Həvva Adəmsoyu Azərbaycan Yazıçılar Biliyinə üzv qəbul olunması münasibətilə təbrik edir, bütün fəaliyyətində yeni-yeni nailiyyətlər arzulayırıq! Uğurlarınız bol olsun, Həvva xanım!
Qeyd edək ki, Həvva Adəmsoy məşhur “Şeyx Şamil” tarixi romanın müəllifidir:
“Şeyx Şamil” tarixi-publisistik romanı bu günlərdə “Vətən” nəşriyyatında nəfis şəkildə çap olunub.
AZƏRTAC xəbər verir ki, yazıçı-publisist Həvva Adəmsoyun böyük sevgi ilə qələmə aldığı bu roman müəllifin zəhmətinin, tədqiqatçı inadının sayəsində ərsəyə gəlib. Əsərdə dağlılar arasında yaşayan və artıq əfsanələşmiş Şeyx Şamil obrazı kifayət qədər canlılığı ilə təqdim edilib. Hiss olunur ki, müəllif qüdrətli xalq qəhrəmanının həyat yolu ilə bağlı xalq arasında yaranmış yarıməfsanəvi, yarımtarixi hadisələrin bir çox təfərrüatlarını zaman-zaman öyrənib. Əsəri işləyərkən həmin əhvalatlardan istifadə edib.
Kitabın redaktoru və “Ön söz” müəllifi şair-publisist Əli Rza Xələfli, rəyçisi professor Hikmət Mahmuddur.
Həvva Adəmsoy Şamil sorağı ilə Rusiya, Türkiyə, Azərbaycan, hətta İran və ərəb mənbələrinə də müraciət edib. “Ön söz”də deyildiyi kimi: “Şeyx Şamil” kitabı dəyərli tədqiqat əsəri olmaqdan başqa, həm də günümüzün dəyərli bir tarix əsəridir. Axı Şeyx Şamil özü tarixin bir hissəsidir. Tarix isə öz yaddaşını heç nəyə güzəştə getmir”.
Bir xatirə… Səməd Vurğun məqalələrinin birində:“Mən şair Əhməd Cəmilin şeir rübabını dinləyirəm. Bu rübabın tellərindən qopan zərif və mənalı nəğmələr nə qədər dadlı və təbiidir… Bunlar saf dağ çeşmələri kimi şırıl-şırıl axır, ilk baharın gülləri kimi ətir saçır” -yazırdı. Həmin şairi- Əhməd Cəmili xatirladim.
Şəkildə “Ulduz” jurnalının redaksiyasında Əhməd müəllimin ətrafına yığışmışıq.Ustad şairlərimizin ruhu şad olsun.Mən o vaxt AYİ-da bir şöbədə işləyirdim. İttifaqın nəşrlərinə köməklik göstərən, onların vaxtlı-vaxtında çapına nəzarət edən şöbə idi. Əslində iş elə qurulmuşdu ki, bizə çox ehtiyac olmurdu.Şöbədə iki nəfər idik. Musa Yaqub müdir idi, mən işçi. Musa müəllim ədəbiyyatı təbliğ birosu xətti ilə, ya elə özünün bir işi ilə bağli çox vaxt rayonlarda olurdu.Mənə də tapşırığı beləydi ki, birdən iş olar, bir tapşırıq olar, heç olmasa ikimizdən birimiz iş yerində olaq. Əlbəttə, mən o tapşırığa əməl etməli idim. Getməli bir yerim olsa, icazə almalı idim. Ciddilik vardı… Bir səhər mənə xəbər verdilər ki, Əhməd müəllim sizi çağırır. Əhməd müəllim bəzən xəstə-xəstə işə çıxırdı,onunla ünsiyyətdə bunu nəzərə almalı idik. Getdim, görüşdüm. Əhməd müəllim məni çox nikbin, mehriban qarşıladı.Hal-əhval soruşdu. Nəcib,qayğıkeş, əslizadə insan idi… Sözü,cümlələri dupduru…Kiminsə xətirinə dəyməsin deyə, səsi,tələffüzü,intonasiyası da yatımlı… -Sənə tapşırığım olacaq-,dedi. -Buyurun. -“Ulduz” jurnalının çapı gecikir, mən də zəng etməli yerlərə zəng etmişəm, demişəm, hələ ki bir nəticə yoxdu. Sən bu işlə bir maraqlan. Sağollaşıb, çıxdım.Əhməd müəllim mənə iş tapşırıb,məni ruhlandırıb… Sonradan fikirləşirəm, bəlkə də onun məqsədi elə bu imiş…
Jurnal həm də Azərbaycan LK MK orqanı idi. Məsələ ilə bağlı əvvəl həmin ünvanda oldum, orada müvafiq şöbədə işləyən tanınmış imza sahibi, diqqətəlayiq şeirlərin müəllifi Məmməd Muradla görüşdüm. ( O sonralar Murad Baykal imzası ilə tanındı) Murad müəllimə fikrimi belə çatdırırdım ki, problemlər yarananda birlikdə hərəkət etməli, o problemi aradan qaldırmalıyıq… O da nəşriyyata zəng etdi. Mətbəədəki vəziyyətlə maraqlandı… Tapşırıqlar verdi… Mən sonra nəşriyyata getdim, orda da məsul şəxslərlə görüşdüm. Mümkün qədər çalışıb, nəşri tezləşdirmələrini xahiş etdim. Səhərisi gün işə gələndə Əhməd müəllim mənə təşəkkür etdi: -Yaxşı eləmisən, gedib onları bir silkələmisən, hərəkətə gətirmisən… ….Ancaq səhhətimə görə mən şəhərdə-o iş yerində qala bilmədim. Kəndə qayıtdım… Səhhətimdən danışmışkən, Səyavuş Sərxanlının kənar tərəfində oturan şəxsi, rəhmətlik Vidadi Məmmədovu xatırladım. Çox istedadlı adam idi, ancaq demək olar ki, yazmadı, mənim yadımda bir hekayəsi qalıb. Az danışardı,ancaq ortaya gələn hər hansı bir məsələni aydınladan sərrast fikirlər deyərdi…. Yaddaşlarda qalan eyhamları, atmacaları da olurdu. Bir dəfə də məni hədəfə aldı. Günortadan sonra redaksiyada çox vaxt şahmat oynayırdılar. Bəzən mən də orda olurdum. Deməli, başıma yay gününə uyğun ağ panama qoymuşam. O panamalar da cavanların yox, əsasən, yaşlı adamların başında olur. Vidadi bir-iki dəfə mənə baxandan sonra: -Musa müəllim də böyüklərin sırasında addımlayır, panama elə belə deyil… Bilmədim nə deyim. Ona münasib elə cavab vermək lazım idi ki, əlavə bir sözə imkan yaranmasın. Ramiz Rövşən də ordaydı, oyuna baxırdı, o atmacaya Ramiz Rövşən cavab verdi: -Musa müəllim o panamanın altında özünü, sağlamlığını möhkəmləndirir… Çox düzgün cavab idi… Bu şəkildə olanlardan dünyasını dəyişənlər var. Ruhları şad olsun. Həyatda olanlara möhkəm cansağlığı arzulayıram.
Uşaqlıqda anam atamın üstünə qışqıranda, elə bilərdim, dünyada anamdan güclüsü yoxdu. Bir az böyüyəndən sonra gördüm atam anamın da üstünə qışqırır, bizim də. Onda da elə bildim atam hamıdan güclüdü. Böyüdüm, başa düşdüm ki, yooo… xxx… dünyada yeganə bir güc var, o güc heç adamların üstünə qışqırıb eləmir. Gəl ki, onların canını da ala bilir! Özü də bu elə gücdü ki, yoxluğundan yoxsul əzziyyət çəkir, varlığından varlı! Tamamilə düz tapmısınız, Puldan danışıram! Sevdasını saldım ürəyimə. Ali məktəbi bitirəndən sonra nəşriyyata işə girdim. Eşitmişdim yazıçılar yaxşı qazanır. Başladım yazmağa. Kitabım da çıxdı, amma qonorar kimi heç mürəkkəbimin də pulunu vermədilər mənə. Böyük qardaşımın dostu vəzifə sahibiydi, onun hesabına nəşriyyat redaktoru da oldum. Bir ay işləyib yerimi qızdırmamışdım ki, bir gün dedilər: –Direktor səni çağırır. Başılovlu özümü saldım qəbul otağına. Katibə əliylə açıq qapını göstərdi. Girdim içəri. –Cənab redaktor, bu, rus yazıçısı F.Dostoyevskinin Azərbaycan türkcəsinə tərcümə edilmiş əsəridi. Bunu redaktə edə bilərsən? –Əlbəttə, cənab direktor! Qovluğu qoltuğuma vurub, eşiyə çıxanda mülayim səsini eşitdim: –Bir ayaq saxla, cənab redaktor. “Geri dön!” əmrini almış əsgər kimi fırlanıb üzü arxaya dayandım: –Eşidirəm, cənab direktor?! –Göz-qulaq ol, müəllif gələcək, qarşılayarsan. Cəld qovluğun üstünə baxdım: –Bunu deyirsiniz, Dostoyevskini?! –Tamamilə düz tapmısan. Otağıma gedib, qovluğu açıb qoydum qabağıma. İşgüzar görkəm alıb, başımı tərcümənin üstünə əyib, əlimdə qələm, canidildən işləməyə başladım. Dostoyevski də indi gələr… Birdən əlimi elə bil qaldırıb vurdular alnıma – şapp elədi – a kişi, bu əsəri tərcümə eləyən məndən yüz qat savadlıdı, mən onun işinə nə redaktorluq eləyə bilərəm?! Odur ki, başladım bir-bir vərəqləri çevirməyə. Axır ki, gün axşam oldu. Dostoyevski də gəlib çıxmadı. Durub getdim direktorun yanına. Ağzımı qoymadı açmağa: –Dostoyevski gəlmədi, deyirsən?! –Gəlmədi, cənab direktor. –Bəs kitabdan bir şey redaktə eləyə bilmisən? –Əlbəttə, cənab direktor. –Tərcümeyi-halını da? –Əlbəttə, cənab direktor. –Get, tərcümeyi-halını bir də redaktə elə. Elə ki, ilk vərəqi açdım, bahooo… gördüm, zalım oğlu Fyodr Dostoyevski, demə 100 il qabaqdan rəhmətə gedibmiş! Day haray haraya çatacaqdı?! Düz bir həftə direktorun gözünə görünmədim – pərt olmuşdum. Verən əlim var idi. Göyçaydan 5 dənə “mənəm-mənəm” deyən üçillik xoruz gətizdirdim. Yalançılar sözü, hərəsi bir quzu boyda idi. Bilirdim ki, direktor yaşlı xoruzların ətinə aşiqdi, verdim evlərinə, keçdi günahımdan. Amma arabir pərt eləyirdi məni: –Həəə… Dostoyevski də gəlib çıxmadı. Bir neçə ildən sonra Şahlıq quşu qondu başıma. Qardaşımın dostu Mətbuat naziri oldu. Nazir də əvvəl məni balaca bir vəzifəyə qoydu, ordan da nəşriyyat direktorluğuna gətirdi. Bahooo… pul burda imiş ki! İşə adam götürmək, müəllif qonorarı, kitab satışı… hərəsindən bir az qırtanda bolluca qazanırdım. Pula elə vərdiş eləmişdim ki, bir gün əlimə dəyməyəndə əsməcəyə düşürdüm. Görmədiyim günə düşmüşdüm – evim-eşiyim, bağım, hovuzum, maşınım qoşa-qoşa, amma ar-vadım tək idi. Nə başınızı ağrıdım, bu xoşbəxtliyin içində qan təzyiqi də tapdım, şəkər də, bel ağrısı da. Bir gün də gözlərim tutuldu. Oğluma dedim: –Yığış gedək Moskvaya, Fyodorovun yanına, gözümün işığını qaytarsın mənə. –Ay ata, Fyodorov sehrbazdı?! –Nə danışırsan, Svyatoslav Fyodorov dünyanın ən böyük göz cərrahlarından biridi! –Axı o, sənin gözünün işığını necə qaytara bilər?! –Ay bala, pulu aparıb ölünün yanına qoysan, vallah, durub dalı üstə oturar! –Ağlım kəsmir, ata. –Artıq-əskik danışma, Fyodorovun pula bizdən də çox ehtiyacı var! Qızıl xəncəri də götür, gözlərimin işığını qaytaran kimi bağlayacam belinə! Getdik Moskvaya. Fyodorov başladı gözlərimi yoxlamağa. Cibimdə pul, ürəyimdə təpər, yekə-yekə soruşdum: –Necədi, cənab professor, gözümün işığını nə vaxta qaytarırsınız?! –Tələsiməyin, yoldam, imkan verin… Düzü bu saymazlığı gözləmirdim heç. 10-15 dəqiqədən sonra dözmədim: –Gözümün işığını qaytaracaqsınız, doktor, niyə demirsiniz?! –Təəssüf… –“Təəssüf” nə deməkdi, doktor?! –Gözlərinizin işığını bərpa eləmək mümkün deyil! –Niyə bəs?! –Şəkərin fəsadıdı! –Olsun da… sizin əlinizdə nədir ki, bu?! –Bağışlayın, mən sehrbaz deyiləm! –Cənab professor, nə qədər istəsəniz, verəcəm. –Nə verəcəksiniz, yoldaş?! Əlimi şappıltıyla vurdum sağ cibimə: –Pul! Fyodorov əyilib qulağıma pıçıldadı: –Pul hər şeyi həll eləyə bilmir, əziz dost! Nə pulu götürdü, nə də xəncəri verdim. Mehmanxanaya qayıtdıq. Cibimdəki pulları çıxarıb atdım stolun üstünə. Oturdum çarpayıda, başım saplağı qırılmış armud kimi düşdü sinəmə. Oğlum soruşdu: –Ata, pulları neyləyim bəs?! Səsindən hiss elədim ki, gözləri parıldayır. Demə, məndən də bərk pul aşiqiymiş zalım balası. Dözmədim: –Pulu neyləyirsən?! –Bıy, pulu neyləyərlər, ata?! –Bax elə biri mən, indi neyləyə bilirəm ki, sən də neyləyəsən?! Dinmədi. –Cır at, sal təpiyinin altına, gözüm görməsin onu! –Nə danışırsan, ata, pulu da cırıb atarlar?! –Bala, pul mənim minilliyimi əlimdən aldı! Elə fikirləşirdim ki, hər bəlamın qabağında qalxan olacaq! Uşaq aşıq yığan kimi yığırdım. Pulun gücsüz olduğunu da gördüm! Bəlkə də bu, pulun gücsüzlüyü deyil, nəfsimin ahıymış ki, məni də tutdu! Lənətə gəlsin pulu! 14-22.10.2023
Şairlərimiz “Atatürk” və “Turan Birliyi” beynəlxalq medalları ilə təltif olundu.
Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü,tanınmış teleradiojurnalist,şair-publisist Mübariz Süleymanlı qardaş Türkiyə Cümhuriyyətinin yaranmasının 100 illiyi ilə əlaqədar Cukuroba Ədəbiyyatçılar Birliyinin təsis etdiyi ” Atatürk” beynəlxalq medalı və Mərkəzi Asiya “Yeni Avaz” Yazıçılar və Tarixçilər İttifaqının və “Əmir Teymur” fondunun təsis etdiyi” Turan Birliyi ” beynəlxalq medalları ilə təltif olunub.Azərbaycanın digər şairləri-Mikayıl Bozalqanlı,Elman Tovuz,Arzu Nehrəmli və Nəcibə İlkin isə “Turan Birliyi” beynəlxalq medalı ilə təltif olunublar. Ödülləri ölkəmidə səfərdə olan Qırğıstan Yazıçılar Birliyinin Beynəlxalq Əlaqələr üzrə katibi, Mərkəzi Asiya ” Yeni avaz” Yazıçılar və Tarixçilər Birliyinin sədri, Əmir Teymur fondunun rəhbəri Joldoşbek Akılbeyoviç Monoldorov və bu təşkilatların türk respublikaları üzrə baş koordinatoru İlqar Türkoğlu təqdim ediblər. Elman Tovuz ocağında keçirilən gecənin aparıcısı şair Mübariz Məsimoğlu türk xalqlarının ortaq dilindən,eyni soy-kökə malik olmasından danışdıqdan sonra sözü İki medal alan jurnalist-şair Mübariz Süleymanlıya verib.Natiq çıxışında son illər türk dövlətləri birliyinin daha da sıx əlaqələrindən bəhs edib,qardaş Qırğızstandan gələn qonaq Yoldaşbəy Monoldorova və İlqar Türkoğluna təşəkkürünü bildirib Digər çıxış edən şairlər Mikayıl Bozalqanlı,Elman Tovuz,Nəcibə İlkin,Arzu Nehrəmli türkün qədim tarixindən,folklor və incəsənətindən danışıblar . Qonaq qismində iştirak edən şairlər Ayaz Arabaçı,Arzu Əsəd,professor Nazim İmamverdiyev, əməkdar mühəndis Zakir Mirzəyev,jurnalist İnqilab Əbilov qələmdaşlarını təbrik etdikdən sonra türkün zəngin ədəbiyyatına tövhələr verən dühalardan sitatlar gətirib,türk xalqlarının poeziyasının bəşəriliyindən söhbət açıblar. Ədəbi-bədii gecəyə rəng qatan gənc aşıq Şəhriyar Kərimov gözəl ifaları ilə məclisi daha da rövnəqləndirib. Tədbirdən fotolar:
Azərbaycanın mətbu orqanları içərisində öz çəkisi, sanbalı və dəyəriylə seçilən (zənnimcə, ən birincilər sırasında duran) “Ulduz” bu günəcən çox uzun, keşməkeşli və dolanbac yollardan keçib. Uşaqlığımızın, gəncliyimizin jurnalı olaraq həmişə diqqət mərkəzində olub və oxucu sevgisini bu günəcən qoruyub saxlayıb.
Sözünü deyən, öz imzası ilə dünəndən bu günə inamla yol gələn yaradıcı insanların söz yuvası olub həm də “Ulduz”. Bu yuvada nə qədər şairlər, yazıçılar yetişib, pərvazlanıblar. Jurnal bütün dönəmlərdə həmişə ən aktual mövzulara toxunmaqla ölkənin mədəni həyatındakı bütün yenilikləri özündə əks etdirib. Onun formalaşmasında, ölkənin ədəbi mühitinin işıqlanmasında böyük əməyi olan, öz peşəkarlığı və obyektivliyi ilə seçilən yaradıcı heyətin əməyi də danılmazdı. “Ulduz” ulduz olaraq bütün zamanlarda mənən saflaşdırıb, öyrədib. Axı mətbuat zamanın aynasıdı deyirik. Burda hər şeyi olduğu kimidi. Dünyanın hər üzü. Jurnal 1967-ci ildən üzübəri müxtəlif söz adamlarının rəhbərliyi altında fəaliyyət göstərib və həqiqətən, zaman-zaman həqiqi ulduza çevrilib. Hansı yandan baxsaq, “Ulduz” ulduzdu. …Bu günsə mən ” Ulduz”a Qulu Ağsəs tərəfdən baxmaq istədim. Mübaliğəsiz. Eynəyinin arxasından ürəyindəkiləri oxuya-oxuya həm də. Qulu Ağsəs çalışqandı. Hətta deyərdim ki, bir az da artıq çalışqandı. Bu çalışqanlığın arxasında həm də sələflərinin qoyub getdiyi işə peşəkarlıqla yanaşmaq məsuliyyəti də var. Zarafat deyil, ” Ulduz” mətbuat tarixinə öz adını möhürləmiş, dəyərli ustadların əlindən, zamanın ələyindən keçmiş, gözəl ədəbi nümunələri özündə ehtiva edən, müəyyən yaşa çatmış ədəbiyyat jurnalıdı. Bu ağır yükün altına girmək, onu bu gündən sabaha ötürməksə hər yaradıcıya nəsib olmaz. Qətiyyətlə deyə bilərəm ki, “Ulduz” bu gün bir Qulu Ağsəs dönəmini yaşayır. Bir az da işıqlı, bir az da parlaq. Özünəməxsusluq da var bu dönəmdə. Həm də heç kimə bənzəməmək, özünə can atmaq həvəsi. Jurnalı vərəqlədikcə hiss edirsən ki, Ağsəs üçün forma və məzmun mükəmməlliyi, mətn rəngarəngliyi və dolğunluğu önəmlidi. Bilirsən ki, şair irəliyə can atır, yenilik axtarışındadı. Bunu jurnalın hər buraxılışında hiss edirsən. Şair üçun mətn də adamdı. Canı, ruhu var. Onun fikrincə, mətni incitmək olmaz. Mətnin nazıyla oynamaq lazımdı. Gözümüzün nuruyla, ürəyimizin oduyla yetişdirib ərsəyə gətirdiyimiz yazılar öz yerini tapanda çiynimizdən böyük bir yük götürülür. Baxın, biz təkcə öz yazılarımızın məsuliyyətini daşımaqda çətinlik çəkirik. Qulu Ağsəs isə hər buraxılışda bizim kimi neçə müəllifin narahatlığını və məsuliyyətini öz üzərində hiss edir, hər mətnin üzərində öz balası kimi əsir. Narahat olur, qoruyur. Ta ki, jurnal ərsəyə gələnəcən, yeni “Ulduz” doğulanacan. Bir yandan oxucu zövqü, bir yandan müəllif hüquqlarının qorunub saxlanılması baxımından hər şeyin dolğun və mükəmməl ərsəyə gəlməsi üçün yorulmadan, gecə -gündüz çalışır. Özü də yüksək peşəkarlıqla. Həm də sevgiylə. Ümumiyyətlə, Qulu Ağsəs mükəmməlliyə can atan yazardı. Amma bununla belə ən zəif yazıların taleyi də onu narahat edir. Əlbəttə, müəlliflə oxucu arasında narazılıq yaratmadan həm də. İşinin ustası olmaq hər rəhbərə, hər işçiyə nəsib olmur bəzən. Amma inamla deyə bilərəm ki, Qulu Ağsəs gözəl şair, gözəl publisist olmaqla yanaşı, gözəl icraçıdı həm də. “Ulduz”-un heç bir buraxılışı bir-birini təkrarlamır və əvəz etmir. O, hər dəfə görüşümüzə fərqli məzmunda, fərqli keyfiyyətdə gəldikcə bir daha əmin oluruq ki, ruhumuzun jurnalı əmin əllərdədi . “Ulduz” üz qabığından tutmuş içindəki yazılara qədər ulduzdu. Qulu Ağsəs şeirində olduğu kimi işində də son dərəcə tələbkar və məsuliyyətlidi. Gənc istedadlılara göstərdiyi qayğı və diqqət isə bir ayrı söhbətin mövzusudu. Onun həm də vaxta , zamana çatmaq öhdəlikləri də var. Hər şey zamanında və dəqiqliklə həyata keçməlidi. Bəlkə də, qıraqdan bir az sərt görünə bilər. (Eynəkdə). Amma yalnız uzaqdan. Şair-rəhbər, rəhbər-şair redaksiyaya təqdim olunan bütün yazıları gözlərinin nurundan keçirir. Dərc olunan mətnlərin üstündəki işıq gözünü qamaşdırır və öz-özünə “belə insanlar varsa, yaşamağa dəyər”-deyirsən. Bu yazdıqlarım Qulu Ağsəs haqda düşündüklərimin yalnız balaca bir hissəsidi. Əminəm ki, Ağsəsin söz və öz dünyasına işıq tutmaq üçun hələ çox zamanımız olacaq. Hələliksə, ədəbiyyatın keşiyində dördgözlə dayanan şairə sevdiyi işində dözüm, səbir və mətanət arzulayıram . Onsuz da uğur həmişə var. Görüşənədək, əziz oxucu!
Əslində, həyat elə sual cavabdan ibarətdir. Müxtəlif suallar və onlara verilən cavablar deyilmi həyatın özü? Sual vermək də,suala cavab verə bilmək də insandan xüsusi məharət tələb edir. Yaşı 60-ı keçmiş Nadir kişi səhər tezdən çarpayısında gözünü açıb başının üstündə duran qara libaslı adamın onun qapısı bağlı mənzilinə necə daxil olduğunu məhz sual verməklə aydınladırmağa çalışırdı. “Bu kimdir? Mənzilə necə girib?” – deyə düşünüb gözlərini ovuşdurdu və: -Siz kimsiniz? Bura necə gəlmisiniz?- deyə soruşdu. Adam Nadirə cavab verməsəydi daha yaxşı olardı, çünki onun cavabı kişini çox qorxutdu.
Mən ölüməm!- deyə cavab verən adam yaxınlaşıb Nadirə əl uzatdı. Nadiri bu cavab qane etmədiyindən uzanan ələ əlini verməyib bir də sual verdi: -Sən kimsən?
Ölüməm.
Ay qardaş, ölüm nədir? Əzrailsən?
Yox. Ölüm. Əzrailin işi çox ağırdir. Gələsiii,səni aparasııı…O qaldı keçmişdə. İndi hər şey texniki vəsaitlərlə həll olunur. Tez və keyfiyyətlə. Qəfil ölümlər indi daha çox dəbdədir. Məsələn, mən birazdan hopacam sənin canına, vəssalam. Nadir gözlərini bir də ovuşdurdu, yorğanı üstünə möhkəm çəkib carpayının bir küncünə çəkildi və: -Yox! Etmə! Eləmə! Hər şey cəhənnəm, qoy təqaüdümü alım heç olmasa.
Vaxtın çatıb. Mən sənin yanında olmalıyam.
Mən öləcəmsə necə ala bilərəm təqaüdü? Hələ beş il var.
Niyə işləmirsən? Bəs necə yaşayırsan? Əlbəttə, bu mənim işim deyil. Mən yaşayışı yox ölümü idarə edirəm, amma maraqlıdır. Nadir kişini son illər ən çox əsəbiləşdirən “niyə işləmirsən?” sualı idi. O, əsəbi halda:
Götürmürlər. Hara gedirəm dolanmıram müdirlə. Həqiqət axtarıram. Düzgünlük axtarıram. Kül mənim başıma! Hamı kimi ola bilmirəm! Müdirin də üzünə deyirəm düz etmədiklərini. Son dəfə də belə oldu. Onlar da dedilər ki, get, öl acından! Evdəkilər də danlayırlar məni hər gün. Neyləyim ? Xasiyyətim budur. İndi də sən!- deyə cavab verdi. Sonra özünü ələ alıb:
Amma, bir yana baxanda lap xoş gəlmisən, səfa gətirmisən. Gəl! Gəl, al canımı, bitsin bu cəhənnəm!-deyə Nadir üstündəki yorğanı atıb carpayıdan durdu.
Geyin!- deyə özünü ölüm adlandıran kəs əmr etdi.
Niyə geyinim e, onsuz da mürdəşir soyunduracaq da. Amma heç bilmirəm necə olacaq? Bu məclisi necə yola verəcəklər evdəkilər. Xeyli xərcdir də.
Görürəm, yaxşı adamsan. Deməli belə. Mən sənin icində olacam. Sən bu gündən ölmüş hesab ediləcəkdən.İndi yuxarılara xəbər verəcəm ki , sən ölmüsən. Ancaq , yaşayacaqsan və hər gecə mənə hesabat verəcəksən.
Diriykən ölü? Belə şey olar?
Niyə olmur.O qədər diriykən ölü var ki ətrafda.
O da düzdür. Yaxşı. Razıyam. Nadr kişi durub geyindi. Əl-üzünü yudu , mətbəxə keçdi ki, yemək yesin, amma aclıq hiss etmədiyindən bir qədər su içib evdəkiləri oyatmadan çölə çıxdı. Həyətində əkdiyi çiçəklərə baxdı,ancaq onların nə rəngini müəyyənləşdirə bildi nə də qoxusunu hiss etmədi. Sonra Nadir həyətdə oturan təqaüd yaşı hələ çatmayan, lakin onun kimi işləməyən kişilərin yanına getdi. Onlar qızqın söhnət edirdilər.
Güya təqaüd verəndə nə olacaq?
Heç dərmanlara da çatmır. Nadir ağzını açıb nəsə demək istədi, lakin, dili tutuldu sanki. Heç nə deyə bilmədi. Həmişə belə mövzularda çox fəal olan Nadir, kişilərə salam verib getdi. Bütün günü hiss edirdi ki, həmişəki adam deyil. Daxilində, sanki nəsə baş verirdi. O, ta qaranlıq düşənə qədər parkda gəzişdi. Oturub dənizə baxdı. Ətrafda gəzişən gözəl qadınları həmişə gözdən itənə qədər süzən Nadir , indi onlara çox laqeyid idi. O, dənizi çox sevirdi. Həmişə saatlarla dənizkənarı parkda oturub dənizin qoxusunu sinəsinə çəkər, onun gözəlliyinə valeh olardı. Bu gün dəniz də başqalaşmışdı Nadirin gözündə. Hər şey ləzzətini itirmişdi. Amma o yaşayırdı. Nəfəsi gedib gəlirdi. Evə qayıdanda həyat yoldaşı onu qarşılayıb yemək təklif edəndə Nadirin yadına düşdü ki, o, gün ərzində heç nə yeməyib və yemək də istəmir. Həyat yoldaşı narahat olmağa başladı.
Çörək ye, əşi, də! Nə olub sənə?
Yemirəm, istəmirəm.Yuxum var,yatacam,- deyib otağına keçdi Nadir. Təzəcə yerinə girmişdi ki, dünən onunla danışan varlıq yenidən gəlib kəsdirdi başının üstünü.
Necəsən?
Sənsən? Bir təhərəm . Ölü kimi. -Əla! Deməli eksperimentim alınıb. Sabah gedərsən işə düzəlməyə. Götürəcəklər.
Sən nə danışırsan? Bu yaşda məni kimdir işə götürən? Özü də ölü.
Gedərsən, görərsən.İndi isə yat. Bu sözləri deyib ölüm yoxa çıxdı.Nadir gözlərini yumub yuxuya getdi və ölü kimi yatdı. Ertəsi gün Nadir kişi beynində səhər tezdən fırlanan bir ünvana getdi. Heç özü də bilmədən möhtəşəm bir binanın həyət qapısını döyüb sürücü işləmək arzusunu bildirdi . Onu içəri dəbət edib dedilər ki, gözləsin. Bir müddətdən sonra içəridən orta yaşlı kişi çıxıb
Səni bir şərtlə götürürəm. Burda olanları səndən başqa ikinci adam bilməməlidir. Mənə keçmiş rəhmətlik sürücüm kimi ağzı bağlı adam lazımdır,- dedi Nadir bu sərt adamı dinləyib bir kəlmə “oldu” deyib qapıdan çıxdı. Evə qayıdıb ailəsini, yəni həyat yoldaşı Sənəmi və qızını sevindirmək üçün işə düzəldiyini dedi.Son bir neçə gün ərinin qeyri-adiliyini sezən Sənəm əllərini belinə qoyub kişinin qarşısını kəsib
A kişi,dəli olmusan? Nə iş? Kim səni bu yaşda işə götürər?- deyə soruşdu
Götürdülər, ay Sənəm, götürdülər!-deyə Nadir kişi arvadına cavab verdi. Sonra otağına keçib geyimini, ayaqqabılarını, hətta neçə il qoluna taxmadığı saatı çıxardıb ətrafa düzdü. Sabah hansı kostyumu və hansı ayaqqabını geyinməkdə çətinlik çəkirdi. Kostyumlar artıq dəbdən düşmüş və hamısının üstündə illərin yüngül parıltısı hiss olunurdu. Nadir kişi uzun illər özünə geyim ala bilmədiyinə görə həmişə elə bu kostyumları geyinirdi. Bir neçə dəqiqə seçimdən sonra o öz qərarını verdi və bir dəst kostyumla bir cüt ayaqqabını kənara qoyub qalan geyimləri dolaba yığdı. Nadir kişini işə qəbul edən Zaman müəllim ona maaşdan əlavə gündəlik pul verir, özünə gələn hədiyyələrdən də pay verirdi. Nadir kişi də dinməz-söyləməz işini görürdü. Bu varlı,dövlətli evdə Nadirdən başqa bir neçə xadimə, bağban və itə baxan da işləyirdi. Zaman müəllimin nə işlə məşğul olması və bu pulları necə qazanması Nadir kişini heç maraqlandırmırdı. Daha doğrusu, faktitki ölü olduğuna görə, maraqlana bilmirdi Nadir heç nə ilə. Ərinin xasiyyətinə yaxşı bələd olan Sənəm Nadirin ona verdiyi pulları çox ehtiyatla xərcləyir və hər an onun işdən azad ediləcəyini gözləyirdi. Lakin bu dəfə bu müddət xeyli uzandı. Amma Nadir kişinin insanlarla az ünsiyyətdə olması,gün ərzində cəmi bif dəfə yemək yeməyi, evdə çox işə qarışmamağı Sənəmi çox narahat edirdi. Nadir kişi də hər gecə Ölümlə söhbət edir, ona gün ərzində olanları danışırdı. Ölüm sual verir o isə cavab verirdi. Özünün də sualları çox idi,amma Nadir kişi susurdu. Zaman müəllim sərt insan idi, ancaq evində işləyən insanlara münasibəti pis deyildi. Bu evdə işləyən qadınlar çox danışmırdılar. Yalnız evin xanımı dediklərini yerinə yetirir, axşam da evlərinə gedirdilər. Bir gün Nadir kişi qadınlardan birinin ağladığını görüb ondan ağlamasının səbəbini soruşmaq istədi, lakin, yenə həmişəki kimi danışa bilməyib susdu. Ancaq o axşamdan sonra həmin qadına diqqətini artırdı. Bir müddət sonra anladı ki, Zaman müəllim həmin qadının evinə ərzaq yollayır, qadına artıq pul verir. Qadının nədən narazı olduğunu anlamırdı Nadir . Bir gün Zaman müəllim Nadiri kənara çəkib bir ünvan verdi və dedi ki,ordan bir qadını götürüb xəstəxanaya aparmaq lazımdır. Nadir adəti üzrə heç nə soruşmadan Zaman müəllimin dediyini etdi. Ünvana yaxınlaşıb zəngi basdıqda qapını ona Zaman müəllimin evində xadimə işləyən həmin ağlayan qadın açdı. Nadir kişi qadının xəstə olduğunu zənn edib onu xəstəxanaya aparmaq üçün gəldiyini dedi. Lakin, qadın ağlaya-ağlaya otaqdan başqa bir qadını, təxminən 17 -18 yaşlı bir qızı çağırıb dedi ki, xəstəxanaya o ,yəni həmin qadının qızı gedəcək. Nadir kişi yenə heç nə soruşmadan qızı və anasını xəstəxanaya apardı. Bir saat gözlədikdən sonra qadınlar gəlib maşına oturdular. Maşında qadın və qız elə ağlayırdılar ki, Nadir kişi qızın ölümcül xəstə olmasına şübhə etmədi. Lakin, qadınların maşındakı söhbətini eşitdikdən sonra vəziyyət dəyişdi. Qadın qızını qucaqlayıb onu sakit edərək:
Eybi yox, qızım. Biz kimik ki, Zamanın uşağının anası,nənəsi olaq? Sən cavansan. Bəlkə hələ həyatını yenidən qura bilərsən,- dedi. Qız isə hönkür- hönkür ağlayır və:
Ölmək istəyirəm. Kaş öləydim o gün mən! -deyirdi. Nadir maşının sürətini artırdı. Zaman müəllimin bu cavan qızla yaşayıb onun hamiləliyini bildikdən sonra körpəni tələf etməyi ona əmr etdiyini anlamışdı. O qadınları evə gətirib maşını sürətlə Zaman müəllimin işlədiyi ofisə sürdü. Heç nə demədən sakitcə pilləkənləri qalxdı . Katıbəyə “Zaman müəllim çağırıb” deyib içəri keçdi . Zaman təəccübdən ayağa qalxıb:
Sənin burda nə işin var?-deyə soruşdu. Nadir heç nə danışmırdı. O, bir neçə addım irəliləyib Zamanla üzbəüz dayandı, sağ əlini geriyə aparıb Zamanın üzünə bir yumruq ilişdirdi. Gözlənilməyən zərbədən Zaman yerə yıxıldı . Bunu görən Nadir ona iki təpik də vurub bir-iki “xoş” söz deyib otaqdan çıxdı. O pılləkənləri düşə-düşə hiss edirdi ki, ayaqları büdrəyir,başı gicəllənir. Bir təhər özünü maşına salıb sükanın arxasına keçdi və maşının qabaq oturaçağında oturan Ölümü gördü. Ölüm sarsılmışdı. O, Nadir kişini bərk-bərk qucaqlayıb:
Sən kişi kimi ölürsən. Təqaüdü almasan da o pulu başından aşandan daha qeyrətlisən! Bağışla məni, bütün bunları anlasam da daha səni buraxa bilmərəm. Sən susaraq, dözərək, namussuz yaşaya bilmədin. Allah sənə rəhmət eləsin!
Bir neçə dəqiqədən sonra Nadir kişinin cəsədini evinə yola saldılar. Onun qəfil ölümü min bir sual doğurdu. Nədən? Nə üçün? Niyə? Suallar… yenə suallar… Bəlkə elə susaraq yaşayaydı Nadir kişi? Nə çox ətrafda diriykən ölü. Yenə sual…
Nəriman şəhərdə anadan olmuşdu, düz mərkəzdə. Uşaqlığı da burada keçmişdi, gəncliyi də. Ağlı kəsəndən qarşısına məqsəd qoymuşdu. Ali təhsil almaq lazımdır. Buna görə də başqa həmyaşıdları kimi şəhərin bu başından girib, o başından çıxmağı xoşlamırdı. Bütün gücünü, enerjisini oxumağa sərf eləyirdi. İstəyinə nail oldu da. Ali məktəbə daxil oldu. Təhsilini uğurla başa vurub orta məktəbdə müəllim işləməyə başlamışdı. Şagirdlərə Azərbaycan dili və ədəbiyyatı öyrədirdi. Elə işlədiyi məktəbdə təsviri incəsənət fənnindən dərs deyən Aysu xanıma ürəyini açdı. Həyatın enişli-yoxuşlu yollarında onunla qoşa addımlamaq istədiyini bildirdi. Arzusu, istəyi qarşılıqsız qalmadı. Aysu xanım bu həssas oğlanın hisslərini cavabsız qoymadı. Evləndilər. İlk övladları dünyaya gələndə sevinclərinin həddi-hüdudu yox idi, xoşbəxtlikdən göylərdə uçurdular. Adını Maqsud qoydular. İlk uşağın ayağı düşərli oldu. Bir neçə il ərzində ailənin daha üç övladı dünyaya gəldi. Gənc ata-ananın ən böyük arzusu onları tərbiyəli, mədəni və savadlı, sağlam düşüncəli bir insan kimi yetişdirmək idi. Bunun üçün hər biri əziyyətə qatlaşır, yorulmaq bilmədən uşaqların tərbiyəsi ilə məşğul olurdular. Onlara ədalətli olmağı, haqqı-nahaqqa qurban verməməyi aşılayır, mərd və vətənpərvər olmağı, yaltaq olmamağı, yalan danışmamağı tövsiyə edirdilər. İllər bir-birini əvəz eləyir, uşaqlar böyüyürdülər. Ata-ananın zəhməti hədər getməmişdi. Çəkilən əziyyət öz bəhrəsini verirdi. Övladları tərbiyəli, böyük-kiçik yeri bilən, ağıllı-kamallı idilər. Məktəbdə də bütün müəllimlər onlardan razılıq edirdilər. Beləcə illər keçdi. Ailənin böyük oğlu məktəbdə fəal, yaxşı oxuyan Maqsud ali təhsil dalınca getmədi, sürücülük kursuna daxil oldu. Kursu bitirib, ictimai nəqliyyatda sürücü işləməyə başladı. Evin ikinci uşağı Tamilla ali məktəbə daxil oldu. Ali təhsil aldıqdan sonra şəhərin başqa bir məktəbində tarix müəllimi kimi fəaliyyətə başladı.
Üçüncü uşaq olan Natiqə isə ən kiçik yaşlarından ibtidai sinif müəlliməsi olmağı arzulayırdı. O da bu arzusuna çatdı. Təhsilini başa vurduqdan sonra ilk dəfə sinfə girəcəkdi, birincilərə “Əlifba”nı öyrədəcəkdi. Çox həyəcanlı idi. Atası Nəriman da onun çox həyəcanlı və gərgin olduğunu görüb yanına çağırdı, öz məsləhətlərini verdi.
– Qızım, çox məsuliyyətli bir işə başlayırsan. Müəllim olmaq, həm də ibtidai sinif müəllimi olmaq şərəfli bir işdir. Gərək onun məsuliyyətini həmişə öz üzərində hiss edəsən. Hər birimizin taleyində məktəbin və ilk müəllimin əhəmiyyətli yeri var. Yəni sənin bünövrəsini qoyacağın təlim-tərbiyənin saflığı, təmizliyi, möhkəmliyi hər bir şagirdin gələcəkdə bir şəxsiyyət kimi, insan kimi formalaşmasında önəmli rol oynayacaqdır. Məktəbə müxtəlif ailələrdən müxtəlif xarakterli uşaqlar gəlir. Tərbiyəsiz və xuliqanın uşağı da məktəbə gəlir. Bu mənada sinif müəlliminin üzərinə böyük və müqəddəs vəzifə düşür. Sinif müəllimi dörd il ərzində şagirdlərə dərs keçməklə yanaşı elə tərbiyə verməlidir ki, tərbiyəsiz və xuliqanın ailəsindən gələn uşağı da tərbiyələndirə bilsin. Əgər müəllim sinifdə sağlam tərbiyəvi mühit yarada bilirsə istədiyinə nail ola bilir. Bunun üçün işgüzarlıq və seçdiyin peşəni sevmək lazımdır. Ona görə də qızım, madam ki, bu peşəni seçmisən, cani-dildən işə girişəcəksən, peşəni sevəcəksən. Şagirdlərinin saf, ədalətli, sağlam düşüncəli, cəmiyyət üçün yararlı vətəndaş olmaları üçün var gücünü əsirgəməyəcəksən. Əgər bunları eləyə bilsən başa düşən şəxslər arasında hörmət sahibi olacaqsan. Hamı öz övladının təlim-tərbiyəsini sənə tapşırmaq istəyəcək. Hər şey gözünün qabağındadır. Elə sənin ilk müəllimin Nabat xanım belə müəllimlərdən deyilmi? Nəriman ayağa durub onu diqqətlə dinləyən, sevincdənmi, həyəcandanmı gözləri yaşaran qızının alnından öpdü, bağrına basıb saçlarını sığalladı. Özü də kövrəlmişdi. Qəhərləndiyini qızına hiss elətdirmək istəmədi. – Sənə uğurlar diləyirəm, qızım! Yolun işıqlı, aydın olsun, – deyib çevrilib getdi.
Qəhər boğazında düyünlənib qalmışdı. İçinə özünün də hiss eləyə bilmədiyi bir fərəh hissi dolmuşdu. Dünənə qədər hələ körpə uşaq kimi baxdığı övladı müəllim olacaq, sinfə girəcək. Allah yolunu uğurlu eləsin. Evin sonbeşiyi Eldar da orta məktəbi bitirdi. Ürəyinin hökmü ilə sənədlərini texniki universitetə verdi. İstədiyi fakültəyə daxil oldu. Bu xəbəri atası Nərimana, anası Aysu xanıma verəndə onların sevinci bir mənzilə sığmadı. Xoşbəxtlikdən quş kimi uçan ana bu sevinci zəng edib qohum-əqrabalarla bölüşürdü. Ata dostlarına zəng eləyib, – kiçik oğlum Eldar texniki universitetə daxil olub, yığışın, sizə qonaqlıq verəcəyəm. Çəkilən zəhmət yavaş-yavaş öz bəhrəsini verirdi. Tamilla məktəbdə müəllimə işləyə-işləyə elmi iş götürmüşdü. Tezliklə müdafiə elədi, alimlik dərəcəsi aldı. İyirmi beş yaşı olanda ona elçi gəldilər. Nəriman ürəyində fikirləşirdi: – Qız köçəri quşdur. Əvvəl-axır uçub gedəcək. Həyat yoldaşı ilə məsləhətləşəndən sonra elçilərə “hərisini” verdilər. Nəriman da, Aysu xanım da ilk zamanlar bununla barışa bilmirdilər. Amma zaman hər şeyə sığal çəkdiyi kimi, bu da yoluna düşdü. Toy eləyib Tamillanı ər evinə köçürəndə Nəriman qızının alnından öpüb xeyir-dua verdi: – Get, qızım, xoşbəxt ol! Getdiyin ocağa xeyir-bərəkət, ruzi apar. Həyat yolun nurlu, uğurlu olsun! İllər keçir, yaş üstünə yaş gəlir, Nəriman müəllimlə Aysu xanım yaşa dolurdular. Tamilladan sonra Natiqəyə də elçi gəldilər. Valideynlər el adəti ilə Natiqənin də toyunu elədilər. Ata-ananın xeyir-duası ilə evin kiçik qızı da gəlin köçdü. Bir gün gərgin işdən sonra Nəriman divanda oturub həyat yoldaşı Aysu xanımı səslədi: – Ay xanım, gəl otur görək. Deyirəm, ay Aysu, atalar yaxşı deyib: “Qız yükü-duz yükü”. İndi allaha şükürlər olsun ki, qızları köçürdük. Allah onları xoşbəxt eləsin! Allah qoysa, nəvələr dalbadal gələcək. Qaldı oğlanları “baş-göz” eləmək. Ömür vəfa etsə, onu da görərik. Qızları köçürdükdən sonra ata-ananın fikri-zikri övladlarının yaşca ən böyüyü Maqsudu evləndirmək idi. Onun da yaşı keçirdi. Evə gəlin gətirmək, nəvə qayğısı çəkmək, bu sevinci yaşamaq istəyirdilər. Ona görə də tez-tez Maqsudu bu işə sövq eləmək üçün deyirdilər:
– Ay bala, sən də bir tərpən görək. Bizim də yaşımız keçir. Bir gözaltın varsa de, gedək “hərisini” alaq. Nə qədər canımızda can var, toyunu eləyək, bu evdən də körpə qığıltısı gəlsin. Maqsud da onları ümidsiz qoymur, deyirdi: – Ay ana, zamanı çatanda o da olacaq. Sən hazırlığını gör. Maqsud bu zəhmətkeş, mehriban, qayğıkeş insanları çox gözlətmədi. Sevib-seçdiyi bir qızla nişanlandı. Toyunu etdilər, ata-ana sevinci bir ocağa sığmırdı. Uzun illər ana bu arzunu, istəyi ürəyində gəzdirmişdi. Bu toyu dəfələrlə xəyallarında qurmuşdu, gəlin gətirmişdi. İndi arzuları çin olmuşdu. Nəriman müəllim də, Aysu xanım da çox mehriban, səmimi və ədalətli insan idilər. Cəmiyyətdə, gündəlik həyatlarında rastlaşdıqları ədalətsizliklər, haqsızlıqlar onları üzürdü. Uzun illər işlədikləri məktəbə yeni direktor gəlmişdi. Yeni direktor məktəbə təhsil ocağı kimi baxmırdı. O məktəbdə qeyri-sağlam mühit yaratmaqla bərabər, vəzifəsinə şəxsi qazanc mənbəyi kimi baxırdı. Bu da təmiz qəlbli insanlara çox pis təsir edirdi. Nəriman çox həssas adam idi. Hər şeyi ürəyinə salır, içində çəkirdi. İnsanları acılamaq, kiminsə xətrinə dəymək onun xarakterinə yad idi. Altmış yaşı var idi, amma çox yaşlı görünürdü. Həyat yollarında o qədər haqsızlıqlarla, eybəcərliklərlə qarşılaşmışdı ki! Ömrünün müdrik çağında da, altmış yaşında dünyasını dəyişdi Nəriman kişi. Həyat yoldaşının ölümü Aysu xanımı çox sarsıtmışdı. Onun yoxluğuna alışa bilmirdi. Gecələr yuxusundan çıxmırdı. Nəriman müəllimin vəfatından sonra Aysu xanım yalnız bir il yaşaya bildi, haqqın rəhmətinə getdi. Ata-ananın ölümündən bir müddət keçmişdi. Kiçik qardaş Eldar isə hələ də subay idi. Maqsud fikirləşdi ki, bu nə qədər subay gəzəcək. Onun da bir isti yuvası olmalıdır, ailə qurmalıdır. Artıq iyirmi səkkiz yaşı var. Qərara aldı ki, Eldarla bu barədə söhbət eləsin. Bir dəfə axşam ata ocağında süfrə başında Maqsud qardaşının fikrini bilmək istədi:
– Qardaş, – dedi, ata-anamız dünyadan vaxtsız getdilər. Bacılarımızın, mənim toyumu gördülər, nəvələrini gördülər. Amma səndən nisgilli getdilər, toyunu görə bilmədilər. Allah onlara rəhmət eləsin! Onlar haqq dünyasındadırlar. Evlənmək, ailə qurub oğul-uşaq sahibi olmaq sənin də haqqındır. Əgər bir istədiyin, sevib-seçdiyin varsa de, elçi gedək, nişan eləyək. Böyük qardaşı ilə arasında pərdə saxlamışdı həmişə. Maqsudun ona olan bu isti münasibəti və valideynləri haqqındakı söhbəti Eldarı kövrəltmişdi. Anasının da vəfatı onu lap ruhdan salmışdı. Sevdiyi qız olsa da, evlənmək barədə fikirləşə bilmirdi. İndi Maqsud bu barədə söhbət açanda özünü saxlaya bilmədi. Başını sinəsinə əyib hıçqıra-hıçqıra ağladı. Maqsud da ona qoşuldu, üzünü yana çevirdi ki, Eldar onun göz yaşlarını görməsin. Tez də toxtadı, əlini Eldarın çiyninə qoydu: – Yaxşı, yaxşı, sakitləş. Həyat davam eləyir, qardaşım. Sən əgər evlənib ailə sahibi olarsansa, onların da ruhu şad olar. Eldar Maqsudun belə ərkyana münasibətindən ürəkləndi. Bir qızdan xoşu gəldiyini, onu çox sevdiyini dedi. Maqsud bacılarını da götürüb, el adəti ilə elçi getdi, qızın atasının razılığını aldılar. Bir neçə aydan sonra toy gününü müəyyənləşdirdilər. Toyun vaxtı gəlib çatdı. Qonaqlar yavaş-yavaş toplaşırdı. Bəy ilə gəlin də gəlib məclisin baş tərəfində yerlərini tutmuşdu. Eldarın üzü sanki çiçək açmışdı. Utancaq baxışları ilə hamıya nəzər salır, gülümsəyirdi. Üzündən, gözündən xoşbəxtlik yağırdı. Maqsud gözlərində toplanıb qalmış göz yaşlarını sildi. Ürəyində düşündü: – Ay Allah, nə yaxşı oldu, qardaşım da ailə qurur. Kaş atam, anam həyatda olaydı. Eldarın bu şad gününü görəydilər. Ona öz xeyir-dualarını verəydilər, qol götürüb kiçik oğullarının toyunda oynayaydılar. Bu düşüncələrlə tamadaya tərəf getdi. Onu bir tərəfə çəkib başa saldı: “Bəyin ata-anası vəfat eləyib. İstəmirəm məclisin ahəngi pozulsun. Musiqiçilərə çatdır ki, ata-ana haqqında kövrək notlu mahnılar oxumasınlar. Belə mahnı oxunarsa Eldar eşidib kövrələ bilər. İstəmirəm qardaşım bu gün kövrəlsin”. Maqsud bunu deyib qonaqlarla görüşüb xoşgəldin eləməyə başladı. Çox gözəl və şən bir məclis idi. Hamı yeyib-içir, rəqs edir, şənlənirdi. Maqsud qıraqdan durub qonaqları seyr edir, onlarla rəqs edir, yeni gələn qonaqları yerləşdirirdi. Arada qohumlara, dostlara qoşulub rəqs eləyirdi. Bacıları tez-tez rəqs eləməyə çıxır, qohumları, iş yoldaşlarını, rəfiqələrini də oynamağa dəvət edirdilər, çox şən görünürdülər. Maqsud bunları görəndə həm qürur hissi keçirir, həm də kədərlənirdi.
Ancaq ürəyində öz-özünə təsəlli verirdi: “Doğrudur, bir gün yaranan, bir gün bu dünyadan köçüb gedəcək. Heç kim bu dünyanı tutub durmayacaq. Yəqin ki, indi atamın-anamın ruhları burda dolaşır. Onlar övladlarının bu sevincini, xoşbəxtliyini görür, ruhları şad olur. Şükür allaha ki, nəslimizin varlığı davam edir”. Maqsudu xəyallarından böyük bacısı Tamilla ayırdı: – Nə dayanmısan, bütün qohumlar rəqs eləyirlər. Sən də gəl. Tamilla onu çəkə-çəkə məclisin ortasına apardı. Maqsud da oynaya-oynaya bir tərəfdə rəqs eləyən əmisi qızı Nurlanəyə və onun həyat yoldaşı Natiqə yaxınlaşdı. Nurlanə xanım pedaqoq idi. Uzun illər idi ki, bu yolu seçmişdi. Həm də pedaqoji elmlər doktoru idi. Hamı onu savadlı bir alim kimi tanıyırdı. Üç elmi kitabı da çap olunmuşdu. Çoxlu elmi məqalələri var idi. Maqsud onlarla birlikdə rəqs elədi, sonra başqa qonaqların yanına keçdi. Əmisi qızı və yoldaşı Natiq hiss olunurdu ki, çox rəqs eləyib yorulmuşdular. Oynayanların yorulub bir-bir yerlərinə keçdiyini görən musiqiçilər də əllərini bir az yavaşlatdılar. Nurlanə xanım da öz masaları tərəfə yönəldi. Birdən ayaq saxladı. Arxada gələn həyat yoldaşı Natiq ona çatanda əyilib qulağına “Ana” mahnısını oynamaq istədiyini dedi. Bir neçə saniyəlik söhbətdən sonra Natiq geri dönüb musiqiçilərə sarı getdi. O, qarmonçalana “Ana” mahnısını ifa etməyi sifariş verdi. Qarmonçalan isə əl və baş hərəkətləri ilə ona vəziyyəti başa salmağa çalışırdı. Ancaq müsahibi onu başa düşmək istəmirdi. Uzaqdan baxana aydın olurdu ki, onların arasında əməlli-başlı narazılıq yaranıb. Müğənni də işə qarışdıqdan sonra Natiq əsəbi halda özünü Maqsuda yetirdi. Müqəddiməsiz-filansız onu sorğuladı: – Maqsud, bu nə hərəkətdi eləyirsən? Nə vaxtdan toyda musiqi “zakaz” eləmək qadağan olub? Köhnə bazara təzə nırx qoyursan? Niyə qoymursan camaat istədiyini “zakaz” eləyib oynasın? Bunları söyləyə-söyləyə Natiq tez-tez uzaqdan onları izləyən Nurlanə xanıma baxırdı. Əlbəttə, Maqsud da bunu sezməmiş deyildi. Məsələnin haradan qaynaqlandığını başa düşürdü.
Maqsud Natiqin qolundan tutub: – Gəl, bir az kənara çəkilək, səbəbini sənə deyim. Natiq hirsli-hirsli qolunu onun əlindən çıxarıb, yanaşı addımladı. Foyeyə çıxdılar. Maqsud musiqiçilərə belə bir tapşırıq verdiyini söylədi və səbəbini izah eləməyə başladı. Elə bil bayaqdan çox əsəbi görünən Natiqin hirsi bir az soyumuşdu. Narazı sifəti isə Maqsudla razı olmadığını büruzə verirdi: – Daha bunun nəyi toy oldu, – deyib getmək istəyəndə Maqsud onu saxladı: – Natiq, qardaşım, toy elə belə olar də! Deyib-gülər, şənlənərlər. Niyə axı, mütləq bu şən, xoşbəxt günümüzdə kimsə kədərlənməli, göz yaşları axıtmalıdır? Mən çox təəssüf eləyirəm, niyə başqaları bunu tələb eləmir, məhz sən və mənim sevimli əmim qızı istəyirsiniz? Bunları deyəndə qəhər Maqsudu boğdu. Sözlərini axıra zorla çatdırdı. Kövrəldi. Gözləri yaşardı. Natiq vəziyyətin dəyişdiyini görüb daha bir söz demədi, həyat yoldaşının yanına qayıtdı. Bayaqdan bütün olanları uzaqdan müşahidə edən pedaqoji elmlər doktoru, pedaqoq Nurlanə xanım Natiqin gəldiyini görüb ayağa qalxıb ona tərəf gəldi. Natiq hər şeyi aydınlaşdırmağa başladı. Natiq danışır, Nurlanə isə gah gözlərini qıyır, gah da gözlərini iri açaraq o tərəf-bu tərəfə baxır, narazı-narazı başını bulayırdı. Natiq hər şeyi ona “doklad” eləyəndən sonra qəddini düzəltdi, pencəyinin düymələrini açıb ətəklərini yana elədi, iki əlini də belinə qoyub Nurlanədən cavab gözlədi: – Nə deyirsən? Natiqin bu sualı onu lap hövsələdən çıxardı, hikkəsini artırdı: – Nə deyəsən, yığış gedək, – deyib masaya yaxınlaşdı. Çantasını götürüb həmin masada oturanlara ağızucu “sağ olun” dedi və heç kimlə görüşüb sağollaşmadan çıxışa doğru yönəldi. Maqsud hər şeyi gizlin-gizlin izləyirdi. Bacılarının isə heç nədən xəbərləri yox idi. Onlar həyat yoldaşları və uşaqlar ilə, qohumlarla birlikdə bəylə gəlini rəqsə dəvət etmişdilər. Tamilla və bacısı növbə ilə onların qarşısında oynayır, hər ikisini qucaqlayıb öpür, xoş arzularını bildirir, xeyir-dua verirdilər. Bəylə gəlin çox xoşbəxt idilər. Alim xanım “Ana” mahnısını rəqs eləyə bilməmişdisə də, Maqsud yenə özünü qınamadı.
Elə bil bir səs gəldi qulağma. “Ana, ana…” Biixtiyar ətrafa boylandım. Kimsə görünmürdü. Nədənsə, səsdə bir doğmalıq hiss etdim. Tərəddüd və həyəcan içində ikən səs yenidən eşidildi, özü də lap yaxından. Sanki yuxudan ayıldım, səsin sahibi ilə qarşı-qarşıya idim. Heyrətdən tutulmuşdum elə bil. Baxışlarımız toqquşanda vücudum titrəyirdi. Çünki o, mənim oğlum idi, o mənim Kənanım idi. Yanağımın islandığını, boğazımın düyünləndiyini, ürək döyüntülərimin artdığını hiss etdim. Oğluma yaxınlaşdım, bağrıma basıb bərk-bərk sarıldım ona, qoxusunu içimə çəkdim. Ondan cənnətin, vətən torpağının xoş ətri gəlirdi. O da mənə sarıldı, özümü gücsüz, zəif, taqətdən düşmüş hiss etdiyim halda, elə bil o mənə gücümü qaytardı. Onu dindirməyə çalışdım, axı xeyli vaxtdır onun üzünə, səsinə, nəfəsinə həsrət qalmışdım. İndi fürsət idi, onun səsini eşitmək üçün bir fürsət.
-Oğlum, niyə susursan, nə olar, danış, bir kəlmə də olsa de?! İnanırdım, inanırdım ki, geri dönəcəksən. Bu vaxtadək haralarda idin? Başına dönüm, ay oğul, danış!
-Ana, ana…
-Can, igidim, igid balam, danış!
-Niyə ağlayırsan axı, bu nə kədərdir varlığına hakim kəsilib? Bax, indi yanındayam. Mən ölməmişəm, ana, yaşayıram. Mən hər gün, hər saat, hər saniyə sənin yanında olmuşam.
-Yəqin indi ac olarsan, gəl, gəl əyləş, yemək gətirim.
-Yox, ana, yox… Sənin nəfəsin qidalandırdı məni, bu kifayətdir. Ana, indi burada olmağımın səbəbi çöhrəndə kök salmış kədərdi. O kədəri silmək üçün gəlmişəm ana! Bir ətrafına bax, ana, gör uşaqlar necə xoşbəxtdirlər. Biz elə bunun üçün canımızı, qanımızı fəda etdik. Əgər bu fədakarlığı etməsəydik, nə bu vətən azad olardı, nə də uşaqlar xoşbəxt. Sən əslində qürur duymalısan, qürur duymalısan ki, sən şəhid anasısan! Elə bilirsən bu hər kəsə nəsib olur? Yox, ana, yox…
Oğlumun bu sözlərinin qarşısında donub qalmışdım, nə deyəcəyimi, nə edəcəyimi bilmirdim. Elə bil bütün kəlmələr boğazımda tıxanıb qalmışdı, göz yaşlarım isə susmaq bilmirdi. Araya çökmüş ani sükutdan sonra çətinliklə də olsa, özümü ələ alıb, “Vətəni bizdən daha çox sevdin, ailəni yox, vətəni seçdin, oğul! Bizi gözü yaşlı, qəlbi yaralı qoydun” – dedim. O isə xəfif bir təbəssümlə:
-Elə demə, ana, mənim kimi minlərlə oğul sizi qorumaq üçün çalışdıq, vuruşduq. Həm də o xain düşmən tərəfindən min cür əzaba, zülmə, təcavüzə, işgəncəyə məruz qalmış anaların, bacıların qisasını biz almalı deyildikmi? Ana, mənsub olduğum bu xalq da mənim bir ailəmdir, düşmən əsirliyində namusu tapdananlar, alçaldılanlar da mənim xalqımın – ailəmin bir parçasıdı. Şərəfi tapdanan, torpaqları əlindən alınan bir vətənin nümayəndəsi kimi yaşamaq çox çətin idi, ana. Amma indi biz qisasımızı aldıq, şərəfimizi, torpaqlarımızı qaytardıq. Xarı bülbül ətri duyulan torpaqda vuruşduq, hər daşı, hər qayası müqəddəs olan torpaqları qanımızla suvardıq, illərdi doğma nəfəsə həsrət qalan yurdumuzu nəfəsimizlə isitdik. Bunu biz bacardıq, ana, sil gözünün yaşını. İndi mən gedirəm, ana, özünə yaxşı bax, – deyib qeybə çəkildi. Təəssüf ki, o gedişin bir dönüşü yox idi…
20 Oktyabr tarixində “18 Oktyabr 1991- Azərbaycan Respublikasının müstəqilliyinin bərpası günü” münasibətilə keçirdiyimiz konfransın videoyazısını təqdim edirik. Konfrans 4 saat davam etdiyi üçün videoyazını Youtube kanalında iki hissəyə böləsi oldum. Bu birinci hissədir. Heç bir çıxışı qaçırmayın. Dəyərli ziyalılarımızın bir-birindən maraqlı çıxışlarını dinləyin. Səmimi ortamda fikir mübadiləsi apardıq.
Konfransda dövlətimizin müstəqilliyinin qazanılması və bərpası tarixi, müstəqilliyinin möhkəmləndirilməsi yolunda gedən processlər, suverenlik uğrunda savaş, müstəqilliyin əhəmiyyəti və digər milli məsələlər üzərində fikir mübadiləsi aparılır.
Tədbiri mediada işıqlandıran Zaur Ustaca və əziz Günay xanım Əliyevaya dərin təşəkkürümüzü bildiririk.
Çıxış edənlər: İsveçdən Səadət Kərimi, Eluca Atalı, Hüseyn Nəsirli, Bakıdan Güllü Yoloğlu, Mehriban Vəzir, Esmira Fuad, Xanım Qasımova, Zaur Ustac, Jalə Cəfərova, Kusey Kıprsdan prof. Mehman Dəmirli, Türkiyədən Gülarə Yenisey, Kanadadan Yeganı Cəfərova, Almaniyadan Alov İnanna Eyvazova, Fransadan Günel Səfərova, Rusiyadan Xatirə Gəmbərova, Ülviyyə Abbasova və Şahnaz Kamal, Səudiyyə Ərəbistandan Nigar Xəlilova, Norveçdən Hikmət İbrahimli.
Bakıdan qatılan iştirakçılar Əli Şamil hocaya, İradə xanım Əlili, Məhbuba Məmmədova, İlhamə Quliyeva, İrandan Eldar Sadiğ, Rusiyadan qatılan prof. Rafail Qəribov, Xeyransa Mirzoyeva, Qızqayıt Gədiriva, Sahibə Qalayeva, Türkiyədən dos. İlkin Qulusoy, İsveçdən Ülviyyə Nəcəfova, Rəşadə Moen, Taymza bəy, Azər Baxşaliyev, Norveçdən Günay Əliyeva, Təranə Mirzagayeva, və başqa soydaşlara göstərdiklri diqqət və marağa görə çox təşəkkür edirik.
Yolçuluq haraya?… Haray salma, dost! Bütün küçələrin bir çıxışı var, Həlim baharı var, quduz qışı var… Bir son mənzili var bütün yolların. Olur ki, arada enirsən pəsə, Sürəkli zili var bütün yolların; Getmək və bir daha geri dönməmək!
Bu nə su səsidir? Susub da dinlə! Gör necə susayır adam həyata, Nə könlün istəyə, nə əlin çata… Bütün axınların birdi məcrası, Vaxtın axarından qurtulmaq olmur… Bizimki bir ömür qasırğalardı, Tanrının üzünə ağ olmaq olmur; Düşmək və qərq olmaq fırtınalarda!
Bəs bu nə göz yaşı? Yaşlanır adam! Nə var bu dünyada əbədiyaşar? İtkini, azğını… varoğlu var, var… Bir ucu olumdur, bir ucu ölüm, Bir kəməndlik ipdir dolaşıq düşən. Hər yaxşı olanın bir bəd sonu var, Zülmətə batacaq o işıq düşən; Çin çıxmaz dənizə söylənən yuxu!
Axı bu nə yoldu? Yolma saçını! Yolçu var, yoldaş var, yolun daşı var, Hərəsi bir cürə baş ağrısıdır. Adamı cəzb edən təkcə ürək yox, Yaddaş ağrısıdır, daş ağrısıdır. Dabana tüpürmək asan iş deyil, Ağrıyar ayağın xıra düşəndə… Bir də var əl yeri… tutanaqları, Qopara düşəndə, qıra düşəndə; Qəzası başqadır olacaqların, Ağrıma, dostum!