www.yazarlar.az tərəfindən yazılmış bütün yazılar

ƏLİ BƏY AZƏRİ – HEKAYƏ

At oğrusu

QƏRİBƏ AT OĞURLUĞU

Hekayə

Qızmar yay günləri bir-birini əvəzlədikcə Qırğıgöz Səməndərin yuxusu ərşə çəkilirdi. Belə istilərin sonu mütləq yağışla müşahidə olunacaqdı. Bircə dəfə, lap elə bircə saatlığa da olsa yağış yağmalıydı, özü də şıdırğı. Dədə-babadan sınaqdan çıxartmışdılar. Zəmidə biçilmiş ot mərəyə daşınmasaydı, qalıb islana bilərdi. Yağış aramsız yağsaydı lap qaraldıb çürüdə də bilərdi, ondan sonra da at getsin, hansı heyvan çürümüş, kiflənmiş, qaralmış ota ağız atacaqdı?

Odur ki, tezdən obaşdan durub üz qoydu qonşu kəndlərə, at, qatır axtarmağa. Kimə üz tutdusa, əli boşa çıxdı. İndi işin qızğın çağıydı, hamı qışa tədarük görürdü, ot, yarpaq daşıyırdı. Kənd yerində kim idi kimə at, qatır verən. Nə olsun ki, ona söz vermişdilər…

Beləcə, Qırğıgöz Səməndər üç gün gəzdi, tanıdığı, sözünün keçəcəyini güman etdiyi yeddi-səkkiz kəndə baş çəkdi, ancaq niyyəti hasil olmadı. Kəndlərindən də xeyli aralanmışdı, bəlkə də otuz-qırx kilometrdən çox olardı. Əli ətəyindən uzun kor-peşman geri qayıdırdı. Bir xeyli yol gəlib yorulmuşdu, necə deyərlər, lap əldən-ayaqdan düşmüşdü, dizlərində taqət qalmamışdı, daha ayaqları da sözünə baxmırdı. Aclıq da bir yandan əhədini kəsirdi, ürəyi uçum-uçum uçunurdu.

Axşamtərəfi olardı. Qarayazı meşəsinin girəcəyində tüstü qalxdığını gördü. “Balam, bu nə tüstü ola bilər? İndi buralarda ferma-zad da qalmayıb, hamısı Gədəbəyin, Şəmşəddinin, Borçalının yaylaqlarına qalxıb”, – deyə fikrindən keçirdi.

Vaxt itirməyib tez özünü yetirdi ora. Nə görsə yaxşıdır?!

Gördü ki, yaşı qırx-qırx beş arası qıvrımsaç, şeşəbığ bir adam ocaq qalayıb, özü də ocaqdan bir az aralıda süfrə açıb oturub nahar eləyir. Atı da ondan bir az aralıda otlayır.

Lap yaxına gəldi, baxdı ki, süfrə, nə süfrə. Kartof, yumurta soyutması, pendir, yanında da təzə göy-göyərtisi; çöl kişnişi, xəzəz, kəvər… Ürəyindən keçdi ki, bir “nuş olsun” deyib özü də süfrəyə əyləşsin. Tez də fikrindən daşındı: “Ey dili qafil, bu adam bura adamı deyil, nabələddir, görünür, gecəni də burda qalacaq, ocağı da qalayıb ki, mığmığalar, ağcaqanadlar, ditdililər gəlib onu yeməsin…”.

– Nuş olsun! – dedi və ucadan, özü də yoğun səslə soruşdu. – Ay adam, kimsən, buralarda nə gəzirsən? 

Adam tez özünü yığışdırdı, elə zənn etdi ki, gələn meşəbəyidir, bir az qorxuya düşdü.

– Nə eləyəcəm? Heç nə. Görürsən ki, çörək yeyirəm. – Nə fikirləşdisə, sözünə bir az ara verib dedi. – Ajdığın var, gəl qonaq ol.

Qırğıgöz Səməndərə də elə bu lazım idi. Tez çöməlib oturdu süfrənin qırağına. Lavaşı götürüb arasını pendirlə doldurdu. Üstünə də göy-göyərti qoyub bürmələdi, dürmək elədi. Basdı ağzına, ovurdlarını şişirdə-şişirdə şirin-şirin çeynəyib uddu. Arxasınca kartof soyutması, onun dalınca da iki yumurta yeyib qarnını bərkitdi. Gözlərinə işıq gəldi.

– Süfrən açıq, ruzin bol olsun! – dedi.

Gözlərini süfrədən qaldırıb aralıda otlayan ata baxdı. “Pərvərdigarə! Sən heç vaxt məni darda qoymamısan, dar macalda olsa da özün imdadıma yetmisən. Şükür yaranışına!”. Ürəyində Tanrıya qabağına çıxartdıqlarına görə dua etdi.

Nəzərlərini bir xeyli atın üzərindən çəkmədi. At, özü də nə at. Kəhər at, min üstünə, düşmə yerə, ancaq çap. Adam heç belə ata yük vurmağa da qıymaz. Bəs neyləməli? Məcburiyyət insanı çox şeyə vadar edir. Gəl indi qismətindən qaç. Tanrı özü qabağına at çıxardıb. At yox e, bəslənmiş köhlən, cilovu da başında. Cilovun ucuna bir kəndir bağlanıb. Kəndir gəlir-gəlir, adamın ayağının yanında yerə basdırılmış dəmir mıxçaya bağlanır.

– Həə, sən heç demədin axı… kimsən? Buralarda nə gəzirsən? – Qırğıgöz Səməndər bir də soruşdu.

– Yol adamıyam, ağrın alım. Varıb o tərəflərə gedəsiyəm. – Əli ilə Qarayazı meşəsinin anrı tərəflərini, dağları, yaylaq yerlərini göstərdi. – Gördüm ki, gecə düşür, dedim elə burda gecələsəm yaxşıdır. Tezdən obaşdan gedərəm. Gecəykən gedib yolu tapammaram. At da ki, xamdır, hürküb eliyər, məni yıxar.

– Ayə, ağrın alım, bəs qorxmursanmı, gecə gəlib atını oğurlayarlar?

Qırğıgöz Səməndərin belə yumşaq, bir az da məlhəm danışığını ciddiliyə almadan zarafat kimi başa düşdü, elə o tərzdə də cavab verdi:

– Atı hörükləmişəm, mıxı da dizimin dibinə basdırmışam. Kim gəlib oğurlayacaq?

– Mənim kimi yoldan keçənin biri…

– Sən də söz dedin də… Gözüm görə-görə hancarı gəlib oğurlaya bilərlər?

– İndi mən göstərim, sən də tamaşa elə. Göstərimmi?

– Göstər görüm. – Bığaltı qımışdı.

– Deməli, oğru ehmal-ehmal gəlir, yaxınlaşıb dizinin dibindən mıxı çıxardır. – Qırğıgöz Səməndər ehmalca durub ona yaxınlaşdı, dartıb mıxı çıxartdı, kəndirdən aralayıb adama uzatdı. – Sən hələ bu mıxı bir tut.

Adam hələ də nə baş verdiyini anlamadan bir uşaq marağıyla Qırğıgöz Səməndərə baxa-baxa mıxı aldı.

– Kəndiri də, bax beləcə dəstələyir. – Kəndiri dəstələyə-dəstələyə atın yanına gəlib yəhərə bağladı.

– Tuxu, tuxu… – deyib atın yalmanına bir-iki dəfə sığal çəkdi.

Sonra ayağını üzəngiyə basıb qalxdı atın belinə. Elə ki, atı mindi, baxıb gördü, adam, əlində mıxca quruyub qalıb yerində.

– Nə quruyub qalmısan? – Ona təpindi. – Bir tərpənsənə, qırışığın açılsın. Əlindəki qamçını da bəri elə görüm, hələ sənin atın necə qaçır. Deyirsən xamdı, köhləndi, nə bilim nədi…

Adam yerdən qalxıb ata yaxınlaşdı. Qamçını ona uzatdı. Qırğıgöz Səməndər qamçını alan kimi ucadan səsləndi:

– Di salamat qal, mən getdim. On gündən sonra gəlib atını Göyyurddan sağ-salamat geri götürərsən.

– Axı heç adınızı da demədiniz… – Adam, sanki yuxudaydı, indi ayıldı.

– Adım Səməndərdi, məni bu mahalda tanımayan yoxdur, kimdən soruşsan, nişan verəcək.

– Səməndər?! Ə kişi, bəlkə o məşhur at oğrusu Qırğıgöz Səməndər sənsən?

– Düz tapmısan, özüdür ki, var. – Tanışlıq verdi.

– Baloyun başına dolanım, ay Səməndər, məni də al tərkinə, burda qoyma, bir də o boyda yolu payi-piyada gəlməyim. – Nə fikirləşdisə, sözünə bir az ara verdi. – Otun varsa, onu da özüm daşıyaram…

Qırğıgöz Səməndər elə-belə ad qazanmamışdı, qənşərə çıxıb gözünü qıyıb baxdımı, bəsdi. Ona gün kimi aydındı, harda mal otlayır, harda at, qatır, harda da heyvan. Gözündən heç nə yayınmazdı. Mahalda onu tanımayan yox idi – məşhur at oğrusuydu. Özü at, eşşək, qatır saxlamazdı. “Nəyimə gərəkdi, artıq xərcdi, on-on beş gün yük daşıtdıracam deyə, il boyu at-qatır bəsdəməliyəm? Lazım olanda birinin atı, eşşəyi ilə daşıyaram”, deyirdi. Oğru olmağına oğruydu, amma başqa oğrular kimi deyildi. İldə ikicə dəfə oğurluğa gedərdi, bir yayda, bir payızda. Özü də gedib yeddi-səkkiz kənd o tərəflərdə at, qatır oğurlayardı ki, yiyəsi soraqlaşa-soraqlaşa gəlib tapana kimi işini görüb qurtarsın. Yayda ot, yarpaq, payızda da odun daşıyardı. Bax, onun oğurluğunun qəribəliyi bundaydı.

Xeyli vaxtdı, oğurluğun daşın atmışdı. Kənd camaatı, elə iki qonşu kəndin kişiləri də özləri razılığa gəlib kişi kimi söz vermişdilər ki, mövsümdə növbə ilə onların at, qatırlarından istifadə etsin. Ancaq nə etməli? Kim öz yükünü saxlayıb atını Qırğıgöz Səməndərə verəcəkdi?

Hərdən də deyirdilər ki, onun işini Allah özü sahmanlayır.

Bu dəfə də belə alındı. Görünür, yenə Tanrı özü rəva bildi, yoxsa bu boyda oğurluq işini düzüb-qoşmaqmı olardı?

Əli bəy Azəri – yazar.

Müəllif: Əli bəy AZƏRİ


YAZARLAR.AZ

===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ>>>>>>

MİN İLİN DOĞMASI – SEYRAN SƏXAVƏT

Seyran Səxavət – 75

Min İlin Doğması…

Söz halallıqdır. Söz dəyərdir… Söz hikmətdir… Bu gün ilahidən gələn hikmətin – Sözünün  halallığını ən uca dəyər kimi qoruya bilən və öz şəxsində dəyər anlayışını bütövləşdirən Seyran Səxavət müdriklik nərdivanının 75-ci məqamından yaşadıqlarına nəzər salır. Zirvədən yaşananlara boylananda geridə işıqlı bir cığır açmağı, şərəfli bir yol salmağı adamın bərqərar olduğu məqamı bir az da ucaldır. Düşünürsən ki, bütün maddi yoxluqlara, mənəvi əngəllərə rəğmən alın açıqlığı ilə bu uzunluqda yol qət eləyə bilmişəmsə, demək ki, yaşamağa dəyər… Və bu gün o yolun enişini, yoxuşunu, çalasını, çökəyini, cəfasını, səfasını xatırlayanda vicdanın başının altındakı qu tükündən balış kimi Səni dinləndirir, ruhuna rahatlıq gətirirsə, demək ki, yaşananlara da dəyər.

On il öncə doktoranturaya qəbul olanda Seyran Səxavətin yaradıcılığı mövzusunda araşdırma aparacağımı qarşıma məqsəd qoyub uzun bir yola çıxmışdım. Seyran müəllimin yaşadığı ünvanı, işlədiyi yeri bilsəm də, böyük yazıçı ilə qarşılaşmağa özümdə cəsarət tapa  bilmirdim, hər dəfə öz – özümə düşünürdüm ki, daha çox oxumalıyam və daha hazırlıqlı olmalıyam. Özümü bu görüş üçün bilik və düşüncə anlamında hazır hiss edə bilmirdim.

Söz vaxtına çəkər… 2012-ci ilin bu günkü günü –  çərşənbə axşamı idi. Həyat yoldaşım dedi ki, bizim Elşad – Elşad Ərşadoğlu zəng edib Seyran Səxavətlə bu axşam bizə gələcəklər. Sevincimin hüdudu yox idi. Bu günəcən əsərlərini, ruhunu oxuduğum sevimli yazıçımla ilk dəfə əyani görüşəcəkdik. Həmin axşam Seyran müəllim bizə pay gətirdiyi bayram sovqatının içində bir təndir çörəyi və duz vardı. İlk dəfə idi ki, kimsə qonaq gələndə bizə duz – çörək alıb gətirdiyini görürdüm. Biz həmin axşam bir süfrə başında duz – çörək kəsdik…Uzun və müqəddəs bir yola çıxdıq…

Bu illər ərzində hər addımımda mənəvi atam kimi sığalını başımda hiss elədim, Seyran müəllimi sadəcə böyük yazıçı kimi yox, Sözü boyda Adam olduğunu gördüm, bu on ildə mənim dünyamda Min ilin Doğmasına çevrildi Seyran Səxavət…

Gecəmi gündüzümə qatıb oxudum, araşdırdım, yazdım, çap olundum və müdafiə etdim… Bu yazdığım mənim üçün adicə dissertasiya, Seyran Səxavət mənim üçün mövzu, opponentim professor Asif Rüstəmlinin dediyi kimi, tədqiqat obyekti deyildi. Çünki sadəcə kitabxanalarda kar – kağızla əlləşib bu işi ortaya qoymadım. Düz beş il ruhumda, bətnimdə, mənəvi dünyamda yoğurub dünyaya gətirdim bu əsəri. İndi ürəklə deyə bilirəm ki, Seyran Səxavət mənim ilk övladımdı… Yuxusuz gecələrimin zəhməti, alnımın təri, gözlərimin nuru, barmaqlarımın qabarı – halalca əməyimlə böyütdüyüm ilk balamdı Seyran Səxavət…

Yenə həmin gecəyə – ilk görüşdüyümüz çərşənbə axşamına qayıdıram… “Yüz ilin kişisi”, “Bir stəkan hava”, “Ocaq daşı”, “Gözü işığa düşən adam”, “Qapıların o üzündə qalan dünya”, “Hamı elə bilirdi”, “Çayçı Rəşid”, “Alça çiçəyi”, “Toy havası”, “Qızıl teşt”, “Sanatoriya”, “Ağrı”, Boynu əyri kişi”, “İt intervüsü”, “Cəhənnəm”, “Gün ağladılar”,  “Qatil”, “Haram pul”,  “Daş evlər”, “Dar köynək”, “Palıd toxumu”, “Nekroloq”, “Yəhudi əlifbası”, “Bəhanə”, “Qaçhaqaç” kimi əsərləri oxuyanda düşünmüşdüm ki, bu adam ürəyində deyiləsi olan nəyi varsa, deyib, deyə bilib, deməyi bacarıb… Həmin gecə bizim evimizdəki bayram süfrəsinin başında səhər sübhəcən elədiyimiz söhbətlərdən anladım ki, Seyran Səxavətin sözlə ruhundan qopara bilmədiyi ağrıları da var – varlığını didib-parçalan ruhani ağrıları… “Mirzə Hüseyn” segahı oxuya-oxuya o ruhani ağrılarını gözlərindən axıtdı Seyran Səxavət…

Tonqal yandırdığımız bir bahar axşamı üşüdüm – ilikləriməcən üşüdüm… Deyəndə ki, nə qədər ki, Qarabağ torpağı erməni işğalı altındadı, kim özünü kişi hesab edir, etsin – mən özümü kişi hesab eləmirəm, kişilikdən istefa vermişəm.

Ruhun əzabını heç bir romana köçürmək olmur, Ustad! – dedim ürəyimdə. Amma özünə heç nə deyə bilmədim. Qıymadım…

Elə o günü ilk görüşün sevinci qarışıq Vətənsizlik ağrısıyla illərdi, ürəyimdə daşıdım…

Şükür bu günə… Vətənin daşı-daş üstdə qalmasa da, xarabalığına şükür… Qulu Ağsəs demiş, Şükür külünə… Şükür qayıdış gününə…

Dədəm, Gözün aydın olsun!  Bir gün nisgillə deyirdin ki, Şuşanın  ucalığından baxanda Təbriz, Dəmirqapı Dərbənd, Borçalı çökəyi və İrəvan görünürdü – bu gün isə, Şuşanın özünü görə bilmirik.

Şükür bu günə… Bu gün 75 mərtəbəli ömrün ucalığından baxanda Şuşan, Cəbrayılın, Kəlbəcərin, Xankəndin, Laçının, Qubadlın, Füzulin, – Vətənin görünür… Yurd yerin görünür… Xatirələrinə bələndiyin uşaqlığın görünür… Ata ocağın görünür, Ustad!

Və üfüqdə Günəş görünür… Bir gün yurdunda – doğma ocağında – ata evinin həyətində o Günəşin istisinə qızınacağın ümidi və diləyiylə… Sənə can sağlığı arzulayıram! Doğum günün mübarək, Ustad! 

Xəyalə Zərrabqızı – alim, yazar.



Müəllif: Xəyalə ZƏRRABQIZI

filologiya üzrə fəlsəfə doktoru.



YAZARLAR.AZ

===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ>>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

SƏRVƏR MƏSUM – DEDİLƏR

Sərvər Məsum – şair.

DEDİLƏR

Hər bir işdə mənə naşı dedilər,
Niyə çıxmır gözün yaşı dedilər,
Dərdlərini dağa daşı dedilər,
Gecələri dərd daşıdım arandan.
* * *
Hər addımda mənə tələ qurdular,
Yol dəyişdim məndən öndə durdular,
Harda gəldi , necə gəldi vurdular,
Mədəd umdum hər başımı yarandan.
* * *
Bilmədilər bu dünyadan keçmişəm,
Kəfənimi öz əlimlə biçmişəm,
Mən ruhumla haqq dərgaha köçmüşəm,
Yapışmışam O Tanrıdan , Qurandan.
* * *
Köçüb getdim şaman kimi , qam kimi,
Laməkanı dolaşıram qan kimi,
Bu dünyada qaldım cəsəd , can kimi,
Göy üzünə əbədilik varandan.
Müəllif: Sərvər Məsum


YAZARLAR.AZ

===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ>>>>>>

ADİL CƏFAKEŞİN AD GÜNÜDÜR!

Adil Cəfakeş – aşıq, sazbənd, müəllim, şair.

Bu gün dəyərli ziyalımız, ustad aşıq , şair, müəllim, sazbənd bir sözlə əsl el sənətkarı, gözəl insan Adil Cefakes in doğum günüdür! Ad günü münasibətilə Adil müəllimi təbrik edir, Uca Yaradandan uzun və sağlıqlı bir ömür, yeni-yeni yaradıcılıq uğurları arzulayırıq! Uğurlarınız bol olsun, Adil müəllim !!!



YAZARLAR.AZ

===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ>>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Osloda Nəriman Həsənzadə və Baba Vəziroğlu ilə görüş

Osloda Nəriman Həsənzadə və Baba Vəziroğlu ilə görüş

Osloda Nəriman Həsənzadə və Baba Vəziroğlu ilə görüş

Osloda Həftəsonu Məktəbimizdə -“Mənim dilim-Ana dilim” layihəsinin qonaqları xalq şairi,istiqlal və şərəf ordeni ilə təltif olunmuş,hər birimizin çox böyük sevgi ilə şeirlərini dinlədiyimiz Nəriman Həsənzadə və əməkdər incəsənət xadimi, şöhrət ordeni ilə təltif edilmiş ,nəğməkar,sevilən şair və gözəl insan Baba Vəziroğlu olub. Qeyd edək ki, görüş çox maraqlı keçib belə ki, tanınmış və sevilən şairlərimizin ifasında,biri- birindən mənalı,vətənpərvər  ruhlu ,gözəl şeirlər səslənib və Ana dili haqqında fikir mübadiləsi olub.

Xalq şairi Nəriman Həsənzadənin 90 illik yubileyi münasibəti ilə şagirdlərimiz,müəllimə,valideyn və qonaqlarımız onu təbrik edib və şairin Azərbaycan poeziya tarixində  əvəzolunmaz rolu olduğunu bildiriblər. Yazdığı hər bir şeirdə  zəngin bədii üslubla yanaşı,  Ana dilini düzgün və  səlist bir formada oxuculara təqdim edən  N.Həsənzadə yaradıcılığı hər zaman sevilib və seviləcəkdir. Nəriman Həsənzadənin şeirlərinin  ölkəmizin hüdudlarından kənarda  sevilməsinin əsas  səbəbi şairin  dilinin axıcılığı,sadəliyi və seçdiyi mövzuların oxucuların  qəlbinə yaxın olmasıdır.  Şairin şeirlərinin Norveçdə də sevilməsinin əsas səbəbi  Nəriman müəllimin şəxsiyyətindəki səmimiliyin onun yaradıcılığına təzahürüdür. N.Həsənzadə görüşdə  çox sevilən «Nərdivan» şeirini və «Nuru Paşa» poemasından  bir hissəsini  və başqa bir sıra şeirlərini şagirdlərimiz üçün səsləndirib və  dünyanın hər bir yerində Ana dilinin  öyrənilməsinin, uşaqların vətənpərvərlik ruhunda tərbiyə olunmasının vacibliyini vurğulayıb.

Nəğməkar şair Baba Vəziroğluda görüşümüzə qatılıb  və   Osloda  Ana dili məktəbinin fəaliyyətinin diqqətəlayiq olduğunu bildirib. Nəriman Həsənzadə ilə birlikdə görüşdə olduğundan məmnun qalan B.Vəziroğlu yaradıcılığında Nəriman müəllimdən bəhrələndiyini bildirib. B.Vəziroğlu  yaradıcı insanların  əsas həyat amalının yazıb yaratmaq və oxuculara dəyərli ədəbi əsərlər təqdim etmək olduğunu bildirib və görüşdə  hər birimizn sevə-sevə dinlədiyimiz  «Heç nə istəmirəm», « Ömrün fəsilləri», « Xatirədir» şeirlərini səsləndirib. B. Vəziroğlunun şeirlərindəki düzgün söz, ifadə və obraz seçimi şairin yaradıcılığını sərhədsiz edir və dünyanın hər yerində sevilir.

Məktəbimizin Ana dili müəlliməsi Arzu Rzayeva yaradıcılıqlarına vurğun olduğu Nəriman  Həsənzadə və Baba Vəziroğlu ilə  görüşün  şagirdlərimiz üçün  çox dəyərli olduğunu bildirib. A.Rzayeva qeyd edib ki, hər iki şairin yaradıcılığındakı vətən,ana və dil sevgisi  şagirdlərimizi ana dilimizlə yanaş, ədəbi dilimizidə öyrənməyə həvəsləndirəcəkdir.

 Şagirdlərimiz dəyərli şairlərimizdən ilham alaraq şeirlər söyləyib və qonaqlarımıza suallar veriblər.

 Qeyd edək ki, Yevlax rayonu Nizami Gəncəvi adına  Malbinəsi tam orta məktəbindən  görüşə qoşulmuş ibtidai sinif müəlliməsi İnarə Cəfərovanın və onun şagirdləri Aylan Süleymanlının və İnci Əliyevanın maraqlı çıxışları və söylədiyi  şeirlər  tədbir işritakçıları və şagirdlərimiz  tərəfindən maraqla qarşılanıb.


Müəllif: Günay ƏLİYEVA


YAZARLAR.AZ

===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ>>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

YAZARLAR TƏLTİF OLUNDU

Məzahir İsgəndərin kitabı.

Ədəbi cameəyə artıq kifayət qədər tanış olan bir imza, aktual mövzuları əhatə edən dəyərli şeirlər müəllifi Məzahir İsgəndərin “Gözün sirridir göz yaşı” adlı yeni ktabı Arzu xanım Heydərovanın redaktəsi və Sveta Bünyad qızı Bünyadövanın maddi dəstəyi ilə işıq üzü görmüşdür. Bu münasibətlə YAZARLAR olaraq, ənənəyə sadiq qalır və müəllifi, eyni zamanda bu xeyirxah işdə əməyi olan xanımları “Ziyadar” Mükafatı ilə təltif edirik. Təltif olunanların SİYAHISI:

  1. SVETA BÜNYADOVA N: 061 13.03.2021. – BAKI.
  2. ARZU HEYDƏROVA N: 062 13.03.2021. – BAKI.
  3. MƏZAHİR İSGƏNDƏR N: 063 13.03.2021. – BAKI.

DOĞRULAMA LİNGİ:LAUREATLAR

Mükafatçıları bir daha təbrik edir və yeni-yeni yaradıcılıq uğurları arzu edirik!!! Uğurlarınız bol olsun!!!


YAZARLAR.AZ

===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ>>>>>>

MƏMMƏD QƏDİRİN AD GÜNÜDÜR!

Məmməd Qədir – şair.

Bu gün dəyərli söz adamı, sevgi şairi kimi tanıdığımız, hər sözünün mayası insana, gözəlliyə eşqdən yoğrulan, qayəsi bütün mövcudata məhəbbətdən ibarət olan sevimli şairimiz Məmməd Qədirin ad günüdür! Ad günü münasibəti ilə Məmməd müəllimi təbrik edir, Böyük Allahdan uzun, sağlıqlı bir ömür və yeni-yeni yaradıcılıq uğurları arzu edirik!!! Uğurlarınız bol olsun, Məmməd müəllim!!!


Tərtibçi:
 Zaur USTAC

YAZARLAR.AZ
===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ>>>>>>

DİLÇİ- YAZIÇI DİSKURSU

Filologiya elmləri doktoru, Professor İsmayıl Kazımov və yazıçı Sadıq Qarayev.


DİLÇİ- YAZIÇI DİSKURSU

Sual: filologiya elmləri doktoru, Professor İsmayıl Kazımov.

Cavab: alim – yazıçı Sadıq Qarayev.
1. Bir yazıçı kimi əsərlərinizin dili üzərində necə işləyirsiniz?
– Xüsusi işləmirəm. Çalışıram ki, yabanı, mübahisəli bildiyim söz və terminlərdən istifadə etməyim.
2. Dilin gözəlliyi bədii əsərdə necə hiss edilməlidir?
– Sadə, xalqın çoxluğunun başa düşə biləcəyi sözlər, qısa cümlələrdə çox və aydın başa düşüləsi fikirlər öz əksini tapmalıdır.
3. Fikir və düşüncələrinizin daha təsirli ifadə edilməsi üçün hansı dil və nitq hissələrindən istifadə edirsiniz?
– Atalar sözlərindən, fikrə uyğun nitq hissələrindən.
4. Yazdığınız əsərlərdə dil faktı, dil hadisəsi və dili inkişaf etdirmək bacarığı necədir?
– Oxucular, xüsusilə dilçi alimlər və tənqidçilər bu suala daha dolğun cavab verə bilərlər. Məncə hər bir orta səviyyəli yazıçı dili az- çox inkişaf etdirir. Onu deyim ki, zənnimcə müəllifi olduğum romanları eyni məzmunda, digər xalqların yazıçıları yazsaydı, daha zəif olardı. Bu elə bizim dilimizin mükəmməl mahiyyət faktıdır.
5. ” Bədii dil fenomeni” ifadəsini necə başa düşürsünüz?
– Hər bir xalqın ədəbiyyatında , zamanı aşa bilən dəyərlərində dil fenomeni əsasında yazıçının idrak və təfəkkürünun vəhdətindən bədii dil mahiyyəti yaranır. Müəllifin və əsərin bədii gücünün nüvəsini təşkil edir.
6. Bədii mətni quranda hansı vasitələr köməyinizə çatır?
– Müxtəlif elm sahəsi üzrə, xüsusilə riyaziyyat, biologiya, fizika və kimya elm sahələri üzrə biliklər. Real gördüyüm hadisələr, eşidib, oxuduqların. Ən çox düşüncə və fantaziyalarım. Fikir kəndirinin uclarını tərpədəndə, sözlərin ardıcıl, dalğavari rəqsləri alınır. Və ya əksinə.
7.Qurduğunuz mətnlərdə intonasiya dinamikdir, ritmikdir, necə etmisiniz, bu uğurun əldə edilməsində?
– Xüsusi nəsə etməmişəm.İlham pərisi, həvəs və s. kimi fikirlərə inanmıram. Bu cür alınırsa, məntiqə borcluyam. Bir də, həmişə ciddi nəsə yazmağa başlayanda ALLAHDAN yeni fikir, ideya istəmişəm. Atamın dediyi “yazanda, danışanda çeynənmiş sözlərdən istifadə etmə. Gün dəyməmiş fikir, söz de, ya da sus”- nəsihəti köməyimə gəlir.
8. Tanınmış yazıçı kimi dilimizə münasibətiniz.
– Dilimiz qəhrəmandır. Dilimiz həqiqət, elm yüklü, üfüqləri geniş, zirvələri uca, mənası dərin, səmavi dildir. Çox uzatmaycam, sadəcə olaraq, əsrlər boyu imperiya dillərinə nəinki qalib gəlmiş, əriməmiş, əksinə, onlara təsir etmişdir. Güclü hücumlara məruz qalsa da, tənəzzül etməmiş, təkamül etmişdir. Bu gün də qloballaşmanın nəhəng dalğaları yaxın tarixdə bir çox dilləri aşındıracaq, qəti əminəm ki, dilimizə zərər verə bilməyəcək. Bilirsiniz niyə? Dil millətin öz mahiyyətindən ucalan şölədir. O ocaq yanırsa, milli kimlik yaşayırsa, dil də yaşaycaq. Əksinə, dil yaşayırsa, milli kimlik yaşayır. Bunlar dalğavari prosesdirlər, bir- birlərini doğrurlar. Dilimiz elə anamız, Azərbaycanımızdır.
9. Bədii informasiyanıın ötürülməsi və dilin bədii modellərinin yaradılması prosesində müəyyən çətinliklərlə üzləşmisinizmi?
– Xeyir. Məncə heç bir xalqın yazıçısı bu çətinliklə üzləşməz. Sən nə qədər dahi, kəşkaşani olmalısan ki, düşüncələrini ifadə etmək üçün bir millətin əsrlərə yaratdığı dil aciz olsun? Bu absurddur. Tarixdə məncə buna yeganə misal Quranın mətnindəki ərəb dili ilə o vaxta qədərki ərəb dili arasındakı fərqi göstərmək olar. Yəni , adi ərəb dili bu mahiyyəti tam aça bilmirdi. Yerdə qalan istənilən yazıçının fikirini onun ana dili ifadə edə bilər. Bilmirsə, demək dil özü bundan imtina edir, istəmir))
10. Həqiqi proza ( nəsr) poeziyadır. Sizin romanlarınızda bu- açıq aydın hiss edilir.
– Belədirsə, sevinərəm. Həm də həqiqi poeziya nəsr olmalıdır. Yəni bir aydın süjet xətti, məntiqi olmalıdır. Biletdən başlayıb, baletdə bitməməlidir .
11. Hər dövrün öz tənqidçiləri olur. Öncə tənqidçilər öz milli ruhu, mübarizlik və döyüşkənliyi ilə gələcəyə, necə deyərlər, yol açmışlar, iz qoymuşlar. İndiki tənqidçilər necə?
– O dövrün tənqidçilərinin yazılarını oxumamışam. İxtisasım biologiyadır. Siz deyirsinizsə, inanıram ki, belə olub. Sizin bu suallara da çətinliklə cavab yazdım. Bilirəm cavablarda qüsurlarım çoxdur, Siz, alimlər, yazarlar, oxucular üzürlü saysınlar. İndiki tənqidçilərdən çox azını tanıyıram. Və yazılarını az oxumuşam, onlar haqqında nəsə söz demək üçün, lazımdır ki, nə yazdıqlarını, demək istədiklərini ardıcıl, ciddi oxuyaq.
12.03.2021.



Tərtibçi:
 Zaur USTAC

YAZARLAR.AZ
===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ>>>>>>

ƏJDƏR ƏLİZADƏ – BİZ…

Əjdər Əlizadə – şair.

Qurban olum, ayrılmayaq belə biz…
(4+4+3 bölgüsü ilə)
Gəl səninlə dönək ötən anlara,
Eşqimizi bəyan edək elə biz.
Açıq gözlə bir qovuşaq danlara,
Birgə coşaq, bənzər olaq selə biz…
* * *
Seyr edərdik gül-çiçəkli dağları,
Cüt gəzərdik bağçaları, bağları.
O mənalı, o duyğulu çağları,
Axı nədən gətirməyək dilə biz…
* * *
Çılğın sevgi hiss edirəm sözündə,
Gözüm qalıb o can alan gözündə.
İnsaflı ol, bir yada sal özün də,
O günləri necə verək yelə biz?..
* * *
Heç sormadın, bu Əjdərin dərdi nə,
Paxıllarım yollarıma sərdi nə?..
Razı olma, xeyir susa, şər dinə,
Qurban olum, ayrılmayaq belə biz…
13.03.2021.
Müəllif: Əjdər Əlizadə


YAZARLAR.AZ

===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ>>>>>>

QURBAN BAYRAMOV – 70

QURBAN BAYRAMOV – 70

QURBAN BAYRAMOV – 70

Ədəbiyyatşünas Qurban Bayramovun 70 illiyi qeyd edilib

Ötən gün Azərbaycan Yazıçılar Birliyinin (AYB) “Natəvan” klubunda tanınmış ədəbiyyatşünas və tənqidçi Qurban Bayramovun 70 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.

Tədbiri professor Şirindil Alışanlı açaraq tənqidçinin həyat və yaradıcılığından danışıb:

“Qurban müəllim təxminən 45 illik elmi yaradıcılığı ilə Azərbaycan ədəbiyyatı və tənqidi üçün çox böyük işlər görüb. Onun Səməd Vurğun, İlyas Əfəndiyev, Yaşar Qarayev, Əli İldırımoğlu haqda monoqrafiyaları çap olunub, onlarca məqaləsi dərc edilib”.

Folklor İnstitutunun direktoru Muxtar Kazımoğlu yubilyarın yaradıcılığının əsas özəlliklərini vurğulayıb: “Qurban müəllimin şəxsiyyəti ilə onun alimliyi arasında bir vəhdət var. Bu çox böyük məziyyətdir. Onun ədəbiyyatımızın istər yaşlı, istər orta, istərsə də gənc nəsli haqqında yazdıqlarında həyatsevərlik əsas amillərdən biridir. Bir çox yazısı ədəbiyyatda tarixiliklə bağlıdır. Son dərəcə mürəkkəb, qəliz və həlli müşkül olan ədəbi məsələlərə müraciət edən və bunları işıqlandıran Qurban müəllim bir növ həll yolları tapır, onları bizlər üçün aydınlaşdırır. O, ədəbi prosesə əvvəldən- axıra qədər sadiq qalan ədəbiyyatçılarımızdandır. Yaradıcılığı ələlxüsus vətəndaşlıq ədəbiyyatı və poeziyası ilə seçilir”.

Şair Ənvər Əhməd yubilyarı “üstün şəxsiyyətli ədəbiyyatşünas” adlandırıb: “Qurban duyaraq yazır. Onun qəlbində bir ədəbi qaynarlıq var. Yaxşı ədəbiyyatşünas olmaqla yanaşı həm də şəxsiyyət olaraq gözəl, istiqanlı bir insandır”.

Professor Qəzənfər Kazımov tənqidçinin yaradıcılıq fəaliyyətini yüksək qiymətləndirib: “Qurban çox məhsuldar, fəal tənqidçidir. Onun yaradıcılığının ən üstün cəhətlərindən biri odur ki, gənclərə, əli təzə qələm tutan yazarlara diqqət ayırır”.

Professor Nizaməddin Şəmsizadə, Nizami adına Ədəbiyyat İnstitutunun şöbə müdiri Asif Rüstəmli, şairlər Əli Rza Xələfli, Ramiz Məmmədzadə, dramaturq Firuz Mustafa və başqaları da çıxış edərək Q. Bayramovun həyat və yaradıcılığı ilə bağlı düşüncələrini bölüşüblər.

Azərbaycan Yazıçılar Birliyinin (AYB) “Natəvan” klubu

Sonda yubilyar çıxış edərək tədbir iştirakçılarına minnətdarlığını bildirib.

Müəllif: Müşfiq ŞÜKÜRLÜ

MÜŞFİQ ŞÜKÜRLÜNÜN DİGƏR YAZILARI

İllkin mənbə: 525.az

Tərtibçi: Zaur USTAC

YAZARLAR.AZ
===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ>>>>>>