www.yazarlar.az tərəfindən yazılmış bütün yazılar

ZAUR USTAC ZƏFƏR YOLUNDA

ZAUR USTAC ZƏFƏR YOLUNDA

…Əsgər haqqında ballada…
Nədir yenə, ümman kimi,
çalxalanıb, coşdun, ürək?
İçindəki bu təlatüm,
bu oyanış de nə demək?
Həsrətdənmi, nisgildənmi,
Ürək, yenə çağlayırsan?
Anasına həsrət qalmış,
Körpə kimi, ağlayırsan…
İçindədir; ümid adlı,
qığılcımın od-alvu,
tərslik etmə, dəli könül,

intizara alış, yovu!!!
Həqiqətlər qarşısında,
Biz gücsüzük, biz heç nəyik,
Dinlə məni deyim, ürək,
Biz nəçiyik; şan-şöhrətli,


– “hüququndan keçmiş əsgər”,
həmdəminə həsrət canıq,
bəzən canlı, bəzən cansız,
biz “robotuq”, biz “əşyayıq”…
Bu torpaqdan yoğrulmuşuq,
Bu torpaqdan doğulmuşuq,
Yardan əfsəl, anamızın
Qulluğuna buyrulmuşuq!!!
15.04.1995. Marağa.

QUCAĞINI GENIŞ AÇ…
( Gizir Pəncəli Teymurova həsr olunur.)
Qucağını geniş aç, gəlirəm Ana Torpaq,
Çox döymüşdüm qapını, səhər-axşam taq-taraq,
Hər gəlirəm deyəndə, əlimdə vardı bayraq,
O qutsal əmanətin, ünvanına yetibdi…
Sancmışam Sancağımı, rahat gəlirəm indi…

* * *
Səhər-axşam deyərdim, bu canım sənə fəda,
Nə olur mənə olsun, təki sən görmə qada,

“Komandir yaxşı olsa, ordunu verməz bada”,
Komutanım öndədir, gül-çiçək düz yoluna…
Sıra ilə gəlirik, yer ver girək qoynuna…
* * *

Çox dilək diləmişdim, Bayraq olsun kəfənim,
Xəyalım gerçək olub, sevinməsin düşmənim,
Dualarım qəbuldu, ağlamasın sevənim,
Ana, sən də gözünün qorasını sıxma ha…
“Oğul düşmən çəpəri”, qurban gedər torpağa…
12.04.2016. Bakı.

“DÜNYA BİR PƏNCƏRƏDİR…”
(Fərid Əhmədovun əziz xatirəsinə ithaf olunur…)

“Dünya bir pəncərədir”, pəncərən olsa, qardaş…
De, heç vaxtın oldumu, pəncərədən baxmağa,
Bir-iki, tələm-seyrək, boylanmağı saymasaq…
Yuxunu görmək üçün vaxt lazımdı yatmağa,
O da, Sən də yox idi, işin-gücün çox idi…
Çoxunun gözü ackən, Sənin gözün tox idi…
* * *
Yuxusuz gözündəki bu hüzn nədi, qardaş???
Yeddi ürək lazımdı, baxışına baxmağa,
Qəlb adlı əzamızı, qan vurmağı saymasaq…
Bizdə ürək nə gəzir, gözümüz yox baxmağa,
O ürək Səndə idi, baxışların ox idi…
Çoxunun haqqı yoxkən, Sənin haqqın çox idi…
* * *
“Nə yatdın ki, nə yuxu”, görəsən, əziz qardaş….
Yaradan yaratmışdı, Səni oyaq qalmağa,
Ayaqüstü, sırada, göz qırpmağı saymasaq…
Yaranmışdın süzməyə, yaranmışdın dalmağa,
Düşüncə, dərin ümman, zehin, iti ox idi…
Çoxunda beş-beş olan, Səndə biri yox idi….
* * *
Damarda coşdu qanın, ürək dözmədi, qardaş…
Dizindəki təpərin bəs eylədi qalxmağa,
Dostlarının toyunda oynamağı saymasaq,
Toy-düyün də görmədin, oturmağa-qalxmağa,
Ərgənlənmiş ər idin, bəy otağın yox idi…
Çoxu sayın bilmirdi, Sənin biri yox idi…
* * *
İgid oğlu, ər idin, bilənlər bilir, qardaş…
Sənin etdiklərini ehtiyac yox saymağa,
Arada qəmli-qəmli bu baxmağı samasaq,
Eyibin də yox idi, barmaq ilə saymağa,
Yan-yörədə bildiyin, nacis, naqis çox idi…
Bilən bilir qardaşım, Sənin mislin yox idi….
21.01.2018. Bakı.

ŞƏHİD HAQQI
(Mübarizlərin ruhu qarşısında borcluyuq…)
Hər bir gedən şəhidin haqqı var boynumuzda,
Onlara borclu olan bir can var qoynumuzda,
Gərəkdir, sırğa ola; qulaqda, eynmizdə,
Əgər biz unutsaq da, dövran bunu unutmaz…
Bu yara hey su verər, zaman onu qurutmaz…
* * *
Bu bizim şakərimiz, həp şikarı unutmaq,
Boş-boş təsəllilərlə ruhumuzu ovutmaq,
Cismimiz oyansa da, layla deyib uyutmaq,
Bir gün biz istəsək də, dövran bizi oyatmaz…
Biz yatmaq istədikdə, zaman bizi uyutmaz…
* * *
Bir əsgər kəmərinin toqqasıcan yoxuq biz,
İllərdi ki, gözləyir; neçə qışdı, neçə yaz,
Deyir: – “Gəl bu şəhidə bir quruca məzar qaz”,
Bu qədər bivec ata, yada ki, qardaş olmaz…
Vallah, atam-qardaşım bundan vacib iş olmaz…
* * *
Hər şeyi yükləmişik, Lazım bəyin belinə,
Zalım oğlu zalım da qüvvət verib dilinə,
Heç kimsə razı olmaz, bir quş səkə gülünə,
Bəs bu dağlarda yatan gül balalar kimindi?!
Ay – ulduzlu toqqalar, qumqumalar kimindi?!
* * *
Dəstəklərə yazılı, neçə-neçə adımız,
Qundaqlara qazılı, sezilməyən ay-ulduz,
Nişan durub, gözləyir; birdən düşər yolumuz,
Gəlin, o nişanların gözün yolda qoymayaq…
Bu işi, bu gün görək, sabaha saxlamayaq…
* * *
Bu işin bir yolu var, göstəribdi Mübariz!
Torpaq bizim Vətənsə, düşməlidi izimiz.
Bəsdir bəhanə etdik, bağlanıbdı yol-iriz.
Örnəkdən, ibrət alıb, cümləmiz coşmalıyıq!!!
Tikanlı məftilləri bu gün biz aşmalıyıq!!!
* * *
Dəli bilirlər bizi, doğruldaq adımızı,
Dost özün göstərəcək, tanıyaq yadımızı,
İllərdir su vermişik, püskürək odumuzu,
Belə yaşamaq olmaz, bilməliyik hamımız!!!
Mübariz gedən yolu, getməliyik hamımız!!!
03.08.2019 – 19.06.2020. Bakı.

TORPAQ BİZİ GÖZLƏYİR
(Milli Qəhrəman  İlqar Mirzəyevin xatirəsinə)
Gəlmişəm görüşə yenə də, qardaş!
Ayaqlar olmadı sonadək yoldaş…
Qollarım qoynumda qurudu bardaş…
Yadıma xırdaca günahım düşdü…
Yanında boş yerə tamahım düşdü…
* * *
Gəlmişəm görüşə yenə də, qardaş!
Ayaqlar olmadı sonadək yoldaş…
Qollarım qoynumda qurudu bardaş…
“Hazırdır məzarlar”, – eyindən keçir…
Yanına gələn yol çiyindən keçir…
* * *
Gəlmişəm görüşə yenə də, qardaş!
Ayaqlar olmadı sonadək yoldaş…
Qollarım qoynumda qurudu bardaş…
Bu süslü “otaqlar” xiffət eyləyir…
“Daş yastıq yataqlar” minnət eyləyir…
* * *
Gəlmişəm görüşə yenə də, qardaş!
Ayaqlar olmadı sonadək yoldaş…
Qollarım qoynumda qurudu bardaş…
Səngər, məzar ortaq bizi gözləyir…
Qardaş, Ana torpaq bizi gözləyir…
23.08.2020. – Bakı. (II F.X.)

CAN AY ANA…
(Milli Qəhrəman Polad Həşimovun anasına)
Can ay Ana, bu baxışda nələr var…
Bu baxışda, Poladının ilk dişi,
İlk addımı, gülüşü var, yeriş var…
Bu baxışdan asılıbdı murazlar…
Bu baxışda Poladının ilk beşi,
Gülərüzü, şux qaməti, duruş var…
* * *
Can ay Ana, bu baxışda nələr yox?!
Bu baxışda yoxa çıxıb diləklər,
Bu baxışda zaman da yox, məkan da…
Bu baxışda itib bütün mizanlar…
Bu baxışda dünya çöküb iməklər,
Bu baxışda yelkən də yox, sükan da…
* * *
Can ay Ana, bu baxışda nələr var…
Bu baxışda Poladın ilk rütbəsi,
Bu baxışda şərəf də var, şan da var…
Bu baxışda fəğan edir arzular,
Bu baxışda min vaizin xütbəsi…
Al don geymiş qürub da var, dan da var…
* * *
Can ay Ana, bu baxışda nələr yox?!
Bu baxışda qədər namı ağlayır,
Bu baxışda Polad adlı oğul yox…
Bu baxışda tükənibdi niyazlar…
Bu baxışda kədər qəmi dağlayır,
Mum tək yumşaq, polad kimi oğul yox….
* * *
Can ay Ana, bu baxışda nələr var…
Bu baxışda Poladının mərdliyi,
Ərənliyi, cəsurluğu, qürur var…
Baxışının hərarəti dondurar…
Bu baxışda fəxarətin sərtliyi,
Ağalığı, amirliyi, onur var…
* * *
Can ay Ana, bu baxışda nələr yox?!
Bu baxışda susub qapı zəngləri,
“Polad gəldi”, dur ayağa deyən yox…
Bu baxışda od qalayır xəyallar…
Bu baxışda itib dünya rəngləri,
“Ana” – deyə, şirin-şirin gülən yox…
* * *
Can ay Ana, bu baxışda nələr var…
Bu baxışda xanım, xatın bir Ana,
Sinəsində bağrı çat-çat olan var…
Bu baxışdan neçə Ana boylanar…
Bu baxışda Nüşabə tək şir Ana,
Tomris kimi kükrəyən var, yanan var…
12.01.2021. Bakı.

DAĞLAR
(Zaur Ustacın Dağlara xitabən üçüncü şeiri)
Tarix səhnəsində yetişdi zaman,
Başlanmış bu çağın mübarək, dağlar!
Hələ nə zəfərlər gözləyir bizi,
Qutlanmış novrağın mübarək, dağlar!
* * *
Dövranın gərdişi döndü, dəyişdi,
Davadan doğulan ərlər yetişdi,
Didilmiş yaralar tutdu, bitişdi,
Üç rəngli duvağın mübarək, dağlar!
* * *
Nə vaxtdır yol-iriz bağlı qalmışdı,
Qoynunda yağılar məskən salmışdı,
Canımı sağalmaz bir dərd almışdı,
Sayalı qonağın mübarək, dağlar!
* * *
Xətai qırmadı könül bağını,
Nadir unutmadı hicran dağını,
İlhamın silahı əzdi yağını,
Dəmirdən yumruğun mübarək, dağlar!
* * *
Qurtuldu yağıdan zənburun, balın,
Bir başqa görünür yamacın, yalın,
Zirvəndən boylanır şanlı hilalın,
Müqəddəs sancağın mübarək, dağlar!
* * *

Haqqa nisbət tutub ulu Ələsgər,
Andırıb, tanıdıb, bilib pərisgar,
Hər səngər məbəddi, pirdi hər əsgər,
Şuşa tək ocağın mübarək, dağlar!
* * *
Ay Ustac, min şükür arzuna yetdin,
“Dədə”n gedən yolu, sən də qət etdin,
Dolandın dünyanı yurdunda bitdin,
Doqquzu zər tuğun mübarək, dağlar!
22.01.2021. Bakı.

O GÜN
(Milli Qəhrəman  İlqar Mirzəyevin xatirəsinə)
Hər şey belə başladı,
Gülə-gülə getmişdin…
Döndün üzdə təbəssüm,
Çöhrənə həkk etmişdin…
* * *
Tək getmişdin gedəndə,
Yüz min olub qayıtdın…
Özün getdin yuxuya,
Milyonları oyatdın…
* * *
Hər şey belə başladı,
Bütün xalq həmdəm oldu…
Cümlə aləm toplandı,
Azərbaycan cəm oldu…
* * *
Yuxudaykən əbədi,
Yatmışlara qalx dedin…
Vətənin qara dərdin
Al boyayıb, ağ etdin…
* * *
Girib torpaq altına,
Çıxartdın üzə nə var…
Bir gedişə mat idi,
Taxtada tüm fiqurlar…
* * *
Tarixində satrançın
Bəlkə də bu oldu ilk…
Qarşısında bir topun,
Vəzir olmuşdu fillik…
* * *

Hər şey belə başladı,
Qonaqların sığmadı
O gün həyət-bacana,
Məmləkəti çuğladı…
* * *
Başlanan yol qapından,
Şuşayadək uzandı…
Vətən oğlun itirdi,
Torpağını qazandı…
* * *
Belə şanlı hekayət,
Tarixdə bir, ya iki…
Lap başqası varsa da,
Möcüzədir bizimki …
* * *
Bu dastanı qanıyla
Yazdı ərlər, ərənlər…
Bu kitabın qədrini,
Bilir yazmaq bilənlər…
14.07.2021. Bakı.

USTACAM
Müzəffər ordunun şanlı əsgəri,
Ərənlər yurdunun ər övladıyam!
Zalımın zülmünə təhəmmülüm yox,
Babəklər yurdunun hürr övladıyam!
* * *
Ustadım Nəsimi, sözümüz sözdü,
Ədalət, həqiqət bağrımda közdü,
Ziyadar dühası bir deyil, yüzdü,
Mövlalar yurdunun nur övladıyam!
* * *
Dərvişəm, müqqəddəs sayılır təkkəm,
Hülqumdan yuxarı dayanır öfkəm,
Od, ocaq diyarı tanınır ölkəm,
Alovlar yurdunun nar övladıyam!
* * *
Unutma, şah babam Xətai başdı,
Nadir şah, mətədə tərpənməz daşdı,
İlham, nə keçilməz sədləri aşdı,
İgidlər yurdunun nər övladıyam!
* * *
Tarixdə Nəbisi, Koroğlusu var,
Gen dünya yağıya daim olub dar,
Düşmən qarşımızda yenə oldu xar,
Aslanlar yurdunun şir övladıyam!
* * *
Göydən Yer üzünə ərmağan, payam,
Gündüzlər Günəşəm, gecələr Ayam,
Ən parlaq ulduzdan törəyən boyam,
Ozanlar yurdunun sirr övladıyam!
* * *
Ustacam, vətənim vətən içində,
Axıb duruluruq zaman köçündə,
Min bir anlamı var, adi “heç”in də,
Aqillər yurdunun pir övladıyam!
13.11.2020. Bakı.

Müəllif: Zaur USTAC

ZAUR USTACIN YAZILARI

“YAZARLAR” – SİFARİŞ ET

Mustafa Müseyiboğlu adına kitabxana

MURAD MƏMMƏDOVUN KİTABI

VAQİF SULTANLININ YAZILARI

MURAD MƏMMƏDOVUN YAZILARI

ZAUR  USTACIN  YAZILARI

> > > > MÜTLƏQ OXUYUN !!!

“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Onun yüksəliş anı təhsil zirvəsinin pillələridir…

Onun yüksəliş anı təhsil zirvəsinin pillələridir…

Sosial şəbəkələr bəzən bizə böyük fürsətləri həyata keçirə bilmək imkanı yaradır. Səmimi deyim ki, maarifpərvər pedaqoq İsmayılova Balabikə Məhəmmədhəsən qızı haqqında müəyyən fikir ifadə etməyimə də elə bu proses zəmin yaratdı. Balabikə xanımın qızı Təranə Dəmir ilə feysbook səhifəsində dost olmağımız da bu zəruri işə əsas verdi. Anası haqqında feysbook səhifəsində etdiyi qeydləri dolğun bir yazıya çevirmək istəyimi hər kəsin qəlbində dərin iz buraxmış Balabikə müəllimin fəaliyyətinə bir ehtiram nümunəsi kimi qəbul edirəm.

Bildiyimiz kimi, dövlətin əsas strateji gücü təhsil, təhsilin ən sərrast hədəfi işıqlı cəmiyyət, cəmiyyətin ən doğru yolgöstərəni müəllimdir. Müəllim adı zaman-zaman öz mahiyyətini geniş anlamda təcəssüm etdirib. Dünyanın ən görkəmli, hətta ən qorxunc sərkərdələri belə müəllim qarşısında məsum körpə kimi olublar…
Müəllim adı, müəllim peşəsi haqqında çox söz deyilib. Hər dövrdə bu ad üçün uyğun aforizmlər qoşulub. İyirminci əsrdə də müəllim adı ilə əlaqədar çoxlu sayda ibrətamiz söz və ifadələr səsləndirilib. Ümummilli lider Heydər Əliyevin – “Mən dünyada müəllim adından yüksək ad tanımıram” – məşhur aforizmi hər kəsin dilində bir şüara çevrilib.
Bir sözlə, müəllim hər dövr üçün örnək, nümunə göstərilən parlaq və müqəddəs adlardan biridir…
Bu yazıda da peşəsi, adı yüksək olan bir müəllimdən, onun şərəfli pedaqoji fəaliyyətindən, cəmiyyətə verdiyi töhfələrdən, təhsilin inkişafındakı nümunəvi xidmətlərindən bəhs olunur.
Yazının əsas Obrazı İsmayılova Balabikə Məhəmmədhəsən qızıdır. Elə bir müəllim ki, illər keçsə də müqəddəs adı və peşə sevgisi unudulmur.

Qısa tanışlıq:

İsmayılova Balabikə Məhəmmədhəsən qızı 1936-cı il mayın 25-də Sabirabad rayonunun Abdulabad kəndində anadan olub. Əvvəlcə Abdulabad kəndindəki natamam orta məktəbdə, sonra Qruzma kənd orta məktəbində, daha sonra isə Sabirabad rayonunundakı orta məktəbdə təhsil alıb. Təhsil almaq, oxumaq üçun heç bir çətunlikdən qorxmayıb. Ac da qalıb, əyni-başı yalın da olub, amma yolundan dönməyib. 1957-ci ildə yüksək qiymətlərlə BDU-nun (O vaxtkı ADU) biologiya, əlavə kimya fakültəsinə daxil olub. İlk gündən müəllim kollektivinin hörmətini qazanıb. Sabirabad rayonunda ilk ali təhsil alan qadın kimi yadda qalıb. 1962-ci ildə universiteti qırmızı diplomla başa vurub. Müəllimlərin israrına baxmayaraq universitetdə qalıb, elmi fəaliyyətini davam etdirmək fikrindən daşınıb. Doğma kəndinə qayıdıb. Əvvəlcə Abdulabad, sonra qonşu Kolanı kəndində müəllimlik edib. Şagirdləri hər il yüksək göstərici ilə müxtəlif elm ocaqlarına qəbul olub, ali təhsil alıblar. Dərs dediyi şagirdlərdən adlı-sanlı alimlər, jurnalistlər, bioloqlar, kimyaçılar yetişib. Azərbaycan Televiziyasının “Görüş yeri” proqramında Kolanı məktəbinin 70 illiyi ilə bağlı onun əmək və fəaliyyəti işıqlandırılıb. Müxtəlif mətbuat orqanlarında haqqında məqalələr yazılıb. 1982-ci ildə böyük dövlət xadimi Heydər Əliyevin şəxsi imzası ilə üç kəndi özündə birləşdirən Abdulabad sovetliyinə rəhbər təyin olunub. O, 1982-ci ildən 2012-ci ilə qədər həmin kənddə – sovetlikdə icra başçısının səlahiyyətli nümayəndəsi işləyib. Ömrünü partiyaya, dövlətə və xalqa xidmətə həsr edib. Ünvanına – o, kişi kimi qadındı, – deyiblər. Cəsarətinə, ərliyinə, vüqarına, əzminə görə bu lütfə nail olub. Həmişə xalqa arxa durub. Şəffaf işləyib, heç kimin yanında gözükölgəli olmayıb. Rayon əhalisi ona ehtiram və sevgi göstərib. Plenumlarda və qurultaylarda odlu-alovlu çıxışları ilə yadda qalıb. Dövlət məmuru kimi çox işlər görüb. Ölümündən əvvəl Heydər Əliyev mükafatı ilə təltif olunmuşdu. Güclü natiq kimi də xatırlanır. Bir sözlə, Allahın dəyər verdiyi, seçilmiş bəndələrindən idi…
İsmayılova Balabikə Məhəmmədhəsən qızı 2023-cü il fevralın 6-da dünyasını dəyişib.
Ailəli idi. 1966-cı ildə kəndin ziyalısı Ağaqardaş müəllimlə ailə qurmuşdu. İki övladı, iki nəvəsi var. Nəsillərin hörmətlə xatırladığı şərəfli müəllim-pedaqoq, dərin nüfuza malik şəxsiyyət idi.

İsmayılova Balabikə Məhəmmədhəsən qızı istər ali təhsil aldığı, istərsə də dərs dediyi vaxtlarda yaxşı bilirdi ki, kadr məsuliyyəti ümumi işin təməlidir – yəni kadr üzərinə düşən məsuliyyəti hiss edəndə, aid olduğu sahədə əsaslı uğurun bünövrəsi qoyulur. Buna görə də o, bütün fəaliyyəti boyu bu məsuliyyətə sadiq qaldı.
Balabikə İsmayılova dərs dediyi şagirdlərə fənlərin fundamental tədrisi ilə yanaşı, ictimai prosesləri də aydın başa salırdı. Məsələn, o, dərsdən əvvəl şagirdlərdə cəmiyyət işi barədə fikir formalaşdırır, uğurlu siyasi fəaliyyətin məhz Heydər Əliyevin hakimiyyətə yenidən qayıdışından sonra mümkün olduğunu deyir, ölkədə bütün sahələr üzrə əsaslı dönüşün yaranmasını, bu prosesin təhsil sahəsində də aşkar şəkildə özünü büruzə verməsini həmin siyasi fəaliyyətlə əlaqələndirirdi. O, sanki hər bir şagirdə ayrı-ayrılıqda başa salırdı ki, insanların bilikli olması o dövrün ən tələbkar cəhdi idi və bu, prioritet vəzifə kimi hər kəsin qarşısına qoyulmuşdu. Buna görə o dövrdə yüksək ixtisaslı kadrlar yetişdi, təhsil müəssisələrinin maddi-texniki bazası möhkəmləndirildi, təhsil ocaqları ən müasir avadanlıqlarla təchiz edildi.
Balabikə İsmayılova peşəsinə dərindən bağlı idi. Hətta o qədər dərindən ki, dərs saatlarında şagirdlər bunun fərqinə vara bilirdilər. Bu sevgi hissinin təsiri ilə illər sonra onlar cəmiyyətin qabaqcıl, peşəkar insanlarına çevrilə bildilər. Bu uğurun təməlində, əlbəttə ki, Balabikə İsmayılovanın diqqət və qayğısı, tövsiyələri, göstərişləri durur.
Balabikə müəllim dərs dediyi məktəbdə təhsilin çox önəmli sahə olduğunu şagirdlərinə əzmlə başa salır, bu sahənin inkişafına, bu sahədə görülən və gələcəkdə görüləcək işlərə xüsusi diqqət çəkirdi. O, tez-tez valideynlərlə dialoqa girir, belə bir ictimai işin əhəmiyyətinin vacibliyini önə çəkir, evdə də uşaqlara bu zəruri halın aşılanmasını məsləhət görürdü.
Balabikə müəllim milli-mənəvi birliyin, ümumxalq mənafelərimizin əsas özəyində təhsilin durduğunu deyir, şagirdlərə bu sahədə aparılan islahatların faydasını çatdırırdı. Vurğulayırdı ki, müstəqil Azərbaycan dövlətinin möhkəmləndirilməsi, müstəqilliyin, dövlətçilik tariximizin müasir mərhələsinin təmin edilməsində də təhsil çox önəmli rol oynayıb. Milli dövlət quruculuğu işində, vətəndaşlıq duyğusunun, millətə, dövlətə, vətənə sevgi hissinin gücləndirilməsində də təhsilin önəmi çoxdur.
Məhz bu cür ideoloji zəminlər əsasında Balabikə İsmayılova daim vətənimizin, xalqımızın gələcəyini düşünən bilikli şagirdlər yetişdirə bildi. Onun parlaq pedaqoji fəaliyyəti, vətən və xalq qarşısındakı ölçüyəgəlməz misilsiz xidmətləri şagirdlərinin faydalı cəmiyyət insanları olmasında böyük rol oynadı.
İllərin sınağında bərkiyən Balabikə İsmayılovanın dərs dediyi məktəb, bilik və savad verdiyi şagirdlər üçün yaratdığı münbit şərait elə bu gün də Azərbaycanın real təhsil həyatında aydın təzahür edir.
Nə vaxt təhsildən söhbət düşürdü, Balabikə müəllim deyirdi:

– Təhsil önəmli sahədir; dövlətin əsas ictimai işi bu proses vasitəsilə xarakterizə olunur. Yəni, hansı dövlətdə təhsil ən başlıca həyat amilidir, orada yüksəliş, sivil və beynəlxalq inkişaf pik həddində olur. Çox sevindirici haldır ki, ümummilli lider Heydər Əliyevin ikinci dəfə hakimiyyətə gəlişindən sonra ölkəmizdə təhsil öz milli strukturunu formalaşdırdı və hazırda ölkə rəhbəri İlham Əliyevin rəhbərliyi altında da Azərbaycan öz təhsil prioritetləri ilə dünyada tanınır. Təhsilin inkişaf qaynaqları əsasən məktəblərdir; yəni harada tədris varsa, orada təhsil vətəndaşın əsas maraq dairəsinə çevrilir. Nəticədə, savadlı insanlar yetişir və ölkə bundan faydalanır.
Bu gün Balabikə İsmayılovanı tanıyan hər kəs səmimi etiraf edir ki, Azərbaycan təhsilinin inkişafında, nailiyyətlər qazanmasında, məktəblərin innovativ təlim-tədris texnologiyalarından geniş şəkildə faydalanmasında, tədris ocaqlarında təhsilin məzmun və keyfiyyət göstəricilərinin təkmilləşdirilməsi istiqamətində Balabikə müəllimin əməyi çoxdur və o, bu istiqamətdə zəruri addımlar atıb. Bu, bütünlükdə ölkə təhsilinin milli qayəsidir və beynəlxalq əhəmiyyət kəsb edir.
Təəssüf ki, ömür vəfa etmir. Balabikə İsmayılova da 2023-cü ildə amansız əcəlin acı girdabına tuş gəldi, doğmalarına, Azərbaycan təhsilinə vida etdi.
İllər keçəcək, təhsil zirvəsinin pillələrində onun adı və ünvanı daim bərq vuracaq.

Hüseyn İsaoğlu,
Yazıçı-publisist, AYB və AJB-nin üzvü


Mustafa Müseyiboğlu adına kitabxana

VAQİF SULTANLININ YAZILARI

ZAUR  USTACIN  YAZILARI

> > > > MÜTLƏQ OXUYUN !!!

“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

İslam Sadıq – 32 cildlik .

Şair, filologiya elmləri doktoru, Şumerşünas, əziz dostumuz İslam Sadığın 32 cildlik əsərlərinin dörd clidi işıq üzü görüb. Şairi təbrik edir, 70 yaşın mübarəkdi deyirik!!!

“Yazarlar” cameəsi adından


Mustafa Müseyiboğlu adına kitabxana

VAQİF SULTANLININ YAZILARI

ZAUR  USTACIN  YAZILARI

> > > > MÜTLƏQ OXUYUN !!!

“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Murad Məmmədov: – GÖZÜN AYDIN OLSUN, VƏTƏN!

GÖZÜN AYDIN OLSUN, VƏTƏN!
Gözün aydın olsun, Vətən!
Başından duman çəkildi.
Sinəndə yaralar bitən
Yerində güllər əkildi.
* * *
Gözün aydın olsun, Vətən!
Nəsəyanlar indi yaddı.
Şəhid olan, səndən itən,
On minlərin ruhu şaddı.
* * *
Bu torpağa yad olanlar,
Sənə yamaq, ad olanlar,
Yuxu kimi yox oldular.
Yüz illərlə canımıza,
Zəhər qatan ox oldular.
* * *
Gözün aydın olsun, Vətən!
Dağlarının gözü gülür.
Otuz ildir bu torpağın
Qoxusuna həsrət qalan,
Sorağını gendən alan
İnsanların üzü gülür.
* * *
Sevin, Vətən, pis nəfisdən,
Üz qaraldan pasdan, hisdən,
Təmizləndin, pak oldun sən.
Yaraların sağalacaq,
Ağrıların çəkiləcək,
Yaddaşından silə bilsən.
* * *
Gözün aydın olsun, Vətən!
Göylərin göyə oxşayır.
Çoxdu köməyinə yetən,
Ruh halın bəyə oxşayır.

PAYIZ DUYĞULARIM
Payız vaxtı bu dağ, dərə,
Xəzan olur neçə kərə.
Allah çəkən bu mənzərə,
Göz oxşayır, şəhanədi.
* * *
Yazılanı düz anlamaq,
Dərk eləyib tez anlamaq,
Bir baxışdan söz anlamaq,
Kamilliyə nişanədi.
* * *
Dərd yaranıb çəkmək üçün,
Cana azar əkmək üçün.
Göz yaşını tökmək üçün,
Yəqin dərd də bəhanədi.
* * *
Qismətinə haram qatan,
Ömrü boyu yalan satan,
Tanrısına təpik atan,
Vallah, billah divanədi.
* * *
Dərviş ömrü seçənlərin,
Dərddən paltar biçənlərin,
Acı şərab içənlərin,
Murad, yeri meyhanədi.

QOCALIQ GƏLİR
Gah başın ağrıyar, gah da ki dişin,
Gözlərin doldusa, qocalıq gəlir.
Bu gün görmədiyin yarımçıq işin
Sabaha qaldısa, qocalıq gəlir.
* * *
Otuzdan sonrakı omrü yarı böl,
Bax ordan başlayır ağrı, acı bil.
Yaddaş ki, korşaldı, hərdən çaşdı dil,
Bənizin soldusa, qocalıq gəlir.
* * *
Dərdinə dərman ol, tanışın, yadın,
Çalış çirklənməsin həyatda adın.
Gözündə işığın, canında odun,
Biri azaldısa, qocalıq gəlir.
* * *
Ürəyin tövşüyər, əriyər yağı,
Aşa bilməyəndə dərəni, dağı.
Qurbanı olduğum qaradan ağı,
Saçına saldısa, qocalıq gəlir.
* * *
Ay Murad, rahat ol, qocalma təki,
Seçə bilirsən ki, sən tükdən tükü.
Bir cavan yanaşıb çəkdiyin yükü,
Əlindən aldısa, qocalıq gəlir.

QƏZƏL
Baxıram ki, vərdiş olub canımızda karlığımız,
Yaxşı sözü eşitmərik, yaman yatıb varlığımız.
* * *
Pul ödəyib dərs alarıq, oxumarıq, hey gəzərik,
Bu Vətənə, bu dövlətə sıfırdı yararlığımız.
* * *
Məsləhəti eşitmərik, imkan verməz qürurumuz,
El içində utandırar, xar edər idbarlığımız.
* * *
Hacılıq ki, şərəf olub el içində,ay əzizim,
Yalan üstə qurulubdu inan ki, dindarlığımız.
* * *
Tamah bizi məhv eləyir, gözü doymur insanların,
Yaddan çıxır, unudulur dar qəbirdə darlığımız.
* * *
İnsanları aldadırıq, ay Murad eynək taxırıq,
Özümüzü şax tuturuq, heç bilinməz korluğumuz.

KEÇİR
Niyyətin pak olsa, qəlbin ağrımaz,
Çəkdiyin dərd-azar ürəkdən keçir.
İnsanın qaməti niyə əyilsin?
Çünki əzabların kürəkdən keçir.
* * *
Dolğunluq dövründən öncə dərilən,
Əksər günahları Tanrıdır silən.
Qiyamət günündə sənə verilən,
Nə qədər sual var gərəkdən keçir.
* * *
Murad dinməsə də hər şeyi görür,
Gündəlik özünə hesabat verir.
İnsanlar əyilir min dona girir,
Ən ağır imtahan çörəkdən keçir.

İNCƏYƏ SARI
Artıq yollarımın sonu görünür,
İçimdən yol gedir, İncəyə sarı.
Əhvalım çovğuna, qara bürünür,
İçimdən yol gedir, İncəyə sarı.
* * *
Dünyanın ləzzəti gözümdən düşür,
Niyyətim od olur, içimdə bişir.
Xəyalım hər gecə daş-kəsək eşir,
İçimdən yol gedir, İncəyə sarı.
* * *
Bu gözəl dünyadan uzaqlaşıram,
Gah təpə enirəm, gah dağ aşıram.
Qaranlıq yollarda azıb çaşıram,
İçimdən yol gedir, İncəyə sarı.
* * *
Bir yandan bu isti canımı alır,
Nəfəsim təntiyir, taqətdən salır.
Nə qədər yol gəldim, izlərim qalır,
İçimdən yol gedir, İncəyə sarı.
* * *
Fikir məni boğur, həyanım olmur,
Hay- həşir salıram, duyanım olmur,
Daha günahımı sayanım olmur,
İçimdən yol gedir, İncəyə sarı.
* * *
Dərdi çox yenmişəm, yenə yenəcəm,
Yüz alov yandırıb, sonra sönəcəm.
Harda doğulmuşam, ora dönəcəm,
İçimdən yol gedir, İncəyə sarı.

YETMƏZ
Dərd birdimi əlac edək,
Cana yığdı, hara gedək?!
Arzular çox, ömür gödək,
Ha çabala, zaman yetməz.
* * *
Ləkə düşər bəyaz ağa,
Yüz qoruq qoy, yüz qadağa.
Bu dünyanı qavramağa
Baş sındırma, güman yetməz.
* * *
Şirin dadın çoxdur adı,
Damağından getməz dadı.
Tanrı alışdıran odu,
Söndürməyə ümman yetməz.
* * *
Tələsirsən danlamağa,
Nə uşağam, nə də çağa.
Yarəb, məni anlamağa,
Yaxşı çatmaz, yaman yetməz.
* * *
Bir nəzər sal, bax boyuma,
Yaraşığam öz soyuma.
Ay Murad, mənim hoyuma,
Ürəyimə daman yetməz.

OLMUR
Çəkdiyin dərd saçlarında dən olur,
Alın yazın qismətinlə tən olur.
Payız gəlir, duman olur, çən olur,
Yağış yağır, söykənməyə dağ olmur.
* * *
Gen gəzirsən kələk oğlu kələkdən,
Sınayırsan, keçirirsən ələkdən,
Yanılırsan, dad umursan fələkdən,
Gülənmirsən, kefin hər an çağ olmur.
* * *
Baş açmadım bu müəmma, bu sirdən,
Payın palçıq olur dağılır birdən.
Neyləyəsən, ay sağ olmuş ki, hərdən,
Taleyin kəm olur, bəxtin ağ olmur.
* * *
Kim deyir dərd-azar tək səni seçir,
Ay Murad, insanlar yüz dərdlə köçür.
Nə olsun könlündən oynamaq keçir,
Yaş qoymur, bəzən də canın sağ olmur.

ALLAH BİLƏN MƏSLƏHƏTDİ
(İsmixan Yusubova müraciətlə)
Bu dünya onun işidi,
Gərdiş onun gərdişidi.
Ömrü yazan o kişidi,
Allah bilən məsləhətdi.
* * *
Nəkarəyik özbaşına,
Təpik vuraq yad daşına.
Xəyal qurma boş-boşuna,
Allah bilən məsləhətdi.
* * *
Böyükləri yad eləyək,
Ruhlarını şad eləyək.
Biz kimik ki, ad eləyək,
Allah bilən məsləhətdi.
* * *
O nəsildə bir dənəsən,
Sən alimsən, dürdanəsən.
Taleyinə şükr elə sən,
Allah bilən məsləhətdi.
* * *
Saxlayırsan hörmətini,
Öz sözünü-söhbətini.
Yaşayırsan qismətini,
Allah bilən məsləhətdi.
* * *
Əlimizdən heç nə gəlmir,
Qismətini kimsə bilmir.
Dünən gülən, sabah gülmür,
Allah bilən məsləhətdi.
* * *
Bəd şeyləri dərd eləmə,
Nə istəmə, nə diləmə.
Bir tənliksən sən ölümə,
Allah bilən məsləhətdi.

DÜŞÜNDÜKLƏRİM
Bəzən seyr edirəm, heç nə yazmıram,
Zehnim təzələnsin, durulsun barı.
Ömür yollarında, şükür, azmıram,
Gedirəm yol alıb Tanrıya sarı.
* * *
Nələrdən keçmişəm, nələr görmüşəm,
Yadıma düşdükcə, dondurur məni.
Həyatda sevinc də, qəm də dərmişəm,
Etdiyim günahlar yandırır məni.
* * *
Tövbə son əlacdı, başqa yolum yox,
Bütün günahlarım Ona əyandı.
Yadıma salmağa indi halım yox,
Unutdum, Tanrı da bağışlayandı.
* * *
Günahsız bəndələr mələklər olur,
Oturur çiynində hey günah sayır.
Olur ki, Allah da ağlını alır,
Oğulsan doğrunu yalandan ayır!
* * *
Dünyaya gəlmədim öz istəyimlə,
Doğuldum, kimisə günahkar bilim?!
Mən öz əməyimlə, mən öz səyimlə,
Çalışdım həyatda bir yerə gəlim.
* * *
Nə qədər düzəm mən, bir Allah bilir,
Fikrimi dəyişən insan deyiləm.
İl ötür, yaş ötür, axirət gəlir,
Sanmıram, bu yaşda sınam, əyiləm.

VƏTƏNDİ
Bu torpaq hamıya Vətəndi, qardaş,
Hamı bu torpaqdan qüvvət, güc alır.
Bu ömür nə vaxtsa bitəndi, qardaş,
Bəs niyə kasıblar vaxtsız qocalır?!
* * *
Dünyanın dərd-səri bunamı qalıb?!
İlahi, kasıbın Allahı yoxmu?!
Dərd elə boğub ki gözləri dolub,
Göz yaşı quruyub, damcı yaş axmır.
* * *
Ruzini harına, çörəyi toxa,
Dərdi toxum bilib əkənə verdin.
Nə əkir cücərmir, çıxardır yoxa,
Əzabı göz yaşı tökənə verdin.
* * *
Vətən dara düşür, dərdini çəkir,
Özünə qəsd edir, canına qıyır.
Özüylə bərabər dördünü çəkir,
Nə işdən soyuyur, nə qorxu duyur.
* * *
Bir oğul böyütdü min bir əzabla,
Düşündü nə vaxtsa nəvə görəcək.
Bir oğlu varıydı, oğulsan tabla,
Onu da Vətənə qurban verəcək.
* * *
Ay Allah kasıba az zülüm eylə,
Vətənin dərdini alır kasıblar.
İlahi, bəndənə düzünü söylə,
Nədən üzüyola olur kasıblar?!

DÜŞÜNCƏLƏRİM
Təmənna güdmədim gördüyüm işdən,
Savabdır, bir şey ki əlimdən gəlir.
Əl çəkə bilmədim mən bu vərdişdən,
Neyləyək, düzünü Yaradan bilir.
* * *
İnsanın içini bir kimsə bilməz,
Hər kəsə qapalı, sirli otaqdır.
Həyatda mollalıq əlimdən gəlməz,
Çünki əməllərim çataq-çataqdır.
* * *
Ayıra bildinsə, xeyiri şərdən,
Şükr elə Allaha, səndə nəsə var.
Fikirləş, bir düşün, ağılla hərdən,
Niyə insanlıqdan çıxır adamlar?!
* * *
Günahsız doğulur əvvəl bəndələr,
Sonradan kiminsə çırağı sönür.
Ağıllı insana dünya gen gələr,
Cahilin, fərsizin kələfi dönür.
* * *
Bu dünya fırlanır, ağılla düşün,
Ağlına gəlməyən başına gələr.
Yaxşılıq eləyib gördüyün işin,
Sonu nə olacaq, bir Allah bilər.
* * *
Düz dolan, ey insan, aldatdıqların,
Dolanıb arxanca səni gəzməsin.
Yüz ağrı, işgəncə yaşatdıqların,
Səni izləməsin, səni üzməsin.

DÜNYA
Ay dərd çəkən, bir ayılsan, can gedir,
Qismətdimi?! Tanrı sənə yar olsun!
Dərd çəkməyən nə bilir ki, dərd nədir,
Anlamayan dərdə düşsün, xar olsun!
* * *
Acıdımı, şirindimi, bilmirsən,
Dərddən ayıl, özünə gəl, ayazı.
Söylə, nədən heç danışıb gülmürsən,
Dərdi bölmək yüngüllükdü, ən azı.
* * *
Əlimizdən nə gəlir ki, ay insan,
Bircə təsəlliyə gücümüz çatır.
Artıq dərd-azara öyrəşmiş cansan,
Sənə ağıl vermək ancaq baş qatır.
* * *
Bu dünyanın əvvəli bu, sonu bu,
Hara qaçaq, hara gedək bilmirik.
Altın torpaq, üstün səma, yanın su,
Yağ içində yaşamağa gəlmirik.
* * *
Beş-on illik ömür düşür bizlərə,
Baş açılmır, dərd qoymur ki, güləsən.
İynə batsın xain, yaman gözlərə,
Hardan dəyir, onu necə biləsən?!
* * *
Murad dərdə yaxınıydı, bilərdi,
Yeri, yurdu, xarabası haradı.
Ağ olsaydı bəlkə xoşa gələrdi,
Ay dilbilməz, dərdin rəngi qaradı.

AĞRIN ALIM
Bir başa sal, qoy anlayaq, danış bizə, ağrın alım,
Hardan gəldin şeiriyyata, uydun sözə, ağrın alım.
* * *
Bax dərd olar, seçilməzsən, yazdıqların itər, batar,
Bu yol yaman çətin yoldu, girmə gözə, ağrın alım.
* * *
Çoxdu səni istəməyən, nankor, naqis, kor adamlar,
İnsan hər cür çətinliyə gərək dözə, ağrın alım.
* * *
Yazan gərək aqil ola, gördüyünü dərk eləyə,
Bu dünyanı bir dolanıb, azca gəzə, ağrın alım.
* * *
Əvvəl bir bax, seyr elə sən, doğru olsun dediklərin,
Dediyini quru demə, bir az bəzə, ağrın alım.
* * *
Tanrı bizi bu dünyada dara salır, çox sınayır,
Bəndə gərək nə usana, nə də bezə, ağrın alım.
* * *
Bu SÖZ ki var, çox köhnədi, çox işlənib, sən ayıq ol,
Elə fikir söylə ki sən, olsun təzə, ağrın alım.
* * *
Murad, sən də çox öyünmə, azdı hələ bildiklərin,
Şair odu hər gedişi yaxşı çözə, ağrın alım.

ZAMAN
Zaman ömrün qənimi,
Köhnə sözdü. Yenimi?!
Mən dəyişdim yönümü,
Yol aldım günbatana.
* * *
Ömür gödək, vaxtım dar,
Ağ gün inan baş qatar,
Gör nə qədər borcum var,
Hər dadıma çatana.
* * *
Minnət olar, borc alma,
Məni hörmətdən salma.
Canım, qəti bənd olma,
Şərəfini satana.
* * *
Tamahın cibi dolmur,
Gül açır, gülü solmur,
Tanrı da kömək olmur,
Ömrü boyu yatana.
* * *
Dinmədimsə, hey yandım,
Özümə günah sandım.
Söz deməyə utandım,
Dərdimə dərd qatana.
* * *
Gərək qəlbin düz olsun,
Söz deməyə üz olsun.
Murad niyə boz olsun,
Hörmətini tutana?!

BİLMİRƏM
Bəlkə də, fikrimi düz deyənmirəm,
Safdı, sağlamdımı canı, bilmirəm.
Nə danım, olur ki, mən bəyənmirəm,
Ruhumun bəzəyi hanı, bilmirəm?!
* * *
Hər kəsin fikrinə hörmət edirəm,
İzi bilinməyən yoldu gedirəm.
Sonu nə olacaq, onu güdürəm,
Əvvəli aydındı, sonu, bilmirəm.
* * *
Nə yazdım canına istilik keçmir,
Sanki buz bağlayıb, gözüm su içmir.
Bezdim isitməkdən ruhuna köçmür,
Görən açılarmı donu, bilmirəm?!
* * *
Murad pərvanədi duyan kəslərə,
Ona hörmət edib sayan kəslərə.
Mənim sözlərimi yayan kəslərə,
Borcum nə olacaq, onu bilmirəm?!

BƏIKƏ DƏ…
Sına qismətini, həmişə sına,
Tanrının səbrini yoxlamaq üçün.
Nə bəxtdən gileylən, nə Onu qına,
Nəyə sahibsənsə, onunla keçin.
* * *
Çalış ki, özünü sevindirəsən,
Gördüyün hər işdən ləzzət alasan.
Tər töküb zəhmətlə ömür sürəsən,
Halal davranasan, halal qalasan.
* * *
Dünyanın növrağı gözündən düşə,
Şeytan aldatmaya, ağlın çox ola.
Evində bir qismət qaynaya, bişə,
Gözün axtarmaya, nəfsin tox ola.
* * *
Möhtac olmayasan tanışa, yada,
Nə olsa dərdini özün çəkəsən.
Pislik etməyəsən kimsəyə, ya da
Yaxşılıq toxumu səpib əkəsən.
* * *
Ağlını almaya Allah əlindən,
Bütün sınaqlardan quru keçəsən.
Övlad inciməyə acı dilindən,
Gecənin birində sakit köçəsən.

QƏZƏL
Arif olub söz deyəsən, yanında ustadın ola,
Sözdən xalı toxuyasan, yaddaşlarda adın ola.
* * *
Elə şirin danışasan, hər kəlməndən gül qoxuya,
Sözdən şərbət düzəldəsən, ağızlarda dadın ola.
* * *
Zəhmət çəkib böyüdəsən, arzuların puç olmaya,
Baxıb hər an sevinəsən, ağıllı övladın ola.
* * *
Yeriyəndə şax gəzəsən, qızarmaya heç vaxt üzün,
Gendən baxıb gülməyələr, saf kökün, əcdadın ola.
* * *
Nə papağı yerə düşə, nə də insan pərt olmaya,
Hər kişinin arxasında söz anlayan qadın ola.
* * *
Murad hələ çox cavansan, Yaradana yalvar hər gün
Ağlın səni xar etməyə, pozulmayan yadın ola.
*yad- yaddaş mənasında işlənir.

Müəllif: Murad MƏMMƏDOV

MURAD MƏMMƏDOVUN YAZILARI

MURAD MƏMMƏDOVUN KİTABI



Mustafa Müseyiboğlu adına kitabxana

VAQİF SULTANLININ YAZILARI

ZAUR  USTACIN  YAZILARI

> > > > MÜTLƏQ OXUYUN !!!

“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Süleyman Abdulla: – Tutaq ki…

TUTAQ Kİ…

Tutaq ki, tutmağa yox idi sözü,
Olanı-qalanı gopdu tutaq ki…
Adamı boş yerə topa tutmazlar,
Atəşə tutulan topdu tutaq ki…

Tapmadı əl yeri bəlli,- batanda,
Yoxdur məsələnin həlli batanda…
Ayağı qopmadı əlli batanda,
Atanda ürəyi qopdu tutaq ki…

Bir gözü aydadır, çayda bir gözü,
Tülkü eynəyindən baxır şir gözü.
Tutmadı, görəndə su içmir gözü,
İçənin cibinə hopdu tutaq ki…

Daha o gəmilər dönməz limana,
Bilməz kim unuda, duymaz kim ana…
Nə dinə gələsi, nə də imana,
Keşişdi, molladı, popdu tutaq ki…

Müəllif: SÜLEYMAN ABDULLA

SÜLEYMAN ABDULLANIN YAZILARI


Mustafa Müseyiboğlu adına kitabxana

VAQİF SULTANLININ YAZILARI

ZAUR  USTACIN  YAZILARI

> > > > MÜTLƏQ OXUYUN !!!

“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

“Xəzan” jurnalının baş redaktoru, əslən Zəngilandan olan yazıçı, I Qarabağ müharibəsi iştirakçısı Əlibəy Azəri ilə görüş keçirilib.

Hərbi – vətənpərvərlik mövzusunda görüş
25 oktyabr Xaqani Poeziya Evi və Mərkəzləşdirilmiş KS-nın birgə təşkilatçılığı ilə “Xəzan” jurnalının redaktoru, əslən Zəngilanımızdan olan yazıçımız, l Qarabağ müharibəsi iştirakçısı Əlibəy Azəri ilə görüş keçirilib.
Tədbir Dövlət Himnimizin səsləndirilməsi və Şəhidlərimizin ruhunu bir dəqiqəlik sükut ehtiramı ilə açıldı. Mədəniyyət Mərkəzinin direktoru Şəfiqə Məmmədova tədbir iştirakçılarını salamlayandan sonra Poeziya Evinin müdiri, şair AY Bəniz Əliyar qonağın tərcümeyi-halı və ədəbi fəaliyyəti haqqında dolğun məlumat verdi. Çıxışçılar arasında Shabran Mks -nin direktoru Firəngiz Aslanova, yerli yazarlardan şair Bayram Novruz, Əşrəf Dağbilicili, Nermine Rzayeva, Gülnar Zakir Qızı, yazıçı dostlardan Daşqın Məmmədov, Vüsalə Anar da var idi. Məktəblilər də tədbirə xüsusi rəng qataraq onları maraqlandıran sualları müəllifə ünvanladılar.
Tanınmış yazıçı hərbi-vətənpərvərlik mövzusunda qələmə aldığı əsərlər haqqında və keçdiyi döyüş yolundan söz açdı, sualları cavablandırdl, kitablarından tədbir iştirakçılarına hədiyyə etdi. Tədbirdən fotolar:

Fotoqraf: Füzuli Baratov

Nəticədə tədbir iştirakçıları yazıçının hərbi-vətənpərvərlik mövzusunda qələmə aldığı əsərlər, “XƏZAN” jurnalı və keçdiyi döyüş yolu ilə tanış olub. Maraqlı diskusya şəraitində baş tutmuş görüşü zamanın tələbləri ilə səsləşən, aktual məsələlərin həlli istiqamətində təklifləri özündə ehtiva edən faydalı tədbirlərdən biri kimi dəyərləndirmək lazımdır.

“YAZARLAR”  JURNALI olaraq, bu qəbildən olan bütün fəaliyyətləri yüksək qiymətləndirir və işıqlandırmaqdan qürur duyuruq. Uğurlarınız bol olsun!!!

Mənbə: Xaqani Poeziya Evi

MƏLUMATI HAZIRLADI: TUNCAY ŞƏHRİLİ

ÇİNGİZ ABDULLAYEVİN YAZILARI

ZAHİD SARITORPAĞfIN YAZILARI

AKİF ABBASOVUN YAZILARI



Mustafa Müseyiboğlu adına kitabxana

VAQİF SULTANLININ YAZILARI

ZAUR  USTACIN  YAZILARI

> > > > MÜTLƏQ OXUYUN !!!

“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru


Əli Rza Xələfli – Ağla dağlar…

Ağla dağlar

Məhəbbət Kazımovun ölümünə

Bir bülbül oxudu getdi,
Qəlbini toxudu getdi.
Elə bil yox idi getdi,
Kəs yolunu,saxla dağlar,
Ağla dağlar,ağla dağlar.

Ox dəydi yarada qaldı,
Gözləri qarada qaldı.
Ayrılıq arada qaldı,
Bu yaranı bağla dağlar
Ağla dağlar,ağla dağlar.

Gəlir ki,uyuya yata,
Dərdinə, qəminə bata.
Gümandı vüsala çata,
Bu hicranı dağla, dağlar,
Ağla dağlar,ağla dağlar.

Ağladı könlümün quşu,
Taladı ağılı,huşu.
Soyuqdu dağların başı,
Bir haray sal,çağla dağlar.
Ağla dağlar,ağla dağlar.

Ölümdümü,oldumu bu,
Bir bülkülməz qoldumu,bu
Gedər-gəlməz yoldumu bu,
Bağla dağlar,bağla dağlar.
Ağla dağlar,ağla dağlar.

Kəmənd elə qurşağını,
Çək qoynuna uşağını,
Tutma qana qaşığını.
Bulud-bulud ağla dağlar,
Ağla dağlar,ağla dağlar.

Bir aşiq yol gəlir sənə,
Bir həsrət qol gəlir sənə.
Qəhərə dol,gəlir sənə…
Qol açıb qucaqla,dağlar,
Ağla dağlar,ağla dağlar.

24.10 2015.

Muəllif: Əli Rza Xələfli

MƏLUMATI HAZIRLADI: TUNCAY ŞƏHRİLİ

ÇİNGİZ ABDULLAYEVİN YAZILARI

ZAHİD SARITORPAĞfIN YAZILARI

AKİF ABBASOVUN YAZILARI



Mustafa Müseyiboğlu adına kitabxana

VAQİF SULTANLININ YAZILARI

ZAUR  USTACIN  YAZILARI

> > > > MÜTLƏQ OXUYUN !!!

“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Səadət Qərib – Sənsizliyin tablosu.

Sənsizliyin tablosu
(esse)
Sənlə mən bu qədər uzun müddət ayrı qalmamışdıq..
Mən ayrılığın bu dərəcə acı olduğunu heç təsəvvür belə etməmişdim ..
Sən getdiyindən bəri unutmuşam hər şeyi..
Səndən başqa hər şeyi..
Hətta özümü, var oluşumu…
Güzgüyə baxmağı belə…
Bilirsən ki, güzgüyə baxmağı çox sevərdim..
Bu gün uzun zaman sonra aynanın qarşısına keçdim..
Ordan boylanan qızı tanımadım..
Çox dəyişmişdi..
Gözlər eyni olsa da, baxışlar fərqli idi…
Soyuq baxırdı…
O gənc, çılğın, nəşəli qız getmiş,yerinə tam başqa biri gəlmişdi…
Az müddətdə
kədərli qırışlarla kimsəsizliyin tablosu çəkilmişdi çöhrəsinə.
Soyuq bir hava çökmüşdü gözlərinə…
Sənsizlik tablosu …
Mən səni unutmaq istəmirəm, amma sənsizliyi unutmaq istəyirəm.
Çünki “sənsizlik” ,sənin yoxluğunu hər addımımda mənə xatırladır.Axı mən alışa bilmirəm sənin yoxluğuna..
Sən gedəndə əlvida demədi sənə dilim, çünki, bu bir əlvida deyil, biz sənlə gec-tez yenidən görüşəcəyik.. Bilirəm mənsiz orda qəribsən mənim kimi.
Yeni dünyamızda görüşmək ümidiylə ey unuda bilmədiyim adam..

Müəllif: Səadət QƏRİB

SƏADƏT QƏRİBİN YAZILARI

Mustafa Müseyiboğlu adına kitabxana

VAQİF SULTANLININ YAZILARI

ZAUR  USTACIN  YAZILARI

> > > > MÜTLƏQ OXUYUN !!!

“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Ruhiyyə Poladova bu günlərdə qardaş Türkiyədə səfərdə olub.

FAYDALI SƏFƏR.

Dünya Azərbaycanlılarının Mədəniyyət Mərkəzinin l vitse prezidenti Ruhiyyə Poladova bu günlərdə qardaş Türkiyədəki səfərdən maraqlı xəbərlərlə qayıdıb.Belə ki,mədəniyyət sahəsində müəyyən məsələlər üzrə faydalı təkliflərlə qarşılıqlı layihələrin və belə qarşılıqlı görüşlərin həm Türkiyədə,həm də Bakıda keçirilməsini məqsədəuygun olduğunu nəzərə almışlar.Mədəniyyətlər arası mədəni irsimizlə daha dərindən tanış olmaq qarşıdakı fəaliyyətimiz üçün genış perspektivlər aça bilər.O cümlədən,mədəniyyət və incəsənət adamları ilə qarşılıqlı əlaqələrin daha sıx olmagına gətirib çıxarar.
Türkiyədə olarkən R.Poladova İstanbul Pendik Bələdiyyəsi Kultur işlər müdiri Mustafa Kemal Çalıkcı ilə gələcək müştərək fəaliyyətimiz barədə ətraflı söhbət aparmış,belə qarşılıqlı görüşlərin faydalı olacagını vurgulamışdır.
Eyni zamanda teatro oyunçusu,yönetmen və yazan Zülfükar Yazcaqla iş birliyi qurmağa razılııq almışdır. Görüşlərin faydalı olacagına ümid edən Ruhiyyə xanım artıq layıhənin həyata keçirilməsinə start vermişdir.Bu işdə şübhəsiz,Mədəniyyət Nazirliyinin də köməyinə arxalanmaq olardı.Görüş zamanı xatirə şəkilləri çəkilmişdir..


Məlumatı hazırladı: Nəzakət Eminqızı,DAMM- nin və “Yazarlar” jurnalının əməkdaşı ,AJB- nin üzvü,yazıçı- publisist.

Anar və Zemfira xanım – Anar – 85

61 illik birlikdəlik – Anar və Zemfira xanım.

Fotonun müəllifi: Vasif Ayan.

MƏLUMATI HAZIRLADI: TUNCAY ŞƏHRİLİ

ÇİNGİZ ABDULLAYEVİN YAZILARI

ZAHİD SARITORPAĞIN YAZILARI

AKİF ABBASOVUN YAZILARI



Mustafa Müseyiboğlu adına kitabxana

VAQİF SULTANLININ YAZILARI

ZAUR  USTACIN  YAZILARI

> > > > MÜTLƏQ OXUYUN !!!

“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru