Kateqoriya arxivləri: YENİ KİTABLAR

ZAUR USTAC – İSTƏMƏZDİM ŞAİR OLUM HƏLƏ MƏN

ZAUR USTACIN KİTABLARI

“İSTƏMƏZDİM ŞAİR OLUM HƏLƏ MƏN”

Müəllif: Zaur Ustac


Zaur Ustac
ın  Mucrunesriyyati.az saytında satışda olan kitabları haqqında məlumat:

  1. Mucrunesriyyati.az , 1. Arxiv: Archive.vn

ZAUR USTACIN DİGƏR YAZILARI


YAZARLAR.AZ

===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və  WWW.BİTİK.AZ >>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

AZADLIĞA GEDƏN YOL – ƏDALƏT BƏDİRXANLI

ƏDALƏT BƏDİRXANLI

“Azad olmaq üçün göy üzünü almağa
gərək yoxdur. Ruhunuzu satmayın, yetər”.
Nelson Rolihlahla Mandela


Hələ ki, məlum deyil
Tarixdə kim qalacaq.
Ən mükəmməl əsəri
Zaman özü yazacaq.
Ədalət Bədirxanlı


AZADLIĞA GEDƏN YOL
(poema)
Proloq
Mən bir yol axtarıram –
Azadlığa gedən yol!
Bu yol haqqın yoludur; –
Ya öl, ya da azad ol!
Mən bu yolla gedirəm,
Haray çəkib deyirəm:
-Dünyada insanlara
Azadlıq istəyirəm!
Aləmdə cəmiyyətə,
Hər yerdə həqiqətə,
Cahanda hürriyyətə
Azadlıq istəyirəm!
Bəşəri düşünürəm,
Dünyaya səslənirəm,
Bir vətəndaş olaraq
Danışmaq istəyirəm:
-Azadlıq istəyirəm!
Azadlıq istəyirəm!!


I hissə
AZADLIQ HARAYI


İlk dünyaya gələndə
Azadlıq istəmişəm.
Ağlayıb səslənəndə
Anamı istəmişəm.
Uşaqlıq həyatımı
Uşaqlarla oynamaq,
Doğru nədir anlamaq,
Öyrənmək istəmişəm.
Orta məktəbə getmək,
Yaxşı tərbiyə görmək,
Şagird kimi sevilmək,
Seçilmək istəmişəm.
Tam bilik mənimsəmək,
Ali məktəbə girmək,
Gənc tələbə adını
Qazanmaq istəmişəm.
Günü-gündən isməti,
Ləyaqəti, hörməti,
Dostluqda sədaqəti
Yaşatmaq istəmişəm.
Anladıqca həyatı,
Alanda təyinatı,
Öz peşəmdə işləmək,
Çalışmaq istəmişəm.
Görəndə haqsızlığı,
Bütöv narazılığı,
Hər an qohumbazlığı
Pisləmək istəmişəm.
Bir sözlə, istəyimin
Saf niyyət olub dadı,
Sözdə, əməldə azad
Olsun insan övladı.
Hər bir doğulan insan
Azad yaşamalıdır,
Bu, onun Allah verən
Toxunulmaz haqqıdır.
***
Min ildir ki, dünyaya
Nizamini bəxş edən
Mütəfəkkir yurdunun
Torpağıdır bu Vətən.
***
Böyüdükcə anladım,
Gördüm ki, həqiqətən
Əsarət altındadır,
Müstəmləkədir Vətən.
Ədalət carçısının
Öyrəndim yollarını.
Məlum oldu, kəsiblər
Zəncirli qollarını.
***
Demokratik bilgiyə
Haqqı olan dövlətin
Tapdalayıb əzərək
Qul ediblər millətin.
***
Niyə haqqı pozulmur
Ən balaca yarpağın?
Payı olub hər zaman
Təbiətin, torpağın…
İnan, haqqı qorunur
Ən balaca yarpağın,
Çünki qanunları var
Qadir ana torpağın.
***
Uzun zamandır susur
Azərbaycan milləti.
Hər nəyi var, talanır,
Tam sorulur sərvəti.
Dünya xəritəsini
Zalımlar bölən zaman
Tək olub ümid yeri
Bircə Allaha güman.
Cahanda qalsın deyə
Neçə canlı can verib,
Torpaqları düşmənə
Sıxdıqları an verib.
Bu dövlətin bəxtinə
Qara yaxanlar olub,
Azad olmaq cəhdinə
Quyu qazanlar olub.
Sözdə hamı tərəfdar,
Çuval dolu yalanlar.
Olanlar da tamahkar,
Belə olub qaydalar.
Nə yaxşı ki, bu qədər
Yenə torpaq qalıbdır.
Gəlin, yaxşı düşünək;
Sərvət hara axıbdır?
Kim ki, qırdı milləti,
Onlar çaldı dövləti,
Sonra da arı kimi
Sümürdülər sərvəti.
***
Dolaşdıqca dünyanı,
Dərk etdikcə cahanı
Gördüm, zəmi biçilmir
Yetişmirsə zamanı.
***
Bizləri yetişdirən
Var ortaq bir anamız.
Bu torpaq – ana Vətən!
Bəs övladlıq haqqımız?!
***
Xalq seçki istəyirsə,
Səs verməyə gedirsə,
Nəticə dəyişirsə,
Hanı azadlığımız?!
***
Mən belə düşünürəm,
Xalqıma səslənirəm,
Hay qoparıb deyirəm:
-Azadlıq istəyirəm!
***
Yer üstdə millətimiz,
Yer altda sərvətimiz;
Doqquz iqlim qurşağı,
Cənnətdir Vətənimiz!


II hissə
ANA FƏRYADI


Külək əsirdi bərkdən,
Ağaclarda sırsıra…
Az qalırdı bu çovğun
Daşları da dondura.
Qışın belə çağında,
Odsuz-ocaqsız evdə
Yaşayırdı bir qadın
Ərinin həsrətində.
Ərindən ayrılandan
O, hərdən ağlayırdı,
Cavan ikən ayrılıq
Onu əldən salırdı.
Hər beşiyi görəndə
Qəlbinə nur axardı,
Həsrət onu sökəndə
Körpəsinə baxardı.
***
Beşikdəki bu körpə
Ağlayırdı dünəndən,
Yazıq ana nə bilsin,
O, xəstədir ürəkdən?
Birdən uşaq başladı
Yenə də ağlamağa,
Ana özün çatdırdı
Ona layla çalmağa.
O, tez qoydu əlini
Körpəsinin alnına,
Arından ağlamadı
Uşağın bu halına.
İnildəyən körpənin
Əl qoydu sinəsinə.
Ana məəttəl qaldı
Ürək döyüntüsünə.
Tez-tələsik körpəni
Şəlləyib kürəyinə,
Bir başa yola düşdü
Həkim məntəqəsinə.
Ana evdən çıxanda
Onu fikir basmışdı…
Körpə sağalmağına
Ümidi qalmamışdı.
***
Geniş addımlarla o,
Hey irəli gedirdi,
Hərdən özü-özünə
Belə də söyləyirdi:
Ay başı daşlı ana,
Axı, niyə ölmürsən,
Bu, nə bəladır ki, sən,
Belə dərdlər çəkirsən!?
***
Təzə yağan quşbaşı
Düşürdü əllərinə,
Qar dolurdu ananın
Yaş axan gözlərinə.
Hərdən o, dayanaraq,
Körpəsinə baxırdı.
Gözü sısqa bulaqtək
Damla-damla axırdı.
Yol üzü sərt küləyə,
O, çətinlik çəkirdi,
Hərdən düşür çökəyə,
Ayağı büdrəyirdi.
Tənhalığın qəhrindən
Onun üzündə qarı
Əridir gözlərindən
Düşən yaş damcıları.
***
Ana yaxınlaşırdı
Həkim yaşayan kəndə.
Taqəti qalmamışdı
Artıq biləklərində.
Özündən ixtiyarsız
Birdən ana sürüşdü,
Belindəki körpəsi
Sürüşüb yerə düşdü.
Sanki ildırım vurdu
Yazıq ananı birdən,
“Oğul” deyib sıçradı,
Onu götürdü yerdən.
Ağlamaqdan uşağın
Kəsilmişdi həniri,
Əsirdi dodaqları,
Buz tutmuşdu siniri.
Tez çatdırdı körpəni
Həkimin otağına,
Bu kəlmələri dedi
O, udquna-udquna:
-Həkim, qurbanın olum,
Balam ağır xəstədir.
Nə incidir, bilmirəm,
Amma deyən, ürəkdir.
Amalına qurbanam,
Əməlin xoş əməldir,
İmkansız bir anayam,
Ana nə etməlidir?!
Təzəcə həyat qurdum,
Bəxtim də gətirmədi,
Yenicə ana oldum,
Bir kimsə sevinmədi.
Soldu gülüm-çiçəyim,
Tufan oldu, neyləyim?
Viran qoydu hər yanı,
Dərdi kimə söyləyim?
Bu dünyanın açarı
Bilmirəm ki, kimdədir,
Ya işıq, ya qaranlıq,
Gözlərim də qəmdədir.
Mən əsgər yola saldım,
Düşdü özgə oduna.
Soruşmaq istəyirəm,
Getdi kimin badına?
Kim göndərdi ərimi
Xarici ölkələrə?
Əlinə silah verib,
Saldı onu çöllərə?
Apardılar cəbhəyə,
Əfqanlara köməyə,
Mən xəcalət çəkirəm
Bu sözləri deməyə.
Deyin, qara siyasət
Lazımdırmı bizlərə?!
Nə qədər fəryad olar,
Qan sızılır gözlərə…
Bir ildir gözləyirəm,
Bircə kağız da gəlmir,
Bəlkə ağır xəstədir,
Xəbər vermək istəmir?
Yanından gələn də yox,
Bircə sorum halını,
Ya ölüdür, ya sağdır,
Kaş, biləm əhvalını.
İnanmıram mən belə
Yalançı siyasətə,
And olsun qəlbimdəki
Alovlu məhəbbətə!
***
Qanunlar imzalanmış,
Kimlər üçün, bilmirəm.
Haqq-ədalət hardadır?
Dərdə dözə bilmirəm.
Allah dərdi verməyir
Zülm eyləyən tülküyə,
Çünki onun övladı
Getmir uzaq ölkəyə.
Dilim-ağzım qurusun,
Yox-yox, Allah, amandır!
Asi düşə bilmərəm,
Dediklərim yalandır!..
***
Əsgərliyə gedəndə
Ana baxdı doyunca,
Xeyir-dua verərək
Su da atdı dalınca.
Dedi: – Oğul, yaxşı yol,
Allahın amanında.
Bizdən nigaran olma,
Olmasaq da yanında.
Ana əl qaldıraraq
Üz çevirdi qibləyə,
Dedi: – Allah, sən özün
Su çilə bu diləyə!
Ürəyimə damıb ki,
Oğlum qayıtmayacaq,
Öz arzum, öz diləyim
Ürəyimdə qalacaq.
***
Mən anayam, analar
Mən görəni görməsin!
Allah belə dərdləri
Düşmənə də verməsin!
***
Nə əzabla oğlunu
Böyütmüşdü, bilirsiz?
Hamı ona deyirdi:
– Bəhrəsini görəsiz.
Xülasə, bir mən qaldım,
Bir də yazıq qaynanam,
Hərdən elə sanırdım
Elə o imiş anam.
***
Xəstələnib yatırdı
Oğlunun otağında,
Şəklin asdırdı mənə
Lap gözü qabağında.
Ana şəkli süzərək
Təsəlli axtarırdı,
Gecələri bezərək,
Sübhədək yatmayırdı.
Oğul əsgər gedəndə
Ana düşdü zülmətə,
Dözməyib ayrılığa,
Axır getdi rəhmətə.
***
Yazıq ana – qaynanam
Nəvəsini görmədi,
Fələk insafsız oldu,
Bir ay möhlət vermədi.
Bir simsarım qalmamış
Bu uşaqdan savayı,
Bu da hədər gedərsə,
Zəhmət olar havayı.
Bir övladdır tək payım,
Bir də Vətən-torpağım.
Yanan atəşdir canım,
Mən necə danışmayım?
***
Müxalifəm dünyada
Silahların səsinə,
Sığınmaq istəmirəm
Kiminsə kölgəsinə!
Həkim, bağışla məni,
Tamam alovlanmışam,
Bir anatək indi mən
Sizi də çaşdırmışam.
***
Hər zaman bu atəşi
İsti günəş sanmışam,
Hamıya bu günəşdən
Bir pay arzulamışam.


lll hissə
AZADLIĞIN CARÇISI


Mən dərdimi danışdım,
Hay salın, ay həkimlər,
Əl-ayağı şikəstlər
Əsgərə getməsinlər.
Mən dərdimi danışdım,
Qardaşlar, ay bacılar,
Təbiət zəhərlənir,
İnsanlardır günahkar.
Mən dərdimi danışdım,
Söyləyin, ey insanlar,
Azadlığı beşikdə
Nəyə görə boğurlar?
Mən dərdimi danışdım,
Eşitsin bəşəriyyət!
Əldən gedir ədalət,
Hanı hüquqi dövlət?
Mən dərdimi danışdım,
Ayağa qalx, ey millət!
Artıq qeyrət vaxtıdır,
Haqq işidir hürriyyət.
Mənim bu harayımı
Eşitsin bütün hamı,
Müstəmləkə qalaqmı,
Yoxsa, azad olaqmı?!
***
İndi Məhəmməd Əmin
Rəsulzadə kimilər
Lazımdır ki, bu xalqın
Haqqın tələb edələr…
***
Qarışıq bir zamanda
Yeni dövlət qurdular,
İki il ötüşməmiş,
Tərki-vətən oldular.
İşğal olan dövlətin
Millətini bir daha
Zamana bağışlayıb
Tapşırdılar Allaha.
Qırmadan ümidlərin,
– Gün gələcək – dedilər.
Saxlayın bu bayrağı!
Xalqa təhvil verdilər.
Çox götür-qoy etdilər,
Bəlli yolu seçdilər.
Səfər vaxtı millətə
Yön çevirib dedilər:
– İnanın ki, bu bayraq
Öz yerinə qalxacaq,
Parlament binasına
Əbədi sancılacaq.
Üçrəngli bayrağımız
Yenə dalğalanacaq,
Yenə bayraq bu xalqın
Başı üstə qalxacaq.
***
Sözlərini deyənlər
Vətəni tərk etdilər,
Canlarını götürüb
Son ümidlə getdilər.
Nə qədər ziyalımız
Üzüldü birdən-birə,
Neçə canlar sıxıldı,
Göndərildi Sibirə.
Cavid kimi xalqına
“İblis”i anladanlar
Necə vətən xaini,
Xalq düşməni sayılar?
***
Mən dərdimi danışdım,
Razıyam, söyün məni.
Ancaq yox olsun gərək
Cəmiyyətin düşməni!
***
Danışdıqca, ananın
Səsi göyə yüksəldi,
Bu ah-aman içində
Fəryadı dilə gəldi.
Xəyal köhlən at kimi
Çapdı onun könlünü,
Bircə an itirmədi
Həkim də heç özünü.
Çəkib xəyallarının
Üzərinə tam qara,
Eylədi ana üçün
Övladına bir çara.
İlk köməklik eylədi,
Vəziyyəti düzəldi,
Döyüntü ötən kimi
Uşaq özünə gəldi.
***
Artıq ötmüşdü illər,
Neçə aylar, fəsillər…
Ananın da içində
Yaşayırdı o günlər.


lV hissə
PARÇALANMIŞ
VƏTƏN


Mən olanı danışdım,
Dinləyin, ey qardaşlar,
Birlikdədir gücümüz,
Birləşin, ey soydaşlar…
Xalqa layiq oğullar,
Bizdə çox ziyalı var.
Seçin xalqın içindən
Həqiqi deputatlar.
Haray salsın hər yana,
Azəri-türk xalqı var.
Azərbaycan adında
Suveren dövlət də var.
Çağırıram mən sizi,
And verirəm, birləşin!
Dədə Qorqud naminə,
Yüz-yüz olun, minləşin.
El dərdindən danışın,
Dil dərdindən danışın,
Məftilləri sındırın,
Qardaşlara qarışın.
Haray çəkin hər yana,
Bütün Azərbaycana,
Xalqın azadlıq səsi
Yayılsın asimana.
Bakı-Təbriz-Ərdəbil
Hava yolu açılsın,
Xan Arazın üstündən
Min bir körpü salınsın.
Bu meydan indi dolub,
Hamı yenə mehriban,
Həmişə Təbriz olub
Azadlığa can atan.
***
Beş əsr bundan qabaq
Şahdan bizə bu torpaq,
Bir də ana dilimiz
Qalır, miras olaraq.
O zaman sərhədləri
Bəyan idi cahana.
İsmayıl da şah idi
Bütöv Azərbaycana.
Haradan başlayırdı,
Harada qurtarıırdı,
Azərbaycan xalqını
Hamı da tanıyırdı.
Başı bəlalar çəkib
Bu müqəddəs torpağın,
Yağılar silkələyib
Tökdü bütün yarpağın.
Ruslar şimal tərəfdən
Qol-budağın qırdılar,
Farslar cənub tərəfdən
Ley kimi şığıdılar.
Sinəmizə çökdülər,
Şərik kimi böldülər.
“Gülüstan”da sazişi
Qanla möhürlədilər.
***
Bunlar az imiş kimi
Qane olmadı düşmən,
On beş il keçmədi ki,
Yenə bölündü Vətən…
Yenə hücum, gedişlər,
Təzədən yeni şərtlər,
Yenidən Araz çayın
Qanlı sərhəd seçdilər.
“Türkmənçay”da sazişi
Yenidən bağladılar,
Təslimçilik aktına
Maddələr artırdılar.
Hətta İvan Paskeviç
Qorxudaraq farsları,
Söz sahibi oldular
Rusun generalları.
Dedilər ki, öyünün,
Araz sayın aranı,
Şərtimizə söyünün,
Qaşımayın yaranı.
Əgər razı olmasaz,
Tərk etmərik buranı.
Beş gün də bəsimizdir,
Tutacağıq Tehranı.
***
Beləcə, imzalandı
“Sülh” adlı müqavilə,
Heç bir fərqi olmadı
Təslimçi bir akt ilə.
Türkmənçay “sülh sazişi”
Bütün xalqa dərd oldu,
Mahiyyətcə alçaqlıq,
Tünd qara ləkə oldu.
***
Türkmənçay acı tikə,
Bölündü və tən oldu.
Bölən fars ilə ruslar,
Bölünən Vətən oldu.
***
Bir kağızla aldılar
Bu millətin canını,
Araza axıtdılar
Azərbaycan qanını.
İki yüz il ötüşüb
İndi həmin o gündən,
Ünvan həsrətə dönüb:
Bir millət, iki vətən!
Başqadır indi dövran,
Qorxur çoxu qınaqdan.
Bəlkə, kömək eylədi
Bizə Ulu Yaradan…
Avropada ölkələr
Bir araya gəldilər,
Varşavada bağlanan
Sazişə son verdilər.
Tam ayılıb millətlər,
Dəyişib düşüncələr,
Sərhədləri sökərək
Almanlar birləşdilər.
Siz də qalxın ayağa,
Vətəni qorumağa.
Ya qırılaq, ya da ki,
Sahib çıxaq torpağa.
Bu torpaq babalardan
Bizə qalan mirasdır,
Qorunub yağılardan,
Parçalanıb qalandır.
***
İttifaq parçalanır,
Zaman o zaman deyil,
Qılınc həmin qılıncdır,
Bilək o bilək deyil.
Bu son sözlər özü də
Xətainin sözüdür,
Qılınc kimi sözü də
Döyüş üçün süngüdür.
Bu torpağın altı da,
Üstü də faydalıdır,
Bu, indiki məqamda
Qələbə olmalıdır.
Zaman bizi sınayır,
İndi qeyrət vaxtıdır,
Zəfər uzaqda deyil,
Bizə çox yaxındadır.
Rəbbim özü veribdir
Hər nə desək, bizlərə.
Sahib çıxmaq gərəkdir
Bu gözəl nemətlərə.
Baxın, görün.Yanacaq
Bütün Yer kürəsində,
Möcüzələr yaradır
Səhralar sinəsində.
O susuz səhralarda
Ərəb əmirlikləri
Təkcə neftin gücünə
Yaratdılar nələri…
***
Bağışlayarmı bizi,
Üz tuturam sizlərə,
Nəsə qoyub getməsək
Gələcək nəsillərə?!
***
Xalqa tarix gərəkdir,
Öz xalqının tarixi…
Xalqa yazan gərəkdir,
Yazılmamış tarixi.
İlk əlifba dəyişdi,
Millətimiz kor oldu,
Son əlifba dəyişdi,
Tariximiz yox oldu.
Ancaq yenə qalırdı
Qobustanda qayalar,
Düşmənin gücü çatsa,
Onu aparardılar.
***
Bəsdirin! Yetmiş ildir
Əl çalırıq kimlərə?!
Xalqa rəhbər sayılan
Baş kəsən katiblərə…
***
Zəbt edildi, ayılın,
“Xarı bülbül” oylağı,
Azad edilsin gərək
Qarabağın torpağı.
***
Borçalını bir zaman
Aldılar əlimizdən,
Neçə illər keçibdir,
Yanırıq içimizdən.
Azərbaycan xalqını
Sonra elə sıxdılar,
Dəmirqapı Dərbəndi
Əlimizdən aldılar.
Ümid edir hələ də,
Qəribsəsli simsarı,
Rusa əsir düşsə də
Dədə Qorqud məzarı.
***
“Qara göl”ü satdılar
Saxta qızıl pullara,
Canavara döndülər,
Cumdular insanlara.
Zəngəzurdan bir əsər,
Bir əlamət qalmadı,
Çox torpaqlar satıldı,
Heç kim yada salmadı.
Göyçə kimi mahaldan,
Doğulduğu torpaqdan
Qovdular insanları,
Bütün müsəlmanları.
Tülkü kimi hiyləgər,
Ağlayan ermənilər
Parisdə görüşdülər,
Sonra da birləşdilər.
Mişa, şahnazarovlar,
Erməni balayanlar
Bir yerə yığışdılar,
Saziş də bağladılar,
Bir yalançı qondarma
Komitə yaratdılar,
Zindanda bir daşnağa
Mandat da uzatdılar,
Haray-həşir saldılar,
Terrora başladılar,
Topxanadan başlayıb
Hər yeri dağıtdılar.
***
Qarabağ üzük qaşı,
Partladıldı hər daşı.
Bizim Ali Sovet də
Qoydu ora külbaşı.
Hərbiləşdi vəziyyət,
Təhqir olundu millət.
Heç soruşan olmadı
Kim törətdi cinayət?!
Qovuldu neçə yüz min
İnsan öz torpağından,
Düşmən bayram eylədi
Qəhrəmanlıq adından.
***
Muzeylər dağıdıldı,
Məktəblər yandırıldı,
Məscidlər, abidələr
Görün, kimlərə qaldı…
***
Bu gün, ya da sabahdan
Zaman sözün deyəcək,
Rusun ordusu burdan
Birdəfəlik gedəcək.
Bir daha belə fürsət
Çox çətin yetişəcək.
İndiki an hərəkət
Bizə çox şey verəcək.
Almaq olar tankları,
Hətta generalları.
Onların da içində
Az deyil tamahkarı.
Bir balaca “hörmətə”
İçir, düşür “cənnətə”,
Satırlar silahları
Ən aşağı qiymətə.
İndi özünüz deyin,
Sizə nə deməliyəm?
Ərənlərim sizsiniz,
Yenə də söyləyirəm:
Daşı-daşın üstünə
Necə qoya bilərəm,
Zəhmətimin bəhrəsi
Əgər mənə çatmasa?!
Öz ana torpağımda
Necə yata bilərəm,
Bircə tikə torpağa
İxtiyarım çatmasa?!
Xəstələr çarpayıda
Necə sağala bilər
Tankların tırıltısı
Küçələrdə susmasa?!
Üçrəngli bayrağımı
Necə tuta bilərəm,
Mənim öz ana dilim,
Milli dilim olmasa?!
***
Onsuz da az qalıbdır
Vaxtına İttifaqın,
Bu rejim getməlidir,
Arzusudur xalqların.
Bu kommunist rejimi
Özünü doğrultmadı,
Xalqların hüquqları
Bərabər paylanmadı.
Bu kabus yetmiş ildir
Ayaqdadır, fırlanır,
İndi sonu yetişib,
Başı qalmaqaldadır.
İnşallah, dağılacaq
Sovetlər İttifaqı,
Ölkələr ayrılacaq,
Yenidən qurulacaq.
Bilin, asan olmayan
Bir çətin məsələ var:
Ayılar qan tökəcək,
Bilin, hazırlaşırlar.
***
Çox çətindir, çox da dar,
Bir nicat yolumuz var,
Birgə götür-qoy edin,
Özünüz verin qərar.
Siyasi qiymət verin
Xalqa atılan daşa.
Xalq özü qərar versin
Bu gedişə birbaşa.
Xalqa atılan bu daş
Qarabağın daşıdır,
Daşı ruslar atırlar,
Xaçpərəst savaşıdır.
Bəlkə də əksinədir,
Siyasi məsələdir,
Erməninin adı var,
Ruslar bu niyyətdədir…
***
Azadlığı yol seçən
Adi zavod fəhləsi
İstəmir olsun daha
Müstəmləkə köləsi.
Bəli, Nemət Pənahlı
Görk edərək xalqına,
Dar ağacı kəndirin
Özü saldı boynuna.
O, millətə üz tutub:
“Zamanıdır, qalx” dedi,
Fikrini anladaraq,
Xalqa belə söylədi.
Həlqəvari bu kəndir
Cavabdır qul oynuna,
Artıq bu kəndir keçib
Diktatorun boynuna.
O, hamını səslədi,
Azad söz məkanına,
Adın dəyişdirdyi
Azadlıq meydanına.
***
Millət sözünü deyir,
Səs yayılır hər yana,
Tətillər davam edir,
Hamı axır meydana.
Azadlıq meydanına
Toplaşan insanların
Qəribədir çoxuna
Fikri danışanların.
***
Bu möhtəşəm izdiham
Bir xalq hərəkatıdır,
Xalqın hakimiyyətə
Son nifrət məqamıdır.
İnsan axır meydana,
Hər dəqiqə çoxalır,
Təşkilati baxımdan
Komitə geri qalır.
***
Müstəqillik eşqini
Ürəyində daşıyan
Milləti meydanlara
Özü səslədi zaman.
Xudu bəy arzusunu
Ötürsə də gənclərə,
Müstəqillik aktına
Yetişmədi son kərə.
Çox təəssüf, bu günü
Görə bilmədi Xudu.
İnsanlarla silahlar
Yenə üz-üzə durdu.
Ziya Bunyadovçular,
Bütün müsavatçılar,
Sağçılar və solçular,
Hətta sadə xalqçılar
Güc alaraq millətdən,
Bir araya gəldilər,
Haqq yolunu seçdilər,
“Azad olaq!” dedilər.
Dünyaya bəyan edib
Öz müstəqil dövlətin,
Qarşısını aldılar
Axıb gedən sərvətin.
Zaman çəkdi sınağa
Gecə-gündüz milləti,
Nəhayət ki, qan ilə
Yudular məşəqqəti.
***
Əsgər silah əlində,
Hər nəyi var belində,
Xalqa meydan oxuyur,
Meydan özü nə gündə?!
Hər tərəfdən meydanı
Diqqətdə saxladılar,
Hər bir gələn insanı
Yerində yoxladılar.
Yaranmış vəziyyəti
Düşmən dəqiq izləyir,
Görəsən bu milləti
Daha nələr gözləyir?
Hər gələn sözün deyir,
Kömək etmək istəyir,
Necə dövlət qurmalı?
-Hərə bir söz söyləyir.
Bu meydanda adı çox
Hallanan oğulların
Zəhməti çox, sözü çox
Bayraq qaldıranların.
***
Hamı üçün əzizdir,
Vicdanı da təmizdir.
Özü BAB-ın rəhbəri,
Milli liderimizdir.
Əbülfəz Elçibəyin
Üzü xalqın üzüdür,
Arzusu saf diləyin,
Azadlığın özüdür.
Qanı Arazdan axan
Azadlığın rəmzidir,
Harayına darıxan
Sel-insan dənizidir.
Araz kimi dərdi var
Açılmayan səhərin,
Gözləri yolda qalıb
Təbriz kimi şəhərin.
Millət dilin unudur
Körpələrin dilində,
Analar borclu qalır
Şəhriyarın önündə.
Elçibəyin sözüdür
Xalqa əsl ruh verən,
Bilin, onun gözüdür
Azadlığı düz görən.
Saf su kimi saflığı,
Bir ümmandır varlığı,
Onun can istəyidir
Bu xalqın Azadlığı.
***
Xəlilin şeirləri –
Tək “Otuz yeddi”ləri,
Bir şüara dönübdür,
“Silahlan” dedikləri.
***
İttifaqdan ayrılmaq,
Dövlət qurub tanıtmaq,
Deyirəm, hamı bilsin,
Sizə asan gəlməsin.
Azadlıq savaşında
Düşmən ocaq başında.
Kim buraxar köləsin,
Atar yağlı tikəsin?!
Amandır, yalvarıram,
Sonda haraylayıram,
Biganə qalmaq olmaz,
Hamını çağırıram,
Meydana tez yetişin,
Şahmatdakı oyunun
Son gedişi qalıbdır,
Bir məni də eşidin…
***
Belə asan saymayın
Xalq qaldıran bayrağı,
Əliyalın saxlayıb
Bax, bu qədər torpağı.
Min oyunla düşmənə
Dadızdırıb dadını,
Qara rəngli sərvətin
Qoruyubdur adını.
Əsas şimal tərəflə
İşlədərək “dostluğu”,
Hər an ortaya çəkib
Əvəzsiz qonşuluğu.
Öz neftini bu millət
Gizli saxladı fəqət,
Neçə ildir dözmüşük,
Allah veribdi fürsət…
***
Mən oğul istəyirəm
Vəziyyəti düzəltsin,
Heydər kimi oğullar
İndi köməyə gəlsin!
***
Rəqabətsiz bilinən,
Rəqib kimi görünən,
Millət kimi öyünən
Azərbaycana gəlsin!
Sirli dünyanı görən,
Məntiqlə qala hörən,
Xalqına ümid verən,
Peşəkar olan gəlsin.
Güclü gedişlər bilən,
Acı baxışla gülən,
Rəqibləri tam silən
Bir Vətən oğlu gəlsin.
Çəksin söz qılıncını,
Sərkərdəlik eyləsin,
Yolundan azanları
Yaxşıca kötəkləsin.
Ön cəbhədə dayanıb
Qərarlar xəlbirləsin,
Vətən tələb edərsə,
Lap döyüşə səsləsin.
***
Var daxili dərdimiz,
“Rüşvət” adlı müjdəmiz,
Bu paydan uzaqlaşın,
Baş tutsun niyyətimiz.
Halal təməl üstündə
Qurulsun dövlətimiz,
Təmin olsun həyatda
Azad gələcəyimiz.
***
Niyə çıxmayır səsin,
Haralarda qalmısan?
Xalqın səni gözləyir,
Nə vaxtı qayıdırsan?
İttifaq tam dağılır,
Vətənin dar anıdır,
Millət əlində çıraq,
Ümid yeri canıdır.
Nə var o Moskvada?
Oturmusan orada.
Bilirsənmi burada
Başsız qalıb Bakı da?
Mişadan tez uzaqlaş,
Ondan bizə nə qardaş?
Ruslar özü marş çalır,
Dağılır yavaş-yavaş.
Qul olmaq yetər artıq,
Çoxu zəncirlə qaçır,
Zənçirləri qırmağa
Hamı fürsət axtarır.
Gündə yeni xəbərlər,
Ölkədə çəkişmələr,
Ermənilər qalxıbdır,
Çətinləşib döngələr.
Rusun qəlbinə girən
Tülkü kimi baş qatır,
Namusun əldən verən
Qarabağa can atır.
Millət sizi səsləyir,
Səsimizə səs verin,
Vətən sizi gözləyir,
Azərbaycana gəlin!
Çürüyübdür qandallar,
Açılıbdır buxovlar,
Bu savaşda ölkənin
Azərbaycan xalqı var.
***
Azadlıq meydanında
Azadlıq aşiqləri –
“Azadlıq ver”, “Azadlıq”, –
Deyir bu kəlmələri…
***
Bir gün azad yaşamaq
Yüz illik ömrə dəyər.
Kölə kimi qul olsaq,
Min ömür hədər gedər…


V hissə
MÜQƏDDƏS AND
YERİMİZ


Yanvar ayıdır, həmən
Qar ələyir dünəndən,
Neçə illər keçibdir
O dəhşətli gecədən…
Yenidən doğan səhər
Şəfəq saçırdı hərdən,
Baba donub qalmışdı,
Baxırdı pəncərədən.
Xatırlayaraq ötən
Qanlı gecəni dünən,
Elə bil yatmamışdı
Axşamdan səhərəcən.
Bayırda qar yağırdı,
Yağdıqca çoxalırdı,
Uşaqlar da birlikdə
Qartopu oynayırdı.
***
Hər il olduğu kimi,
Yanvar faciəsini
Yada salaraq baba,
Səslədi nəvəsini.
Asta tutub əlindən,
Dedi: -Oğlum, gəl gedək,
Uyuyan şəhidlərin
Biz də keçək önündən.
Bu gün “Qanlı Yanvar”ın
Anım mərasimidir,
Hamı ziyarət üçün
Oradan keçməlidir.
Hər il neçə min nəfər
Əlində qərənfillər
Yad eyləyir onları,
Orda uyuyanları.
***
“Qanlı Yanvar” zamanı
Axan şəhidlər qanı
Hər damla bir qərənfil,
Bürümüşdü hər yanı.
***
Bilirsənmi, ay oğul,
Elə həmin o gündən
Ad gününə aparmır
Kimsə pay qərənfildən.
Hər insan qərənfili
Şəhid qanı sanırdı,
Hər məzarda qərənfil,
Bir də şəhid yatırdı.
***
Qərənfillər həmin gün
Yağış kimi yağırdı,
Bir vətəndaş bunları
Bax, belə ağlayırdı;
Sol əlində qərənfil,
Sanki layla çalırdı,
Sağ əlində bir qələm,
Dizi üstə yazırdı:
Yağdın damla-damla,
sən yana-yana
Canlı buludlardan,
al qərənfilim,
Düzüldün xalıtək
sən xiyabana,
Hər biri bir damla,
xal qərənfilim.
Bir amal yolunda
gedənlərimə,
Əbədi yaşayan
ölənlərimə,
Bircə sən pay oldun
şəhidlərimə,
Nə ağ, nə də sarı,
al qərənfilim.
Çatışmır imkanın
çöldə bitəsən…
Özün bir nazənin,
nazlı çiçəksən.
İndi ayaq altda
səpələnmisən,
Ellərin göz yaşı,
lal qərənfilim.
Sən ana əlində
gedirsən hara,
Rəngi al qırmızı,
ey bəxti qara?!
Ana sarıldığı
soyuq məzara
Sən ana laylası
çal, qərənfilim.
Bizləri harayla
qələbələrə,
Pay oldun burada
əyilməzlərə.
Bəzədiyin yerə –
müqəddəs yerə
Boylanıb bir nəzər
sal, qərənfilim…
***
Gedək biz də gül alaq,
Ancaq al qərənfillər,
Orda yatan şəhidlər
Yalnız onu sevirlər.
***
Bir dəstə gül aldılar,
Şəhərə yollandılar,
İzdiham çox möhtəşəm,
Axışırdı adamlar.
Cərgədə məktəblilər,
Bir yanda tələbələr,
Əllərində qərənfil
Bütün ali məktəblər…
Əsgərlər, generallar,
Əksər ali qurumlar;
Ahıl nənə-babalar,
Neçə saysız qonaqlar;
Dövlətin rəhbərləri,
Ölkə səfirlikləri,
Qolunda çəlikləri-
Qarabağ əlilləri.
İnsanlar axışırdı
Sel kimi Xiyabana,
Son anda qarışırdı
Yaranan izdihama.
***
Baba-nəvə gəldilər,
Çatdılar Xiyabana,
Sıralandı cərgələr,
Düzüldülər yan-yana.
Dəstə-dəstə keçdilər,
Dualar söylədilər,
Hər məzara qərənfil
Qoyaraq baş əydilər.
Neçə-neçə cavanlar,
Üzü nurlu qocalar,
Məktəbli qız Larisa
Yan-yana yatırdılar.
Qara daşda simalar,
Üstündə adları var,
Bir şəhidin yatdığı
Şəkilsiz məzar da var.
Azadlıq istəyənlər,
Canın fəda edənlər
Qərənfildən pay alıb,
Uyuyurdu şəhidlər.
***
Tam ziyarət etdilər,
Son məzara yetdilər,
Elə bil danışırdı
Daşlardakı şəkillər…
***
Abidəyə çatdılar,
Bir anlıq dayandılar,
Elə bu an Xəzərdə
Gəmilər fit çaldılar.
Yanan məşəl burada
Fasiləsiz yanırdı,
Məşəlin yanmağında
Hər şey xatırlanırdı.
***
Bu abidə rəmzidir
Şəhidlik sevənlərə,
Təsəlli məkanıdır
Şəhid yad edənlərə.
***
Bakıda bu Xiyaban
Xatırlanır hər zaman,
Bütün Bakı görsənir
Şəhidlərin yanından…
***
Rəhmətlik Ulu Öndər
Qonaqları gətirər,
Həm ziyarət edərdi,
Həm də sözün deyərdi.
Göstərərdi xalqının
Günahsız qurbanların,
Anladardı bir daha
Azadlığın yolların.
Səfirlər bu arada
Sırayla düzülərdi,
Hamı bir-bir babaya
Başsağlığı verərdi.
***
Bil ki, Heydər babanın
Tarixdə öz yeri var,
Onun haqq əməlləri
Qaldı bizə yadigar.
***
Qanı axıdılanlar,
Şəhid yatan bu dağın
Özləri boyadılar
Azərbaycan bayrağın.
Bir tarix yaratdılar,
Yazdılar bu daşlara,
Azad bir yol açdılar
Yerində qalanlara.
***
Nəvə tutub babanın
Titrəyən əllərindən,
Dedi ki, geniş danış
Qırğını tam əzəldən.
Bu sözləri eşidən
Baba sıxıldı həmən,
Danışmağa başladı
O dəhşətli gecədən.
***
Deyirlər ki, şəhidlik
Əl çatmayan zirvədir,
Torpaq – onun uğrunda
Ölən varsa, Vətəndir.


VI hissə
QANLI YANVAR


O gecə qanlı gecə,
Qanla dolu meydanı,
Orda olan insanlar
Unutmayır o anı.
Bu gecə şanlı gecə,
Qışın qarlı dövranı,
Orda şəhid olanlar
Xatırladır hər anı.
O gecə, canlı gecə
Atəş yıxdı hər yanı,
Şəhid şirin can ilə
Vəsf eylədi üsyanı.
***
O dəhşətli tankların,
Zirehli maşınların
Qarşısına çıxdılar
Küçələrdə qalanlar.
Əli yalın insanlar,
Dalanlarda olanlar,
Əllərin qızdırmağa
Ocaq da yandırdılar.
Xalq etiraz edirdi,
Fikrini bildirirdi,
Xalqın azadlıq səsi
Rusa sərf eləmirdi.
Ruslar deyirdi, ancaq
Qırılsa da bütün xalq,
Bu torpaq yağlı tikə-
Azadlıq olmayacaq.
Neçə yüz min xüsusi
Qoşun da gətirdilər,
Hətta dəniz tərəfdən
Şəhərə yeritdilər.
Küçələri tutdular,
Yolları bağladılar,
Şəhəri hər tərəfdən
Tam dövrəyə aldılar.
Şəhər düşmən əliylə
Qərq oldu qaranlığa.
İnsanlar başladılar
Küçələrə axmağa.
Donduruldu mətbuat,
Səpələndi camaat,
Yaşandı küçələrdə
Təşviş dolu bir həyat.
Mətbəələr tutuldu,
Qəzet çapı dayandı,
Radio kanalları
Qara günə boyandı.
Studyanı tutdular,
Yayımı saxladılar,
Cəsuslar hiylə qurub
Bloku partlatdılar.
***
Azadlıq istəyənlər
Bir araya gəldilər,
“Azadlıq” radiosun
Ümid yeri seçdilər.
Çoxu ocaq başında,
Radio yanlarında,
Xəbər başlayan kimi
Cəm olurdu bir anda.
Əllərin qaldıraraq
Əl-ələ tuturdular,
Sakit qulaq asaraq
Məlumat alırdılar.
Bəstəkarın nəğməsi,
Uverturanın səsi,
“Koroğlu”nun nərəsi,
Haray səsiydi səsi.
***
Üzeyir bəy bu qədər
Bəsləyib gözəl əsər,
Mənim üçün o andan
“Koroğlu”dur şah əsər.
Sanki doğurdu günəş
Çalınanda bu əsər,
Bu səsdən yetişirdi
Vətən üçün şəhidlər.
***
Mən canlı şahidiyəm
O müdhiş gecələrin.
Bu, bir sınaq anıydı
Şəhidlik sevənlərin.
“Azadlıq” radiosu
Nə varsa şərh edirdi,
Mirzə Xəzər dünyaya
Tez-tez xəbər verirdi.
Heç kim inanmırdı ki,
Qoşun hücum edəcək,
Dövlət öz vətəndaşın
Avtomatla biçəcək.
***
Xalq geri çəkilmədi,
Getmədi heç bir yana,
“Vətən!”,”Torpaq!”deyərək
Qıydılar şirin cana.
***
Təpədən dırnağacan
Silahlanmış dəstələr
Silahsız insanları
Bir anda öldürdülər.
Qoca, cavan – əzdilər,
Çoxunu gizlətdilər,
Qan içənlər cəsədin
Hamısın vermədilər!
***
Məktəbli – partasında,
Alim – arabasında
Atəşlə susduruldu…
Çoxu öz komasında.
***
Ağ bayraq ucalsa da,
Məhəl qoyan olmadı.
Haray-həşir qopsa da,
Ruslar buna baxmadı.
Hamı qalmışdı darda,
Yardım maşınları da,
Yaralı daşınırdı
Güllələr yağışında.
Tanınmaz oldu şəhər,
Küçələrdə cəsədlər,
Hətta xəstəxanada
İşığı söndürdülər…
Planı əvvəlcədən
Hazırlamışdı düşmən,
Nəzarətə almışdı
Şəhəri hər tərəfdən.
Rusun generalları
Məxfi plan cızdılar,
Şəhərin mərkəzində
Qərargah yaratdılar.
İstədikləri yerdə
Basqılar apardılar,
Şəhərin, cəllad kimi
Ürəyini yardılar.
***
Allah, gör, bu nə işdi,
Bu, nə bəla, gəlişdi?!
Yetmiş il qardaş olan
Simasını dəyişdi…
***
Əmr verdi Qorbaçov,
Bakıya gəldi Yazov.
Hərbiləşdi vəziyyət,
Təhqir olundu millət.
Tapşırıqlar verildi,
Yeni plan seçildi,
Küçələrə zirehli
Texnika yeridildi.
Hər yanda qara xəbər,
Hər küçədə cəsədlər…
Millət donub qalmışdı,
Başsız qalmışdı şəhər.
***
Hamı kədər içində,
Al qərənfil əlində,
Meydana axışırdı
Bakının kəndləri də.
Ağır idi dərdimiz,
Yox idi rəhbərimiz,
Yükün altına girdi
Allahşükür – Şeyximiz.
İş nə yerdə olduğun
O, vaxtında anladı,
Fikrini bəyan edib,
Mövqeyini saxladı.
Şeyximiz Bakatini,
Yazovu da danladı,
O qədər danladı ki,
Deməyə söz qalmadı.
Dedi: – Yazığım gəlir,
Siz insan deyilsiniz,
O böyük siyasətin
Özünüz düşmənisiz.
Böyük bir namə yazdı,
Göndərdi Qorbaçova:
-Bil ki, sən də, İnşaallah,
Gedəcəksən torpağa.
Günahsız şəhid qanı
Bu millətin qanıdır,
Bu tarixi cinayət
Sənin ayağındadır.
Bu namə, bir bəyanat,
Xalqımın cavabıdır,
Ey əli qanlı cəllad,
Bəs vicdanın hardadır?!
***
Məlumdur niyyətiniz,
Dünya bilir kimsiniz,
Tək bizə yox, çoxuna
Cəllad kəsilmisiniz.
***
Düşmən hey çalışırdı
Şeyxi də aldatmağa,
Ona imkan yaradıb
Çəkirdilər qabağa.
İslamçılıq sözünü
Ataraq ortalığa
İstədilər bu yolla
Həqiqəti danmağa…
Basqı-tutqu, həbslər,
At oynatdı düşmənlər,
Nə qədər işgəncələr,
Xalq dözdü sona qədər.
Çox çalışdı hiyləgər,
Nələr etmədi, nələr…
Yaralılar bir yana,
Bəs bu qədər şəhidlər?!
Şeyx rusun hiyləsini
Əvvəlcədən bilirdi,
Rədd edib təklifləri,
Çox sərt cavab verirdi.
Kəskin nifrət, qəzəblə
Şərt kəsdi düşmən ilə,
Dedilər: – Şərti söylə!
Dedi: – Budur məsələ:
Qan tökən sizinkidir,
Ölənlər bizimkidir,
Cinayət sizinkidir,
Şəhidlər bizimkidir.
Bilirsiz nə gündəyik?!
Biz matəm içindəyik.
Günahsız şəhidləri
Torpağa verməliyik.
Sizlə budur şərtimiz:
Ya çıxıb getməlisiz,
Ya da dediklərimə
Tam əməl etməlisiz.
Bir dənə də əsgərin
Bizə yaxın gəlməsin,
Qırx gün matəm olacaq,
Gözə də görünməsin.
***
Elin din adamları,
Ziyalı insanları
Gəldi Şeyxin yanına,
Dayaq oldular ona.
Bu izdihamda nələr,
Göz yaşları nə qədər,
Milyonların əlində
Ancaq al qərənfillər.
Bu matəmin kədəri
Bürümüşdü şəhəri,
Yola salırdı hamı
Günahsız şəhidləri.
Ağsaqqallar birlikdə
Dağüstü parka gəldi,
Hamı bir nəfər kimi
Bax, bu yeri bəyəndi.
Məzarlığa baxdılar,
Birgə qərarlaşdılar.
Hamı gəldi meydana,
Bir yerə yığışdılar.
Tabutlar gətirildi
Azadlıq meydanına,
Al qərənfil səpildi
Hər şəhidin yoluna.
Düzüldü cənazələr
Bir-birinin yanına,
Dualar söylədilər
Şəhidlərin ruhuna.
Şeyx özü də ağladı,
Nitqi yarıda qaldı,
Göz yaşları içində
Fikrini tamamladı…
***
Qəlbi qana boyandı
Torpağın da, daşın da,
Şəhidlik bir zirvədir,
Fərqi yoxdur yaşın da.
***
Kimsə deyən olmadı,
“Mənə dəymədi güllə”.
Çünki hamı dayandı,
Üz-üzəydi ölümlə.
Tabutlar qaldırıldı,
Karvan yola salındı.
Birbaşa cənazələr
Bax, buraya daşındı.
Azadlıq meydanından
Dağüstü parka qədər,
Bir kimsə ayrılmadan
Gəldilər bura qədər…
***
Dəfn olundu şəhidlər
Bu gördüyün zirvədə,
Şəhid yazan bu tarix
Unudulmaz heç vədə.
Şəhidlər basdırıldı,
Torpağa tapşırıldı.
Şəhidlər Xiyabanı
Burada yaradıldı.
***
Qanlı Yanvar zamanı
Şəhidin axan qanı
Azadlığa çıxardı
Bütöv Azərbaycanı.
Epiloq
Neçə nəğmə yarandı
Anaların dilində,
Heykəllər sıralandı
Heykəltəraş əlində.
Çox şairlər yazdılar,
Əsərlər yaratdılar,
Hətta əsərlərinə
Göz yaşı da qatdılar.
O vaxtdan qərənfilə
“Şəhid” adı verdilər.
Elə becərdilər ki,
Yanvar ayı dərdilər.
İlin yanvar ayında,
Fərqli naxış sayında
Gül xalçalar toxundu,
Hər şəhidin yanında.
Qərənfildən ilmələr,
Hər ilmədə bax nələr…
Bu qədər al qərənfil
Hər yanı bəzədilər.
İlk dəfə şəkil çəkən
Ən balaca körpələr
Albomunu açarkən
Al qərənfil çəkdilər.
***
Ey şəhidim, yenə sən
Bu gün ürəklərdəsən!
Ötsə zaman, min illər,
Hər vədə bizimləsən!
Gah ölkə oldu al-qan,
Bölünərkən üzüldün,
Bəzən adın oldu can,
Xiyabana düzüldün.
***
Torpağın oldu al-qan,
Artdı məzar daşların,
Sanki azad oldu can,
Axdı sevinc yaşların.
Ey canlı Azərbaycan!
Ey şanlı Azərbaycan!!!


SON…
Müəllifdən:
Ey oxucum, yəqin et,
Tarixi sən yazmısan,
Tarixin zor kökündə
Oyunu yazmamısan.
Müstəqil bu gedişdə
Xalq şahidi olmusan.
Yalan yoxdur bu işdə,
Bəlkə əl də qatmısan.
Əsər rəngli tablodur,
Rəngləri tam qarışıq,
Bu, Azadlıq yoludur,
Sonu da bir nur, işıq.
Günahkarla, sərsəmi
Zaman islah edəcək,
Tək-tək mücahidləri
Cənnət özü seçəcək.
***
Hələ ki, məlum deyil
Tarixdə kim qalacaq.
Ən mükəmməl əsəri
Zaman özü yazacaq.
***
Deyimlərdə siz bunu
Hər an yaşadarsınız,
Mən canlı şahidiyəm,
Yazdım, oxuyarsınız.

Müəllif: Ədalət BƏDİRXANLI


Proloq: (1) səhifə
I hissə: 11.02.1974. Azadlıq harayı (2-6) səh.
II hissə: 19.04.1974. Ana fəryadı (6-15) səh.
III hissə: 30.11.1989. Azadlığın carçısı (15-18) səh.
lV hissə: 17.11.1993. Parçalanmış Vətən (19-40) səh.
V hissə: 09.01.2012. Müqəddəs and yerimiz (41-49) səh.
VI hissə: 10.07.2019. Qanlı yanvar (49-60) səh.
Epiloq: (61-62) səh.
Müəllifdən: (62-63) səh.
“Azadlığa gedən yol” poeması 13.01.2015 – 13.01.2016-cı il müddətində saytda yerləşdirilən zaman 365-gün ərzində 30 min 500-dən artıq baxış sayını keçmişdir. Müəllif olaraq əsərə görə 07.01.2016- cı il tarixində AzKİVİHİ-nın qərarı ilə “QIZIL QƏLƏM” media mükafatı laureatı DİPLOMU ilə təltif edilmişəm.
“Al qərənfilim” şeiri 28.01.1990-cı ildə yazılmışdır. Bu şeir 15.01.1991-ci ildə ilk olaraq “Elektron” qəzetində çap olunmaqla Şəhidlərimizin il dönümü ərəfəsində xiyabanda ziyarətçilərə paylanmışdır. Növbəti dəfə “Al qərənfilim” şeiri 18.01.2018-ci ildə İctimai Radionun “Həm söhbət” verlişində mənimlə bərabər aparıcı şair-publisist Kamil Məhərrəmoğlu tərəfindən səsləndirilmişdir.
“Azadlığa gedən yol” poeması 45-illik bir ömrün məhsulu olmaqla bir neçə qəzet, jurnal və almanaxlarda çap olunmuşdur.
Şəhadətnamə N-9675.

ƏDALƏT BƏDİRXANLININ DİGƏR YAZILARI


ZAUR ƏRMUĞANIN DİGƏR YAZILARI


YAZARLAR.AZ

===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və  WWW.BİTİK.AZ >>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

YADİGAR TƏVƏKGÜL YENİ KİTABINI TƏQDİM EDƏCƏK – 9 AVQUST

YADİGAR TƏVƏKGÜL

“Ədəbiyyat – insanın, cəmiyyətin hisslərini, düşüncələrini, arzu və istəklərini obrazlı şəkildə əks etdirən söz sənətidir.
Şeir -qəlbin dildə deyə bilmədiyi duyğuları sozlə ifadə edən poetik əsərdir. Və şeir Ruhun söz qidası ədəbiyyat isə bu qidanı özündə cəm edən söz mətbəxidir.
Bu böyük söz məktəbindən mənim də payıma bir zərrə düşüb.
Zərrələr birləşərək kitab olub ömrümə
Gəlin həmin kitabı müzakirə edək”

Sumqayitfakt.Az xəbər verir ki, bunu Yadigar Təvəkgül “facebook” səhifəsində “Bircə bəndlik darıxmaq” adlı kitabının təqdimatını keçirəcəyini bildirərkən yazıb.

Qeyd edək ki, təqdimat 9 avqust 2021-ci il, saat 14:00-da “28-may metro stansiyası”nın yaxınlığında yerləşən “Səməd Vurğun” bağı ilə üzbə – üz olan “Sedet art” Rəsm studiyasında keçiriləcək.
“Bircə bəndlik darıxmaq” adlı kitab müəllifin sayca 3-cü kitabıdır.

Bütün ədəbiyyatsevərlər, sözə qiymət verən hər kəs dəvətlidir.

Müəllif: Vüsal AĞA

Sumqayitfakt.Az

VÜSAL AĞANIN DİGƏR YAZILARI

YADİGAR TƏVƏKGÜLÜN DİGƏR YAZILARI


YAZARLAR.AZ

===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və  WWW.BİTİK.AZ >>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

ƏLİ BƏY AZƏRİNİN “QƏMLİBEL ƏFSANƏSİ” ADLI KİTABI İRANDA ƏSKİ ƏLİFBA İLƏ ÇAP OLUNUB

Əli bəy Azərinin kitabı.
Əli Bəy Azərinin “Qəmlibel əfsanəsi” (غملی بئل افسانعسی) adlı povestlər kitabı İran İslam Respublikasında əski əlifba ilə çap olunub. Kitaba “Qəmlibel əfsanəsi”, “Şəhərli qızın dəli sevgisi” və “Çay məcrasını dəyişmədi” povestləri daxil edilib.
Xatırladaq ki, “Çay məcrasını dəyişmədi” povesti dövlət mükafatına layiq görülüb.
Kitab az tirajla çap olunub, Cənubi Azərbaycan kitabxanalarına və kitab sərgilərinə paylanacaq. Az qismi də Azərbaycan Respublikasının mərkəzi kitabxanalarına veriləcək. Əli bəy Azəri kitabın xarici ölkədə nəşr olunması ilə bağlı öz təşəkkürlərini bildirib:
– “Arada vasitəçi olanlara, kitabın ərsəyə gəlməsində zəhməti keçən hər kəsə, xüsusən də təbrizli qardaşımız şair Xosrov Barışana təşəkkürümü bildirirəm.”

Biz də YAZARLAR olaraq, bu xeyirli əmələ vəsilə olan şəxslərə öz adımızdan minnətdarlığımızı bildirir, müəllifi təbrik edirik. Uğurlarınız bol olsun, Əli bəy AZƏRİ !!!

ƏLİ BƏY AZƏRİNİN DİGƏR YAZILARI


YAZARLAR.AZ

===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ>>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

AKİF ABBASOV – LİMONSUZ ÇAY

Akif ABBASOV

                                   LİMONSUZ ÇAY

                                          (hekayə)

         Vilayət həyat yoldaşını da götürüb Masallı İstisuyuna getmişdi. Sanatoriya xoşagələn idi.  Meşədə salınmışdı. Daşdan tikili çoxmərtəbəli binası da, iki nəfərlik, üç nəfərlik, ailəli taxta evlər də vardı. El içində bu evlərə, evçiklərə “domik” deyirlər. Biz elə taxta ev deyək. Həə, həmin taxta evlərin kondisioneri də, hamamı da var.  Bir sözlə,  isti su qəbul edib, gündə üç dəfə yeməyini yeyirsən, meşədə taxta evlərdə istirahət edirsən, sağalırsan özünçün.

         İstisu da istisudur ha. Vanna qəbul edirsən, bütün dərd-azarını götürür. Hələ vannadan əvvəl səni yaxşıca masaj edirlər. Amma vannadan sonra gərək özünü soyuğa verməyəsən. Yayda özünü gözləmək bir az çətindir. İstisuyun istisi bir yandan, Günəşin qızmar istisi də o yandan. İndi gəl özünü gözlə. Tər səni yuyub aparır. Məcburiyyət qarşısında qalıb palını-paltarını yüngül edirsən ki nəfəs ala biləsən, istidən yanıb-yaxılmayasan.

Bir də görürsən qəfil  xəfif külək əsir. Sərin meh bədəninə işləyir. Əlqərəz, əlac bircə ona qalır ki, nə vəchlə olursa-olsun özünü qoruyasan, soyuğa vermək olmaz özünü, olmaz!!!

Vilayət hiss edirdi ki, belinin ağrıları azalıb, yüngülləşib, yavaş-yavaş özünə gəlir. Üzünü həyat yoldaşına tutaraq:

-Ay Güləndəm, bir-iki dəfə İstisuya gəlib-getsək, quş kimi yüngül olarıq, bütün ağrı-acımız canımızdan çıxar.

Güləndan da onun sözlərinə şərik çıxaraq:

-Doğru sözə nə deyim, ay Vilayət. Düzdür. Mən də İstisuyun möcüzəsini canımda hiss edirəm.

Vilayət ayaq saxladı:

-Vanna qəbul edəndən  sonra məxməri çayın özgə ləzzəti var. Gəl, çay içək, sonra gedək dincələk, hava istidir, günün altında gəzib-dolaşmayaq.

-Nə deyirəm ki.

Əyləşdilər. Vilayət səsləndi:

-Ay oğul, bir çaynik çay gətir.

Stəkanlar, qənd qabı, dalınca da çaynik gəldi.  Çayçı Vilayətlə Güləndama çay süzdü, getmək istəyəndə, Vilayət onu saxladı:

-Ay oğul, gör nəyi unutmusan.

Oğlan key-key baxdı. Gözlərini döydü.

Vilayət özü dedi:

-Lumu gətirmək yadından çıxıb.  

Çayçı başını qaşıdı, irişərək:

-Əmi, lumu yol gəlir, – dedi.

Vilayət Güləndama baxdı, yəni bu nə danışır?

-Oğul, lumu yol gəlir nədir? Deyirəm, lumu da gətir.

-Əmican, limonumuz qurtarıb, gediblər gətirməyə.

Çayçı getdi. Vilayət öz-özünə:

-Cənub zonası olasan, limonun bol yerində lumusuz çay içəsən. Bu da bunlardan göründü.

Çayı içib qurtardılar. Limon gəlib çıxmadı. Vilayətin gözü stəkan-nəlbəkilər yığılmış stolun baş tərəfində vurulmuş bildirişə sataşdı: “Çayın çayniki – 2 manat”.

Durub getmək vaxtı idi. Vilayət əlini cibinə saldı. 1 manat çıxarıb stolun üzərinə  qoydu, qəndqabını da pulun üstünə. Qəndqabının altından manatlığın ucu görünürdü.

 Vilayət çayçını çağırdı:

-Ay bala, gəl çayın pulunu al.

Oğlan əlində məcməyi cəld yaxınlaşdı. Vilayətlə Güləndam ayağa qalxdılar. Çayçı pulun bir manat olduğunu görüb:

-Əmi, bizdə çay iki manatdır.

Vilayət özünü sındırmadan:

-Hə, oğul, o biri manat yol gəlir, – deyib Güləndamın qoluna girdi. Meşəyə sarı getməyə başladılar. Onların  “domiki” meşədə idi.

 Bakı şəhəri, 01 mart 2021-ci il

Müəllif:Akif ABBASOV

AKİF ABBASOVUN DİGƏR YAZILARI


YAZARLAR.AZ

===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və  WWW.BİTİK.AZ >>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Zaur Ustac

Zaur Ustac (22 iyul 2021-Bakı.)

Zaur USTAC

  Zaur Ustac (Mustafayev Zaur Mustafa oğlu)  8 yanvar, 1975-ci ildə Bakı şəhərində anadan olmuşdur. İlk təhsilini Ağdam rayonunun Yusifcanlı kənd orta məktəbində almış, ardıcıl olaraq Bakı Dövlət Universitetində, Bakı Ali Birləşmiş Komandanlıq Məktəbində, Beynəlxalq İxtiraçılıq və Biznes İnstitutunda və Şamaxı Humanitar Kollecində davam etdirmişdir. Birinci Qarabağ müharibəsinin iştirakçısı və hal-hazırda ehtiyatda olan zabitdir. Zaur Ustac 1988-ci ildən etibarən dövri mətbuatda çıxış edir. AJB-nin  üzvü  olan  Zaur Ustac  “QIZIL QƏLƏM” mükafatı laueratı, “Yazarlar”  jurnalının təsisçisi və baş redaktoru, 2019 – cu ildən Prezident Təqaüdçüsüdür. Zaur Ustac “Günaydın”(Ağçiçəyim), “İstəməzdim şair olum, hələ mən”, “Gülzar”,  “Şehçiçəyim”,  “Məhdud həyatın məchul düşüncələri”,  “Mum kimi yumşalanda”,  “Bayatılar”,  “Balçiçəyim”,  “Bərzəxdə”,  “Gülünün şeirləri”,  “Sevin ki, seviləsiz…”,  “Qəlbimin açıqcası”,  “Ustadnamə”,  “Nişangah”,  “Çəhrayı kitab”,  “Zimistan” (1), “Ülyahəzrət” (2),  “45”,  “Qədimliyə bürünmüş yenilik”,   yaradıcılığının  30 illiyi  yubiley tədbirləri çərçivəsində nəşr olunmuş “Otuz ildir əldə qələm”  kimi şeirlər kitablarının, görkəmli memar Şamaxılı Əliş bəy Sübhan oğlu Kərəmli-Şirvaninin  anadan olmasının 700 illiyi münasibəti ilə qələmə alınmış “Əliş və Anna” poemasının,  “Usubcan əfsanəsi”, “Yaradanla baş-başa”, “Qələmdar” (3) adlı  məqalə  toplularının, 2019-20 tədris ilindən  Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən məktəbəhazırlıq qrupları üçün nəzərdə tutulmuş “Məktəbə hazırlaşırıq” adlı iki hissəli metodik vəsaitin birinci, ikinci hissələrinə  daxil edilmiş “Güllünün şeirləri” tədris  vəsaitinin,  “Gülüzənin şeirləri”, “Uşaq boğçası” kimi məktəbəqədər uşaq müəssisələri üçün əlavə tədris vəsaitlərinin, üçüncü sinif şagirdləri, eyni zamanda yeni öyrənməyə başlayan istənilən yaş qrupundan olan şəxslər üçün nəzərdə tutulmuş “39 Həftə” – “39 Weeks” kimi tanınan məşhur ingilis dili üçün xüsusi proqramın və Azərbaycan Respublikasının Milli Qəhrəmanı Gizir Mübariz İbrahimovun əziz xatirəsinə həsr olunmuş “ Oriyentir ulduzu”  (povest) kitabının müəllifidir. Zaur Ustac və onun əsərləri  haqqında aşağıdakı kitablar yazılıb:1. Hacıxanım AİDA    “ÖMRÜN ANLARI ”  Bakı – 2018. 2.Hacıxanım AİDA    “OTUZ ŞEİR, OTUZ FİKİR ”  Bakı – 2018. 3.Kamal Camalov    “Əliş və Anna haqqında ”  Bakı – 2019.   4. Gülü “ZAUR  USTAC”        Bakı – 2020. 5.Qələndər Xaçınçaylı “TACLI  ŞAİR”   Bakı – 2020.
6. Ayətxan ZİYAD “Zaur Ustacın uşaq dünyasıl” Bakı – 2021

Mənbələr:

a) zaurustac.tr.gg

b) ek.anl.az

ƏLAVƏ MƏLUMAT:


Zaur Ustac
ın  Mucrunesriyyati.az saytında satışda olan kitabları haqqında məlumat:

  1. Mucrunesriyyati.az , 1. Arxiv: Archive.vn

ZAUR USTACIN YAZILARI



YAZARLAR.AZ

===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və  WWW.BİTİK.AZ >>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

ZAUR USTAC NAİBƏ YUSİFƏ “ZİYADAR” MÜKAFATINI TƏQDİM EDƏRKƏN

ZAUR USTAC “ZİYADAR” MÜKAFATINI NAİBƏ YUSİFƏ TƏQDİM EDƏRKƏN (27.07.2021-BAKI.)

Bakı şəhərində yerləşən Azərkitab kitab təbliğatı mərkəzində Naibə Yusif yeni nəşr olunmuş “Gülün yarpıza dönsün” kitabına görə “Ziyadar” mükafatı ilə təltif olunub. Diplomu yazarlar adından “Yazarlar” jurnalının baş redaktoru şair-publisist Zaur Ustac müəllifə təqdim edib.

Müəllif: Yasəmən ATƏŞ

YASƏMƏN ATƏŞİN DİGƏR YAZILARI



YAZARLAR.AZ

===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və  WWW.BİTİK.AZ >>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

DUYĞULARIN ADI OLMUR… – SƏMA MUĞANNA YAZIR

Səma MUĞANNA – gənc yazar.

SƏMA MUĞANNANIN ADSIZ YAZILAR SİLSİLƏSİNDƏN

Eşqdən qaç söyləmirəm,amma mənə sev söyləmə.Mən sevməyi öyrənə bilmədim.Quş olub uçdum göy üzünün ən dərinliklərinə.Niyə unutdun,eşqin qəlbini sənə bəxş etmişdim axı,ondan sevgidən məhrum qaldım.Ən səssiz qapının küncündə gözləyən kiçik körpənin fırtına dolusu idi qəlbim.Necə sevə bilərəm axı?

* * *

Susqunluğumla belə qəlbim üsyan edərdi,zülmətim isə ölümə məhkum olunmuşdu.Unutmadım,sənin də gözlərin yollarda qalmışdı,eynən mənim kimi.

* * *

Səssiz küçələrdə sabah da olsa,qaranlıqdı,çünki insanları görmürdüm.Gözlərim kor idi.Ətrafımda olan ancaq eskizlə çəkilmiş rəsmlər idi.Səsini eşitdim o an.Qulaqlarıma fısıldadılar elə bil,özümü  unutdum.Yaddaşımda soyuq qış fəslini,kainatda var olmayan xəyallarımı unutdum.Unutdum…

* * *

Yaşadım.Heç uyumadığım röya qədər uzun,heç söylənməyən mahnılar qədər səssiz yaşadım.İçimdən axan qan könül yarasıymış məgər.Əslində bu bir qara sevda,lakin peşman deyiləm.Bəyaz və siyaha bürünmüş yoxluğundu məni incidən.Başqa heç bir şey.

* * *

Saçlarım dağılmış,əllərim donmuş.Sanki böyük savaş idi o gün:saat 19:45.Yorulmadan o dənizin səsini duyaraq irəlilədim.Çox səssiz idi,məni görmüşdü ondanmı belə idi? Bilmirəm.Evimə dönmək istəmədim o an.Sanki dönsəm…Sanki dönsəm xəyallar o dənizdəcə boğulacaq kimi hiss etdim.Xəyallarımmı boğulacaq,yoxsa bizmi? Kim? Kim axı…

* * *

Qürbətmi? Mən artıq o nağıllar qapısından çıxıb getdim-dedin mənə.Əslində qürbət insanlar deyil,mən özüm idim.Sənə də qəlbimdə yoxsan,heçsən deyə bilmərəm ki,əslində mənimləsən,içimdəsən.Məni qürbətə yolçu edən o zalım sənsən…

* * *

“Sən kəsmə” söylədin deyə kəsmədim saçlarımı.O saçlar hərdən simamı gizlətmək,hərdən də gözəl görünmək üçün deyildi.O saçlar sənin gözlərinə işıq idi.O işığı yox etməmək üçün kəsilməmişdi.Sənin dünyanı bürüməmək üçün,yanan çırağının sönməməsi üçün kəsilməmişdi.İçindəki kiçik körpə ölməsin deyə kəsilməmişdi,çünki səninki sevgi deyil,İlahi Eşq idi.Yanan çıraq-mənim gözlərim,kabusa bürünmüş dünya-baxışlarım,kiçik körpə isə saçlarım idi

* * *

Dalğalar almışsa sözlərimi,mənə haramdır yuxu! Gözlərim yol çəkən qələmimə dikib baxışlarını izləyərkən,mən səhəri bərk-bərk qucaqlayan günəşi seyr edirəm! Yuxusuzluğa məhkumdur yazarlar.Sirr doludur…Gecəni əllərinə alıb,zülmət qoxan otaqları məhv edənlərdir! Bir az dəli-dolu,bir az da susqunluğu nəfəslərində öldürənlərdir!

Müəllif: Səma MUĞANNA


SƏMA MUĞANNANIN DİGƏR YAZILARI


YAZARLAR.AZ

===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və  WWW.BİTİK.AZ >>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

SƏNUBƏRİN TALEYİ – SONA ABBASƏLİQIZI

Sona ABBASƏLİQIZI – şair, yazıçı, jurnalist.

SƏNUBƏRİN TALEYİ

(roman)

   Kərim kişinin ailəsi maddi vəziyyətinə görə ortabab  yaşayış tərzinə malik olan, yüksək təlim-tərbiyəsi ilə kənddə hər kəsə nümunə göstərilə biləcək atadan, anadan, bir qız və iki oğul övladından ibarət idi.Evin böyük övladı Sənubər idi, ondan sonra da iki qardaşı
doğulmuşdu.Ailə başçısı övladlarını çox sevsə də, çalışardı ki, bunu övladlarına çox da hiss etdirməsin.O, qızının təlim-tərbiyəsini anası Almaz xanıma həvalə etsə də, özü də uzaqdan-yaxından nəzarət
edirdi.Bu evdə təhsilə çox önəm verilirdi. Sənubər dərslərini yaxşı oxumaqla bərabər həm də
ev işlərində anasına kömək edirdi. 
  Kənd yerində işlər bitib-tükənmək bilmir ki… Təsərrüfat
işləri də bir yandan…(Üstəlik də o    
zamanlar kəndlərin bir çoxunda meyvə-tərəvəz satılan dükanlar belə yox idi).
 Yaz gələr-gəlməz bağ-bağçada ailənin ehtiyaclarını ödəmək üçün xiyar, pomidor, badımcan və s. tərəvəzlərin
ya toxumu, ya da şitilləri basdırılır, becərilirdi ki, yayda ailə lazımi tərəvəzlə təmin olunsun.Yayda və
payızda isə işlər ikiqat artırdı.Yetişən meyvələrin mürəbbəsini, rıçalını hazırlamaq, doşab,
bəhməz tədarük etmək qadınların böyük əməyi sayəsində ərsəyə gətirilirdi.
  Həmişə olduğu kimi bu gün də Sənubər anasıyla bərabər sübh tezdən oyanmış, həyət-bacaya su səpib süpürmüş,
anası inəyi sağana kimi çay dəmləmişdi, kürsülü eyvanda yerə süfrə açıb anasını və hələ də
yataqdan qalxmaq bilməyən qardaşlarını gözləyirdi.Atası adətən işə alaqaranlıqda gedirdi.Kolxoz işləri gün çıxmamışdan ta gecə ötənə qədər davam edirdi, bu ailə üçün qış ayları da daxil olmaqla ilin bütün
fəsillərində belə bitirdi günlər.Kolxoz idarəsinin yerləşdiyi böyük meydanda hər kəsə xidmət göstərən yeməkxanada
işləyirdi Sənubərin atası.Hətta o yeməkxana Kərimin adıyla tanınmışdı kənddə.Kimsə yeməyə gedəndə “Kərimin yanına gedirəm” deyirdi.Kərim sakit, üzüyola, əhmətsevər, böyük-kiçik yeri bilən birisi idi.Onun nə zamansa hündürdən danışdığını kimsə eşitməmişdi.
  Qardaşlarını səsləyib oyadan Sənubər anasının yubanmasından narahat olmağa başlamışdı.Bir-iki
ağız  “Ana, ay ana” – deyə səsləsə də, anasından cavab almadı.Düşüb tövləyə sarı getdi.Yenə
anasını çağırdı, amma cavab gəlmədi, ürəyi uçundu.Yaxınlaşıb tövlənin qapısını
açanda gözlərinə inanmadı, qorxudan, həyəcandan ağlı başından uçdu.Anası yerdə bayılmış
halda xırıldayırdı.Ağzından köpük gəlirdi.Süd kuzəsi yanakı vəziyyətdə yerə aşmış, süd yerə dağılmışdı.Alagöz inək
ipdə dartınan buzovuna yaxınlaşıb balasını diliylə yalayır, buzov da anasının əmcəyini dartışdırır,
ağızdolusu süd əmirdi.Sənubərin dəhşətli səslə “Anaaaaaa” deyə çığırtısına qardaşları da, qonşular da qaçıb gəldilər.Qız çaşqınlıqla gözüyumulu halda yerdə uzanmış, bənizi ağarmış anasını
qucaqlayıb qaldırmağa çalışırdı.Səsə özünü yetirən qonşu qadın onu səssiz halda yerə uzanmış
anasından bir qədər uzaqlaşdırdı, oğluna: “tez qaçın, Yaqub həkimi buraya gətirin” – dedi.Oğlan
təlaşlı, qorxmuş halda həkimin evinə sarı qaçdı.Çox uzaqlaşmamışdı ki, Yaqub həkimin
məhlə içi torpaq yolla xəstəxanaya sarı getdiyini gördü və “doxtur, doxtur” deyə səsləndi.
Səsə dönən Əyyub həkim təəccüblə onu səsləyən oğlana baxdı:
– Hə, Əziz, nə olub? Məni çağırdın?
– Doxtur, anama nə oldu, bilmirəm.Tövlədə yıxılıb, gözünü də yumub, eləcə xırıldayır.
Əyyub həkim eşitdiyi xəbərdən heyrətə düşdü, cəld hərəkətlə uşağa sarı addımladı, onunla birlikdə onların həyətindən
içəri girdi.Əziz həkimi anasının yıxıldığı yerə apardı.Artıq qonşular hadisə yerinə axışmışdılar.Əyyub əslində ali təhsilli həkim deyildi, kiçik feldşer idi.Amma uzun müddət xəstəxanada yaxşı
həkimlərlə çiyin-çiyinə işlədiyi və  kənd əhalisinin çağırışlarına getdiyi üçün təcrübəsi çox idi.El
arasında böyükdən-kiçiyə hamı ona  “Əyyub həkim” deyə müraciət edirdi.O, Almaza yaxınlaşanda artıq
xırıltı da kəsilmişdi.Əyilib qadının nəbzini tutdu, dinlədi.Sonra göz qapaqlarını dartıb
bəbəklərinə baxdı və bir an susdu.Hər kəsin ona baxdığını, ondan cavab gözlədiyini görən Əyyub
üzünü Əzizə və cavan uşaqlara tutub: “tez köməkləşib burdan götürmək, ehtiyatla evə aparmaq
lazımdır” dedi. Bir neçə nəfər köməkləşib qadını yerdən götürdülər, əlləri üstə evə apardılar.Tez yerə yataq atıb
xəstəni ehmalca yatağa uzatdılar.Almaz heç qımıldanmadı da.Sənubər gah hündürdən, gah da alçaq səslə
için-için ağlayır, imdad gözləyən çarəsiz gözlərini hər kəsin üzündə gəzdirib ümidverici cavab
axtarırdı.Bazar günü olduğundan xəstəxanada növbətçi tibb işçilərindən başqa kimsə yox idi.Əyyub həkim qonşu kənddə yaşayan həkimi çağırtdırmaq üçün telefona yaxınlaşdı.Zəng eləyib
həkimə vəziyyəti danışdı və təcili gəlməsini xahiş elədi.Əyyub bu kənddə doğulub böyümüş, 55
yaşına bu kənddə çatmışdı.Kəndin qocalı-cavanlı bütün sakinlərinin həm xarakterini, həm
xəstəliklərini demək olar ki, əzbər bilirdi.Almazın daim yüksək qan təzyiqindən əziyyət çəkdiyini
də, hazırda beyninə qan sızdığını, ölüm şoku keçirdiyini, nəfəsinin olmadığını da gözəl bilirdi.Amma bunu bildirməyə tələsmir, həm həkimin, həm ev sahibinin gəlməsini gözləyirdi.Almazın
kiçik oğlu Rəhimi qonşular artıq atasının çağırmaq üçün qaçırmışdılar.Rəhim həyəcandan necə qaçdığını, özünü atasına necə yetirdiyini özü də bilmədi. 
  Yeməkxanadan içəri girər-girməz kimsəyə fikir vermədən ucadan atasını səslədi.Oğlunu görən Kərimin uşağın təhər-
tövründən nəsə yaxşı bir şey olmadığını anlamaması qeyri-mümkün idi. Sanki ürəyi ağzına gəldi:
– A bala, nə olub? Niyə belə həyəcanlısan?!
– Ata, tez gəl, Əyyub doxtur dedi atanı çağır, tez gəlsin.Anama nəsə olub.Ölü kimi
gözlərini yumub, qalıb.
– Nəəə!!! 
  Kişinin dizləri tutuldu sanki.Səsi boğazında qurudu.Gözünü döyə-döyə xeyli
uşağa baxdı.Handan-hana özünə gəlib, ağ yaxalığını çıxarıb atdı.
 – Zəfər, buralara bax, görüm nə olub evdə, – deyə arxasına da baxmadan iti addımlarla
uzaqlaşdı.Arxadan kolxoz sədrinin sürücüsü onu səslədi:
 – Gəl otur maşınla gedək.Ayaqla nə zamana gedib çıxarsan?
  Başını itirmiş Kərim: -Həə, haqlısan, gedək, -deyə maşına mindi.
  Onlar evə çatanda artıq həyət adamla dolmuşdu.Almaz illərin yorğunu kimi dərin yuxuya
getmişdi sanki.Kərim dünya görmüş adam idi.Qadının üzünə baxan kimi vəziyyəti anladı, şimşək
vurmuş ağac kimi diz üstə çökdü.Gözləri Sənubəri axtardı.Qızının məhzun, qorxaq, təlaşlı
üzünə baxa bilmədi.Üzünü Əyyuba tutub:- “Doxtur, evim yıxılıb?” deyə titrək səslə soruşdu.
Əyyub da asta səslə “ Əşrəf doxtura zəng vurdum, harda olsa, o da gələr indi”, dedi.
Doğrudan da çox çəkmədi ki, qonşu kənddən həkim gəldi.Adamlar çəkilib həkimə yol açdılar.Həkim ümumi salam verib, xəstəyə yaxınlaşdı.Zəndlə xəstənin üzünə baxıb nəbzini tutdu.Bir
dəqiqə dinləyib xəstənin üstünə örtülmüş ipək örtüyü onun üzünə çəkdi və üzünü Kərimə tutub:
“Allah rəhmət eləsin” dedi.
  Həmin anın dəhşətini yalnız əzizini itirmiş insanlar anlaya bilərlər.Sənubərin naləsi
kəndi başına götürdü.Kərim dizi üstə çökmüş halda başını qucaqlayıb “Allah” deyə inildəyirdi.Qonşu qadınlar bacı qayğısı ilə  “Almaz, Almaz” deyib qan-yaş tökdülər.Qardaşlar çaşqın
halda ananın ayaqlarını qucub hönkürtüylə ağlaşırdılar.Həkimlər kənarda söhbətləşirdilər.Əşrəf həkim Əyyuba: “ola bilməz ki, sən vəziyyəti
anlamamış olasan” deyirdi. Əyyub da öz növbəsində: “Anlamışdım görən kimi.Amma məndən
deyil, səndən duysunlar istədim” dedi.
 Kənd yerinin qaydalarına, adət-ənənələrinə uyğun olaraq qohumlar, qonşular, tanışlar, bir sözlə bütün
kənd əhli Kərimin əlini ağdan-qaraya vurmasına imkan vermədilər.Necə lazımdırsa, mərhumun
məclisini yola verdilər.Qırx gün qonşu qadınlar öz əzizlərini itirmiş kimi yas saxlKərimar, Sənubərin
ətrafında oldular, öz övladları kimi təsəlli etdilər.Amma nə olur-olsun, Sənubər bir an anasını unuda, ovuna bilmədi.Bütün gənclik
sevinci, nəşəsi anasıyla getdi.Qızcığaz evin, bağ-bağçanın hər küncündə anasını görür, anasının səsini
eşidirdi…
  Anası rəhmətə gedəndə Sənubər doqquzuncu sinfi bitirib onuncu sinfə keçmişdi.Yay tətili
başlamışdı.Orta məktəbi bitirib tibb texnikumuna daxil olmaq istəyirdi.Dərslərini də pis oxumurdu.Atası da onun bu arzusuna dəstək vermişdi.Amma anasının ölümü onun bütün arzularını
öldürmüşdü.Artıq heç nəyə həvəsi qalmamışdı.Hətta ev işlərini, yır-yığış, biş-düş işlərini də
məcburi, könülsüz yerinə yetirirdi.İstəmirdi atasının, qardaşlarının yeməyi geciksin, üst-başları çirkli, ev-eşik natəmiz, səliqəsiz olsun.Elə bilirdi anası haradansa baxır, bunları görsə, ruhu ondan
inciyər.Sanki anasının könlünü xoş etmək istəyilə görürdü bütün işləri.Anasının ölümündən
keçən qısa müddətdə atası on il qocalmışdı elə bil.Qardaşlarının da əvvəlki şən, səsli-küylü
hallarından əsər-əlamət qalmamışdı.Əvvəl bir işi görüncə on dəfə mübahisə edər, gah dalaşar,
gah barışardılar.İndi hər kəs üzərinə düşən işi mübahisəsiz yerinə yetirir, bir-birinə dayaq olmağa
çalışır, sanki dərdin ağırlığını bu yolla yüngülləşdirirdilər.Yay fəsli olduğu üçün Kərimin işləri gec
qurtarır, bəzən evə də gecədən xeyli keçmiş gəlib çıxırdı.Uşaqları oyatmamağa çalışsa da, Sənubər çox zaman oyaq olur, bəlkə atasının sözü olar deyə, onu gözləyirdi.
  Beləcə aylar ötdü.Sentyabr ayı yetişsə də, Sənubər məktəbə getməyə hazırlaşmırdı.Atası:
 “A bala, hansı kitabları almaq lazımdır, yaz bir kağıza, rayon mərkəzinə gedənlərə
aldırım.Ayaqqabınız, əyin-başınız, nəyiniz əskikdirsə, ölçülərini yaz, işdən bir gün zaman ayırım,
gedib alaq” deyirdi. 
  Sənubər:
“Yox, ata, mən qərar vermişəm, məktəbə getməyəcəyəm.Doqquzilliyi bitirdim,
yetər.Qardaşlarımla gedib alarsız nə lazımdırsa.Mən evin işlərini ancaq çatdırıram.Oxumaq
bitdi mənimçün” dedi.Kərim kişi susqun halda xeyli oturdu, gözünü uzaqlara dikib nəyisə götür-qoy etdi.”Elədir, qızım, haqlısan. üç kişinin əzab-əziyyətini yükləmişik sənə.Allah səni xoşbəxt
eləsin.Almazım tez tərk elədi bizi, heyf” dedi və dərindən köks ötürdü.Sənubər də göz
yaşlarını atasından gizlətmək üçün içəri girdi, otaqda gizli-gizli xeyli ağlayıb ürəyini boşaltdı.
  Həyat öz axarıyla gedirdi.Səhər ala-torandan atası işə, qardaşları məktəbə gedən
Sənubərin ev işləri bitmək bilmirdi.Çox sağ olsunlar qonşu qadınlar, ara-sıra ona əl yetirir,
xalça-palaz yumaqda, nehrə çalxamaqda, mürəbbə bişirməkdə yardımçı olurdular.Sənubər ev işlərində bişmişdi demək olar.Boyunun uca olması da onu yaşından böyük göstərirdi.Qonum-qonşu, hər kəs onun xətrini çox istəyirdi.Həm ağıllı, həm işli-güclü, səliqəli, həm də gözəl
qız idi.Çoxlarının ürəyindən keçirdi gələcəkdə onu evində gəlin görmək.Beləcə “nağıl dili yüyürək olur” deyiblər, Almazın ili də gəlib yetişdi.Kərimin, Almazın
xətrini istəyən qohum-qardaş yığılıb elliklə il mərasimini yola verdilər, ailə başçısına, övladlarına
başsağlığı verdilər, təsəlli etdilər.
  Sənubərin ana dərdi ağır olsa da, dözümlə, mətanətlə hər işin
öhdəsindən gəlir, qardaşlarına həm ana, həm bacı olmağa, atasına dərd ortağı olmağa çalışırdı.Anası üçün darıxanda gizli ağlamağa çalışırdı ki, atası, qardaşları duymasın, üzülməsinlər.Yeməyi
vaxtında hazırlayırdı ki, anasının yoxluğunu hiss etməsinlər.İnsafən qardaşları da onu çox istəyir,
bir sözünü iki etmirdilər.Çox zaman ev işlərində də ona kömək eləməyə çalışır, biri su gətirir,
biri xalça-palazı əlindən alıb zivəyə salırdı.Qonşu Bəsti xala, demək olar ki, günün çox hissəsini
onun yanında keçirirdi.Evdə gəlini olduğu üçün arxayındı.Sənubərə sözün əsl mənasında
xalalıq edirdi.
  Bir gün qardaşları dərsdə olanda Bəsti xala:
– Sənubər, qızım, sənə bir söz deyəcəm.Bilirsən ki, səni öz doğma balam kimi istəyirəm.
 Sənubər:
– Əlbəttə, bilirəm, Bəsti xala, Allah sənə kömək olsun. Nə yaxşı ki, sən varsan.Mənə
çox yardımın dəyir.Bilmədiklərimi başa salmısan həmişə.Gücüm çatmayanda yardım etmisən.
Heç tək qalmağa qoymursan ki, çox ağlayaram.Sənin xəcalətdindən çıxa bilmərəm mən, Bəsti
xala.- dedi.
– Yox, ay bala, elə demə.Nə xəcalətlisi? Mənim başıma bir iş gəlsəydi, sənin anan bəlkə
məndən də artıq olardı mənim balalarıma.İnsan deyilikmi? Allah bilir ki, mən rəhmətlik ananı nə
qədər istəyirdim.Bacıdan artıq.Nə etmək olar, yazısı, qisməti belə imiş.Sözümə diqqətlə qulaq as, gör nə
deyirəm.Bilirsən, oğlum Hafiz əsgərlikdədir.Az qalıb, bir-iki aya xidmətini bitirib gələcək.Oğluma
məktub yazıb səni tərifləmişəm.Qonşu uşağısız, özü səni yaxşı tanıyır.Dedim əvvəl onun fikrini
öyrənim, sonra sənə deyim.Oğlum mənim fikrimə ürəkdən razıdır.İndi sən nə deyirsən? Bax, səni
tələsdirməyəcəyəm.Fikirləş bir neçə gün.Heç kimə bir söz demə.Razılığın olsa, əvvəl mənə
deyərsən, sonra ünvanını verərəm, Hafizə yazarsan.Ya da ki, razı olsan, o yazar sənə.Səni tez gəlin
aparmaq fikrim də yoxdur.Bilirəm, atana, qardaşlarına baxan olmaz.Heç olmasa, bir il nişanlı
saxlayacağam səni.Amma razılığını bilim, nişan taxım.Yoxsa gözəl-göyçək qızsan, imkan
verməzlər çox oturasan.İstəyən çox olacaq səni, bilirəm.
  Sənubəri sanki elektrik vurdu.Heç
ağlına gətirməzdi belə təklifi.Hafizin əsgərlikdən qabaq harda görsə, ona çox diqqətlə
baxdığını, küçədən hər keçəndə tez-tez salam verdiyini xatırlasa da, ağlına başqa şey
gətirməmişdi.Bir də onda Sənubərin 15 yaşı vardı.Ona qalsa, qonşuda, məktəbdə çox oğlanlar
ona elə uzun-uzadı baxır, nəsə soruşur, diqqətini çəkməyə çalışırdılar.O vaxtlar belə baxışlar
xoşuna gəlsə də, anası dünyasını dəyişəndən sonra hər şey gözündən düşmüşdü, özünü belə söhbətlər ona
aid deyilmiş kimi hiss edirdi.Sükutu Bəsti xala pozdu:
  ‐Nə yaman fikrə getdin, ay bala? Açığı bu barədə rəhmətlik
ananla da söhbətim olmuşdu.
 Sənubər anasının adını eşitcək onun sözünü kəsib həyəcanla
soruşdu:
– Nə demişdi anam?
– Allah rəhmət eləsin. Nur içində yatsın.Düzünü deyəcəm, o, haqq dünyasındadır.Nə hə
demişdi, nə də yox.Onu başa düşdüm.Qız anasıydı.Tez razı ola bilməzdi ki… Dedi hələ uşaqdır
Sənubər. Böyüsün, baxarıq, qismətdə varsa, Hafizdən artığına verməyəcəyəm ki…
Sənubər xeyli susub, utancaq halda: 
 – Bəsti xala, sağ-salamat gəlsin oğlun inşallah.Amma mən ən azı beş il də indən sonra ərə getməyi düşünmürəm, atama, qardaşlarıma görə.İnciməyin, – dedi.
 Bəsti xala təmkinlə başını buladı:
-Yox, qızım, elə demə, sənin kimi bir qızı qoymazlar oturasan evdə.Kənd yeridir.O qədər
istəyən olacaq ki, sən istəməsən də, qaçırdarlar səni.And olsun Allahın böyüklüyünə ki,
sənin taleyin üçün bir ana kimi narahat oluram.Hansısa bir qədirbilməzin əlinə düşməyini istəmirəm.Həm bacım qədər çox istədiyim Almazın yadigarısan, həm də üzünə demək
olmasın, dosta qismət olası balasan.Maşallah, ağlın, tərbiyən yerində, gözəlliyin, boyun, camalın
yerində.Kənd yeridir, qız bir az böyüdüsə, hər yetən maraqlanır.Layiq olan-olmayan ağlını
oğurlayar.
 Bu sözlər Sənubərin xoşuna gəlməsə də, büruzə vermədi.Ürəyində “kimin nə həddi var
mənim ağlımı oğurlasın?” – deyə düşündü.Hələ nə görmüşdü ki? Həyatın bərkindən, boşundan xəbəri yox idi demək olar Sənubərin. Odur ki, Bəsti xalanın sözlərini çox da ürəyinə salmadı.Düşündü
ki, oğluna görə çalışır.O söhbətdən xeyli zaman keçdi.Nə Bəsti xala, nə də Sənubər o söhbətə bir də qayıtmadılar.Hafiz əsgərlikdən gəldi.Daha Sənubərə əvvəlki kimi açıq-aşkar, uzun-uzadı baxmırdı.Ağırbaşlı aparırdı özünü.Hərdən atası, qardaşları həyətdə olanda Hafiz qısa müddətə onların yanına gəlir,
özünü Sənubəri görmürmüş kimi aparır və tez də çıxıb gedirdi.
  Bir gün Xalisə bibisi onlara gəldi.Sənubər bibisinin axşamüstü gəlməsindən anladı ki,
gecə onlarda qalacaq və buna çox sevindi.Çünki atası evə gec də, tez də gəlsə, kimsəylə söhbət
etmir, ordan-burdan söz soruşub susur, “mən yatacağam”, deyib otağa çəkilirdi.Bibisinin
qalmağına ona görə sevinirdi ki, atası da danışar, dərdləşər, bəlkə bir sözü-söhbəti var, bibisinin vasitəsilə öyrənər.
  Gecə yeməkdən sonra Xalisə qalmağının səbəbini açdı:
 – Ay Kərim, deyirəm, Allah qəni-qəni rəhmət eləsin Almazı.Çox yaxşı inşan idi.Heç
incikliyimiz, narazılığımız olmadı onunla.Mələk kimi qadın idi.Üç dənə də gül kimi bala verdi bizə.Ruhu şad olsun. Amma sən də cavansan.Bu qızcığaz da ev işləri görməkdən əldən düşüb.Bir də
sabah, o biri gün birinə qoşulub getsə, siz  üç kişi bu damın altında yalqız qalacaqsınız.Bunun çörək
bişirməsi, yemək bişirməsi, əyin-başınızın yuyulması, evin təmizlənməsi var.Bu qız ömürlük
sizinlə oturası deyil ki… Yəni, deyirəm gəl bir abırlı-həyalı, yaşına uyğun dul bir qadın tapıb
evləndirək səni.Ya özün tap birini, biz gedək, araşdıraq, fikrini öyrənək.Ya da icazə ver, mən tapım.Kərim kişi bu sözü gözləyirmiş kimi səbrlə dinlədi.Əvvəl xeyli susdu, sonra başını qaldırıb,
bacısının üzünə baxaraq: “Can bacı, mən bilirəm, sən bizi düşünüb bu sözü deyirsən, ürəyin yanır.
Sən dedin, mən eşitdim.İndi də mən deyim, sən dinlə.Səni and verirəm bizi Yaradana, 
əvvəlinci və sonuncu söhbətimiz olsun bu haqda.Bir də belə söhbət olmasın bu evdə.Əlbəttə,
mən razı olmaram ki, qızım bizdən ötəri saçını ağ hörsün, ailə qurmasın.Elə şey ola bilməz.İnşallah zamanı gələndə, bir halal süd əmmiş qapımızı döyəndə verəcəm getsin.Ailə, uşaq sahibi
olsun.Mən də, qardaşları da öyrənəcəyik paltar yumağı, ev təmizləməyi.Yemək bişirməyimi də
özün hər kəsdən yaxşı bilirsən.Sənubər gedəndə inəyi də ona cehiz verəcəm, – deyib güldü. –
Amma mən Almazdan sonra bu evə qadın gətirmərəm. Vəssalam. Bitdi”.
  Xalisənin bacı ürəyi
sıxılsa da, qardaşının sözübütövlüyünü yaxşı bilirdi.Odur ki, ta sözü uzatmadı.Bu söhbət birinci və
axırıncı oldu Kərimin evində.
  Aylar bir-birini əvəz etdikcə Sənubər daha da gözəlləşir, püxtələşirdi.Cazibədar, boylu-
buxunlu, qara gözlü gözəl qız görənləri valeh eləyirdi.Qadınlar belə onu çox bəyənirdilər, nəinki
gənc oğlanlar.Artıq kənddə gənclər öz aralarında onun haqqında danışırdılar.Belə gənclərdən
biri də Cəmil idi.Cəmil kolxozun anbarında sürücü işləyirdi.Cəld, işinin öhdəsindən gələn, dilli-dilavər Cəmil ucaboylu, qarayanız gənc idi.Cəmil əvvəllər də bir-iki gözəl qızın adını çəkmişdi, elçi
göndərmək istəmişdi anasını.Anası Ətayə xanım çox təkəbbürlü, kimsəni bəyənməyən, özündənrazı savadsız kənd qadını olsa da, evdə hökm sahibiydi.Əri Nəriman Allahın dilsiz-ağızsız
məzlumuydu.Odur ki, Cəmil yaxşı bilirdi ki, ailə quracağı qızı ilk növbədə anası bəyənməlidir.Anasının könlü
olmasa, xeyri yoxdur.Kimsə onu razı sala bilməz.Nəhayət çox fikirləşib qərara gəldi ki, anasını
yumşaltsın.
 Axşamüstü anasının inək sağdığını görüb ona yaxınlaşdı.Bir az ordan-burdan xoş
sözlər deyib, halını-əhvalını öyrənirmiş kimi özünü sevdirməyə çalışan Cəmil, qəfil:
– Ay ana, Kərimin qızını tanıyırsan da…Deyirlər çox ağıllı, işgüzar qızdır.Sən
görmüsən axır zamanlar onu?
  Ətayə arvad sözü havada tutdu, amma özünü avamlığa vurub:
– Yox, görməmişəm. hara çıxıram ki… Allah saxlasın, ay bala. Bizə nə xalqın uşağından? –
dedi.Cəmil də anasının məramını gözəl anladı, odur ki, sözü uzatmadı.Bu söhbətdən bir neçə
gün keçdi, bu dəfə Ətayə özü söz saldı: –   -Həə, mən də maraqlanmışam.Yaxşı uşaqdır Kərimin qızı.Axşama kimi işində-gücündə.Nə qapıya çıxır, nə də kimsəyə qoşulmur. İstəyirəm Almazın
ruhuna fatihə oxumaq adıyla bir baş çəkim onlara.Nə də olsa, ellimizdir.
  Cəmilin çiçəyi çırtladı:
 – Hə, ana, get gör. Yaxşı olar.
    Sənubər həmişəki kimi yenə bitib-tükənməyən ev işləri ilə məşğulkən, küçədən kiminsə
onu səslədiyini eşitdi.Həyətə düşəndə Ətayə arvadın onların qapısında durduğunu gördü. Tez
qapının cəftəsini açıb qadını evə dəvət elədi.Ətayə çoxdanın istəklisi kimi Sənubərin üz-
gözündən öpüb hal-əhval tutdu, atasını, qardaşlarını soruşdu, anasına rəhmət oxudu, salavat çevirdi.Sənubər tez artırmaya salınmış palazın üstünə döşəkçə atıb qəfil gələn qonağa yer göstərdi.
 Ətayə dil boğaza qoymadan Sənubərə suallar yağdırırdı.Atasının işdən saat neçədə
gəlməsindən tutmuş, Kərimin niyə evlənməməsinə kimi… bu evə qonşulardan kimlər gəlir-gedir və sairə yersiz suallar…Qız bəzilərinə cavab versə də, bəzilərini eşitməzdən gəlirdi.Axırda da qəfil
qonağın:  “Ay qızım, sənə elçi gəlib-gedirmi heç?” – deyə qəfil də sual verməsi onun yersiz,
anlaşılmaz suallarından çaş-baş qalan Sənubəri tamam yordu,
 bu sualdan özünü tamam itirdi.
   “Yox, mənim nə
yaşım var ki, Ətayə xala?” deyə həyəcanlı halda cavab verdi.
 “Niyə, ay qızım, maşallah,
yetkin qızsan.Sənin bir azca marağın olsa, o qədər istəyənin olar ki”. Söhbətin bu yerində Bəsti
xala həyətə girdi.Ətayənin qarşısında çay, döşəkçədə oturub qızı söhbətə tutması deyəsən heç
xoşuna gəlmədi Bəsti xalanın.Onu görcək Ətayə də söhbəti dəyişdi.Özünü elə apardı ki, guya
bayaqdan bütün söz-söhbət Almaza görə imiş.Almazdan, onun gəncliyindən, gəlinlik çağlarından danışmağa başladı.Bu gəlişdən Bəsti xalanın ürəyinə nəsə dammışdı elə bil, Ətayəyə
çox könülsüz, qısa cavablar verirdi və onun bu halı Sənubərin də gözündən qaçmadı.
 Ətayə bir az da oturub getdi və gedəndə də qızı bərk-bərk qucaqlayıb üz-gözündən öpdü,
“özündən muğayat ol” dedi.O gedəndən sonra Bəsti arvad sınayıcı nəzərlərlə Sənubəri süzüb:
“Bundan nə əcəb? Almaz sevən olub guya.İki ilə yaxındır o yazıq rəhmətə gedib, bircə dəfə də
qapını açmayıb, maraqlanmayıb.İndi nə yaxşı qəfil yadına düşdük?”- deyə söyləndi.
“Mən bunu çox yaxşı tanıyıram. Bu adamın üstünə qışda qar almağa getsən, verməz.İndi yadına düşüb,
ürəyiyananlıq eləyir.Hər xoş sözə, qılığa inanma, qızım.Yetimə gəl‐gəl deyən çox olar”.
 Sənubər öz aləmində idi.Ətayənin qırımını, məramını anlamağa çalışırdı.Özü də hiss edirdi ki,
Ətayənin bu gəlişi, ona dediyi xoş sözlər ürəyinə yatıb.İçində gizli bir həyəcan duyurdu.Uzaqdan‐uzağa da olsa, Cəmilin oğrun baxışlarını üzərində hiss etmişdi..Ürəyinin dərinliyində hətta bu
baxışlar xoşuna gəlmişdi, yetkin bir qız kimi qürur duymuşdu bu baxışlardan.Odur ki, Bəsti
xalanın Ətayəni qaralaması heç ürəyincə olmadı, amma büruzə də vermədi.Həyatın tərs üzünün
yalnız anasızlıq olduğunu düşünən Sənubər Bəsti xalanın ona dediklərini qavraya bilmir, hətta
ürəyinin dərinliyində qadını qınayırdı da…Yazıq qız hardan biləydi ki, qonşu qadının – həm də
ona ana əvəzi olan qadının ürəyi boşuna narahat olmayıb.Hardan biləydi ki, bu Ətayə deyilən
qadın onun həyatını qaraldacaq, ömrünü göy əskiyə bükəcək, onun kabusu olacaq.Onu nəinki ailə
səadətindən, hətta analıq hüququndan belə məhrum edəcək…bütün bunlar sonralar olacaqdı.
  Axşamüstü kənd yerlərində də işlərin tüğyan eləyən vaxtı olur adətən.Axşama yemək
tədarükü bir yandan, sürüdən qayıdan qoyun-quzunun, mal-heyvanın tövləyə buraxılması, yem
verilməsi, inəyin sağılması, buzovun əmizdirilib yenidən çatıya bağlanması o biri yandan.
  Atasının tapşırığına rəğmən kiçik qardaşı həmin ərəfədə çox vaxt evdl‐eşikdə tapılmırdı.Tay-tuşlarıyla oynamaqdan doymayan Rəhim yalnız bacısı onu haraylayanda yadına düşürdü ki, heyvanlar
gəlib, kömək eləmək lazımdır.Sənubər Rəhimi çağırmaq üçün həyət qapısını açanda Cəmilin
üstü açıq yük maşınıyla onların küçəsindən keçdiyini gördü.Cəmil maşını asta sürətlə sürür və
başını kabinədən çıxarıb qızı acgözlüklə süzürdü.Cəmillə baxışları toqquşan Sənubər həyəcanla
geri qayıdıb qapını örtdü.Çox utandı, ona elə gəldi ki, bu baxışları hər kəs gördü, hər kəs duydu.Rəhimi
də unudub eyvana qalxdı.Nə iş görəcəyini bilməyən adamlar kimi ora-bura vurnuxdu.Həyətdən
qardaşının səsini eşidəndə özünə gəldi.
– Niyə mən səsləməsəm  gəlmirsən, Rəhim, məgər sən görmədin ki, heyvanlar
gəlib?
  Əslində Cəmilin açıq-saçıq, sanki ətrafa görk edirmiş kimi saymazyana baxışları qızı qorxutmuşdu.Odur ki, həyəcanını Rəhimin yubanması ilə bağlayırdı.
  Günlər ötdükcə Cəmil artıq heç kimdən çəkinmədən Sənubərgilin küçəsindən gedib‐gəlir, gün ərzində bir
neçə dəfə yolunu onlar tərəfdən salırdı.Kənd yerində kimsənin gözündən heç nə yayınmır.Artıq
çoxları bu durumdan şübhələnməyə başlamışdılar.Bir gün səhər inəyi sağarkən necə oldusa, buzova
sarı dartılan inək Sənubərin ayağını möhkəm basdı.Ağrıdan qızın nəfəsi kəsildi, bərkdən çığırdı.Səsə dərsə getməyə hazırlaşan qardaşı yüyürüb gəldi.Sənubər süd qabını kənara qoyub ayağını
ovuşdurur, inəyin qarasınca deyinirdi. Əziz: 
‐Çox ağrıyır? – deyə soruşdu.
– Hə…Öldüm ağrıdan.Südü də tam sağa bilmədim.
– Sağmasan nə olacaq, qoy buzov əmsin.Mən heyvanı ötürərəm naxıra, sən get evə,
ayağına məlhəm qoy.
  Heyvanı ötürəndə qonşu Bəsti xala ilə qarşılaşan Əziz:
– Bəsti xala, mən sizin də heyvanı ötürərəm naxıra.Siz zəhmət olmasa, Sənubərə baxın.İnək ayağını tapdalayıb, deyə qonşu qadına xəbər etdi.
  Bəsti xala eyvana qalxanda Sənubərin axsayaraq çay dəmlədiyini gördü. 
  ‐ Ayağın
əzilib, bala, çoxmu ağrıyır? Gəl soyun ayağını, xəmir təpitmə eləyim, ağrını tez götürər.Yoxsa bütün
günü ayaqdasan, ayağın şişməsin. 
 Bəsti xala tez un, su gətirib tavada yüngül təpitmə hazırladı.Qızın ayağına təpitmə qoyub pambıq dəsmalla bağladı.
 ‐Bir az dincəl, gəzmə, ağrı çəkiləcək.Mən
gedim, bir az gəlinə əl yetirim, yenə gələrəm, ‐ dedi.
– Sağ ol, Bəsti xala, Allah səndən razı olsun.Nə yaxşı ki, varsan.
  Sənubər hiss edirdi ki, Bəsti arvad bir az incik kimidir ondan.Amma ha fikirləşirdi, səbəbini tapa
bilmirdi.Qardaşları məktəbə, atası işə getdiyinə görə bir az özünə zaman ayırdı Sənubər.Fikirləşdi ki, ayağının ağrısı çəkilənə kimi dincəlsə, yaxşı olar.Qarışıq fikirlər içində çarpayısında
xeyli dönüb durdu.Anasını düşündü, Cəmili düşündü.Bu əsnada  özü də
bilmədən yuxuya getdi.Yuxusunda anasını gördü.Anası üst-başı çirkli, əli-qolu bağlı bir otağın küncündə
oturmuş halda Allaha yalvarırdı.Sənubər onun nə dediyini ayırd edə bilməsə də, ona görə dua
elədiyini hiss edirdi yuxuda da olsa.O, ha çalışırdı, anasının əl-qolunu aça bilmirdi.Birdən
qapıdan səs gəldi, kimsə onu çağırırdı.Hövlnak yuxudan oyandı.Qan-tərin içində idi.Çağıran
Bəsti xala idi:
– Necəsən, ay qızım? Yatmışdın deyəsən, bilsəm gəlməzdim.
– Yox-yox, Bəsti xala. Yaxşı ki, gəldin, çağırdın. Çox pis yuxu görürdüm.Ürəyim
partlayacaqdı bir az da gec oyansaydım.
– Niyə, ay bala? Nə yuxu gördün ki, belə qorxmusan?
– Yazıq anamı gördüm yuxuda. Heç vaxt çirkli paltar geyinməyən anamın üst-başı tör-töküntülü, çirk içindəydi.Əl-qolu da bağlıydı.Ha çalışırdım, əl-qolunu aça bilmirdim.Dodağının
altında Allaha yalvarırdı.Hiss edirdim ki, mənim üçün yalvarır.
   Sənubər yuxusunu danışdıqca
ağlayırdı.Bəsti arvad da ona qoşulub ağladı.
– Caan … Yazıq Almaz. Ana ürəyidir. Səndən ötrü narahatdır da yazıq. Yəqin ona da ayan
olub…
  Bəsti xala sözünün dalını gətirmədi. Sənubər təəccüblə onun üzünə baxdı:
– Nəyi deyirsən, Bəsti xala, nə damıb ürəyinə? İnəyin ayağımı tapdalamasını deyirsən?
  Bəsti xala qızın saflığına rəğbətlə başını sirkələdi:
– Yox, ay qızım, başına gələn ən pis iş elə bu olsun kaş ki… Bu dəqiqə sənin elə vaxtındır
ki… Bütün gələcək həyatın, xoşbəxtliyin indi düzgün qərar verməyindən, düzgün seçim
eləməyindən asılıdır.Allah qorusun bivecdən, pis adamdan…
 Qadın sözünün ardını gətirmədi.Ah çəkib getdi.
 O söhbətin üstündən iki gün keçmişdi.Sənubər həyətdə qazan qoyub döşəkağlarını, pəncərə pərdələrini (o zamanlar evlərə gün işığı düşsün
deyə pəncərələrə yarıdan ağ bezdən pərdə çəkilərdi) yuyub-qaynadırdı.Həyət qapısı açıldı.Bəsti
xalanın qızı Sərfinaz yanında kiçik oğluyla həyətə girdi.Sərvinaz on ildən çox idi ki, qonşu rayonun
ucqar bir kəndinə, ata qohumu olan bir ailəyə gəlin köçmüşdü.Qaynanası yataq xəstəsi
olduğundan Sərfinaz ata evinə çox gec-gec gəlirdi.Sənubər onu görcək, işini buraxıb sevinclə:
– Bıyy, nə yaxşı gəlmisiz, ay Sərvinaz bacı, gün hardan çıxıb belə?
Sərvinaz da sevinclə Sənubəri qucaqladı, üz-gözündən öpüb:
– Ay maşallah! Qız, bu nə gözəllikdir belə?Hər gələndə səni tanıya bilmirəm, vallah.Çox dəyişmisən.Daha da gözəlləşmisən, maşallah.Əlbəttə, bütün gənc qızlar kimi belə sözlər Sənubərə də çox xoş gəlirdi.Utancaq halda,
bir az da nazlanaraq:
– Eee, sən də ay Sərvinaz bacı, çox da şişirtmə.
– Yox, vallahi, heç şişirdib, eləmirəm.Hətta qorxuram oğurlayarlar səni.
  Hər ikisi
ürəkdən güldü. Sənubər:
– Yəni deyirsən, Əzizin qorxusundan kimsə özündə cəsarət tapar, məni oğurlasın?
– Ehh… Ay qız, sən nə qoyub, nə axtarırsan? Oğurlamaq istəyən Əzizə baxmaz. Oğullar
var ki, Əziz xanın qızını qaçırır, qalsın ki, 16 yaşlı Əziz ola.
Sənubər tez çay dəmlədi, uşağa meyvə gətirdi, süfrəyə özü bişirdiyi mürəbbələrdən
düzdü.Sərvinaz da onun bütün hərəkətlərini ən yaxın əzizi kimi izləyirdi.Sənubər işini bitirib
süfrəyə oturdu. Sərvinaz:
– Sənubər, bilirsən, Ətayənin oğlu Cəmil kənddə cavanlar arasında söz-söhbət yayıb
sənin barəndə.Guya sənin də ona könlün var.Bu yaxınlarda anası sizə elçi düşəcək.Atan razı
olmasa, qaçıracaq səni.Yəni səndən çox arxayındır.
 Söz Sənubəri tutdu. Ürəyinin dərinliyində Cəmildən xoşu gəlsə də, belə söz-söhbət
yaydığı üçün qəzəbləndi ona.Əsəbi halda Sərvinaza:
– Sərvinaz bacı, and olsun anamın ruhuna, yalan deyir, mən onunla haçan danışdım, harda danışdım? Qətiyyən elə şey ola bilməz.Mən necə atamı ayaqlaya bilərəm, atamın rizası
olmasa, dünya dağıla, kim olur-olsun, ərə getmərəm, nə danışırsız siz? Belə Allahsızlıq olar?
Bütün kənd görür ki, mən heç qapıdan çölə çıxmıram. Çıxsam, birinci Bəsti xala görər.Bütün
günü evin işləri bitib-tükənmir.Sənubərin gözlərinə diqqətlə baxan Sərvinaz qızın sözlərinin səmimiyyətinə inandı.Anası da demişdi ki, Cəmil yalan söhbət yayır ki, başqa istəyənlərin gözündən salsın qızı. Odur ki,
daha da ürəkləndi:
– Bilirsən, Sənubər, gəlməyimin əsas səbəbi sənsən.Dünən anam qardaşımı göndərib
məni çağırtdırdı: “Durma, gəl, vacib işim var səninlə”. Mən də ona görə bir günlük gəlmişəm.
Soruşdum ki, “ay ana, nə işdir, məni belə təcili çağırmaqda xeyir ola”. Deyir: “sən cavansan,
Sənubərin fikrini öyrən, istəyirəm qardaşını nişanlayım, bir 3-4 ay sonra da toyunu eləyim, baş-
gözünü yığım bir yerə”. Açığı bura da o məqsədlə gəldim ki, biləsən, anam sizə elçi gəlmək
istəyir.
  Hər dəfə Hafizdən söz düşəndə Sənubərin halı pozulurdu.Belə söhbətlər açmırdı
onu.Hafizin abırlı, sakit, həm də yaraşıqlı oğlan olmasına baxmayaraq ürəyində ona qarşı heç bir
hiss yox idi.Hətta elə bilirdi ki, doğmaca qardaşıdır Hafiz.Çayı isitmək bəhanəsiylə
qalxmaq istəyəndə, Sərvinaz ətəyindən dartdı:
– Ay qız, mən bura çay içməyə deyil, səninlə söhbət eləməyə gəlmişəm.Anamı tanıyırsan,
Hafizi tanıyırsan. Daha nə düşünəcəksən? Həm də açığı anam sənin üçün də çox narahat olur.
Yoxsa, Hafizin evlənməsi üçün nədən tələssin ki… Sənin Ətayə kimilərə, Cəmil kimilərə yem
olmağını istəmir anam, o üzdən tələsir.Sən bizim evin gəlini olsan, elə bil ki, daim atan evində
olacaqsan, hər işlərinə əl yetirə biləcəksən.Bir də, vallahi, buna ən çox sən sevinməlisən, – deyib
ürəkdən güldü Sərvinaz. 
  – Həm ərə getmiş olursan, həm də ata evinə pasiban olursan.Daha nə
istəyirsən? Bəsti kimi də yaxşı bir insanın gəlini olacaqsan.Səni balası kimi istəyir, bilirsən.Məni
görürsən, ata evinə həsrətəm.İldə iki dəfə, uzağı üç dəfə gəlirəm atamgilə, bircə gün qalıb gedirəm.
 Taleyin tərsliyindən idi, ya nədən idisə, Sənubər belə gözəl qismətdən qaçırdı, heç xoşuna
gəlmirdi bu söhbətlər.Sanki heç sevmədiyi, xoşlamadığı bir yemək təklif olunurdu ona.Bir
az da susub sözləri ürəyində götür‐qoy edə-edə dilləndi:
 – Sərvinaz bacı, mən sizin ailəni, Bəsti xalanı nə qədər istəyirəm, bir Allah bilir.Amma,
vallah, ürəkdən deyirəm, elə bilirəm ki, Hafiz mənim doğmaca qardaşımdır.Ona görə birtəhər
gəlir mənə.Bəlkə bir həyətdə böyümüşük deyə belədir.Mənə elə gəlir ki, elə Hafiz də bu cür düşünür.Yalvarıram, inciməyin məndən, qınamayın məni, mən Hafizə başqa gözlə baxa bilmərəm.
 Sərvinaz:
– Nə deyirsən sən, nə qardaşı? Qonşuyuq. Həm də yaxşı qonşu. Xalqın qızları əmisi,
dayısı oğluna ərə gedir.Heç elə düşünmür.Mən bilmirəm, bir günlük gəlmişəm, axşam anamla,
bibimlə atanın yanına gələcəyik.Başqa söhbət yoxdur, ‐dedi və ərklə qalxdı.Sən Rəhimi göndər,
atana desin, Kərim əmi axşam evə bir qədər tez gəlsin.
 Sərvinaz gedəndən sonra Sənubər daha da narahat olmağa başladı.Ay Allah, bunlar lap
ciddiləşdirdilər işləri.Birdən atamın da saqqızını oğurlasalar, nə deyəcəyəm mən? Ha fikirləşdi,
fikirləşdi, axırda belə qərara gəldi ki, həqiqətən Rəhimi göndərib atasına çatdırsın ki, evə tez gəlsin.Axşam süfrə elə yenicə yığılmışdı ki, həyətdən səs gəldi.Sənubər anladı ki, gələn
elçilərdir, yəni Bəsti xala, qızı və baldızı ilə.
  Kənd yerində adətdəndir, qızın elçiləri qarşılamasına
yaxşı baxmırlar.Odur ki, Əziz qonaqları qarşılayıb yuxarı dəvət elədi.Sənubər artıq atasını
vəziyyətdən hali eləmişdi.Bəsti xala Kərimi çoxdan görmürdü, kişi evə gec gəlib,
sübh tezdən getdiyindən qonum-qonşuyla nadir halda, kişilərlə də yeməkxanada görüşərdi.Hal-əhvaldan, bir az ordan-burdan söhbət eləyəndən sonra birbaşa mətləbə keçdi:
– Qonşu, bilmirəm qız sənə deyib, ya yox.Gəlməkdə məqsədimiz Sənubər qızımızı
oğlum Hafiz üçün istəməkdir.Özünə də bir neçə dəfə qandırmışam.Mən sənin qızını öz bacım
balası kimi aparacam evimə.Nə qədər canım sağdır, ona kiminsə güldən ağır söz deməyinə
imkan vermərəm.Allaha şükür, Hafizi də yaxşı tanıyırsız.İşlək, çörək qazanan uşaqdır.Həm də sənə
yaxın olar qızın.Sizin də işlərinizə əl yetirər.
Siz nə deyirsiniz bu işə?
  Kərim kişi gözünün ağı-qarası bircə qızının böyüdüyünü indi hiss elədi sanki.Çox
həyəcanlandı, qəhər onu boğdu.Bir xeyli susub handan-hana:
– Mən nə deyə bilərəm, ay bacı?Səndən də, oğlundan da arxayınam.Bilirəm, mənim
balamı necə çox istədiyini.Amma can yiyəsi odur.Əsas onun fikridir.Məsləhətləşərik, bir az vaxt
verin bizə.Görüm qızın fikri nədir. Uzaq deyilsiniz ki, öyrənib danışarıq.
  Bəsti xala dünyagörmüş, ağıllı qadın idi.Kərim kişinin bu işdən məmnun olduğunu gözlərindən
oxudu.Bilirdi ki, Kərim də, bacısı Xalisə də qızın onun gəlini olmasını istəyəcəklər.Odur ki, gələnlər
söhbəti çox uzatmadan qalxdılar, “Xeyirli olsun” deyib getdilər.Sənubərin içində güclü bir təlatüm
vardı.Qərarsızlıq, qorxu hissi və mənasını çox da dərk etmədiyi güclü və anlaşılmaz vurğunluq
hissi onu çıxılmaz vəziyyətə salmışdı.Bütün gecəni səhərə qədər yatmadı, kirpiyini də yummadı, gizli-gizli
ağladı.Düşünürdü ki, anası sağ olsaydı hər şey fərqli olardı, dərdini, hisslərini onunla bölüşərdi, anasından başqa
kimsənin onu başa düşməyəcəyini bilirdi, fikirlər ona rahatlıq vermirdi.”Mən kimə anladım ki, hamının bəyəndiyi, təriflədiyi
Hafizi mən bəyənə bilmirəm, ürəyimdə ona qarşı heç bir hiss yoxdur.Amma hər kəsin pis
dediyi, məni qorxutmaq istədiyi Cəmil mənim üçün ən yaxşı inşandır.Onun adı gələndə ürəyim
yerindən qopmaq istəyir”.
  Beləcə qarışıq fikirlərlə gecəni səhər elədi Sənubər.Səhər işlərini yenicə yerbəyer eləmişdi ki, doqquz il bir sinifdə oxuduğu, çox sevdiyi
rəfiqəsi Ağgül küçədən onu səslədi.Rəfiqəsini qapıda görəndə Sənubər elə sevindi ki, elə bil
kimsə çiyinlərindən ağır bir yük qaldırdı.Sevincək səsləndi:
– Gəl, ay qız, nə yaxşı səndən, yol azmısan nədir?
– Ta neyləyək, sən ağbirçək nənə olmusan, evdən çıxmırsan, biz gələk yoxlayaq, dedim.
– Can bacı, mən necə çıxım evdən axı? Bu evin işləri bitib-tükənmir heç. Ağgül;
 – İşi
bəhanə eləmə, bəlkə qonşu oğlan icazə vermir? ‐ dedi və ucadan güldü.
   Sənubər təəccüblə onun
üzünə baxdı:
– Səndə söz var, Ağgül.Nə icazəsi, nə qonşu oğlan?
Ağgül tərs-tərs onun üzünə baxıb:
 ‐Ay qız, sən elə bilirsən kimsə bir şey bilmir? Bütün
kənd artıq sənin bu günlərdə Hafizlə nişanlanacağından danışır.Məndən niyə gizlədirsən ki? Dünən Rəhim atanı çağırıb ki, evə tez gəlsin, qonaq gələcək, ondan camaat duyuq düşüb.
 Sənubər gördü ki, gizlədiləsi bir şey qalmayıb artıq.Həm də dərdini bölməyə, məsləhət almağa adam
axtarırdı bayaqdan.Odur ki, qəlbindəkiləri anlatdı rəfiqəsinə.Vallahi, mənim Hafizə heç könlüm
yoxdur, elə bilirəm, qardaşımdır o mənim.Ağgül:
– Mən çox istərdim sən Hafizə qismət olasan. Qardaşım olsun, çox ağıllı, yaxşı oğlandır.Anası Bəsti xala da qızıl kimi inşandır.Sən özün həmişə onu tərifləmisən, səni çox istədiyini,
yaxşılıq elədiyini demisən.Daha nə istəyirsən, niyə taleyinə təpik atırsan? Kimə gedəcəksən?Ətayənin özü kimi qudurğan, qanmaz oğluna?
 Sənubər rəng verib rəng aldı.İndiyə kimi ona elə gəlirdi ki, Cəmili bəyənməyən bircə
Bəsti xaladır.Düşünürdü ki, o da yəqin oğluna görə Cəmili gözdən salmaq istəyir.İndi Ağgül
danışdıqca ona elə gəlirdi ki, Bəsti xaladır danışan.Özünü toplayıb soruşdu:
– Ağgül, niyə elə deyirsən ki? Cəmil neyləyib axı?
 Ağgül zəndlə qızın üzünə baxıb:
– Deyəsən sən doğrudan da saqqızını oğurlatmısan Cəmilə.
– Yox, ay qız, nə saqqızı.Elə özüm maraq üçün soruşdum.Yox ey, ümumiyyətlə ərə
getmək fikrim yoxdur.Nəyimə yaraşır axı… Atam, qardaşlarım necə olar? Kim baxar onlara? Kim
bişirib‐düşürər yeməklərini, əyin‐başlarını kim yuyacaq? Yox, canım, mənim ərə getməyimə
çox qalıb.Bəsti xalaya da özüm deyəcəm.Məni başa düşər.
 Ağgül də öz növbəsində rəfiqəsinə xeyli dil tökdü, başa salmağa çalışdı ki, qismətindən
qaçmasın.Bəstinin gəlini olmaq ona çox münasibdir.Hafiz də yaxşı yoldaş olar Sənubərə.Hafiz söhbətinin tamam ciddiləşdiyini görən Sənubər kiçik qardaşı Rəhimi Xalisə
bibisini çağıtdırmaq üçün onun arxasınca göndərdi.Axşamüstü bibisi qardaşı balasına qoşulub
gəldi:
– Xeyir olsun, bala, məni çağırmısan? Ürəyim qopdu.Ha yalvardım, Rəhim də bir söz
demədi.Nə olub? Xeyirdir inşallah.
Sənubər:
– Hə, bibi, vallah, heç bir narahatçılıq yoxdur.Səninlə dərdləşmək istədim, ana əvəzimsən, ‐ dedi
və ağlamsındı, ‐Qonşumuz Bəsti xalanı bilirsən də özün. İki gün əvvəl elçi  gəlmişdi atamın yanına.Bizdən cavab gözləyir.Atamın da könlü var deyəsən.Qonşu olduğu üçün, tanıdığı üçün. Amma 

mən heç ərə getmək istəmirəm.Mənim nə yaşım var ki?.. Bir də bizim evə qadın, qız lazımdır mütləq.Mən 
niyə indidən ərə gedim axı?  Mən…
  Xalisə arvad dünya görmüş, əhli-dil adamı idi.O dəqiqə anladı ki, qızın Hafizə könlü yoxdur.Odur ki, bəhanələr gəzir.Bir xeyli susdu, düşündü və birdən:
– Bibin Əyyub, düzünü de, kimsə ağlını oğurlamayıb ki? Bəlkə başqasına
könül vermisən?Gizlətmə, de, bilək.
  Sənubər fikrindəkiləri qəti inkar elədi:
– Yox, ay bibi, yox.Kimə oğurladacağam ağlımı? Əsla belə düşünməyin.Ümumiyyətlə, indi
ərə getmək istəmirəm.Bəlkə bir-iki il sonra mümkün ola bilər bu, fikirləşərəm.Bəlkə elə qismətim odur, nə bilim, amma indi istəmirəm.Səni də ona görə çağırtdırdım ki, atam sənin sözünü eşidər.Elə Bəsti xala
ilə də özün danışıb başa salarsan ki, tələsməsinlər.
 Doğrudan da haqlı idi Sənubər, onun dedikləri elə Xalisənin də ürəyindən oldu, düşündü ki, hə də, ağa durub, ağacan durub.Tələsməyə nə
hacət var? 
 -Ay oğul, ordan Bəsti xalana deyərsən ki, axşam bizə gəlsin.Denən bibimin sözü
var sənə” – deyə qardaşı oğlu Rəhimə səsləndi. 
 Axşam Bəsti xala həyat yoldaşı Teymuru da götürüb Sənubərgilə gəldi.Ürəyi
atlanırdı, çox ümidli idi şad xəbər alacağına.Çünki Xalisəynən də araları yaxşı olmuşdu həmişə.Tay-tuş idilər,
uşaqlıqları bir yerdə keçmişdi.
    Salam-əleykdən, hal-əhvaldan, çay süfrəsindən sonra söhbəti Xalisə
açdı:
– Bəsti, canım Əyyub sənə, sən mənim qardaşıma, mərhum gəlinimiz Almaza yaxşı qonşu, hətta bacıdan artıq olmusan.İki ilə yaxındır ki, Almaz dünyasını dəyişib.
   Almaz adı gələndə Xalisə arvad da, Bəsti xala da bir ağızdan “məkanı cənnət olsun” deyib kövrəldilər.
 Xalisə arvad söhbətinə davam etdi:
 – Sən bu uşaqlara analıq, xalalıq eləyirsən, qardaşıma axirət bacısı olmusan.Sənin haqqını ödəyə bilmərik.Oğlun Hafiz də gözümüzün önündə böyüyüb.Necə oğul olduğunu gözəl bilirik.Amma səndən istədiyimiz bir iş var bu məsələ ilə bağlı.Mümkünsə bir az tələsmə.Zaman ver bu uşaqlara.Qız da gözünün
qabağındadır.Biz sənə arxayınıq.Sən olan yerdə kim bizim bağa daş ata bilər?! – dedi və güldü.
Bəsti də keçici bir təbəssümlə gülümsəyib xeyli susdu.Handan-hana:
– Bilirsiniz, mənim tələsməyim oğluma görə deyil ki… Qıza görədir.Gözəl-göyçək,  ağıllı-kamallı
qızdır.İstəyəni çoxdur, bilirəm.Kimsə fikrini çaşdırar.Sonradan təəssüflənməkdənsə, indidən bir tədbir görmək istədim, yenə də siz
bilərsiniz, qız sahibi sizsiniz.
 – Mən bu gün Sənubərlə hərtərəfli söhbət eləmişəm.Ta sirrini mənə də deməsə kimə
deyəcək? And-aman eləyir ki, kim olur-olsun, hələ ki, ərə getmək fikri yoxdur.
  Bununla da söhbət yekunlaşdı.Bəsti xalagil bir müddət gözləmək qərarına gəldilər, sağollaşıb getdilər.
  Bir müddət qonşular arasına doğrudan da sakitlik çökdü.Hər kəs öz gündəlik yaşamına
davam etməkdə, əvvəlki səmimi qonşuluq münasibətində ikən Ətayə hardansa duyuq düşdü ki,
Bəsti Kərimin qızına elçi düşüb və bir müddət gözləmək vədi alıb.Axşam Cəmil evə gələn kimi
anası:
– Cəmil, nə oldu, sənin bu qız məsələn? Heç səsin çıxmır?
Cəmil narazı-narazı dilləndi:
– Məndən niyə soruşursan, ay ana?Sən nə zaman getdin qız qapısına, mən evlənmədim?
 Ətayə düşündü ki, oğlu düz deyir.Qərara gəldi ki, yaxın günlərin birində Kərimin qızına elçi düşsün.Sənubər isə özünü çox rahat, əmin-amanlıqda hiss edirdi. “Ta Bəsti xala tez-tez söz salmaz”‐ deyə düşünürdü.Bu fikirlə də bu gün erkəndən çox həvəslə girişmişdi ev işlərinə.Yorğan-döşəyi, xalça-palazı tökmüşdü zivələrə ki, hava dəysin.
 O zamanlar kənd evlərinin döşəməsi
rənglənməzdi.Qız-gəlinlər dəmir telli sürtkəclərlə döşəməni  yuyub-təmizləyərdilər,
döşəmələrin
daha təmiz görünməsi üçün bir-biriylə bəhsə girərdilər sanki.Sənubərin ev işlərinə, təmizliyinə
kimsə irad tuta bilməzdi.Ağlı kəsən gündən anasını işgüzarlığından, təmizkarlığından nümunə götürmüş,
onun  “tökdüklərini yığmışdı”.
 Başı ciddi halda işə qarışan Sənubər həyət qapısının səsinə çönəndə Ətayəni yanında iki
qadınla həyətə girən gördü.
 – Ay ev yiyəsi, kim var evdə?
Həyəcandan qızın dili topuq çaldı:
– Salam. Mənəm evdə, başqa kimsə də yoxdur.
– Canın sağ olsun.Elə bizə də sən lazımsan, ay dilbər.
 Ətayə qızı qucaqlayıb, bərk-bərk özünə sıxdı, üz-gözündən öpdü.Dəvət gözləmədən
yanındakı qadınlara da əliylə yuxarı çıxmağa işarə verdi.
– Qızım, gəlişimizin səbəbini başa düşmüş olarsan yəqin.Mənim Cəmilim səni çox istəyir.Mən də istəyirəm ki, övladım istədiyi qızla evlənsin.Allaha şükür, özün bilirsən ki, mənim
balam necə ağıllı, yaraşıqlı oğlandır, pul qazanandır.Kənd qızlarından hansının adını çəksəm,
sevinə-sevinə gələr Cəmilim üçün.Amma o, səni istəyir.
  Ətayə arvad dil boğaza qoymadan danışırdı, eyni vaxtda gözü evin künc-bucağını,
tavanını, hər tərəfi gəzirdi.Sanki Sənubərin təmizkarlığına qiymət verməyə gəlmişdi.Yanındakı qadınlardan biri eynən Ətayəyə oxşayırdı.Sənubər düşündü: “bacısıdır yəqin”. 
 ‐ Mən çay
dəmləyim, gəlirəm, – deyə Sənubər qalxmaq istəyəndə, Ətayəyə oxşayan qadın:
 – Yox, qızım, zəhmət çəkmə.Adətdir, çayı qızın “həri”sini alanda içərlər.Sən atana de, gör nə
haçan vaxt eləyə bilər.Evdə olsa, biz gəlib sənin elçiliyini eləyək, səni atandan istəyək.Cəmil yubanmaq istəmir.Bizi tələsdirir, – dedi və qıza göz vurdu.
 Sənubər utanıb başını aşağı saldı, hiss elədi ki,
yanaqları qızardı.Gələnlər necə gəlmişdilərsə, eləcə də ucadan deyə-gülə getdilər.
  Sənubərin ürəyi quş kimi uçmağa hazırdı.Dünya gözündə cənnətə dönmüşdü.Ciddi-
cəhd ilə gizlətməyə çalışsa da, üz-gözündən sevinc yağırdı.Atasının mövqeyi bəlli olsa da, onu fikrindən daşındırmaq üçün yollar arayırdı.Beləcə günü necə axşam elədi, özü də bilmədi.Atasını yola gətirmək üçün fikrində müxtəlif cümlələr qurdu.Axşam süfrə yığılar-yığılmaz
həyəcanını gizlətməyə çalışaraq:
-Ata, bu gün Ətayə arvad bacısıynan, baldızıynan bizə gəlmişdi…
  Sözünün ardını
gətirmədən atasının münasibətini öyrənmək üçün onun nə deyəcəyini gözlədi.Atası:
-Bilirəm, Rəhim mənə deyib yolda.Ay bala, mən fikirləşirəm ki, biz artıq Bəsti arvada söz
vermişik.Odur ki, Ətayəyə gərək sən özün vəziyyəti deyərdin.Artıq Hafizə sözlü olduğunu
bildirərdin ona.Qoy ümidlənməsinlər.
  Atasının belə arxayın danışığından qız anladı ki, o, bu mövzuda başqa söz eşitmək istəməyəcək.Odur ki, susdu.Bununla da bu evdə Cəmil söhbətinin bitdiyini yəqin etdi.Çox çıxılmaz
vəziyyətdə idi Sənubər.Ürəyində hər kəsdən inciyirdi.Düşünürdü ki, kimsə onu anlamaq
istəmir.Gecəni səhərə kimi yerinin içində döndü, durdu.Özünü dünyanın ən talesiz adamı saydı.Nə etsin, kimə desin dərdini, azarını? Atası, bibisi, hətta qardaşı belə onun qonşu
Hafizə ərə getməsini istəyirdi.Cəmili bu evdə kimsə sevmirdi, bəyənmirdi.Cəmilə olan duyğuları
onun gözlərini necə bağlamışdısa, nə Ətayənin təkəbbürlü danışığı, nə onun qızlarının kənd içində
sevilməməyi, nə də Cəmilin özündənrazılığı, kobudluğu haqqında deyilənlər onun fikrini dəyişdirə bilmədi.Hətta atasının, qardaşlarının gələcək güzəranını düşünməyi belə unutmuşdu.Səhər atasını işə, qardaşlarını məktəbə yola salıb tez-tələsik işlərini yoluna qoydu, geyinib
məktəb yoldaşı, həm də rəfiqəsi Turacgilə yollandı.Turac onu görcək:
 – Ay qız, bu nə yaxşı sürprizdir, xoş gəlmisən,- deyib çox sevindi.
  İki rəfiqə təkliyə çəkilib xeyli
söhbətləşdilər, keşmişdən, olanlardan danışdılar.Nəhayət Sənubər ürəyini rəfiqəsinə açdı.Ətayənin ona elçi düşməsindən, atasının Bəstiyə söz verməsindən, fikrinin qətiliyindən, özünün
Hafizi istəmədiyindən danışdı.Həyatın tərs üzünü görməmiş, insanları tanımağı
bacarmayan qızlar öz aralarında qərar verdilər ki, atasının mövqeyini, Sənubərin Cəmilə meyilli
olduğunu Ətayə arvada çatdırsınlar. 
 Sənubər Turacın onu əmin etməsindən rahatlanıb evə
döndü.
  Cəmilə də elə bu lazım idi ki, qızın meyli Hafizə deyil, onadır.Axşam anasıyla məsləhətləşib
qərara aldılar ki, Turacın vasitəçiliyi ilə Sənubəri qaçırmaq fikrinə razı salsınlar.Beləcə Sənubər
özü öz əli ilə gələcəyini oda atdı.İki gün sonra artıq Turacla görüşmək üçün evdən çıxan
Sənubər yolda  Cəmillə qarşılaşdı.Yük maşınını idarə edən Cəmil maşından yerə atılıb
sürətlə ona yaxınlaşdı, əlindən tutub maşına sarı çəkdi.Qız onun təhriki və
köməkliyi ilə səssizcə maşının kabinəsinə qalxdı.
 Axşamüstü artıq bütün kəndə yayıldı ki, Cəmil
Kərimin qızı Sənubəri qaşırıb.Bütün kənd bir-birinə dəydi.Necə olsa da Kərim kişi qızını Hafizə
verəcəyinə söz vermişdı, bunu hər kəs bilirdi.Kərim kişinin beli sındı sanki.Çox istədiyi, ağlına
güvəndiyi qızının hərəkəti ona ölümdən betər gəldi.Oğlanlarının gənc, beyni qan olduğunu
düşünüb özünü ələ almağa çalışdı, sakitliyini qorumağa cəhd etdi.Amma hər kəsə:‐ artıq qızım
öldü mənimçün, o adda övladım yoxdur – dedi.

  Həyat isə öz axarı ilə davam edirdi..Artıq yeni həyata başlayan Sənubərin ilk günlər yeganə sıxıntısı atasından, qardaşlarından nigaran olması ilə
bağlı idi.Ata evindən çox nigarandı.Hey düşünürdü: “Neylədilər görəsən? Atam çox üzülüb
yəqin.Qardaşlarım da  məni bağışlamayacaqlar, bilirəm.Zamanında yeyib-içirlərmi görən?”
 Yanına gələn rəfiqəsi Turac ona yeni-yeni xəbərlər gətirirdi.Atasının bir müddət çox əsəbi
dolandığını, heç kimsəylə dinib-danışmadığını, Bəsti xalanın bütün günahların Ətayədə olması barədə, Hafizi sındırmaq, xar eləmək üçün oğlunun Sənubəri qaçırmağa təhrik etməsi haqda olan fikirlərini,
bibisi Xalisənin evini övladlarına tapşırıb gəlib qardaşı gildə qaldığını, uşaqlara baxdığını, ümumiyyətlə, hər bir sözü
Sənubərə çatdırırdı, eyni zamanda  “müəyyən zaman keçəndən sonra atan da, qardaşların da, hər kəs
bağışlayacaq səni, – deyə ona təsəlli verirdi.
 İnsafən Cəmil də Sənubəri çox sevir, işini bitirər-bitirməz evə can atırdı.Bacılarına: ev
işlərinin hamısını ona yükləməyin, ‐ deyə iradını bildirirdi.Qızcığaz sevgisindən ömürlük kam alacağını
düşünürdü.Cütlük gecələr ay işığında hər kəs yatandan sonra saatlarla bağçada ağacların altında oturub
bir-birinə olan sevgilərindən, gələcək həyatlarından, doğulacaq övladlarından danışıb xoşhal olurdular.O anlarda Sənubər özünü dünyanın ən xoşbəxti sayırdı.Cəmil ona çox təsəlli verirdi, kənarda
özlərinə yuva quracağından, onu bəxtəvər saxlayacağından danışır, bu günkü çətinliklərin, söz-söhbətlərin keçici olacağına ümidləndirirdi.
  Cəmisi beş – altı ay çəkdi Sənubərin sevgisindən xoşhal olduğu
zamanlar.Çox çəkmədi ki, qaynanasının iç üzü görünməyə başladı.Artıq Ətayə arvad da, baldızları da onun hər işinə irad tuturdular.Heç bir işindən məmnun qalmırdılar.Bir yandan da hamiləliyi
irəlilədikcə əvvəlki kimi tezdən qalxa bilmir, ağırlaşır, ürəkbulanma, baş ağrılarına görə yatmağa
meylli olması qaynanasının əlinə bəhanə verirdi.Hər gün evdə olan dedi-qodular, deyinmələr
Cəmili də özündən çıxarır, bəzən anasının acığını da Sənubərdən çıxır, yerli-yersiz ona qışqırır,
irad tuturdu.Sənubərin dərdini, kədərini bölüşəcək kimsəsi yox idi.Qaynanasının narazılığına görə
artıq Turac da ayağını çəkmişdi onlardan.Onun yeganə təsəllisi çox sevdiyi Cəmil və dünyaya gəlişini gözlədiyi
körpəsi idi.
  Bir gün o, Cəmilə:
– Bibimə bir xəbər yetirsən, bircə saatlığa məni görməyə gəlsə, olmazmı? ‐ deyə yalvardı.
  Cəmil anlayırdı Sənubəri, kimsəsizdi qız.Ata-qardaşları ilə küsülüdür, ana yox, bacı yox, bir gəlib-gedəni yox.Anasının, bacılarının da xasiyyətini gözəl bilirdi Cəmil. “Mütləq bir yolnan sənin sözünü
çatdıraram”, ‐ deyə yoldaşına söz verdi.İş yerində Kərimgilin qonşuluğunda yaşayan Sərxandan xahiş
elədi ki, həyat yoldaşına başa salsın ki, Sənubər çox darıxır, xiffət eləyir, bir yolnan qadın-qadına Xalisə arvada başa salsın ki, qız yazıqdır, ana-bacısı yoxdur, ata-qardaşları da kəndin
gərəksiz qaydalarına uyğun qaçırılmış qızla küsü saxlayırlar.Amma Xalisə arvad daşı ətəyindən
töküb bir qıza baş çəksə, qızın da ürəyi yerinə gələr, intizarı azalar, Allaha da xoş gedər.
 Sərxan
Cəmilin dediklərini axşam evdə yoldaşına danışdı, o da tövsiyə elədi ki, çalış arvadı yola
gətirəsən.
Bu söhbətdən iki gün sonra Xalisə bibi çox düşündü, çox daşındı, qərara gəldi ki, getsin
qızı görsün.Özünün də ürəyi əsirdi Sənubər üçün.
 Xalisə Ətayənin həyət qapısına çatanda onun hündürdən deyindiyini eşitdi. Qeyri-iradi
ayaq saxladı ki, görsün kimə qızıb bu bədxasiyyət adam. Həmin anda Ətayənin Kərim dediyini,
ardınca çox pis söyüş söydüyünü eşitdi.Qulaqları guruldadı, ayaqları yerə kilidləndi sanki.Ürəyi
sancdı.Qapını açıb hündürdən:
– Ay Sənubər, canım mənim, ay qızım, hardasan? 
 Səsə Ətayə diksindi, qara rəngi daha
da qaraldı.Kal səslə:
– Buy, ay qız, xoş gəlmisən.Gün hardan çıxıb belə, axır ki, daşı tökdünüz ətəyinizdən, bu
yetimi görməyə gəldiniz?
  Bir yandan eşitdiyi söyüş, bir yandan Ətayənin yalançı canfəşanlığı Xalisənin tükənmiş
səbrini bitirsə də, yenə ürəyində “lənət şeytana” deyib susdu. 
 ‐ Sənubər yoxdur? – deyə soruşdu.
  Ətayə: “gəl, gəl çıx yuxarı”- deyib içəri girdi.Handan‐hana Sənubərlə birlikdə eyvana çıxanda
Xalisənin hələ də həyətdə var-gəl elədiyini gördü.Hündürdən:  ‐Bibin gəlib səni görməyə, nə
durmusan, çağır, qalxsın yuxarı, – dedi.   Səsə dönən Xalisə Sənubəri qarşısında görəndə doluxsundu.Onsuz da ağlamaqdan gözləri qan çanağına dönmüş Sənubər: “can bibim” -deyib
arvadın boynuna sarıldı və hönkürtüylə ağlamağa başladı.İçi qan ağlayan Xalisə arvad da göz
yaşlarına hakim ola bilmədi.Hər ikisi illərin həsrətlisi kimi bərk-bərk sarılıb ağlayırdılar.Sənubər
başını bibisinin çiyninə qoyub dolmuş bulud kimi içini boşaltmayınca dayanmaq bilmirdi.Onları
soyuqqanlılıqla müşahidə eləyən Ətayə: 
  ‐Ay qız, yetər ağlaşdınız, dünyanın axırı deyil, nə olub
sizə? ‐ deyib süni səslə çağırdı.Xalisə arvad qızı özündən aralayıb diqqətlə üzünə baxdı.Yanaqlarından qan daman gülüzlü balası solub‐saralmış, dodaqlarının qanı qaçmış, bircə qarnı
böyümüşdü.Arvadın ürəyi əsdi, dodaqları titrədi: “Canım Əyyub, bala, həsrət gözlərim sənə fəda
olsun, qardaşımın ceyran balası” – deyib onu bağrına basdı, üz-gözündən öpdükcə öpdü.
  Sənubər özünü ələ alıb:
  -Can bibim, ayaqda qaldın, gəl otur, sən Allah.Tez çay dəmləyib gətirdi.Bir az əvvəl
qaynanasının dediyi ağır, təhqir dolu sözləri bibisinin qəfil gəlişiylə unutmağa çalışdı.Xalisə arvad bir
xeyli oturdu, ordan-burdan söz salıb hər ikisini danışdırmağa, az öncə eşitdiyi söz-söhbətin səbəbini anlamağa çalışdı.Amma nə Ətayə, nə də Sənubər o barədə bir kəlmə də danışmKərimar.Xalisə
arvad dünyagörmüş, yaxşını pisdən ayıran insan idi.Ürəyində özü-özünə təskinlik verdi: “Həyatdır,
hər kəsin xasiyyəti eyni olmur.Evlərə düşən qız söz-söhbət də eşidər, yeri gələndə oyulub-söyülər
də.Neyləyəsən, hər söz üçün ailə dağıtmazlar ki.Mən dərinə getsəm, üstünü açıb-ağartsam, bir o
deyər, bir mən deyərəm, söz-söhbət böyüyər.Mən gedəndən sonra uşağımın gününü qara eləyər.
Buna nə var, daşqəlbli adamdır”.O, gedəndə də dönə-dönə:
– Bir-birinizdən muğayat olun.Gəlin gəlin deyil, düşdüyü ev gəlindir.Qızım, çox ehtiyatlı
ol, ağırayaqlısan. Ağıra, yüngülə çox da yapışma, – deyib Ətayəyə qandırdı ki, gəlinin vəziyyətinə
diqqət eləsin.
Axşam evdə də gördüklərini qardaşına anlatmadan, qızının ağırayaqlı olduğunu, övlad
gözlədiyini, yad əllərdə kimsəsiz, adamsız kimi qəbul edilməsin deyə barışığa getmək gərək
olduğunu anlatdı Xalisə arvad.Çox öyüd-nəsihətdən sonra onsuz da övladı üçün ürəyi əsən atanı
razı sala bildi.Qərara gəldilər ki, qız tərəfi olaraq el qaydasına riayət etməklə uşağın dünyaya
gəlməsini gözləsinlər.Sonra ailəlikcə qızını, kürəkənini və onun ailəsini qonaq çağırıb barışıq
eləsinlər.Beləcə Sənubərin də ayağı açılar ata evinə.
  Xalisənin qəfil gəlişindən, onun gəliniylə olan söz-söhbətləri eşitməsinə rəğmən üstünü
ağartmamasından sonra Ətayə arvad bir neçə gün özünü bir az mehriban, qayğıkeş ana kimi
apardı.Hətta arabir gəlininə qayğıkeşlik göstərirmiş kimi göründü.Əvvəlki kimi tez-tez,
hər şeyi bəhanə eləyib deyinmir, hər işi Sənubərə buyurmurdu.Arada üzünü qızlarına tutub niyə
yemək bişirməmisiniz, yaxud niyə həyət-bacanı süpürüb təmizləmədiniz – deyəndə, belə sözlərə alışmayan qızları sərt halda Sənubərə baxırdılar.Ətayə: 
 – Ay bala, görmürsünüz ki, o, özünü güclə
gəzdirir? Ondan gözləməyin hər işi. Yekə qızsınız, özünüz baxın evin hər işinə.
  Bu minvalla çox çəkmədi ki, Sənubərin gözəl bir qızı dünyaya gəldi.”Nə əzablar bahasına insan ana
olurmuş”,  deyə düşündü Sənubər.Anasının xəyalı heç gözləri önündən getmirdi, “kaş ki, anam bu günümü
görəydi”-deyə qəlbi parçalanırdı.Cəmilin qadınına, övladına sevgiylə baxdığını, xoş münasibət
göstərdiyini görən bacıları və anası daha da sərtləşmişdilər, çəkilməz olmuşdular.Oğlunun ailəsinə,
uşağına olan sevgisini qısqanırdı cahil qadın.Uşaqla davranmaq qaydalarını hələ anlamayan təcrübəsiz
gəlinin hər işinə qulp qoyur, ələ salır, hər vəchlə onu oğlunun gözündən salmağa çalışırdı.Uşağın
dünyaya gəlişindən iki ay keçər‐keçməz, atası Sənubəri ailəsiylə birlikdə qonaq çağırdı.Ətayə yüz cürə bəhanələr gətirib Kərimin evinə barışığa getmədi, nəinki özü getmədi, hətta ərinə belə barışıq üçün addım atmağa imkan vermədi, qızlarını kəşfiyyata göndərirmiş kimi söz-söhbətlərə diqqət eləməyə yönəltdi.
 Kərim kişi Ətayənin hər “kaprizini” anlasa da, qızının xətrinə uddu hər şeyi.”Artıq geriyə yol
yoxdur, ‐deyə düşünürdü, ‐ təki, övladımı incitməsinlər. Mən dözərəm”.
  Sənubər Cəmilin və övladının xətrinə hər söz-söhbəti uddu, dözdü, taleyilə barışdı.
  Aylar, illər keçdikcə o, daha da zalımlaşan cahil qaynanasının hər şıltaqlığına, hər ədasına, təhqirinə
dözürdü, bircə Cəmilin ağlını başından çıxarmaqları ona çox yer eləyirdi.Cəmil evə gələr-gəlməz haqsız məhkəmələr, Allahsız suçlamalar, ittihamlar başlanırdı.Deyən də özü, söyən də özü
olduğu halda, qızları da ona qoşularaq Sənubəri hər cür qınaqlara, danlaqlara məruz qoymuşdular. Hətta az qalmışdı ki, yağışın yağmasını, göyün guruldamasını da ondan görsünlər.Həm
söz-söhbətdən bir-iki günlük uzaqlaşmaq, həm işdən-gücdən zaman tapıb uşağına zaman ayırmaq
üçün arabir atası evinə gedirdi Sənubər.Çox çəkmədi ki, buna da bir qulp qoymağa başladı Ətayə.
  O, Cəmilə:
– Həftə başı arvadın ata evinə gedir.Ağzıgöyçəklər deyəcəklər ki, Cəmil arvadına yiyəlik eləyə
bilmir, ona görə hər gün atası evinə gedir.Sonra da deyəcəklər ki, Hafizə görə gedir. 
 Onsuz da anasının,
bacılarının hər günkü şikayətləri, söz-söhbətləri, qara-qarğaşalar Cəmili tamam əsəbi
eləmişdi.Bu söz sillə kimi tutdu onu: “Deyən başını divara vurar.Hər kəs bilir ki, Sənubər elə
qadın deyil”. 
 Anası Cəmilin qeyrət damarına basmışdı qəsdən.Bu sözdən çox qəzəblənən və bir az həyətdə vurnuxan Cəmil
maşına atılıb birbaşa qaynatasının qapısına sürdü.Onun qəfil gəlişindən çox sevindi Sənubər.Yoldaşının ondan ötrü, körpəsindən ötrü darıxdığını düşündü.Qaynatasının onu mehribanlıqla
qarşılaması, bu evdəki sakit mühit Cəmilin sinirlərini sakitləşdirdi bir az.Bir-iki saat oturub
sağollaşıb getdi.Lakin Hafiz söhbəti onun ağlına ilişib qalmışdı.Günlər bir‐birini əvəz etdikcə, Sənubərin ata evinə gediş-gəlişi
də çətinləşdi.Hər dəfə gah qaynanası, gah yoldaşı onun ata evinə getməyinə mane olurdular.Cəmil
artıq kolxoz sədrinin icazəsiylə torpaq sahəsi alıb ev tikdirirdi.Sənubər də yalnız o günlərin
ümidilə dözürdü bütün çətinliklərə və dedi-qudulara.”Evimiz tikilib başa gəlsin, köçüb
ayrılıqda sərbəst yaşayarıq, bu söz-söhbətdən, təhqirlərdən, töhmətlərdən canım qurtarar, daha
Cəmil də məni döyməz, incitməz. İndi anasının deyinməsinə görə belə əsəbi olub acığını məndən
çıxır, ayrı yaşasaq belə olmaz Cəmil”‐ fikirləri ilə günləri başa vururdu..
  Artıq ikinci övladı da dünyaya gəlmişdi cütlüyün.Illər ötmüşdü, fəqət Sənubərin
ailə həyatı yaxşılığa doğru dəyişmək əvəzinə, daha da ağırlaşırdı.Özlərinin fərdi evlərini tikdirib
qaynanasıgildən ayrı yaşasalar da, Sənubər sakit, səmimi ailə həyatına həsrət qalmışdı.Qaynanası, baldızları hər gün olmasa da, iki gündən bir səhər gəlib axşama kimi onun evində də
ona rahatlıq vermir, hər işinə, hər əməlinə irad tutur, azyaşlı uşaqlarının yanında ağır sözlərlə
təhqir edir, hətta öz aralarında onu qulağı eşidə-eşidə, “ağılsız, dəli” adlandırmaqdan belə
çəkinmirdilər.Bütün bunlardan canı boğazına yığılmışdı Sənubərin.Belə günlərin birində baldızının ər
evindən belə gəlib onu alçaldıcı sözlərlə təhqir etməsinə dözə bilmədi.Ona:
– Yetər artıq, dəliyəm, ağılsızam, nəyəm, özüm bilərəm, əl çəkin məndən.Gəlməyin.
İmkan verin uşaqlarımı böyüdüm, həyatımı yaşayım.Nə istəyirsiniz axı məndən? Mən gəlib sizə
bir söz deyirəmmi, ya bir kömək umurammı?‐ deyə çığırdı, ağladı.
  Baldızı bu sözə bəndmiş kimi onun saçından tutub yoldu, divara sarı itələdi.
Başı zərblə divara dəyən gəlin huşunu itirib yıxıldı.Özünə gələndə kiçik qızının yanında
ağladığını və ətrafda kimsənin olmadığını gördü.Birtəhər gücünü toplayıb ayağa qalxdı.Uşağı
özünə sarı çəkib ovundurmağa çalışdı.Ağrıdan başı hərlənirdi.Halsız-halsız  böyük övladını, Simuzəri səslədi.Səs gəlmədi.Körpəsini qucağına alıb ürəyi boşalıncaya qədər ağladı: “Allahım, axı
mənim günahım nədir, neyləmişəm mən bunlara, mənə qarşı bu düşmənçiliyi niyə eləyir
bunlar?”
  Artıq Cəmildən də imdad gözləmirdi.Çünki Cəmil də onların ağzıyla danışırdı həmişə.Sənubər ağzını açan kimi Cəmil anasını müdafiə eləyir, onun haqlı olduğunu, özünün dünyanın
ən bədbəxt kişisi olduğunu deyirdi.Dodaqaltı zümzümə eləyərək ağlayan qadın anladı ki, onun
huşsuz düşməsinə belə əhəmiyyət verməyən qaynanası, baldızı uşağı da özləriylə aparıb gediblər.Bilirdi ki, bu hadisəni də özlərinə sərf eləyən formada çatdıracaqlar Cəmilə.Artıq hər şeyə ümidini itirən Sənubər əlacsız duruma düşmüşdü.Dərdini kimə desin,
kimdən yardım istəsin, deyə gecə-gündüz fikirləşirdi.”Allah, sən özün mənə yardımçı ol, axı
kimdən söz eşidər Cəmil? Nə qardaşlarının, nə də atasının Cəmilə heç bir söz deməyəciyini, nəsihət
eyməyəcəyini bilirdi Sənubər.Çünki onları görmək belə istəmirdi Cəmil.Özünü, anasını,
bacılarını da tam haqlı hesab edirdi.Guya bütün söz-söhbətlərə Sənubərin “yersiz hərəkətləri,
ağılsızlığı, iş bilməməsi” səbəb olur.Bu sözləri o qədər eşitmişdi ki, az qalırdı özü də inansın
öz “ağılsızlığına”.Heç bir qohum-qonşu ilə də əlaqə saxlamasına, həyətdən çıxmasına, kiminsə
onun yanına gəlməsinə icazə vermirdi əri.Demək olar ki, əvvəlki işgüzarlığından, çevikliyindən
əsər-əlamət qalmamıdı.Özü-özünü tanıya bilmirdi.Heç bir işə əli yatmır, bütün günü fikirli-fikirli
gəzir, nə etmək istədiyini unudur, qeyri-iradi huşsuz kimi gəzirdi.Cəmil son zamanlar onu
döymək, incitmək üçün bəhanə gəzirdi sanki.Əgər gəlib görsəydi ki, uşaq ağlayır, onu döyürdü, ya
uşaq yeri bulayıbsa, yenə onu döyürdü, təhqir edirdi.Heyvanın qarşısında su yoxsa, həyət-baca
süpürülməyibsə, yemək hələ hazır deyilsə, bir sözlə, milçək də uçsa Sənubər döyülüb-söyülürdü.Yaşadığı həyatdan zinhara gəlmişdi artıq.Ən dözülməz olan isə onun heç bir  çıxış yolu tapa bilməməsi idi.Ömrü
belə əzab-əziyyətlər içində davam etməkdə ikən Sənubərin üçüncü övladı – oğlu Rafiq də
dünyaya gəlmişdi.   Səkkiz illik ailə həyatının olsa-olsa beş, ya altı ayını insan kimi davranmışdılar
onunla.Qalan ömrü göy əskiyə bükülmüş bir həyat idi, Sənubər yaşamamışdı, çürümüşdü… Göz
yaşları içində keçən yeddi il.Bilmirdi kimi günahlandırsın bu həyata görə.Qaynanası
Ətayənimi, əri Cəmilimi, ya da öz qismətini əliylə itələyib belə oda düçar edən “axmaq
ürəyinimi”?..
 Bilirdi ki, huşunu, yaddaşını əlindən alan çox fikirləşməyidir, ağlının və ürəyinin daimi
mübarizəsidir.Çünki atası, böyük qardaşı ona çoxdan təklif edirdilər ki, Cəmildən ayrılsın, bu qədər
əzab-əziyyətə, işgəncələrə dözməkdənsə, uşaqlarını da götürüb atası evinə dönsün.Amma yaxşı
bilirdi ki, Cəmildən ayrılsa, qaynanası ona uşaq verməz.Çünki bir neçə dəfə yanında
eşitdirmişdilər ki, ayrılırsan‐ayrıl, hara gedirsən‐get, amma “bizim uşaqlarımızı” heç yerə apara
bilməzsən.Sanki bir ana kimi onun heç bir haqqı yox idi uşaqlarının üzərində.Övladlarının xətrinə hər
zülmə dözürdü Sənubər, təki balaları yanında olsun.Eyni hal uzun müddət davam etsə də, nəinki Cəmilin ürəyində
ailəsinə rəhm, sevgi yaranmırdı, əksinə günü-gündən dözülməz olurdu, çəkilməz olurdu.Bunlarla yanaşı son vaxtlar qəribə söhbətlər eşidirdi Sənubər,
qulağına cürbəcür sözlər çatırdı.Qardaşı Rəhim əsgərlikdən gəlib bacısının gününü-güzəranını
görüb çox demişdi ki,  boşansın Cəmildən.Sənubər razı olmayanda dostlarından, tay-
tuşlarından eşitdiklərini, Cəmilin kənddə əxlaqsızlıq edən
yaşlı bir qadınla oturub-durduğunu, pay-puş alıb o qadının evinə gedib-gəldiyini demək məcburiyyətində qalmışdı. 
 Amma Sənubər ürəyinin dərinliyində yenə inanmaq istəmirdi bu söhbətlərə.İnansa
belə, dözməyə məhkum idi övladlarına görə.Eşitdiklərini belə Cəmilin üzünə vurmağa qorxurdu ki,
yenə ona döymək üçün bəhanə verər.
  Bir axşam yenə evə gec və sərxoş halda gələn Cəmil tamam səbəbsiz yerə Sənubəri
bərk döydü, alçaldıcı sözlərlə təhqir elədi.Cəmil sanki manyak olmuşdu.Əvvəllər dava-dalaş
salmaq üçün bəhanə gəzən adam indi heç bəhanəyə də ehtiyac görmürdü.Eləcə kefinin istəyən
vaxtı qadını döyüb‐alçaltmaqdan zövq alırdı sanki.O, “vəzifəsini yerinə yetirmiş” adamlar kimi
rahatca yıxılıb yatsa da, Sənubər həm aldığı zədələrin, həm haqsızlığa tab gətirməkdən üzülən
ürəyinin ağrısıyla səhəri dirigözlü açdı.Artıq canı boğazına yığılmışdı. Özlüyündə qəti qərar verdi
ki, “Allahsız əri” evdən çıxandan sonra ev telefonu ilə zəng eləyib qardaşı Rəhimi çağırtdırsın.Boşanmağa razı olduğunu ona bildirsin.Çünki Rəhim onu ümidləndirmişdi ki, məhkəmə
ananı övladlarından məhkum etməz.Sənin də, bizim də dilimiz var.Sənin həyatını, durumunu
danışsaq, desək, azyaşlı övladlarını səndən almağa heç vaxt məhkəmə yol verməz,  lap Ətayədən,
Cəmildən yüzü gəlsə belə.Axşam döyüldüyü zaman burnunun qanı pal-paltarına, yatağına, döşəməyə tökülmüşdü.Düşündü ki, qanı yuyub-təmizləyim, Rəhim görməsin, onsuz da mənim həyatım
onların da yediyini-içdiyini haram eləyib, qoy heç olmasa qanı görməsin.Adətən suyu Kür
çayından gələn böyük su arxından vedrələr, sərniclə daşıyırdı kənd adamları.Bundan əlavə su
daşımaq əzabını bir az azaltmaq üçün hər kəs həyətində su quyusu qazdırmış, iplə quyudan su
çəkib istifadə edirdilər.Gecəni heç yatmayan, çox qəm çəkən Sənubərin südü çəkilmişdi
tamamilə.Odur ki, altıaylıq oğlu da çox narahat idi.Uşaq aramsız ağlayır, yatmaq bilmirdi.İşi başından aşan Sənubər uşağı sakitləşdirə bilmirdi ki, bilmirdi.O, məcbur olub böyük bir
şalla uşağı kürəyinə bağladı.Çox zamanlar belə etməyə məcbur olurdu o zamanın kənd qadınları.Çünki evin
bütün təmizlik işləri əllə görülürdü, vaxt aparırdı.Anası ilə təmasından sanki uşaq bir az
sakitləşdi, yuxuladı.Bundan sevinən Sənubər işlərini qardaşı gələnə kimi bitirməyə çalışdı.Xatırladı ki, tövlədə quzulara da su verməyib səhərdən bəri.İp bağlanmış vedrəni götürüb su
quyusunun yanına getdi.Vedrəni suya atdı, dolu vedrəni çəkməyə başladı, hiss edirdi başı
gicəllənir, amma əhəmiyyət vermirdi.Yuxusuzluqdan, yorğunluqdan bu halda olduğunu düşünürdü, İşlərini bitirib
bir az dincəlsə, keçəcəyini zənn edirdi.Vedrəni çəkib suyu boş qablara tökdü, yenidən quyuya salladı və bir
daha vedrəni çəkəndə…başı necə gicəlləndisə, belinə şalla sarıdığı uşağın da ağırlığıyla özünü saxlaya
bilmədi, uşaqla birlikdə su quyusuna düşdü.Su quyusu yenicə təmizlənmiş olduğu üçün dərin idi.Sənubər bir anlığa huşunu itirdi, suya düşərkən uşağın ondan əvvəl suya düşdüyünü
anlayınca suya ayağıyla təkan verib ayaqda durmağa çalışdı.Başı sudan qalxar‐qalxmaz var
gücüylə çığırdı.Anasının quyuya düşdüyünü görən qızı da bərkdən çığırıb ağlamağa başladı.Bu
anda kənd sovetliyinin sədri Xaliq kişini sanki Allah yetirdi.Əvvəl qapını döyən sovet sədri
həyətdən uşağın bərk çığırdığını eşidib hövlnak həyətə girdi.Uşaq onu görər-görməz quyunu
göstərib “ana” deyə çığırırdı.Xaliq kişi quyuya yaxınlaşanda qadının quyudan çığırdığını eşitdi.
Tez:
– Qorxma, bacım, qorxma, ‐ dedi 
  Paltar zivəsini yuxarı qaldırmaq üçün dayaq kimi istifadə edilən böyük
ağacı qapıb quyuya yaxınlaşdı.
 ‐ Ucundan tutun bunun, buraxmayın.
 Sənubər havalanmış kimi “Uşaq sudadır” deyə çığırırdı.
  Rəhim həyətə girər-girməz bu
mənzərədən şoka düşdü.Səs-küyə qonşular da yığılmışdılar.Rəhim quyuya düşdü, əvvəl
bacısını, yuxarıdan Xaliq kişinin köməkliyiylə sudan çıxardılar.Sonra uşağı da sudan çıxarsalar
da, artıq uşaq özündə deyildi.Təcrübəli adamlar nə qədər yardım etsələr də, nəticəsiz oldu, uşağın
ağzından bir az köpük gəlib sonra kəsildi.Uşağın cansız olması,  boğulub ölməsi hamıya əyan oldu.Sırım-sıplaq suyun
içində olan Sənubər öz halını düşünmədən uca səslə ağlayır, başına döyürdü, keçirdiyi dəhşətli sarsıntıdan o, huşunu itirdi.
 Rəhim xəstəxanaya zəng eləyib təcili yardım maşını çağırdı.Yardıma gələn həkimlər uşağın artıq keçindiyini təsdiqlədilər, Sənubərə özünə gəlməsi üçün bir neçə iynə vurdular.Sənubər bütün
dərdlərini unudub övladının ölümündə özünü suçlayırdı.Qonum-qonşular onu sakitləşdirməyə
çalışır, “Allahın yazısıdır, qismət beləymiş” deyə ona təskinlik verməyə çalışırdılar.
  Bu hadisə Cəmilə, onun zalım anası Ətayəyə Sənubərdən qurtulmaq üçün
göydəndüşmə bəhanə oldu.Sanki özü-özünə düşmən imiş Sənubər.Ağır, məşəqqətli ailə
həyatından, övlad itkisindən irəli gələn üzüntülər onun sinirlərini tamamilə pozmuşdu.Bu
vəziyyətdən istifadə eləyən Cəmil qadını “ağlını itirib” adıyla “ağıl xəstəxanasına” apardı və beş‐altı
ay orada qalmasına nail oldu.
Müəyyən müddətdən sonra psixoloji dispanserdə həkimlər qadının ağlının yerində olduğunu,
keçirdiyi psixoloji gərginliklərdən bu hala gəldiyini müəyyən etdilər və onu evə buraxmaq üçün
ailəsini çağırdılar. Cəmil: – Mənə dəli qadın lazım deyil, – dedi və onu evinə gətirmək istəmədiyini
bildirdi.Sənubər həkimlərə ata evinin telefonunu verib atasını, ya qardaşını çağırmalarını istədi.
Qardaşı onu xəstəxanadan birbaşa ata evinə gətirdi.Cəmil açıq-aşkar kimsədən gizlətmədən
əxlaqsız qadının evinə gedir, ya da onu öz evinə, uşaqlarının yanına gətirirdi.Bir müddətdən sonra xəbər çıxdı ki, Cəmil həmin qadının 16 yaşlı qızı Reyhanla evlənib və onu evinə gətirib.
 Ətayənin, bibilərinin, Reyhanın azyaşlı uşaqlara təbliğatı öz işini görmüşdü.Uşaqlar da Cəmilin
gətirdiyi Reyhana isinişmiş, daha anaları üçün ağlamırdılar.Bütün başına gələnlərin günahkarı özü olduğunu anlayan Sənubər gecə-gündüz düşünür,
ağlayır, xiffət eləyirdi.Kimsə ilə qəti danışmır, insanlardan qaçır, övladlarına qovuşacağı gün
üçün yaşayırdı.
  Beləcə aylar, illər keçdi.Nisbətən sakitləşmiş Sənubər əvvəlki kimi guşənişin
olsa da, artıq ev işləri görə bilir, atası və qardaşı üçün yemək hazırlayırdı.Böyük qardaşı evlənmiş və
özünə yeni ev tikdirib ata evindən ayrılmışdı.Qardaşının yoldaşı çox mehriban inşan idi.Tez-tez
onu yoxlamağa gəlir, fikrini dağıtmaq üçün söhbət eləyir, gülüb-danışırdı.Bir gün söz arası ona:
– Canım, xəbərin var, el arasında Cəmilə ad qoyublar?
  Cəmil adını eşidən
Sənubər haldan-hala düşdü.Xasiyyətinə xilaf olaraq soruşdu:
– Nə adı qoyublar ki?
– “Allahsız Cəmil” deyirlər ona.Vallah, xalqın gözü tərəzidir.Onun sənə
çəkdirdiklərinə görə veriblər bu adı ona yəqin.
   Bir gün Sənubər cəsarətlənib qardaşı Rəhimə “mən uşaqlarımı istəyirəm.
Məhkəməyə müraciət eləməkdə yardımçı ol mənə, Rəhim, uşaqlarımı istəyirəm”-deyə ağladı 
 Qardaşı onu
sakitləşdirib: “Mütləq uşaqlarını o qansızın əlindən alacam”, deyə bacısına söz verdi və bir neçə
gündən sonra artıq məhkəməyə müraciət etmək üçün ərizə yazdığını bildirdi, bacısına qol
çəkdirib apardı.Çox çəkmədi ki, Sənubəri rayon mərkəzinə, məhkəməyə çağırdılar.Rəhim bacısını da
götürüb məhkəməyə getdi.Cəmili kənardan görən Sənubər həyəcandan huşunu itirmək
dərəcəsinə gəlmişdi.Qardaşına “çox qorxuram, ala bilməyəcəm balalarımı bundan” -deyə təlaşlandığını bildirdi.
  Qardaşı:
– Heç qorxma, o, Allah deyil ki…Cəmil atadırsa, sən də anasan.İnşallah alarıq uşaqları, – deməklə ümid verdi Sənubərə.
  Məhkəmənin aparıcısı hər iki tərəfi dinlədikdən sonra zaman təyin etmişdi ki, uşaqların
iştirakı ilə bir də məhkəmə iclası keçirilsin, uşaqların da istəyi nəzərə alınmaqla ədalətli qərar
verilsin.Sənubərin ürəyində ümid qığılcımları yaranmışdı ki, hər halda uşaqlar onu istəyəcək.
 Düz 15 gün sonra onlar yenidən rayon mərkəzinə çağırıldılar.Məhkəmə başlamazdan əvvəl
foyedə qızlarını görən Sənubər quş kimi övladlarına sarı uçdu.Amma uşaqlar ona yad adam
kimi baxırdılar.Heç birisi anasının çağırışına əhəmiyyət vermədi, ona sarı gəlmədi.Cəmilin onun uşaqlarına ögey
ana kimi gətirdiyi Reyhan özündən arxayın halda elə dayanmışdı ki, sanki uşaqları dünyaya o gətirmiş, o
böyütmüşdü, Sənubər isə onun uşaqlarına sahiblənmək istəyən yad adam idi.Uşaqlarından bu
etinasızlığı görən ananın ürəyi qırıldı, ümidi lap azaldı.Məhkəmə başlayan kimi Cəmil söz alıb
Sənubəri “ağıl xəstəsi” olan birisi kimi qələmə verməklə, hətta xəstəxanadan bu barədə xəstəlik
tarixçəsi belə ala biləcəyini, qadının heç bir yerdə işləmədiyini, yəni uşaqları maddi cəhətdən də
təmin etmək iqtidarında olmadığını və uşaqların onu istəmədiyini əsas gətirib uşaqların onun
himayəsində qalması üçün qərar verməsini məhkəmə heyətindən xahiş etdi.Hakim uşaqlardan
kiminlə qalmaq istədiyini soruşanda hər iki uşaq atasını və ögey anasını göstərdilər.Bütün ümidləri,
gözləntiləri puça çıxan Sənubər həyatdan, dünyadan küskün kimi döndü ata evinə.Axşam
kimsənin söhbətinə qoşulmayan, heç bir təsəlliyə reaksiya verməyən qadın səhər atasını, qardaşını
işə göndərib hər il yay‐payız aylarında tərəvəz turşusu tutmaq üçün saxladığı, el arasında “uksus”
deyilən sirkəni başına çəkdi.1‐2 qurtum içdimi ya yox, bütün bədəninin, boğazının alovlandığını,
huşunun itdiyini hiss etdi və yerə yıxıldı.
  Hər kəsdən qaçdığı üçün gəlib‐gedən də yox idi
Sənubərin ata evinə.
  Axşamüstü işdən dönən Rəhim inəyin qapıda qaldığını görüb təəccübləndi.Heyvanı axura salıb “Sənubər” deyə bir-iki ağız çağırdı.Bacısı cavab vermədiyi üçün yuxarı
qalxıb onun yatdığı otağın qapısını açanda bacısının yerdə qəribə halda, sanki qovrulmuş kimi
yatdığını gördü.İşığı yandıranda onun ağzından axan qanın yerdə qurumuş olduğunu görəndə  anladı ki, bacısı saatlar öncə bu vəziyyətə düşüb Tünd
sirkə iyindən onun intihar etdiyi bəlli oldu.Rəhim bacısına yardım etmək istəsə də, artıq çox gec idi.Sənubər ətrafında olan zalımların ədalətsizliyinə dözməyib canına qəsd etmiş və artıq həyatla vidalaşmışdı…

Müəllif: Sona ABBASƏLİQIZI

SONA ABBASƏLİQIZININ DİGƏR YAZILARI

YAZARLAR.AZ
===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və  WWW.BİTİK.AZ >>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

SƏTİRLƏRİN SUSQUNLUĞU – SƏMA MUĞANNA

Səma MUĞANNA – gənc yazar.

  SƏTİRLƏRİN SUSQUNLUĞU

Bu gün səssizcə saçlarım simama dağılan göz yaşlarımı silirdi.O qədər qorxurdular ki,məndən,danışmadan silirdilər.Bilirdilər,onlar hər şeyi bilirdilər,ancaq dinməzdilər.Bu dəli,vəhşi,ancaq lal şəhərin hökmü üstümdə idi.İllər keçmişdi,artıq əllərimdəki,simamdakı qırışlardan göz yaşlarım quruyub damlalarını ləkə qoyaraq tərk edirdilər məni.Tək saçlarım və ruhumdan başqa…Ruhum bölünmüşdü.Parça-parça şəkilləri böldüyüm kimi o da ətrafa səpələnmişdi.Bilirdi onunla düşmən olduğumu,ancaq mənə nəfəs verən tək ruhum idi.Evimin köləsi kimi çalışdırırdı artıq məni.Sevgiyə bürünmüş musiqi notlu saçlarımı kəsib,ovuclarında oynadırdı.Elə bilirdilər o dəli şəhər lal idi,yox,yox! Məni lal edən,yaşadan da ruhum idi.O ruh dəli olmuşdu…Hər şeyimi çalmışdı,tək gözlərimdən başqa.O susqunluğa məhkum edərkən məni,özü Ayın ləkələrinə məlhəm olurmuş…Mənmi? Mənsə,uzun saçlarımı qaranlıq otağın divarlarına sarırdım…Bir gün gedəcəkdim o dəli şəhərdən,çünki o dumanda ölmüşdü baxışlarım.Yalançı gözlərim mənimlə addımlayırdı…

  Qərar verdim.Bu məktubu dörd divara sarılmış saçlarıma əmanət edib gedəcəkdim.

Bu səfər sətirlərin susqunluğu danışacaq.Saçlarımı kəsdirməmişəm,ancaq dənizin dalğalarına bəxş etmişəm.Gözlərimmi? Gözlərimi soruşmayın məndən.Onlar bir az kövrəkdir,hamıdan gizlədirəm.Tək…Tək xatirələrimdən gizlədə bilmirəm.

Çayın nəfəsi bir az da olsa,sakitdir bu gün.Kitabların əlləri insanı sakitləşdirib.İnsanın hiss etdiyi o çay,əslində göz damlalarının bir yerə toplaşıb danışmasıdır.O içdiyi çay deyil,o sadəcə görünüşdür.Sadəcə o insanın göz yaşları özlərini çaya bənzədib.

 Mən də bu gün çayımı içmədim.Əslində,həmişə yazı yazarkən içərdim,ancaq bu yazı kənardan çalınan rəngli musiqi notlarıyla yazılmır.Bu yazı hüznlü səslərə sarılmış,siyah və bəyazın həsrət ocağında kül olan notlarla yazılıb.O notlar da mənim baxışlarım kimi susqundur.

  Bəlkə də bu sətirləri oxuduqca qan axan əllərimi izləyəcəksiz.Burada bir tarix yaşanmayacaq bəlkə,ancaq xatirələrim qalacaq.Bu məktubda nə yazacaqlarımı bilmirəm.Divarlarda gəzən darıxıram səslərini duyduqca dəli oluram.Tək diləyimi yazacam və bu məktub burada da sonlanacaq…

Aparın məni o dənizin uçurum olduğu yerə.Ayaqlarımı basdıqca nə ölümümə,nə azadlığıma deyil,üstümə çökmüş o kədər qoxusunu atmaq üçün aparın.Qaçım,dolaşım,qışqırım yalnız o dənizin önündə.Yanğın başladın,öldürün o lal-kor şəhəri,ancaq məni yalnız buraxın.Bir gün öləcək,bir gün diriləcəyəm.Bir az qorxunc olacaq,bilirəm,siz bunu sadəcə kabus olaraq düşünün! Mən kabuslarımı sevdiyim kimi siz də bir günlük sevin,nolar axı! O dəniz xatirələrimi yaşadacaq tək dünyamdır.Lal-kor şəhərsə,xatirələrimi,hətta məni belə öldürəcək qədər qəddardır.İndi isə gedin.Məni yalnız buraxın.Yalnız bu gün…Mən özümə geri dönəcəyəm…

Müəllif: Səma MUĞANNA


SƏMA MUĞANNANIN DİGƏR YAZILARI


YAZARLAR.AZ

===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və  WWW.BİTİK.AZ >>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru