Ədəbi mühitdə yeni ədəbi hadisə baş verib. “Xarı bülbül” adlı bədii-publisistik jurnalın ilk nömrəsi çapdan çıxıb. Bu barədə ictimaiyyəti jurnalın yaradıcısı şair Ziyadxan Budaq özü məlumatlandırıb. Jurnalın yaranmasının ədəbi hadisə adlandırılması normal haldır. Son iyirmi ildə Azərbaycan ədəbi mühitində baş verən hadisələri müntəzəm izləyən bir adam kimi bunu qeyd edirəm. Ziyadxan Budaq qabaqcıl təhsil işçisi kimi də cəmiyyətə tanışdır. Samballı poemalar müəllifidir. Ədəbi proseslərdə fəal iştirak edir. Yaradıcılığı məhsuldardır. Sözsüz ki, bu addımı atmaqda ədəbiyyata daha yaxından xidmət göstərməyə çalışacaq. Jurnalın ilk nömrəsində kifayət qədər istedadlı imzaların əsərlərini daxil edib. Eyni zamanda Ziyadxan Budaq özü də daxil olmaqla həmin istedadlı imzaların ədəbi tənqiddən kənarda qaldıqlarını da qeyd etməmək mümkünsüzdür. Bəlkə, Ziyadxan Budaq bu imzaları seçməklə onları ədəbi tənqidin nəzərinə çatdırmağa çalışır? Özü bunu belə qeyd edir: “Jurnalımızın ilk nömrəsində Azərbaycan oxucusuna imzaları yaxşı tanış olan qüdrətli qələm adamlarının şeir, hekayə və publisistik yazıları təqdim olunmuşdur”. Səbəb və məqsədini göstərməmişdir. Son iyirmi ildə ədəbi mühitin inkişaf mənzərəsində müxtəlif jurnallar yaradılıb. Onlardan sonuncu yaranan və davamlı fəaliyyət göstərən “Yurd” (yaradıcısı Balayar Sadiq), “Xəzan” (yaradıcısı Əli bəy Azəri), “Yazarlar” (yaradıcısı Zaur Ustac) və “Ədəbi Ovqat” (yaradıcısı Rəfail Tağızadə) jurnallarıdır ki, davamlı olaraq fəaliyyət göstərirlər. Onlarla “ölü doğulan” jurnallar olub. Bir-iki nömrə çıxandan sonra fəaliyyətini dayandıranlar, çox güman ki, başqa zərurətdən və məqsədlə yaradılmışlardır. Yeni jurnalın yaranması ədəbi proseslərdə təkcə imzaların deyil, həm də ədəbi jurnalların cəngindən xəbər verir. Bu da Azərbaycan ədəbi mühitinin güllü-gülüstana bənzədiyini xatırladır. “Xarı bülbül” adı, məncə, təsadüfən seçilməyib. Ziyadxan Budaq kimi söz sərrafı musiqi beşiyi Şuşanın adı ilə yanaşı ədəbi rəmz kimi səslənən “Xarı bülbül”ün varlığından yaxşı məlumatlıdır. Yeni jurnalımızın qədəmləri uğurlu olsun! 05.10.2025, Bakı şəhəri
JEST (“Qısa hekayələr” silsiləsindən) Bu yad şəhərə onlar ilk dəfə idi ki, gəlmişdilər. İşlərini gündüz başa çatdırıb həmişə olduğu kimi axşamüstü yenə qaldıqları mehmanxananın birinci mərtəbəsindəki yeməkxanaya endilər. Onlar dörd nəfər idi. Bu kiçik dəstəyə “komandir” deyə müraciət etdikləri Rafael adlı iricüssəli, yumrusifət, qıvrımsaç həmkarları “başçılıq” edirdi. Yemək sifariş verdilər. Yaxınlıqdakı stolun arxasında ortayaşlı, arıq, saçlarına dən düşmüş bir xanım əyləşmişdi. Onun əynində nimdaş don vardı. Çox güman ki, qadın bu tərəflərdə yaşayırdı. Çünki onlar buraya gələndən bəri hər gün görürdülər ki, bu xanım axşamlar eyni bir stolun arxasında əyləşir və başının işarəsi ilə yeməkxana işçiləri ilə görüşürdü. Özü də elə ilk baxışdan qaradinməz adama oxşayırdı. Stollar yaxın olduğu üçün süfrənin üstündə olan yeməklər aydın görünürdü. Həmişəki kimi qadının qarşısında yenə iki dilim çörək parçası, yarım boşqab xörək, bir də dərman qabına oxşayan kiçik şüşə vardı. O, bozumtul, toxunma çantasını çiynindən asmışdı. Qadının sifətində qəribə bir qədimlik vardı. Sanki o, hansısa muzeyi elə indicə tərk edib yeməkxanaya gəlmiş solğun ekspontalarından biri idi. Qadının özü ilə bozumtul çantası arasında izahı çətin olan bir oxşarlıq hiss olunurdu. Yeməkarası dostlardan biri Rafaelə üz tutub dedi: -“Komandir”, gəlsənə o qonşuluqdakı xanımın stolu üçün düz-əməlli bir yemək sifariş verək. Bu da bir jestdi də… Hiss olunur ki, ehtiyacı olan adamdır… Digər dostlar da söhbətə qarışdılar. Hamı ümumi bir razılığa gəldi. Bəs necə, yad şəhərdə onlar öz milli qonaqpərvərliklərini göstərməli idilər, ya yox? Xorəkpaylayanı dəvət edib onu məsələdən agah etdilər. Rafael dedi: -Amma elə et ki, xanım onun stoluna gələn yemək-içməyin kim tərəfindən göndərildiyini bilməsin. Xeyli təəccüblənmiş xörəkpaylayan az sonra əlindəki dolu qabla xanıma yaxınlaşdı. Qadının üz-güzündə heyrətdən yaranan cizgiləri heç bir rəssam çəkə bilməzdi. O, xorəkpaylayandan nəsə soruşdu. Arada xörəkpaylayan yenə bir-iki dəfə qadının stoluna yaxınlaşıb nəsə gətirdi. Rafael və onun “komandası” sakitcə, heç nədən xəbərləri yoxmuş kimi, başlarını aşağı salıb xörəklərini yeyirdilər. Sonra onlar işarə ilə xörəkpaylayanı stola dəvət etdilər. Rafael məmnun halda gülümsəyərək dedi: -Zəhmət olmasa, bizim hesabımızı deyin. Təbii ki, qonşu stoldakı o xanımın hesabını da biz ödəyəcəyik. Xörəkpaylayan bir qədər tutularaq, dili topuq çala-çala astadan dedi: -Cənablar, bilirsiz nə var? Artıq sizin yeməyinizin hesabını həmin xanım ödəyib… Düzü, mən sifarişin hansı stoldan gəldiyini ona deməmişdim. Zənnimcə o, bunu özü müəyyən etdi. Və hesabı ödədi… Bax belə… Yad şəhərin qonaqları nə qədər israr etsələr də, ödəniş edə bilmədilər. Nə etmək olardı? Artıq hesab çatmışdı. Hamısı pərt idi. Sanki gözləmədikləri yerdən qəfil zərbə almışdılar. Artıq qonşu stolun arxası boş idi. Onlar xörəkpaylayanla mübahisə edən, haqq-hesab çürüdən zaman “muzeydən gəlmiş eksponat”, yəni solğun bənizlı qadın çıxıb getmişdi. Rafael əllərini qıvrım saçlarına çəkib zorla gülümsəməyə çalışaraq “komandasına” üz tutub dedi: -Hə, bu da bizim “jestimizin” gözlənilməz sonu…
Tanınmış yazıçı Nigar Səttarzadənin “Əsərimi yazıram” layihəsi uğurla davam etdir. “Əsərimi yazıram” layihəsi çərçivəsində gənc yazıçılar Bahar Bəxtiyarqızının və Mehriban Məmmədovanın yeni kitabıları işıq üzü görüb. Təşəkkürlər, Nigar Səttarzadə! Uğurlarınız bol olsun! Fotolar (05.10.2025, Bakı şəhəri, Bakı Ekspo Mərkəzi (ing. Baku Expo Center)):
Tanınmış yazıçı Nigar Səttarzadə layihənin uğurlu icrası və bədii yaradıcılıq sahəsində qazandığı ardıcıl uğurlarına görə “Fəxri yazar” mükafatı ilə təltif olunub.
Mukafatı bu gün – imza günündə “Yazarlar” jurnalının baş redaktoru ZAUR USTAC şəxsən özü təqdim edib:
YAZARLAR olaraq başda Nigar xanım olmaqla bütün yaradıcı heyəti təbrik edir, qarşıdakı bütün həyat və fəaliyyətində yeni-yeni nailiyyətlər arzulayırıq!
Fırlanır dəyirman daşı Baxıram, başım fırlanır. Fırlanır dünya başıma Torpağım, daşım fırlanır. Saçı-saqqalı ağarmış Sığal çəkmə alt daşına, üst daşına. Un ələnmir üst-başına. Dənsiz dəyirman daşları qəm ələyir, Dərd üyüdür ömrün qışına. Bu çərxi-dövran daşları Dəyir, bir-birinə dəyir. Dənsiz dəyirman daşları Yeyir, bir-birini yeyir. Acıdı dəyirman daşları Dən gözləyir əvvəl-axır. Tanrı dinmir,Tanrı susub Çörəyimiz daşdan çıxır.
ATAMIN AYAQLARI
Hara getdim dara düşdüm Atamın ayaqları süründü arxamca İndi Atamın ayaqları Sibirdi Özü kimi ayaqları da yuxusuz… Üz sürtdüm ayaqlarına, Qəlpə giziltisindən Diksindi qulaqlarım. Çəliyi ayaqlarına başdaşı Atam! Səcdənə gəldim, Ayaqlarını suya qoy, Dirilik suyu kimi ayağının suyunu içim Atam oy! Əlimdən nə gəlir daha Ayaqlarımı verim, yeri, Atam! Laylay atam, ayaqlarına laylay! Ayaqları yuxusuz, əlləri oyaq, ürəyi dipdiri Pir Atam!
ALO, MƏN SƏNİ GÖRÜRƏM
Yuxarı mərtəbədən gələn mahnı Ürəyimi göynədən vaxtda əllərim qoynumda uzanmışam çarpayıda. Tavandan,divarlardan Kədərli üzlər, Dilxor maskalar asılır Səni düşündükcə, qızım! Hər oxunan nəğmə Bir doğma anı yada salar, Hər tanış səs bir doğma üzü Canlandırar gözlərimizdə… Telefon zəngi. -Alo, Bakıyla danışın. -Al-lo! Qızım, sənsənmi?! -… -Al-lo! …2400 kilometrlik həsrətin içində Qatar keçdi deyəsən. Bir zahı bulud Silkələdi telefon xətlərini. Yüz saniyəlik sükutun arxasına Sığdı bir insan ömrü. -Alo! Alo!! -A-ta! A-ta! …Üzün yadımdan çıxır, İlğım axır dalğa-dalğa Yaddaşımın dörd olmuş gözündən. Yuxu da yalanmış, fotoşəkil də yalan… -Alo! Alo! -Ata, məni eşidirsən? -Al-lo, mən səni görürəm, qızım…
UZUN AYRILIQDAN SONRA
Uzun ayrılıqdan sonra dönəndə Vətənə Kimi qucaqlasam birinci, Qarşıma çıxanların heç biri inciməz. Bir dost yazmışdı mənə: “Sən qəribəsən, biz-yol gözləyən.” Məni qarşılayanların Heç biri inciməz, anam, Səni qucaqlasam hamıdan əvvəl. Uzun ayrılıqdan sonra Yenidən sevmək Yenidən doğulmaq kimi gəlir insana, İzn ver oğluna yenidən doğulmağa, Aç qoynunu, ana! Qol-boyun gördükcə bizi Dostlar da başlayar Bir-birini qucaqlamağa.
QAN-TƏR İÇİNDƏ
Əqrəbləri itmiş saat kimiyəm, Vaxt ölür, çökür içimdə. Cin çapmış at kimiyəm, Qan-tər içindəyəm, anam, Qan-tər içində. Zaman dolaşıq nər qovğasında Şeytan-mələk davasında Ürəyim əlimdən gedir, Çırpınır qollarım qoynumda, Gecəm qan-tər içində,anam, Günüm qan-tər içində. Bu əlim,bu da lal dilim, Sözü xəmir kimi yoğuran dilim, Cadar-cadar, dilim-dilim Söz əkib-becərən dilim, Sözüm qan-tər içində,anam, Dilim qan-tər içində, Alnımın qırış yerindən Taleyin çaparı keçir. Bu yurdun süyər yerindən Bir ölüm qatarı keçir, Elim qan-tər içində, anam, Obam qan-tər içində. Toxdayıb, səbrimdən asıldım, Buğlanıb, ruhumdan asıldım, Can hamı, qəbrimə qısıldım, Söndüm qan-tər içində, anam, Öldüm qan-tər içində.
ADAŞIM, BALABANÇI KOR ƏLİSƏMİD
– Bir adaşım yaşayır Kürdəmirdə, Muradxanlı kəndində Gecəyarı ekranda gördüm Xəzər TV-də. Əvvəl-əvvəl danışmadı, dinmədi, dizləri üstə gözləri yol çəkdi barmaqlarımın. Sonra adamlar yığışıb könlünü aldılar onun, ovutdular. Çıxartdı üzə balabanı. Dedi, mənim işim balabanla, neylədi. Adaşım, balabançı kor Əlisəmid. Sonra gör neylədi adaşım, balabançı Kor Əlisəmid. Qəfil nəfəs verdi balabana, Sığalladı asta-asta, bala-bala. Asta çaldı balabanı. Hərəkəti yavaş-yavaş, bala-bala. Dağı arana daşıdı, aranı dağa. Anasının balasını ağlatdı, balasının anasını ağlatdı. Qəribi çağırdı qürbətdən, həsrətdən yolu-yolağa. Qəfil balabanı qoydu qırağa, Ürəyinin işığı üzündə, üzü nur, üzü pir Əlisəmid. Çalğı çoxdan qurtarıb, nə baxırsan? Əlləri üzündə, gözləri barmaqlarının ucunda, adaşım, balabançı Kor Əlisəmid.
AD GÜNÜ KEÇİRMİR HƏBSXANALAR
Bir qədəh zəhər, boyu uzunu ipək kəndir gətirdilər şairə ad günündə. Səslər gəldi qulağına: – İçək sənin sağlığına! İçmədi!.. – İpək kəndir ölçülübdür boynuna, Keçmədi… Pıçıldadı öz-özünə öz qanını içən şair, «Azadlıq» sözündən asılan şair: – Ad günü keçirmir həbsxanalar!
…Qismət etmə kafirə də kamerada, dar otaqda dönə saat kəfkirinə; Neçə kilometr yol gəldi şair, Yol uzanır, yol uzanır Azadlığın ad gününə burulğanlar içindən…
Səsin gəlsin, Xəlil Rza, Səsin gəlsin, Ad günü keçirmir həbsxanalar!..
AĞI
Dəli çayların axarı suların səsindən bəlli. Mən keçdim, Sən keçənmədin. Torpağım heeey!
Sirri kor quyu dibində, Dərdi üzündən bəlli. Dəlisi ağıllı kimi, ağıllısı dəli kimi Millətim heeey!
Tapdaq altda gözü qalan ocaq külündən bəlli. Qorxağı qaçmağından, İgidi ölümündən bəlli. Məmləkətim heeey!
Məni çox incitmə, Tanrım, Özün göndərən bəlayam. Mən şeytana papış tikən Sənin ərköyün balanam.
Nə Qurana əl basmışam, Nə də xaç çəkmişəm, Tanrım! Sənə qulaq asmamışam, – Sənnən çox çəkmişəm, Tanrım!
Dərdin göyçəyin yollayan Gərək bəndəsin də duya. Qoymaya tövbə etməyə, Dilində sonuncu dua.
Mən səndən küsmüşəm, Tanrım! Üzə durdum hansı haqqla? Ömrü borc vermisən, Tanrım, Al ruhumu girov saxla!
DÜNYANIN YALAN GÜNÜ Rəsul Rzaya
Ölümünlə aldatdın bizi aprelin birində – başaldatdı günü. Yüyürdüm ölümün ardınca; İnsan axını yol vermədi çiynimi verəm tabutun altına. …Ölümün utana-utana gəlmişdi Fəxri xiyabana. Çəkinə-çəkinə, qızara-qızara girmişdi məzara. Amma Sən, «özün almışdın çiyninə tabutunu». O gün köşklərdə çiçək qalmamışdı, O gün şehli göz yaşlarıyla çiçəkləmişdi tabutun da! Səndən uzaq. Səndən nigaran ölümündən xəbərsizdi Nigarın… Dilim sözə möhtac, əli gəlmirdi ölümünə nəğmə qoşmağa. «Belə olurmuş demək» dünyanın yalan günü adam aldatmaq?! Ölüm xəbəriylə adlamı aldatmazlar, ustad!
Tanrının gözünə dik baxdığımdan Xəbərim olmayıb üzümə düşən qırışdan Yaman inanmışam arvad sözünə: «- Dağa bənzəyirsən sən bu duruşda».
Güzgüdə özünə baxıb göz vuran O şux, o kür adam mən deyilmişəm. Adamlar dəyişir havalar kimi İlahi, mən niyə dəyişməmişəm?!
Dünyaya piyada gəlib-gedənlər Odu eee… yanımdan atlanıb keçir. Ürək qızdırdığım, çörək kəsdiyim Qəfildən üstümdən atdanıb keçir.
Mən koram… Sən hara baxırsan, Tanrım! Sənin də oyunun yamannan-yaman. Haqqın tərəzisi qurulan vaxtı Kiminə taxt verdin, kiminə palan.
Çəkilib uzaqdan özümə baxdım, – bir də üzə gülüb, arxamca daş atanlara… Yol üstə ilantək qıvrılanlara…
Başımın üstündə qovğalar kimi Bu yağış adamlar, külək adamlar – Bu payız oğlanlar, bu qış gözəllər, Bu külək oğlanlar, kələk oğlanlar, Bu payız gözəllər, bu xəzəl qızlar, Dayanıb yolumda qovğalar kimi, – Adamlar dəyişir havalar kimi, – Niyə dəyişmədin, Cəfərin oğlu?!
Bir gecə vağzalın yanından keçəndə şəhərdə qəfildən işıqlar söndü. Kürəyində yük daşıyan adamlar mənə KENTAVRLARI xatırlatdı… Bir də qulaqlarıma at kişnərtisi gəldi…
Dərdin arxasınca dördnala çapan Bədəni at, başı adam, Bu yarıat, yarıadam Qaçmağa hallı adam hara gedir, Yaradan?!
Sözünün dalında dağ kimi durub, Hər gün bir sevdayla döyüşə gedir. Dalına atdığı şələyə baxmır. Xəndəyə yıxılmır, tələyə baxmır, Özüylə söyüşə-söyüşə gedir.
At kimi yeriyir qəmin üstünə Çapır, dördnala çapır, Hara gedir qəm gətirir Bir gün çörək tapır, bir gün də tapmır…
«Mersedes» gözəllər keçir yanından Vaxtı yox onlara gözucu baxa. Faytona qoşulmuş ata boylanır, Bu yarıat, yarıadama ana boylanır ata boylanır.
Kentavr şəhərdən baş aça bilmir. Dəyənək qorxusu çıxmır canından. Bu köçkün kentavr, qaçqın kentavr Polisin əlindən qaça da bilmir.
Bu qovur, o qovur, Göydə Allah qovur, yerdə bəndəsi Kəpənək yuxusu qaçıb gözündən Hələ kütə gedir onun kündəsi. – Hara gedirsən, KENTAVR? – Kimdən qaçrsan, KENTAVR? Başın bədənindən ayrı, Bədənin başından ayrı, Özün-özündən qaçırsan, Gedirsən qəmin üstünə söyüşə-söyüşə, Yaşamaqçün, ölməməkçün Atlar örüşə gedir, Kentavrlar – döyüşə!
***
Bir üzü var çörəyin – arxası təndirdə qalır.
Bir üzü var torpağın – ha şumla, çevir üstünə arxasını görməzsən; Torpağın bir üzü var kürəyini görməzsən!
Çörəyini yeməzsən yalanın Yalanın min üzü var. Mən sözü üzə şax dedim Sözümün bir üzü var – Əlisəmidin bir üzü var.