“SƏMİMİ SÖHBƏT”in bugünkü qonağı yazıçı, şair, publisist Şahnaz Şahindir. Babayeva Şahnaz Feyzulla qızı 20 mart 1956-cı ildə Sabirabad rayonunun Ulacalı kəndində anadan olub. Azərbaycan Tibb institutunun pediatriya fakültəsini bitirib. Uzun illər həkim,kənd xəstəxanasında baş həkim, kənd tibb məntəqəsində müdir və Sabirabad İcra hakimiyyəti başçısının müavini vəzifəsində çalışıb. Şahnaz Şahin 7 kitab müəllifidir, Prezident və Beynəlxalq Rəsul Rza mükafatları laureatıdır. Şahnaz xanım,“Səmimi söhbət”in ənənəvi birinci sualı belədir: Şahnaz Şahin kimdir? Şahnaz Şahin min ildi çöllü biyabana atılmış və hələ də axtardığını tapa bilməyən və bəzən də nə gəzdiyini bilməyən dəvrişdir. Şahnaz xanım məsləkinin əsgəri, sevda köləsidir… və ilaxır… Nə qəribə cavab oldu . Onda deyin, sizinçün yaşamaq nədir? Yaşamaq yanmaqdır- deyirdi Bəxtiyar Vahabzadə. Mən bu xətti çoxdan yaxıb keçən odun özüyəm. Özünüzü ilk cümlələrdən od adlandırırsızsa, demək həyatı çox sevirsiniz.Dünyaya yenidən gəlmək istərdiniz? Dünyadan getmək olmasaydı dünyaya yenidən gəlmək istəyi yəqin ki, olmazdı. Bu istəyimi haçansa şeirə gətirmişəm,“Təkrar gələcəyəm mən bu dünyaya,Təkrar sənin üçün doğulacağam…”- deyə. Deməli hətta buna əminəm. Həyat çox şirindir, nə qədər acı çəksə də həyat eşqi insanı tərk etmir… Ən çox sevdiyiniz rəng hansıdır? Bütün rənglərin qarışığını sevirəm. Qaranı isə qırmızı, ya da ağ ilə… ayrıca qaranı sevmirəm. Sizcə qövsi-qüzehdə qara rəng niyə yoxdur? Qövsi-qüzehdə qara niyə yoxdur… Baxın, bu çox maraqlı oldu. Bəlkə Tanrı da bu rəngi sevmir elə! Ona görədir bəlkə… bəlkə başqa elmi səbəbi var, amma biz indi elmi müzakirə aparmırıq axı. Məncə qara hüzn, kədər, qəm ehtiva edir, Yaradan isə insanı xoşbəxt görmək istəyir… Sizcə qadın olmaq asandır? Qadın yaranmaq başqa, qadın olmaqsa bir başqadır. İkinci çətindir. İndiki zəmanədə daha çətindir. Bunun çoxlu nədənləri var. Qadın zərif və zəif göründüyü qədər də güclü məxluqdur. Qadın seli daşqını ram edə bilən dağ, dağları yuyub apara bilən seldir! Qadını olduğu kimi görən və qəbul edən azdır. Niyə? Çünki onu zəif görmək istəyənlər çoxdur… Fəqət daş qayadan nə apara bilər ki! Məncə qadını vaxtında və düzgün dəyərləndirsələr yaxşı olar. Hansı insanlarla ünsiyyət qura bilmirsiniz? Hər hansı bir insanla ünsiyyət qurmaq mənimçün çətin deyil. Amma bəzən onu özüm istəmirəm. Azaçıq həmsöhbət olmaq yetir ki, davam ya da tamam deyim… Enerji axını çox söz deyir mənə. Sizin son kitabınız Sabirabad şəhidlərinə həsr edilib.Şəhidlərdən yazmaq nə deməkdir? Şəhidlər haqda yazmaq elə özü də bir cürə şəhid olmaqdır. Mən bu hissləri yaşadım. Allah yerlərini cənnətdə qərar versin şəhidlərin… Şəkillərinə də baxanda özümə gələ bilmirəm. Şahnaz xanım, siz həkimsiniz. Deyə bilərsinizmi insan orqanizminə dərmandan da yaxşı məlhəm ola bilərmi? Həkimlik çox şərəfli peşədir, həkim olmaq isə ayrı aləmdir. Sənətin dəlisi olmaq, ona gəlir mənbəyi kimi yanaşmamaq gərəkdir. Bu haqda çox danışmaq olar. Konkret suala cavab verim. Deyim ki, dərman türklərin ilac dediyi bizim isə əlac saydığımız hansısa kimyəvi və təbii qarışıq əslində məlhəm deyil.Sevgi varsa, xəstəni bu böyük hisslə sarırsansa, bax məlhəm odur… Demək, Şahnaz Şahin sevginin varlığına inanır? Bax elə indicə sevgidən danışdım. Əlbətə ki, sevgi var. Olmasa yaradan bu boyda kainatı niyə yaradırdı?! Bizim ən böyük qazançımız elə sevgidir. Varsa qalibsən!.. Sizin şeirlər adi deyil. Bu qeyri-adilik sizi tək qoymur ki? Təşəkkürlər, əzizim… Yaralı yerimə toxundunuz lap. Qeyri-adiliyim, hamı kimi olmamağım da bir dərddi. Əlbəttə ki,təklənirəm, bəs nə bilirsiniz.., elə bilirsiniz rahatca qəbul edəcəklər?! Yox, əlbəttə. Bir az da geniş götürsək. Tək şəbəkələrdən getmir söhbət. Mən özümə qarşı qısqanclığı lap gənc yaşlarda görmüşəm. Adamlar vardı, nə geysəm ondan alıb geyməyə çalışır,saçlarını mənim saçım kimi kəsdirirdilər… Deməli, əvvəl özüm, sonra da sözüm mənim hüdudlarımı müəyyənləşdirirdi… Bilirəm ki, siz bir çox jurnalistlərə müsahibə vermisiniz. Bir çox mötəbər Mətbuat orqanlarında şeirləriniz, yazılarınız çap edilib. “Səmimi söhbət”ə heç yerdə demədiyiniz nəyi demək istəyərdiniz? O qədər söz deyə bilərəm… Siz istiqaməti müəyyənləşdirin mən danışım. Məsələn, ən çox sevdiyiniz musiqi haqda danışaqmı? Musiqi həyatımın ayrılmaz hissəsidir. Musiqinin sərhədləri yoxdur məncə. Mən Şopendən tutmuş digər xalqların da musiqisi daxil, başda Azərbaycanın əvəzolunmaz bəstəkar və xalq musiqisini sevirəm. Son vaxtlar Fərid Fərjadı çox dinləyirəm. Deyim ki, musiqi özü də tam ovqata bağlı məsələdir. Hansı andasa, hansı düyün nöqtəsindəsə fərqli musiqi dinləmək olur. Amma xətt ki var, bax o dəyişmir. Bildiyimə görə sizin şeirlərə musiqi bəstələnib. Bəli. Mənim sözlərimə Nailə və Hikmət Mirməmmədlilər silsilə mahnılar yazmışdılar. “Qovuşmaz yolumuz”, “Sevən ürəkdi”, “Hər ürək sevə bilməz”. “Susduq” və başqaları. Şahnaz Şahin poeziyası əsasən kimin üçündür? Şahnaz Şahin poeziyası onu duyub hiss edən, oxuyub düşündürə bilən hər bir oxucu üçündür.. Mən yazıram, daha doğrusu, Tanrıdan öyrəndiklərimi öyrədirəm. Səhv etmirəmsə, Hz Məhəmməd deyirdi ki, şairlər yer üzünün elçiləridir. Söz üçün Allah evinə gedirəm, sözün nazını çəkə-çəkə, öpüb oxşaya-oxşaya dəhdən inci tapan kimi tapıb gətirirəm. Bir çox şeir həsr etmişəm sözə. Sözün başına dönüm. Anamdı, atamdı söz. Hər sətirə ürəyimi qoymuşam, Məndən sonra şeir balam yaşasın. Arı kimi çiçəklərdən yığmışam, Məndən sonra şeir balam yaşasın. Uçuqlayıb dodaqlarım söz üstə, Nə istəyib, demişəm ki, göz üstə. Ayaqyalın oynayıram köz üstə, Məndən sonra şeir balam yaşasın. Pəri kimi o nazlanır önümdə, Toxunuram zəri qalır əlimdə. Ölməmişdən ölmək keçir könlümdən, Məndən sonra şeir balam yaşasın. Şairlər ünsiyəti sevsələr də adətən tənha olurlar.Heç tənhalıq hiss etmisiniz? Şair kütlə deyil. Əbədi tənhadır. Onda belə çıxır ki,şair olmaq o qədər də asan deyil? Yaxşı şeir yazmaq asanlaşdıqca şair olmaq bir az da çətinləşir Yadınızdadırsa “Bağışla” adlı bir şerinizin sehrinə düşüb onu rus dilinə tərcümə etdim. O şeiri öz ifanızda dinlədikdən sonra sevdim. Səsinizdə hər kəsə xas olmayan bir güc, bir zəhm və eyni zamanda titrək bir incəlik var. Səs insanın daxilndən gəlir. Daxilnizdə görünməyən bir təlatümmü var yoxsa həzin bir sakitlik? Səsin yaranması fiziki proses olsa da Yaradan barmaq izlərimiz, fərqli DNT quruluşu kimi səsə də fərdi xüsusiyyətlər verib. Səs uşaq ana bətnində olarkən formalaşmağa başlayır. Mənim valideynlərimin güclü səsi olub. Atam, biz ona baba demişik, Quran əhli olub. Allahın Kitabını gözəl avazla oxuyub. Onu bir yol dinləyənlər unuda bilməyiblər. Bunu mənə həsrət yanğısıyla çox etiraf edib yaşlı insanlar. Anam da gözəl səsə malik olub. Bayatılarımızı əzbərdən mahnı üstə oxuyardı. Uşaqlarıma da laylanı bayatıyla çalıb. Mənə də onlardan keçib bu səs. Tələbə vaxtı çox istədilər ki, institutun ansambılında iştirak edim, istəmədim. Ancaq dostların xahişiylə oxuyurdum. Təsəvvür edin. Kirayə evdə, ya qızların tələbə yataqxanasında mən oxuyanda bilməyənlər televizoru yandırırdılar. Bu mənim heç kimə demədiyim həqiqətlərdəndir… Zeynəb Xanlarova, Rübabə Muradovanın mahnılarını, yalan olmasın, özlərindən yaxşı oxuyurdum. Düz dediniz, səsi həm də insanın daxili aləmi zənginləşdirir. İçimdə o saydıqlarınızın hamısı var, ən çoxda təlatüm. Səs həm də təsir vasitəsidir bir növ. Səsin müəmmalı sehri var... Yüksək vəzifələrdə çalışmısınız . Bu haqda nə deyə bilərsiniz? Vəzifə adamı ya ucaldır ya qocaldır. O da gərək boyuna biçilə, yaraşa sənə. İçi xıltlı adamlar götürüb yuxarılara yazırdılar və ən əcaibi buydu ki, şairliyimin də haqqında öz üfunətli fikirlərini tökürdülər kağıza. Şahnaz xanım, müəyyən bir həyat yolu keçmiş insan kimi bu gün hansı arzularla, hansı istəklərlə yaşayırsıız? Təranə xanım, insan yaşadıqca mükəmməlləşməlidir. Çünki yaşadıqları, başı çəkənlər onu daha dolğun düşünməyə, səbirli qərarlar verməyə yol açır. Arzulardan isə, məşhur mahnıda deyildiyi kimi, yeni arzular doğur. Belə bir söz var, arzularına bax, gör həyata keçən istəklərin çoxdu, yoxsa qalan? Bax ikinci sənin yaşının göstəricisidir. Məni soruşursunuzsa, hələ məni yaşadan istəklərim çox, görməli işlərim isə çox çoxdur… Söhbətimizin nə dərəcədə səmimi alındığını əlbəttə ki, oxuclar deyəcəklər. Bu gün qonağım olduğunuz üçün sizə təşəkkür edirəm və sonda qonağın əliboş gəlmədiyini bilərək bir kiçik şeirinizi istərdim. Bir yağış yağar dünyaya ilin-günün xəstə vaxtı, üşüdər damarlarını çarəsizliyin… Havaya baxıb dodağını büzərsən, …bezərsən… və hər gün çarəsizliyini bir cür bəzərsən… Göy üzünü çətirtək tutarsan başına, Söz-söz tökülər gözündən çəkdiklərin. Hardasa unutduğun ləpirlərin gəlib düşər ayaqlarına… …Nağılmı ömrün, ömürmü nağıl imiş, sonda bilərsən… Sanki bir həzin, düçündürücü nəğmə dinlədim. Təşəkkür edirəm, Şahnaz xanım. Mən təşəkkür edirəm. Səmimi adamlarla birlikdə olun, sevin, yenə sevin… Bax beləcə daha bir səmimi söhbət başa çatdı. Hamınıza bizimlə bərabər olduğunuz üçün təşəkkür edirəm və ümid edirəm ki, “SƏMİMİ SÖHBƏT” rubrikamız davam edəcək. Təki ömür möhlət versin.
Dünyanın rəngi də qaçıb, ağ-qara şəkillər kimi, Divardan bizə boylanan 70-ci illər kimi. Saralıb, solub, köhnəlib güllər də eyni rəngdədi Bir sığala həsrət qalan tellər də eyni rəngdədi. Həftələr, aylar ötüşür qoşulub dönür illərə Eyni rəngdə, eyni tonda ömrü veririk yellərə, Qocalıq da astanadan üzümüzə gülümsəyir. Mən deyirəm kefim yoxdu, Həkimlər depresiya deyir!..
Qoxusu da bir başqadı çürüyüb sanki nə vaxtdı, Çiçək qoxulu dünyanın birdən-birə yatdı baxtı. Doğmaların ətri gəlmir nə dostdan, nə tanışından, 1001 məna çıxarardıq bir gözəlin baxışından. İndi daha, mənası yox bu həyatın heç gözümdə, Tanrı da elə “Döz!” deyir, nə deyirəm, qoy dözüm də! Könlüm nə qalmaq istəyir, nə də ki, getmək istəyir. Mən deyirəm kefim yoxdu, Həkimlər depresiya deyir!..
Ağzımızın ləzzəti yox, dadı qaçıb, tamı qaçıb, Dünyada adam qalmayıb, sonuncu adamı qaçıb. Gecələr yuxum da qaçaq yorğan-döşək gəlir cana, Elə hey, dönüb dururam gözüm dikilir tavana. Gündüzləri çalmaz qapım, nə qonşum var, nə qonağım Öz evimdə dəfn olmuşam daş məzarım, daş otağım. Qurda-quşa ehtiyac yox öz içim özümü yeyir, Mən deyirəm kefim yoxdu, Həkimlər depresiya deyir!..
O mahnılar çalmır daha, qulağım elə səsdədi, Ruhumun cəzası bitmir, bədən adlı qəfəsdədi. Boylanıbdı üzügöyə yer də bezar, göy də bezar Qəbir qazan bir insançün de, neçə yol qəbir qazar?! Mürdəşir də bezib məndən kəfənimin sapı bitib, Tanrı üzümə açmağa qapı yoxdu, qapı bitib. Hər şey bitir bu dünyayla bircə savaşım bitməyir. Mən deyirəm kefim yoxdu, Həkimlər depresiya deyir!..
28.02.2021.
Bir az səssizlik, bir az sənsizlik.
Bir stəkan çay istəyirəm, yanında da limonu. Bir qırıq qənd parçası, bir kağız, bir qələm cızmaqara edim onu… Vəssalam, mənə bu da yetər hələlik! Gün batar, ay doğar, bir az səssizlik, bir az sənsizlik…
Soyuq istəyirəm, sümüyümə işləsin, bürünüm şalıma. İsidim sobanı, deyinim halıma: -Lap üşüdüm, xəstələnəcəm, Vallahi bərk! Əynimi qalın geyinəydim gərək! Danlayım, dansayım sübhədək özümü, Hesaba-kitaba calayım əyrimi-düzümü… Vəssalam, mənə bu da yetər hələlik! Gün batar, ay doğar, bir az səssizlik, bir az sənsizlik…
Bir parça çörək də pis olmaz, üstündə yağ-pendir. Ey Fələk, bu gecə könlümü gəl, dindir! Bir sən ol, bir də mən, bir də ki təkliyim, Bitməsin sübhədək əlindən çəkdiyim… Durmadan özünə, lap elə üzünə eyləyim şikayət! Ürəyim boşalsın nəhayət… Vəssalam, mənə bu da yetər hələlik, Gün batar, ay doğar, bir az səssizlik, bir az sənsizlik…
14.11.2016.
Ruhumla söhbət Atam həkim- Fazilov Rafaelə İthaf olunur.
Ruhum, dur yığış gedək, Çağırır göylər bizi! Daha bəsdi seyr etdik, Bu dağı, bu dənizi!
Əzbərlədik dünyanın Qurusunu, suyunu. Gördük, hər bir fəslini, Gördük, hər bir huyunu.
Soyuq qışı, payızı, İsti yayı, baharı. Ha, əksinə üzsək də Dəyişməyir axarı!
Dara düşdük, qarğıdıq Arxasınca o ki, var! Ruhum, topla bu gecə Sağ-solunda hər nə var!
Bu dünyada qalmağa Başqa üzüm yox daha! Bizim yolumuz uzun Çıxaq, üzüsabaha!
İçimdəki həvəsim Nə qədər ki, yatmayıb, Elə baxma üzümə, Demə, vaxtın çatmayıb!
Demə, hələ sırada Gör nə qədər adam var! Ruhum, dur yığış gedək, O göylərdə Atam var!
Haçandı ləngiyirəm, Yəqin gözü yoldadı. Bil, Atam hardadısa, Mənim dünyam ordadı..
04.05 2016.
Mənə bir az nağıl danış...
Mənə bir az nağıl danış, ruhum bir az təzələnsin. Səmadakı ulduzlardan göydən yerə nur ələnsin. Danışginən bədirlənmiş 14 gecəlik ayından, Günəşin bizə verdiyi bir ovuc ümüd payından. Bir az külək, bir az çovğun, bir az bulud, bir az yağış. Başımı qoyum dizinə mənə bir az nağıl danış!
Mənə bir az nağıl danış, gah o qızdan, gah da divdən, Quşun qanad salmadığı qırx qıfıllı həmən evdən. Şahlara meydan oxuyan igiddən de, qoçaqdan de! Bir qarının daxmasında alışmayan ocaqdan de! Cırtdan toplasın odunu üşüməyək daha bu qış! Başımı qoyum dizinə, mənə bir az nağıl daniş!
Mənə bir az nağıl daniş, yuxum tökülür gözümdən. Danış qoy başım qarışsın, özüm bezmişəm özümdən. Məcnun kimi dönə-dönə dolanıram otaqları. Lap əlimdən zara gəlib evin bütün yataqları. Göz dikdiyim tavan bezib, bezib yorğan, bezib balış. Başımı qoyum dizinə, mənə bir az nağıl danış!
Mənə bir az nağıl daniş, Məlikməmməd, Keçəl Həsən. Biri vardı, biri yoxdu… danış hansını istəsən. Az getdiyin, üz getdiyin təpədən, düzdən, dərədən. Göydən üç alma düşəndə günəş doğsun pəncərədən. Bir gecəlik uşaq olum saçımda-dən, üzdə-qırış. Başımı qoyum dizinə, mənə bir az nağıl danış!
Mənə bir az nağıl daniş, başıma da bir sığal çək. Evimizin qarşısında o sehirli almadan ək! Qızıl balığı axtaraq, sahil-sahil, liman-liman. Bu gün lap əldən düşmüşəm işlərim çox olub yaman. Oğul-uşaq, iynə-dərman bütün günü çalış-vuruş. Başımı qoyum dizinə, mənə bir az nağıl danış!
Mənə bir az nağıl danış, çıxar Fatmanı təndirdən. Tülkülərə pay düşməsin qarğadakı o pendirdən. Tənha qalıb Tıq-tıq xanım, bir vəfalı dost tap ona. Turpun ən iri tikəsin parçalayıb ver siçana. “-İsgəndərin buynuzu var!” qoy, yaymasın elə qamış! Başımı qoyum dizinə, mənə bir az nağıl danış!
Mənə bir az nağıl danış, gəl öldürmə bu həvəsi. Sübh açılır, uzaqlardan eşidilir xoruz səsi. Simurq quşu qanad çalsın səmamızda səhər-səhər. Ağ qoç, qara qoç kəsdirsin qapımızı beldə yəhər. Gəzək hər iki dünyanı addım-addım, qarış-qarış. Başımı qoyum dizinə, mənə bir az nağıl danış!
Mənə bir az nağıl danış, bir az gülüş, bir az qorxu. Bilirəm, sən də yorğunsan gözlərindən axır yuxu. Durma, danış tez-tələsik bitir nağılı sonra yat! Bir az sevgi, bir az nifrət, içinə bol həyəcan qat! Bir az hicran, bir az vüsal, odlu nəfəs, isti baxış. Başımı qoyum dizinə, mənə bir az nağıl danış!
Mənə bir az nağıl danış, sehirli xalçada gəzim. Açılmayan qapıları açsın, bircə “Sim-sim!” sözüm. Qat başımı, elə danış, içim içimdən yıxılır. Bilsən, bəlkə ağlayarsan canım nə cürə sıxılır. Eyni, divin canı kimi dar qəfəsdə çırpınan quş. Başımı qoyum dizinə, mənə bir az nağıl danış!
Mənə bir az nağıl danış, bədheybətin sarayından. Bəxtimə yaman az düşüb nənəmin noğul payından. Yaxşıları xoşbəxt elə, pisləri çək sonda dara! Mən hələ də uşaq kimi inanıram nağıllara… Duyğularım, istəklərim darma-duman, qarma-qarış. Başımı qoyum dizinə, mənə bir az nağıl danış!
07.07.2021.
Mənəm!
Bir ev var ki, uzaqlarda hasarı yox, çəpəri yox. Nə gələni, nə gedəni, nə qalan bir nəfəri yox. Bu günəşdən, bu səmadan, bu həyatdan xəbəri yox toz basmış, kifə bürünmüş Bax, həmən o otaq mənəm!
Gah deyirəm bədahətən, gah yazıram kərən-kərən. Bir şeirəm qafiyəsi, hecaları pərən-pərən. Şairlərin din-imanı, quranı, kitabı-qələm, ağ köksündə qara yazı Bax, həmən o varaq mənəm!
Yerdən göyə ah-naləyəm, göydən yerə göz yaşıyam. Neçə dərdə, neçə sərə başdaşıyam, döşdaşıyam. Xəzan çağı tökülməyib, boranı, qışı yaşıyan budaqdakı tənha-təkcə Bax, həmən o yarpaq mənəm!
Bircə yol köks ötürmədim nə komaya, nə saraya. Nə malına göz dikmişəm, nə puluna, nə paraya. Qırx ilməylə, qırx düyünlə o dünyadan bu dünyaya əzrayılın caladığı Bax, həmən o yamaq mənəm!
Gah oynayıb, gah ağlayıb, gah da deyib, gülə-gülə. Bir dəyərsiz əşya kimi ömrü verdik əsən yelə. Oğrun-oğrun boylandığım dən düşmüş qapqara telə xəbərsizcə sığal çəkən Bax, həmən o daraq mənəm!
Bir igidin taleyinə yazılan qara yazıyam. Şaxtasıyam, boranıyam, çovğunuyam, ayazıyam. Nefti qutarmış, tüstünün his-pasına alazıyan külək vurduqca alışan Bax, həmən o çıraq mənəm!
Kimi cavan, kimi qoca, kimi körpə qucağında Bir havanın həsrətində, bir nəfəsin sorağında. Gecələri sakit-səssiz xəstəxana otağında sübhə kimi cırıldayan Bax, həmən o yataq mənəm!
Hər vəzndə, bır sərbəst, bir az heca, bir az qəzəl. Yaza-yaza 100 yaşında qapımı döysə də əcəl, Hələ də tam böyüməyən, bir az şıltaq, bir az dəcəl Atasının sonbeşiyi Bax, həmən o uşaq mənəm!
Xeyirlə-şər, ağla-qara təzad dolu başdan-başa. Başı eyni, sonu eyni həyat sanki, bir tamaşa. Bütün ömrü oynayaraq bir çiçəyə, bir alqışa son pərdədə üz tutduğun Bax, həmən o torpaq mənəm!
Daha dayana bilməyib, bədən adlı qəfəsində. Özü verib əzrayıla verdiyi son nəfəsin də! Daş pəncərə, dəmir qarmaq şaxtalı qış gecəsində bir kəndirlə söndürülən Bax, həmən o ocaq mənəm!
Tale, yazı, bəxt işidi deyib, keçdim hər bir şeyə. Dilənçitək əl uzadıb yaranandan üzügöyə. Şükr elədim, zikr elədim dərd içimi yeyə-yeyə ilahinin göndərdiyi Bax, həmən o sınaq mənəm!
Xanım Yadigar Təvəkgül “Bircə bəndlik darıxmaq” adlı kitabının ışıq üzü görməsi münasibətilə “Ziyadar” Mükafatına layiq görülüb. Diplom sabah yəni 09. 08.2021-ci il tarixində kitabın təqdimatı zamanı laureata təqdim olunacaq. Tədbir 14:00 da “Sedet” art studiyada keçiriləcəkdir. Bu sətirləri oxuyan hər kəs dəvətlidir. Giriş sərbəst.
Bir gözəl arzulamışam. Elə gözəl ki, sevdiyim qədər sevə məni. Təkcə gözləriylə yox, qəlbiylə də görə məni.
DAHA HEÇ NƏ DANIŞMA
Kirpiklərin uzağa uzanan baxışlarının sonu bitməz həsrət vadisində yanıb qaralan qəm budağı. Damcı-damcı süzülən göz yaşların qəlbindən bir-bir qırılıb düşən küskün yarpaqlardır elə bil. Gözlərinsə, içinin güzgüsü. İçinin sazağı, bürküsü, İçinin yağışı, dumanı, Ümidi, gümanı, Səsi, Sükutu, Qəlbinin yanğılarda köz-köz alışan odu — Hər şey, hər şey gözlərində. Daha mənə heç nə danışma.
GECƏNİN SƏSSİZLİYİ
Gecənin səssizliyi Bir sükut yağışıdır. Gecənin səssizliyi Bir yağış naxışıdır. * * * Gecədə özgəlik yox, Gecədə doğmalıq var. Sirdaşım olub gecə, İçimdə tənhalıq var. * * * Gecənin səssizliyi Qəlbimdə dinən səda. Bu gecə bəyaz gecə, Bu gecə nurdan ada. * * * Dünyanın o başına Gedən yol burdan keçir. Yol uzun, yol kəsədir, Genişi dardan keçir. * * * Sözümü bircə-bircə Gecəyə danışıram. İçimdən süzülürəm, Gecəyə qarışıram. * * * Gecənin səssizliyi Sükutumun oxşarı. Könlümə gecə dolub, Dolub, yağsam, yaxşıdır.
XƏYALIN
Həsrət qaranlığında işıq-işıq anıram sevgimizi. Bir ürəklik gündüzlükdür qəlbimin otağı. Zülməti yarıb keçən bəyaz bir dünya hopub ruhuma. Sənin əvəzinə xəyalın gəlib qapıma.
XATİRƏLƏRLƏ BİR QALANDA
Tənhalığın səni xatırladır mənə. Narın yağışdan sonrakı torpaq qoxusutək, Bir bənövşə yuxusutək kövrəkliksən. Ümidsizlik ağrısını içimdən çıxaran həsrət acısı şirinmiş nə qədər… Bircə xatirələrdən ayrılmağım olmaya.
ÖMRÜMDƏSƏN
Evimdən getmisən, ömrümdən ki getməmisən. Nə olsun, əlyetməzindəsən əllərimin. Ötənlərin indi də duyum-duyum anılan illərimin. Sən hələ də özümdəsən, Ömrümdəsən.
BİR GÖRDÜM Elə sevdim səni sevgiyə tapınandan. Səni də, özümü də bir gördüm iki qəlbdə, ruhumuzu tanıyandan.
KÖNLÜMDƏ SƏN DİNƏNDƏ
Duyğularımın şeirləşən çağı! Səninlə qalmaq istəyirəm zamansız zaman boyu. Ruhumla yoğrulan ömür tikəsinə dad gətirənim. Harayıma dünyaları yetirənim. Çəkilər gözlərimin gecə yuxusu. Hopar içimə taleyimin olar-olmazından keçən sevincləri, qəm qarışıq yer-göy dolusu könlümdə sən dinəndə. Sən mənə: — Səninəm! — deyəndə.
YAYIN SON ÇAĞI
Başını tovlayıb alır ovcuna Bu yayın yerini payızın göyü. Qızaqol köynəktək bükülür qat-qat Vaxtın dolabında yayın bu günü. * * * Bol olur yağışdan payız buludu, Yayın dalınca mən ağlaya biləm. Alır əllərimdən yayımı payız, Bu yayı gizlədib saxlaya biləm. * * * Vida görüşüdür yayın son çağı, Kafe qapısıtək bağlanır üzü. Bir qonaqevindən ayrılıb gedir, Dinir xatirəli köçünün izi. * * * Vağzal yolundadır, orda gözləyir, O həsrət qatarı indicə gələr. Kövrək baxışımla ötürüb yayı, Əlacsız sükutum: “Hələlik!..” — deyər. * * * Geriyə boylanıb baxsam da hərdən, Payızın əlləri çəkir çiynimi. Kəsişən yollarda ayrılmaq da var, Qayıdıb dəyişim daha əynimi.
QOY OXUSUN GÖZLƏRİNİ GÖZLƏRİM Bir görüşün yollarına çən düşüb, Bir eşqinmi saçlarına dən düşüb?! Məndən özgə de, könlünə kim düşüb? Qoy oxusun gözlərini gözlərim. * * * Ürəyimi göynədəcək yanğısı, Telin olsun bu yaramın sarğısı. Kimdir, görən, o inamın oğrusu? Qoy oxusun gözlərini gözlərim. * * * Ümid dinir, güman dinir gözündə, Sükut dolu ümman dinir gözündə, Bir gerçəyi uman dinir gözündə, Qoy oxusun gözlərini gözlərim. * * * Kirpiyinin kölgəsimi gizlənən? Yad baxışla özgəsimi gizlənən? Bəlkə, mənəm öz-özüylə izlənən? Qoy oxusun gözlərini gözlərim. * * * Sevgilərdə doğru da var, yalan da, Sevgilərdə sayğı da var, talan da. Bu ömürdə olmayan var, olan da, Qoy oxusun gözlərini gözlərim. * * * Hansı vədə, hansı sözdür nəhs düşüb? Düz yozulan gərdişimiz tərs düşüb. Günah kimdə, qınaq kimdə, bəhs düşüb? Qoy oxusun gözlərini gözlərim. * * * Gülüm, and iç bu sevginin adına, Gülüm, yetək biz bu eşqin dadına. Ərmuğandır, sevib, düşüb oduna, Qoy oxusun gözlərini gözlərim.
ÜRƏYİMƏ Gözümdən axır göz yaşı, Nəmi yığdım ürəyimə. Dərdin mənə yol yoldaşı, Qəmi yığdım ürəyimə. * * * Ərşə çəkdin sən yuxumu, Həm azımı, həm çoxumu. Əkdin bircə dərd toxumu, Zəmi yığdım ürəyimə. * * * Bir gileyin min davası, Bir talanam, eşq yuvası. Köklənmişəm, var havası, Dəmi yığdım ürəyimə. * * * Məni məndən alan aldı, Məni məndə oda saldı. Kimim getdi, kimim qaldı? Kimi yığdım ürəyimə? * * * Ərmuğan, bil, dərdim çoxdur, Başım üstə şimşək çaxdı. Vayıma el şərik çıxdı, Cəmi yığdım ürəyimə.
Azerbaycan Olağanüstü Haller Bakanı Haydarov, Azerbaycanlı itfaiyeci ve kurtarma ekiplerinin, yangınlar tamamen söndürülene kadar Türk kardeşlerinin yanında olacağını söyledi.
Azerbaycan Olağanüstü Haller Bakanı Kemaleddin Haydarov, Azerbaycanlı itfaiyeci ve kurtarma ekiplerinin, yangınlar tamamen söndürülene kadar Türk kardeşlerinin yanında olacağını söyledi.
Haydarov, yerel haber ajanslarından APA’ya yaptığı açıklamada, bakanlığa bağlı ekiplerin Türkiye’de yangınla mücadele çalışmalarını başarıyla sürdürdüğünü belirtti.
Türkiye’deki orman yangınlarındaki durumun Cumhurbaşkanı İlham Aliyev’in ilgi odağında olduğunu bildiren Haydarov, gelişmelerin günlük ve düzenli olarak cumhurbaşkanına rapor edildiğini, kendisinden kardeş ülkeyi desteklemek için düzenli olarak yeni talimatlar aldıklarını ifade etti.
Haydarov, kendisinin de gün içerisinde Türk hükümet yetkilileriyle durumu müzakere ettiğini ve buna uygun adımlar attıklarını belirterek, Türkiye’ye giden yardımcısı Etibar Mirzeyev’in yangının söndürülme sürecinin koordinasyonunda Türk yetkililerle birlikte çalıştığını kaydetti.
Azerbaycan Olağanüstü Haller Bakanlığına bağlı 510 personel, bir amfibi uçak, bir helikopter ve 93 itfaiye aracının Türkiye’deki yangın söndürme çalışmalarında yer aldığını belirten Haydarov, şunları söyledi:”Cumhurbaşkanı Aliyev’in talimatı üzerine 200 itfaiyeci daha Türkiye’ye gönderilecek. Biz bir millet iki devletiz. Hem devlet başkanlarımız hem de halklarımız her zaman bu düşünceye sadakatlerini gösterdi. Bugün de bu dostluk ve kardeşliğin en yüksek düzeyde olan bir örneğini daha görüyoruz.
Kardeş Türkiye’de yangınların kısa sürede söndürüleceğine inanıyoruz. Kardeşlerimiz, şimdiye kadarki tüm zorluklarda olduğu gibi bu sınavı da azim ve becerileriyle atlatacaktır. Azerbaycanlı itfaiyeciler ve kurtarma ekipleri, yangınlar tamamen söndürülene kadar Türk kardeşlerinin yanında olacak.” Sona Abbaseligızı: BAKÜ-KHA.
“Azad olmaq üçün göy üzünü almağa gərək yoxdur. Ruhunuzu satmayın, yetər”. Nelson Rolihlahla Mandela
Hələ ki, məlum deyil Tarixdə kim qalacaq. Ən mükəmməl əsəri Zaman özü yazacaq. Ədalət Bədirxanlı
AZADLIĞA GEDƏN YOL (poema) Proloq Mən bir yol axtarıram – Azadlığa gedən yol! Bu yol haqqın yoludur; – Ya öl, ya da azad ol! Mən bu yolla gedirəm, Haray çəkib deyirəm: -Dünyada insanlara Azadlıq istəyirəm! Aləmdə cəmiyyətə, Hər yerdə həqiqətə, Cahanda hürriyyətə Azadlıq istəyirəm! Bəşəri düşünürəm, Dünyaya səslənirəm, Bir vətəndaş olaraq Danışmaq istəyirəm: -Azadlıq istəyirəm! Azadlıq istəyirəm!!
I hissə AZADLIQ HARAYI
İlk dünyaya gələndə Azadlıq istəmişəm. Ağlayıb səslənəndə Anamı istəmişəm. Uşaqlıq həyatımı Uşaqlarla oynamaq, Doğru nədir anlamaq, Öyrənmək istəmişəm. Orta məktəbə getmək, Yaxşı tərbiyə görmək, Şagird kimi sevilmək, Seçilmək istəmişəm. Tam bilik mənimsəmək, Ali məktəbə girmək, Gənc tələbə adını Qazanmaq istəmişəm. Günü-gündən isməti, Ləyaqəti, hörməti, Dostluqda sədaqəti Yaşatmaq istəmişəm. Anladıqca həyatı, Alanda təyinatı, Öz peşəmdə işləmək, Çalışmaq istəmişəm. Görəndə haqsızlığı, Bütöv narazılığı, Hər an qohumbazlığı Pisləmək istəmişəm. Bir sözlə, istəyimin Saf niyyət olub dadı, Sözdə, əməldə azad Olsun insan övladı. Hər bir doğulan insan Azad yaşamalıdır, Bu, onun Allah verən Toxunulmaz haqqıdır. *** Min ildir ki, dünyaya Nizamini bəxş edən Mütəfəkkir yurdunun Torpağıdır bu Vətən. *** Böyüdükcə anladım, Gördüm ki, həqiqətən Əsarət altındadır, Müstəmləkədir Vətən. Ədalət carçısının Öyrəndim yollarını. Məlum oldu, kəsiblər Zəncirli qollarını. *** Demokratik bilgiyə Haqqı olan dövlətin Tapdalayıb əzərək Qul ediblər millətin. *** Niyə haqqı pozulmur Ən balaca yarpağın? Payı olub hər zaman Təbiətin, torpağın… İnan, haqqı qorunur Ən balaca yarpağın, Çünki qanunları var Qadir ana torpağın. *** Uzun zamandır susur Azərbaycan milləti. Hər nəyi var, talanır, Tam sorulur sərvəti. Dünya xəritəsini Zalımlar bölən zaman Tək olub ümid yeri Bircə Allaha güman. Cahanda qalsın deyə Neçə canlı can verib, Torpaqları düşmənə Sıxdıqları an verib. Bu dövlətin bəxtinə Qara yaxanlar olub, Azad olmaq cəhdinə Quyu qazanlar olub. Sözdə hamı tərəfdar, Çuval dolu yalanlar. Olanlar da tamahkar, Belə olub qaydalar. Nə yaxşı ki, bu qədər Yenə torpaq qalıbdır. Gəlin, yaxşı düşünək; Sərvət hara axıbdır? Kim ki, qırdı milləti, Onlar çaldı dövləti, Sonra da arı kimi Sümürdülər sərvəti. *** Dolaşdıqca dünyanı, Dərk etdikcə cahanı Gördüm, zəmi biçilmir Yetişmirsə zamanı. *** Bizləri yetişdirən Var ortaq bir anamız. Bu torpaq – ana Vətən! Bəs övladlıq haqqımız?! *** Xalq seçki istəyirsə, Səs verməyə gedirsə, Nəticə dəyişirsə, Hanı azadlığımız?! *** Mən belə düşünürəm, Xalqıma səslənirəm, Hay qoparıb deyirəm: -Azadlıq istəyirəm! *** Yer üstdə millətimiz, Yer altda sərvətimiz; Doqquz iqlim qurşağı, Cənnətdir Vətənimiz!
II hissə ANA FƏRYADI
Külək əsirdi bərkdən, Ağaclarda sırsıra… Az qalırdı bu çovğun Daşları da dondura. Qışın belə çağında, Odsuz-ocaqsız evdə Yaşayırdı bir qadın Ərinin həsrətində. Ərindən ayrılandan O, hərdən ağlayırdı, Cavan ikən ayrılıq Onu əldən salırdı. Hər beşiyi görəndə Qəlbinə nur axardı, Həsrət onu sökəndə Körpəsinə baxardı. *** Beşikdəki bu körpə Ağlayırdı dünəndən, Yazıq ana nə bilsin, O, xəstədir ürəkdən? Birdən uşaq başladı Yenə də ağlamağa, Ana özün çatdırdı Ona layla çalmağa. O, tez qoydu əlini Körpəsinin alnına, Arından ağlamadı Uşağın bu halına. İnildəyən körpənin Əl qoydu sinəsinə. Ana məəttəl qaldı Ürək döyüntüsünə. Tez-tələsik körpəni Şəlləyib kürəyinə, Bir başa yola düşdü Həkim məntəqəsinə. Ana evdən çıxanda Onu fikir basmışdı… Körpə sağalmağına Ümidi qalmamışdı. *** Geniş addımlarla o, Hey irəli gedirdi, Hərdən özü-özünə Belə də söyləyirdi: Ay başı daşlı ana, Axı, niyə ölmürsən, Bu, nə bəladır ki, sən, Belə dərdlər çəkirsən!? *** Təzə yağan quşbaşı Düşürdü əllərinə, Qar dolurdu ananın Yaş axan gözlərinə. Hərdən o, dayanaraq, Körpəsinə baxırdı. Gözü sısqa bulaqtək Damla-damla axırdı. Yol üzü sərt küləyə, O, çətinlik çəkirdi, Hərdən düşür çökəyə, Ayağı büdrəyirdi. Tənhalığın qəhrindən Onun üzündə qarı Əridir gözlərindən Düşən yaş damcıları. *** Ana yaxınlaşırdı Həkim yaşayan kəndə. Taqəti qalmamışdı Artıq biləklərində. Özündən ixtiyarsız Birdən ana sürüşdü, Belindəki körpəsi Sürüşüb yerə düşdü. Sanki ildırım vurdu Yazıq ananı birdən, “Oğul” deyib sıçradı, Onu götürdü yerdən. Ağlamaqdan uşağın Kəsilmişdi həniri, Əsirdi dodaqları, Buz tutmuşdu siniri. Tez çatdırdı körpəni Həkimin otağına, Bu kəlmələri dedi O, udquna-udquna: -Həkim, qurbanın olum, Balam ağır xəstədir. Nə incidir, bilmirəm, Amma deyən, ürəkdir. Amalına qurbanam, Əməlin xoş əməldir, İmkansız bir anayam, Ana nə etməlidir?! Təzəcə həyat qurdum, Bəxtim də gətirmədi, Yenicə ana oldum, Bir kimsə sevinmədi. Soldu gülüm-çiçəyim, Tufan oldu, neyləyim? Viran qoydu hər yanı, Dərdi kimə söyləyim? Bu dünyanın açarı Bilmirəm ki, kimdədir, Ya işıq, ya qaranlıq, Gözlərim də qəmdədir. Mən əsgər yola saldım, Düşdü özgə oduna. Soruşmaq istəyirəm, Getdi kimin badına? Kim göndərdi ərimi Xarici ölkələrə? Əlinə silah verib, Saldı onu çöllərə? Apardılar cəbhəyə, Əfqanlara köməyə, Mən xəcalət çəkirəm Bu sözləri deməyə. Deyin, qara siyasət Lazımdırmı bizlərə?! Nə qədər fəryad olar, Qan sızılır gözlərə… Bir ildir gözləyirəm, Bircə kağız da gəlmir, Bəlkə ağır xəstədir, Xəbər vermək istəmir? Yanından gələn də yox, Bircə sorum halını, Ya ölüdür, ya sağdır, Kaş, biləm əhvalını. İnanmıram mən belə Yalançı siyasətə, And olsun qəlbimdəki Alovlu məhəbbətə! *** Qanunlar imzalanmış, Kimlər üçün, bilmirəm. Haqq-ədalət hardadır? Dərdə dözə bilmirəm. Allah dərdi verməyir Zülm eyləyən tülküyə, Çünki onun övladı Getmir uzaq ölkəyə. Dilim-ağzım qurusun, Yox-yox, Allah, amandır! Asi düşə bilmərəm, Dediklərim yalandır!.. *** Əsgərliyə gedəndə Ana baxdı doyunca, Xeyir-dua verərək Su da atdı dalınca. Dedi: – Oğul, yaxşı yol, Allahın amanında. Bizdən nigaran olma, Olmasaq da yanında. Ana əl qaldıraraq Üz çevirdi qibləyə, Dedi: – Allah, sən özün Su çilə bu diləyə! Ürəyimə damıb ki, Oğlum qayıtmayacaq, Öz arzum, öz diləyim Ürəyimdə qalacaq. *** Mən anayam, analar Mən görəni görməsin! Allah belə dərdləri Düşmənə də verməsin! *** Nə əzabla oğlunu Böyütmüşdü, bilirsiz? Hamı ona deyirdi: – Bəhrəsini görəsiz. Xülasə, bir mən qaldım, Bir də yazıq qaynanam, Hərdən elə sanırdım Elə o imiş anam. *** Xəstələnib yatırdı Oğlunun otağında, Şəklin asdırdı mənə Lap gözü qabağında. Ana şəkli süzərək Təsəlli axtarırdı, Gecələri bezərək, Sübhədək yatmayırdı. Oğul əsgər gedəndə Ana düşdü zülmətə, Dözməyib ayrılığa, Axır getdi rəhmətə. *** Yazıq ana – qaynanam Nəvəsini görmədi, Fələk insafsız oldu, Bir ay möhlət vermədi. Bir simsarım qalmamış Bu uşaqdan savayı, Bu da hədər gedərsə, Zəhmət olar havayı. Bir övladdır tək payım, Bir də Vətən-torpağım. Yanan atəşdir canım, Mən necə danışmayım? *** Müxalifəm dünyada Silahların səsinə, Sığınmaq istəmirəm Kiminsə kölgəsinə! Həkim, bağışla məni, Tamam alovlanmışam, Bir anatək indi mən Sizi də çaşdırmışam. *** Hər zaman bu atəşi İsti günəş sanmışam, Hamıya bu günəşdən Bir pay arzulamışam.
lll hissə AZADLIĞIN CARÇISI
Mən dərdimi danışdım, Hay salın, ay həkimlər, Əl-ayağı şikəstlər Əsgərə getməsinlər. Mən dərdimi danışdım, Qardaşlar, ay bacılar, Təbiət zəhərlənir, İnsanlardır günahkar. Mən dərdimi danışdım, Söyləyin, ey insanlar, Azadlığı beşikdə Nəyə görə boğurlar? Mən dərdimi danışdım, Eşitsin bəşəriyyət! Əldən gedir ədalət, Hanı hüquqi dövlət? Mən dərdimi danışdım, Ayağa qalx, ey millət! Artıq qeyrət vaxtıdır, Haqq işidir hürriyyət. Mənim bu harayımı Eşitsin bütün hamı, Müstəmləkə qalaqmı, Yoxsa, azad olaqmı?! *** İndi Məhəmməd Əmin Rəsulzadə kimilər Lazımdır ki, bu xalqın Haqqın tələb edələr… *** Qarışıq bir zamanda Yeni dövlət qurdular, İki il ötüşməmiş, Tərki-vətən oldular. İşğal olan dövlətin Millətini bir daha Zamana bağışlayıb Tapşırdılar Allaha. Qırmadan ümidlərin, – Gün gələcək – dedilər. Saxlayın bu bayrağı! Xalqa təhvil verdilər. Çox götür-qoy etdilər, Bəlli yolu seçdilər. Səfər vaxtı millətə Yön çevirib dedilər: – İnanın ki, bu bayraq Öz yerinə qalxacaq, Parlament binasına Əbədi sancılacaq. Üçrəngli bayrağımız Yenə dalğalanacaq, Yenə bayraq bu xalqın Başı üstə qalxacaq. *** Sözlərini deyənlər Vətəni tərk etdilər, Canlarını götürüb Son ümidlə getdilər. Nə qədər ziyalımız Üzüldü birdən-birə, Neçə canlar sıxıldı, Göndərildi Sibirə. Cavid kimi xalqına “İblis”i anladanlar Necə vətən xaini, Xalq düşməni sayılar? *** Mən dərdimi danışdım, Razıyam, söyün məni. Ancaq yox olsun gərək Cəmiyyətin düşməni! *** Danışdıqca, ananın Səsi göyə yüksəldi, Bu ah-aman içində Fəryadı dilə gəldi. Xəyal köhlən at kimi Çapdı onun könlünü, Bircə an itirmədi Həkim də heç özünü. Çəkib xəyallarının Üzərinə tam qara, Eylədi ana üçün Övladına bir çara. İlk köməklik eylədi, Vəziyyəti düzəldi, Döyüntü ötən kimi Uşaq özünə gəldi. *** Artıq ötmüşdü illər, Neçə aylar, fəsillər… Ananın da içində Yaşayırdı o günlər.
lV hissə PARÇALANMIŞ VƏTƏN
Mən olanı danışdım, Dinləyin, ey qardaşlar, Birlikdədir gücümüz, Birləşin, ey soydaşlar… Xalqa layiq oğullar, Bizdə çox ziyalı var. Seçin xalqın içindən Həqiqi deputatlar. Haray salsın hər yana, Azəri-türk xalqı var. Azərbaycan adında Suveren dövlət də var. Çağırıram mən sizi, And verirəm, birləşin! Dədə Qorqud naminə, Yüz-yüz olun, minləşin. El dərdindən danışın, Dil dərdindən danışın, Məftilləri sındırın, Qardaşlara qarışın. Haray çəkin hər yana, Bütün Azərbaycana, Xalqın azadlıq səsi Yayılsın asimana. Bakı-Təbriz-Ərdəbil Hava yolu açılsın, Xan Arazın üstündən Min bir körpü salınsın. Bu meydan indi dolub, Hamı yenə mehriban, Həmişə Təbriz olub Azadlığa can atan. *** Beş əsr bundan qabaq Şahdan bizə bu torpaq, Bir də ana dilimiz Qalır, miras olaraq. O zaman sərhədləri Bəyan idi cahana. İsmayıl da şah idi Bütöv Azərbaycana. Haradan başlayırdı, Harada qurtarıırdı, Azərbaycan xalqını Hamı da tanıyırdı. Başı bəlalar çəkib Bu müqəddəs torpağın, Yağılar silkələyib Tökdü bütün yarpağın. Ruslar şimal tərəfdən Qol-budağın qırdılar, Farslar cənub tərəfdən Ley kimi şığıdılar. Sinəmizə çökdülər, Şərik kimi böldülər. “Gülüstan”da sazişi Qanla möhürlədilər. *** Bunlar az imiş kimi Qane olmadı düşmən, On beş il keçmədi ki, Yenə bölündü Vətən… Yenə hücum, gedişlər, Təzədən yeni şərtlər, Yenidən Araz çayın Qanlı sərhəd seçdilər. “Türkmənçay”da sazişi Yenidən bağladılar, Təslimçilik aktına Maddələr artırdılar. Hətta İvan Paskeviç Qorxudaraq farsları, Söz sahibi oldular Rusun generalları. Dedilər ki, öyünün, Araz sayın aranı, Şərtimizə söyünün, Qaşımayın yaranı. Əgər razı olmasaz, Tərk etmərik buranı. Beş gün də bəsimizdir, Tutacağıq Tehranı. *** Beləcə, imzalandı “Sülh” adlı müqavilə, Heç bir fərqi olmadı Təslimçi bir akt ilə. Türkmənçay “sülh sazişi” Bütün xalqa dərd oldu, Mahiyyətcə alçaqlıq, Tünd qara ləkə oldu. *** Türkmənçay acı tikə, Bölündü və tən oldu. Bölən fars ilə ruslar, Bölünən Vətən oldu. *** Bir kağızla aldılar Bu millətin canını, Araza axıtdılar Azərbaycan qanını. İki yüz il ötüşüb İndi həmin o gündən, Ünvan həsrətə dönüb: Bir millət, iki vətən! Başqadır indi dövran, Qorxur çoxu qınaqdan. Bəlkə, kömək eylədi Bizə Ulu Yaradan… Avropada ölkələr Bir araya gəldilər, Varşavada bağlanan Sazişə son verdilər. Tam ayılıb millətlər, Dəyişib düşüncələr, Sərhədləri sökərək Almanlar birləşdilər. Siz də qalxın ayağa, Vətəni qorumağa. Ya qırılaq, ya da ki, Sahib çıxaq torpağa. Bu torpaq babalardan Bizə qalan mirasdır, Qorunub yağılardan, Parçalanıb qalandır. *** İttifaq parçalanır, Zaman o zaman deyil, Qılınc həmin qılıncdır, Bilək o bilək deyil. Bu son sözlər özü də Xətainin sözüdür, Qılınc kimi sözü də Döyüş üçün süngüdür. Bu torpağın altı da, Üstü də faydalıdır, Bu, indiki məqamda Qələbə olmalıdır. Zaman bizi sınayır, İndi qeyrət vaxtıdır, Zəfər uzaqda deyil, Bizə çox yaxındadır. Rəbbim özü veribdir Hər nə desək, bizlərə. Sahib çıxmaq gərəkdir Bu gözəl nemətlərə. Baxın, görün.Yanacaq Bütün Yer kürəsində, Möcüzələr yaradır Səhralar sinəsində. O susuz səhralarda Ərəb əmirlikləri Təkcə neftin gücünə Yaratdılar nələri… *** Bağışlayarmı bizi, Üz tuturam sizlərə, Nəsə qoyub getməsək Gələcək nəsillərə?! *** Xalqa tarix gərəkdir, Öz xalqının tarixi… Xalqa yazan gərəkdir, Yazılmamış tarixi. İlk əlifba dəyişdi, Millətimiz kor oldu, Son əlifba dəyişdi, Tariximiz yox oldu. Ancaq yenə qalırdı Qobustanda qayalar, Düşmənin gücü çatsa, Onu aparardılar. *** Bəsdirin! Yetmiş ildir Əl çalırıq kimlərə?! Xalqa rəhbər sayılan Baş kəsən katiblərə… *** Zəbt edildi, ayılın, “Xarı bülbül” oylağı, Azad edilsin gərək Qarabağın torpağı. *** Borçalını bir zaman Aldılar əlimizdən, Neçə illər keçibdir, Yanırıq içimizdən. Azərbaycan xalqını Sonra elə sıxdılar, Dəmirqapı Dərbəndi Əlimizdən aldılar. Ümid edir hələ də, Qəribsəsli simsarı, Rusa əsir düşsə də Dədə Qorqud məzarı. *** “Qara göl”ü satdılar Saxta qızıl pullara, Canavara döndülər, Cumdular insanlara. Zəngəzurdan bir əsər, Bir əlamət qalmadı, Çox torpaqlar satıldı, Heç kim yada salmadı. Göyçə kimi mahaldan, Doğulduğu torpaqdan Qovdular insanları, Bütün müsəlmanları. Tülkü kimi hiyləgər, Ağlayan ermənilər Parisdə görüşdülər, Sonra da birləşdilər. Mişa, şahnazarovlar, Erməni balayanlar Bir yerə yığışdılar, Saziş də bağladılar, Bir yalançı qondarma Komitə yaratdılar, Zindanda bir daşnağa Mandat da uzatdılar, Haray-həşir saldılar, Terrora başladılar, Topxanadan başlayıb Hər yeri dağıtdılar. *** Qarabağ üzük qaşı, Partladıldı hər daşı. Bizim Ali Sovet də Qoydu ora külbaşı. Hərbiləşdi vəziyyət, Təhqir olundu millət. Heç soruşan olmadı Kim törətdi cinayət?! Qovuldu neçə yüz min İnsan öz torpağından, Düşmən bayram eylədi Qəhrəmanlıq adından. *** Muzeylər dağıdıldı, Məktəblər yandırıldı, Məscidlər, abidələr Görün, kimlərə qaldı… *** Bu gün, ya da sabahdan Zaman sözün deyəcək, Rusun ordusu burdan Birdəfəlik gedəcək. Bir daha belə fürsət Çox çətin yetişəcək. İndiki an hərəkət Bizə çox şey verəcək. Almaq olar tankları, Hətta generalları. Onların da içində Az deyil tamahkarı. Bir balaca “hörmətə” İçir, düşür “cənnətə”, Satırlar silahları Ən aşağı qiymətə. İndi özünüz deyin, Sizə nə deməliyəm? Ərənlərim sizsiniz, Yenə də söyləyirəm: Daşı-daşın üstünə Necə qoya bilərəm, Zəhmətimin bəhrəsi Əgər mənə çatmasa?! Öz ana torpağımda Necə yata bilərəm, Bircə tikə torpağa İxtiyarım çatmasa?! Xəstələr çarpayıda Necə sağala bilər Tankların tırıltısı Küçələrdə susmasa?! Üçrəngli bayrağımı Necə tuta bilərəm, Mənim öz ana dilim, Milli dilim olmasa?! *** Onsuz da az qalıbdır Vaxtına İttifaqın, Bu rejim getməlidir, Arzusudur xalqların. Bu kommunist rejimi Özünü doğrultmadı, Xalqların hüquqları Bərabər paylanmadı. Bu kabus yetmiş ildir Ayaqdadır, fırlanır, İndi sonu yetişib, Başı qalmaqaldadır. İnşallah, dağılacaq Sovetlər İttifaqı, Ölkələr ayrılacaq, Yenidən qurulacaq. Bilin, asan olmayan Bir çətin məsələ var: Ayılar qan tökəcək, Bilin, hazırlaşırlar. *** Çox çətindir, çox da dar, Bir nicat yolumuz var, Birgə götür-qoy edin, Özünüz verin qərar. Siyasi qiymət verin Xalqa atılan daşa. Xalq özü qərar versin Bu gedişə birbaşa. Xalqa atılan bu daş Qarabağın daşıdır, Daşı ruslar atırlar, Xaçpərəst savaşıdır. Bəlkə də əksinədir, Siyasi məsələdir, Erməninin adı var, Ruslar bu niyyətdədir… *** Azadlığı yol seçən Adi zavod fəhləsi İstəmir olsun daha Müstəmləkə köləsi. Bəli, Nemət Pənahlı Görk edərək xalqına, Dar ağacı kəndirin Özü saldı boynuna. O, millətə üz tutub: “Zamanıdır, qalx” dedi, Fikrini anladaraq, Xalqa belə söylədi. Həlqəvari bu kəndir Cavabdır qul oynuna, Artıq bu kəndir keçib Diktatorun boynuna. O, hamını səslədi, Azad söz məkanına, Adın dəyişdirdyi Azadlıq meydanına. *** Millət sözünü deyir, Səs yayılır hər yana, Tətillər davam edir, Hamı axır meydana. Azadlıq meydanına Toplaşan insanların Qəribədir çoxuna Fikri danışanların. *** Bu möhtəşəm izdiham Bir xalq hərəkatıdır, Xalqın hakimiyyətə Son nifrət məqamıdır. İnsan axır meydana, Hər dəqiqə çoxalır, Təşkilati baxımdan Komitə geri qalır. *** Müstəqillik eşqini Ürəyində daşıyan Milləti meydanlara Özü səslədi zaman. Xudu bəy arzusunu Ötürsə də gənclərə, Müstəqillik aktına Yetişmədi son kərə. Çox təəssüf, bu günü Görə bilmədi Xudu. İnsanlarla silahlar Yenə üz-üzə durdu. Ziya Bunyadovçular, Bütün müsavatçılar, Sağçılar və solçular, Hətta sadə xalqçılar Güc alaraq millətdən, Bir araya gəldilər, Haqq yolunu seçdilər, “Azad olaq!” dedilər. Dünyaya bəyan edib Öz müstəqil dövlətin, Qarşısını aldılar Axıb gedən sərvətin. Zaman çəkdi sınağa Gecə-gündüz milləti, Nəhayət ki, qan ilə Yudular məşəqqəti. *** Əsgər silah əlində, Hər nəyi var belində, Xalqa meydan oxuyur, Meydan özü nə gündə?! Hər tərəfdən meydanı Diqqətdə saxladılar, Hər bir gələn insanı Yerində yoxladılar. Yaranmış vəziyyəti Düşmən dəqiq izləyir, Görəsən bu milləti Daha nələr gözləyir? Hər gələn sözün deyir, Kömək etmək istəyir, Necə dövlət qurmalı? -Hərə bir söz söyləyir. Bu meydanda adı çox Hallanan oğulların Zəhməti çox, sözü çox Bayraq qaldıranların. *** Hamı üçün əzizdir, Vicdanı da təmizdir. Özü BAB-ın rəhbəri, Milli liderimizdir. Əbülfəz Elçibəyin Üzü xalqın üzüdür, Arzusu saf diləyin, Azadlığın özüdür. Qanı Arazdan axan Azadlığın rəmzidir, Harayına darıxan Sel-insan dənizidir. Araz kimi dərdi var Açılmayan səhərin, Gözləri yolda qalıb Təbriz kimi şəhərin. Millət dilin unudur Körpələrin dilində, Analar borclu qalır Şəhriyarın önündə. Elçibəyin sözüdür Xalqa əsl ruh verən, Bilin, onun gözüdür Azadlığı düz görən. Saf su kimi saflığı, Bir ümmandır varlığı, Onun can istəyidir Bu xalqın Azadlığı. *** Xəlilin şeirləri – Tək “Otuz yeddi”ləri, Bir şüara dönübdür, “Silahlan” dedikləri. *** İttifaqdan ayrılmaq, Dövlət qurub tanıtmaq, Deyirəm, hamı bilsin, Sizə asan gəlməsin. Azadlıq savaşında Düşmən ocaq başında. Kim buraxar köləsin, Atar yağlı tikəsin?! Amandır, yalvarıram, Sonda haraylayıram, Biganə qalmaq olmaz, Hamını çağırıram, Meydana tez yetişin, Şahmatdakı oyunun Son gedişi qalıbdır, Bir məni də eşidin… *** Belə asan saymayın Xalq qaldıran bayrağı, Əliyalın saxlayıb Bax, bu qədər torpağı. Min oyunla düşmənə Dadızdırıb dadını, Qara rəngli sərvətin Qoruyubdur adını. Əsas şimal tərəflə İşlədərək “dostluğu”, Hər an ortaya çəkib Əvəzsiz qonşuluğu. Öz neftini bu millət Gizli saxladı fəqət, Neçə ildir dözmüşük, Allah veribdi fürsət… *** Mən oğul istəyirəm Vəziyyəti düzəltsin, Heydər kimi oğullar İndi köməyə gəlsin! *** Rəqabətsiz bilinən, Rəqib kimi görünən, Millət kimi öyünən Azərbaycana gəlsin! Sirli dünyanı görən, Məntiqlə qala hörən, Xalqına ümid verən, Peşəkar olan gəlsin. Güclü gedişlər bilən, Acı baxışla gülən, Rəqibləri tam silən Bir Vətən oğlu gəlsin. Çəksin söz qılıncını, Sərkərdəlik eyləsin, Yolundan azanları Yaxşıca kötəkləsin. Ön cəbhədə dayanıb Qərarlar xəlbirləsin, Vətən tələb edərsə, Lap döyüşə səsləsin. *** Var daxili dərdimiz, “Rüşvət” adlı müjdəmiz, Bu paydan uzaqlaşın, Baş tutsun niyyətimiz. Halal təməl üstündə Qurulsun dövlətimiz, Təmin olsun həyatda Azad gələcəyimiz. *** Niyə çıxmayır səsin, Haralarda qalmısan? Xalqın səni gözləyir, Nə vaxtı qayıdırsan? İttifaq tam dağılır, Vətənin dar anıdır, Millət əlində çıraq, Ümid yeri canıdır. Nə var o Moskvada? Oturmusan orada. Bilirsənmi burada Başsız qalıb Bakı da? Mişadan tez uzaqlaş, Ondan bizə nə qardaş? Ruslar özü marş çalır, Dağılır yavaş-yavaş. Qul olmaq yetər artıq, Çoxu zəncirlə qaçır, Zənçirləri qırmağa Hamı fürsət axtarır. Gündə yeni xəbərlər, Ölkədə çəkişmələr, Ermənilər qalxıbdır, Çətinləşib döngələr. Rusun qəlbinə girən Tülkü kimi baş qatır, Namusun əldən verən Qarabağa can atır. Millət sizi səsləyir, Səsimizə səs verin, Vətən sizi gözləyir, Azərbaycana gəlin! Çürüyübdür qandallar, Açılıbdır buxovlar, Bu savaşda ölkənin Azərbaycan xalqı var. *** Azadlıq meydanında Azadlıq aşiqləri – “Azadlıq ver”, “Azadlıq”, – Deyir bu kəlmələri… *** Bir gün azad yaşamaq Yüz illik ömrə dəyər. Kölə kimi qul olsaq, Min ömür hədər gedər…
V hissə MÜQƏDDƏS AND YERİMİZ
Yanvar ayıdır, həmən Qar ələyir dünəndən, Neçə illər keçibdir O dəhşətli gecədən… Yenidən doğan səhər Şəfəq saçırdı hərdən, Baba donub qalmışdı, Baxırdı pəncərədən. Xatırlayaraq ötən Qanlı gecəni dünən, Elə bil yatmamışdı Axşamdan səhərəcən. Bayırda qar yağırdı, Yağdıqca çoxalırdı, Uşaqlar da birlikdə Qartopu oynayırdı. *** Hər il olduğu kimi, Yanvar faciəsini Yada salaraq baba, Səslədi nəvəsini. Asta tutub əlindən, Dedi: -Oğlum, gəl gedək, Uyuyan şəhidlərin Biz də keçək önündən. Bu gün “Qanlı Yanvar”ın Anım mərasimidir, Hamı ziyarət üçün Oradan keçməlidir. Hər il neçə min nəfər Əlində qərənfillər Yad eyləyir onları, Orda uyuyanları. *** “Qanlı Yanvar” zamanı Axan şəhidlər qanı Hər damla bir qərənfil, Bürümüşdü hər yanı. *** Bilirsənmi, ay oğul, Elə həmin o gündən Ad gününə aparmır Kimsə pay qərənfildən. Hər insan qərənfili Şəhid qanı sanırdı, Hər məzarda qərənfil, Bir də şəhid yatırdı. *** Qərənfillər həmin gün Yağış kimi yağırdı, Bir vətəndaş bunları Bax, belə ağlayırdı; Sol əlində qərənfil, Sanki layla çalırdı, Sağ əlində bir qələm, Dizi üstə yazırdı: Yağdın damla-damla, sən yana-yana Canlı buludlardan, al qərənfilim, Düzüldün xalıtək sən xiyabana, Hər biri bir damla, xal qərənfilim. Bir amal yolunda gedənlərimə, Əbədi yaşayan ölənlərimə, Bircə sən pay oldun şəhidlərimə, Nə ağ, nə də sarı, al qərənfilim. Çatışmır imkanın çöldə bitəsən… Özün bir nazənin, nazlı çiçəksən. İndi ayaq altda səpələnmisən, Ellərin göz yaşı, lal qərənfilim. Sən ana əlində gedirsən hara, Rəngi al qırmızı, ey bəxti qara?! Ana sarıldığı soyuq məzara Sən ana laylası çal, qərənfilim. Bizləri harayla qələbələrə, Pay oldun burada əyilməzlərə. Bəzədiyin yerə – müqəddəs yerə Boylanıb bir nəzər sal, qərənfilim… *** Gedək biz də gül alaq, Ancaq al qərənfillər, Orda yatan şəhidlər Yalnız onu sevirlər. *** Bir dəstə gül aldılar, Şəhərə yollandılar, İzdiham çox möhtəşəm, Axışırdı adamlar. Cərgədə məktəblilər, Bir yanda tələbələr, Əllərində qərənfil Bütün ali məktəblər… Əsgərlər, generallar, Əksər ali qurumlar; Ahıl nənə-babalar, Neçə saysız qonaqlar; Dövlətin rəhbərləri, Ölkə səfirlikləri, Qolunda çəlikləri- Qarabağ əlilləri. İnsanlar axışırdı Sel kimi Xiyabana, Son anda qarışırdı Yaranan izdihama. *** Baba-nəvə gəldilər, Çatdılar Xiyabana, Sıralandı cərgələr, Düzüldülər yan-yana. Dəstə-dəstə keçdilər, Dualar söylədilər, Hər məzara qərənfil Qoyaraq baş əydilər. Neçə-neçə cavanlar, Üzü nurlu qocalar, Məktəbli qız Larisa Yan-yana yatırdılar. Qara daşda simalar, Üstündə adları var, Bir şəhidin yatdığı Şəkilsiz məzar da var. Azadlıq istəyənlər, Canın fəda edənlər Qərənfildən pay alıb, Uyuyurdu şəhidlər. *** Tam ziyarət etdilər, Son məzara yetdilər, Elə bil danışırdı Daşlardakı şəkillər… *** Abidəyə çatdılar, Bir anlıq dayandılar, Elə bu an Xəzərdə Gəmilər fit çaldılar. Yanan məşəl burada Fasiləsiz yanırdı, Məşəlin yanmağında Hər şey xatırlanırdı. *** Bu abidə rəmzidir Şəhidlik sevənlərə, Təsəlli məkanıdır Şəhid yad edənlərə. *** Bakıda bu Xiyaban Xatırlanır hər zaman, Bütün Bakı görsənir Şəhidlərin yanından… *** Rəhmətlik Ulu Öndər Qonaqları gətirər, Həm ziyarət edərdi, Həm də sözün deyərdi. Göstərərdi xalqının Günahsız qurbanların, Anladardı bir daha Azadlığın yolların. Səfirlər bu arada Sırayla düzülərdi, Hamı bir-bir babaya Başsağlığı verərdi. *** Bil ki, Heydər babanın Tarixdə öz yeri var, Onun haqq əməlləri Qaldı bizə yadigar. *** Qanı axıdılanlar, Şəhid yatan bu dağın Özləri boyadılar Azərbaycan bayrağın. Bir tarix yaratdılar, Yazdılar bu daşlara, Azad bir yol açdılar Yerində qalanlara. *** Nəvə tutub babanın Titrəyən əllərindən, Dedi ki, geniş danış Qırğını tam əzəldən. Bu sözləri eşidən Baba sıxıldı həmən, Danışmağa başladı O dəhşətli gecədən. *** Deyirlər ki, şəhidlik Əl çatmayan zirvədir, Torpaq – onun uğrunda Ölən varsa, Vətəndir.
VI hissə QANLI YANVAR
O gecə qanlı gecə, Qanla dolu meydanı, Orda olan insanlar Unutmayır o anı. Bu gecə şanlı gecə, Qışın qarlı dövranı, Orda şəhid olanlar Xatırladır hər anı. O gecə, canlı gecə Atəş yıxdı hər yanı, Şəhid şirin can ilə Vəsf eylədi üsyanı. *** O dəhşətli tankların, Zirehli maşınların Qarşısına çıxdılar Küçələrdə qalanlar. Əli yalın insanlar, Dalanlarda olanlar, Əllərin qızdırmağa Ocaq da yandırdılar. Xalq etiraz edirdi, Fikrini bildirirdi, Xalqın azadlıq səsi Rusa sərf eləmirdi. Ruslar deyirdi, ancaq Qırılsa da bütün xalq, Bu torpaq yağlı tikə- Azadlıq olmayacaq. Neçə yüz min xüsusi Qoşun da gətirdilər, Hətta dəniz tərəfdən Şəhərə yeritdilər. Küçələri tutdular, Yolları bağladılar, Şəhəri hər tərəfdən Tam dövrəyə aldılar. Şəhər düşmən əliylə Qərq oldu qaranlığa. İnsanlar başladılar Küçələrə axmağa. Donduruldu mətbuat, Səpələndi camaat, Yaşandı küçələrdə Təşviş dolu bir həyat. Mətbəələr tutuldu, Qəzet çapı dayandı, Radio kanalları Qara günə boyandı. Studyanı tutdular, Yayımı saxladılar, Cəsuslar hiylə qurub Bloku partlatdılar. *** Azadlıq istəyənlər Bir araya gəldilər, “Azadlıq” radiosun Ümid yeri seçdilər. Çoxu ocaq başında, Radio yanlarında, Xəbər başlayan kimi Cəm olurdu bir anda. Əllərin qaldıraraq Əl-ələ tuturdular, Sakit qulaq asaraq Məlumat alırdılar. Bəstəkarın nəğməsi, Uverturanın səsi, “Koroğlu”nun nərəsi, Haray səsiydi səsi. *** Üzeyir bəy bu qədər Bəsləyib gözəl əsər, Mənim üçün o andan “Koroğlu”dur şah əsər. Sanki doğurdu günəş Çalınanda bu əsər, Bu səsdən yetişirdi Vətən üçün şəhidlər. *** Mən canlı şahidiyəm O müdhiş gecələrin. Bu, bir sınaq anıydı Şəhidlik sevənlərin. “Azadlıq” radiosu Nə varsa şərh edirdi, Mirzə Xəzər dünyaya Tez-tez xəbər verirdi. Heç kim inanmırdı ki, Qoşun hücum edəcək, Dövlət öz vətəndaşın Avtomatla biçəcək. *** Xalq geri çəkilmədi, Getmədi heç bir yana, “Vətən!”,”Torpaq!”deyərək Qıydılar şirin cana. *** Təpədən dırnağacan Silahlanmış dəstələr Silahsız insanları Bir anda öldürdülər. Qoca, cavan – əzdilər, Çoxunu gizlətdilər, Qan içənlər cəsədin Hamısın vermədilər! *** Məktəbli – partasında, Alim – arabasında Atəşlə susduruldu… Çoxu öz komasında. *** Ağ bayraq ucalsa da, Məhəl qoyan olmadı. Haray-həşir qopsa da, Ruslar buna baxmadı. Hamı qalmışdı darda, Yardım maşınları da, Yaralı daşınırdı Güllələr yağışında. Tanınmaz oldu şəhər, Küçələrdə cəsədlər, Hətta xəstəxanada İşığı söndürdülər… Planı əvvəlcədən Hazırlamışdı düşmən, Nəzarətə almışdı Şəhəri hər tərəfdən. Rusun generalları Məxfi plan cızdılar, Şəhərin mərkəzində Qərargah yaratdılar. İstədikləri yerdə Basqılar apardılar, Şəhərin, cəllad kimi Ürəyini yardılar. *** Allah, gör, bu nə işdi, Bu, nə bəla, gəlişdi?! Yetmiş il qardaş olan Simasını dəyişdi… *** Əmr verdi Qorbaçov, Bakıya gəldi Yazov. Hərbiləşdi vəziyyət, Təhqir olundu millət. Tapşırıqlar verildi, Yeni plan seçildi, Küçələrə zirehli Texnika yeridildi. Hər yanda qara xəbər, Hər küçədə cəsədlər… Millət donub qalmışdı, Başsız qalmışdı şəhər. *** Hamı kədər içində, Al qərənfil əlində, Meydana axışırdı Bakının kəndləri də. Ağır idi dərdimiz, Yox idi rəhbərimiz, Yükün altına girdi Allahşükür – Şeyximiz. İş nə yerdə olduğun O, vaxtında anladı, Fikrini bəyan edib, Mövqeyini saxladı. Şeyximiz Bakatini, Yazovu da danladı, O qədər danladı ki, Deməyə söz qalmadı. Dedi: – Yazığım gəlir, Siz insan deyilsiniz, O böyük siyasətin Özünüz düşmənisiz. Böyük bir namə yazdı, Göndərdi Qorbaçova: -Bil ki, sən də, İnşaallah, Gedəcəksən torpağa. Günahsız şəhid qanı Bu millətin qanıdır, Bu tarixi cinayət Sənin ayağındadır. Bu namə, bir bəyanat, Xalqımın cavabıdır, Ey əli qanlı cəllad, Bəs vicdanın hardadır?! *** Məlumdur niyyətiniz, Dünya bilir kimsiniz, Tək bizə yox, çoxuna Cəllad kəsilmisiniz. *** Düşmən hey çalışırdı Şeyxi də aldatmağa, Ona imkan yaradıb Çəkirdilər qabağa. İslamçılıq sözünü Ataraq ortalığa İstədilər bu yolla Həqiqəti danmağa… Basqı-tutqu, həbslər, At oynatdı düşmənlər, Nə qədər işgəncələr, Xalq dözdü sona qədər. Çox çalışdı hiyləgər, Nələr etmədi, nələr… Yaralılar bir yana, Bəs bu qədər şəhidlər?! Şeyx rusun hiyləsini Əvvəlcədən bilirdi, Rədd edib təklifləri, Çox sərt cavab verirdi. Kəskin nifrət, qəzəblə Şərt kəsdi düşmən ilə, Dedilər: – Şərti söylə! Dedi: – Budur məsələ: Qan tökən sizinkidir, Ölənlər bizimkidir, Cinayət sizinkidir, Şəhidlər bizimkidir. Bilirsiz nə gündəyik?! Biz matəm içindəyik. Günahsız şəhidləri Torpağa verməliyik. Sizlə budur şərtimiz: Ya çıxıb getməlisiz, Ya da dediklərimə Tam əməl etməlisiz. Bir dənə də əsgərin Bizə yaxın gəlməsin, Qırx gün matəm olacaq, Gözə də görünməsin. *** Elin din adamları, Ziyalı insanları Gəldi Şeyxin yanına, Dayaq oldular ona. Bu izdihamda nələr, Göz yaşları nə qədər, Milyonların əlində Ancaq al qərənfillər. Bu matəmin kədəri Bürümüşdü şəhəri, Yola salırdı hamı Günahsız şəhidləri. Ağsaqqallar birlikdə Dağüstü parka gəldi, Hamı bir nəfər kimi Bax, bu yeri bəyəndi. Məzarlığa baxdılar, Birgə qərarlaşdılar. Hamı gəldi meydana, Bir yerə yığışdılar. Tabutlar gətirildi Azadlıq meydanına, Al qərənfil səpildi Hər şəhidin yoluna. Düzüldü cənazələr Bir-birinin yanına, Dualar söylədilər Şəhidlərin ruhuna. Şeyx özü də ağladı, Nitqi yarıda qaldı, Göz yaşları içində Fikrini tamamladı… *** Qəlbi qana boyandı Torpağın da, daşın da, Şəhidlik bir zirvədir, Fərqi yoxdur yaşın da. *** Kimsə deyən olmadı, “Mənə dəymədi güllə”. Çünki hamı dayandı, Üz-üzəydi ölümlə. Tabutlar qaldırıldı, Karvan yola salındı. Birbaşa cənazələr Bax, buraya daşındı. Azadlıq meydanından Dağüstü parka qədər, Bir kimsə ayrılmadan Gəldilər bura qədər… *** Dəfn olundu şəhidlər Bu gördüyün zirvədə, Şəhid yazan bu tarix Unudulmaz heç vədə. Şəhidlər basdırıldı, Torpağa tapşırıldı. Şəhidlər Xiyabanı Burada yaradıldı. *** Qanlı Yanvar zamanı Şəhidin axan qanı Azadlığa çıxardı Bütöv Azərbaycanı. Epiloq Neçə nəğmə yarandı Anaların dilində, Heykəllər sıralandı Heykəltəraş əlində. Çox şairlər yazdılar, Əsərlər yaratdılar, Hətta əsərlərinə Göz yaşı da qatdılar. O vaxtdan qərənfilə “Şəhid” adı verdilər. Elə becərdilər ki, Yanvar ayı dərdilər. İlin yanvar ayında, Fərqli naxış sayında Gül xalçalar toxundu, Hər şəhidin yanında. Qərənfildən ilmələr, Hər ilmədə bax nələr… Bu qədər al qərənfil Hər yanı bəzədilər. İlk dəfə şəkil çəkən Ən balaca körpələr Albomunu açarkən Al qərənfil çəkdilər. *** Ey şəhidim, yenə sən Bu gün ürəklərdəsən! Ötsə zaman, min illər, Hər vədə bizimləsən! Gah ölkə oldu al-qan, Bölünərkən üzüldün, Bəzən adın oldu can, Xiyabana düzüldün. *** Torpağın oldu al-qan, Artdı məzar daşların, Sanki azad oldu can, Axdı sevinc yaşların. Ey canlı Azərbaycan! Ey şanlı Azərbaycan!!!
SON… Müəllifdən: Ey oxucum, yəqin et, Tarixi sən yazmısan, Tarixin zor kökündə Oyunu yazmamısan. Müstəqil bu gedişdə Xalq şahidi olmusan. Yalan yoxdur bu işdə, Bəlkə əl də qatmısan. Əsər rəngli tablodur, Rəngləri tam qarışıq, Bu, Azadlıq yoludur, Sonu da bir nur, işıq. Günahkarla, sərsəmi Zaman islah edəcək, Tək-tək mücahidləri Cənnət özü seçəcək. *** Hələ ki, məlum deyil Tarixdə kim qalacaq. Ən mükəmməl əsəri Zaman özü yazacaq. *** Deyimlərdə siz bunu Hər an yaşadarsınız, Mən canlı şahidiyəm, Yazdım, oxuyarsınız.
Proloq: (1) səhifə I hissə: 11.02.1974. Azadlıq harayı (2-6) səh. II hissə: 19.04.1974. Ana fəryadı (6-15) səh. III hissə: 30.11.1989. Azadlığın carçısı (15-18) səh. lV hissə: 17.11.1993. Parçalanmış Vətən (19-40) səh. V hissə: 09.01.2012. Müqəddəs and yerimiz (41-49) səh. VI hissə: 10.07.2019. Qanlı yanvar (49-60) səh. Epiloq: (61-62) səh. Müəllifdən: (62-63) səh. “Azadlığa gedən yol” poeması 13.01.2015 – 13.01.2016-cı il müddətində saytda yerləşdirilən zaman 365-gün ərzində 30 min 500-dən artıq baxış sayını keçmişdir. Müəllif olaraq əsərə görə 07.01.2016- cı il tarixində AzKİVİHİ-nın qərarı ilə “QIZIL QƏLƏM” media mükafatı laureatı DİPLOMU ilə təltif edilmişəm. “Al qərənfilim” şeiri 28.01.1990-cı ildə yazılmışdır. Bu şeir 15.01.1991-ci ildə ilk olaraq “Elektron” qəzetində çap olunmaqla Şəhidlərimizin il dönümü ərəfəsində xiyabanda ziyarətçilərə paylanmışdır. Növbəti dəfə “Al qərənfilim” şeiri 18.01.2018-ci ildə İctimai Radionun “Həm söhbət” verlişində mənimlə bərabər aparıcı şair-publisist Kamil Məhərrəmoğlu tərəfindən səsləndirilmişdir. “Azadlığa gedən yol” poeması 45-illik bir ömrün məhsulu olmaqla bir neçə qəzet, jurnal və almanaxlarda çap olunmuşdur. Şəhadətnamə N-9675.
Cənab Ali Baş Komandan, möhtərəm Prezidentimiz İlham Əliyev Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi əməkdaşlarının təltif edilməsi haqqında Sərəncam imzalayıb.
Yazarlar.az-ın məlumatına görə, Sərəncama əsasən Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin yaradılmasının 20 illiyi münasibətilə və dövlət–din münasibətlərinin tənzimlənməsində səmərəli fəaliyyətinə görə Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin bir qrup əməkdaşları təltif olunub. Onlardan biri də “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə mükafatlandırılan Paşazadə Tərxan Əlhəddin oğludur.
Tərxan Paşazadəni bu uğuru münasibəti ilə təbrik edir, yeni-yeni nailiyyətlər arzu edirik! Uğurlarınız bol olsun, Tərxan müəllim!!!
“Ədəbiyyat – insanın, cəmiyyətin hisslərini, düşüncələrini, arzu və istəklərini obrazlı şəkildə əks etdirən söz sənətidir. Şeir -qəlbin dildə deyə bilmədiyi duyğuları sozlə ifadə edən poetik əsərdir. Və şeir Ruhun söz qidası ədəbiyyat isə bu qidanı özündə cəm edən söz mətbəxidir. Bu böyük söz məktəbindən mənim də payıma bir zərrə düşüb. Zərrələr birləşərək kitab olub ömrümə Gəlin həmin kitabı müzakirə edək”
Sumqayitfakt.Az xəbər verir ki, bunu Yadigar Təvəkgül “facebook” səhifəsində “Bircə bəndlik darıxmaq” adlı kitabının təqdimatını keçirəcəyini bildirərkən yazıb.
Qeyd edək ki, təqdimat 9 avqust 2021-ci il, saat 14:00-da “28-may metro stansiyası”nın yaxınlığında yerləşən “Səməd Vurğun” bağı ilə üzbə – üz olan “Sedet art” Rəsm studiyasında keçiriləcək. “Bircə bəndlik darıxmaq” adlı kitab müəllifin sayca 3-cü kitabıdır.
Bütün ədəbiyyatsevərlər, sözə qiymət verən hər kəs dəvətlidir.
NMW03 KOD ADLI“ERMƏNİ” AGENTİ DÖYÜŞÇÜLƏR, ŞƏHİDLƏR VƏ İŞĞALLA BAĞLI MƏQALƏLƏRİ VİKİPEDİYADAN SİLMƏKLƏ MƏŞĞULDUR.
Zaman-zaman belə hallarla rastlaşsaq da bu hadisənin qeyri-adiliyi ondadır ki, bu dəfə Vikipediyanın Azərbaycan seqmentində baş verib. Belə ki, tanınmış şair Zaur Ustac haqqında Azərbaycan dilində olan məqalə silinib. Zaur Ustac “Yazarlar.az”a bu barədə açıqlamasında belə dedi: – “İlk öncə onu bildirim ki, mən özüm də elə Zaur Ustac adı ilə vikipediya istifadəçisiyəm. Adətən oxuduğum mətnlərdə rastlaşdığım kobud səhvləri redaktə edirəm. Hardasa 2015-ci ildən ənənəvi olaraq Azərbaycanın Milli Qəhrəmanı şəhid Mübariz İbrahimovun doğum və anım günlərində mənim haqqımda olan “Zaur Ustac” məqaləsinə və Mübariz İbrahimov haqqında olan kitabın – “Oriyentir Ulduzu” məqaləsinə kiçik müdaxilələr olurdu. Bu müdaxilələrin qarşısı vaxtında Vikipediyanın Azərbaycan seqmentində fəqliyyət göstərən idarəçilər tərəfindən alınırdı. Bu dəfə vəziyyət bir az fərqli oldu. Mübariz İbrahimovun anım günlərində (17-18 iyun) müxtəlif sosial şəbəkələrdə onunla bağlı, “Oriyentir Ulduzu” kitabından müəyyən parçalar paylaşdıqdan sonra artıq ötən illərdən öyrəşdiyimiz ənənəvi hücumlar başladı. Üstəgəl mediyada gündəm olmuş “Səringül və Təyyarə bacıları” (bu qəbirlər mənim dogma xalalarıma məxsusdur) haqqında məlumatları da sürəkli paylaşmağım yəqin bu məsələni biraz da körükləmiş olmalı ki, ya ermənilər, ya da onların təəssübkeşləri qəti hücuma keçərək “Zaur Ustac” məqaləsi ilə bağlılığı olan “Yusifcanlı kənd orta məktəbi”, “Yusifcanlı kəndi” məqaləsindən tarix (işğalla bağlı) bölümünü, Yusifcanlı kəndindən olan əfsanəvi döyüşçü – Səringül və Təyyarə bacılarının dogma əmisioğlu Qəhrəmanov Eldarın qızı Kəmalə Qəhrəmanova haqqında olan “Kəmalə Qəhrəmanova” məqaləsini heç bir əsas göstərilmədən sildilər. Bu azmış kimi digər bağlılığı olan “Oriyentir Ulduzu” , “Ziyadar Mükafatı” və “Səringül və Təyyarə bacıları” adlı məqalələri silinməyə namizəd məqalələr kateqoriyasına aid etdilər. Hansı məsələ bunlara necə od qoyubsa, bütün bunlarla ürəkləri soymayıb uzun illərdir (2015 –ci ildən belə mövsümü müdaxilələri nəzərə almasaq, kiçik redaktələrlə stabil) mövcudluğunu sürdürən, hər cümləsi mötəbər mənbələrə istinad edən, müddətsiz mühafizə altında olan “Zaur Ustac” məqaləsini də siliblər. Bu məsələ bax belə baş verib. Qeyd edim ki, Vikipediyanın Azərbaycan seqmentində fəqliyyət göstərən idarəçilər tərəfindən məsələ araşdırılır. Yəqin ki, tezliklə öz həllini tapacaq.”
Xatırladaq ki, AJB üzvü, tanınmış şair-publisist Zaur Ustac ədəbi yaradıcılığının 30 illiyi münasibəti ilə ”Qızıl Qələm” media mükafatı (2018), il ərzində hərbivətənpərvərlik mövzularında şeirləri ilə müxtəlif KİVdə müntəzəm çıxışına görə “İlin Vətənpərvər Şairi” media mükafatı (2019), AVMVİB-nin üzvü kimi isə “Müharibə veteranı”, “Milli Ordu -100” və “AVMVİB-25 il” medalları ilə təltif olunmuşdur.