Gültəkin Əsgərovanın heykəli – Ünvan:Atatürk, Bakı, Nərimanov, AZ1110.
QISA ARAYIŞ:
Gültəkin Əsgərova 1992-ci ilin aprelindən konüllü cəbhəyə yollanıb, Turşsu, Şuşa xəstəxanalarında, Ağdamın Mahrızlı kəndindəki hospitalda hərbi həkim kimi fəaliyyət göstərib. Aranzəmin yüksəkliyi uğrunda gedən döyüşlərdə 19 iyun 1992-ci ildə qəhrəmancasına həlak olub. Gültəkin Əsgərova ailəl i idi və bir qız övladı qalıb. Azərbaycan Respublikası prezidentinin 20 noyabr 1993-cü il tarixli 31 saylı fərmanı ilə Əsgərova Gültəkin Məlik qızı ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülüb. Bakı şəhərinin Şəhidlər xiyabanında dəfn edilib. Bakının Nərimanov rayonundakı xəstəxananın önündə büstü qoyulub.
GÜLTƏKİN ƏSGƏROVA HAQQINDA
Əsgərova Gültəkin Məlik qızı20 noyabr 1960-cı ildə Bakı şəhərində dünyaya göz açıb. 1978-ci ildə Nərimanov rayonundakı 200 saylı orta məktəbi əla qiymətlərlə bitirib. Gültəkin fizika, kimya, riyaziyyat fənləri üzrə məktəbdə keçirilən olimpiyadalarda daim iştirak edərək həmişə qalib adını qazanıb. 1983-cü ildə Azərbaycan Dövlət Tibb Universitetinə daxil olub və təhsilini 1989-cu ildə başa vurub. Təhsil illərində Daxili İşlər Nazirliyinin Hərbi hospitalında əvvəlcə kiçik tibb bacısı, sonra isə böyük tibb bacısı işləyib. Ali məktəbi bitirdikdən sonra isə 8-ci Təcili Yardım Stansiyasında çalışıb. Daha sonra isə Uroloji xəstəxanada…
Gültəkin həkim…
O, burada anestezioloq-reanimatoloq vəzifəsində işləyir, həkimlərin dərin hörmətini qazanır. Dağlıq Qarabağ hadisələri başlayanda qəlbi qəzəb alovuna bürünür. 4 aprel 1992-ci ildə könüllü olaraq cəbhəyə yollanır. Əvvəlcə Turşsuda, sonra isə Şuşada neçə-neçə yaralı əsgərə tibbi yardım göstərir. Güllə yağışları altında o, yaralı döyüşçüləri təhlükəsiz yerlərə aparır, onlara ilk tibbi yardım göstərir. Şuşa alındıqdan sonra Laçının, Qubadlının müdafiəsində yaxından iştirak edir.
Döyüşçü, bacı, qadın, həkim, şəhid, Qəhrəman Gültəkin…
Uzun döyüş yolu keçən Gültəkin Əsgərova 20 iyun 1992-ci ildə Aranzəmin-Naxçıvanik istiqamətində gedən ağır döyüşdə öz xidməti borcunu yerinə yetirərkən həlak olur. Ailəli idi. Bir qızı yadigar qalıb. Azərbaycan Respublikası Prezidentinin 20 noyabr 1993-cü il tarixli 31 saylı fərmanı ilə Əsgərova Gültəkin Məlik qızı ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülmüşdür. Bakı şəhərində Şəhidlər Xiyabanında dəfn edilmişdur.
Gültəkin Əsgərovanın oxuduğu 200 saylı orta məktəbə onun adı verilib və büstü qoyulub. Eyni zamanda Bakıda Nərimanov rayonundakı xəstəxananın önündə də büstü var. Bakıda yaşadığı Mustafa Kamal Atatürk prospekti 2a ünvanındakı binaya xatirə lövhəsi vurulub. Elm və Təhsil Mərkəzi “Təfəkkür” Universitetinin Tibbi biologiya kafedrası onun adını daşıyır. Bundan əlavə, Xəzərdə üzən gəmilərdən biri də onun adını daşıyır və muzeyi təşkil edilib. 20 iyun 2014-cü ildə Nizami Kino Mərkəzində Gültəkin Əsgərovaya həsr olunan “Gültəkin” filminin təqdimat mərasimi keçirilib və ona həsr olunan “Gültəkin zirvəsi” kitabı təqdim olunub.
Sənə igid dedik, sənə Ər dedik, Dinib danışmayan, lal olan Qadın. Gah Niğar söylədik, gah Həcər dedik, Əhdinə, eşqinə qul olan Qadın. Yüz il bir daxmada yaşasan belə, Nə giley, nə güzar gəlmədi dilə. Dözdün hər əzaba sən gülə-gülə, Gülüşü üzündə bal olan Qadın. Anamız, bacımız, xalamız oldun, Bizə arxa durdun, qalamız oldun. Yüz dəfə can dedin, qadamız aldın, Qadası, balası bol olan Qadın. Əslinə, nəslinə vurmadın ləkə… Bizsiz boğazından keçmədi tikə, Gözlədin, gözlərin yol çəkə-çəkə, Doqqazın ağzında gül olan Qadın. Vahidin sinəsi dolur qubarla, Qəlbinə dəyirik nə ixtiyarla? Fəxr edib oğulla, qardaşla, yarla, Yanan, zərrə-zərrə kül olan Qadın. Müəllif: Vahid Çəmənli
Hekayə Eldar tez-tez qəribə yuxu görürdü. Hərdən gecə ayılıb yerini dəyişir, siqaret çəkirdi ki, bu yuxu ondan əl çəksin, lakin, heç nə kömək etmirdi. Başını yerə qoyan kimi kəndin içində kiçik birmərtəbəli ev, evin ətrafındaki ağaclar yuxysunda elə aydın görünürdü ki, sanki bu yuxu yox, real həyat idi. Eldar Bakıda anadan olub , burada oxuyub, universitet birirmişdi. Bir neçə il xarici ölkələrdən birində işlədikdən sonra Bakıya qayıdıb dostunun təsis etdiyi şirkətdə çalışırdı. Subay insanın sərbəst həyatını yaşayırdı Eldar.Onun nədən evlənmədiyini soruşan olanda,Eldar gülə-gülə “hələ tezdir”deyirdi. Anası Səmayə xala nəvə-nəticə görmədən, oğlundan nigaran köçdü bu dünyadan. Atası hələ Eldar körpə ikən öldüyündən heç onun evlənib-evlənmədiyilə maraqlana da bilmədi. Eldarın özünü subaylıq heç narahat etmirdi. Onun yeganə narahatçılığı gecələr gördüyü yuxu idi. Dünən gecə, yenə həmin yuxunu gördükdən sonra, Eldar belə qərara gəldi ki, həkimə müraciət edib yuxu dərmanı alsın və nəhayət rahat yata bilsin. Səhər tezdən yuyunub geyindikdən sonra Eldar adəti üzfə bir fincan qəhvəni götürüb televizorun qarşısında əyləşdi və orada göstərilən kadrı gördükdə içdiyi qəhvə boğazında qaldı. Diktor həzin səslə şərh etdiyi kadr uzun illərdir ki, Eldarı narahat edən yuxunun səhnəsi idi. Kiçik bir kənd, ağaclar və birmərtəbəli köhnə ev. Diktor bu evdə uzun illərdi ki, tək-tənha yaşayan bir qadından və onun qeyri-adi hissiyyata malik olduğundan danışırdı. Eldar əlindəki fincanı stolun üstünə qoyub quruyub qalmışdı. Bir qədər sonra məlum oldu ki, bu qadın meşədəki otlarla, quş ətiylə və giləmeyvələrlə dolanır və demək olar ki, yanına heç kimi yaxın buraxmır. Eldar qəhvəni yarımçıq qoyub televiziyaya zəng vurdu.Həmin verilişi hazırlayan jurnalistlə görüşmək istədiyini bildirdi. Ona verilən telefolna zəng edib həmin qadının dəqiq ünvanını öyrəndi və qərara gəldi ki , sabah tezdən yola düşüb həmin qadınla danışsın və o, Eldara nədən illərcə bu kəndin, bu evin onun yuxusuna gəldiyini izah etsin. Bütün günü televiziyada göstərilən səhnə haqda düşündü Eldar. Gecə yenə həmin yuxunu gördü.Bu dəfə həmin qadın ona əl edərək harasa getməyi təklif edirdi. Eldar oyanıb gözlərini ovuşdurdu və yola çıxmağa hazırlaşdı. O işə, dostuna zəng edib təcili rayona getməli olduğunu bildirdi. Dostu qəfil səfərın səbəbini soruşanda Eldarın ağlına gələn”gedirəm dədə-baba yurdunu ziyarət etməyə”cümləsi oldu. Sonra özü öz dediyi sözlərə gülümsəyib təəccübləndi. “Hansı dədə-baba yurdundan danışıram mən? Hamı bilir ki, atam da anam da bakılıdır və heç bir rayonla əlaqəm yoxdur,” -deyə düşündü. Bakıdan cəmi iki saat yarımlıq məsafədə yerləşən bu kiçik kəndin çox gözəl təbiəti var idi. Hər yan yaşıllıq,uzaqda həzin-həzin axan çay, ara-sıra görünən kənd evləri. Eldar yolu soruşa- soruşa düz həmin qadının evinin qapısına yaxınlaşıb əlindəki açarla onu döydü. Qapını açan qadının geyimi, saçı və ümumiyyətlə üzündəki ifadə Eldarı əməlli başlı vahimələndirdi. Qadın qapını açıb Eldara diqqətlə baxdı və: -Gəldin? Neçə ildir gözləyirəm səni . – Məni??- deyə Eldar təəccübləndi. -Hə. Səni. Nə qədər çağırırdım, hava yollayırdım, eşitmirdin. – Nə yollayırdın?- deyə Eldar daha da çox təəccübləndi. – Eee. Sən bilməzsən belə şeyləri.Gəl, gəl otur! Başımın bəlası. – Bağışlayın,mən axı sizi heç tanımıram. – Sən kimi tanıyırsan ki? Başın qarışıb pul qazanmağa bir də ölkələri gəzməyə. – Siz məni tanıyırsız? – Mən səni tanımıram sənin ruhunu tanıyıram. Amma o qız səndən ağıllı və incədir. Səni bəyənmədim. – Çox sağ olun. Mən heç özüm də özümü bəyənmirəm. – O axmaq isə səni illərdir gözləyir. Yazıq. – Kim? – Sənin gələcək arvadın. – Siz nə danışırsınız? Mənim evlənmək fikrim yoxdur. – Sən özbaşınasan ki? Sən nəyi həll edirsən ki? – Mən istəməsəm məni bu yaşımda kim evləndirə bilər? – İstəməsən, heç kim. Amma istəsən… – Yaxşı. Buraxın bu çəfəngiyyatı. Mən bura başqa bir iş üçün gəlmişəm. Məsələ burasındadır ki…. – Sən illərdir bu kəndi və bu evi yuxuda görürsən eləmi?- deyə qadın Eldarın sözünü kəsdi. Eldarın nitqi tutuldu. – Bəli,- deyə o astaca cavab verdi. – Bilirəm. Daha görməyəcəksən o yuxunu. Başın ailənə, uşaqlarına qarışacaq. – Hansı ailəmə? Hansı uşaqlara? Nə danışırsınız siz? – Başqa sözün yoxsa dur! Gecdir. Yol gedəcəksən. – Yoxdur başqa sözüm, – deyə Eldar ayağa durdu və qadının evini tərk edib maşına oturdu. Yol boyu gördüklərini və eşitdiklərini həzm etməyə çalışırdı,sonra həmin qadının sərsəm olduğunu düşünüb hər şeyi unutmağı qərara aldı və bura gəlməyinə də çox heyfsiləndi. Bir qədər getdikdən sonra Eldar yol qırağında əl edən kişini görüb maşını saxladı. – Salam. Bu maşını tanıdığımdan əl etdim. Şirkətimizin qarşısında görürəm hər gün maşınınızı. Dedim bəlkə mənə kömək edəsiniz. – Siz yəqin qonşu şirkətdə işləyirsiniz. – Bəli – Çox yaxşı onda tanış olaq. Eldar. – Ağa. – Nə kömək lazımdır , Ağa müəllim? Ağa müəllim maşınının qəfil sıradan çıxdığını deyib qeyd etdi ki, qızı Səlimə də maşındadır. Onlar birlikdə maşına əlac etmək istədilər, lakin, heç nə alınmadı. Eldar yol servisinə zəng edib usta çağırdı. Ağa müəllim tez-tez saata baxırdı.Eldar hiss edirdi ki, kişi nədənsə çox narahatdır. – Siz deyəsən çox tələsirsiniz, – deyə Eldar bu təlaşın səbəbini öyrənmək istədi. -Bəli. Qızım Səlimə təyyarəyə gecikir.Çox narahatam. Maşında oturub kitab oxuyan xanımın Səlimə olduğunu öyrəndi Eldar. – Qızımdır. Xarıcə bileti var. Çatmasaq gərək dəyişək bileti,- deyə Ağa müəllim maşının qapısını açıb Səliməylə Eldarı tanış etdi. – Onda belə edək…- deyə Eldar qərarını söyləmək isyəyirdi ki, servis maşını uzaqda göründü. – Baxın. Gəldilər. İndi hər şeyi tezliklə həll edərlər məncə. Usta maşına baxıb başını buladı və: – Müəllim, bir necə saat çəkər bu. Cihazları gətizdirməliyəm. Ağa müəllim qızına sual dolu baxışlarla baxdı. – Mən gecikə bilmərəm, ata! – deyə Səlimə nəhayət dilləndi. Eldar bayaq demək istədiyi fikrini nəhayət səsləndirdi. -Ağa müəllim, gəlin mənim maşınımla gedək. Səlimə xanım da rahat yola çıxsın. Maşınınızı da sonra götürərik. Qoyun uşaqlar rahat işləsinlər. Bu təklifi çoxdan gözləyirmiş kimi Ağa müəllim təşəkkür edib razılaşdı. Ağa müəllim qızıyla maşına oturanda Səlimə incə səslə: -Çox sağ olun. Yardım etdiniz bizə,- dedi. – Buyurun. Hələ çatmamışıq. Əyləşin,- deyə Eldar cavab verdi. Eldar güzgüdə Səliməni çox yaxşı görürdü. İri gözləri,qısa saçları və incə cizgiləri var idi. Qızın boyunun çox hündür olmadığını da sezdi Eldar. Əynində açıq mavi köynək və cins şalvar olan Səlimənin yaşı o qədər də az deyildi, üzündən saf bir təravət yağırdı. Eldar özünə etiraf etdi ki, heç bir qadın onu belə cəlb etməmişdi. Səlimə o qədər incə idi ki, insan elə ona həmişə yardım etmək, onun incəliyini qorumaq istəyirdi. – Çatarıq. Narahat olmayın,- deyə Eldar sürəti bir qədər artırdı. – Yox. Siz allah, bərk sürməyin. Onsuz da neçə illərdir narahatam Səlimə üçün. Bu zəhrimar kənddə nə işim var axı mənim? Bu gic yuxular olmasaydı . Eldar az qala sükanı əlindən buraxmışdı. – Nə yuxular?- deyə o soruşdu. – Bilirsiniz? Neçə ildir Səlimə yuxuda bir kənd və bir kiçik ev görür. Dünən də həmin evə bənzər birini televiziyada görüb məni məcbur etdi ki, gedək ora. – Və? – deyə Eldar maşının sürətini azaltdı. – Qəribə bir qadındır evin sakini. Deyirlər baxıcıdır yoxsa ekstrasensdir, bilmirəm. Bir az danışdı bizimlə, heç nə anlamadım mən. Bəlkə Səlimə anladı, bilmirəm. Səlimə maşının pəncərəsindən yola baxır və dərin fikrə getmişdi.O atasıyla Eldarın söhbətini heç eşitmirdi. Ürəyində qoca qadının dediyi sözləri təkrar edirdi”O özü səni tapacaq.O da səni illərdir axtarır. Bəlkə də bu gün görüşdünüz”. Eldar istədi desin ki, o da həmin evə həmin məsələyə görə getmişdi,lakin demədi. Ürəyində bu əhvalatın çox maraqlı və əcaib olduğunu düşündü. Sonra fikirləşdi ki,yəqin Səlimə həmin qarı deyən qadındır. Elə bu fikirlərlə onlar Bakıya çatdılar. Eldar Səliməni və atasını evlərinin qarşısında qoyub getmək istəyirdi ki, Səlimə ona bir kiçik kart uzatdı və: – Gələn həftə Bakıda olacam. Sərgim var. Dəvətlisiniz,- dedi. Eldar təşəkkür edib. Öz vizit kartını Səliməyə verib uğurlar arzuladı və mütləq sərgiyə gələcəyini dedi. – Gəlin, Eldar, mütləq gəlin. Səlimənin çox maraqlı işləri var,- deyə Ağa müəllim Eldara təşəkkür edib ayrıldı. Eldar kartı cibinə qoyub evə surdü maşını. Gecə yatağa uzanıb gözünü yumub yenidən həmin yuxunu görəcəyinə əmin idi. Lakin, o yuxuya gedib çox rahat yatdı səhər də durub işə getdi. Yuxu görmədi o gecə. Təəccüb və müxtəlif fikirlər bütün günü və bir neçə gün sonra Eldarı tərk etmirdi. Kimdir bu qadın? Nədən o məni bü qədər düşünməlidir? Yaxşı,deyək ki, mən necəsə düşmüşəm onun fikir dairəsinə. Bəs Səlimə? Bəlkə bu qadın elə hamını görür ? Axı bu mümkün deyil! Bu ola bilməz axı! Ağıla sığmayan bir şeydir! Bir həftədən sonra Eldar sərgiyə getməyə hazırlaşırdı. Müdiri Aydın Eldarla çox yaxın olduğundan onun həyacanını sezib hara getdiyini soruşdu. – Sərgiyə dəvətliyəm. Gəl gedək mənimlə,- dedi Eldar. – Gedək. Sevirəm rəsm əsərlərini,- deyə Aydın o dəqiqə razılaşdı. Onlar görüşüb hərəsi bir dəstə gül alıb sərgiyə getdilər. Səlimə çox gözəl görünürdü. Eldar Səliməyə yaxınlaşıb gülləri ona təqdim etdi və: – Dostumdur həm də müdirim. Tamış olun, Səlimə xanım!- deyə dostunu təqdim etdi. – Çox gözəl. Səlimə – Aydın Aydın da əlindəki gülləri Səliməyə verdi və hiss etdi ki, bu qız onu sanki ovsunladlı. Səlimənin hər hərəkətinə,baxışına gülüşünə diqqət yetirirdi Aydın.Səlimənin çəkdiyi rəsmlər onu valeh etmişdi. Eldar bir əsərin qarşısında dayanıb heyrətlə baxırdı. Həmin kənd, həmin ev, həmin ağaclar. Bu Eldarın yuxusu idi. O dəqiq bildi ki, Səlimə də həmin yuxunu görürmüş illərdir. – Ah! Səlimənin sevimli yuxusu!- deyə bir qadın onu fikirdən ayırdı. Eldar çönüb arxaya baxdı. Arxasında duran Səlimə idi, lakin, başqa geyimdə. O təəccüblə qadına baxıb: – Səlimənin? – deyə soruşdu. – Bəli. Bacımdır Səlimə. Mən Həliməyəm.Sizi qiyabi tanıyıram.Atam danışıb.Siz Eldarsınız? – Bəli. Mən Eldaram. Siz Səlimə xanıma çox oxşayırsınız. – Hə. Bilirəm. Əkizik. Amma,mən rəssam deyiləm. Heç çəkə bilmirəm. Mən ailəmizin həkimiyəm. Eldarın ayaqları titrəyirdi. Onun sanki dili tutulmuşdu. Heç vaxt belə vəziyyətdə olmadığını dəqiq bilirdi. O qəfil bu qadının əlindən tutub onu harasa uzaqlara aparmaq istədi. Eldar hiss edirdi ki, ürəyi çox bərk döyünür. O, özünü ələ almaq istədi,lakin bacarmayıb: – Siz çox gözəlsiniz, Həlimə xanım!- dedi. Eldar Həlimənın diqqətini içəri girən kimi çəkmişdi. O, onu bütün sərgi boyu izləyirdi. Onunla iki kəlmə danışdıqdan sonra isə ilk baxışdan vurulmuşdu Eldara. Aydın şəkillərə baxdıqca Səlimənin daxili aləmini görür və valeh olurdu. O zala göz gəzdirib Eldarın Səliməyə çox oxşayan bir qadınla danışdığını gördü və onun yanına getdi. – Tanış olun, Həlimə xanım. Dostum Aydındır,- deyə Eldar onları tanış etdi. – Çox gözəl. Mən Səlimənin əkiz bacısıyam,- deyə Həlimə özünü təqdim etdi. -Mənim təklifim var!- deyə Aydın üzünü Eldara tutdu və : -Gəlin sərginin açılışını bir yerdə qeyd edək! – dedi. Eldar bu təklifə o qədər sevindi ki, az qala dostunu qucaqlayıb öpəcəkdi. – Gözəl təklifdir!- deyə Eldar dostunun fikrini bəyəndi. – Səlimə razı olsa, mən razı!- deyə Həlimə də sevindi. Bir necə dəqiqədən sonra sərgi zalı demək olar ki, tam boşaldı. Səlimə son qonaqları ilə görüşüb onları yola saldı və : – Çox yoruldum,- deyə Eldargilə yaxınlaşdı. – Bir yerdə sakit oturub musiqi dinləyərək bir tikə çörək yeməyə necə baxırsınız,Səlimə xanım?- deyə Aydın soruşdu. – Əla! Ata icazə versə gedərdik!- deyə Səlimə cavab verdi. Ağa müəllim mənim boynuma! – deyə Eldar zala göz gəzdirib qızların atasını tapıb ona yaxınlaşdı və fikrini ona bildirdi. Ağa müəllim çox mədəni və gözəl insan idi. Artıq neçə illər idi ki, həyat yoldaşını, yəni əkizlərin anası Dilarə xanımı itirmişdi.O,bütün ömrünü qızlarına həsr edib.İndi vaxtilə onunla bir yerdə oxumuş bir qadınla dostluq edirdi. Qızlar da Hunay xanımı tanıyır, ona hörmətlə yanaşırdılar. Atalarının tənhalığını bölüşən bu qadın mədəni və yaşının çox olmasına baxmayaraq təravətli və gözəl görünürdü. Bu gün də Humay xanım burda Ağa müəllimin yanında idi. O, Ağanın cavab verməsini gözləmədən: – Əlbəttə gedin! Cavanlıq heç vaxt dönmür. Bu günlərin qədrini bilin! Ağa, burax, getsinlər!- dedi. – Nə deyim? Humay xanım ağıllı qadındır. Əgər belə deyirsə, deməli olar, – deyə Ağa müəllim razılığını bildirdi. Bir saatdan sonra Aydın, Səlimə, Eldar və Həlimə şəhərin restoranlarının birində həzin musiqi sədaları altında çörək yeyirdilər. O qədər səmimi və şən dörtlük alınmışdı ki, bəlkə illərlə bir- birini axtarsaydılar bu şəkildə görüşüb anlaşmazdılar. Qızlar evə gecədən xeyli keçmiş gəldilər. Ağa müəllim onları gözləyirdi. Qızlarının gözlərində parlayan işıq təcrübəli Ağa müəllimə bildirdi ki, hər şey çox yaxşıdır və o tezliklə toya hazırlaşmalıdır. P. S. Bakıdan rayona gedən yol. İki qara maşın bir- birinin ardıyla kəndə üz tutub. Kənddən bir qədər kənarda yerləşən köhnə birmərtəbəli evin qapısı açıqdır. Eldarla Səlimə bir neçə il ərzində dəfələrlə gördükləri eyni yuxunun real həyatda mövcud olduğunu bilərək, bu gün bu qeyri-adi qadına baş çəkməyə gəlmişdilər. Aydınla Həlimə yuxu görməsələr də bu qəribə əhvalatın bilavasitə iştirakçıları olaraq burda idilər. Eldar açıq qapını döymədən içəri girdi. Qadın çarpayıda uzanmlşdı. Gözləri bağlı idi. Səlimə Eldarın arxasında durub qadına baxırdı. Onlar qadının sağ olub olmamasını təyin edə bilmirdilər. Eldar bir addım irəli keçdi və əlini qadına tərəf uzadıb onun əlindən tutmaq istədikdə o, gözlərini açdı və: – Yaxşı ki gəlmisən,- deyə Eldara əlini uzatdı. Sən də yaxşı edib gəlmisən. Sizi görmək istəyirdim ölməzdən əvvəl. Siz ikiniz də yaxşı insanlarsınız. İkinizi də mənə analarınızın ruhu, Səmayə və Dilarənin pak ana ruhları tapşırmışdı. Söz vermişdim onlara. Görüşdürə bildim sizi. Amma.. yoox. Belə deyil. Mən niyə narahatam? Siz bura kimlə gəlmisiniz? Yoox. Bu sənin qismətin deyil! Mən səhv etmişəm! Axı belə olmamalıdır. Nədir məni narahat edən?-deyə qadın təşvişlə soruşdu. Qadının əlləri əsməyə başladı, dili dolaşırdı. Eldar bunu gördükdə: – Düz deyirsən. Mənim qismətim onun bacısı oldu. Səlimə isə mənim dostumla evləndi, – dedi. – Bəs mən niyə bacısı haqda heç nə bilmirəm?- deyə qadın soruşdu. Kənarda duran Səlimə dilləndi: – Anam bizi heç ayırmırdı. Hətta adlarımız da oxşardır. Bəlkə ona görə. -Qoy o da qəlsin! – deyə qadın əllərini qapıya uzatdı. Həlimə ilə Aydın içəri girdilər. Qadın başını qaldırıb Həliməyə baxdı və: – Hə. Bax bu qızdır! Budur! Sonra Eldara baxıb: – İndi rahat ölə bilərəm,- dedi və gözlərini yumdu. Eldar da, Səlimə də ona köməlk etmək, həkim çağırmaq istədilər, lakin, gec idi. Səlimə ilə Aydın və Həlimə ilə Eldar ailə qurub yaşadılar, oğul , qız sahibi oldular, lakin, elə də nə baş verdiyini və necə baş verdiyini heç kim izah edə bilmədi.
Bəzən həyatımıza girən ” kaş ki” kəlməsi bir ömür boyu bizə yoldaş olur, hər nəfəs aldığımzda içimizi qurd kımı yeyir, yaralarımızın qaysağını qopardıb, sızladır.. “Bəlkələr “də həmçinin…. Elcanın dilində bir ömür qalan ” kaş ki” kəlməsi kimi…
“8 mart Qadınlar bayramı”
Quşların cəh-cəhləri hər yandan duyulan yazın ilıq nəfəsilə qarışaraq insanın ruhunu oxşayırdı. Öncələr sevdiyi “8 mart “bayramını daha sevə bilməz ki Elcan…
O sübh tezdən oyanıb tələsik evdən çıxdı. Gül dükanına daxil olub bir bəyaz gül alıb maşınına əyləşib yola düşdü. .
Elcan yol boyu gözlərinin yaşını saxlaya bilmirdi, “necə unuda bildim ?” deyə özünü danlayırdı. Həyacandan ikiəlli sükandan bərk-bərk yapışan Elcan heç vaxt unuda bilmədiyi o günü yenidən yaşayırdı. O bu düşüncələr içində məzarlığa çatdı.Maşını bir kənara verib, ağır addımlarla, başını aşagı salaraq anasının məzarına yaxınlaşdı. Məzar bəyaz güllər içində güllü baxçaydı. 20 ildir özünü bağışlaya bilməyən Elcan anasının məzarına yaxınlaşıb bəyaz gülü məzara qoyub , dəfələrcə dediyi sözü: “Bağışla məni “ana deyib yenidən hönkürdü…Yenidən o” mənzərə” kino lenti kimi gözündə canlandı, onu 20 il öncəyə “8 mart” gününə apardı…20 il öncə Elcanın düz 29 yaşı vardı…
O gün Məryəm ana həmişəki kimi sevincli idi. Səhər tezdən oyanıb oğlu Elcanı işə yola salmışdı. Sonra isə nahar tədarükünə başlamışdı. Oğlunun ən sevdiyi yeməkləri hazırlamış, sevdiyi şirniyyatlardan bişirmişdi. Axı o gün bayram idi. Məryəm xanımın ən sevdiyi bayram . Qadın olduğunu hiss etdiyi bayram..O gün oğlu, onu ən çox sevdiyi tək bəyaz güllə təbrik edəcəkdi. Bu tək bəyaz gülün tarixçəsi isə Məryəm xanım üçün çox özəl idi.
Oğlunu dünyaya gətirən gün həyat yoldaşını itirmişdi Məryəm xanım. Həmən gün həyat yoldaşı avtomobil qəzasında dünyasını dəyişmişdi.
O, həyat yoldaşı Ramizlə hələ məktəb illərindən, sevgilərindən çox öncə dost idilər.O zamanlar hər 8 mart günü Ramiz ona tək bir bəyaz gül alar, təbrik edərdi. Çünki Məryəmin nə qədər bəyaz gülləri sevdiyini yaxşı bilirdi. Elə ilk evlənmə təklifi edəndə də bəyaz güllə sevindirmişdi Məryəmi. Amma oğlunu dünyaya gətirən günə yetişə bilməmiş və əlində bir bəyaz güllə avtomobil qəzasına uğramışdı.Məryəm xanım o qanlı gül qurusunu hələ də saxlayırdı. Elcan demək olar ki, 10 yaşından bu hadisəni öyrəndikdən sonra, anasına hər bayram ağ gül bağışlar, bu ənənəni ürək ağrısıyla da olsa davam etdirirdi. Anası da çox sevinər, hər dəfə bayram günləri acıılı – şirinli xatirələriylə baş -başa qalar, yenidən o günləri yaşardı.
Məryəm ana naharı hazırlayıb, masanı bəzədi..Pəncərənin önündə oturub oğlunun yolunu gözlədi. Və yaşadığı əzablı , sevincli günləri yenidən xatırladı. Oğlundan başqa həyatda kimsəsi yox idi. Bütün sevgisini ona vermişdi. Onu oxutmuş, böyütmüş, sadəcə onunçün yaşayırdı. Oğlu da onu böyük məhəbbətlə sevərdi.
Artıq şər qarışmışdı, saat 12-ni göstərirdi.Qəfil qapının zəngi çalındı. Səsdən diksinən ana sevincək qapıya doğru qaçdı. Oğlu sakitcə içəri girdi ,deyəsən bir az da içkili idi.
“Ana mən yatacam” deyib otağına keçdi. Onun bu soyuqluğundan ana çox sarsıldı:
-Oğlum sənin sevdiyin yeməkləri hazırlamışam, gəl bərabər oturub yeyək. Səhərdən mən də heç nə yemədim, səni gözlədim.
– Yox ana , sən ye, “mən yatacam “deyib tələsik otağına keçdi.. Telefonu çıxardıb sevgilisini aradı. Yenidən onunla deyib gülməyə başladı. Bütün günü birlikdə keçirtmişdilər. Bir dəstə bəyaz gül , hədiyyələr alıb sevgilisini təbrik etmişdi.Demək olar ki maaşını tamamilə sevgilisinin hədiyyələrinə xərcləmiş, amma nədənsə anası üçün bir tək bəyaz gülü unutmuşdu.
Məryəm ana yeməyə toxunmadan otağına keçdi. Ürəyi döyünməyə başladı. Fikirlərə qərq oldu. Elcan heç belə etməzdi. Demək qorxduğum başıma gəldi. Mənə olan sevgisi azalmış. Ana özünü ələ almağa çalışırdı.. Yox, yəqin daha önəmli işləri olub deyə özünə yalandan təskinlik verdi.. Yox unutmaz , bilir o gülü necə gözlədiyimi. Yəqin bu gün bayram olduğunu unudub, yəqin səhər alar deyə fikirləşdi.Amma ürəyinin sancısı, narahatlığı artırdı. Rəfdən gündəliyini götürdü .Tarixi qeyd etdi. Tək bir cümlə yazdı.. “Gecikən bəyaz gül “….
Sonra dəftərin arasındakı qurumuş bəyaz gülü əlinə aldı, gözlərindən axan gözyaşlarıyla o qurumuş gülü islatdı. Ovcunda bərk bərk sıxdı, və yatağa uzandı…
Səhər Elcan yuxulu-yuxulu mətbəxə su içməyə keçdi.Başı çox ağrıyırdı. Yatağına geri dönəndə salonda toxunulmamış masanı görüncə sanki yuxudan ayıldı. İki əliylə başını tutdu.”Mən neylədim İlahi?” Bu nə haqsızlıq- deyib dərhal əynini geyindi, çox keçmədi ki, anası yuxudan oyanmamış bəyaz güllə evə döndü. Anasını səslədi, amma səsinə səs verən olmadı. Yataq otağının qapısın açıb sakitcə içəri girdi. Çarpayıda uzanan anasına yaxınlaşdı. Onu oyandırmaq üçün ehmalca əlni uzadıb onun əlindən tutdu və birdən diksindi. Ananın əlləri bum-buz idi. O əbədi yuxuya getmişdi…, yanağında donmuş gözyaşları…
Türk dünyasının tanınmış şairi Əlişir Nəvainin anadan olmasının 580- cı ildönümü münasibətilə Özbəkistanın İstanbul səfirliyi, “Avrasiya Türk Dərnəkləri Federasiyası”, “Türküstan elləri Təhsil, Mədəniyyət və Yardımlaşma Dərnəyi” və “Türküstanlılar Mədəniyyət və Sosial Yardım Dərnəyinin” təşkil etdiyi “Nəvainin Nevaları adlı qiraət yarışı” keçirilmişdir.
Türk dünyasının müxtəlif yerlərindən qatılan yarışmaçılar Nəvainin şeirlərini səsləndirib video formatda müsabiqəyə təqdim ediblər.
Azərbaycandan yarışa qatılan tanınmış, sevilən gənc yazar, qiraətçi Müşfiqə Baladdinqızı şairin “Heyf” rədifli qəzəli ilə birinci yerə layiq görülmüşdür.
Türk dünyasına aid müsabiqədə Azərbaycanı layiqincə təmsil edən Müşfiqə Baladdinqızını təbrik edir,ona yaradıcılıq uğurları arzulayırıq.
“YAZARLAR.AZ” olaraq, 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibəti ilə bir qurup xanım pedaqoq və yazarlarımızı təltif edirik.
QISA ARAYIŞ:
8 Mart – Beynəlxalq Qadınlar Günüdür.
Qadın hərəkatının tarixi 1857-ci ildə Nyu-Yorkda qadınların 12 saatlıq iş gününə etirazı ilə başlayıb. 1910-cu ildə alman sosialist qadın Klara Setkin 8 martın dünya qadınlar günü kimi qeyd edilməsinə nail olub. 1977-ci ildə BMT bu günü qadın günü kimi rəsmiləşdirib.
Qadınlar bayramı Azərbaycanda da geniş qeyd edilir. 1965-ci ildən keçmiş SSRİ-də 8 Mart – Beynəlxalq Qadınlar Günü istirahət günü elan olunub. Azərbaycan müstəqillik əldə etdikdən sonra da 8 Mart – Beynəlxalq Qadınlar Günü ölkədə qeyri-iş günüdür. Azərbaycan qadınları artıq cəmiyyətin aparıcı qüvvəsinə çevriliblər. Milli əxlaqi dəyərlərimiz, adət-ənənələrimiz, dilimizin saflığı məhz analarımızın müdrikliyi sayəsində çətin və mürəkkəb dövrlərin sınağından çıxa bilib. Dünyanın bir çox ölkələrinin qadınlarından əvvəl seçib-seçilmək hüququ əldə etməsi, elm, mədəniyyət və digər sahələrdə qazandığı uğurlar Azərbaycan qadınının mədəni və intellektual potensialından xəbər verir.
Ölkəmizdə dövlət qadın siyasətinin əsasını qoyan ümummilli lider Heydər Əliyev qadın şəxsiyyətinə böyük hörmətlə yanaşırdı. Ulu Öndər ölkə həyatının bütün sahələrində qadınlara xüsusi yer ayırdı, onların hərtərəfli fəaliyyətinə geniş meydan verdi, lider qadınlar yetişdirdi. Dövlət qadın siyasətinin Prezident İlham Əliyev tərəfindən qətiyyətlə davam etdirilməsi sayəsində Azərbaycan qadınının cəmiyyətdə yeri və nüfuzu daha da artıb. Ölkəmizdə gender siyasətinin gücləndirilməsi, qadınların cəmiyyətdə rolunun yüksəldilməsi üçün ardıcıl tədbirlər həyata keçirilir. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi uğurla fəaliyyət göstərir. Azərbaycan qadınları mühüm dövlət qurumlarında, parlament və bələdiyyələrdə uğurla təmsil olunur, ictimai-siyasi, sosial-iqtisadi, elmi-mədəni proseslərdə fəal iştirak edir, ölkə idmanının inkişafına böyük töhfələr verirlər.
Heydər Əliyev Fondunun Prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın ölkənin ictimai-siyasi həyatındakı uğurlu fəaliyyəti, dövlətimiz, dövlətçiliyimiz naminə, xalqın rifahı üçün gördüyü işlər, xeyirxah əməllər bu gün Azərbaycan qadınının nə qədər fəal olduğunu təsdiq edir. Azərbaycanın birinci xanımının hərtərəfli parlaq fəaliyyəti, xeyirxahlıq missiyası, mədəniyyətimizin bütün dünyada təbliği sahəsində gördüyü işlər əsl örnəkdir.
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva da Azərbaycanın tanıdılması, Qarabağ həqiqətlərinin dünyaya çatdırılması istiqamətində geniş və məqsədyönlü fəaliyyət göstərir. Onun təşəbbüsü ilə keçirilən tədbirlər həm də Azərbaycan gənclərinin potensialından xəbər verir.
YAZARLAR.AZ olaraq, bütün qadınları təbrik edir, səadət, rifah və xoşbəxtlik arzu edirik! 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibəti ilə tərəfimizdən təltif olunmuş qadınların SİYAHISI:
Bu dünyaya gələn hər bir insanın son mənzili olur. Ancaq elə insanlar var ki, onun ölümü millətin yaddaşına həmişəlik həkk olunur. Hər bir ölkədə azadlıq uğrunda mübarizə aparan insanlar yüksək dəyərləndirilir. O da ola ki, həmin insan bütün ömrünü o azadlığa sərf edə. Polad Həşimov məhz belə insan idi. O böyüklükdə insanların son mənzili məzarlıq deyil, o böyüklükdə ürəklər məzarlığa sığmaz, ölümüylə millətin qəlbinə köçdü Polad Həşimov. Ölümüylə xalqın qəlbində ölümsüzləşən Milli Qəhrəman…
Hələ 1992-ci ildə Əbülfəz Elçibəylə Turqut Ozal arasında gəlinən razılığa əsasən Elçibəy Azərbaycanın bir neçə say-seçmə gəncini hərbi təhsil almaq üçün Türkiyəyə göndərir. O zaman 18 yaşını yenicə tamamlayan Polad Həşimov və aprel döyüşlərində şəhadətə ucalan polkovnik- leytenant Raquf Orucov həmin göndərilən gənclərin içində olur. Təsadüfi deyil ki, Elçibəy Polad Həşimovun içindəki işığı hələ 18 yaşında ikən duymuş, onun böyük gələcəyinə ürəkdən inanmışdı.
Vətən savaşının bitdiyi, Ermənistan tərəfin kapitulyasiyaya – təslimolma aktına əyilməyə məcbur olduğu gün, müzəffər ordumuzun rəşadətlə, üzüağ, alnıaçıq qələbə çaldığı, Poladların, Azərlərin, İlqarların, Mübarizlərin… müqəddəs ruhunun rahatlıq tapdığı gün – 10 noyabr tarixdə Şəhidlər xiyabanını ziyarət edərkən kimdənsə belə bir təəssüf eşitdim: Heyif ki, bu günü görmədi Polad…
Mən əsla belə düşünmürəm. Belə məqamlara bir az ucadan yanaşanda tamam başqa mətləblər açılır adamın beynində… Polad Həşimov bugünkü zəfərin təməl daşını qoydu, bütövlüyümüzün memarı oldu. Mən bu dünyaya müəyyən bir missiya üçün gələn insanların ilahi tərəfindən Seçilmiş olduğuna ürəkdən inanıram. Polad Həşimov o seçkin insanların, seçilmişlərin öndə gedəniydi. Polad Həşimov ucaldığı şəhadəti ilə 30 il əsarət yükünü çiynində, qeyrət ləkəsini damğa kimi alnında daşıyan bir millətin dirilişinə səbəbkar oldu, yatmış bir milləti silkələdi, qəflət yuxusundan oyatdı, ayağa qaldırdı, bir yumruğa çevirdi. Bugün Zəfər yürüşünə çıxan millətin mübarizə yolu Polad Həşimovun şəhadətindən başladı… Polad o yolun başında Haqq savaşçısı kimi dayandı və bütöv bir məmləkəti bir bayraq altında cəm elədi…
Bəli, təkcə Varlığıyla deyil, yoxluğuyla Qalib olanlar Böyük İnsanlardır… Polad Həşimov yoxluğuyla Tarix yazdı… Qarabağı azad etdi, qələbə qazandı, Şuşaya üçrəngli hilalımızı sancdı…
“Mən kabinet generalı yox, səngər generalı yetişdirmişəm!” – deyə böyütdüyü oğlu ilə qürur duyur Səmayə Ana…
«Həmişə istəyirdim ki, Polad hüquqşünas olsun. Onuncu sinfi bitirməyə az qalmışdı. 1992-ci il idi. Bir gün dərsdən gələndə mənə dedi ki, ana, incimə, mən sənədlərimi Ali Hərbi Məktəbə verəcəm. Doğrusu, pis oldum. Dedim yox, hərbçilik çox çətindir, ailə də, uşaqlar da əziyyət çəkir, mən razı deyiləm. Danışdı ki, bu gün tarix müəllimimiz Ramin müəllim dedi ki, Vətənimiz dardadır, bizə güclü hərbçilər lazımdır. Mən də uşaqların içində söz verdim ki, hərbçi olacağam. Belə də oldu. Sənədlərini Ali Hərbi Məktəbə verdi, qəbul oldu. Çox böyük həvəslə təhsil alırdı. Evə gəlmək istəmirdi. İkinci kursda oxuyurdu. Türkiyəyə hərbi kursa göndərildi. Çox sevincək olmuşdu. Sonralar, kursant ola-ola Murova getdi. Orda çox əziyyət çəkdi. Çox çətin vaxtlar idi. Mən də burda çox əziyyət çəkirdim. Demək olar ki, gecəm-gündüzüm yox idi. Yarıcanım üzülüb, onun yanında qalmışdı. Çox darıxırdıq onsuz… Ancaq, o, öz işinə o qədər bağlanmışdı ki, evə gəlmək istəmirdi. Gücüm ancaq yalvarmağa çatırdı ki, bala, özünü qoru . Demək olar ki, oxuyanda da, işləyəndə də evə çox az-az gəlirdi. Gedəndə, həmişə arxasınca su atırdım. Bir-iki pilləkən düşürdü getsin, sonradan qayıdıb, məni bərk-bərk qucaqlayıb öpürdü. Deyirdi ki darıxma, hər şey yaxşı olacaq. Bilirəm, sən məni çox istəyirsən, mən də səni çox istəyirəm. Ancaq, mən getməliyəm Ana… Oğlum çox vətənpərvər idi. Vətənimizi, əsgərlərini, dövlətimizi çox sevirdi.
Orta məktəbdə oxuyanda, hər yay məktəb bağlanan kimi doğulduğu kəndə – Vəndama, babasıgilə gedirdi. Rəhmətlik qaynatam, babası Mikayıl kişi Böyük Vətən Müharibəsi iştirakçısı idi. O da güclü hərbçi olmuşdu. Çoxlu orden və medalları var idi. Polad həmişə babasına müharibədən suallar verərdi. Hər bir orden və medalı nə zaman, nəyə görə aldığını öyrənərdi. Babası da onun suallarından yorulmazdı, bircə-bircə hamısına cavab verərdi. Hətta, bir neçə dəfə görürdük ki, bu yaşda kişi yıxılıb yerə, sürünür ki, bax, belə sürünə-sürünə keçirdik müharibədə. Sonra həmin hərəkəti Polad da təkrar edərdi. Mənə elə gəlir ki, babasının da təsiri oldu ona, o, belə güclü bir hərbçi oldu. Allah hər ikisinə rəhmət eləsin! Polad oxudu. Ali Hərbi Məktəbi bitirdikdən sonra müxtəlif bölgələrdə – Bərdədə, Murovda, Tovuzda, Hacı Zeynalabdin qəsəbəsində, Daşkəsəndə, Şəmkirdə yerləşən Hərbi hissələrdə komandir işləyirdi. Bu illər ərzində üç dəfə Türkiyəyə hərbi kursa göndərildi. Başı hərbi işə o qədər qarışmışdı ki, ailə qurmaq yadından çıxmışdı. Dostları, özümüz bir təhər onu dilə tutmaqla razılaşdırdıq. Bütün analar kimi mən də elçi getdim, öz kəndimizdən Ofelya adlı bir gözəl qızı Polad üçün nişanladıq. Çox ağıllı və tərbiyəli, savadlı bir qızdır. Riyaziyyat müəllimidir.
2003-cü ilin sentyabr ayının 5-də Poladın toyu oldu. Polad uşaq olanda Gürcüstandan iki ədəd qırmızı şərf almışdım. Toy günü birini Poladın, birini isə Poladın sağdışı Vüqarın qoluna bağladıq. Getdik qız evinə, gəlini gətirməyə. Polad içəri daxil oldu, gülü gəlinə hərbçi kimi təqdim elədi, hərbi salam verdi. O cür ciddi adamın bu baməzəliyi hamıya xoş gəldi, qohum-əqrəba güldü, alqışladı, hamının ürəyi açıldı.
Amma Poladın toyunun sevincini çox da yaşamadıq. Qəflətən atası xəstələndi. Çox müalicələr olundu, xeyri olmadı. 2005-ci il oktyabr ayının16-da vəfat etdi. Atasının ölümü Poladı çox sarsıtdı. Günlərlə özünə gələ bilmirdi. Allah rəhmət eləsin, çox gözəl ata idi… Hamımız çox üzüldük. Neyləmək olar… Birtəhər dözdük… Polad hansı hərbi hissədə çalışırdısa, həmişə ailəsini də ora aparırdı. Polad əsgərlərini çox sevirdi. İşində çox ciddi və tələbkar idi. Əsgərlərinə “balam” – deyirdi. Harda olsa, hansı əsgərin hansı ehtiyacı olsa, ona qayğı göstərirdi. Bütün şəhidlər mənim balalarımdır. Onlar Vətəni bizdən üstün tutdular. Mənə Prezidentimiz, Ali Baş Komandan İlham Əliyev özü şəxsən başsağlığı verdi. Mənim üçün böyük dəstək oldu. Ancaq, qızım, mənim də bütün analar kimi arzularım var idi. Bala böyütdüm, barını görmədim, balaları atasız qaldı… Polad özü də atasız qalmışdı, indi isə onun balaları… Polad həmişə rəşadət göstərib, qəhrəmanlıqla vuruşub. 2016-cı il Aprel döyüşlərində iştirak edib. Döyüşə gedəndə bizə bildirməyib. Dörd gün döyüş olub. Döyüş qutardıqdan sonra həyat yoldaşı Ofelya xanıma zəng edərək deyib ki, qətiyyən narahat olmayın, hər şey yaxşıdır. Düşməni kilometrlərlə geri oturtmuşuq. Ancaq, zəngdən 20 gün sonra evə gəldi. Evdə gördük ki, Poladın ayağında, yerişində problem var. Demə, yaralanıbmış. 20 gün də xəstəxanada müalicə alıb. Aprel döyüşlərində göstərdiyi igidliklərə görə dövlətimiz tərəfindən mükafatlandırıldı. Hətta, Prezidentimiz ona ev bağışladı. Polad isə ona verilən evi Aprel döyüşlərində həlak olan bir şəhid ailəsinə bağışladı. Poladın bir başqa ürəyi, qəlbi vardı… Heç zaman əlindən gələni kimsəyə əsirgəməzdi. İmkansızların, dara düşənlərin əlindən tutardı. Xeyirxah, mərd, cəsarətli bir insan idi. O, insani əməli, şəxsi ləyaqətilə özünü təsdiqləmiş cəsur bir General idi.
Çox heyif ki, Poladın illər boyu ürəyində bəslədiyi arzuları param-parça oldu. İstəyirdi ki, tezliklə Qarabağ torpağı o mənfur düşmənlərdən azad olsun. Köckün, qaçqın adlandırılan soydaşlarımız öz əzəli dədə-baba yurdlarımıza qayıtsınlar. Lakin, 12 iyulda Tovuz istiqamətində düşmənin təxribatı nəticəsində 11 nəfər əsgərimizlə birlikdə qəhrəmanlıqla həlak oldu. Hamısının da bir həsrəti, bir amalı var idi – Qarabağ həsrəti… Neyləmək olar… Müharibənin belə sərt qanunları var…
Tovuzda vəziyyət pisləşən andan Poladın özünə, dostlarına, qohum-əqrəbalara zəng eləyirdim. Heç kim telefonu açmırdı. Dəhşətə gəlmişdim. Ayın 14-ü idi. Axşamüstü, səs-küyə balkona çıxmışdım. Gözlərimə inana bilmədim. Baxdım ki, həyət, binaların araları millətlə doludur. Hamının da əllərində bayraqlar evimizin üstünə gəlir. Dəhşətli mənzərə idi. Hər tərəfdə, “İgidlər ölməz, Vətən bölünməz!” – deyə, qışqırırdılar. O dəqiqə anladım ki, Poladım şəhid olub. Hamı bilirmiş, bizə deməyiblər, ay qızım… Polad Vətəni ailəsindən, bizdən üstün tutdu. Vətən yolunda da şəhid oldu. Allah bütün şəhidlərimizə rəhmət eləsin! Mənim oğlum fərqli bir oğul idi. Elə bil Vətəni üçün dünyaya gəlmişdi. Çox tez itirdik onu… Polad yaşasaydı, çox işlər görəcəkdi…
Səmayə Ana.
… Səmayə ananın sözlərində o qədər böyük həqiqətlər vardı ki…
Doğulduğu doğma yurdunda – Qəbələdə Polad Həşimovun iştirak etdiyi bir məclisdə onunla görüşən yoldaşım danışır ki, “Polad Həşimov toy mağarına yaxınlaşdı, göz aydınlığı verdi, təbrik elədi və getməyə tələsdi. Toy sahibi “Heç olmasa, bir qismət çörək yeyin, sonra gedin! – xahişinə isə “Əsgəri səngərdə olan komandir necə isti kabab, yağlı fətir yesin”, – dedi. Bu dəmdə ev adamları bir himə bənd imiş kimi ocağın – manqalın üstündən gətirdikləri kabab şişlərini təndir çörəklərinin arasına yığıb əsgərlər üçün böyük bağlamalar düzəldib maşının yük yerinə səliqə ilə yığdılar. Bax, bu oldu əsl toy!” – deyə cənab general məmnunluqla gülümsədi, hamı ilə mehribanlıqla sağollaşıb əsgərlərinin yanına yola düşdü… Məclis əhli hamı onun bu fədakar ürəyinə heyran qalmışdı…
Əsgərlərinin isə onunla bağlı xatirələri cənab generalın sözün həqiqi mənasında necə böyük insan olduğunu bir daha sübuta yetirmiş olur. Əsgərlərindən biri deyir ki, “Bir gün məni yanına çağırıb dedi ki: Əsgər, hazırlaş, sabah evə yola salırıq səni. Mən isə mat-məəttəl “axı mən yeni gəlmişəm məzuniyyətdən” dedim.
Bilirəm, məzuniyyətdən yeni gəldiyini, evinə bir də get ki, yenilənib gələsən. Komandirlərin səndən razılıq edir, qüsursuz xidmətə görə növbədənkənar 10 günlük məzuniyyət verilir sənə… Səhər hərbi hissənin xidməti maşını ilə yola salacağıq, gedərsən”- dedi. Məəttəl qalmışdım. Səhər hərbi hissənin qarşısından hərbi hissənin maşını ilə məni evimə yola saldı və bir zərf verdi. Bu zərfi evə çatanda açmağı tapşırdı. Evə çatanda açdım ki: “Təbrik edirəm, əsgər, Ata olmusan!” yazıb. Zərfin içində 170 manat da pul vardı. Yeni dünyaya gəlmiş körpə üçün pay da göndərmişdi. Bu, əsgərini balası kimi sevən, əməlləriylə sadəliyin böyüklüyünü yaradan Polad Həşimov idi…
Əsgərlərindən Nicat Həşimzadə danışır ki: “Yatmağa yerimiz yox idi. Daha doğrusu, bərbad halda idi. Göy palatkaları birləşdirib özümüzə yer düzəltmişdik. Bir dəfə dəhşətli küləkdən dam başımıza uçdu. Sonra gözlənilmədən dağda kazarma tikintisi başladı. Elə bildik ki, nazirlik bizim üçün kazarma tikir. Ancaq kazarmanı hərbi hissə komandiri Polad Həşimov öz hesabına tikdirdi. Öz evi olmayan komandirimiz bizim üçün ev düzəldirdi…”
Ömür-gün yoldaşı Ofelya xanım isə Polad Həşimovu göz yaşları içində, qəhərdən boğula-boğula belə anır: “Mən Polad kimi insanlar haqqında həmişə bədii əsərlərdə oxuyardım, inana bilməzdim ki, real həyatda belə ürəkdə insanlar həqiqətən olur. Poladla biz 17 il bir yerdə yaşadıq. O, həqiqətən, bütün canı-qanı ilə Vətənə bağlı insan idi və bunu dildə yox, əməllərində göstərirdi. Övladlarımızı da bu ruhda böyüdürdü. Əsgərlərini çox sevirdi. Hər zaman əsgərləri ilə birgə, onların yanında olurdu. Əsgərləri deyir ki, O heç vaxt “İrəli!” deməzdi, öndə Özü gedər, “Arxamca!” deyərdi…
Bizim evdəki şəkillərə baxsanız, ad günlərində, bayramlarda – heç birində Polad yoxdur. Hamısında biz təkik. Çünki, ancaq o, səngərlərdə, əsgərlərinin yanında olardı. Aprel döyüşlərində yaralandığını bizdən gizlətmişdi.
Ofelya xanım 12 iyul hadisələrini belə xatırlayır:
– Bir neçə dəfə telefonla danışmışdıq. Ancaq, 12 iyuldan sonra onunla danışa bilmədik. Çünki o, telefon işlətmirdi. Dostları, tanışları da danışırdılar ki, heç vaxt telefon götürməzdi. Xoşu gəlmirdi telefondan, ancaq öz işi-gücü ilə məşğul olardı. Doğrudan da, adam fikirləşəndə, dəhşətə gəlir. Elə bil, ancaq Vətən üçün, cəbhə üçün doğulmuşdu Polad…”
***
Bu xatirələri qələmə aldıqca Seyid Cəfər Krımərin Məhəmməd Əmin Rəsulzadəyə ünvanladığı sözlər gəlir ağlıma: Bir gün həyatınızı canlandıracaq baxtlı bir türk gənci yetişəcək və ömür yolunuzu qələmə aldıqca “Nə xoşbəxtəm ki, bu yaşamağa dəyər səhifələri yazıram” – deyə Sizinlə qürur duyacaq…
Ruhun şad olsun, Şəhid General!
Nə xoşbəxtəm ki, Sizin o yaşamağa dəyər şərəfli ömür yolunuzu işıqlandırıram… Könüllərdə taxt quran, ürəklərdə heykəlləşən Əbədi Qəhrəman!
Tanrı qatında yeriniz uca, şəhadətiniz qutlu olsun!
A N A Tayı, bərabəri yoxdu dünyada, Zülməti zəmi tək biçəndi ana. Uca xəlq eyləyib onu yaradan, Bir baxışla dərdi seçəndi ana. *** Cənnətdir mehriban, isti qucağı, Odur hər komanın yanan çırağı, Düşməsin bəxtinə heç bala dağı, Diriykən məzara köçəndi ana. *** Əzaba qatlaşan, dözəndi dərdə, O, namus-ismətdi, qeyrətdi mərdə, Balası müşkülə düşdüyü yerdə, Alovu çığnayıb keçəndi ana. *** Yuxusuz gecələr ömrünün payı, Tapılmaz dünyada əvəzi, tayı, Ürəyi kamanın dartılmış yayı, Hərdən kor dumandı, sis-çəndi ana. *** Dili öyrənibdi şükran, “Amin” ə, Övlad üçün canın qoyar zaminə, Balası bəxtəvər olmaq naminə, Zəhəri bal kimi içəndi ana. *** Dünyanı Mayıla dar etdi, getdi, Ömrünü zimistan, qar etdi, getdi, Qərib bir məkanı gor etdi, getdi, Dilində “yurd” sözü bitəndi ana. Müəllif: Mayıl Dostu