransa bir araya gəlib xosunlaşır, digər tərəfdə Almaniya Avstriya-Macarıstanla məşvərət edir-di.
Ehtirasların coşduğu, bu Avropa dövlətlərinin bir-birinə diş qıcadığı günlərdə Bosniyada manevrlərdə iştirak edən Avstriya-Macarıstan ordusunun baş komandanı, taxt-tacın vəliəhdi Arşidük Frans Ferdinand qətlə yetirildi. O, “Mlada Bosna” təşkilatının üzvü Q. Prinsipin zavalına gəldi. Sui-qəsd Sarayevoda baş tutdu. Qatil Serbiyalı olduğu üçün Serbiya təqsirləndirildi və Almaniya ona ultimatum göndərdi.
Beləliklə, birinci dünya müharibəsi Almaniya və Avstriya-Macarıstan tərəfindən başlandı. Bu dövlətlər başqa ölkələrlə müqayisədə müharibəyə daha yaxşı hazırlaşmışdılar və özlərinə çox arxayın idilər.
Birinci dünya müharibəsinin baş verməsinin səbəbkarı olan dövlətlərin hərəsinin bu savaşda öz marağı vardı. Rusiya Bosfor və Dardanel boğazlarına, Balkanlara yiyələnmək, Almaniyanı iqtisadi baxımdan sarsıtmaq, Balkanlarda Avstriya-Macarıstan hökmranlığının baş tutmasına mane olmaq məqsədi güdürdü.
I Dünya müharibəsi ərəfəsində yaranmış ziddiyyətlərin səbəbkarı əslində Almaniya və İngiltərə idi. Bu ziddiyyətlər soyğunçuluq və işğalçılıq müharibəsinin baş verməsində və inkişafında həlledici rola malik oldu. İngiltərə də Rusiya kimi, Almaniyanı zəiflətmək xəyalına düşmüşdü. Bununla onun müstəmləkələrinin hamısına da olmasa, bir çoxuna sahib durmaq, Osmanlı imperiyasını bölüşdürmək niyyətində idi. Hələ bunlar azmış kimi, Elzası və Şərqi Lotaringiyanı da qaytarmaq, Almaniyanın Reyn vilayətinin müəyyən hissəsinə yiyələnmək istəyirdi.
Almaniyanın məqsədi nə idi? Fransa və Rusiyanı zəiflətmək, onların müstəmləkələrinin bir qismini ələ keçirmək, İngiltərə və Fransanın hesabına yeni müstəmləkələr qazanmaq. Avstriya-Macarıstan da Balkanlarda öz nüfuzunu saxlamaq və artırmaq, Rusiyanı Balkanlardan birdəfəlik kənarlaşdırmaq, rus Polşasının bir hissəsini qoparmaq, Serbiyanı öz əsarəti altına almaq istəyirdi.
1914-cü ilin iyul ayının sonlarında Avstriya-Macarıstan ordusu Serbiya torpaqlarına ayaq basdı. Belqrad bomba yağışına tuş oldu. Almaniya hökuməti həmin ilin avqust ayının 1-də – Rusiyaya, 3-də – Fransaya; avqustun 4- də isə İngiltərə Almaniyaya müharibə elan etdi.
Digər ölkələr də bir-birinin ardınca müharibəyə qoşuldular. Türkiyə bu savaşa 1914-ci il noyabrın 11-də cəlb olundu. Müxtəlif qitələrdən olan 36 dövlətin iştirak etdiyi müharibədə 70 milyondan artıq əsgəri qüvvə döyüşlərə qatıldı.
Birinci dünya müharibəsinin cəbhələrində döyüşlər səngimək bilmir, get-gedə coşub-çağlayırdı. Almaniya imperatoru II Vilhelm Osmanlı hökuməti ilə danışıqlar aparıb Türkiyəni də öz tərəfinə çəkdi. Nəticədə 1914-jü ilin oktyabr ayının 29-da Osmanlı dövləti Antanta dövlətlərinin əleyhinə müharibəyə qoşuldu.
Mustafa Kamal hərbi təhsilini Salonikdə və Monastırda (Bitolda), ali təhsilini İstanbulda – Baş qərargah Akademiyasında (1905) almışdı. Gərc türkçülər hərəkatına qoşulmuş, “İttihad və tərəqqi” təşkilatının üzvü olmuşdur. 1908-ci il gənc türkçülər inqilabından sonra “İttihad və tərəqqi” təşkilatından uzaqlaşmış, yalnız hərbi işlə məşğul olmuşdur. İtaliya-türk (1911-1912) və II Balkan (1913) cəbhələrində vuruşmuşdur.
Mustafa Kamal Türkiyənin addımını tələsik və düşünülməmiş bir hərəkət kimi qiymətləndirdi və bərk narahat oldu. 33 yaşlı bu gənc siyasət aləmində naşı deyildi, hadisələrin gedişini təhlil süzgəcindən keçirməyi, düzgün qərar qəbul etməyi yaxşı bacarır və Türkiyənin nahaq yerə bu müharibəyə qoşulduğunu söyləməkdən çəkinmirdi. Bu barədə sadəcə fikirləşmir, öz-özünə hesabat verməklə kifayətlənmirdi.
Türkiyə taxt-tacının sahibi Sultan və Xəlifə V Mehməd Rəşad xana bu haqda məlumat vermək, öz qənaətlərini bölüşmək, fikir mübadiləsi aparmaq imkanı xaricində idi. Hərbi Nazirliyin səlahiyyətli işçiləri də onun dediklərini qulaq ardına vururdular. Sultan və Xəlifə V Mehməd Rəşad xan da, ölkənin müdafiəsinə cavabdeh şəxslər də inandırırdılar ki, Almaniya və Avstriya-Macarıstan bu müharibədən qalib çıxacaq, Antanta dövlətlərini – Rusiya, İngiltərə və Fransanı məğlub edəcəklər. Dünya bölüşdürülərkən Türkiyəyə də yaxşı pay düşəcək.
Almaniya ordusu Fransanın üzərinə iri addımlarla yeriyirdi. Qoşunlar Belçika silahlı qüvvələrini əzişdirib, Fransaya daxil olmuşdu. Fransızlar və Fransanın şimal sahillərinə çıxarılan ingilis korpusu almanların güclü təzyiqinə tablaşa bilməyib geri çəkilmişdilər.
Almaniya silahlı qüvvələrinin uğurlar qazandığı bu günlərdə Mustafa Kamalın müharibənin taleyi, Almaniyanın və onun müttəfiqi Osmanlı Türkiyəsinin aqibəti barədə bədbin fikir söyləməsi, təbii ki, qəbul olunmur, yaxşı qarşılanmırdı. Vəzifəli şəxslər, yüksək rütbəli hərbçilər başlarını bulayıb gedirdilər. Mustafa Kamal baxa-baxa qalır, lakin heç cür sakitləşə bilmirdi. Nəhayət, o, imkan tapıb Baş komandanlıqda məsul vəzifədə çalışan bir zabitlə öz qənaətlərini bölüşdürdü:
– Mən ölkəmizin taleyi üçün çox narahatam.
Həmin şəxs də onun fikrini təsdiq etdi:
– Buna görə hamımız narahatıq. Bu müharibədən biz zəfərlə çıxmalıyıq.
Onun nə demək istədiyini başa düşməyən müsahibi tələsik, özü də yanlış nəticə çıxarmışdı. Bunu görən Mustafa Kamal aydınlaşdırmalı oldu:
– Halva-halva deməklə ağız şirin olmaz. Mən ölkəmizin bu müharibəyə qoşulmasını pisləyirəm. Almaniya tərəfindən döyüşlərə qatılmasından bərk narazıyam.
Müsahibi onun sözlərindən təşvişə düşüb yan-yörəsinə baxdı ki, görsün onların söhbətinə qulaq asan varmı. Sonra öz-özünə: “Bunun ağzından qan iyi gəlir. Eşidən-bilən olar. Məni də zibilə salar. Bu nə danışır?!” – deyə düşünüb dilləndi:
– Əfəndim, sən yanılırsan. Müttəfiq kimi müharibəyə qatılmağımız çox düzgün addımdır, bu bizim üçün şərəfdir. Tezliklə Al-maniya və Avstriya-Macarıstan orduları, təbii ki, bizim köməyimiz sayəsində düşmən qüvvələrini diz üstə çökdürəcək..
Yüksək vəzifəli zabit aralanmaq istəyəndə Mustafa Kamal qolundan tutub onu saxladı və xahiş etdi ki, onu axıra qədər dinləsin:
– Mənim narazılığım Türkiyənin müharibəyə qoşulmasından ibarət deyil. Ən dəhşətlisi budur ki, bu savaşda Almaniya uduzacaq və aqibəti pis gələcək. Özü ilə birgə bizi də fəlakətə sürükləyəcək. Necə deyərlər, qurunun oduna yaş da yanacaq.
Müsahibinin ona acığı tutdu:
– Nə danışdığını heç bilirsən?! Müttəfiqimiz qüvvətlidir, yenilməzdir. Müharibəyə yaxşı hazırlaşıb. Həm hərbi sursat, həm də canlı qüvvə sarıdan güclüdür, qarşısına çıxanı dəyirman kimi üyüdür, yolunun üstündən süpürüb atır…
Mustafa Kamalı inamından döndərmək çətin idi. Odur ki dedi:
– Söylədiklərim gəlişi gözəl sözlər deyil. Şəxsi qənaətlərim olsa da, həqiqətdir. Zaman göstərəcək ki, mən yanılmıram.
Zabit bir daha ətrafına göz gəzdirə-gəzdirə:
– Hər halda düzgün qənaətlər deyil, – dedi. – Hissə qapılırsan, vəziyyəti qiymətləndirə bilmirsən. Sənin təcrübən azdır. Səni başa düşürəm: səni belə danışmağa vadar edən şey ölkənə və millətinə olan eşqindir.
Mustafa Kamal davam etdi:
– Çox istərdim ki, buna bənzər eşq başqalarında da olaydı…
Onun müsahibi qaş-qabağını tökdü. Acıqla:
– Kamal, bizi rahat burax, – dedi. – Sonra vicdanın qarşısında məsuliyyət daşımalı olarsan. Biz elə hərəkət edəcəyik ki, sən də razı qalacaqsan, dünya da heyrət içərisində olacaq.
Mustafa Kamal təslim olmaq fikrində deyildi:
– Doğru buyurursan, fəqət görəcəyiniz işlər, qorxuram ki, məmləkəti qaçılmaz bir girdaba sürükləyə.
Mustafa Kamalın müsahibi get-gedə sinirlənirdi:
– Sənə tövsiyə edirəm: bu təbliğatını yığışdır. Mən səni istəyən adamam və deyirəm: bu sözlərinlə ordumuzun döyüş ruhunu qıra bilərsən. Müharibənin öz qanunları var. Müharibə dövründə əks təbliğat aparanların aqibəti pis olur. Bu sənə baha başa gələ bilər. Səni həbs edə, güllələyə, sürgün edə bilərlər.
Mustafa Kamal qorxaq adam deyildi. Odur ki, onun sözlərindən qətiyyən sıxılmayaraq cəsarətlə dedi:
– Əfəndim, bil və agah ol, səninlə söhbətdən də kar aşmayacağını qabaqcadan bilirdim. Çoxları ilə danışıqlarım olub. Mənim narazılığım onlar tərəfindən çox etinasız və mənasız qarşılanıb. Mən öz fikrimdə qalıram, eyni zamanda, sənin tövsiyənlə, artıq bu mövzuda danışığı yığışdırıram. Çünki özüm də cəbhəyə yollanmaq istəyirəm. Qəlbində inam olmadan, inamı itirərək vuruşmaq mümkün deyil. Səndən bir ricam var. Ölkəmiz açıq bir fəlakətə sürüklənir. Mən bunu görürəm. Heç olmasa, bu fəlakətin qarşısını almaq üçün mənim qüvvəmdən də istifadə edin. Mən Vətənimin bu ağır günündə Sofiyada – hərbi attaşedə rahat salon həyatı yaşaya bilmərəm. Deyin mənə də bir vəzifə versinlər ki, cəbhəyə yollanım.
Müsahibi onunla razılaşdı və onu əmin etdi:
– Yaxşı, hərbi nazirlə bu barədə danışaram.
Mustafa Kamal Sofiya hərbi attaşesindəki iş yerində əyləşib ürək döyüntüsü ilə onun cavabını gözləməyə başladı. O buraya Balkan müharibəsindən bir müddət keçmiş, 1913-cü ilin oktyabr ayında təyinat almışdı. 1914-cü ilin yanvarında Belqrad və Çətinə hərbi attaşelərini idarə etmək də ona tapşırılmışdı.
KƏRƏM ARXUD Zamanov Kərəm Qaçay oğlu 1951-ci ildə Laçın rayonunun Qarabəyli kəndində anadan olub. Əsli Hacıxanlıdandır. 45 il Hacıxanlı tam orta məktəbində müəllim işləmişdir. Əməkdar müəllimdir. Hazırda Bərdədə məskunlaşıbdır. “Ay Laçın” kitabının müəllifidir.
ƏRDOĞAN
Qardaş deyib qucaq açır türkünə, Çoxlarının bit salıbdır kürkünə, Sahib çıxır, ata-baba mülkünə, Niyyətində çox qətidir Ərdoğan, Min yaşasın onu belə nər doğan!
Yaxşı çəkir sərhədləri, aranı, Sağaldacaq qövr eliyən yaranı. Vaxt gələcək diz çokdürub İranı Öz yerini göstərəcək Ərdoğan, Min yaşasın onu belə nər doğan!
Nufuzu var – hər ölkədə sayılır, Günəş kimi şölələnir yayılır, Dünya baxır, mətəl qalır bayılır. Saymıyanı qəti saymır Ərdoğan, Min yaşasın onu belə nər doğan!
Nələr etdi Suriyada, İraqda, Dəfələrlə çox eşitdik, bu haqda. Can atanlar hamı qaldı qıraqda. Barmağını silkələdi Ərdoğan, Min yaşasın onu belə nər doğan!
Qarabağda ordusu var, postu var, Kim deyir ki, bizdə torpaq basdı var?! İlham kimi qardaşı var, dostu var. Xalqımızın dayağıdır Ərdoğan, Min yaşasın onu belə nər doğan!
Bir millətik – iki dövlət, bir ordu, Yağı düşmən başa bilməz bu yurdu. Bu birliyi kim yaratdı, kim qurdu?! Çavuşoğlu, Hulus Akar, Ərdoğan, Min yaşasın onu belə nər doğan!
Kərəm Arxud əziz tutur canından, Qanı axır damarına qanından. İstəmərik yel də əsə yanından, Dünyamızın dühasıdır Ərdoğan, Min yaşasın onu belə nər doğan!
Məqalənin adında “səviyyəsizlər” sözünü işlədib-işlətməməklə bağlı kiçicik bir tərəddüdə ona görə qapıldım ki, Çingiz Abdullayevin Azərbaycan dilində yaxşı danışa bilməməyinə lağ edənlər arasında iki-üç normal mətni olan şair və yazıçılar da rastıma çıxmışdı. Və bu tərəddüdlər ona görə uzun çəkmədi və ona görə sonda “səviyyəsiz” sözünün qalmasıyla nəticələndi ki, Çingiz Abdullayevin Azərbaycan dilində yaxşı danışa bilməməyinə lağ etmək, bununla zarafat etmək artıq uzun müddətdən bəri o qədər geniş yayılmış bir hala çevrilib ki, bu məsələylə bağlı kiminsə durub yenə təkrar-təkrar zarafatlar etməsi, bu məsələdən öz aləmində yumor qondarması, gülünüb qurtarmış zarafatları təzədən “layk” xatirinə gözümüzə soxması sadəcə və sadəcə səviyyəsizliyin nəticəsində baş verə bilərdi.
Ay qardaşlar, ay bacılar, ay dostlar, ay yazıçılar, ay şairlər, dadı-duzu qaçmış zarafatlarla, “ağız əymə”lərlə feysbukda zəhlə tökməklərin, təkrarçılığa yol verməklərin, həqiqətən də, səviyyəsizlik olduğunu dərk etmirsinizsə, üstəlik, məsələn, Allahın “bir-birinizdə qüsur axtarmayın”, yaxud “…başqasında eyib-qüsur axtaranların, qaş-göz işarətləriylə başqalarına lağ edənlərin vay halına” deməsini vecinizə almırsınızsa, heç olmasa olan-qalan məntiqinizlə, olan-qalan vicdanınızla indi aşağıda yazacağım bir neçə fikirə diqqətlə nəzər yetirin:
1. Çingiz Abdullayevin müharibə vaxtı Rusiya televiziyasında, təklənməyinə baxmayaraq, Azərbaycanın haqlı mövqeyini sonacan müdafiə və sübut etməklə bu ölkəyə göstərdiyi xidməti, yəni təkcə bu xidməti Çingiz Abdullayevə lağ edib ələ salanların heç biri – Kəramət Böyükçöl və Şəhriyar del Gerani də daxil olmaqla, hətta başda olmaqla, heç biri bu ölkəyə göstərməyib. Elə isə yersiz söz danışmaqdansa, susmaq yaxşıdır.
2. Çingiz Abdullayev Azərbaycan dilində yazmır, Azərbaycan dilində yazdığını iddia etmir, bu adam rus dilində yazır və bu adamın rus dilində yazdığı kitablar ölkə xaricində yüksək tirajla çap olunub satılır. Yəni adamın öz yazıçılıq karyerasını söykədiyi dil rus dilidir, Azərbaycan dili deyil. Bu adam Azərbaycan dilini yaxşı bilməyə, qüsurlu danışa bilər. Və bunu hər iki dəqiqədən bir gözə soxmaq, müzakirə mövzusu etmək yuxarıda qeyd etdiyimiz kimi səviyyəsizlikdən, təkrarçılıqdan, zəhlətökənlikdən başqa bir şey deyil. Yeri gəlsə, rus dilində yaza bilmək Azərbaycan dilində yaxşı danışmaqdan daha böyük məharətdir. Azərbaycan dilində səlis danışmağı, Xoşqədəm Hidayətqızı da, Zaur Baxşəliyev də çox yaxşı bacarır. Bu, elə də böyük bacarıq deyil.
3. Dünyanın bir çox ölkələrində oxunan və geniş şöhrət sahibi olan Çingiz Abdullayevdən tələb etdiyimiz kimi biz nə zaman Lütfi Zadədən, yaxud dünya şöhrətli şahmat ustası Teymur Rəcəbovdan Azərbaycan dilində danışmağı tələb etmişik? Onların Azərbaycan dilində heç olmasa, Çingiz Abdullayevin yarısı qədər danışdığını eşidən olubmu? Onlar buna heç cəhd də göstərməyiblər. Və bizim xalqın bəzi nümayəndələri Azərbaycan dilində danışmağa cəhd göstərməyib, yalnız rus dilində danışan adamları əlçatmaz və yüksək səviyyəli adam hesab edəcək qədər məntiqsiz və özünəinamsız olduğu kimi, bu dilə hörmət göstərib onu öyrənməyə çalışan və bu dildə danışmağa cəhd edən birinin qüsurlarına da güləcək qədər qanacaqsız və mədəniyyətsizdirlər. Bu adamların gözündə Çingiz Abdullayev o zaman hörmətli olardı ki, ömrü boyu xarici bir ölkədə yaşayardı, yalnız 15-20 ildən biri yolu Bakıdan keçərdi və Bakıya gələndə də jurnalistlər axın-axın onun qarşısına qaçıb müsahibə almağa çalışardı.
Bütün bunlar o deməkdir ki, bir adamın üstünə bu cür düşərək, onu ələ salıb lağ edərək ölkəsinə, torpağına, xalqına nifrət edəcək, ondan iyrənəcək həddə gətirməməliyik. Buna heç kəsin haqqı yoxdur. Və bu, böyük insafsızlıq, eləcə də, yuxarıda qeyd etdiyimiz kimi səviyyəsizlik və zəhlətökənlikdir.
Üstündən neçə gün keçib, hələ indi o xoş auralı məkanın sehrli cazibəsindən ayrılıb olanlara nəzər salmağa başlayıram. Fikrim asimanın ənginliklərində keçmişin, klassiklərin ruhlarının sorağında olsa da gözlərim yola baxırdı. Bakı-Xaçmaz yolundan sağa çıxıb köməkçi yolla irəliləyirdik. Birdən: -Çatdıq! – deyə taksist astadan səslənəndə xəyallardan ayrıldım. -Hara? – qeyri-ixtiyari soruşdum. -“Sara” şadlıq sarayına. – Taksist tərs-tərs məni süzdü. – Bakıdan çıxanda belə deməmişdiniz? Fikrimi cəmləşdirməyə çalışdım. “Mən “Sara” şadlıq sarayına nəyə gəlmişəm?” “Hə, yadıma düşdü, indi adamlar daha çox dadlı yeməklər bişirilən yerləri, pal-paltar satılan mağazaları yadda saxlayırlar. İndi kimdir kitabxanaların, kitab mağazalarının, klassiklərin ruhunu oxşayan hücrələrin yerini soraqlayan?” Bəli. Mənə elə beləcə də deyilmişdi. Birdən taksi sürücüsü oranı tanımaz, onda belə nişan verin. Taksidən düşən kimi şadlıq sarayının əks istiqamətinə baxdım. Dərhal hücrəni gördüm. Elə bil bu hücrəni min ildir tanıyırdım. Əfzələddin Xaqani bu hücrədə yaşayıb yaratmışdı. Ömrünü burda xalqa, ədəbiyyata fəda etmişdi. Yaradanın haqqı – ölüm xəbəri gələndə də burdan heç hara getməmişdi. Daşa dönüb heykəlləşmiş və hücrənin qarşısında ucalmışdı, gələnlərə, gedənlərə düzgün yol göstərirdi. Əvvəlcə heykələ yaxınlaşıb salam verdim. Qələm əhli olduğumdan imtahan öncəsi sıxılan tələbə kimi sıxıla-sıxıla böyük ustada səcdə etdim, ehtiramımı bildirdim. Sonra hücrəyə tərəf döndüm. Qapının üstündə yazını oxuyub hücrənin başına dolandım və arxa tərəfdəki qapını açıb içəri daxil oldum. Klassiklərin ruhu dolaşan hücrənin ədəbi ab-havası məni vurdu. İlk qarşıma çıxan bir ay əvvəl tanış olduğum, tanış olduğum andan da zəkasına vurulduğum Daşqın Məmmədovla qarşılaşdım. İçəridə beş-altı adam olardı. Düz gəldiyimi anladım. Təzəcə salamlaşmışdım ki, hücrənin mücaviri hesab etdiyim AY Bəniz xanım Əliyar da gəldi. Görüşdük, hal-əhval tutduq. İlk andan ruhən böyük cüssəli bu xanımın çiyinlərində klassiklərin mistik varlığının uyuduğunu hiss elədim. Yola həyat yoldaşım Xuraman xanımla çıxmışdım. Onunla Dədə Qorqud diyarı Dəmirqapı Dərbəndə – ədəbi görüşlərə də bir getmişdim, Gürcüstan, Rusiya səfərlərinə də. Müharibə illərində də arxa-dayağım olmuşdu. Hücrədən çıxdım. Həyətdə məni gözləyən bir qutu jurnal-kitabları götürüb Xuramanla birlikdə hücrəyə qayıtdım. Yoldaşımı təqdim etdim. Birlikdə gəldiyimizə çox xoşhal oldular. Qısa tanışlıqdan sonra görüşümüz başladı. Bütün bu müddət ərzində Əfzələddin Xəqaninin ruhunu başım üzərində hiss edirdim. AY Bəniz Əliyar görüşə gələnləri salamladı və haqqımda danışmağa başladı. Xanım-şairə xeyli məlumat toplamışdı – uşaqlığımdan bəhs edirdi. İlahi, mən axı Xaqanini orta məktəbdə yetərincə öyrənməmişdim. O vaxt Xaqanini yetərincə öyrədirdilərmi? Deyəsən, yox. Elə Həsənoğlu kimi bir qəzəli ilə kifayətlənirdilər. Soyuq tər məni bassa da ustadın ruhunun sakitliyi məndə rahatlıq yaradırdı. AY Bəniz xanım isə danışırdı. Mənim orta məktəbdə oxuduğum illərdən, o vaxt yazdığım kiçik həcmli mətnlərdən, onların hansı jurnal-qəzetlərdə dərc olunmasından bəhs edirdi. Bir aləm xatirə gətirmişdim o illərdən. Hansını danışım. Bir saat, beş saat bəs edərdimi? Əlbəttə yox. Yaşadığım hər an, hər gün bir xatirəydi. Dəyərli vaxtlarını ayırıb görüşümə gəlmiş adamların daha çox vaxtını almağa haqqım vardımı? Niyə mənə bu qədər dəyər verirdilər? Bilmirəm. İnsanların sifətindən səmimiyyət yağırdı. Bölgə adamları öz saflığını necə də qoruyub saxlayıblar.
AY Bəniz Əliyar danışırdı. Başımın üstündə yeni ruhların uçuşunu hiss elədim. Bu, Mehdi Ağalarovun ruhuydu. Orta məktəbdə ədəbiyyat müəllimim olmuşdu. Bütün şair və yazıçıları onun sayəsində sevmişdim. Sevə-sevə oxumuşdum. İlahi, necə də zəngin dünya imiş ədəbiyyat. İnsan ədəbiyyatdan aldığı zövqü başqa hardan ala bilər? Hər şair, yazıçının həyat və yaradıcılığını bizə tədris edəndən sonra elə bilirdik ki, doğmamızdır; əmimizdir, dayımızdır, ya da atamızın yaxın qohumlarındandır. Mehdi Ağalarov onları bizə belə sevdirmişdi. İndi də yuxarıdan pıçıldayırdı: “Mən sənə boş-boşuna “beşdə-beş” yazmamışam!” Nəsə bir başqa ruh xəyallarımı çəkdi. Bu, niyə gəlib? Bu ki, bizim riyaziyyat müəllimimiz olub. Ölkə səviyyəli tanınmış Şəhrid İsmayılovun ruhuydu. Hər il Ali məktəblərə qəbul vaxtı mübahisəli misal-məsələlərin həllində teleqramla onu ya Naxçıvana, ya Bakıya çağırardılar. “Ən böyük şair Nəsrəddin Tusidir” deyirdi. Poeziya da dəqiq elmdir, hecasını, qafiyəsini tuta bilməsən, nazını çəkməsən, qayğısına qalmasan, ondan poeziya olmaz. Özü də ara-sıra şeirlər yazırdı, sandığa yığırdı. İndə hardan bilim onların taleyi necə oldu? Birdən pıçıldadı: “Mən sənə ona görə “dörd” yazırdım ki, ali məktəbə imtahan verəndə “beş” ala bilməyib təəssüflənməyəsən. “Dörd” sənin halal qiymətin idi…” Pıçıldayan kimi də vızıldayıb uçub getdi. İndi hücrədə qarışıqlıq idi. Yerdəkilər də danışırdılar, göydəkilər də. AY Bəniz xanım görüşə gələnləri bir-bir təqdim edib danışmaq üçün söz verirdi. Onlar internet üzərindən yaradıcılığımın bir hissəsi ilə tanışlıqdan danışır, şagirdlər suallar verir, mən də imkan tapan kimi cavablandırmağa çalışırdım. Arada fürsət yaranan kimi xatirələrimi danışırdım. Göydəkilər isə hər şeydən məlumatlı idilər. “Klassiklərin bostanına daş atmaqdan da qalmırsan…” deyə atmaca da atırdılar. Bu nədi? “Hal arvad”dan yazırsan, köhnə kişilərin paxırlarını açırsan? Ayırd edə bilmədim kimin ruhunun pıçıltısıydı; ya Yusif Vəzir Çəmənzəminliydi, ya Əbdürəhman bəy Haqverdiyev. “Qurd ağzı”n da pis alınmayıb! İlahi, bəs bu kimin səsiydi? Süleyman Sani Axundov, yoxsa Abdulla Şaiq? Şagirdlərdən kimsə sual verirdi, nəsə “Şər” adlı hekayəmdən danışırdı. Mirzə Cəlil qarşıdakı pəncərədən mənə əl eləyirdi. Dəxli olmasa da onu nümunə göstərdim. Sevinirdim ki, müasirlərim mənim haqqımda danışır, onların arasında yaşıdlarım da vardı, gənc qələm sahibləri də. Gənclər daha fəallıq göstərirdilər. Bunlar hamısı AY Bəniz xanımın xidmətləriydi. O, deməsəydi, istiqamətləndirməsəydi, mənimlə, yaradıcılığımla necə maraqlanacaqdılar? Aybəniz xanımın nə vaxt və necə AY Bəniz olduğu fikri çulğalandı beynimdə. Özündən, yaxud başqalarından soruşmağı özümə rəva bilmədim. İlk görüşdə bu xanım-şairə gözümdə klassiklərin ruhunu şad edən, hücrənin əsl sahibəsi kimi püxtələşmişdi, böyümüşdü. İndi buna daha da əmin olurdum. Xaqani burda daşa çevrilib heykəlləşmiş, qərinəyə çevrilib hücrəsini tərk etməmişdisə, onun və ətrafına toplaşmış bütün klassiklərin ruhunu oxşayacaq bir hücrəni canlandırmaq çətin olsa da müqəddəsdi. Ruhlar üçün zaman yoxdu, onlar hər zaman yaradır, müzakirə aparırlar. Onların işığı heç vaxt əskik olmamalıdır. Günəş görünməyəndə göylərə qalxıb günəşin işığını əks etdirən AY Yerə necə işıq salırsa, AYBƏNİZ xanım da daima müqəddəslərin toplaşdığı bu hücrəyə qəlbən necə bağlanıbsa, eləcə də AY Bənizə çevrilib. Məncə, soruşmağıma heç ehtiyac da yox imiş. Bir qələm adamı kimi klassiklərə görə rahatlıq tapdım. Əfzələddin Xaqaninin də ruhu çox rahat görünürdü mənə. Hücrəsinə daima işıq saçan, oranı canlandıran bir insanın əvəzsiz xidmətlərindən necə razı qalmayıb rahatlıq tapmayasan? Görəsən, Azərbaycanda belə hücrələr neçədir? Əli BƏY AZƏRİ, “Xəzan” jurnalının baş redaktoru
İndi 2023-cü ilin, demək olar ki, son aylarını yaşayırıq. Bizi təzə ildən sadəcə 4 aydan da az bir vaxt ayırır. Bu il hər insan üçün müxtəlif, bəziləri üçün maraqlı, bəziləri üçün gözlənilməz, bəziləri üçün isə sürprizlərlə dolu bir il oldu. Lakin əminliklə deyə bilərəm ki, bu il hamı üçün, ələlxüsus da 50 milyonluq Azərbaycan xalqı üçün ən xüsusi, ən önəmli və ən gözəl illərdən biri oldu. Ona görə ki, bu il Azərbaycanda Ulu Öndərimiz Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə “Heydər Əliyev” ili qeyd edilir. Bu il Ulu Öndərimizin anadan olmasının 100 illiyi olduğu üçün böyük tarixi əhəmiyyət daşıyır və mən inanıram ki, bundan sonrakı yüzilliklər ərzində bu ilin tarixi önəmi daha da qabarıqlaşacaq, daha da artacaq.
Mən də 15 yaşı bu il taman olan 10-cu sinif şagirdi kimi özümdə cəsarət taparaq Ulu Öndərimizin 100 illik yubileyinə onun dühasının ümmanında bir zərrə belə olmayacaq qədər kiçik bir yazını qələmə alaraq Öndərimizin yubileyinə hədiyyə etdim. Sayca 7-ci kitabım olacaq bu kitabımı – “Ulu Öndərin işığında” nı Ulu Öndərimizin işıqlı xatirəsinə və 100 illik yubileyinə həsr etmişəm.
Ümumiyyətlə, yazı yazmağa başladığım və kitablarımı çap etdirdiyim zamanlardan başlayaraq bu günə qədər həmişə Ulu Öndərimiz haqqında kitab yazıb çap etdirmək mənim üçün böyük arzulardan, amallardan biri olub. Elə buna görə də zaman-zaman Ulu Öndərimiz haqqında bir çox şeir və məqalələr qələmə almışam. Bu şeir və məqalələri bu kitabdan oxuya və onlarla daha yaxından tanış ola bilərsiniz. Hətta “Ulu Öndərimiz” adlı şeirimə mahnı da bəstələnmişdir. Gələcəkdə Ulu Öndərimizin xatirəsinə həsr edəcəyim kitabımda yer alması üçün bu şeir və məqalələri toplayır, onları xüsusilə qoruyur və saxlayırdım. Bunlarla işimi yekunlaşdırmır, Heydər Əliyev dühası irsinin daha da dərindən öyrənilməsi yolunda yorulmadan çalışır və özümü Ulu Öndərimizin adına və ucalığına layiq əməllərə daim həsr edirdim. Bunun sübutu kitabda oxuyacağınız şeir və məqalələrin “Hərdən uçmaq istəyirəm”, “Ulu Naxçıvanım” və digər şeir və publisistik səciyyəli kitablarımda çap edilməsidir. Mən hər bir kitabımın Ulu Öndərimizdən, onun irsindən bir hissə daşımasına çalışmışam və buna az da olsa, nail olmuşamsa, özümü xoşbəxtlərin xoşbəxti hiss edirəm.
2023-cü il Azərbaycanımızın və xalqımızın üzünə bir Günəş kimi doğduğu zaman mən öz beynimdə həyəcan təbillərinin çalındığını hiss edirdim. Sanki 2023-cü ilin başladığı o günlərdə özümü zamanla, axıb-gedən həftələrlə, günlərlə, saatlarla, dəqiqələrlə yarışan görürdüm. O vaxtdan Ulu Öndərimizin 100 illiyi münasibətilə daha səmərəli və daha çox işlər görməyi qərarlaşdırdım və artıq zamanla yarışa başladım. Kitabın yazılma prosesi belə başladı.
Dərslərimin və ictimai tədbirlərdə iştirakımın yorğunluğu nəticəsində mən ən çox vaxtı yay aylarında tapa bilmişdim. Ona görə də yay günlərində işimi daha da sürətləndirdim və Ulu Öndərimizin irsinin axtarışına çıxdım. Gənc araşdırmaçı kimi Ulu Öndərimiz və onun gördüyü işlər haqqında, bir sıra insanlara məlum olan təşəbbüsləri haqqında, ailəsi və sevimli ömür-gün yoldaşı Zərifə xanım haqqında araşdırmalar aparmağa başladım. Bu zaman özümə məlum olmayan bir sıra detalları gün üzünə çıxartdım. Ulu Öndərimizin gəncliyindən başlamış hətta sovetlər birliyi dövründə türk xalqlarına olan yüksək diqqəti, xüsusilə də altaylıların dərdini bir qardaş kimi dinləməsi və onlara işlərində kömək etməsi, hətta onlara türk olduqlarını, qardaş olduqlarını xatırlatması və bir sıra bunun kimi təşəbbüslər araşdırmalarım əsasında yenidən oxucuların nəzərinə çatdırdım. Hesab edirəm ki, bu məqalələrin işığında Ulu Öndərimizin türk birliyinə olan sədaqəti və bu yöndə olan təşəbbüsləri bundan sonra da araşdırılacaq və neçə-neçə yeni məqalələr yazılacaqdır.
Ulu Öndərimizin qardaş Türkiyə ilə olan əlaqələri xüsusilə diqqətə və təqdirə layiqdir. Uzaqgörən liderimizin böyük türk siyasətçiləri Rəcəb Tayyib Ərdoğan və Dövlət Baxçalıyla olan görüşləri dünənimizdən bu günümüzə işıq tutur, qəlblərdən-qəlblərə çəkilən Ümid körpüsünü nura boyayır.
Oxucularıma əminliklə deyə bilərəm ki, araşdırmalarımda toxunduğum mövzular və hadisələr tamamilə realdır, Ulu Öndərimizin zaman-zaman çıxışlarında dilə gətirdiyi kəlamlardır və istinadları da tam yerindədir.
Kitabımın Ulu Öndərimizin 100 illik yubileyi və Qarabağda keçirilən lokal antiterror əməliyyatı zamanı Qarabağımızın erməni terrorçularından tamamilə azad olunması, onların təslim olması fonunda da oxucular tərəfindən dəyərləndiriləcəyinə, sevilərək oxunacağına ümid edirəm və bundan əminəm.
Kitabım Ulu Öndərimizin müqəddəs ruhuna, böyük irsinə və göylər qədər əbədi olan ucalığına ərməğan olsun!
Ruhun şad olsun, Ulu Öndərimiz! 50 milyonluq böyük Azərbaycan xalqının və bir ucu Qərbə, bir ucu Şərqə uzanan böyük türk millətinin qəlbində dünya durduqca yaşayacaqsan!