A N A
Tayı, bərabəri yoxdu dünyada,
Zülməti zəmi tək biçəndi ana.
Uca xəlq eyləyib onu yaradan,
Bir baxışla dərdi seçəndi ana.
***
Cənnətdir mehriban, isti qucağı,
Odur hər komanın yanan çırağı,
Düşməsin bəxtinə heç bala dağı,
Diriykən məzara köçəndi ana.
***
Əzaba qatlaşan, dözəndi dərdə,
O, namus-ismətdi, qeyrətdi mərdə,
Balası müşkülə düşdüyü yerdə,
Alovu çığnayıb keçəndi ana.
***
Yuxusuz gecələr ömrünün payı,
Tapılmaz dünyada əvəzi, tayı,
Ürəyi kamanın dartılmış yayı,
Hərdən kor dumandı, sis-çəndi ana.
***
Dili öyrənibdi şükran, “Amin” ə,
Övlad üçün canın qoyar zaminə,
Balası bəxtəvər olmaq naminə,
Zəhəri bal kimi içəndi ana.
***
Dünyanı Mayıla dar etdi, getdi,
Ömrünü zimistan, qar etdi, getdi,
Qərib bir məkanı gor etdi, getdi,
Dilində “yurd” sözü bitəndi ana.
Müəllif: Mayıl Dostu
YAZARLAR.AZ
===============================================
<<<<<<WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ>>>>>>
Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru