
Yazıçı İsmayıl Qarayevin qızı, tanınmış pedaqoq, böyük müəllim “Şöhrət” ordenli Sona xanım Tağıyevanın, Hərbi Komissar, polkovnik-leytenant, mərhum Salman Tağıyevin bacısı qızı..
Qarayeva Xanım İsmayıl qızı – şair, bəstəkar
Azərbaycan Jurnalistlər Birliyinin (1989) və Azərbaycan Yazıçılar Birliyinin üzvü (1999)
XANIM İSMAYILQIZI 1956-cı il aprel ayının 10-da Bakı şəhərində anadan olmuşdur. Atası əslən Goranboy’dan, anası isə Xızı’dandır. ADU-nun (indiki Bakı Dövlət Universiteti) filologiya fakültəsini bitirmişdir (1979). “Gənclik” Nəşriyyatında korrektor, kiçik redaktor, mühəndis-texnoloq (1972-1984) işləmişdir. Həbəşistanda yaşaması ilə bağlı nəşriyyat işindən ayrılmış, Azərbaycana döndükdən sonra yenidən nəşriyyat sahəsinə qayıtmışdır. ADU-nun nəşriyyatında şöbə müdiri (1987-1989), Azərbaycan Tərcümə Mərkəzində şöbə müdiri, sədr müavini (1989-1995), “Bilik” Maarifçilik Cəmiyyətinin “Bayatı” Sifariş Ədəbiyyatı Mərkəzində direktor müavini (1995-1998), 1998-ci ildən həmin Mərkəzin direktoru işləmişdir.
Xanım İsmayılqızı gənc yaşlarından bədii yaradıcılıqla məşğul olmuş, ilk şeri “Yol” qəzetində dərc olunmuşdur (1991). Qələmini poeziya, publisistika və tərcümə sahəsində sınamışdır. 1979-cu ildən jurnalistlik fəaliyyətinə başlamış, dövrü mətbuatda məqalə, oçerk və esseləri dərc olunmuşdur. AzTV-də və ilk müstəqil telekanal olan BMTİ-də “Dünyam qəfil işıqlansa” adlı müəllif verilişi ilə çıxış etmişdir (1992-1993). “Kimlər keçir bu dünyadan” ilk nəşr olunan kitabıdır (1996). Vasili Şukşinin “İlan zəhəri” adlı əsərini tərcümə etmişdir. Dünya işığından məhrum olan insanların-gözdən əlillərin dünyasından, daxili aləmindən bəhs edən “Ruhun da gözü var” adlı fəlsəfi-publisistik əsəri, Pristavkinin “Qızılı bulud gecələri” və Leonid Andreyevin “İblisin gündəliyi” adlı tərcümə kitabları nəşr üçün təqdim edilib. Şair kimi ilk dəfə bəstəkar Faiq Sücəddinovla əməkdaşlıq etmişdir.
Bəstəkar Faiq Sücəddinovun onun sözlərinə yazdığı “Harda qaldın” mahnısı şair kimi onun vizit vərəqinə çevrildi. Mahnı bəstəçisi kimi ilk işi “Sevgimizi qoruyaq” mahnısıdır (1986). Efirdə ilk səslənən manhısı da məhz “Sevgimizi qoruyaq”dır (1994). Tamara Vəliyevanın “Mənim ağ göyərçinim” pyesinə yazdığı musiqi bəstəkarın ilk iri həcmli əsəridir. 300-dən çox mahnının müəllifidir. Ramiz Rövşən, İsmayıl Qarayev, Vaqif Bayatlı Önər, Vahid Əziz, Nüsrət Kəsəmənli, Çingiz Əlioğlu, D.Aslan, Z.Şahsevənli, Paşa Qəlbinur, Rəşad Məcid, Zakir Fəxri, T.Vəliyeva və başqalarının şeirlərinə musiqi bəstələmişdir. 300-dən çox şerinə Faiq Sücəddinov, Eldar Mansurov, Emin Sabitoğlu, Nadir Əzimov, Səyavuş Kərimi, Aygün Səmədzadə, Novruz Aslanov, Məryam Əlibəyli, Cabbar Musayev və b. bəstəkarlar musiqi bəstələmişdir. Mahnıları İlhamə Quliyeva, Flora Kərimova, Brilliant Dadaşova, Mübariz Tağıyev, Faiq Ağayev, Mətanət İsgəndərli, Nazpəri Dostəliyeva, Ruhəngiz Allahverdiyeva, Zöhrə Abdullayeva, Gülyanaq Məmmədova, Elçin Cəlilov, Sənubər İsgəndərova, Cavan Zeynallı, Rəşad İlyasov, Könül Kərimova, Yusif Mustafayev, Baloğlan Əşrəfov və onlarla gənc müğənnilər tərəfindən ifa olunmuşdur. Dəfələrlə solo konsertləri anşlaqla keçmişdir.
Xanım İsmayılqızı Azərbaycan yazıçısı İsmayıl Qarayevin qızı, tanınmış pedaqoq, böyük müəllim, “Şöhrət” ordenli Sona xanım Tağıyevanın, 1964-1972-ci illərdə Quba, Şirvan (keçmiş Əli Bayramlı) rayon Hərbi Komissarı işləmiş, nüfuzlu şəxsiyyət, polkovnik-leytenant Salman Tağıyevin bacısı qızıdır.
Ailəlidir, oğlu Fərid Əliyev 5 iyul 2014-cü ildə qəfil ürək tutmasından dünyasını dəyişmişdir. Fidan adlı 1 qızı və nəvələri var.
Səhifəmizə əziz və doğma olan, səmimiyyəti, təvazökarlığı ilə hörmət, məhəbbət qazanmış, neçə-neçə ölməz əsərlər müəllifi dəyərli Xanım İsmayılqızını ad günü münasibətilə təbrik edir, möhkəm can sağlığı, yeni yaşınız Sizə gözəl günlər gətirsin, möhkəm can sağlığı, yeni yaradıcılıq uğurları arzulayırıq.
Mənbə və müəllif: Dağlı
Oxuyun >> Gözündə tük var
Zaur Ustacın şeirləri haqqında









































































