Adətən, söz adamlarının; yazıçıların, şairlərin əvvəlcə əsərləri ilə, sonra isə özləri ilə tanış olurlar. Ancaq bizdə belə olmadı, biz əvvəlcə tamam başqa, bu sahəyə heç bir aidiyyəti olmayan səbəbdən tanış olduq. Bir-birimizi tanımağa başladıq.
Öncə onu qeyd edim ki, elə ilk söhbətlərdə adi danışıq zamanı da qafiyəli sözlərdən istifadə edən Zaur (o zaman onun «Ustac» təxəllüsü olduğundan xəbərsiz idim) çox gözəl həmsöhbət, istənilən mövzuda mükalimə aparmaq üçün tam münasib bir müsahibdir. Bizim ilk tanışlığımız 2009-cu ilin payızına təsadüf edir. Çox keçmədən mənim qafiyə ilə danışan bu sirli müsahibim “Günaydın” adlı şeirlər kitabını mənə hədiyyə etdi. Bununla da Zaur Ustacla bir söz adamı kimi tanışlığım başladı. Qeyd edim ki, mən də ona Əhməd bəy Ağaoğlu haqqında olan kitabımı hədiyyə etdim. Əhməd bəy Ağaoğlu haqqında da fikirlərimizin üst-üstə düşməsi bizi daha da yaxınlaşdırmışdı. “Günaydın”la başlayan şeir çələngləri bir-birini əvəz etməyə başladı.
Bir dəfə o mənə “Bayatılar” adlı yeni kitabını hədiyyə etdi. Kitab Azərbaycan dilində, paralel latın və ərəb qrafikasında yazılmışdı. Bu kitabla Zaurun daha bir qabiliyyəti – ərəb əlifbasını bilməsi və əski əlifba ilə yazmaq bacarığı mənə məlum oldu. “Bayatılar” kitabı cildindən tutmuş, içərisindəkilərə qədər hamısı mükəmməl idi və bir-birini tamamlayırdı. Ümumiyyətlə, Zaur Ustac mənim üçün maraqlı şəxsə çevrilmişdi və hər görüşdə ondan nəsə bir yenilik gözləyirdim. Bu günə qədər də bizim əlaqələr davam edir. Demək olar ki, onun işıq üzü görmüş bütün kitabları məndə var. Onunla həm canlı ünsiyyətdə olmaq, həm də şeirlərini oxumaq mənim üçün maraqlıdır. Onun yazdıqlarını iki istiqamətdə ümumi şəkildə dəyərləndirmək istəyirəm. Birinci, şeir həvəskarı, oxucu kimi. İkinci isə, bir dilçi-filoloq kimi. Şeir həvəskarı və bir oxucu kimi yanaşdıqda, onun yazdıqları həqiqətən oxucunu ovsunlayır. Zaurun xüsusi ibarələrlə, özünəməxsus ifadə vasitələri ilə zəngin şeirlərini oxuduqca, sanki müəllifin özü ilə söhbət edirsən. Onun yazdıqları o qədər səmimi və xalq dilinə yaxındır ki, valeh olmamaq mümkün deyil. Bir mütəxəssis kimi yanaşdıqda isə, görürsən ki, onun şeirləri nə qədər axıcı, yüngül və sadə görünsə də, əslində bir o qədər mürəkkəb, diqqəti cəlb edən, bəzən hətta anlaşılmaz təsiri bağışlayır. Zaur Ustac şeirlərində indi artıq o qədər də yayğın şəkildə işlədilməyən köhnə və eyni zamanda Azərbaycanın olduqca müxtəlif bölgələrinə məxsus şivə sözlərindən istifadə edir. Bəzən bu hal şeirlərin oxunuş və tələffüzünə gözəllik qatsa da, anlaşılmasında çətinliklər yarada bilər.
Məncə, bir yaradıcı şəxs kimi onun ən əsas məziyyəti yenilikçi olması, ölçü və çərçivələrə sığmamasıdır. Zaur Ustac ənənəvi şeir formalarından istifadə etdikdə belə, onun dəst-xətti aydın sezilir. Bütün bunlardan əlavə, artıq ədəbi mühitin nümayəndələrinə yaxşı məlum olan və mətbuatda haqqında geniş müzakirələr gedən “Ustacı” adlandırdığı xüsusi şeir formasında şeirlər yazır. Yuxarıda qeyd etdiyim kimi, onun müəllifi olduğu kitabların çoxu mənim kitabxanamda var. Şeirlərinin çoxu ilə tanışam. Bu yazıda ancaq bir şeirdən söhbət açaraq, onun əsasında Zaurun daxili dünyasına ayna tutmağa və onun təfəkkür tərzinə, sözdən istifadə bacarığına, zəngin biliyinə, geniş dünyagörüşünə bələd olmağa çalışacağam.
Zaur Ustac “Şehçiçəyim” adlandırdığı bu şeirdə təbiətdə mövcud olan Şehçiçəyi adlı çiçəyin təbii – bioloji xüsusiyyətlərindən böyük məharət və ustalıqla istifadə etməklə bu günə qədər adət etdiyimiz formalardan kəskin şəkildə fərqlənən bədii nəzm nümunəsi yaratmışdır:
ŞEHÇİÇƏYİM
Tacısan dünyamda tüm çiçəklərin, Köksündən bal süzən, tər Şehçiçəyim… Sehrinə düşmüşəm nur ləçəklərin, Əqli başdan alan, zər Şehçiçəyim…
Cəzbində qalmışam, tamam çar-naçar, Sağımda, solumda çox çiçək açar, Pərvanəyə dönüb dövrəmdə uçar, Sərrafam, seçmişəm, dürr Şehçiçəyim…
Bir kərə, bir anlıq olsa da, vüsal, Ruhuma rahatlıq verməyir xəyal, Sonu ölümsə də, gəl, qoynuna al, Həsrətdə yaşamaq, zor Şehçiçəyim…
Birinci bəndin ikinci misrasına nəzər salaq:
“Köksündən bal süzən, tər Şehçiçəyim…”
Burada “Köksündən bal süzən” ifadəsində şairin sətiraltı mənada nə demək istəməsindən asılı olmayaraq bu hal təbiətdə mövcud olan Şahçiçəyi adlı çiçəyin öz şikarını cəlb etmək üçün dadlı və ətirli nektar ifraz etməsi məqamı ilə tam uyğunluq təşkil edir.
“Sehrinə düşmüşəm nur ləçəklərin, Əqli başdan alan, zər Şehçiçəyim…”
Bu halda da eyni ilə yuxarıdakı kimi çiçəyin təbii – bioloji xüsusiyyəti öz əksini bədii dildə tapıb. Şehçiçəyi əlvan rəngli, ətirli ləçəkləri ilə həşaratları cəlb edərək tələyə salır.
“Bir kərə, bir anlıq olsa da, vüsal, Ruhuma rahatlıq verməyir xəyal, Sonu ölümsə də, gəl, qoynuna al, Həsrətdə yaşamaq, zor Şehçiçəyim…”
Geniş izahatdan sonra sonu əvvəlcədən məlum olsa da, Şehçiçəyinin qurbanları ləçəklər arasında sıxılaraq məhv olduğu kimi,
“Sonu ölümsə də, gəl, qoynuna al.”
– deyən şair çiçəyin təbii – bioloji xüsusiyyətindən bu məqamda da məharətlə istifadə etmişdir. Şeirdən belə ayrı-ayrı məqamları nəzərinizə çatdırsam da, əslində elə vahid və bütöv şəkildə yazılıb ki, onu belə hissələrə ayırıb izah etməyin tərəfdarı deyiləm. Bu üç bəndlik şeir tam olaraq çox gözəl bir bədii nümunə və söz dünyasında, ədəbiyyat aləmində yenilik kimi qəbul olunmalıdır. Bu günə qədər müxtəlif statuslu söz adamların ədəbiyyata gətirdiyi çoxlu çiçəklər; ağçiçək, bənövşə, nərgiz, yasəmən, lalə və s. olduğu halda Şehçiçəyi çiçəyini, kəlməsini ədəbiyyata ilk dəfə Zaur Ustac gətirib. Həm də bu elə-belə sadəcə söz, kəlmə kimi deyil, çiçəyin bütün təbii- bioloji xüsusiyyətləri nəzərə alınmaqla baş verib. Zaur Ustacın Şehçiçəyi çəmənlikdən dərilərək söz süfrəsini bəzəmək üçün gətirilən çiçəklərə bənzəmir. Əksinə, onun Şehçiçəyi ədəbiyyat bağçasında bitmiş, söz dünyasın dərinliklərinə rişələr atmışdır. Bu səbəbdən o, solmayan bir çiçəkdir. Şairin şeirin əvvəlində özünün qeyd etdiyi kimi: “Tacısan dünyamda tüm çiçəklərin.”
Və ya ikinci bənddə: “Sağımda, solumda çox çiçək açar, Pərvanəyə dönüb, dövrəmdə uçar, Sərrafam, seçmişəm, dürr Şehçiçəyim…”
Zaur Ustac özünəməxsus lirizmi və ədəbiyyat bağçasında solmayan bir çiçəyi olan şairdir. Onun müəllifi olduğu “Şehçiçəyim” şeiri təkdir və düşündürücüdür. O, bu şeiri yazmaqla ədəbiyyat aləminə yeni bir çiçək qazandırmış və söz dünyasını təkrarsız bir nümunə ilə bəzəmişdir. Bütün bunlardan sonra böyük əminliklə demək olar ki, Zaur Ustac söz bağında, ədəbiyyat bağçasında öz çiçəyi olan şairdir. Və o çiçək…
Ülviyyə Hüseynova – Nərimanqızı.
Ülviyyə Hüseynova, filologiya üzrə fəlsəfə doktoru
ZAUR USTACIN UŞAQLAR – BİRİNCİLƏR ÜÇÜN DƏRS KİTABI
Kitabda əlifbamızın hər bir hərfinə aid əyləncəli, məzəli, uşaqların asan əzbərləyə biləcəyi olduqca axıcı, yüngül hecalı şeirlər və rəqəmlər haqqında olan tapmacalar toplanmışdır. Bütün bunlardan əlavə aylar, fəsillər və başqa uşaqlar üçün vacib anlayışlar barədə şeirlər də var.
2011- ci ildən məktəbəqədər uşaq müəssisələrində tərbiyəçi-müəllimlər, ibtidai məktəblərin birinci siniflərində əlifbanı öyrədən ibtidai sinif müəllimləri tərəfindən əlavə tədris vəsaiti kimi istifadə olunan kitab 2019 cu ildən Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən məktəbəhazırlıq qrupları üçün nəzərdə tutulmuş 3 hissəli dərsliyin “Məktəbə hazırlaşırıq” adlı həmin dərsliklər üzrə 2 hissəli metodik vəsaitinin I və II hissələrinə daxil edilmişdir. Orta məktəb və liseylərin məktəbəhazırlıq qrupları ilə məşğələlər təşkil edən ibtidai sinif müəllimləri üçün əvəzsiz vəsait olmaqla hələlik təkdir və bu vəsaitin alternativ variantı yoxdur.
ZAUR USTAC – ŞAİR-PUBLİSİST.
Onu da əlavə edim ki, bu kitab yalnız məktəbəhazırlıq qruplarında deyil, eyni zamanda əvəllki illərdə olduğu kimi yenə də məktəbəqədər uşaq müəssisələrində tərbiyəçi-müəllimlər üçün əvəzedilməz vəsait olaraq qalır. İbtidai məktəblərin birinci siniflərində əlifbanı öyrənərkən hər yeni hərf və rəqəm keçildikcə müəllimlərin “hərfə və ya rəqəmə aid şeir əzbərləyin” – kimi tapşırıqlarını da qarşılamaq iqtidarındadır.
Vəsaitdəki hərf və rəqəmlərə aid şeir – tapmacaların düzülüşü məktəbəhazırlıq qruplarında və orta məktəb-liseylərin birinci siniflərində hərf və rəqəmlərin proqramla keçilmə ardıcıllığına uyğun gəlir.
Bu kitabdan (vəsaitdən) istifadə etməyin müəllimlərə, valideynlərə və şagirdlərə nə kimi faydası var?
Müəllimlər üçün əvəzedilməz vəsaitdir ona görə ki, onların metodiki vəsaitdə hissə-hissə və pərakəndə halda rastlaşdığı şeirlər, tapmacalar bu kitabda yığcam və ardıcıllıqla Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən təsdiq olunmuş proqrama uyğun şəkildə verilmişdir.
Valideyinlər hal-hazırkı vaxtda olduqca münasib qiymətə yalnız bir kitab almaqla məktəbə hazırlaşan balacanın və ya artıq birinci sinifdə oxuyan birinci sinif şagirdinin hərf və rəqəmlərə aid şeir, tapmaca təlabatını ödəmiş olur.
Şübhəsizki, müəllim və valideyinin səyləri nəticəsində uşaqlar bu vəsaitdən öyrəndikləri şeir və tapmacaların köməyi ilə həm şeir əzbərləmə, söyləmə, həm də məntiqi təfəkkürünü, sadə hesablama bacarıqlarını inkişaf etdirərək daha çox onlar qazanmış olurlar. Uşaqların hərtərəfli inkişaf etdirilməsi, gələcək üçün kamil şəxsiyyətlər yetişdirilməsi, insan kapitalına sərmayə qoyuluşu və başqa bu kimi ümdə məsələlər isə hal-hazırda dövlət başçısı cənab İlham Əliyevin şəxsi nəzarətində olan, eyni zamanda uşaqların hamisi Birinci vitse-pezident Mehriban xanım Əliyevanın xüsusi qayğısı ilə əhatələnmiş prioritet məsələlərdən biridir.
Bütün bu yuxarıda sadaladıqlarımızdan belə nəticəyə gəlirik ki, bu vəsait hal-hazırda məktəbəhazırlıq qrupları ilə məşğələlər təşkil edən ibtidai sinif müəllimlərinin stolüstü kitabı olmaqla bərabər, gələcəkdə məktəbə gedəcək balaca uşaqları olan hər bir ailə üçün də vacib kitabdır.
ÜLVİYYƏ HÜSEYNOVA – NƏRİMANQIZI – FİLOLOQ.
Ülviyyə Hüseynova
filologiya üzrə fəlsəfə doktoru, BAU və ADU –nin baş müəllimi
Şair Zaur Ustacı neçə müddətdir ki, şair kimi tanıyır və yaradıcılığını izləyirəm. Lakin son vaxtlar onun “Oriyentir ulduzu” adlı povestinə gec də olsa, rast gəldim (povest 2011-ci ildə yazılıb) və onu həm də nasir kimi tanıdım. Əsərin həcmi kiçik olsa da, (cəmi 30-35 səhifə) hadisələrin dramatik gərginliyi, konkret situasiyalar, baş qəhrəmanın keçirdiyi psixoloji hallar, ön cəbhədəki vəziyyət, əsgərlərimizin həyatı və s. oxucuya həcmli əsər təsiri bağışlayır.
Povestin qəhrəmanı hamımızın yaxşı tanıdığı və sevdiyi Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovdur. Əlbəttə, yazıçı igidimizi yalnız cəbhənin ön xəttində təsvir edir. Lakin hərdən fürsət tapıb Mübarizin öz dili ilə bizi onun keçmişi ilə tanış etməyi bacarır. Aydın olur ki, hərbi xidməti başa vurmuş bu 22 yaşlı gənc vətənin tikə-parça vəziyyəti ilə barışa bilmir, vətənpərvərlik duyğusu onu yenidən ön cəbhəyə – əsgərlik həyatına çağırır. Müəllif Mübarizin dili ilə deyir; “Nə bilim e, vallah, bir şeyi başa düşə bilmirəm ki, bu şərəfsizlərin oyunbazlıqlarına nə qədər dözəcəyik? Qrajdanskidə dözmək olmur, deyirsən, gedim orduya. Orduda dözmək olmur. Deyirsən, ön cəbhəyə. Burda heç dayanmaq olmur. Şərəfsizlər hər gün gözünün qabağında min hoqqadan çıxırlar. Lap dəli oluram. Ya Allah, sən özün səbr ver!”.
Zaur Ustaclı bu gənc oğlanın blindajdakı bir günlük həyatını, eləcə də, əsgərlərimizin həyatını, döyüş xəttini, 1-ci, 2-ci, 3-ü oriyentirləri, səngərləri, düşmən tərəfin mövqeyini və s. olduqca inandırıcı təsvir edir. Düşmən tapdağında olan kəndlərimizin, çaylarımızın, dağlarımızın dəqiqliklə verilən adları oxucuda döyüş mövqeyi haqqıda geniş təəssürat yaradır. Gizir Mübarizin hərbi qaydalara necə diqqətlə əməl etdiyini, özündən rütbəcə aşağı olan əsgər yoldaşları ilə isti münasibətləri, təbii ki, oxucunun gözlərində qəhrəmanımızın unudulmaz portretini yaradır. Mübariz qarşısına məqsəd qoymuşdur; düşmənlə təkbətək üz-üzə durmaq, əsrlərlə bizə qənim kəsilən, torpaqlarımızda at oynadan, Xocalı kimi dəhşətli qırğınlar törədən erməni faşizminə dərs vermək, onlardan xalqımızın intiqamını almaq.
Əsərdə təsvir olunan sonrakı hadisələr Mübarizin silahlanaraq təkbaşına düşmən tərəfə keçməsi ilə davam edir. Gücünə və ləyaqətinə arxalanan Mübariz ata-anasına məktub qoyur. O, bu məktubda bir seyid kimi Allaha sığındığını, ermənidən qisas alaraq şəhid olmaq arzusunu ifadə edir. Axı Mübariz üçün tarixi örnəklər var. Axı Çanaqqala savaşında Seyid Çavuş 200 kiloluq mərmini topa yeritməklə döyüşdə ciddi dönüş yaratmışdı.
Ədib düşmənlə təkbaşına döyüşən qəhrəmanın keçirdiyi hissləri, düşmənə nifrətini, onlarla amansız döyüşünü, saysız-hesabsız erməni faşistlərini məhv etdiyini elə dolğun təsvir edir ki, oxucu qəhrəmanı ilə qürurlanır, onun apardığı döyüşü həyəcanla izləyir. Yazıçı Mübarizin dili ilə deyir; “Həmişə bu yolla düşmən mövqeyinə ya əsgər gələr, ya da yoxlama. Həmişə onların tərkibində çoxlu generallar, polkovniklər olan komissiyalar yoxlayıb “5” verərdilər. İndi bu yolla onları “yoxlamağa” Azərbaycan ordusunun peşəkar giziri gəlirdi. Özü də bu yoxlama qəfil yoxlama idi. Görəsən, bu şərəfsizlərin döyüş hazırlığı nə yerdədir, neçə alacaqlar bu imtahandan?
Yoxlamaya bizim Mübariz gedirdi, “Mübariz”
(Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimova həsr edirəm)
Zirvədə yurd salan qartallar kimi Səngərdə düşməni izləyirdi o. Qəlbinə yığmışdı qəzəbi, kini, Vulkan püskürməsi gözləyirdi o.
Hələ iyirmi iki yaşı var idi, Hələ iyirmi iki bahar görmüşdü. Hələ qəlbində eşq körpə bar idi, Həm də bu yaşda o, nələr görmüşdü.
Onun qan yaddaşı haray salaraq Bütöv bir tarixi deyirdi ona. Yurda “qonaq” gələn erməni alçaq İndi sahib çıxıb Qarabağıma.
Ey Milli Qəhrəman, alqış bu ada Adına yaraşır bu fəxri adın. Mübariz adını atan qoysa da, Qəhrəman adını özün qazandın.
Yurdun bütövlüyü dinin imanın Gec-gec yox olacaq bu duman, bu çən. İndidən görürəm, ey qəhrəmanım, Şuşada ucalan heykəlini mən.
Mübariz “məğlubedilməz erməni ordusu” mifinə son qoydu. Öz ölümü ilə belə düşməni lərzəyə saldı.
Povest qəhrəmanın həlakı ilə başa çatsa da, yazıçı onun əbədiyaşar insan olduğunu oxucuya təlqin etməyi bacarır.
Ancaq bir oxucu kimi məni qane etməyən bəzi məqamları da diqqətə çatdırmaq istəyirəm. Düşmən kazarmasına girən Mübarizdə hərdən mərhəmət hissi də baş qaldırır, hətta bəzi düşmən əsgərini öldürməkdən vaz keçir. Məncə, bu, inandırıcı deyil. Xocalı dəhşətini oxuyub öyrənən, televiziya vasitəsi ilə bu faciəni izləyən Mübariz amansız olmaya bilməzdi.
Bir də istərdim kİ, Mübarizin düşmənlə qarşılaşdığı zaman konkret erməni obrazı olsaydı, yaxşı olardı. Məsələn; erməni komandiri, erməni zabiti və s.
Povest yüksək ideya daşıyıcısı kimi dəyərə malikdir.Yeniyetmə və gənclərimizin Mübariz kimi qəhrəmanlarımızı öyrənməyə böyük ehtiyacı var. Axı qarşıda Böyük Qarabağ Savaşı durur.
Mahirə NAĞIQIZI – Filologiya ü.e.d. – Professor, yazar, şair, pedaqoq.
(Mahirə Nağıqızının poeportreti…)
I məqalə
Neçə illərdir müasir qadın şairlərimiz sırasında dəyərli, yaddaqalan imzalardan biri olan Mahirə Nağıqızı imzasını mətbuatdan ardıcıl izləyirəm. Xeyli illər bundan qabaq AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda ilin ədəbi yekunları sesiyalarında poeziyadan etdiyim məruzələrdə də adını çəkmişdim, yaradıcılığının perspektivini qiymətləndirmişdim…
Nəsimi adına Dilçilik İnstitutunun Müdafiə Şurasındakı müdafiəsini xatırlayıram… Dilçi alimlərdən Qəzənfər Kazımova, İsmayıl Məmmədova həsr etdiyi məqalələri oxumuşam. Bir dilçi alim kimi bədii üslubiyyata, poetikaya meyilli tədqiqatları ilə maraqlanmışam… Bir həmkarımın (Çapar Kazımovun) mənə verdiyi “Ruhuna beşiksə, tanı, vətəndir…” (Bakı, 2017, 328 səh.) şeirlər toplusunu oxuyandan sonra ona olan marağım daha da artdı və şeir yaradıcılığı haqqında müəyyən tədqiqat apararaq “poeportret ” janrında düşüncələrimi ədəbi ictimaiyyət və oxucularımla bölüşmək istəyinə düşdüm…
Bu məqaləni yazmağıma ikinci bir səbəb də oldu ki, mən özüm də, 60-cı illərdə indiki ADPU-nun tarix-fililogiya fakültəsində oxumuşam və buradakı elmi-ədəbi mühitlə doğmalığım var, əlaqələr bu gün də davam edir… Və bıləndə ki, professor Həsən Mirzəyev (Həsən Mirzə) Mahirə xanım Nağıqızının doğma dayısıdır və mənim ən sevimli müəllimlərimdən olub, həmçinin o kişi, həmin institutda (V.İ.Lenin adına Azərbaycan Dövlət Pedaqoji İnstitutu adlanırdı) dərs deyən görkəmli psixoloq, professor, Əməkdar Elm Xadimi, əmim Əkbər Bayramovla yaxın dost idilər… Bu dostluq sonralar onların əqidə və məslək birliyinə çevrildi, hər ikisi məşhur siyasi qurum olan Yeni Azərbaycan Partiyasının qurucularından – 91-lərdən, ilk Heydərçilərdən oldular…
Onların hər ikisi elmi və ictimai həyatda böyük nüfuza malik idilər və buna görə də onların sözü ictimai rəyə ciddi təsir edirdi. Xalqın, millətin taleinin həlli məqamında, o, çətin dövrdə xalqı və dövləti xilas edə biləcək yeganə siyasətçinin məhz ümummilli lider Heydər Əliyev olduğunu dərk edərək bu böyük şəxsiyyətin hakimiyyətə gəlməsinə çağırış edən “91”lərin ilklərindən oldular. Baxmayaraq ki, buna görə təzyiqlərə, təhdidlərə, lüzumsuz tənqidlərə məruz qaldılar, amma haqq yolundan çəkilmədilər…
Bu, indi hamıya sadə görünə bilər. Amma dövrün, zamanın sərt olayları, ziddiyyətləri o vaxt belə bir addımı atmağa böyük cəsarət tələb edirdi. Bax belə, çəkinmədən, qorxmadan, əsl ziyalı kimi Həsən Mirzəyev və Əkbər Bayramov digər məsləkdaşları ilə xalqı ilə, xalqın xilaskarı ilə bir yerdə oldular…
Və görəndə ki, Mahirə Nağıqızının “Ruhuna beşiksə, tanı, vətəndir…” (2017, 328 səh.) şeirlər toplusu belə bir kişiyə (kişilərə) ithaf olunub marağım birə on qat artdı…
Bir şeyi də xatırladım ki, Mahirə xanım Nağıqızı hələ tələbəlik illərində – indiki ADPU-nun filologiya fakültəsində oxuyarkən (80-84-cü illərdə) onun şeirləri həm institutun sahə qəzetində, həmdə dövri mətbuatda çap olunur, xalq üslubunda yazdığı şeirləri elə o vaxtlardan rəğbətlə qarşılanırdı.
Onun bu poetik yaradıcılıq uğurları elmi yaradıcılığı ilə müvazi inkişaf etməyə başladı. Neçə-neçə dərs vəsaitlərinin, 15 monoqrafiyanın, 200-dən çox elmi məqlənin müəllifi olan Mahirə Hüseynova Nağıqızının bir sıra məqalələri xarici ölkələrin elmi mətbuatında – ABŞ, Çexiya, Rusiya, Türkiyə, Qazaxıstan, Ukrayna, Tatarıstan və digər xarici ölkələrdə çap olunub, onun kitabları haqqında respublika mətbuatında – qəzet və jurnallarda onun yaradıcılığını təqdiredici məqalələr dərc edilibdir.
Azərbaycan Yazıçılar Birliyinin üzvü olan Mahirə Nağıqızının 12 şeir kitabı oxucularna ərməğandır. İlk şeirlər kitabı “Mənim anam” (2006), hələlik axırıncı şeirlər kitabı isə “Ruhuma beşiksə, tanı, vətəndir” (2017) toplusudur. Hətta bu kitabı tənqidçilər şairin seçilmiş əsəri hesab edirlər… Dediyim kimi, kitab Azərbaycan Respublikasının Əməkdar Elm Xadimi, professor, məşhur dilçi-alim, ictimai xadim, ardıcıl Heydərçi, Respublikamızda hakim partiya olan YAP-ın ilk qurucularından biri olan mərhum Həsən Mirzəyevin xatirəsinə həsr olunmuşdur. Mahirənin “Həsən Mirzə yaşayır” şeirində oxuyuruq:
…Bu ayları onsuz gördük deyilməz,
Üzbəüzdə Həsən Mirzə yaşayır.
O nə sirdir, nə hikmətdir, bilinməz,
Yüzə-yüzdə Həsən Mirzə yaşayır.
…Gedib çıxıb haralara sədası,
Azərbaycan – ora, bura obası.
Cild-cild kitablarda yuvası,
Qalıb sözdə Həsən Mirzə yaşayır.
Bəri başdan qeyd edim ki, Mahirə Nağıqızının şeir yaradıcılığının çoxçeşidli, özünəməxsus mövzu sistemi mövcuddur. Onun yaradıcılığının əsas leytmotivinin birini də xalqın milli-mənəvi tərəqqisində, ictimai, mədəni düşüncəsinin yeniləşməsində böyük xidmətlər göstərən, xalqın taleyi qarşısında şəxsiyyətin rolu və məsuliyyəti məsələsi kəskinliyi ilə qoyulur. Dediyimiz kimi, müstəqilliyimiz uğrunda ilk mübarizəyə qoşulanlar cərgəsində duran, azadlıq və müstəqillik yolunu – Heydərçilik yolunu dürüst müəyyənləşdirərək ilk Heydərçi mücahidlərdən olan Həsən Mirzəyevə həsr etdyi bu şeirlər təkcə bir nəfərin fərdi ictimai cəhətlərini deyi, ümumilikdə ictimai-siysi həyatda nüfuz sahibi olan, lazım gəldikdə xalqın, dövlətin müstəqilliyi uğrunda həyati vacib məsələlər mövqeyindən çıxış etməyi, cəmiyyətin hisslərini, düşüncələrini, arzularını, istəklərini vaxtında, dürüst müəyyənləşdirməyi bacaran – indiki halda keçən əsrin 90-cı illərində “Doxsan birlər” adlanan ziyalılar qrupunun, zialılar zümrəsinin ümumi obrazını xarakterizə eləyir…
Deyirlər ki, böyük ideyalarla yaşamayan, böyük olaylara həsr olunmayan həyat məzmunlu ola bilməz. Böyük adamlar böyük–böyük danışanlar deyil, böyük idealın daşıyıcıları olanlardır. Mahirə Nağıqızı da Həsən Mirzəni müasir ziyalılar zümrəsinin böyük idealların daşıyıcısı, ən ümdəsi “xalq adamı”, “el adamı” kimi təqdim edir və bununla da müasir gəncliyə belə şəxsiyyətləri nümunə göstərir.
El oğluydu, el adamı- dedilər,
Tək qoymayıb bir adamı- dedilər.
Ata, qardaş, əmi, dayı- dedilər,
Dağda, düzdə Həsən Mirzə yaşayır
… Tanıyanlar bilərdilər o ərdi,
Yığnaqlıydı, çörək qədri bilərdi.
“Dilqəmi”ynən huş götürüb gedərdi,
Telli sazda Həsən Mirzə yaşayır.
Və yaxud:Həsən Mirzə bir olmadın, pir oldunHarda oldun, öndə oldun, bir oldunEl- obaya sığınacaq yer oldunYola çıxdın yeni yolun mübarək… Ömür sürdü, ömür yazdı xoş ada,Fərq qoymadı, nə doğmaya, nə yada.Çox oğullar doğulacaq dünyada,Arasında Həsən Mirzə doğulmaz.
Əslində, Mahirə Nağıqızı böyük alim, şair, ictimai xadim, professor, el adamı Həsən Mirzənin istər elm sahəsində, istərsə də poeziya aləmində, istərsə də həyatda ləyaqətli varisi və “Dünya” şeirində – özü demiş, mənəvi övladıdır, ona “dünyanı öyrədən” dünyasıdır:Harada zilindi, harada bəmin,Tutmadım, yolların qəribə sənin.Mahirə – övladı Həsən Mirzənin,O mənə dünyanı öyrətdi, dünya!
Və yaxud:Dərdim, birin görünür,Baxdım, dərin görünür.Həsən Mirzə, haray ver,Elə yerin görünür!
Və digər bir şeirində isə Həsən Mirzə yolunun müsafiri olmağı ilə fəxr edərək yazır:İnandım qəlbimə, gücünə sənin,Tanrı yazısına ömürdü zəmin.Qoyduğu hədəf var Həsən Mirzənin,Yeri, ayaqlarım, nə dayanırsan?
Və Həsən Mirzənin müəyyənləşdirdiyi hədəfə doğru addımlayan Mahairə Nağıqızının ömür yolundan
Mahirə NAĞIQIZI.
Haşiyə:
Hüseynova Mahirə Nağıqızı 1960-cı il ildə Naxçıvan Muxtar Respublikasının Naxçıvan rayonunun (indiki Babək rayonunun) Sust kəndində anadan olub. 1968-ci ildə Xalxal kənd səkkizillik orta məktəbində oxumuş, sonra – 1978-ci ildə Abşeron rayonu Mehdi Hüseynzadə adına Novxanı qəsəbə 1 saylı orta məktəbi bitirmişdir. 1980-ci ildə V.İ.Lenin adına Azərbaycan Pedaqoji İnstitutunun (indiki ADPU-nun) filologiya fakültəsinə qəbul olmuşdur. Təhsil aldığı illərdə öz fəallığı ilə seçilmiş, fakültədə keçirilən tədbirlərdə iştirak etmiş, tələbə və müəllim heyətinin dərin rəğbətini qazanmışdır. 1984-cü ildə institutu fərqlənmə diplomu ilə bitirmişdir. Elə həmin ildən də təyinatla əvvəlcə Abşeron rayonu Mehdiabad qəsəbə 1 saylı orta məktəbdə, sonra isə Bakı şəhəri N.Nərimanov rayonu G.Əsgərova adına 43 saylı MLK-da ixtisası üzrə işləmişdir. Bu illərdə Təhsil Nazirliyi tərəfindən “Respublikanın qabaqcıl təhsil işçisi” adına layiq görülmüş, döş nişanı ilə təltif olunmuşdur. 2003-cü ildə isə “İlin nümunəvi müəllimi” Respublika müsabiqəsinin qalibi olmuş, I dərəcəli diplom almışdır. 2009-cu ildən ADPU-nun Müasir Azərbaycan dili kafedrasının müəllimidir. “Həsən Mirzəyevin yaradıcılığında filologiya məsələləri” adlı dissertasiyasını müdafiə etmiş (2012), 2015-ci ilin dekabr ayında Müasir Azərbaycan dili kafedrasının müdiri vəzifəsinə seçilmişdir. 2013-cü ildən “XIX-XX əsr Qərbi Azərbaycan aşıq və el şairlərinin yaradıcılığının dil və üslub xüsusiyyətləri (Dərələyəz mahalı üzrə)” mövzusunda araşdırmalar aparmış, 2017-ci ildə müdafiə edərək filologiya elmlər doktoru elmi dərəcəsini almış, professordur, hazırda elmi və bədii yaradıcılığını, pedaqoji-təşkilatçılıq fəaliyyətini ADPU-nun filologiya fakültəsinin dekanı kimi uğurla dvam etdirir…
XXX XXX XXX
Maraqlı cəhətlərdən biri budur ki, Mahirə müəllimə bir dilçi-alim kimi şeirin poetikasının tədqiqatçısı olduğundan və poeziyanın ədəbi dil normalarını kamil bildiyindən bütün bunları bədii yaradıcılığına yansıda bilir. Məsələn, onun “Azərbaycan poeziyasında “dağ” obrazı” (Bakı : Vətən nəşriyyatı, 2013. – 195 s); “Müasir Azərbaycan dili: aşıq və el şairlərinin yaradıcılığında dialektizmlərin öyrədilməsinə dair : Dərələyəz mahalı üzrə” ( metodik vəsait , – Bakı : Vətən nəşriyyatı, 2015. – 52 s.); “XIX-XX əsrlər Azərbaycan aşıq və el şairlərinin yaradıcılığında onomastik vahidlərin linqvopoetikası : Dərələyəz mahalı üzrə” (Bakı: ADPU nəşriyyatı, 2015. – 204 s. ; “Aşıq və el şairlərinin üslubi sintaksisi : Dərələyəz mahalı üzrə”, (Azərbaycan Dövlət Pedaqoji Universiteti. – Bakı : Afpoliqraf, 2017. – 128 s.); “Aşıq və el şairlərinin üslubi frazeologiyası : Dərələyəz mahalı üzrə “, (Azərbaycan Dövlət Pedaqoji Universiteti. – Bakı : Afpoliqraf, 2017. – 112 s.) kitablarının mövzuları və problematika istiqamətləri də bunu aydın bir şəkildə göstərir.
Mahirənin poeziyasına elmi-nəzəri prizmadan yanaşsaq, görərik ki, onun şeir yaradıcılığı poeziyamızın yaşarı ənənələrinə sıx bağlıdır, eyni zamanda, müasir şeir mədəniyyəti, həyatı, gerçəkliyi inikas nöqteyi-nəzərindən də yeni, novator keyfiyyətləri ilə diqqəti cəlb edir. Belə ki, onun poetik yaradıcılığı, demək olar ki, əksər şeirləri el ədəbiyyatının, aşıq yaradıcılığının üslub bulağından süzülüb gəlir… Onun şeirlərinin linqivopoetikası, poetik sintaksisi, üslubi frazeologiyası, onomastik vahidləri bənzərsiz bir şəkildə, yaradıcılıq axtarışlarına uyar bir şəkildə aşkarlandığından cəlbedici olur, lirizmi, müsiqililiyi ilə seçilir, fərqlənir…
II məqalə
Şairin indiyədək nəşr etdirdiyi kitablarında həyat, dünya, ömür-gün, dövrün ictimai-mədəni, mənəvi-əxlaqi mənzərəsi, qayğılarımız və problemlərimiz, Qarabağ müharibəsi, şəhidlik mövzusu, dünyada və Azərbaycanda gedən proseslərə fərdi baxış rakursu daha çox özünü büruzə verməkdədir.Mahirənin şeirləri boz axından – nəzmkarlıqdan, şeirbazlıqdan, qrafomançılıqdan qütblərarası bir məsafədədir. Onun yaradıcılığının spesifik konturları mövcuddur.
Mahirə Nağıqızı imzası müasir ədəbiyyat aləmində — Azərbaycan mədəni-ədəbi ictimaiyyəti, fikir adamları, ədəbiyyatşünas və tənqidçilər, dost-tanışlar arasında
etiraf olunan imzalardandır və özünəməxsus, daim impuls verən poetik enerjiyə malikdir, məsələn, bu bayatılardakı kimi:
Ağam gəl, ay ağam gəl,
Dərd böyüdüb dağam gəl.
Ömür fani, baxt zalım,
Nə qədər ki, sağam gəl!
Bulud kimi dolan var,
Çiçək kimi solan var,
Quzudan qurban olurmu,
Məntək qurban olan var.
Çölündə bitəm, boylanam,
Bağımda sitəm, boylanam.
Hopam göylərdə buluda,
Sən tərəf, vətən, boylanam.
Bu müşahidə ediyimiz poetik cəhətlər – gözlənilməz bənzətmələr, təşbihlər, obrazlar, aleterasiyalar, səs və söz duyumu Mahirə Nağıqızının şeirlərində onun müasir həyatdan, yaşadığımız bu dünyadan, əlbəttə, ilk növbədə, Azərbaycan gerçəkliyindən aldığı lirik təəssüratlar, duyğu və düşüncələr axarında öz əksini tapır. Onun təfəkkür palitrası yetərincə polifunksionaldır. O, həyatda, cəmiyyətdə, təbiətdə, insan münasibətlərində baş verən, görə bildiyi hadisələrə biganə qalmır, bu günün həqiqətlərini qələmə alır, hətta keçmişdən, tarixdən yazanda da bu gün, çağdaş dünyamız onun şeirlərinin başlıca leytmotivinə çevrilir, insan ömrünün bitib-tükənməyən arzuları və bu ömrün sevincli-kədərli nəyi varsa şairin şeirlərinin mövzusu olur, özünəməxsus yeni poetik biçimdə misra-misra, bənd-bənd biçimlənir, ənənəvi dünya mövzuzunda yazılan “Dünya” şeirində olduğu təkin ömrün yaddaşı sözdə canlanır, şair lirik-fəlsəfi yanaşmalarla mənəvi axtarışda bulunur:Gözümü açandan özümü gördüm,Gördüyüm özüməm, ya baxtdı, dünya.Anam deyəndimi, atam söyləyən,Cavab axtarıram nə vaxtdı, dünya. Yeridim, hər addım bir mənzilbaşı,Açdığım hər varaq bir divar daşı.Haraya çatdımsa ömrün yaddaşı,Dedi gecikibsən, bivaxtdı, dünya. Yaşam hikmətinin nəyidi dərin,Ən böyük biclikdi düzlük- deməyin.Tanrı göndərdiyi peyğəmbərlərin,Hansı demədi ki, nə haqdı, dünya? İnsanı ağladan, güldürəndimi,Güldürən ağladıb dərd verəndimi?Zalım öləndimi, öldürəndimi,Düz deyən mərddimi, namərddi, dünya? Axtardım özümü mən addım-addım,Od əgər haqdısa odda yanırdım.Nələri tapmışam, nə axtarırdım,Bu ya təsəllidi, ya dərddi, dünya.
Göründüyü kimi, Mahirə Nağıqızı ənənəvi mövzuda fərqli düşüncə tərzi ortaya qoyur, onun şeirlərində poetik fikir qeyri-adi çalarlarıyla meydana çıxır. O, belə mövzularda bizim adət etdiyimiz düşüncə sistemini, duyum tərzini rahatca dəyişib, fikirlərini, duyğularını fərqli şəkildə, amma, yenə də ənənəvi qiyafədə təqdim edir. Azərbaycan, ana vətən silsiləsindən yazdığı şeirlər dediklərimizə bariz nümunədir:Azərbaycan-Qayalarından uca,Yaşımdan da cavan,Dünyadan qoca. Azərbaycan-Nəsil-nəsil doğuluşum.Külündən yaranan,Mənim səməndər quşum…. Azərbaycan-Kürüm qədər lal, dəli.Ahıllar qədər susqun,Cahıllar qədər hikkəli…. Azərbaycan-Ünvanı- növrağımın.Əyilməyən dirəyisən,Üçrəngli bayrağımın.
Onun müraciət etdiyi mövzuya fərdi rakursdan yanaşmaq istəyi və bacarığı əksər məqamlarda özünü göstərir. Bu şeirdəki obrazlar sistemi, təzadlar, ibarə və frazalar fərqlidir, münasibət yenidir, şerin strukturu, poetik modeli də, ritmi də özünəməxsusluğu ilə seçilir… Təzad, ibarə, fraza – dediklərimiz nəsnələr müəllifin poetik üslubunun parlaq bədii obrazlarını və lirik süjetin xüsusiyyətlərini nümayiş etdirir. Onun şeirlərində indiyə qədər vərdiş etmədiyimiz ritmik nitq, orjinal qafiyə sistemi ilə diqqətimizi cəlb edir. Odur ki, onun poetik mətnilərinin melodik lirizmi könülləri hədəfləyir…. Burada zaman və məkan xronotopları da ahəngdarlıqla bir-birini tamamlayır… Bu baxımdan onun şeirləri uyarlı poetik assosiasiya yaradır… Buradakı obrazlar fərqli yozumda təqdim olunur. Daha doğrusu, müəllifin baxışında doğma elə, obaya vurğunluq özünü aşkar biruzə verir. Bu qəbildən əsərləri öz məzmunu, obrazlılığı, fikrin deyim çaları ilə diqqətəlayiq nümunələrdəndir. Bu şeirlərdə isə bugünkü həyatın, gedişatın adekvat mənzərəsi ustalıqla təsvir edilir. Şair poetik hiss və duyğularını elə ifadələr, düzümlərlə oxuculara təqdim edir ki, ənənəvi obrazlar yeniləşir, təzə təravətdə təqdim edilir…
Onun şeirlərindən hiss, fikir insanların iç dünyasına, qeyri-adi düşüncəsinə rahatlıqla, təbii, maraqlı poetik lövhə şəklində daxil olur, onların həyata münasibəti haqqında görümlu bir təsəvvür formalaşdırır. Daha doğrusu, bu şeirlərdən insanın əsl mahiyyəti boylanır:Füzuliyə boğça oldu,Xətaiyə taxça oldu,Süleymana axça oldu,Cahü-cəlalı dünyanın.Mahirə, qəlb yandısa, de,Yetişibdi, andısa, de.Umacağı candısa, de,Olsun halalı dünyanın.
Və yaxud:Vay o günə, mərd namərdə əl aça,Nakəs olan meydan qura, qol aça.Nağıqızı, hər ümid bir qalaça,Ömr uzadar, günü bəhər sayılar.
Onun bu tipli şeirlərində vətənə, torpağa, anaya, insana müqəddəs , sonsuz sevgi var. Bu qəbildən – “Vətəndir”, “Şəhid nəğməsi”, “Tanrı yolu”, “Xocalı üçün elegiya”, “Al bayrağım”, “İstanbulun axşamları” və s. onlarla şeirləri vətənə, torpağa, insana, doğmalara məhəbbətin mayası ilə yoğrulubdur. Onun şeirlərinin kontekstində cəlbedici sadəlik və səmimiyyət var – adi, sadə və insani… “Vətəndir” şeirində olduğu kimi və mənə elə gəldi ki, bu şeir poeziyamızda bu mövzuda yazılan ən yaxşı şeirlər sırasında olmağa layiqdir:
Bu vətən deyilən torpaq deyil ki,
Ananın dizinin yanı-vətəndir.
Başını qoymağa bir sinə varsa,
Ruhuna beşiksə, tanı, vətəndir.
Dünyanın sirri bir, sualları çox,
Boy verən nə qədər…cavab verən yox.
Oğlunun, qızının gözü-könlü tox,
Bir ümid yerinin canı vətəndir.
Hər ağla gələnlər yığbala gəlməz,
Haqdan gəlməyəni yığ, bala, gəlməz.
Sevənin günahı babala gəlməz,
Ürəyə can verən qanı vətəndir.
Kimə doğma dedin, kimə yad dedin,
Nə haray istədin, nə imdad-dedin?
Qürbətin havası verməz dad-dedin,
Adının hər adı-sanı vətəndir.
Qurduğun dünyanın hər daşı-vətən,
Ömrünün-gününün yoldaşı-vətən,
Mahirə, demədi qəm daşı vətən,
Dərmanın hardadır, hanı – vətəndir.
Qoşmadakı poetik fikrin və hissin ardıcıllığı, “Vətən” məfumuna yeni mənəvi-əxlaqi baxış bucağı – “Anamın dizinin yanı Vətəndir”, “Ruhuna beşiksə, tanı, Vətəndir” deyimlərinin yeniliyi, “Dünyanın sirri bir, sualları çox”, “Boy verən nə qədər… cavab verən yox” misralarının aforizm qədər məna yükü, şeirin arxotekstindəki oturuşmuş qafiyə sistemi, kursivlə verdiyimiz üçüncü bəndləmədəki cinas qafiyələrinin tamamilə orjinallığı (fikrimizcə bu cinaslar ilk dəfədir ki, şeirə gətirilir), dördüncü bənddə qürbət – vətən antitezinin qarşılaşdırmasından yaranan müasir mənəvi nisgilin əzabverici ağrısı və sonuncü bənddəki Məmməd Arazsayağı ritmik ahəngin mahir ifadəsi və poetik mübaliğənin yaratdığı nikbin ovqat Mahirə Nağıqızının bir istedadlı şair kimi məharətinin impulslarıdır…
III məqalə
Mahirə xanımın bütün yaradıcılığının estetik yükü və gücü, kredosu onun bir şair kimi həmişə həyat həqiqətinin yanında olmaq istəyi və bacarığıdır. Bu onun üçün insanlığın əxlaqi-mənəvi dəyər səviyyəsində ən böyük sifətidir, mahiyyətidir. Ümumiyyətlə, qeyd etməliyik ki, onun lirikasında mənəvi məsələlərin axtarışı heç də fraqmentar xarakter daşımır. Problem özünün ardıcıllığı, davamlılığı ilə diqqət mərkəzinə düşür. Bütün situasiyalarda həqiqət nədirsə onun yanında olmaq, onun tərəfini saxlamaq, həqiqəti məhəbbət kimi tərənnüm etmək…Haraya getsəm də, Vətən, ay Vətən,Könlümdə ruhunun var, havası var.Ayrılıqdı bilməm, xiffətdi -bilməm,Sənsiz hər tərəfdə qar havası var. …Köksündə dondurmaz ayazı qışın,İstisi bəsimdi bircə qarışın.Qürbətdə küləyin, yağan yağışın,Səsində bir ahu-zar havası var.
Bütün bu “qar havasına” mübtəla olmuş lirizm axını sonda məhəbbətə – “yar havası”na çevrilir və gerçəklik öz yuvasını tapmış olur, ictimai funksiya fərdi istək funksiyasına çevrilərək həqiqətə münasibəti məhəbbətə çevirir…
“Şəhid nəğməsİ”, “Son döyüşə hazır ol”, “Al bayrağım”, “Xocalı üçün elegiya” və s. bu sıradan olan şeirləri həqiqət sıldırımlarından qopan poetik qəlpələrdir… Mahirə Nağıqızı intervülərinin birində jurnalistin: “Bəzən yaşadıqlarımızı göstərmək üçün mübaliğələr belə acizdir. Bəs haqqın tərəzisi?! Görə-görə kor olmaq olurmu?” – sualına belə cavab verir: “- Hə, bu, xəyalən min dəfələrlə olduğum, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalısının- özü elə böyük olamayan bir qəsəbənin dünya boyda dəhşət mənzərəsidir… O mənzərədə insanlığını itirən kəsin ən vəhşi heyvandan belə amansız olduğunu görmək olar… O mənzərənin vəhşəti insanın qəlbində Allahın özünə belə etiraz nidaları yaradır. Yox, söhbət ancaq ondan getmir ki, bu amansız cinayəti törədən erməni millətindən olan qatillərə qərinələrlə bir millətə-türklərə qarşı aşılanmış nifrət hissi impuls verib… Söhbət ondan gedir ki, həmin gecə ancaq azərbaycanlı olduqlarına görə amansızlıqla öldürülən, içərisində körpələrin və qadınların da olduğu 613 nəfərin qanı laxtalanmayıb… Şəxsən mən hesab edirəm ki, o Qan təkcə onu tökənlərin deyil, bu mənzərəyə laqeyd qalanların da vicdanındadır və Xocalı ədaləti bərqərar olmayınca o qan laxtalanmayacaq.” Və biz “Xocalı üçün elegiya” şeirini oxuyanda onun – şairin həmişə “haqqın tərəzisinin” yanında yana-yana olduğu aşkar görsənir:
26 fevralda
Zamanı mat qoydular.
İblis xislətli kəslər
İnsan donundaydılar.
Dünyaya göstərdilər,
Vəhşi nə təhər olur,
İnsan vəhşi olanda,
Vəhşidən betər olur.
O gecə Xocalıda
Daş-divar güllələndi,
adamlar güllələndi,
ağaclar güllələndi.
Erməni-rus tankları,
Nə var tırtılnan əzdi.
Qanla qan suvarıldı,
Qanla ayaz öləzdi.
Anaların fəryadı,
Diksindirdi tanrını.
Qan donmağa qoymadı
Uşaq ayaqlarını.
Süngüyə keçən başlar,
Düşmən üçün dəf oldu.
Qoca, qadın, körpələr,
Hamısı hədəf oldu.
Dinc, silahsız adamlar
Ölümnən baş-başaydı.
Xocalıda olanlar
Əzablı tamaşaydı.
Bu “əzablı tamaşa” millət üçün, xalq üçün mənəviyyat, əxlaq, kişilik, mərdlik tamaşasıdır, tarixi dərslikdir, bütöv millətin şəhidlik zirvəsidir və bu zirvədə minor ladda söz notunda “Şəhid nəğməsi” bəstələnir:
Millətin qoludur- daş atmaq üçün,
Ürəyi qorxudan boşaltmaq üçün.
Ölərlər Vətəni yaşatmaq üçün,
Hər qəlbdə bir qala tikər şəhidlər.
Analar ər doğar,oğul böyüdər,
Hər oğul dünyası – nağıl, böyüdər.
Vətəni qaldırar göylərə qədər,
Düşmənin qəddini bükər şəhidlər.
Səngəri ev bilib ağ ban eyləyər,
Bağ qurar, ömrünü bağban eyləyər.
Canını Vətənə qurban eyləyər,
Qanını xalq üçün tökər şəhidlər.
Özü qocalmaz ki, əsri qocaldar,
Gələcək – gedəcək nəsli qocaldar.
Hər qəlbdə bir uca bayraq ucaldar,
Azadlıq ağacı əkər şəhidlər…
Mahirə Nağıqızı adi həyat hadisələrini, ən sadə həqiqətləri – həyat, ölüm, sevgi, Allah, Dünya və İnsan haqqında duyğularını poeziya dili ilə, özü də orjinal şəkildə ifadə edir. Amma burada duyğular və hisslərlə yanaşı, bir mühüm məqamı da vurğulamalıyıq – Mahirənin şeiri həm də bizə məlum, adi həqiqətlərin nisbətən yeni izahıdır, yeni yöndən dərkidir, “Leysan yağışı” şeirində olduğu təkin:Dünya toz-torpaqnan dolu,Çarəm, yağ, leysan yağışı.Sinəmi yolların boyu,Sərəm, yağ, leysan yağışı. Yer fanidi, göy əbədi,Göy ömrü yerin mabədi.Yetirə bizlərə ümidi,Kərəm, yağ, leysan yağışı. Göylərə əl qaldıran biz,Haqqa inamdı çarəmiz.Gəl elə yeri tərtəmiz,Görəm, yağ, leysan yağışı. Yağ vüsala yetirməyə,Eşq ağacın bitirməyə,Nə yağıb yer götürməyə,Yerəm, yağ, leysan yağışı. Bacarmadım göyə çıxam,Buludun gözünmü, sıxam,Səninlə dənizə axam,Kürəm, yağ, leysan yağışı. Tanrı tək – işıq yoludu,Mahirə onun quludu.Sinənmi söznən doludu,Dillən, yağ , leysan yağışı!
Bədii ədəbiyyatın insan əzəməti və ləyaqəti haqqında yaratdığı ən böyük psixoloji himn məhəbbət himnidir. Məhəbbət əsil insan xoşbəxtliyinin meyarıdır. Məhəbbətin sonucu iki “Mən”in vahidləşərək “BİZ”ə çevrilməsi hadisəsi olmasıdır. Amma həmişə belə olurmu? Ədəbiyyat, xüsusən də poeziya ta əzəldən bunun axtarışındadır və bütün insani faciələr, bədii konfliktlər bu struktur üzərində, bu bünövrə üzərində qurulur…
Şərq məhəbbət fəlsəfəsində dərd həmişə öndədir… Facəvilik, Məcnunluq, Fərhad itgisi aparıcı motivdir və bu gün də poeziyamızda bunun dərin izləri davam etməkdədir. Mahirə xanım məhəbbət mövzuzuna tamamilə başqa bir rakursdan yanaşır. Sevgi, məhəbbət həmişə dərd gətirmir! Sevən insanın qəlbi genişlənir, ruhu təzələnir, bütün dünya gözündə məhəbbətə, sevgiyə bürünür, “Dünyanın boz üzü bəmbəyaz” olur, “Hər tərəf laləli düzə” dönür… “Səni sevəndən” şeiri dediyimizə bariz nümunədir və şerin tamlığına xələl gəlməsin deyə, onu tam şəkildə də təqdim edirik:Mən səni sevəndəndünya dəyişib.Bir az duzu artıbtamı dəyişib.Mən səni sevəndənulduzlar artıbDaha gizlənmir ayqaçır buluddan.Bir ilıq istilik verirgünəş də…Mən səni sevəndənaləm dəyişib.Sanki yox olubdueniş-yoxuşlarElə bil hər tərəflaləli düzdü.Ruhum qol götürübsüzdükcə süzdü…Mən səni sevəndənMən səni sevəndəndağlar ucalıbElə bil qarıyıbŞeytan qocalıb.Dünyanın boz üzüolub bəmbəyaz.Mən səni sevəndənAçılıb dilimElə xoş keçir ki,hər ayım, ilim.Mən səni sevəndənEh nələr…nələr…Məlumdur ki, məhəbbət mövzusu poeziyada rəngarəng, ağılagəlməz çalarlarda duyğu və hisslər sistemi yaradır… Belə bir cəhət Mahirə Nağıqızının lirik yaradıcılığında da təbii axarında üzə çıxır…Məhəbbət, sevgi, eşq barəsində onun duyğuları, özünün dediyi kim, təxminən belədir – XIX əsrdə və sonra yaşamış qüdrətli fikir adamlarının“romantik dövrün sonuncu şairi”adlandırdıqları Heyne sevgi haqqında: “Mələklər bunu ilahi zövq, şeytanlar cəhənnəm əzabı, insanlar isə sevgi adlandırırlar,– deyirdi. Bu məqamda insan obrazında Allahın özünü axtaran böyük, əvəzedilməz Nəsimini, prozanın qrafı Lev Tolustoyun “Sevgi qiyməti olmayan elə paydır ki, biz onu hədiyyə versək belə, özümüzə qayıdır” fikrini,2500 il bundan əqdəm yaşayan,“yüz min nəslin atası”kimi çağırılan və bu adı saxlayan Konfutsenin isə “sevgibizim başlanğıcımız və sonumuz”deyimini, bütün bu deyimlərin yekunu kimi böyük, ulu və möhtəşəm Füzuli babamızın: “Ya Rəbb, bəlayi- eşq ilə qıl aşina məni!”- ilahi duasını xatırlayanda biz adi insanların təsəvvüründəki eşq duyğusunun miqyası təsəvvürə gələr… Amma istənilən bucaqdan baxsaq sevgi insanın ən ali duyğusu kimi saflığa, bitginliyə, cəfaya və səfaya çağrış impulsudur:
Hər çəmən çiçəyi süsən ha deyil,Taparsan, səbrini kəsən ha deyilMahirə öyrənib, küsən ha deyilBilir ki, qəlbini ovudacaq var
Bu cür impulsdan bəhrələnən Mahirə Nağıqızı “Bu dünya”, “Özümə məktub”, “Sevginin mənzili”, “Qayada bitən çiçək”, “Durnam”, “Dünya” – silsiləsindən olan şeirlər, “Gözlərin balladası”, “Payız yağışı”, “Yarpaq-yarpaq”, “Dənizə bənzər adam” və s. bu təkin şerlərində müasir insanın, təbii ki, həm də özünün sevgi və məhəbbətini tərənnüm edir. “Söyləmə” şeiri bu lirik qəhrəmanın məhəbbət, sevgi iztirablarının təsirli ovqatını dürüst ifadə edir:
Bir dəli eşq məni çöllərə salıb,
Suları qurumuş göllərə salıb,
İnsaf et, görürsən dillərə salıb,
Dözüm də gözləmə, döz də gözləmə.
Mahirənin ürəyində dərd gəzər,
Qanadı qırılmış bülbülə bənzər,
Deyirsən dayanar, deyirsən dözər,
Dözüm də gözləmə, döz də gözləmə!
Sən Allah, sən mənə döz də – söyləmə!
Bu cür ülvi, təmiz hissilər axarı mənsəbdə lirik qəhrəmanı Tanrı məhəbbətinə qovuşdurur və bu mistika kimi qarşılanmır, inandırır, ovundurur:
Mahirəni hara çəksən,
Yara üstə yara çəksən,
Yüz dəfə də dara çəksən,
Sənsən istədiyim, Tanrı!!
IV məqalə
Mahirə Nağıqızının yaradıcılıq manerasının xoşa gələn cəhətlərindən biri də budur ki, onun poeziyasında da, elmi idrakla bədii düşüncənin sintezi və vəhdətini daha əyani şəkildə nəzərə çarpır. Bu cəhətmövzuya baxışın genişliyini, dərinliyini, əhəmiyyətini qabarıq surətdə diqqət mərkəzinə çəkir…
Deyim ki, elmi idrakla bədii təfəkkürün, yaradıcı istedadın sintezi və vəhdətindən yaranmış poetik nümunələr elmyönlü intellektual poeziyanın cövhərini təşkil edir… Qeyd edək ki, bu tipli müəlliflərin yaradıcılığı çoxəsrlik ənənəvi poeziyanın ağıla, məntiqi təfəkkürə, rasional düşüncəyə üstünlük verdiyi məqamlar üzərində yaranıb, həmin istiqaməti yaradıcı şəkildə inkişaf etdirərək daha da zənginləşdirən, sistemli bir istiqamətə çevirən intellektual poeziya müstəvisinə keçir… Başqa sözlə, İntellektual poeziya idrakla ilhamın mübarizəsində elmi təfəkkürlə poetik təfəkkürün, lirikada emosionallıqla rasionallığın tərəzidə müvazi gəldiyi, örnəklərdən qidalanan qoşa qanada çevrildiyi məqamdır…
Mahirə Nağıqızının poetik üslubunun əsas üstünlüyü mövzu və ideya ilə bədii forma, bədii ifadə tərzi arasında nadir bir uyğunluq, çox müvəffəqiyyətli bir vəhdət yarada bilməsindədir. Bu baxımdan “Dənizə bənzər adam” şeiri bir nümunədir:Bu dəniz yenə də zümzüməsində,Oxuyur astadan qəlbim deyəni.Nə bilsin dinləyib sənin səsində,Sənə bənzədirəm ləpədöyəni. Bu səsdə elə bil indicə bildim,Dənizlə adamlar oxşarmış demə.Sən də dəniz kimi ləpələnirdinUsufca toxunub sahil qəlbimə. Bir səndən savayı bilirdi hamı,Bilirdi bumbuzam soyuq qar kimi.Niyə döyəmmədin könül qapımıLəpə yox, səs-küylü dalğalar kimi. Beləcə yaşadım özüm yaramla,Sahildə axtardı dayağı könlüm.Hərdən toxunurdu xəfif, aramla,Ləpə saçlarına qağayı könlüm. Gedib qayitmayan gəmilər kimi,Beləcə ayrıldın sahillərindən.Günahkar biləcək görən kim-kimi,Qərib ruhlarımız görüşsə birdən… Bu dəniz yenə də zümzüməsində,Oxuyur astadan qəlbim deyəni.Nə bilsin dinləyib sənin səsində,Sənə bənzədirəm ləpədöyəni…Şeirin ümumi şəkildə “poetik bənzətmədir” – insan dənizə, dənizin ləpədöyəninə bənzədilir və iztirablarla dolu bir məhəbbətin dəniz ləpədöyənində “dəniz zümzüməsinə ” çevrilir… Buradakı orjinal bədii ifadələr, təzə deyimlər bədii lövhəni daha da canlandırır – “Sən də dəniz kimi ləpələnirdin, Usufca toxunub sahil qəlbimə” (hələ “usufca” dialekt sözünə fikir verin, necə təravətli ovqat yaradır?!), “ləpə saçlar”, “qağayi könül”, “Gedib qayıtmayan gəmilər”, “qərib ruhlar” təkin poetik dil vahidləri itirilmiş məhəbbətin qəm havasını yaradır…Yuxarıda misal gətirdyimiz nümunələrdən də göründüyü kimi, bu dediyimiz ladda Mahirə Nağıqızının yaradıcılığında bayatı xüsusi bir mahiyyətə malikdir. Bu qədim-qayim janrda yazmaq o qədər də asan deyil! Burada orjinal söz demək üçün məhəbbət dolu ana – incə, zərif qadın ürəyi lazımdır:
Sonalar tək-tək gələr,
Tük salar, ürkək gələr,
Yollarda yüz sədd olsa,
Yar məni görcək gələr.
xxx xxx xxx
Məclis sazsız olarmı?
Xoş avazsız olarmı?
Ruhu naza yoğrulan,
Özü nazsız olarmı?
xxx xxx xxx
Çay kükrəyib daşanda,
Sel məcrasın aşanda,
Yer ilən göy sevinər,
Yar yara qovuşanda.
xxx xxx xxx
Dağ dumansız olurmu?
Yol gümansız olurmu?
Anası imanlı qız –
Din-imansız olurmu?
Mahirə həssas bir qadın qəlbi ilə bayatılarına fəlsəfi rəng qata bilir, fkirlə hissin vəhdətinə çata bilir, bayatı janrına məxsus ğözlənilməz fikri nəticə əldə edə bilir, əzəli mövzulara yeni, təzə yozum verə bilir:
Yardan yanadı könlüm,
Onsuz qanadı könlüm,
Qəmnən xalı toxuyar,
Belə hanadı könlüm.
Dərd, qəm, həsrət əvvəlkidir, ənənəvidir, ifadə, yanaşma tərzi, yozum, obrazlar təzədir, orjinaldır: “Qəmnən xalı toxuyar, Belə hanadı könlüm” – tamamilə orjinaldır, görümlüdür, duyumludur… Mən biləni, Mahirə xanımın 700-dən çox bayatısı var, bəlkə də, lap çoxdur… Hamısı da bir-birindən fərqli, duyumlu, səs-söz havacatlı, fikri-hissi cəhətdən siqlətli:
Çəkdin yenə üzə nəmmi,
Üzünnən göz üzənəmmi.
Saldın məni dərd gölünə,
Qolum atıb üzənəmmi?
xxx xxx xxx
Dörd dolan ağa dağları,
Bax, döndər dağa dağları,
Dağ mən deyil, çəkə bilməz,
Çəkmə sınağa dağları.
xxx xxx xxxKitabam, oxu məni,Anlamır çoxu məni.Yar dönə, nişan alaÖldürə oxu məni
Bu bayatılar milli bayatı şeir ərazimizdə yenidir, şablondan, məlum bədii təsvir vasitələrindən uzaqdır, yeni çalarla süslənmiş öz üslub laləzarlığı ilə fərqlidir… Həmçinin, dilimizin saflığını, gözəlliyini, zərifliyini qoruyan yığcam poetik mətnlərdir… Onu da, qeyd edim ki, Mahirənin bayatılarındakı bütün dil vahidləri müəyyən üslubi keyfiyyət daşıyıcılarıdır və bu dil vahidlərinin, komponentlərin məqsədyönlü vəhdəti poetik formanın yaradılmasında əhəmiyyət kəsb edir. Bədii dildə bütün dil vahidlərinin bir-biri ilə qarşılıqlı münasibətlərinin poetik tənzimlənməsi, eləcə də onların ardıcıllıqlarının gözlənilməsi poetik funksiyaya malik olan üslubdur və şeirin fonopoetikasına daxildir. Məsələn, şeir dilində özünə tarixən yer eləmiş səs təkrarları, alleterasiyalar, paralelizmlər, qafiyə yaradan dil vahidləri və s. bu qəbildən olan amillərdəndir.
Məlumdur ki, şeir bədii dilin özünəməxsus bir formasıdır. Burada iştirak edən komponentlər – səs, heca, söz, fraza danışıqda da müşahidə olunur, onlar poeziyadan kənarda da mövcuddur. Lakin, ölçü, bölgü, misra, vəzn, qafiyə və s. kimi vasitələr yalnız şeirdə özünü büruzə verir və poetik bütövlük yaradır ki, Mahirə Nağıqızı həm bir dilçi alim kimi, həm də şair kimi bü poetik komponentlərdən məharətlə istifadə edə bilir…
Bu poetik keyfiyyət onun müvəffəqiyyətlə qələmə aldığı laylalar və oxşamalarda da müşahidə edilir. Xüsusən ənənəvi layla nəqaratlarında fərqli nəqarat seçimi diqqətimizi çəkdi:
Anası öpüb-sevəcək,
Balama layla deyəcək.
Ona Allah babası
Üç alma göndərəcək.
Laylay, dinim-imanım,
Başına dönüm-dolanım.
“Laylay, ay ömrüm-günüm, Laylay başına dönüm!”; “Laylay balam, a laylay, Dərdin allam, a laylay!”, “Laylay, ömrüm, a laylay, Xoş günün görüm, a laylay!” və s. bu kimi laylay nəqaratları laylanın məzmununa uyğun seçilir və məzmunu qüvvətləndirir, tamamlayır… Həm də əsrlər boyu sabit, dəyişməz, statik, monoton formatda olan bayatıya, laylaya, oxşamaya müasir poetik təfəkkür, buna uyğun ritm yaratmaq, «köhnə havada» təzə söz demək çətinliyini nəzərə alsaq mahiyyət daha da aşkarlanar…
Qeyd etdiyimiz kimi, poeziyada dilin fonetik imkanları deyəndə ilk öncə səslərin ritmik quruluşundan bəhs etmək lazım gəlir. Şeir dilinin özünəməxsusluğunu hər şeydən əvvəl canlı xalq dilinin təbiətində, o cümlədən dilin fonetik xüsusiyyətlərində, dilin ritmikliyində, özünəxas melodiyalarında axtarmaq lazımdır. Şeir dilinin fonetik imkanları sırasında alliterasiya, assonans, vurğu, intonasiya, fonetik qafiyə və onu səciyyələndirən fonetik hadisələr mühüm yer tutur. Alliterasiya dildə və şeirdə ən mühüm fonetik hadisələrdəndir. Şeirdə səslərin kompleksləşməsi, rabitəsi, ahəngi, səs balansları böyük iş görür, bədii intonasiyanın formalaşmasında fəal iştirak edir. Səs və söz, səs kompleksi ilə fikir aləmi arasındakı əlaqənin qarşılıqlı münasibəti məzmunun bədiiliyini şərtləndirir. ..
Mahirə Nağıqızı bir dilçi alim kimi bunları nəzəri əsasda yaxşı bildiyindən müvəffəqiyyətlə şeirlərində istifadə edə bilir. Bu da onun şerlərinin əksəriyyətinə lirik bir ton – melodiklik bəxş edir ki, onun şeirinin belə xüsusiyyəti bəstəkarların diqqətini çəkir və onun bu sıradan şeirlərinə xeyli mahnı bəstələnməsi də buradan irəli gəlir. Xeyli deyəndə – Mahirənin şeirlərinə 30-dan çox bəstəkar mahnısı bəstələnmiş, 70-dən çox qoşma və gəraylısı isə aşıqların ifasında səslənməkdədir… Bəstəkar mahnılarından bir qismini xatırladaq :
Cabir Abdullayev – “Şükrümüzü qəbul elə, İlahi”, söz Mahirə Nağıqızı, bəstəkar Hacı Nazim; Gülüstan Əliyeva – “Azərbaycana”, söz Mahirə Nağıqızı, bəstəkar Sevinc Mansurova; Gülyanaq və Gülyaz Məmmədova – “Azərbaycan”, söz Mahirə Nağıqızı, bəstəkar Sevinc Mansurova; Gülyanaq Məmmədova – “Ata Heydər, oğul İlham”, söz Mahirə Nağıqızı, bəstəkar Sevinc Mansurova; Eldəniz Məmmədov – “Ata”, söz Mahirə Nağıqızı, bəstəkar Tahir Mahiroğlu; Ehtiram Hüseynov – “Geri qayıtmaz”, söz Mahirə Nağıqızı, bəstəkar Tahir Əkbər; Abgül Mirzəyev – “Nə olar”, söz Mahirə Nağıqızı, bəstəkar Tahir Əkbər; Bəyimxanım Vəliyeva – “Qısqanıram”, söz Mahirə Nağıqızı, bəstəkar Tahir Əkbər; Mətanət İsgəndərli – “Gözlərim”, söz Mahirə Nağıqızı, bəstəkar Sevinc Mansurova – mahnıları, göründüyü kimi, respublikamızın ən populyar, adlı-sanlı müğənnilərinin ifasında səslənməkdədir…
Sevinc Mansurovanın bəstəsində, Mətanət İsgəndərlinin ifasında səslənən “Gözlərim” mahnısı belədir:
Gözlərimin etibarı çox imiş
Dayanmadı gecə gündüz ağladı
Sədaqətdə bircə imiş, tək imiş
Bulaq kimi həzin-həzin çağladı
Ucaldı göylərə ahım,
Kədərlə açıldı hər sabahım
Allahım nəymiş günahım?
Gəl sinəmi çalın çarpaz dağladın.
Haray çəkdim, haray saldım ellərə,
Döndüm xəzan olan qönçə güllərə,
Nəğmə oldum düşdüm dildən dillərə,
Bu gözlərim gecə gündüz sənin üçün ağladı.
Xüsusən, onun anasına həsr etdiyi, Brilliant Dadaşovanın, Elnarə Abdullayevanın ifasında “Nazlı-Nazlı” mahnısı olduqca məşhurdur:
De hardan köçün gəlir,
Özün belə nazlı-nazlı.
Birin gedir, üçün gəlir,
Gəlmə dilə, Nazlı, Nazlı.
Dərələyəz ağır eldir,
Qədrini bilənlər bildi.
Yol gedirsən neçə ildi
Eldən elə, nazlı-nazlı.
…On bir övlad yükü çəkdin,
Asanı yox, bərki çəkdin.
Hamımızdan ərki çəkdin,
Bilə-bilə, Nazlı, Nazlı…
Mirzəlioğlu – baş ocağın,
Uca adı – umacağın.
Xoş günlərin, Gözəl çağın
İndən belə, Nazlı, Nazlı…
V məqalə
Onu da deyək ki, Mahirə xanımın anası Nazlı xanıma həsr etdiyi bir-neçə “Nazlı-nazlı” və yaxud “Anama” və s. şeirləri bu sıradandır. Hətta, deyərdim ki, onun şeir yaradıcılığında ana mövzusu kordinal xətt təşkil edir. Fikrimizin təsdiqi üçün onun şeir kitablarının adlarına diqqət yetirək… Bunlardan “Mənim anam (şeirlər)” – 2006; “Su at dalımca, ana (şeirlər)”, 2006; “Ana sevgisindən doğan nəğmələr”, 2008; “Yaşadacaq anam məni. (şeirlər)”, 2009; “Ana kəndim Xalxalım”, 2010; “Ömrün çıraqdır sənin”, 2010; “Analı dünyam. (şeirlər)”, 2015; “Haqqa çağıran səs. (şeirlər)”, 2015 və s. kitab toplularını göstərə bilərik…
Bu kitabların adları diqqətimi xüsusilə çəkdi.. “ANA” kəlməsi əksər başlıqlarda əksini tapıbdır. Məlumdur ki, kitabın adı, onun əsas məmununu əks etdirir, bu aksiomadır. Həm bu kitabların ümumi məzmunu, eləcə də Mahirə Nağıqızının bütün bədii yaradıcılığı ilə tanış olanda aşkar görsənir ki, onun poeziyasının baş, əsas, kordinal obrazı ANA obrazıdır – Nazlı anasına bəslədiyi fövqəl övlad məhəbbəti bu şeirlərdə əksini tapsa da, ilhamın və istedadın maqik gücü bu obrazı daha geniş məna siferasına daxil edir – göz önündə ümumi Ana Vətən obrazı prioгitet olaraq canlanır, aktual mahiyyət kəsb edir… İnsana, yurda, torpağa, doğma ocağa, yaşanılan mühitə — dosta-qardaşa, dövlətə, dövlətçiliyə məhəbbətə çevrilir… Bir daha, aydın olur ki, niyə vətənpərvər duyğulu insanların dilində “Ana Vətən”, “Ana Torpaq” kəlmələri müqəddəs kəlmələrə dönür… Beləliklə, bir daha vurğulayaq ki, Mahirə xanımın ədəbi estetikasında, bədii düşüncə tərzində, ruhunda baş verən fikri çevrilmələr vahid ANA obrazında da fokuslaşaraq mərkəziləşir, həyatın, ictimai-mənəvi mühitin ən mühüm cəhətləri Mahirənin şeirində Ana obrazında da təcəssüm edir, haqqa səsləyən səs olur… Və mənə elə gəlir ki, o, nəyi şair ruhu ilə hiss edirsə ona Ana gözü, Ana fəhmi ilə baxır və dərk edir, şeiri də ruhunun dərinliklərindən dodaqlarına süzülərək Nazlı ananın pıçıltısına çevrilir, müqəddəs ana nəfəsi onun lirikasını Günəş şəfəqləri ilə işıqlandırır, isidir:
Hər dəfə başımı dizinin üstə –
Çəkərdi, saçımı oxşardı anam.
Bir onu, birdə ki, qulac saçıma
Dəyən nəfəsini unudammıram.
(“Saçların balladası”)
Yaxud o, körpə maral quzusuna dönüb analı dünyasına qısılaraq rahatlıq tapmaq, yenidən bir ömür yaşamaq arzusuna düşür, Ana qucağında özünü xan taxtındakı kimi əyilməz, yenilməz, vüqarla oturmuş bilir, “səhralarda gül bitirmək”, “kipriyi ilə od götürmək” ecazı əldə edir:Bir ömür də yaşayardım,Sənə qısılıb-qısılıb.Yükü nədir daşıyardım,Sənə qısılıb- qısılıb….Səhrada gül bitirərəm,Diləyinə yetirərəm.Kirpiknən od götürərəm,Sənə qısılıb-qısılıb.
(“Sənə qısılıb…”)
Və yaxud, o, Ana əlinin möcüzəsi ilə bütün dərdlərin – istər fiziki, istər sosial, istər mənəvi dərdlərin yoxalmasına inanır:
…Mahirənin adın verdin,
Gözüm açıb səni gördüm
Ana əlimdən tut, dərdim,
İtər, başına dolannam.
(“Başına dolannam”)
Əslində fenomenal ana mövzusunda yazılan bu şeirlər, bütün enerjisi ilə milli mentala bağlı həssas insanın davranış və yaşam tərzidir, eyni zamanda, gerçəkliyin, həyatın dərkə yönəlik bədii faktdır… Şübhəsiz, “Anasın sevən dünyasın sevər!” deyimi, tam olaraq burada sosial-psixoloji mahiyyət səviyyəsinə çatmağa can atır. Belə ki, “analı dünya” fenomenoloji ictimai məna kəsb edir, əxlaqi-mənəvi gücə, enerjiyə çevrilib oxucuları daxilən zənginləşdirir, fundamental poetikada deyildiyi kimi, katarsis hadisəsi baş verir…
Ümumiyyətlə, Mahirə xanımın ailə səcərəsinə olan məhəbbəti, sevgisi milli kökə bağlıdır. Ailə millətin bünövrə daşıdır, dövlətin mikrostruktrudur…
Onun atasına, qardaşlarına, balalarına, nəvələrinə — ailə mühitinə həsr etdiyi şeirlər təkcə “albom” şeirləri deyil, həm də nümunə olacaq bir ailənin – cəmiyyətə çox vacib şəxsiyyətlər yetirmiş 11 uşaq böyüdən bir ailənin birlik, dirilik, məhəbbət, xətir-hörmət salnaməsidir… Bu mənada maraqlıdır, vacibdir, belə demək mümkünsə, stimuldur, örnəkdir…
Gözüm açıb səni belə görmədim,
Doğurdanmı məndə güman qocaldı?
Dünya, sənin hikmətini bilmədim,
O, şux anam, laçın anam qocaldl.
… On bir uşaq, on bir ocaq – deyərdi,
Hamısına açdım qucaq – deyərdi,
Ömrüm sizdə yaşayacaq – deyərdi,
Ömrü bizdə aram-aram qocaldı.
…Bulaq idi qayım-qayım çağlayan,
Sısqalaşdı, oldu ürək dağlayan,
Həsən kimi qardaş verib ağlayan,
Vətən deyib nə zamandan qocaldı.
…Ana dedim, qurbanam o gözlərə,
Sən susatdın, həmdəm etdin sözlərə.
Əli verdin, Vəli verdin bizlərə,
Özü durdu bir kənarda qocaldı…
Və yaxud “Qardaşım” şeirindən bir nümunə:
Haqq-ədalət qalaçası, səngəri,
Düz yoludur – taleyinin misgəri,
Millətinin, rəhbərinin əsgəri,
Adın, sanın layağıdır qardaşım.
Başqa bir şeirində:Mahirənin qardaş adı sevdası,Mənə gəlsin hamısının qadası.Beş bacının sizdə olsun duası,
Bilək onlar buralarda yaşayır.
Digər bir şeirində:Əli mənim ad günümü keçirdi,Vəli gəldi, məclis güldü, seçildi,Cəlil ilə mənə donlar biçildi,Məhəmmədim oralarda yaşayır.
Bu qəbildən şeirlərdəki ailə məhəbbətinin tərənnümü – ana yanğısı, millətəkən ata müdrikliyi, baçı ürəyinin çırpıntıları, ata əvəzi qardaşların qayğısı, Azərbaycan ailəsinə məxsus mental dəyərlər öz ilıq, həlim, həzin, emosiyalarla zəngin duyğularda əksini tapıbdır…
Fikrimizi ümumiləşdirəsi olsaq, Mahirə Nağıqızının şeir yaradıcılığı Azərbaycan qadın şairlərinin ənənəsindən bəhrələnən (Əzizə xanım Cəfərzadənin «Azərbaycanın aşıq və şair qadınları» toplusuna nəzər yetirsək, burada ənənənin mühüm rol oynadığını vurğulaya bilərik: Məhsəti, Natəvan, Heyran xanım, Fatma xanım Kəminə, Tahirə Qürrətüleyn, Umugülsüm, Mirvarid Dilbazi, Nigar Rəfibəyli, Mədinə Gülgün, Hökumə Billuri və s., və s…) zərif duyğu çələnginə bənzədərdik. Onun şeirləri də, bir qadın ömrünün poetik salnaməsidir – bu salnamədə ağrı da var, sevinc də, heyrət də, dövrandan, zəmanədən şikayətlər də, ümid də, inam da, nostalji hisslər də, sevgi-məhəbbət duyğuları da, canlı təbiət lövhələri də, bir bacının, bir ananın, bir nənənin isti, həzin, yeri gələndə sızıltılı duyğuları da, Azərbaycanlı ailəsinə məxsus əksər mental dəyərlər də…
Axıra yaxın bir düşüncəmi və müşahidəmi də ifadə edim. Təəssüf ki, elə faktlarla, elə şəxslərlə qarşılaşırıq ki, ictimaiyyətdə, həyatda tutduğu statusa təxmini yox, heç bir misqal da uyğun gəlmir! İndi əldə edilən diplomların, fəxri adların çoxunun üfürülmüş şar olması gizli qalmır! Yaşadığın cəmiyyətdə layiq olduğun statusu qazanmaq şərəf işidir. Bu ricəti bica yerə etmədim. Mahirə bir ziyalı tipi kimi adının mənasının daşıyıcısıdır: bişgindir, bacariqlidır, ustadır, biliklidir, məharətlidir… Mahirə Nağıqızı Hüseynova bir alim, bir şair, bir pedaqoq kimi qazandığı bütün statuslar onun halal-hümmət haqqıdır, halal şərəfidir, halal şöhrətidir… Və bu misralarda ifadə edilən fikir şüləyi də onun haqqıdır:Zülmün yuvasını sökən,Haqqın qalasını tikən,Qanını bayrağa çəkənTürkün qızı, oğlu mənəm.
Və elə bilirəm ki, “haqqın qalasına” ucalan sənət pillələri ilə o, bir türk qızı kimi öz halallığı ilə xeyli irəliləyəcək, xeyli yuxarılara qalxacaq… Çünki, bu vacibdir! Bu onun özünə də, bizə də, cəmiyyətimizə də lazımdır… Çünki bizlərin halal-hümmət, qədrbilən, qədrşünas ziyalılara əşəddi ehtiyacımız var…
Şair-alim şeirlərinin birində (“Bilinmir” şeirində) yazır: “Mahirə gəlmədi becə dünyaya, Söz ilə yol gedər uca dünyaya”… Bu ucalığa doğru gedən yolda Mahirə xanıma uğurlar diləyir, ucalıq arzulayıram…
Qurban BAYRAMOV – Professor, ədəbiyyatşünas-tənqidçi.
Müəllif: Qurban Bayramov,tənqidçi-ədəbiyyatşünas, doktor-professor,”Fədakar alim” və “Elm fədaisi” diplomantı,”Səməd Vurğun mükafatı” laureatı,1984-cü ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü.
Zaur Ustac – “Gülünün şeirləri” və ya “Gülüzənin şeirləri” kitabı
Bu gün Azərbaycanda başqa sahələrdə: sosial-iqtisadi, ictimai-siyasi və mədəni həyatda olduğu kimi, xalq maarifi sahəsində də ciddi inkişaf dövrü başlanmış, təhsilin əhatə dairəsi əhəmiyyətli dərəcədə genişlənmişdir. Ölkənin qabaqcıl ziyalı dəstəsini təmsil edən maarifpərvər ziyalıların regionda ictimai-mədəni mühitin inkişafına, xüsusən təhsilə həmişə diqqət yetirməyə və qayğı göstərməyə sövq etmişdir.
Bu baxımdan, tanınmış yazıçı Zaur Ustacın “Gülünün şeirləri” adlı sinifdənxaric əlavə tədris vəsaiti maraq doğurur, elmi-nəzəri və praktik dəyərliliyi ilə diqqəti cəlb edir.
Elmi məsləhətçiləri Azərbaycan Respublikasının Əməkdar müəllimi Afət Xəlilova, Əzizə Abdullayeva və Gözəl Quliyeva olan vəsaitdə hərf və rəqəmlər haqqında əyləncəli şeir və tapmacalar verilmişdir.
Qeyd edək ki, vəsait əsasən ümumi təhsil müəssisələrinin I sinif şagirdləri üçün nəzərdə tutulmuşdur. Vəsaitdə Azərbaycan əlifbasının hər bir hərfi üçün tək-tək əyləncəli, uşaqların asan əzbərləyə biləcəyi dili asan, olduqca axıcı və yüngül hecalı şeirlər verilmişdir. Kitabda həmçinin hərflərlə yanaşı, kiçik məktəb yaşlı uşaqlarda riyazi bacarıqların inkişaf etdirilməsi üçün rəqəmlər haqqında da şeirlər yazılmışdır.
Həmçinin, bu vəsait dərnəklərdə və bədii qiraət klublarında kiçik yaşlı uşaqlara şeir öyrədən müəllimlər üçün də əlavə köməkçi vəsaitdir. Ona görə ki, azyaşlı uşaqlar hərfləri yaxşı tanıya bilmir, şeirləri oxuyub əzbərləməkdə çətinlik çəkirlər. Zaur Ustacın yazdığı bu şeirlər isə o qədər asan və yaddaqalandır ki, hər hansı hərfə və rəqəmə aid olan şeiri uşağa yalnız bir neçə dəfə təkrar etdirməklə əzbərlətmək olar.
Xüsusilə qeyd etmək istəyirəm ki, kiçik yaşlı məktəblilər üçün nəzərdə tutulmuş bu vəsait, eyni zamanda məktəbəqədər və ümumi təhsil müəssisələrində dərs deyən müəllimlər üçün də əvəzedilməzdir. İbtidai siniflərdə dərs deyən müəllimlər şagirdlərə əlifbanın hər hansı bir hərfini öyrədərkən bu vəsaitdən həmin hərf haqqında yazılmış şeiri də uşaqlara asan əzbərlədə bilərlər. Məsələn, müəllifin A hərfi ilə bağlı vəsaitin 4 səhifəsində yazdığı aşağıdakı şeirə diqqət yetirək:
A ilə Ana deyə, Aləmə səs salırıq. Azərbaycan sözünü, A ilə başlayırıq.
Bu şeir vasitəsi ilə müəllim uşaqlara həm A hərfini öyrədə, həm də onlarda vətənpərvərlik hissi aşılaya bilər.
Zaur Ustac – “Güllünün şeirləri” və ya “Gülüzənin şeirləri” kitabı
Təqdirəlayiq haldır ki, Zaur Ustac həmçinin vəsaitdə hərflərlə yanaşı, rəqəmlər haqqında da şeirlər yazmışdır. Həmin şeirlərdən 1 rəqəmi ilə bağlı yazılmış şeirə nəzər yetirək:
Asan bir sual verim, İnan, yoxdur beləsi. Üçdən iki çıxanda Söylə qalır, neçəsi?
Qeyd edək ki, müəllif bu şeir vasitəsilə uşaqlarda 1 rəqəmi və sadə riyazi əməllərlə (toplama və çıxma) bağlı təsəvvürlər və bacarıqlar formalaşdırmışdır.
Onu da qeyd edək ki, bu vəsait məktəbəqədər və kiçik məktəbyaşlı uşaqlarda məntiqi təfəkkürün və yaradıcılıq qabiliyyətinin formalaşmasına, həmçinin uşaqların asudə vaxtlarının səmərəli keçirmələrinə də köməklik edəcəkdir.
“Gülünün şeirləri” kitabı həm məktəbəqədər və kiçik məktəbyaşlı uşaqlar, həm də onların təhsili, təlim-tərbiyəsi ilə məşğul olanlar üçün çox qiymətli vəsaitdir, eləcə də böyük dəyərə malik mütaliə materialıdır. Xatırlatmaq yerinə düşər ki, ümummilli lider Heydər Əliyev mütaliəyə yalnız savad, bilik qazanmaq, elm öyrənmək imkanı və vasitəsi kimi baxmamış, bütövlükdə, hər bir insanın həyatını düzgün qurmasında, fəal vətəndaş mövqeyinin formalaşmasında, cəmiyyətdə gedən tərəqqi prosesində yaxından iştirak etməsində təhsilin son dərəcə vacib əhəmiyyət daşıdığını önə çəkərək demişdir: “İndi bizim təhsilimizin məqsədi gənc nəslə, uşaqlara təhsil verib onları gələcəyə hazırlamaqdır. Amma bununla yanaşı, ən böyük məqsədi Azərbaycan vətəndaşı hazırlamaqdır, müstəqil Azərbaycan cəmiyyətinin ləyaqətli üzvünü hazırlamaqdır”.
Ulu öndər ölkənin və xalqın gələcəyinin yeni nəsilləri necə və hansı ruhda savada yiyələndirməkdən, tərbiyə etməkdən asılılığını məxsusi vurğulayırdı: “Uşaqlar bizim gələcəyimizdir. Gələcəyimizi nə cür tərbiyə edəcəyiksə, böyüdəcəyiksə, ölkəmizin, millətimizin, dövlətimizin gələcəyi bundan asılı olacaqdır”.
Yenicə çapdan çıxmış “Gülünün şeirləri” kitabı məhz böyüməkdə olan nəsillərin layiqli vətəndaş kimi formalaşmasına xidmət göstərən materialları özündə cəmləşdirməklə yanaşı, geniş elmi-pedaqoji və didaktik imkanlara malikdir.
Uşaqlara təlim-tərbiyə vermək və onları maarifləndirmək baxımından da novator yazıçı Zaur Ustacın “Gülünün şeirləri” kitabı dəyərli bir vəsaitdir.
Onu da qeyd edək ki, vəsaitdə toplanılan şeir və tapmacalar müasir əhəmiyyətinə görə də qiymətlidir. Vəsait hər bir məktəbəqədər və kiçik məktəbyaşlı uşaqların bacarıqlı, yaradıcı və savadlı şəxsiyyət kimi inkişafına və gələcəkdə vətənpərvər bir gənc kimi formalaşmasına xidmət edəcək.
Ümid edirik ki, gələcəkdə bu vəsait daha da təkmilləşdiriləcək, Azərbaycan Respublikası Təhsil Nazirliyinin müvafiq şurasından keçərək sinifdənxaric tədris vəsaiti kimi ölkənin bütün ümumi təhsil müəssisələrində tədris olunan fənlərin siyahısına daxil ediləcək.
Taleh Xəlilov – pedaqogika üzrə fəlsəfə doktoru.
Taleh XƏLİLOV, pedaqogika üzrə fəlsəfə doktoru, Azərbaycan Respublikası Təhsil Şurasının üzvü
Naibə Yusif ədəbiyyata şair kimi gəldi. Şeirlərdən, qəzəllərdən ibarət bir neçə kitabı oxucular tərəfindən böyük maraqla qarşılandı və sevildi. Lakin Naibə xanım tez bir zamanda nəsrə keçdi. Bu sahədə bir-birinin ardınca yazdığı üç roman onun məcrasına sığmayan coşqunluğundan xəbər verdi və mən bunu ədəbiyyatımızın uğuru kimi qiymətləndirirəm.
Naibə xanım dövrün şeirə sığmayan əzablarını, ağrılarını, keşməkeşli tariximizin dünənini, bu gününü nəsrdə qələmə almaqla rahatlıq tapmaq, olayları gələcək nəsillərə ötürmək istədi. Ona elə gəldi ki, şeir və qəzəlləri ilə nə oxucu gözünü doydura, nə də öz yanan ürəyini soyuda bilər. Məhz bu səbəbdən o, sosial-ictimai yüklü, haqqın-ədalətin mizanında özünə yer tapa bilən “Tənha köç”, “Zərbə”, “Gülün yarpıza dönsün” əsərlərini ictimaiyyətin qarşısına çıxartdı və çoxlu sayda oxucu sevgisi qazandı. Bu əsərlərin süjet xətti, obrazlılığı müxtəlif olsa da, mövzu baxımından tariximizin ayrı-ayrı ağrılarını, acılarını özündə yaşadan acı reallıqlarla çox səsləşir. Doğrudur, tarixi əsərlər çox yazılıb. Amma çağdaş ədəbiyyatımızın bu gün ehtiyac duyduğu elə mövzular var ki, onları real həqiqətlərin kökündə aramaq və qələmə almaq hər yazıçının mənəvi borcu olsa da, hünəri deyil. Bu mənada Naibə xanımın qələmə aldığı hər üç əsər dəyərli ədəbi nailiyyətdir.
Müəllifin, haqqında xüsusi danışacağım “Gülün yarpıza dönsün…” romanının qəhrəmanı ecazkar səsi ilə qayaların, daşların köksünü qanadan, onların ağrısına layla deyən Muradxandır. Bu səsdən utanan, qıvrılan, sancıdan doğranan Araz hayqıraraq yox demək istəyir bu haqsız ayrılığa. Amma tikanlı məftilləri aşa bilmədiyi üçün sakitcə yatağında yırğalanır. Oxucu hiss edir ki, o, bir titrəyişə, təkana bənddir…
Muradxanın Könüllə ilk tanışlığı və bu sevgi məşəlinin çərşənbə tonqalı ilə alovlanması müəllif ideyası ilə bərabər, həm də adət-ənənələrimizin, sərhədbilməz sevginin əbədi olduğuna işarədir.
İran-İraq müharibəsinin qurbanlarına rəhmət diləyən, bir-biri ilə əhd-peyman bağlayan sevgililər ayrılarkən Muradxan: “Sənə xəyanət etsəm, qəbrimin üstündə yarpız əkərsən”, – deyir.
Muradxanın “ölüm” xəbərini eşidən ana məzarda yatanın oğlu olmadığını duyur, hər gün onun yolunu gözləyir. Bu, ana müdrikliyinin, ana müqəddəsliyinin gözəl nümunəsidir.
Üç ildən çox yolunu gözlədiyi Muradxanın səsini eşitmək istəyi ilə hər gün səhənglə suya gedən Könülün öz andına sadiqliyi azərbaycanlı qızının etibarına işarədir. Lakin onu dəlicəsinə sevən başqa bir oğlana nişanlanması qızın narahat qəlbini dara çəkir. Vida üçün son dəfə sahilə gedən Könülə elə gəlir ki, Muradxan Araz çayını keçərək ona yaxınlaşır. Sevgilisinə qovuşmaq istəyi onu sulara qərq edir… Gözünü Dəmir adlı qoca bir balıqçının evində açan Könülün dilinin tutulması, yaddaşının itməsi ona kim olduğunu unutdurur və bundan sonra qızın həyatına daha əzablı səhifələr yazılır. Bu isə süjet xəttinin şaxələnməsinə və yeni hadisələrin inkişafına imkan yaradır. Danışmayan, özü haqda heç kəsə məlumat verə bilməyən Könülün Dəmir kişinin evində uzun müddət yaşaması, ümidi üzülən valideynlərinin öz həyətlərində ona rəmzi qəbir düzəltməsi kimi ağrılı epizodlar müəllif tərəfindən çox məharətlə qələmə alınmışdır.
Dəmir kişinin və Kəbutərin ölümü ilə bağlı cinayətlərin açılması əsərin ən maraqlı və yaddaqalan epizodlarındandır. Hadisələrin inkişafı yeni bir səmtə yön alanda oxucuya elə gəlir ki, əsər burdan başlayır. Amma yox, bu hadisələr də ya birbaşa, ya da dolayısı yolla özü kimi arzuları da ikiyə bölünmüş Azərbaycanın taleyi ilə bağlıdır. Azərbaycan milisinin Dəmir kişini öldürən erməni Gümüşün izinə düşməsi, onun yeraltı lağımlar açan terrorçu erməni qruplaşmaları ilə birlikdə azərbaycalılara qarşı gizli məkrinin ifşası əsərin ən gərgin – kulminasiya nöqtəsidir. Bu məqam erməni vandalizminin Azərbaycan türklərinə növbəti xəyanətinin təsdiqi kimi diqqəti cəlb edir. Bir ucu Ermənistana, bir ucu Arazın o tayına gedib çıxan bu yeraltı tunellərdə gecələr “türk ovuna” çıxan erməni vəhşiliyinin əsl mahiyyəti uzun illərin acısı kimi nəzərə çarpdırılır. Orqan alverindən tutmuş narkotik maddələrin satışına qədər çirkaba batan bu məxluqların həyatda müqəddəs bir amala xidmət etmədiyinin şahidi olduqca onlara insan deməyə adamın dili gəlmir. Əsərdə əksini tapan yeraltı silah anbarları, tunellər erməni xislətinin uzun illərdən bəri üstüörtülü cinayətlərindən xəbər verir. Bir haşiyə çıxaraq qeyd edim ki, Vətən müharibəsi zamanı həmin lağımların ordumuz tərəfindən aşkar olunması mənim üçün bir möcüzə oldu. Bu, müəllifin uzaqgörənliyinə, düşmənlərin çirkin əməllərinə bələd olduğuna bir işarədir. Çünki əsl yazıçılıq gerçəkliyin hər tərəfini görməyi bacarmaqdır.
Əsərdə ən maraqlı epizodlardan biri Natella adlı erməni qızının azərbaycanlı oğlanla ailə qurmasıdır. Erməni məkri ortaya çıxanda gənc ailənin faciəsi başlayır. Qardaşı Arsen tərəfindən əkiz oğullarının qətlə yetirilməsi Natellada qardaşından, ata-anasından intiqam almaq hissini alovlandırır. Övlad itkisi ilə barışa bilməyən anada bu hiss çox təbii və güclü boyalarla əks etdirilib. Hər gün oğullarının məzarını ziyarət edən ana qisas almaq üçün planlar cızır və oğullarının qırx mərasimi verilən gün bu plan gerçəkləşir. Arsenin növbəti ovuna çevrilən Natellanı son anda Malik xilas edir. Birlikdə oğullarının qisasını alaraq geri dönən cütlüyün cinayətə qisasla cavabı oxucunu çox düşündürür və o, dərk edir ki, bu, haqsızlığa qarşı yönələn insanlığın faciəvi üsyanıdır. O, baş qaldıranda insan günahkarları bağışlamaq hissini unudur, qisasçılıq qırmızı bir xətt kimi onun ömür yoluna həkk olunur. Həyat yoldaşı Malikin qucağında can verən erməni qızı Natellanın: “Məni cüt məzarın ayağı altda dəfn edərsən, üstümdə yarpızlar əkərsən… Xəyanətkarlığın rəmzi olan o yarpızlar məzarımdan boylanaraq məhz kəsdiyi duz-çörəyə qiymət verməyən mənim millətimə əbədi lənət oxuyacaq, gələcək nəsillərə əsl həqiqəti çatdıracaq”, – deməsi bunun əyani sübutudur.
Müəllif erməni xislətinin ən eybəcər simasını türk qanlı nəvələrin qətli səhnəsi ilə üzə çıxarır. Tapınacağı müqəddəs bir varlıq tapmayan Arakel və ailəsi türkə və türkçülüyə qarşı məkrli niyyətlərinə hər şeyi qurban etməyə hazır olduqlarını əməlləri ilə sübut edirlər. Babası ilə söhbət zamanı ermənilərin səhv yolda olduğunu, Azərbaycan torpaqlarında məskunlaşdığını Elnurun dilindən vermək müəllifin gələcək nəsillərə mesajıdır.
Ümumiyyətlə, əsərdə diqqəti çəkən bu epizodların hər biri erməni xislətinin eybəcər və çirkin qatlarını açan, onların şərəfsiz simalarını dəqiqliklə üzə çıxaran müəllifin qələbəsi sayılmalıdır.
Əfqanıstan müharibəsi tam qurtarmamış Qarabağ münaqişəsinin başlaması əsərin qəhrəmanı Muradxanı uzaq ellərdən Qarabağa gətirir. Onun ən qızğın nöqtələrdə düşmənlə mübarizəsi haqq savaşında Azərbaycanın qələbə çalacağına inam oyadır. Könülün sağ qalması və Muradxanla birləşməsi oxucunu sevindirir. Hər iki sevgilinin at belində Xudafərinin ortasında birləşən əlləri xalqımızın birliyinin simvolik qələbəsi kimi yaddaşlara hopur. Oxucu inanır ki, birləşən bu əllər yaxın gələcəkdə əldə edəcəyimiz birliyin rəhnidir.
Müəllifin təsvir etdiyi hadisələr, Azərbaycana və Azərbaycan türklərinə qarşı imperiyanın riyakar və işğalçı siyasəti, erməni faşizminin, qəddarlığının uğurlu təqdimatı ilə diqqət çəkir. Naibə xanımın qeyd etdiyim hər üç əsərinin məhz bizim qələbəmizlə başa çatan sonluğu haqqın-həqiqətin təntənəsidir. Düşünürəm ki, bu əsərlərə filmlər çəkiləcək. Çəkdiyimiz faciələrin sonunda tarixi qələbəmizə açılan yollar əsərdə olduğu kimi, həyatımızda da öz yerini alacaq.
Bu əsərləri ilə qələbəmizə, Azərbaycanımızın birliyinə inamımızı gücləndirməyə çalışan Naibə Yusifə sonsuz təşəkkürlərimi bildirir, ədəbiyyatımıza daha böyük töhfələr vermək yolunda yeni uğurlar diləyirəm.
Afət Xəlilova – Azərbaycan Respublikasının Əməkdar müəllimi
Zaur Ustac imzası daxil olduğu ədəbi nəslin digər nümayəndələri arasında bütün parametrlərinə görə seçilir. Yazarı qiyabi şəkildə əvvəllər oxuduğum “Məhdud həyatın məchul düşüncələri”, “Qəlbimin açıqcası” və digər şeir kitablarından maraqlı, özünəməxsus dəst-xətti, üslubu, ifadə forması, zəngin və rəngarəng dili olan bir qələm adamı kimi çoxdan tanıyırdım.
Bu yaxınlarda – fevral ayında “Mübariz-31” anım-tanıtım tədbirləri çərçivəsində onun “Oriyentir ulduzu” kitabı ilə tanış oldum. Haqqında söhbət açacağım uşaq və yeniyetmələr üçün nəzərdə tutulmuş povest sözün əsl mənasında müəllifin kimliyini tam ortaya qoyur. “Oriyentir ulduzu” öncə Zaur Ustacın özünü tanıdır, onun kim olduğunu nişan verir. Kitab haqqında təfsilata keçməzdən əvvəl bildirmək istəyirəm ki, hər söz, hər cümlə müəllifin milli kimliyindən, geniş spektirli biliyindən, dərin və zəngin dünya görüşündən, peşəkar hərbçiliyindən, yenilikçi müəllimliyindən, vətənpərvərliyindən xəbər verir.
Təhlilə əsərin adından başlayaq. Zaur Ustacın əsasən məktəblilər üçün sinifdənxaric oxu vəsaiti kimi nəzərdə tutub qələmə aldığı və elektron variantda bütün kitabxanalarda olmasına rəğmən dəfələrlə təkrar nəşr olunmuş bu kitabın adı elə seçilib ki, kitabı təşkil edən dörd fəsil olmadan belə, “Mübariz səmada bir oriyentir ulduzu kimi parlayaraq bizə doğru yolu, getməli olduğumuz səmti göstərir…” yazılsa idi, yenə ad kimi seçildiyi povestin məzmununu, qayəsini bizə çatdırmaq iqtidarında olardı.
Kitab iki hissədən ibarətdir: birinci – bədii hissə; ikinci – praktik hissə.
Müəllif bədii hissədə Azərbaycan Respublikasının Milli Qəhrəmanı Mübariz İbrahimovun son iki döyüş günündən bəhs edir. Bu hissədə iki əsas məsələ diqqətimi cəlb etdi. Birinci, müəllif hadisələri elə yüksək dəqiqliklə təqdim edir ki, onun peşəkar hərbçiliyi özünü göstərir. İkinci məsələ Zaur Ustacın təhkiyyəsi o qədər inandırıcıdır ki, kitaba başlayan kimi səni alıb götürür, özünü bir anın içərisində döyüşün ortasında hiss edirsən, povesti nə vaxt oxuyub qutardığının fərqinə varmırsan və o andaca ağlına ilk fikir gəlir: müəllif qəhrəmanın yanında olubmu, görəsən… Sanki yazar qəhrəmanla bir yerdə olub və bütün gördüklərini qələmə alıb. Əsgərlərin Seyid deyə çağırdığı Mübarizin xidmət etdiyi postun həyat şəraitindən tutmuş, döyüş səhnələrinin təsvirinə qədər hər şey mükəmməldir. Nəhayət, bu kiçicik povestdə ədəbiyyatın nəhəng hadisəsi – ədəbiyyatda agah olma – məsələsi baş verir. Məlum olduğu kimi, Zaur Ustac “Oriyentir ulduzu” povestini 2011-ci ilin fevral ayında qələmə alıb və həmn vaxtdan həm ənənəvi qaydada, həm də elektron qaydada nəşr olunaraq yayılmağa başlayıb. Müəllifin qeyd olunan tarixdə bir yol göstərən səmt ulduzu kimi Tərtər – Göranboy təmas xəttində Talış yüksəkliyi üzərində səmaya qaldırıb, burada sizləri gözləyirəm, vətən oğulları – deyə səslədiyi şanlı Azərbaycan Ordusunun mərd, qorxubilməz əsgərləri 2016-cı ilin Aprel döyüşlərində məhz həmin istiqamətdə öz sözlərini dedilər. Mübariz hələ də orada bizləri gözləyir. Biz inanırıq ki, nəfərləri neçə-neçə hələ tanınmamış Mübariz kimi qəhrəman oğullardan ibarət olan Azərbaycan Ordusu cənab Ali Baş Komandan, möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərliyi altında bu misiyanı uğurla yerinə yetirəcək və o dağlarda Mübariz kimi bizi gözləyən neçə-neçə igidlərimizin ruhu dincliyə qovuşacaq. Zaur Ustacın şəhid olmuş əsgəri göylərə uçurtması həm qədim türk inancını – ölməyi, uçmaq kimi hərfi mənada təqdim edir, həm də dərin dini-fəlsəfi mənada ölümün heç də son olmadığını, yeni bir həyatın başlanğıcı olduğunu, bu hadisə baş verən zaman insanın sanki artıq əziyyətdən – ağır bir bədəni – cismi daşmaqdan azad olduğunu, – “O, quş kimi idi, sərhəd tanımırdı. Elə bil, bayaq bir səkinin əlində aciz qalan adam deyildi” – həyatın daha da asanlaşdığını, insanın yüngülləşdiyini, bir mərtəbə daha kamil olduğunu öz gənc oxucularına – formalaşmaqda olan vətəndaşlara, şəxsiyyətlərə çatdırır. Əlbəttə, bədii hissə barədə hələ kifayət qədər söhbəti davam etdirmək olardı. Ancaq bəzi əsas məqamları sizə çatdırdıqdan sonra praktik hissəyə keçmək istəyirəm.
“Çalışmalar” adlanan bu bölmə demək olar ki, povestin özü qədər önəmli olub, bədii hissənin tam açılmasına oxucu, şagird tərəfindən məqsədin, qayənin tam mənimsənilməsinə xidmət edir. Bədii hissədə qaldırılan bütün milli və vətənpərvərlik məsələləri praktiki çalışmalar vasitəsi ilə açılır.
Kitabın bu formatda tərtib olunması və sinifdənxaric oxu vəsaiti kimi təqdim olunması müəllifin peşəkar hərbçi, yazar olduğu qədər də öz işini dəqiq bilən, usta bir müəllim-pedaqoq olduğundan xəbər verir.
Zaur Ustaca yeni-yeni yaradıcılıq uğurları arzu edir. Gələcəkdə hər biri bu günümüzü andıran bir səlnaməyə dönəcək yeni əsərlər gözləyirik.
Afət XƏLİLOVA, Respublikanın Əməkdar müəllimi, Bakı şəhəri, Nizami rayonu, 201 №-li məktəb
Zaur Ustac 8 (14) yanvar, 1975-ci ildə Bakı şəhərində anadan olmuşdur. İlk təhsilini Ağdam rayonunun Yusifcanlı kənd orta məktəbində almış, ardıcıl olaraq Bakı Dövlət Universitetində, Bakı Ali Birləşmiş Komandanlıq Məktəbində, Beynəlxalq İxtiraçılıq və Biznes İnstitutunda və Şamaxı Humanitar Kollecində davam etdirmişdir. Birinci Qarabağ müharibəsinin iştirakçısı və hal-hazırda ehtiyatda olan zabitdir. Zaur Ustac 1988-ci ildən etibarən dövri mətbuatda çıxış edir. AJB-nin üzvü olan Zaur Ustac “QIZIL QƏLƏM” mükafatı laueratı, “Yazarlar” jurnalının təsisçisi və baş redaktoru, 2019 – cu ildən Prezident Təqaüdçüsüdür. Zaur Ustac “Günaydın”(Ağçiçəyim), “İstəməzdim şair olum, hələ mən”, “Gülzar”, “Şehçiçəyim”, “Məhdud həyatın məchul düşüncələri”, “Mum kimi yumşalanda”, “Bayatılar”, “Balçiçəyim”, “Bərzəxdə”, “Gülünün şeirləri”, “Sevin ki, seviləsiz…”, “Qəlbimin açıqcası”, “Ustadnamə”, “Nişangah”, “Çəhrayı kitab”, “Zimistan” (1), “Ülyahəzrət” (2), “45”, “Qədimliyə bürünmüş yenilik”, yaradıcılığının 30 illiyi yubiley tədbirləri çərçivəsində nəşr olunmuş “Otuz ildir əldə qələm” kimi şeirlər kitablarının, görkəmli memar Şamaxılı Əliş bəy Sübhan oğlu Kərəmli-Şirvaninin anadan olmasının 700 illiyi münasibəti ilə qələmə alınmış “Əliş və Anna” poemasının, “Usubcan əfsanəsi”, “Yaradanla baş-başa”, “Qələmdar” (3) adlı məqalə toplularının, 2019-20 tədris ilindən Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən məktəbəhazırlıq qrupları üçün nəzərdə tutulmuş “Məktəbə hazırlaşırıq” adlı iki hissəli metodik vəsaitin birinci, ikinci hissələrinə daxil edilmiş “Güllünün şeirləri” tədris vəsaitinin, üçüncü sinif şagirdləri, eyni zamanda yeni öyrənməyə başlayan istənilən yaş qrupundan olan şəxslər üçün nəzərdə tutulmuş “39 Həftə” – “39 Weeks” kimi tanınan məşhur ingilis dili üçün xüsusi proqramın və Azərbaycan Respublikasının Milli Qəhrəmanı Gizir Mübariz İbrahimovun əziz xatirəsinə həsr olunmuş “ Oriyentir ulduzu” (povest) kitabının müəllifidir.
ZAUR USTAC HAQQINDA PROFESSOR, TƏNQİDÇİ-ƏDƏBİYYATŞÜNAS QURBAN BAYRAMOV YAZIR:
Zaur Ustac – qələmdar olmaq missiyası
(Tənqidçinin xəfif eksklüziv münasibəti…)
Tanıdığım istedadlı gənclər sırasında olduqca işgüzar, zəhmətkeş, obyektiv, prinsipial, hər cür manipuliyasiyadan uzaq, sözə-qələmə bağlılıq, həssaslıq, sözü-qələmi müqəddəs hesab edən və bu müqəddəsliyi hər məqamda qorumağa çalışan, içində klassik, modern maarifçilik ruhu daşıyan, bir sözlə, qələmdar olmaq missiyasını Heraklsayağı çiyinlərinə götürən, yaradıcılığın Sizif cəfasına qatlaşan gənclərdən biri də Zaur Ustacdır. Olduqca səmimi, təvazökar qələmdardır və bu yeni sözü, yeni anlayışı da ədəbiyyat cameəsinə gətirən odur.Zaur Ustacın müasir ədəbiyyatımızda vicdanlı, tərəfsiz, liberal – azad, sərbəst ədəbi davranışı təqdirəlayiqdir və deyərdim ki, yenidir, müasir ədəbi gəncliyə örnəkdir. Zaur Ustac radikalizmdən uzaq, sözün səmimiyyətinə sığınan qələmdardır. Zaur Ustac gənc olmasına baxmayaraq (hər halda məndən çox gəncdir), o, özündə elə bir yaradıcılıq gücü tapıb və ədəbi sifera yaratmağa müvəffəq olub ki, artıq onun özgür ədəbi nüfuzu, özgür yaradıcı çəkisi haqqında çəkinmədən danışmaq olar. Mənim qənaətim belədir və bu qənaəti ictimailəşdirməmək günah olardı. İstedadı və istedadlı ədəbi gücü məqamında görmək və qiymələndirmək, fikrimcə, mühüm əhəmiyyət kəsb edir. Bizim ədəbi tənqid üçün belə yanaşma prioritet olmalıdır.Zaur Ustac maraqlı həyat yolu keçib, hərbçidir, istefada olan zabitdir. Onda hərbçi peşəsindən ədəbi yaradıcılığına sızan bir yaradıcılıq intizamı, ədəbiyyata yansıyan hərbçi “geosiyasi marağı” olduğunu sezirəm. Yaxşı bildiyini müdafiə etmək, onu ədəbi fikrə gətirmək, yeni nəsilə, gəncliyə əlahiddə vətənpərvərlik ruhu aşılamaq və bu işi maarifçilik səviyyəsinə yüksəltmək – onun ən ümdə “geosiyasi marağı” budur və bu da yenidir. Və bu, Zaur Ustacda istək, arzu deyil, deyərdim ki, onun şəxsi xarakterinə tamamilə yad, amma yaradıcılığına xas olan ədəbi ambisiyadır, ədəbi-bədii fəaliyyətinin nüvəsini təşkil edən amildir, ona məxsus ədəbi statusdur. Elə buna görə də onun yaradıcılığı çoxsahəli, çoxyönlü, çoxsəsli, polofondur…Zaur Ustacın ədəbi fəaliyyəti çağdaşlıqla bərabər, ən çox gələcəyə, perspektivə yönəlikdir. Onun yaradıcılığı, həm də yaxşı olacaq dərəcədə sosialyönümlüdür. Zaurun fəaliyyəti səmərəli fəaliyyətdir, praktik iş görür, həyatın olaylarından çıxış edərək özünün yazılarında olaya çevrilir, olay içində olay yaradır. Yaddaşı çağdaşlığa daşıyır. Bir az obrazlı desək, qədimliyə bürünmüş yenilikdir, istər ədəbi mövzüda, istərə də ədəbi janrda… Onun yaradıcılığı impultiv deyildir, ardıcıllıq, mütəmadilik, məqsədyönlülük, prinsipiallıq üslubunu, yazı-mövzu yönümünü-yöndəmini şərtləndirən amillərdəndir. Ona görə də Zaur Ustacın yaradıcılığı bezdirici deyil, maraq doğurur, fəaliyyətə sövq edir, ədəbi zərurət olur…Zaur Ustacın ədəbi fəaliyyətinin bir yönü də onun mövzu seçimidir. O, əksərən baxımsız qalmış, gözdən-könüldən iraq salınmış, unudulmuş yox, unutdurulan mövzulara da ürəklə, cəsarətlə göz yetirir, necə deyərlər, kölgədə saxlanılan həqiqətləri gün işığına çıxarır, yaddaşları dirildən kitaba çevirir. Bu da onun vətənsevərliyini fərqləndirən cəhətlərdəndir. Çünki o, sosial-ictimai maraqla mənəvi marağın kəsişmə bucağını müəyyən etməyi bacarır. O, ədəbi ştamplardan uzaqdır. Tarixi-mənəvi müstəvimizdə gəzişmələr edir. Maraqlı, aktual bədii konsepsiyalar, orijinal ədəbi konfiqurasiyalar axtarışındadır. Total azərbaycançılıq tərəfdarıdır. Bütün bunları, – hələ bizim sosial durumumuzu əyən bazar iqtisadiyyatının ərkəsöyün diqtəsi dövründə etməyin çətinliyini demirəm, – əzabını, məşəqqətini göz önünə gətirin… Amma şükürlər ki, onda qara duyğular yoxdur, dan şəfəqinin duruluğu, lacivərdliyi var. Bir də ki, onun yazılarında hər şeyi öz adı ilə çağırmaq istəyi üstündür və bu, ədəbi yaradıcılıq üçün vacib şərtlərdəndir. Yazıçı məşşatə olmamalıdır.Zaur Ustacın qələmi kənarda yox, özəkdə, nüvədə gəzişmələr edir. O, həmişə çalışır ki, standart və ehkamlar yaradıcılığına yansımasın. Diqqətimi çəkən müsbət bir cəhət də odur ki, Zaur Ustac azərbaycançılıqla türkçülüyün sinergizmindən çıxış edir, yəni söhbət sosial-fəlsəfi mənada özünütəşkildən gedir. Burada eyniyyət yox, biri-digərinin qüvvətləndiricisi olmaq şərtdir. Yəni, türkçülük və azərbaycançılıq biri-digərinin tərkibidir, amma biri o biri deyil, hər ikisi müstəqildir. Bunların dərkində paralellik və ya qəti oxşarlıq axtarmaq sosiallaşmada ziyanlıdır, bu metodda qeyri-xəttilik üstündür (Lütfi Zadə metodu). Zaur Ustac ədəbi-metodoloji cəhətdən sinergetik yanaşma paradiqmanın metodoloji plüralizminə daha çox meyillidir. Əlbəttə, bu, onda hələ rüşeym halındadır, amma inanırıq ki, təməldə olan dinamikadadır, inkişafdadır. Belə ki, ədəbi yaradıcılıq mexanizmlərin ardıcıl fəaliyyətini nəzərdə tutan bu metod, insan varlığının hərtərəfli inkişafı, şəxsiyyətin özünüifadə və özünütəsdiq imkanları və bütövlükdə yaradıcılıq qabiliyyətlərinin reallaşdırılması üçün ən əlverişli şərait yaradır. Zaur Ustacda türkçülüyü və azərbaycançılığı təkcə qanla, soyla bağlamır, həm də şüurla bağlayır. Bu, əslində, Əli bəy Hüseynzadə, Məmməd Əmin Rəsulzadə və Əhməd bəy Ağaoğlunun konsepsiyasıdır. Biz qanla, soyla türkük, amma şüurla, düşüncəcə, təfəkkürcə Azərbaycanlıyıq! Bu, populizm deyil, həqiqətdir!Zaur Ustacın qələm yoldaşları yazılarında orijinallığı qeyri-ənənəvi yollarda axtarırlar, amma onun məni qane edən cəhətlərindən biri də ənənvi yolda qeyri-adiliyi tapmaq və müxtəlif ədəbi ölçülərdə (deyək ki, janrlarda) şərh etmək bacarığıdır. Xalq həyatının müxtəlif məqamlarında, ən ağır anlarında, millətin şərəf və ləyaqəti naminə ayağa qalxmış, onun oğulları vətən yolunda qorxmadan dirigözlü ölümə gedən, “şər yuvalarına”, az qala əliyalın hücum çəkən oğulları – kişiləri, ərənləri, igidləri barəsində (məsələn, mərdliyin, igidliyin, qəhrəmanlığın oriyentir ulduzu olan Mübariz İbrahimov haqqında) bədii-publisist yazıları da belə xoş məramın nəticəsində ortaya gəlir, “yazıya pozu yoxdur” yaddaşına çevrilir, yaddaş kitabı olur: “Oriyentir ulduzu” (povest), “Gülünün şeirləri”, “Otuz ildir əldə qələm”, “Əliş və Anna” (poema), “Sevin ki, seviləsiz”, “Qəlbimin açıqcası”, “Çəhrayı kitab” və s. kimi iyirmidən çox kitabı kimi… Doğrudan da bu kitabları bir yerə cəm etsək, elə adını “Qəlbin açıqcası” qoyardım, çünki bu əsərlərin, demək olar ki, hamısı Zaur Ustacın oxucuya ünvanladığı ədəbi-bədii açıqcalardır, özü də səmimiyyətlə yoğrulmuş, ürəkdən, qəlbdən süzülüb gələn gizlinlər yox, məhz açıqcalar. Bir bayatısında dediyi kim, onun “can evindən qopub düşən” namələrdir. Bundan əlavə, o, ümumtəhsil məktəbləri üçün metodik vəsaitlərin, dərsliklərin, proqramların da maarifçi müəllifidir.Bu məqamda, onun milliliyə, vətənsevərliyə, yurdabağlılığa söykənən bilgisi, axtarış və tapmaq şövqü məmnunluq doğurur. Bu, əslində, müasir Azərbaycan zehniyyətinin bənzərsiz xüsusiyyətindən irəli gəlir – unutqanlıq sindiromundan qurtuluş yolunu tapmaq və bunu şahrah yola çevirmək cəhdi. Bunu mənəvi ehtiyacları ödəyən, əsrarəngiz Azərbaycan ruhunu bərpa edərək epik bir prinsipə çevirmək cəhdi kimi də qəbul etmək olar. Əslində, indi bu prinsipi yaratmağa əşəddi ehtiyac var! Mənə elə gəlir ki, Zaur Ustac müstəqillik dövrü ədəbiyyatımızın, xüsusən, tarixi mövzularda qələmə alınan nəsr nümunələrinin yaratdığı ovqatdan güc alır, “Əliş və Anna” poemasında olduğu kimi, özünün istehlak enerjisinə çevirir, bu günün praqmatizmindən çıxış edir, yuxarıda qeyd etdiyim kimi, qədimliyə bürünmüş yenilik yaradır.Gerçəyi dərk etməyin üsulu təkcə ağılla deyil, gərək ürəklə – hiss və duyğuylarla da dərk edəsən. Bu cəhət, hələlik embirional səviyyədə onun bədii təfəkkürünün dominantına çevrilməyə başlayıb və inanıram ki, tam dominantlıq alınacaq. Zaur Ustacın bir xoş prinsipi də var, ətrafına, mühitinə əlindən gələn yaxşılığı et! Bu deviz onundur: ”Yaxşılıq əlindən gəlmir, heç olmasa pislik eləmə!” O, həyatının bu çağına qədər hər cür formatda təzahür edən, min bir cildə girən pisliyə qarşı Ustac qələmini sipər edərək Qələmdar olmağı bacarıb, qələmin yükünü, sözün müqəddəsliyini dərk etdiyindəndir ki, “Söz müqəddəsdir” şeirində yazır:
Gəldin bu aləmə, ərkanı gözlə,
Yaxşı bax ətrafa, dövranı izlə,
Ustac əmanəti, aram ol sözlə,
Qələmlə elə yaz, qoy izi düşsün.
Zaur Ustacın (Mustafayev Zaur Mustafa oğlunun) 45 yaşı var, ardıcıl olaraq Bakı Dövlət Universitetində, Bakı Ali Birləşmiş Komandanlıq Məktəbində, Beynəlxalq İxtiraçılıq və Biznes İnstitutunda və Şamaxı Humanitar Kollecində təhsil alıb. Birinci Qarabağ müharibəsinin iştirakçısı və hazırda ehtiyatda olan zabitdir. 1988-ci ildən yaradıcılığa başlayıb, 32 ildir ki, ədəbi cameənin əli qələmli nümayəndəsidir. Ləqəbi “Ustac”dır; AJB-nin üzvü, “Qızıl Qələm” mükafatı laueratı, “Yazarlar” jurnalının təsisçisi və baş redaktoru, “Ustac.az” fərdi inkişaf və yaradıcılıq mərkəzi”nin təsisçisi, naşir, müasir dövrün maarifçi-demokratıdır. İntellektualdır, kreativ təfəkkürlü, qüvvətli və sağlam məntiq sahibidir. Mən onu təmiz qəlbli, doğru sözlü, mətanətli, tam mənası ilə dürüst, fikir və yoluna dərin bir inam bəsləyən, fədakar bir gənc yazıçı-publisist, şair, nasir, tərcüməçi, naşir, ən ümdəsi, ziyalı kimi görür və belə də qiymətləndirirəm… Və bir yazıçı olaraq Zaur Ustacın gələcək çəki-düzənini bu sadaladıqlarımda, konkret mövqeində, QƏLƏMDARLIĞINDA görürəm. Eyni zamanda, toz qonmayan Qələmdar qürurunda, təmkinində görürəm! Çünki bilirəm ki, təmkin və qürur mənəviyyatı hər zaman bütün fəsadlardan, yanlışlıqlardan qoruyar… ALLAH QORUSUN!
QurbanBayramov,tənqidçi-ədəbiyyatşünas, doktor-professor,“Fədakar alim” ,”Elm fədaisi”,“Ən yaxşı Vətənpərvər tədqiqatçı alim”, “Vintsas” mükafatları diplomantı,“SəmədVurğun mükafatı” laureatı,1984-cü ildən AzərbaycanYazıçılar Birliyinin üzvü28.04.2020