Kateqoriya arxivləri: Akif Abbasov

AKİF ABBASOV – MUSTAFA KAMAL ÇANAQQALA DÖYÜŞLƏRİNDƏ

 ÇANAQQALA ZƏFƏRİNİN 107-ci İLDÖNÜMÜ

Çanaqqala döyüşləri Osmanlı ilə Antanta dövlətləri arasında 1915-ci il martın 18-dən 1916-cı il yanvarın 9-dək davam edən dəniz və quru müharibəsidir.  Bu qanlı savaşda  minlərlə azərbaycanlı iştirak etmiş, üç mindən çox azərbaycanlı  şəhid olmuşdur.

  Çanaqqala döyüşlərində Osmanlı ordusu 250 min şəhid versə də, Çanaqqala boğazını keçilməz etmişdir.

AKİF ABBASOV

MUSTAFA KAMAL ÇANAQQALA DÖYÜŞLƏRİNDƏ

                (“Samsundan başlanan yol” romanından)

Mustafa Kamal vaxt itirmədən Gelibolu yarmadasına yola düşdü. 1915-ci ilin yanvar ayının ortaları idi. O, yarımadada yerləşən Tekirdağ şəhərinə gəlib on doqquzuncu diviziyanı təşkil etməyə başladı.

 Fevral ayının 25-də bu diviziya yerini dəyişib Maydosa (Ejeabada) köçdü. Bu şəhərlər yarımadada Dardanel (Ağ dəniz) boğazı hövzəsində yerləşirdi. Burada Mustafa Kamal sərəncamında olan diviziyadan başqa həm də ikinci piyada alayını və bir sıra topçu birləşmələrini də tabeçiliyinə aldı. Beləliklə, o, Maydos hərbi dairəsinin komandanı oldu.

Yarımada narahat günlərini yaşayırdı. Martın 18-də ingilis donanması Çanaqqala  boğazını keçməyə cəhd etdi. Bunu görən sahil topçuları onları şiddətli atəşə tutdular. Düşmən ağır itki verdi, lakin öz niyyətindən əl çəkmədi. İngilislər yarımadaya desant çıxarmaq fikrində idilər. Türk ordusu bundan vaxtında xəbər tutdu.

            Geliboluda beşinci ordu yaradılmış və alman generalı Liman fon Sanders ordu komandanı təyin olunmuşdu. O, ingilis həmlələrinin qarşısını almaq üçün ordu qüvvələrini üç qrupa bölmüş və onları təlimatlandırmışdı.

Mustafa Kamalın komandanlığı altında olan birləşmələr ehtiyat qüvvə kimi dayanıb dururdu. Baş plana əsasən, Mustafa Kamalın diviziyası aprelin 18-də Tümeni və Bıqalı şəhərlərinə doğru hərəkət etdi.

         İngilislər axır ki, öz planlarını həyata keçirdilər və aprelin 25-də Çanaqqalada Səddülbahir və Arıburnu bölgəsində desant çıxardılar. İlk desant dəstələri Mustafa Kamalın ordusu yerləşən ərazidə gözə dəydi. Bunu görən Mustafa Kamal tez qoşunları Bıqalıdan Conkbayıra köçürdü. İngilis ordusu Arıburndan Conkbayıra doğru irəliləyirdi. Lakin elə həmin gün bu qüvvələr on doqquzuncu diviziyanın həmləsinə tuş gəlib geri oturduldu. Ordu komandanı general Liman fon Sanders əməliyyatı müvəffəqiyyətlə həyata keçirdiyi üçün Mustafa Kamala öz təşəkkürünü bildirdi. İyun ayında Mustafa Kamala albaylıq  rütbəsi verildi.

Atatürk Çanaqqala döyüşlərinin qəhrəmanı Koca Seyidi yadına saldı. Koca Seyid evli idi, bir qızı da doğulmuşdu. Qayğıya ehtiyacı olan qoca ata-anası vardı. Bir sözlə, evdə-eşikdə lazım idi, öz ailəsinin, arvadının, körpə qızının yanında olmaq, valideynlərinə həyan durmaq üçün. Fəqət Osmanlı Türkiyəsi ağır gündə idi. Belə bir zamanda evdə, isti ocağın qırağında oturub qızınmaq kişilikdən deyildi. Odur ki Koca Seyid könüllü orduya yazılıb, cəbhəyə yollandı. Bu, 1909-ju ilə təsadüf edirdi. Üst-üstə doqquz il orduda xidmət etdi. Düz doqquz il evindən-eşiyindən ayrı düşdü, ailəsində baş verənlərin birindən xəbər tutdusa, digərindən xəbər tuta bilmədi, başqa bir xəbəri də ondan gizlətdilər.

         Bu doqquz ilin içində neçə dəfə yır-yığış elədi ki, tərxis olunub evə qayıdır, hər dəfə bir iş çıxdı və o, əsgəri xidmətini başa vura bilmədi. Gah Balkan müharibəsi, gah Ədirnə fəthi oldu. Nəhayət, gəlib min doqquz yüz on dördüncü il yetişdi. Birinci dünya müharibəsi başlandı. Belə məqamda ordudan tərxis oluna bilərdi?! Çanaqqala qan ağlayırdı. Koca Seyidi Çanaqqalaya göndərdilər: “Orada sənin kimi igidlərə ehtiyac var. Get, düşmənin anasını ağlat!” – dedilər.

Çanaqqala cəhənnəmi xatırladırdı. Fransız qoşunları, ardınca da ingilis ordusu boğaza girmişdi. Ətrafa od saçırdılar. Bu dövlətlərin nə qədər desən silahı, topu-tüfəngi, canlı qüvvəsi vardı. Saya-hesaba gəlməzdi. “Kraliça Yelizaveta” və “Okean” hərb gəmiləri atəşə ara vermirdi. Türk əsgərləri və zabitləri düşmən donanması ilə qeyri-bərabər döyüşdə müqavimət göstərməkdə idilər, geri çəkilmək barədə fikirləşməyi belə özlərinə ar bilirdilər. Bu zaman bir top mərmisi döyüşçülərin lap yaxınlığında partladı. Havaya sovura bildiyini havaya sovurdu, sovura bilmədiyini yerə çırpdı. Yerin altı üstünə çevrilmişdi. Türk topları və əsgərlər torpağın altında qalmışdılar.

Onbaşı Koca Seyid özünə gələndə gördü ki, onu yarıyadək batdığı torpaqdan dartıb çıxarmaq istəyirlər. Özü də hərəkətə gəldi və birtəhər qurtuldu. Koca Seyid nə hadisə baş verdiyini anlamaq iqtidarında deyildi. Ətrafa baxdı. Nə əsgərlər, nə də zabitlər gözə dəyirdilər. Gözlərini dolandırıb yerdə uzananlara və şiddətli ağrıdan qıvrılanlara nəzər saldı. Saymağa başladı. Artıq döyüş yoldaşlarından on dördü həlak olmuşdu. İyirmi dörd yaralı vardı. Toplar torpağın altında qalmışdı. Bu cəhənnəmin içərisində fransız və ingilis donanması ilə üzbəüz vur-tut üç nəfər döyüş qabiliyyətli adam qalmışdı: biri batareya komandiri yüzbaşı Hilmi bəy, biri Niğdeli Əli, biri də Koca Seyid.

Fransızların “Okean” hərbi gəmisi atəş açmaqda davam edirdi. Türklərin topları sıradan çıxmışdı. Onbaşı Koca Seyid gedib birər-birər yoxladı. Yalnız bir top salamat qalmışdı, fəqət onun da vinci qırıq idi. Koca Seyid dilxor oldu, lakin inamını itirmədi, Allahdan imdad dilədi.

Bir qədər aralıda top mərmiləri vardı. Amma onun hər hansı birini qaldırmaq tək adamın işi deyildi. Yoldaşlarında da hey qalmamışdı ki, mərmiyə yaxın düşə bilsinlər. Gözlərinin qarşısında neçə-neçə say-seçmə igid, cavan əsgər yoldaşının öz canını tapşırması, o birilərinin isə yarımcan uzanıb yerdə qalması, Vətəninə olan sonsuz sevgisi, düşmənə nifrəti Koca Seyidin damarlarında axan qanı coşdurdu, ona sanki əlavə can, güc və qüvvət verdi. Ata-anasını, balaca qızını, arvadını gözləri önünə gətirdi: “Bu ingilislər, bu fransızlar basa-basa o uzaqlıqda yolu ona görə gəliblər ki, torpaqlarımızı tutub, bizi özlərinə kölə etsinlər? Ay siz öləsiniz!”

            Onbaşı Koca Seyid irəli yeridi. Yüzbaşı Hilmi bəy onun niyyətini başa düşüb:

– Seyid, tək nəfərin işi deyil, – dedi. – Özünü gücə salarsan, belin sərpər, ömrün boyu sürünə-sürünə qalarsan. Çəkil, onsuz da qaldıra bilməyəcəksən. Əli ilə mən də yaralı, əlimizdən bir iş gəlmir.

Koca Seyid özünə inamlı:

– Siz narahat olmayın. Hər halda cəhd eləyim, bəlkə alındı. Həm də gözümüz baxa-baxa necə yol verə bilərik ki, düşmən torpaqlarımıza soxulsun, arvad-uşağımıza əl atsın, babalarımızın gorunu söysün. Allah mənə o günü göstərməsin. Düşmən yalnız mənim meyitimin üstündən keçib Vətən torpağına ayaq basa bilər.

Top mərmilərinin hər birinin ağırlığı 275 kiloqram olardı. Koca Seyid bir anlığa yerində dondu. Anasından öyrəndiyi duaları oxudu, Allahını səslədi, ona güc-qüvvət verməyi xahiş etdi. Sonra yerə əyilib top mərmisini qaldırdı. Hiss etdi ki, sümükləri şaqqıldayır. Fikirləşdi ki, indi sümükləri bir-bir qırılacaq. Fəqət onların heç biri sınmadı. Koca Seyid gözlərini qaldırıb Vətənin göylərinə, gözlərini endirib Vətənin torpağına baxdı. Necə də böyük, qüdrətli, gözəl, füsunkar, doğma idi Vətən! Koja Seyid güc aldı, qüvvə topladı: “Ya Allah!” – deyib mərmini qaldırdı. Topa sarı gedib yerində oturtdu. Atəş açdı.

Fransız gəmisi qəh-qəhə çəkir, onun acizliyinə gülürdü. Koca Seyid ikinci mərmiyə güc elədi. Zor-bəla ilə, ayaqları bir-birinə dolaşa-dolaşa topa sarı apardı… Atəş açdı. Bu səfər ingilis gəmisi şaqqanaq çəkirdi.

Yüzbaşı Helmi:

– Seyid, özünü həlak edəcəksən!

Niğdeli Əli də öz növbəsində:

– İndi buraya bir mərmi atarlar, bizi də göyə sovurar, – dedi.

Koca Seyid hirsindən qaraldı:

– Deyirsən can bəsləyək?

O, israrlı idi. Top üçüncü mərmini də ağuşuna aldı. Yüzbaşı Helmi ilə Niğdeli Əli təəcüb qalmışdılar. Koca Seyiddə bu qədər güc haradan idi?

          Onbaşı Koca Seyidin artıq nə qollarında, nə ayaqlarında, nə də dizlərində taqət qalmışdı. Bir anlığa dincini aldı, əlinin ardı ilə tərini silib, yenə böyük yaradanı köməyə çağırdı: “Ya Allah!!!”

Atəş açdı.

Fransızların nəhəng gəmisi dənizdə ləngər vururdu. Onu alov bürümüşdü, göyərtədə bir çaxnaşma düşmüşdü ki, gəl görəsən. Gəmi yerində fırlanır və ətrafa atəş yağdırırdı. Atəş açdınca ətrafdakı fransız gəmilərinə itkilər verirdi. Bir müddət sonra yavaş-yavaş batmağa başladı.

Təhlükə sovuşdu. Cəbhədə dönüş oldu. Koca Seyidin qəhrəmanlığı dillərə düşdü. Dəniz donanması komandanı Cavad paşa düşmənə sarsıdıcı zərbələr vuran Məcidiyə batareyası döyüşçülərinə baş çəkməyə gəldi. Onlar bir neçə nəfər idi. Özləri ilə fotoqraf gətirmişdilər. Şəhidlərin dəfni ilə bağlı göstəriş verildi. Yaralılar dərhal hərbi xəstəxanaya yola salındılar. Cavad paşa yüzbaşı Hilmi bəy Əli və Koca Seyidlə görüşdü. Üzünü Koca Seyidə tutaraq:

– Seyid əfəndi, indi anlat o ağırlığında top mərmilərini necə qaldırıb atəş nöqtəsinə gətirə bildin?

Koca Seyid çiyinlərini çəkdi:

– Bilmirəm, paşam, vallah bilmirəm.

Cavad paşa fotoqrafa işarə etdi ki, yaxın gəlsin:

– Seyid əfəndi, indi o mərmilərdən birini qaldır, sənin şəklini yapsın. Xalqımız da, düşmənlər də görsün ki, bizdə necə igid oğullar var.

           Koca Seyid nə qədər əlləşdisə, mərmini yerindən tərpədə bilmədi. Pərt oldu, tər onu basdı. Belini dikəltdi. Əllərini yanlara açdı, yəni bacarmadım.

Cavad paşa:

– Bir daha, yenə cəhd et, – deyə dilləndi.

Fəqət yenə alınmadı.

Cavad paşa təəccüb içərisində soruşdu:

– Bu nədən olur, Koca Seyid? Mərmini qaldırırdın, indi isə qaldıra bilmirsən. Bunu necə başa düşək? Bəs sənin şəklini necə yapaq? Əcəb işdir…

Koca Seyid yadına salmağa çalışaraq:

–  Paşam, həmin hissləri yenidən yaşasaydım, mərmini bir daha qaldıra bilərdim. Sirr bunda imiş…

Həmin gün Koca Seyid mərmini yenidən qaldırıb əllərində tutdu. Onun şəklini çəkdilər. Fəqət mərminin içərisi boşaldılmışdı ki, onu qaldırmağa Koca Seyidin gücü çatsın…

Mustafa Kamal xəyaldan ayrıldı. Rəşad Nuri Güntəkinin “Çalıquşu” romanı dizinin üstündə idi. Vərəqləyib 23-cü səhifəni açdı və oxumağa davam etdi. O, Çanaqqala döyüşlərindən əvvəl “Çalıquşu” romanını mütaliə edərdi.

Vaxt gələcəkdi alman ordusunun şanlı-şöhrətli generalı Liman fon Sanders öz ixtiyarında olan bütün hərbi qüvvələrin komandanlığını Mustafa Kamal paşaya təslim edəcəkdi. İndi isə hələlik Otto Liman fon Sanders buralarda at oynadırdı.

Müəllif: Akif ABBASOV
Pedaqogika üzrə elmlər doktoru, professor, Əməkdar müəllim.

AKİF ABBASOVUN YAZILARI

PDF>>>ZAUR USTAC – “BB” HEKAYƏLƏR

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI

“YAZARLAR”  JURNALI PDF


YAZARLAR.AZ

===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Akif ABBASOV – QALSTUK ƏHVALATI

Akif ABBASOV

QALSTUK ƏHVALATI
(hekayə)
Zakir Qarayev akademiya institutlarının birində direktor idi. Son dərəcə zəhmli, ciddi və tələbkar şəxs olduğundan institut əməkdaşları ondan çəkinərdilər.
Zakir müəllim özünü çəkmirdi, lap əvvəldən xasiyyəti beləydi. Qaraqabaq idi. Şöbələrdə tədqiqat işlərinin müzakirəsində çox vaxt özü də iştirak edər, iradlarını bildirərdi. Seçmə yolu ilə bəzi tədqiqat işlərinin müzakirəsi hətta institut Elmi şurasının iclasına da çıxarılırdı. Bu, əməkdaşlarda məsuliyyət hissini artırır, onların tədqiqatları yüksək səviyyədə aparmalarına səbəb olurdu.
Elmi işçilər iş vaxtı dəhlizdə, institutun həyətində boş-boşuna dayanıb uzun-uzadı söhbət etməz, siqaret çəkməz, direktorun gözündən düşməməyə çalışardılar.
Əməkdaşlar hər şeydən ötrü direktorun qapısı ağzını kəsdirməz, şöbə müdirləri, elmi katib, yaxud elmi işlər üzrə direktor müavini Yavər müəllim vasitəsilə sözlərini çatdırardılar.
Bir də görürdün direktor özü işçilərdən kimi isə yanına çağırtdırır. İşçi bundan bərk narahat olur, həyəcan hissi keçirir, “Görəsən niyə görə məni çağırıb?” deyə öz-özündən soruşurdu.
Bu gün direktor nədənsə Murtuzu görmək istəmişdi. İşin tərsliyindən Murtuz işdə deyildi. Bir-iki saatlıq harasa getmişdi. Tez Murtuzu tapdılar: “Zakir müəllim səni çağırtdırıb” – dedilər.
Murtuzu fikir apardı: “Görəsən nə məsələdir?”
Şöbə müdirindən, ondan-bundan soruşdu ki, Zakir müəllim neynur onu. Bilən olmadı. Murtuz çar-naçar qəbul otağına gəldi. Katibə daxili telefonla onun gəlişini direktora xəbər verdi. Direktorun səsi eşidildi:
-Gəlsin.
Murtuz otağa daxil oldu. Danlanacağını gözünün altına almışdı. Amma nəyə görə? Bunu bilmirdi. Ha fikirləşirdisə, ağlına bir şey gəlmirdi. Başını qaldırmadan:
-Eşidirəm, Zakir müəllim, -dedi.
Zakir müəllim qələmi stolun üstünə qoydu. Eynəyini çıxarıb gözlərini Murtuza zillədi. Murtuzun bədənindən soyuq bir gizilti keçdi. “Yəqin icazəsiz iş yerimi tərk etdiyimə görə acığı tutub. Ya da haqqımda kim isə xəbərçilik edib”.
Murtuz sarısını udmuşdu. Onun sıxıldığını görən Zakir müəllim:
-Murtuz müəllim…-dedi.
Murtuz tez başını qaldırdı. Zakir müəllimin danışığı, müraciəti mülayim idi. Hətta sifətində təbəssüm vardı. Bu, Murtuzu ürəkləndirdi:
-Bəli, Zakir müəllim.
-Necəsən?
Murtuz öz-özünə: “Zakir müəllimdən çıxmayan iş. Onun kefini xəbər alır”. Tez:
-Yaxşıyam, sağ olun, – deyə cavab verdi.
-Murtuz müəllim, deyirlər sən yaxşı qalstuk bağlayırsan.
Murtuzun da üzü güldü:
-Elədir, Zakir müəllim.
Zakir müəllim stolun siyirməsindən bir qalstuk çıxarıb Murtuza uzatdı:
-Di göstər hünərini.
Murtuz irəli yeriyib qalstuku aldı, onu bağlayıb Zakir müəllimə verdi. Zakir müəllim qalstuku boynuna keçirdi. Yaxşı bağlanmışdı, həm də uzunluğu qaydasındaydı.
-Hə, Murtuz müəllim, deyilənlər düz imiş. Tədqiqat işini də bax beləcə, yəni yaxşı yerinə yetir. Sağ ol.
Murtuz sevincək otağı tərk etdi. Bir anlıq dəhlizdə dayanıb dərindən nəfəs aldı.
Bakı şəhəri, 22 fevral 2022-ci il.

Müəllif:Akif ABBASOV

AKİF ABBASOVUN DİGƏR YAZILARI


YAZARLAR.AZ

===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və  WWW.BİTİK.AZ >>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Akif Abbasovun “QIZILƏHMƏD ALMALARI” hekayələr kitabı işıq üzü görüb

AKİF ABBASOVUN KİTABI

“QIZILƏHMƏD ALMALARI” nəşr olundu

“Mütərcim” nəşriyyatı yazıçı Akif Abbasovun “QIZILƏHMƏD ALMALARI” hekayələr kitabını nəşr etmişdir.

             Abbasov A.N. Qızıləhməd almaları. Hekayələr. Bakı: Mütərcim, 2022, –120 səh.

             Redaktorları: filologiya üzrə elmlər doktoru, professor Telman Vəlixanlı, pedaqogika üzrə fəlsəfə doktoru Lalə Məmmədlidir.

Kitabda yazıçının son illərdə qələmə aldığı və internet səhifələrində, internet jurnallarında özünə yer almış hekayələri, lətifəvari hekayələri toplanmışdır. Hekayələrdə məzəli adamların əhvalatları, gündəlik həyatda baş verən gülməli hadisələr işıqlandırılır, cəmiyyətə zidd, yararsız insanlar tənqid edilir.

Hazırladı: Tuncay ŞƏHRİLİ


TUNCAY ŞƏHRİLİNİN YAZILARI

“YAZARLAR”  JURNALI PDF


YAZARLAR.AZ

===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

AKİF ABBASOV – BİLİM Kİ ADAMSAN

AKİF ABBASOVUN YAZILARI

BİLİM Kİ ADAMSAN
(hekayə)
Toğrulun rayon mərkəzində işlədiyi müəssisə idimi, təşkilat idimi, hər nə idisə bağlanmışdı. O da qalmışdı işsiz-gücsüz. O, kənddə yaşayırdı. Rayon mərkəzinə gedib-gəlmək heç də ürəyincə deyildi. Yol ölçmək özünə qalırdı. Aldığı qəpik-quruş idi. Odur ki, fikirləşdi ki, elə ən yaxşısı evinin içində – kənddə bir işin qulpundan yapışsın. Rayon mərkəzinə gedib-gəlmək üçün xərclədiyi pul da cibində qalar. Günorta naharını da evində yeyər, izafi xərci çıxmaz.
Odur ki gəldi kənd icra nümayəndəsinin yanına:
-Bir iş versəydin, işləyərdim. Rayon mərkəzinə gedib-gəlməkdən xəstəlik tapmışam. Bunun qışı, soyuğu, yayı, istisi var. Yol maşını gözləməkdən adamın gözünün kökü saralır. Şaxta bədəninə işləyir, yayda da gün başını deşir.
İcra nümayəndəsi quru adam idi. Tez rəsmiyyətə saldı:
-Bir arayış al, gətir ki, işsizsən, heç yerdə işləmirsən.
Toğrul çaşıb qaldı:
-Arayış?
Çiyinlərini çəkib soruşdu:
-Hardan alım? Dedim işləmirəm axı…
İcra nümayəndəsi əlini yelləyib işi ilə məşğul oldu:
-Arayışsız mümkün deyil.
Toğrul:
-Kimdən alim? De, gedib alım, gətirim.
İcra nümayəndəsi başını qaldırmadan hansısa sənədə möhür vura-vura:
-Bu sənin problemindir, mənim yox.
Toğrul onu dilə tutmağa çalışdı:
-Əzizim, burda nə var ki?! Arayış nəyə lazım? Kimdən soruşsan, deyəcək həqiqətən heç yerdə işləmirəm. Sən özün də kənd əhlisən. Özün də bilirsən ki, işləmirəm.
İcra nümayəndəsi əlini saxladı, bir qədər mülayim:
-Bilirəm işləmirsən, – dedi. -Amma bu hökumət kağıza inanır, sözə yox.
Xahişindən, dil tökməyindən kar aşmadığını görən Toğrul:
-Yaxşı, – dedi, -onda, sən də bir arayış yaz, ver mənə ver ki, sən adam deyilsən.
Bu dəfə icra nümayəndəsi çaşıb qaldı, dik ayağa qalxdı:
-Bu nə danışıqdır? Məni dolayırsan?
Toğrul əsəbi:
-Yaz. Niyə yazmırsan? Arayış yaz, mən də inanım ki, sən doğrudan da adam deyilsən. Heç adamlıqda yerin yoxdur… Adam dolayan da sənsən, mən yox.
İcra nümayəndəsi başını aşağı salıb dinmədi. Toğrul bilmədi ki, o, öz hərəkətindən utanıb başını aşağı dikib, yoxsa yenə Toğruldan arayış tələb edəcək.
Bakı şəhəri, 14 yanvar 2022-ci il.

Müəllif:Akif ABBASOV

AKİF ABBASOVUN DİGƏR YAZILARI


YAZARLAR.AZ

===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və  WWW.BİTİK.AZ >>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

İLHAM ƏLİYEV VƏ AZƏRBAYCAN TƏHSİLİ – Akif Abbasov

                    İLHAM ƏLİYEV VƏ AZƏRBAYCAN TƏHSİLİ

  Müstəqil Azərbaycanımızın memarı, Ümummilli liderimiz Heydər Əliyev zirvəsi! Bu zirvədən baxanda Ulu öndərin saldığı və gələcəyə böyük inamın təntənəsi olan yollarda mətin addımlarla irəliləyən və millət atasının arzularını uğurla gerçəkləşdirən möhtərəm prezidentimiz İlham Əliyevi görürük!

Hakimiyyətdə olduğu illərdə o, Azərbaycanımızın şan-şöhrətini bütün dünyaya yayıb, iqtisadiyyatımızı dirçəldib və misli görünməmiş qüdrətə çatdırıb, ordumuzu gücləndirib, sənayemizi inkişaf etdirib.

İlham Əliyevin hakimiyyətdə olduğu illərdə Azərbaycanın dövlət büdcəsi dəfələrlə  artmışdır və artmaqda davam edir. Dövlətlərin Azərbaycana böyük maraqları var, bir-birinin ardınca neçə-neçə ölkə rəhbəri, iş adamı respublikamıza gəlib müxtəlif sazişlər, müqavilələr imzalayır, diplomatik əlaqələr yaradırlar.  Hər dəfə bu böyük şəxsiyyətin – İlham Əliyevin  müxtəlif səviyyəli tədbirlərdə, ayrı-ayrı dövlət başçıları ilə görüşlərində məruzə, çıxış və nitqlərini dinləyəndə, məntiqli, aram-aram, təmkinlə, mahir diplomat və uzaqgörən siyasətçi kimi   söhbətlərini, mülahizə və mühakimələrini eşidəndə heyran qalır,  Azərbaycan vətəndaşı olmağımıza görə iftixar və qürur duyuruq.  

          Azərbaycan regionda lider dövlətdir. Bu xüsusda    cənab İlham Əliyev deyir: “Azərbayjan dünyanın iqtisadi cəhətdən ən sürətlə inkişaf edən ölkəsidir… İndi Azərbaycan bütün sahələrdə   bir ölkə kimi nümunə olubdur… Bizim iştirakımız olmadan   regionda heç bir məsələ həllini tapa bilməz. Nə iqtisadi, nə nəqliyyat, nə enerji, nə də siyasi məsələ”. 

          Həmin sözlərdə dərin həqiqət vardır.

         Cənab  İlham Əliyev ölkəmizə rəhbərlik etdiyi dövrdə digər sahələrdə olduğu  kimi, təhsilimizin inkişafına, onun dünya təhsil sisteminə inteqrasiya olunmasına da xüsusi diqqət və qayğı göstərmiş və hazırda da diqqət və qayğısını əsirgəmir.

          İnsan elm və təhsil sahəsində kamilləşir, onun dünyagörüşü genişlənir, cəmiyyətin həyatında yaxından iştirak edir, hörmət və nüfuz sahibi olur. Ölkəmizi savadlı, elmli adamlar irəlilədir, dünyaının qabaqjıl, inkişaf etmiş ölkələri sırasına çıxarır. İlham Əliyev insanın, cəmiyyətin həyatında təhsilin rolunu həmişə görmüş və yüksək qiymətləndirmişdir. Hələ 2000-ci ilin mart ayında Azərbayjan Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti vəzifəsində işlərkən, millət vəkili kimi Bakı Dövlət Universiteti tələbələri ilə görüşündə demişdir: “Tələbəlik illərindən çox səmərəli istifdə etmək lazımdır. Çünki müasir həyatda hər şeyi bilik və təcrübə həll edir. Əgər 20-30 il bundan qabaq əsas məsələ – deyə bilmərəm ki, hamı üçün, amma bir qrup adamlar üçün – əsas məqsəd diplom almaq idisə, indi sənin lap 5-10 diplomun olsa da, biliyin, savadın yoxdursa o diplomlar sadəcə kağıza çevrilir. İlk növbədə bilik, təcrübə və həvəs olmalıdır – əsas amillər bunlardır”.

         Ona görə də cənab İlham Əliyev hakimiyyətə gəldiyi ilk günlərdən Azərbaycan təhsilinin inkişafını diqqət mərkəzində saxlamaqdadır. Dövlət bücdəsindən təhsilə ayrılan xərcclərin artırılması, pedaqoji kadrların hazırlanması işinin   təkmilləşdirilməsi, şagird və tələbələrlə təlim və tərbiyə işlərinin səviyyəsinin və keyfiyyətinin yaxşılaşdırıması, istedadlı uşaqlara qayğı və onların qabiliyyətlərinin qiymətləndirilməsi, tədris ocaqlarının inşaası və əsaslı təmiri və s. deyilənlərə əyani sübutdur.

       Möhtərəm Prezident cəmiyyətin həyatında, ölkəmizin inkişafında və tərəqqisində, xalqın yüksəlişində, maariflənməsində təhsilin böyük imkanlarını görmək və qeyd etməklə kifayətlənmir, bu istiqamətdə konkret tədbirlər görür və əhalinin geniş təbəqəsinin, aidiyyəti şəxslərin və təşkilatların təhsilin təşkili və idarə olunmasındakı məsuliyyətini nəzərə çatdırır. Cənab Prezident göstərir: “Bütün işlər məhz məktəbdən başlayır və məktəbdə təhsilə diqqət, müəllimə qayğı həmişə olmalıdır. Bütün dövlət orqanları bu tövsiyələri eşitməli və praktik həyatda bunu təmin etməlidir”.

            İlham Əliyev təhsilimizin inkişafında dünya tərcübəsindən bəhrələnməyi lazım bilir, müxtəlif ölkələrin ali məktəbləri ilə dostluq və əməkdaşlığın gücləndirilməsini vacib hesab edir və bu sahədə fəal təşəbbüs göstərir. Onun bu səyini xarici ölkələrin səlahiyyətli nümayəndələri də etiraf edirlər. Belə ki, Taras Şevçenko adına Kiyev Milli Universitetinin rektoru, akademik Leonid Quberski İlham Əliyevə universitetin fəxri doktoru diplomu təqdim edərkən demişdir: “Azərbayjan Prezidentinin fəal dəstəyi sayəsində Azərbaycan və Ukrayna ali məktəbləri arasında dostluq əlaqələri və əməkdaşlıq genişlənmiş və dərinləşmişdir”.

          Belə dostluq və birgə əməkdaşlığın bariz nümunəsini Prezidentimizin Bakı şəhərində M.V. Lomonosov adına Moskva Dövlət Universitetinin filialının açılması haqqında 15 yanvar 2008-ci ildə imzaladığı sərəncamda görmək mümkündür. Sərəncamda deyilir: “Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra ölkədə təhsil sahəsində genişmiqyaslı islahatlar proqramı həyata keçirilir, özəl sektor formalaşır, respublikanın beynəlxalq təhsil məkanına inteqrasiya prosesi sürətlənir. Azərbaycan vətəndaşlarının Rusiya Federasiyasının nüfuzlu ali məktəblərində təhsil almaq istəyi respublikada yüksək səviyyədə tədris həyata keçirən mötəbər bir universitetin filialının açılmasına zərurət yaratmışdır”.

       Möhtərəm Prezidentimizin bu kimi xeyirxah, uzaqgörən və faydalı təşəbbüsləri xalqımızın, uşaq, yeniyetmə və gənclərin təhsilə yaxından bağlanmasına şərait yaratmaqla yanaşı, xarici dövlətlər tərəfindən də təqdir edilir və yüksək dəyərləndirilir. İlham Əliyev M.V. Lomonosov adına Moskva Dövlət Universitetinin fəxri professoru (21 fevral, 2008), İordaniya Universitetinin (29 iyul, 2007), Macarıstanın nüfuzlu Korvinus Universitetinin (18 fevral, 2008), T. Şevçenko adına Kiyev Milli Universitetinin (2008) və başqa universitetlərin fəxri doktoru seçilmişdir.

         İlham Əliyevin uzaqgörənliyi sayəsində ölkəmizin iqtisadi uğurlarından sosial məsələlərin, təhsilin problemlərinin və s. həllində səmərəli istifadə olunur. Bu, təsadüfi deyildir, çünki “bizim gələcəyimiz təhsillə bağlıdır, bu, ölkəmizin, millətimizin gələcəyi məsələsidir. Azərbaycanda təhsilin səviyyəsi artır və biz buna çox sevinirik. … Təhsil inkişaf perspektivlərimizi müəyyən edən başlıca sahədir” (İlham Əliyev).

          Möhtərəm Prezidentimiz şagirdlərə məktəbdə tədris olunan bütün fənləri yaxşı öyrənməyi tövsiyə edir, Azərbaycan dili və ədəbiyyatın rolunu xüsusi qeyd edir. Cənab İlham Əliyevin sözləridir:  “Azərbaycan dili və ədəbiyyat kabineti uşaqların ana dilini mükəmməl öyrənməsi işində böyük rol oynayır. Bizim ədəbiyyatımız, ana dilimiz müstəqil Azərbaycan Respublikasının inkişafında çox böyük əhəmiyyət kəsb edir. Arzu edirəm ki, uşaqlar ədəbiyyatımızı yaxşı oxusunlar, yaxşı tərbiyə alsınlar, yaxşı vətəndaş olsunlar”.

       Cənab İlham Əliyev ölkənin inkişafında elmi-texniki tərəqqinin, texnologiyaların əhəmiyyətini xüsusi vurğulayır. Prezidentimiz bu barədə deyir: “Ən inkişaf etmiş ölkələrin təcrübəsinə baxsaq, görərik ki, o ölkənin inkişafında ən aparıcı rol oynayan neft-qaz deyil, elmi-texniki tərəqqidir, yeni texnologiyalardır”. Odur ki, cənab Prezident ümumtəhsil məktəblərinin siniflərin komputerləşdirilməsinə ciddi əhəmiyyət verir. Bu barədə deyir: “Bilikli, savadlı uşaqlar, gənlər gələcəkdə Azərbaycanı idarə edəcəklər. Məktəblərdə kompüter sinifləri yaradılır və internetə qoşulur ki, uşaqlar bunu öyrənsinlər və dünyada gedən proseslərdən xəbərdar olsunlar”.  

             Möhtərəm Prezidentimiz xarici dillərin öyrənilməsinə xüsusi diqqət yetirir (“Hər bir gənc xarici dilləri bilməlidir”). Cənab İlham Əliyev özü də xarici dilləri dərindən bilir, yüksək kürsülərdə, mötəbər məclislərdə, nüfuzlu görüşlərdə ingilis, türk və rus dillərində heyrət doğuracaq aydınlıqla, sərbəst, təmkinlə danışır, fikrini sərrast, məntiqli ifadə edir.

         Cənab Prezident müəllim şəxsiyyətinə böyük qiymət verir, onların şərəfli və yorulmaz, eyni zamanda çətin əməyini yüksək dəyərləndirir. Bu xüsusda deyir: “Müəllimlərin üzərinə çox böyük vəzifə düşür. Vaxtilə mənim də müəllimlik fəaliyyətim olub və həyatımın bu dövrü mənə çox əzizdir… Gələcək nəslin yetişdirilməsi, onların tərbiyə olnması, Azərbaycana bacarıqlı kadrların hazırlanması çox böyük vəzifədir və ölkəmizin inkişafı məhz bu bilik səviyyəsindən asılı olacaqdır”.

       Qabaqcıl məktəblərin; nəzəri və metodik hazırlığa, pedaqoji ustalığa pedaqoji ustalığa malik olan, şagirdlər və valideynlər, pedaqoji ictimaiyyət arasında dərin hörmət və nüfuz qazanmış müəllimlərin fəaliyyətini qiymətləndirmək cənab Prezidentin xüsusi diqqət mərkəzində olan məsələlərdəndir.

       İlham Əliyev istedadlı uşaqları xüsusilə diqqət mərkəzində saxlayır, onların yaradıcı qabiliyyətlərini, istedad və bacarıqlarının hər vəchlə inkişaf etdirilməsinə qayğı göstərməyi və bunun üçün əlverişli şərait yaradılmasını vacib hesab edir, onların ruhlandırılması, həvəsləndirlməsi ilə bağlı tədbirlər görür.

            Ölkə Prezidenti məktəb tikintisinə də ciddi fikir verir və bu sahədə “Heydər Əliyev Fondu”nun səmərəli fəaliyyətini də xüsusi vurğulayır: “Heydər Əliyev Fondunun təşəbbüsü ilə “Yeniləşən Azərbaycana yeni məktəb” layihəsi uğurla icra olunur. Fondun xətti ilə 200-ə qədər yeni məktəb tikilibdir. Yəni bu, ümumi işimizdir, deyə bilərəm ki, ümumxalq işidir”.

       İlham Əliyevin ölkəmizə rəhbərlik etdiyi illərdə respublikamızda yüzlərlə yeni məktəblər tikilmişdir. Görülmüş işlərin faydasından danışarkən cənab Prezident göstərir: “Bu böyük nailiyyətdir və davam etməkdədir. Çünki hələ yararsız vəziyyətdə olan məktəblərin sayı kifayət qədərdir. Uşaqlar yaxşı məktəblərdə oxumalı, müəllimlər də yaxşı məktəblərdə işləməlidirlər”.

       Cənab Prezident şagirdləri və tələbələri yaxşı oxumağa çağırır və göstərir ki, tələbə üçün əsas stimul oxumaq olmalıdır. Eyni zamanda qeyd edir: “Bilirsiniz, mən başa düşürəm ki, bəzi hallarda təqaüd çatmır. Mən özüm də tələbə olmuşam, mən də ayda 45 manat təqaüd alırdım və təqaüdlə yaşamağın nə demək olduğunu yaxşı bilirəm. Ancaq eyni zamanda təqaüdü əsas amil kimi götürmək, məncə, düzgün olmazdı. Siz həyatda ilk addımlarınızı atırsınız. Sizin əsas stimulunuz bu olmalıdır ki, yaxşı oxuyasınız, yaxşı bilik alasınız və gələcəkdə yüksək maaşlar alasınız”.

            Bu gün Azərbaycanımız dünya dövlətləri arasında şərəfli və öncül yer tutur. Respublikamız bütün sahələrdə sürətlə inkişaf edir. Elm, təhsil, mədəniyyət və incəsnətimiz də, sənayemiz, nəqliyyat, iqtisadiyyatımız da, hərbi qüdrətimiz də fərəh doğurur. Şəhərlərimiz, rayonlarımız abadlaşır, gözəlləşir.

Bütün bu uğurlarımızın çoxuna möhtərəm Prezidentimiz İlham Əliyevin ölkəyə rəhbərlik etdiyi illərdə nail olmuşuq!

30 ilə yaxın bir dövr idi ki, Şuşa, Ağdam, Füzuli, Kəlbəcər, Laçın, Qubadlı, Cəbrayıl, Zəngilan erməni faşist işğalçılarının  tapdağı altında idi. Dünya dövlətləri susurdu. ATƏT-in Minsk qrupunun həmsədrləri (ABŞ, Rusiya, Fransa) tərəfgördülük edir, ermənilərin mövqeyini müdafiə edirdilər. BMT-nin erməni işğalçılarının, erməni ordusunun qeydsiz-şərtsi Azərbaycan ərazisindən çıxmasını tələb edən 4 qərarı yerinə yetirilmirdi.

Azərbaycan Prezidentinin, Ali Baş Komandan cənab İlham Əliyevin  rəhbərliyi  ilə Azırbaycan Ordusu hərəkətə gəldi. Ermənilərin 6 il ərzində işğal etdiyi torpaqlarımız cəmi 44 gün ərzində işğaldan azad olundu.

Buna görə cənab İlham Əliyevə minnətdarıq! İndi həmin şəhər, rayon  və kəndlərimizdə quruculuq işləri həyata keçirilir.

            Cənab İlham Heydər oğlu Əliyevin 60 yaşı tamam olur. Biz möhtərəm Prezidentimizi 60 illik yubileyi  münasibətilə təbrik edir, Azərbaycanın müstəqilliyi, suverenliyi, tərəqqisi, xalqımızın rifahı və təhlükəsizliyi yollarındakı səmərəli fəaliyyətinə görə  ona uğurlar diləyir, uzun ömür, cansağlığı arzulayırıq!!!

Cənab Prezidentimiz həmişə var olsun!!! 

Müəllif: Akif ABBASOV
Pedaqogika üzrə elmlər doktoru, professor, Azərbaycan Respublikası Təhsil  İnstitutunun elmi  katibi, respublikanın Əməkdar müəllimi.

AKİF ABBASOVUN YAZILARI

“YAZARLAR”  JURNALI PDF


YAZARLAR.AZ

===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

AKİF ABBASOV – ADİLƏ NƏZƏR YARADICILIĞINDA VƏTƏN, VƏTƏNPƏRVƏRLİK MÖVZUSU

ADİLƏ NƏZƏRİN YAZILARI

ADİLƏ NƏZƏR YARADICILIĞINDA VƏTƏN, VƏTƏNPƏRVƏRLİK

                                                 MÖVZUSU

Müqəddəs hiss – vətənpərvərlik! Doğma yurda, torpağa, bayrağa, ocağa  məhəbbət! Vətənin taleyi üçün narahatçılıq hissi keçirmək! Vətənin maddi və mənəvi sərvətlərinə, zəhmətkeş və fədakar insanlarına, elm, mədəniyyət, incəsənət xadimlərinə, vətənin dünya şöhrətli tarixi şəxsiyyətlərinə görə iftixar və qürur hissi yaşamaq!

Budur vətənpərvərlik!

Vətənpərvərlik, Vətənə bağlılıq, Vətən eşqi insanın damarlarına çökür, qanına qarışır. Biz, hər birimiz doğma adamlarımıza bəslədiyimiz duyğuları  eyni zamanda Vətənə münasibətdə ifadə edirik.

                   Vətən mənə oğul desə, nə dərdim,

                   Mamır olub qayasında bitərdim. (Məmməd Araz)

Şairə Adilə Nəzər isə deyir:

                    Günəş olmaq istəyirəm, Vətən!

                    Hər səhər üzünə işıq gətirim deyə.

                   Qarış-qarış torpağına

                   İsti nəfəs ötürüm deyə .

                   Gözlərin olmaq istəyirəm, Vətən!

Adilə Nəzər niyə Vətənin gözləri olmaq istəyir? Bu suala “Vətən” şeirində özü  cavab verir: dünyanın gərdişini, əyrini, düzü,  yaxşını, pisi görmək üçün:

                   Öz şərəfsizliklərini,

                   Görməmək üçün gözlərini bağlayanları,

                   Gözlərimdən itirim deyə!

Adilə Nəzər öz şeirlərində bir çox sosial problemləri, adət-ənənləri, inancı, sevgi, məhəbbət mövzularını şair səriştəsi ilə qələmə alıb. Fəqət vətənpərvərlik, Vətən onun ən çox müraciət etdiyi mövzulardandır. Mən deyərdim ki, bu xanım, bu vətənpərvər şair Vətənə qırılmaz tellərlə çox bağlıdır. 

Bu yazımda mən onun digər gözəl şeirləri üzərində deyil, yalnız Vətən soraqlı, vətən sevgili şeirləri üzərində dayanmaq istəyirəm.

Adilə Nəzər filologiya üzrə fəlsəfə doktorudur. Bir neçə elmi kitabı işıq üzü görüb, bu istedadlı xanım eyni zamanda bir sıra şeir kitablarının nəşrinə də nail olub və həmin əsərlərdə vətənpərvərlik, Vətənə məhəbbət, ölkəmizin gözəllikləri, xeyirxahlıq, səmimiyyət,  şəxsiyyətlərarası qarşılıqlı gözəl münasibətlər, dostlar, sevgənlər arasındakı məhəbbət sevə-sevə vəsf olunub. Mənfi hallar, naqis tərbiyə üsulu tənqid olunub, düşmənə nifrət hissi alovlanıb.

Biz Adilə Nəzərin Vətən, vətənpərvərlik, yurda bağlılıq, Vətənin müdafiəsi ilə bağlı şeirlərini iki yerə ayırardıq. 2020-ci ilin 27 sentyabrına qədər olan dövr  (torpaqlarımızın işqal altında olduğu illəri əhatə edən, qəm-qüssəli dövr, nisgilli bir yaşantı); 2020-ci il sentyabrın 27-dən, xüsusən noyabrın 8-dən, 10-dan sonrakı bir dövr (zəfər, qələbə, sevincli günlər).                

Adilə Nəzər bir zamanlar ərazisinin beşdə bir hissəsi işğal altında olan Vətənin ağrı-acısını yaşayır, lakin özünü ələ alaraq ona ürək-dirək verirdi:

                   Gün gələcək səbrim qalxıb coşacaq,

                   Nifrətin sel olub aşıb-daşacaq.

                   Bağlı olan bütün sədlər aşacaq,

                   Mübarizə qürur verər millətə!

Adilə xanım sözlərində haqlı idi. “Mübarizə qürur verdi millətə.” Vətən deyilən Şuşa, Ağdam, Kəlbəcər, Laçın, Füzulu, Qubadlı, Zəngilan silkələnib ayağa qalxdı.  Qarabağ  Azərbaycan idi, Azərbaycan oldu.

30 ilə yaxın idi ki, torpaqlarımız erməni-faşist işğalçılarının əsarəti altında idi. Bu, hər bir azərbaycanlı kimi Adilə xanımın da dincliyini, rahatlığını əlindən almışdı. Yana-yana deyirdi:

                  Bilərək Vətənin can olduğunu,

                   Heyif ki, asanca itirdik onu.

                   Bu zülmün-zillətin yoxmu bir sonu?

                   Sən özün bir əlac eylə, Allahım!

Adilə xanım bu sətirləri 2012-ci ildə yazmışdı. Allah onun haqq səsini eşitdi, səsinə səs verdi.

44 günlük Vətən müharibəsi ötən il uğurla başa çatdı. Ali Baş Komandan cənab İlham Əliyevin başçılığı və müzəffər ordumuzun fədakarlığı, cəsurluğu və igidliyi ilə düşmən – erməni ordusu darmadağın edildi. İşğal altında olan torpaqlarımız – şəhər, rayon və kəndlərimiz azad olundu.

Bütün vətənpərvərlərimiz, soydaşlarımız  kimi  Adilə xanımın da sevincinin həddi-hüdudu olmadı.

         Şair torpağın qədrini bilməyi, hər zaman ayıq-sayıq olmağı, yurdu-yuvanı qorumağı vacib sayırdı. Şairin şeirlərində dediyi bu idi ki, vara-dövlətə uyub arxayınlaşmayın, Vətənin qədrini bilin. Torpaq, ərazi əldən gedəndə xoşbəxtlik də yoxa çıxır, var-dövlət də:

                   Sevinməyin boş yerə,

                   Malınıza, pulunuza,

                   Hələ kim olacağını

                   Bilmədiyiniz övladınıza.

                   Heç kimin olmayacaq bu dünya,

                   Siz uymayın tamaha.

Bunları diqqət mərkəzinə gətirən şair axırda aşağıdakı qənaətə gəlir:

                   Qürurunuz, bayrağınız,

                   əbədi yatdığınız

                   torpağınız olacaq.

                   Qoruyun bu torpağı,

                   Qoruyun Qarabağı.

           Yaman günün ömrü az olar deyərlər. Bu yaman günün ömrü amma uzun çəkdi – 28 il. Fəqət “Ədalət zəfər çaldı!”  Azərbaycan diplomatiyası, Azərbaycan ordusu qələbə qazandı. Azğınlığı, vəhşiliyi, qəddarlığı, xəyanətkarlığı, satqınlığı, yaltaqlığı, namərdliyi ilə Yer üzündə misli-bərabəri olmayan düşməni – erməni faşist işğalçılarını diz üstə çökdürdük.

Qüssə-kədəri bir yana atıb sevinc donuna bürünən Adilə Nəzər qələmə sarılıb  “Bu zəfər bizimdir” şeirində yazdı:

Bilir yalçın qaya, bilir Babadağ,

Bu zəfər bizimdir, bu zəfər bizim.

Gözün aydın olsun, anam Qarabağ,

Bu zəfər bizimdir, bu zəfər bizim.

Qarabağsız necə gülüm?- deyirdi,

Uşaq, böyük “bitsin zülüm” deyirdi.

“Ya Qarabağ, ya da ölüm” deyirdi..

Bu zəfər bizimdir, bu zəfər bizim.

Vətən bütövləşdi. İnsanlarımızın gözləri güldü,  sevinc, xoşbəxtlik tapdılar. Şanlı ordumuza alqış dedilər. Adilə Nəzər kimi:

Yeni tarix yazdın – zəfər qazandın,

Şuşa qalasını fəth etdin, əsgər.

Başın uca olsun, ay gözüm, canım,

Sayəndə güləcək Azərbaycanım,

Vüsala yetişdi könül sevdası,

                              Gəldi Qarabağın o xoş sədası.

                                                           (“Azərbaycan əsgərinə” şeirindən)

    2020-ci il dekabrın 10-da Azadlıq Meydanında Zəfər bayramı qeyd olundu. Minlərlə insan meydana axışdı. Ordumuzun paradı keçirildi.

Bu il Zəbər Bayramında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Türkiyə Cumhuriyyətinin Prezidenti cənab Rəcəb Tayyib Ərdoğan çıxış edib qələbə münasibətilə xalqımızı təbrik etdilər.

             Adilə Nəzər də bu böyük günün şəninə“Zəfər günü Bakı Bulvarı” şeirini yazdı:

Bu gün Bakı bulvarı Zəfər rəngində idi.

Köklənmişdi hər yerdə “Cəngi”yə sazın simi,

Axırdı insan seli coşqun dağ çayı kimi.

Kimi təlaşlı idi, əlində şanlı bayraq,

Kimi xəyallarında ovuclayırdı torpaq…

         Adilə Nəzərin Vətən mövzulu şeirləri saysız-hesabsızdır. Onların hamısını diqqət mərkəzinə gətirmək imkanımız xaricindədir. Onun “Vətən, sənin köksündə gül tək bitəm” şerinə müraciətlə bu istedadlı şairə uğurlar diləyirəm:

                            Keşiyində bir ömür ayıq və sayıq olam,

Qoruyam öz yurdumu, canıma tən saxlayam.

Gərək gözümün üstə, şanına layiq olan,

Azərbaycan adında ana Vətən saxlayam.

Adilə Nəzər şeirinə, şeiriyyətinə hörmətlə, Akif ABBASOV
Pedaqogika üzrə elmlər doktoru, professor, Əməkdar müəllim.

ADİLƏ NƏZƏRİN YAZILARI

AKİF ABBASOVUN YAZILARI

“YAZARLAR”  JURNALI PDF


YAZARLAR.AZ

===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

               

                                   

                     

                                               

Akif Abbasovun “Fateh Sultan Məhmət” romanı haqqında – Adilə Nəzər

Professor Akif Abbasovun kitabı

Akif Abbasovun “Fateh Sultan Məhmət” romanı haqqında

Öncə qeyd edim ki, əsər oxucuya bitkin bir tarixi sənədli filmin mətnini xatırladır. Tarixi hadisələrin üçüncü şəxs adından birbaşa nəqli ilə realist üslubda yazılmış “Fateh Sultan Məhmət” romanı Akif Abbasovun “Sultan II Murad” romanının davamıdır. Müəllif kitabın ilk səhifəsində bu barədə qısa məlumat verir və əsərin əvvəlində bir daha Məhmətin atası Sultan II Murad və anası Xədicə Alimə Hüma xatunun hansı şərtlər altında evlənməsini oxucuya xatırladır. 

Roman II Məhmətin dünyaya gəlişi ilə başlayır, onun dayəsi, mədrəsə həyatı, müəllimləri və qardaşlarının gənc yaşda ölməsi səbəbilə taxt-tacın varisliyinə namizəd olması ilə davam edir.

Əsərin davamında İstanbulun əsl fatehi sayılan, çöllərin sufisi adını alan Ağ Şəmsəddin haqqında da geniş məlumat alırıq. Öyrənirik ki, qəlbinin və ruhunun paklığına görə hələ gəncliyindən bu adla çağırılan Ağ Şəmsəddin doğma vətəni Göynükdən ayrılaraq, ali elm almaq üçün müəllimləri tərəfindən dövrünün böyük alimi, övliyası sayılan Hacı Bayram Vəlinin dərgahına göndərilir. Hacı Bayram Vəli Osmanlı Sultanı II Muradın vəzirlik təkliflərindən imtina etmiş, sufilik yolunu tutaraq, könül səltənətini zinətləndirməyi seçmişdi.

Ağ Şəmsəddin bazar meydanında Hacı Bayram Vəlini ianə toplayarkən görür və bunu şeyxə yaraşdırmadığı üçün oradan uzaqlaşır. Onunla görüşmədən yanından uzaqlaşıb gedən Şəmsəddinin ardından özünü pis hiss edən Hacı Bayram Vəli müridlərinə uzaqlaşan adamın Ağ Şəmsəddin olduğunu deyir. Müridləri soruşur ki, “Siz tanışsınız?” Şeyx deyir “Yox, kim olduğunu, hansı əməlin sahibi olduğunu bilmirəm, lakin onun adını uca Tanrı mənə diktə edib. Çıxıb getməyinə baxmayın, o, gələcək! Onun boynuna müqəddəs bir zəncir keçirilib. Ondan yaxa qurtara bilməz!”

Bununla realist romanın sufizm qatı öz uğurlu intişarını tapır və məlum olduğu kimi, qat İstanbulun fəthində çox önəmli rol oynayır.

Hacı Bayram Vəliyə agah idi ki, Osmanlının yüksəlişi, İstanbulun fəthi Ağ Şəmsəddinlə bağlı olacaq. Ona görə də, onun geri dönəcəyinə inanır və bunu səbirsizliklə gözləyir… Nəhayət, gözlədiyi qonaq geri dönür və müəllimi qonağı sınaqdan keçirir. Ağ Şəmsəddin səbir göstərərək sınaqdan üzü ağ çıxır. Elə o gündən də onların müəllim-mürid, eyni zamanda da dostluq həyatları başlayır.

Hələ yeddi yaşından Qurani-Kərimi əzbər bilən Ağ Şəmsəddin müəlliminin yanında həm övliya, həm də böyük tibb alimi kimi yetişir.

Ağ Şəmsəddin Sultan Fateh Məhmətin birinci və əsas müəllimi, eyni zamanda baş məsləhətçisi olmuşdur. Sufi məktəbinin öndəri Hacı Bayram Vəli qənaətində doğru çıxmışdı, Konstantinopolun fəthi Sultan II Muradın oğlu Fateh Sultan Məhmətə nəsib olmuş, mənəvi fatehi isə Ağ Şəmsəddin sayılmışdı.

Akif Abbasov bundan öncəki əsərində olduğu kimi, bu tarixi romanında da bəzən məsələlərə obrazlarının xarakterindəki struktur imkanları nəzərə almadan özünün peşə konsepsiyasından yanaşır. Belə ki, romanda Sultan II Murad Hacı Bayrama müraciətlə deyir: “Mənim üçün maraqlıdır, mənə nə kimi məsləhətlər verərdin?” Hacı Bayram Vəli: “Dövləti idarə edən zaman hər bir şəxsin öz yerində olmasına fikir ver. Elm və ürfan sahiblərinə qayğı göstər. Gənclərə sevgi, yaşlılara hörmət et. Xalqla görüşəndə səninlə eyni fikirdə olmayanlara pis münasibət bəsləmə, kinli, xəsis adamlardan uzaq dur. Xalqa yumşaq davran, tam inanmadığın adama sirrini açma. Padşahım, bir də heç vaxt doğru olduğuna əmin olmadığın bir iş haqqında hökm vermə”, – deyə cavab verir.

Bunlar müəllifin əsər vasitəsilə gənc oxucularına həm tövsiyələrini çatdırmaq istəyidir, həm də romanın əsil mahiyyətini düzgün qiymətləndirə bilmək üçün köməkçi vasitələrdir. 

Romanın “Şahzadə II Məhmətin təhsili” bölümündə müəllif bu dəfə valideynlərə öz ismarıcını  göndərir. O, şahların, sultanların, kralların mükəmməl təhsil almaları üçün öz övladlarına yaxşı müəllimlər seçdiklərini nəzərə çatdırır.

Makedoniyalı İsgəndəri xatırladaraq yazır: “O, “Dünyanın sonuna və Böyük xarici dənizə” şüarı altında müharibələrə başlayarkən təsadüfən qələbələr qazanmırdı. Aldığı təhsil, yiyələndiyi bilik və təcrübə, gördüyü tərbiyə sayəsində buna nail olurdu. Bu sahədə yaxşı müəllim, tərbiyəçi az rol oynamır. İsgəndərin müəllimi qədim yunan filosofu Aristotel idi. İsgəndər 16 yaşına qədər böyük filosofdan dərs almışdı”.

Sultan II Murad oğlu Fateh Sultan Məhmətə ləyaqətli və tanınmış alimləri müəllim seçmişdi. O cümlədən, orta əsrlərin məşhur alimlərindən Molla Ayaz, daha sonra riyaziyyat, həndəsə, təfsir, hədis, fiqh, kəlam və tarix fənləri üzrə kamil ustad Osmanlı Dövləti müftisi və dördüncü şeyxülislamı Molla Gürani də müəllimlər arasında idi. Onlar şahzadəyə italyan, fransız, ərəb, fars, latın, yunan, İndoneziya və serb dillərini də öyrətmişdilər. Ərköyün şahzadə ancaq Molla Güraninin sevgisi və səbri hesabına ipə-sapa yatmış, onun tövsiyələri ilə mükəmməl biliklərə yiyələnmişdir. Hələ yeniyetmə vaxtlarından gizlicə Konstantinopolun fəthinin plan-layihəsini hazırlamışdı. Sonradan şahzadənin təhsili əslən Azərbaycanlı olan Ağ Şəmsəddinə tapşırılır. Romanda da qeyd edildiyi kimi, Ağ Şəmsəddinin təlimi və təsiri Fateh Sultan Məhmətin həyatında güclü dəyişikliklərə yol açmışdır. Şahzadə müəlliminin islam epistemologiyasından bəhrələndi və bu onun Konstantinopolu tutmaqla Bizans İmperiyası kimi dünya dövlətinə son qoyması kimi önəmli bir vəzifənin yerinə yetirilməsi ilə nəticələndi.

Mükəmməl təlim-tərbiyə və təhsil almasına baxmayaraq, əsərdə Fateh Sultan Məhmət obrazı bütün davranışları ilə əvvəldən axıra qədər yalnız müsbət keyfiyyətləri ifadə edən və həmin keyfiyyətlərə zidd ola biləcək heç bir əlavə hərəkətə yol verməyən obrazlardan deyil. Əksinə, Fateh Sultan Məhmət obrazı mahiyyət etibarilə bütün sahələrdə daxili ziddiyyətlərlə doludur və qadına, dosta, düşmənə münasibətdə çox vaxt fərqli ənənələrdən çıxış edir. Onun xarakteri ilə dövrün adət-ənənələri arasında qırılmaz əlaqə olmasına baxmayaraq, oxucu onu səciyyələndirən digər xüsusiyyətlərlə də qarşılaşır. Başqa bir mühüm cəhət isə bundan ibarətdir ki, müəllif öz qəhrəmanın bir fərd kimi şəxsi duyğularını çox ciddi şəkildə nəzərə alır və Fateh Sultan Məhmətin dövrün adət-ənənələrinə bağlı sabit xarakterli, konkret məqamlardan yaranan hiss və həyəcanlarını cilovlayan bir türk kişisi kimi təqdim edərək onun xarakterindəki bəzi təzadlı məqamları arxa plana atır.  

“Fateh Sultan Məhmət” romanında hürufilik məsələsinə də geniş yer verilir. Əsərin dolğunluğunu və müəllifi taktiki gedişi ilə fərqləndirən məsələlərdən biri də ondan ibarətdir ki, o, yeri gəldikcə qəhrəmanlarının duyğu və düşüncələrini bədii inikasın predmetinə çevirir. Belə ki, müəllif bir məsələyə diqqət çəkir ki, bütün dövrlərdə ölkə içində – daxili münaqişələrin səbəbinin bir qisim adamların şəxsi mənafeləri naminə və ya satqınlıqları səbəbilə dövlət və xalq arasında yalan məlumatlar yayaraq qarşıdurmalar yaratdığını bir daha nəzərə çatdırır. Belə ki, Müfti Fəxrəddin obrazının dili ilə Sultana yalan məlumatlar çatdırılır ki, guya hürufilər Əmir Teymurun oğlu Miranşahın əllərini, ayaqlarını ayrı-ayrı dörd ata bağlayaraq, ata qırmanc vurmuşlar və Miranşahı Əlincə qalasında dördə parçalayaraq edam etmişlər. Bu olayda qurbanların yerini dəyişdirərək, öz uydurma planı ilə Sultanı inandırır ki, hürufilər Osmanlı dövlətinin dayaqlarını sarsıda bilərlər və beləliklə, Sultanın razılığı ilə Müfti fətva verir ki, huürufilər öldürülsün. Əsərdə hadisə belə təsvir olunur. “Saray pəncərəsindən ətrafı seyr edən Sultan bir də onu gördü ki, şəhər odlara qalanıb. Qışqırıq, fəryad, ah-nalə şəhəri lərzəyə gətirir. Əsgərlər evlərə soxulur, küçə və meydanlarda, tin-bucaqlarda əllərinə keçəni yaxalayıb torpağa sərir, qılıncla, döyüş baltaları ilə qətlə yetirirdilər.” Sultan vəzirini çağırıb “Bu işləri qansız həll etmənin bir yolu yox idimi?” – deyə soruşanda, vəzir “Yox idi”, – deyir və Sultanı inandırmağa çalışır ki, o, narahatlıq keçirməsin, çünki İslam dininin təhlükəsizliyini qorumaq üçün belə qanlı tədbirlər vacibdir. Öldürülən adamlar islamın düşmənləridir, kafirlərdir, həqiqətən yollarını azmışlardır. (Həmin gün Ədirnədə on min hürufi qətlə yetirilmişdi.)

 Romanın “Hürufi xofu” bölümündə Fateh Sultan Məhmətin dini-əxlaqi keyfiyyətlərini işıqlandırmağa çalışan müəllif obrazın konkret anlarla bağlı əhval-ruhiyyəsindən asılı olaraq qərarlar qəbul etdiyindən bəhs etməyə xüsusi əhəmiyyət verir.

Romandan bir çox bölümləri nümunə göstərmək olar ki, orada Fateh Sultan Məhmətin mənəvi sarsıntılarından, duyğularına qapılaraq çıxardığı qərarlar barədə ümumi bədii məlumat verilir, onun ruhi vəziyyətinə sanballı işarələr edilir. Bəzən də qəhrəmanın düşdüyü psixoloji vəziyyət müəllifin öz sözləri ilə şərh edilir. Bu əsərdəki digər qəhrəmanlar üçün də keçərlidir.

Məsələn, tarixdən bizə məlum olan İldırım Bəyazid və Əmir Teymur arasındakı çəkişmələr, hər ikisinin məktub vasitəsilə bir-birinə göndərdiyi ismarıclar, meydanoxumalar müəllifin özünəməxsus dünyagörüşü və bədii ifadə tərzi ilə, bir az da fərqli formada təsvir edilir. Bu bölümdə Azərbaycan hökmdarı Sultan Qiyasəddin Əhməd Cəlairi, Qaraqoyunlu tayfasının başçısı Qara Yusif və digər tarixi şəxslər də yad edilir.

Fateh Sultan Məhmətin Konstantinopolu fəth etmək üçün hazırlıq dönəmlə­rində gecə-gündüz bilmədən düşünməsi, bəzən yenilmiş kimi görünən güzəştə getmələri, qala divarlarının, Rumeli hasarının dörd ay içərisində tikilib başa çatdırılması rəngarəng və dolğun səhnələrlə təqdim edilir. Bütün bu hazırlıqlar zamanı gələndə bizanslıların gözlərini kəlləsinə çıxarır.

Romanda Sultanın inancı tez-tez önə çıxarılır, sanki Konstantinopolun fəthi – Osmanlı imperiyasının ən uğurlu səhifəsi sayılan bu hadisə İlahi həqiqətdir və göylərin bu mərhəməti fərasət sahibi  Fateh Sultan Məhmətin alın yazısı idi. Onun sahib olduğu qutlu Osmanlı şəcərəsi, uzaq keçmişə dayanan soyu, daşıdığı genin nurlu nümayəndələrinin ruhlarından aldığı güc bu imkanı ona vermişdi. Hətta Bizansla müharibəyə başlamaq ərəfəsində sevgi şeirləri yazması belə o kökdən aldığı güc, qüvvət idi ki, bu inam ona eşq mülkündən baş alıb gələn qələbəni qazandırdı. Konstantinopol hücum etməklə alınmışdı və islami qaydalarda döyüşlə alınan şəhərin yağmalanması əsgərin halal haqqı sayılırdı. Yağmalamadan sonra Fateh Sultan Məhmət şəhərə girdi və atını dünya möcüzəsi sayılan Aya Sofiyaya sürdü. Orada namaz qılıb Allaha həmd-sənalar etdikdən sonra İstanbulu öz taxtı elan etdi. O zaman Fateh Sultan Məhmət 21 yaşında idi və Məhəmməd peyğəmbərin 800 il əvvəl bir hədisdə söylədiyi fikri təsdiqləmək ona nəsib olmuşdu.

Əsərdə Uzun Həsənin oğlu Uğurlu Məhəmmədin əmisi Üveysin felinə uyub atasına qarşı üsyana qalxmasını və məğlubiyyətə uğramasını “Uğurlu Nəhəmməd üsyanı” bölümündə oxuyuruq.

Daha sonra roman hadisələrinin gedişində Ağqoyunlu-Osmanlı qarşıdurması – Malatya döyüşü, ardınca Otluqbeli döyüşü əks olunur. Osmanlı İmperatoru Fateh Sultan Məhmət və Ağqoyunlu hökmdarı Uzun Həsən arasında uzun illər müharibələr aparıldı və bu daxili çəkişmələr Avropanı sevindirirdi. Uzun Həsənin ölümündən sonra Ağqoyunlu dövləti öz yerini Səfəvilər dövlətinə verdi. Bütün bu tarixlər əsərdə bədii zənginlik və orijinallıqla verilir.

Romanın son bölümlərini Fateh Sultan Məhmətin qırx doqquz illik ömründə apardığı yürüşlərinin xronologiyası təşkil edir. Əsər tarixi roman olmasına baxmayaraq, bədii ümumiləşdirmədə müasirlik ruhu və çağdaşlığı ilə də diqqəti cəlb edir.

Müəllif: Adilə NƏZƏR
filologiya üzrə fəlsəfə doktoru

ADİLƏ NƏZƏRİN YAZILARI

AKİF ABBASOVUN YAZILARI

“YAZARLAR”  JURNALI PDF


YAZARLAR.AZ

===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və  WWW.BİTİK.AZ >>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

AKİF ABBASOV – BOŞ-BOŞ DANIŞMA

Akif ABBASOV, professor, yazar.

BOŞ-BOŞ DANIŞMA

(lətifəvari hekayə)

Bəzi kəndlərdə yaşlı qadınlar əyinlərinə tuman deyillən uzun, gen paltar geyinirlər. Özü də üst-üstə bir neçəsini, qat-qat. Bu, səbəbsiz deyildi. Əyilib-  qalxanda istəmirdilər ayaqları görünsün. Bir növ abır-həyanı gözləyirdilər. 

Şərəbanı bibi də  kəndin adətini gözləyirdi. Başqa cür ola bilməzdi. Ona birtəhər baxardılar. Üst-üstə üç tuman geymişdi.

İş elə gətirdi ki, Şərəbanı bibi şəhərə yollanır. Bəzi şeyləri almalı imiş. Elə şeylər ki, kənd mağazasında ya olmurdu, olanda da baha satılırdı. Pulu çöldən tapmayıb ki. Min zəhmətlə, min əziyyətlə qazanır kişilər.

Mağazada Şərəbanı bibinin gözü bir  jaketi tutdu. Görünüşü də, rəngi də xoşuna gəlirdi. Qoca fəndi idi.

  İndi jaketin pulunu ödəməli idi. Pulu isə, oğurlanmasın, itib-batmasın deyə uzunboğaz corabında gizlətmişdi.

Şərəbanı bibi üzünü divara çevirib tutmanın birini, ikincini,  üçüncünü qaldırmağa başlayır.

Bunu görən satıcı dəli olur:

-Ay xala, ay bibi, ay ana, neynirsən? Soyunursan?

Şərəbanı bibi üzünü çevirib tərs-tərs satıcıya baxır. Ona acıqlanaraq:

-A gədə, boş-boş danışma, – deyir, -pul çıxarıram,                      

       Bakı şəhəri, 21 mart 2021-ci il

Müəllif:Akif ABBASOV

AKİF ABBASOVUN DİGƏR YAZILARI


YAZARLAR.AZ

===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və  WWW.BİTİK.AZ >>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Akif ABBASOV – ƏLBƏYAXA

Akif ABBASOV

ƏLBƏYAXA

(hekayə)

         Mirzə kimi adamlara el içində “itoynadan” deyirlər. Ağlına batdımı, kefi saz oldumu, başlayırdı onu-bunu dolamağa, ya da zarafata.  Özü də kimilərdən yanıqlı idisə, onlarla başlayırdı.

Yavər onunla düz dolanmırdı. Yavər institutun aspirantura şöbəsinin müdiri idi. Mirzə bir girəvə axtarırdı ki, düzüb-qoşsun, bu Yavəri pərt etsin. Amma neçə vaxt idi ki, fürsət tapmırdı.

         Elə bu xəyallarda idi ki, Əliheydər otağa daxil oldu:

         -Mirzə müəllim, salam, xoş gördük, necəsiniz, işləriniz necədir, şükür salamatçılıq olar.

         Əliheydər adəti üzə görüşmək üçün hər iki əlini irəli uzatdı. Mirzə müəllimin əlini sıxdı.

         Əliheydər Mirzə müəllimin dissertantı idi. Təzə qəbul olunmuşdu.

         -Sən necəsən, Əliheydər? Görünmürsən.

         -Elə gəldim ki, Mirzə müəllim, görüşüm, mübarək əllərinizi sıxım, hal-əhval tutum, həm də görüm mənə dair nə qulluğunuz, nə tapşırığınız, nə sözünüz var, həm də…

         Mirzə müəllim onun sözünü kəsməsəydi,  Əliheydər sözləri bir-birinin yanına   düzməkdə davam edəcəkdi.  Onun şakəri idi. Çox uzunçu idi. Mirzə müəllimin səbri, hövsələsi vardı ki, onun dediklərinə qulaq assın?! Odur ki, qaşqabağını tökdü ki, Əliheydər çox da çərənləməsin. Əliheydər də qanıb lal-dinməz dayandı.

         Amma Mirzə müəllimin qaşqabağı birdən-birə açıldı. Tapmışdı. O, zəndlə Əliheydərə baxdı:

         -Sən necəsən, Əliheydər?

         İşin gör harası idi ki, Mirzə müəllim bu sualı Əliheydərə ikinci dəfə verirdi.

         Əliheydər dilləndi:

         -Duaçınızam.

         Əliheydər davam etmək istəyirdi.  Mirzə müəllim əlinin işarəsi ilə onu saxladı:

         -Sənə tapşırığım, sözüm… yoxdur. Soruşmaq istəyirəm.

         -Buyurun, müəllim.

         -Dissertant olmağına dair sənə  vəsiqə veriblər?

         Əliheydər gözlərini döydü. Mirzə müəllim:

         -Vəsiqəni deyirəm. Orada yazılır ki, sən həqiqətən institutun dissertantısan. Direktor imzalayıb gerbli möhür vurur.

         -Xeyr, müəllim, verməyiblər.

         -Bə niyə? Tutaq ki, getdin Axundov adına milli kitabxanaya. Üzv yazılmaq istəyəndə necə sübut edəcəksən ki, sən dissertantsan. Aspirantlara vəsiqə verilib.

         Əliheydər sanki yatmışdı, ayıldı:

         -Doğrudan, müəllim, bə mənə niyə verməyiblər? Kimdən almalıyam?

         -Kimdən olacaq? Əlbəttə, aspirantura şöbəsinin müdiri Yavər müəllimdən. Vəsiqələr yazılıb, imzalanıb, möhürlənib, verilib onun şöbəsinə. Get, soruş.

         Yavərlə Mirzə müəllimin otaqları yan-yana idi. Əliheydər tez özünü çölə atdı. Mirzə müəllim qulağını divara dayadı ki, onların söhbətini eşidə bilsin.

         Yavər müəllim:

         -Əliheydər, xeyir ola.

         -Gəlmişəm ki, mənim vəsiqəmi  verəsiniz.

         -Nə vəsiqə?

         -Mənim dissertant olmağıma dair  vəsiqəni deyirəm.

         Yavər müəllim başını buladı:

-Əliheydər, vəsiqə dissertantlara yox, əyani aspirantlara verilir. Qiyabi aspirantların, dissertantların iş yerləri var. Əyani aspirantlar işləmirlər. Onlara  vəsiqə buna görə verilir, maraqlanan olanda göstərə bilsinlər.

         Əliheydər üzr istəyib otağı tərk etdi. Mirzə müəllim qulağını divardan ayırdı. Əliheydər sadəlövh, tez inanan, tutduğunu buraxmayan bir adam olduğundan  Mirzə müəllim  onu Yavər müəllimin üstünə göndərmişdi.

         Əliheydər aydınlıq gətirdi:

         – Mirzə müəllim, araşdırdım. Sən demə, vəsiqə əyani aspirantlara verilirmiş.

         Mirzə müəllimin əlinə fürsət düşmüşdü. Əl çəkərdimi?

         -Bunları Yavər müəllim dedi sənə?

         -Bəli.

         -Bilirsən, Əliheydər, onun mənimlə arası yoxdur, ona görə səni incidir, bəhanə gətirib vəsiqəni vermir.

         Əliheydər bunu eşidən kimi tez otaqdan çıxdı.

         Qonşu otaqdan acıqlı səslər ucaldı. Az sonra otaqdakılar əlbəyaxa oldular. Bir-birini itələdiklərindən gah bu, gah o biri zərblə divara dəyirdi. Zərbələrdən divar titrəyirdi.

Əliheydərin səsi gəlirdi:

-Mənə qəsdən vəsiqə vermirsın! Vəsiqəmi acığa vermirsən!

Mirzə müəllim tutduğu əməldən razı halda dəhlizə çıxdı. Yavərin də, Əliheydərin də üst-başı bulanmış, sir-sifətləri qızarmışdı. Səsə gələnlər vardı. Mirzə müəllim Əliheydəri səslədi:

-Əliheydər, bura gəl, nə yapışmısan Yavər müəllimin yaxasından? Görünür kişi düz deyir, yəqin dissertantlara yox, yalnız aspirantlara  vəsiqə verilir.

Bakı, 24 fevral 2021-ci il.


Müəllif:
Akif ABBASOV

AKİF ABBASOVUN DİGƏR YAZILARI


YAZARLAR.AZ

===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və  WWW.BİTİK.AZ >>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

AKİF ABBASOV – LİMONSUZ ÇAY

Akif ABBASOV

                                   LİMONSUZ ÇAY

                                          (hekayə)

         Vilayət həyat yoldaşını da götürüb Masallı İstisuyuna getmişdi. Sanatoriya xoşagələn idi.  Meşədə salınmışdı. Daşdan tikili çoxmərtəbəli binası da, iki nəfərlik, üç nəfərlik, ailəli taxta evlər də vardı. El içində bu evlərə, evçiklərə “domik” deyirlər. Biz elə taxta ev deyək. Həə, həmin taxta evlərin kondisioneri də, hamamı da var.  Bir sözlə,  isti su qəbul edib, gündə üç dəfə yeməyini yeyirsən, meşədə taxta evlərdə istirahət edirsən, sağalırsan özünçün.

         İstisu da istisudur ha. Vanna qəbul edirsən, bütün dərd-azarını götürür. Hələ vannadan əvvəl səni yaxşıca masaj edirlər. Amma vannadan sonra gərək özünü soyuğa verməyəsən. Yayda özünü gözləmək bir az çətindir. İstisuyun istisi bir yandan, Günəşin qızmar istisi də o yandan. İndi gəl özünü gözlə. Tər səni yuyub aparır. Məcburiyyət qarşısında qalıb palını-paltarını yüngül edirsən ki nəfəs ala biləsən, istidən yanıb-yaxılmayasan.

Bir də görürsən qəfil  xəfif külək əsir. Sərin meh bədəninə işləyir. Əlqərəz, əlac bircə ona qalır ki, nə vəchlə olursa-olsun özünü qoruyasan, soyuğa vermək olmaz özünü, olmaz!!!

Vilayət hiss edirdi ki, belinin ağrıları azalıb, yüngülləşib, yavaş-yavaş özünə gəlir. Üzünü həyat yoldaşına tutaraq:

-Ay Güləndəm, bir-iki dəfə İstisuya gəlib-getsək, quş kimi yüngül olarıq, bütün ağrı-acımız canımızdan çıxar.

Güləndan da onun sözlərinə şərik çıxaraq:

-Doğru sözə nə deyim, ay Vilayət. Düzdür. Mən də İstisuyun möcüzəsini canımda hiss edirəm.

Vilayət ayaq saxladı:

-Vanna qəbul edəndən  sonra məxməri çayın özgə ləzzəti var. Gəl, çay içək, sonra gedək dincələk, hava istidir, günün altında gəzib-dolaşmayaq.

-Nə deyirəm ki.

Əyləşdilər. Vilayət səsləndi:

-Ay oğul, bir çaynik çay gətir.

Stəkanlar, qənd qabı, dalınca da çaynik gəldi.  Çayçı Vilayətlə Güləndama çay süzdü, getmək istəyəndə, Vilayət onu saxladı:

-Ay oğul, gör nəyi unutmusan.

Oğlan key-key baxdı. Gözlərini döydü.

Vilayət özü dedi:

-Lumu gətirmək yadından çıxıb.  

Çayçı başını qaşıdı, irişərək:

-Əmi, lumu yol gəlir, – dedi.

Vilayət Güləndama baxdı, yəni bu nə danışır?

-Oğul, lumu yol gəlir nədir? Deyirəm, lumu da gətir.

-Əmican, limonumuz qurtarıb, gediblər gətirməyə.

Çayçı getdi. Vilayət öz-özünə:

-Cənub zonası olasan, limonun bol yerində lumusuz çay içəsən. Bu da bunlardan göründü.

Çayı içib qurtardılar. Limon gəlib çıxmadı. Vilayətin gözü stəkan-nəlbəkilər yığılmış stolun baş tərəfində vurulmuş bildirişə sataşdı: “Çayın çayniki – 2 manat”.

Durub getmək vaxtı idi. Vilayət əlini cibinə saldı. 1 manat çıxarıb stolun üzərinə  qoydu, qəndqabını da pulun üstünə. Qəndqabının altından manatlığın ucu görünürdü.

 Vilayət çayçını çağırdı:

-Ay bala, gəl çayın pulunu al.

Oğlan əlində məcməyi cəld yaxınlaşdı. Vilayətlə Güləndam ayağa qalxdılar. Çayçı pulun bir manat olduğunu görüb:

-Əmi, bizdə çay iki manatdır.

Vilayət özünü sındırmadan:

-Hə, oğul, o biri manat yol gəlir, – deyib Güləndamın qoluna girdi. Meşəyə sarı getməyə başladılar. Onların  “domiki” meşədə idi.

 Bakı şəhəri, 01 mart 2021-ci il

Müəllif:Akif ABBASOV

AKİF ABBASOVUN DİGƏR YAZILARI


YAZARLAR.AZ

===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və  WWW.BİTİK.AZ >>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru