Ehtiyacım olan vaxtda yanımda olmadınız. Nə səsiniz gəldi, nə varlığınız hiss olundu. O günlərdə susmağı, görməməzlikdən gəlməyi seçdiniz. Mən çətinliklərlə tək üz-üzə qalanda isə yadlar ortaya çıxdı, yadlar soruşdu, yadlar əl uzatdı, yadlar insanlıq göstərdi. Və elə həmin günlərdə bir həqiqət açıq şəkildə üzə çıxdı: yadlar sizdən doğma oldu. Siz isə sadəcə ad üstündə qalan, qohumluqdan başqa heç nə ifadə etməyən bir boşluğa çevrildiniz. İndi isə hər şey bitəndən, hər şey geridə qalandan sonra məni xatırlamağınız nə vicdan göstəricisidir, nə də dəyər. Bu gecikmiş maraq mənim üçün əhəmiyyətsizdir. Vaxtında yanında olmayanın sonradan söz deməyə haqqı olmur. Mən artıq öz yolumu tək getmişəm, öz əziyyətimi tək çəkmişəm, öz qaranlıq dünyamda özüm ağlayıb, özüm göz yaşlarımı silib ayağa qalxmışam, dərsimi almışam, qapımı da bağlamışam. Bu qapı nə izah üçün açılacaq, nə də “qohumuq axı” bəhanəsi üçün. Mənim sizə ehtiyacım yoxdur. Sakitliyimə hörmət edin və bir daha məni narahat etməyin.
ÖVLADIYAM Müzəffər ordunun şanlı əsgəri, Ərənlər yurdunun ər övladıyam! Zalımın zülmünə təhəmmülüm yox, Babəklər yurdunun hürr övladıyam! * * * Ustadım Nəsimi, sözümüz sözdü, Ədalət, həqiqət bağrımda közdü, Ziyadar dühası bir deyil, yüzdü, Mövlalar yurdunun nur övladıyam! * * * Dərvişəm, müqqəddəs sayılır təkkəm, Hülqumdan yuxarı dayanır öfkəm, Od, ocaq diyarı tanınır ölkəm, Alovlar yurdunun nar övladıyam! * * * Unutma, şah babam Xətai başdı, Nadir şah, mətədə tərpənməz daşdı, İlham, nə keçilməz sədləri aşdı, İgidlər yurdunun nər övladıyam! * * * Tarixdə Nəbisi, Koroğlusu var, Gen dünya yağıya daim olub dar, Düşmən qarşımızda yenə oldu xar, Aslanlar yurdunun şir övladıyam! * * * Göydən Yer üzünə ərmağan, payam, Gündüzlər Günəşəm, gecələr Ayam, Ən parlaq ulduzdan törəyən boyam, Ozanlar yurdunun sirr övladıyam! * * * Ustacam, vətənim vətən içində, Axıb duruluruq zaman köçündə, Min bir anlamı var, adi “heç”in də, Aqillər yurdunun pir övladıyam! 13.11.2020. Bakı.
ÖVLADIYAM Müzəffər ordunun şanlı əsgəri, Ərənlər yurdunun ər övladıyam! Zalımın zülmünə təhəmmülüm yox, Babəklər yurdunun hürr övladıyam! * * * Ustadım Nəsimi, sözümüz sözdü, Ədalət, həqiqət bağrımda közdü, Ziyadar dühası bir deyil, yüzdü, Mövlalar yurdunun nur övladıyam! * * * Dərvişəm, müqqəddəs sayılır təkkəm, Hülqumdan yuxarı dayanır öfkəm, Od, ocaq diyarı tanınır ölkəm, Alovlar yurdunun nar övladıyam! * * * Unutma, şah babam Xətai başdı, Nadir şah, mətədə tərpənməz daşdı, İlham, nə keçilməz sədləri aşdı, İgidlər yurdunun nər övladıyam! * * * Tarixdə Nəbisi, Koroğlusu var, Gen dünya yağıya daim olub dar, Düşmən qarşımızda yenə oldu xar, Aslanlar yurdunun şir övladıyam! * * * Göydən Yer üzünə ərmağan, payam, Gündüzlər Günəşəm, gecələr Ayam, Ən parlaq ulduzdan törəyən boyam, Ozanlar yurdunun sirr övladıyam! * * * Ustacam, vətənim vətən içində, Axıb duruluruq zaman köçündə, Min bir anlamı var, adi “heç”in də, Aqillər yurdunun pir övladıyam! 13.11.2020. Bakı.
Bir insan, bir toplum, məsum insanlardan ibarət günahsız xalq, sadəcə, müstəqil yaşama sahib olmaq, asılılığı inkar etmək üçün nə qədər vəhşətlə üz-üzə, göz-gözə gəlmiş ola bilər? Cəfakar xalqımdan, yaşlımdan, uşağımdan, balasının bayrağa bələnmiş tabutuna sarılan ağbirçək anamdan soruşun. Soruşun ki, nə gördü millətin qaranlıqda, qan içində? Nə görə bildi kor edilən millət o dəhşət gecəsində? Nələri evində qoyub bir daha qayıda bilmədi? Ocağının hənirtisi bir də heç vaxt canına dəymədi. Bəlkə, qara buludlar çəkilər, gün üzü görünər deyə “Öldü var, döndü yox”a sarılan candan sədlərin qəlblərindəki vətən eşqi, ruhlarındakı azadlıq atəşi, damarlarındakı qaynar qan günlərdir olduğu kimi, şaxtanın insanı kəsdiyi o gecə də ölümə sinə gərən heç kəsi üşütmürdü. Lakin əliyalın, gülləyə, bədəni parçalayan tanklara qarşı ruhuyla vuruşan ana yurdun övladları buz kəsəcəklərini, qanlarının quruyub, bitib, donacağını təxmin etməmişdilər. Düzdür, atılan güllələrə alışırdılar, amma bilirdilərmi ki, “Ziyansızdır, narahat olmayın” deyə tanıdılan düşmənlər onlara nə divan tutacaq? Sağa-sola insafsızcasına, qana susamış şəkildə açılan atəşlər nə köksünü ötürməmiş, şəhadət gətirməmişlərin canını göyə sovurdu. Məhəbbətlər, həyatlar, böyük xəyallar pərən-pərən ətrafa səpələndi, viran oldu. Səbirsizliklə gözlənən xəyallardan biri Məmmədovların ailəsində, evin qızının qəlbində yarım qaldı. Adına görə uşaqlar arasında xoş qarşılanmayan gələcəyin, elə indinin gözəl piano müəlliməsi olacaq Larisa adını dəyişəcəyi, anası Qalina xanım isə qızının böyüyəcəyi zamanları dörd gözlə gözləyirdi. Fəqət Larisa “Leyla” ola bilmədi, anası 13-ünü gördüyü övladının 43-ünü görmədi. Larisa heç böyümədi. Atası Fərman bəy ilə bərabər ikən can verən balaca Larisanın yarası yalnız onun deyil, o dəhşətli anlarda balasından xəbər tuta bilməyən çarəsiz ana və atanın da ürəyində açılmışdı sanki. Qanla islanan Larisanın paltosu idi, doğrudur, amma bir o qədər qanı da anası qəlbinə axıtmış, körpəsinə ağlamışdı. Baş verdiyi ilk gündən şeirlər, yanğınlı nəğmələr, əsərlərin saysız olduğu bu vicdansız əməl – soyqırım – parlaq istedadı, fədakar maarifçimizi əbədiyyətə, ülviyyətə, ən yüksək məqam – şəhidliyə ucaltdı.Suverenlik üçün mübarizənin ən qızğın nöqtəsindəki can qardaş-bacılarına hərəkatda, ocaq başında dəstək olurdu çiçəyi burnunda, hələ 21-ində olan Ülvi. Hisli və solğun bənizinin halını düşünmədən müəlliminin can yandırıb verdiyi şirin çayla imtahanını verən o misilsiz tələbə buradakı dərsini tamamlayıb, fərqli bir dünyada imtahanından keçməyə yollandı. Evin səssiz, amma dahi ruhlu uşağı Ülvi balaca vaxtından yazırdı. Əsl eşqi vətənindən, sevdiyi qızdan yazırdı. Şübhəsiz ki, torpağı üçün ölməyə, torpaq olmağa hazır idi, ancaq şeirlərində həmişə bir hüzün, qüssə vardı, elə bil ölümə tələsirdi. Sanki hiss edirdi Ülvi nakam gedəcəyini. “Dedim , köçsəm bu dünyadan, köks ötürüb anasısan”, – deyirdi o. Anırıq, Ülvi, səni dillər anır. “Adsız uyuyuram bu qərib yerdə” yazmışdın, adın hamıya tanışdır indi, vətən oğlu. Anandan nigaran idin, qardaş axtarmışdın onu ovutmağa, sən ananı nigaran etdin. Ədəbiyyatın özülü eşq dastanlarını boynu bükük qoyanları unutmaq, şəksiz, günahdır. Bəlkə, canına qıymaq da günahdır, ancaq məhəbbətinin arxasınca bətnində körpəni atasına, özünü sevgilisinə çatdırmaq üçün edilən qəsdə Tanrı belə səssiz qalmağı seçir. Silahsız millətinə zirehli texnikayla hücum edilməsi kimi bir şərəfsizliyi qəbul etmək istəməyən İlham gecə yarısı tankın önü düşmənin dilində “İnsanlar silahsızdırlar, güllə atmayın!” deyərək çıxır. Körpəyə belə rəhm etməyənlərin namərd gülləsi İlhamın sinəsini paralayır. Səhər ən azından yaralı olsa da həyatda olmasını diləyərək anası və qardaşı xəstəxanaları axtarmağa çıxanda yol üstündə gördüyü qan gölməçəsinə “Hansı anası ölmüşündür, nə şirin qandır”, – deyir Ofeliya xanım. Bilmir ki, içində Fərizəni daşıdığı, bağrı yarılan doğmaca oğlunun qanıdır. Onun tapıldığını anası özü aldığı yerdəki qırmızı şərfdən anlayır.İlhamın vəfatına tab gətirə bilməyən Fərizə vəsiyyətini göz yaşları içində, qıvranarkən “Məni ağlamayın” yazdığı yarım məktubla açıqlamağa çalışır. “Onsuz da bu…” deyə qalır, tamamlanmır yazı, amma onsuz da bu sarsılmaz sevgi bağı idi, elə deyilmi, Fərizə? Hər adət-ənənəyə uyğun yuva quran cütlük adətdən kənarlaşdırılıb dəfn edilir. Fərizə orada uyuyan hər şəhidin bacısı olur. Hər zamanki kimi İlhamın sol yanı olur. Hər kəs əlindən gələni edərkən balaca İlqar da edə biləcəyi heç nəyi əsirgəmir. Sırf isinə bilsinlər deyə kazarmadakılara odun daşıyan 12 yaşlı İlqar içərisində olduğu maşının üzərindən tankın keçməsi ilə dünyasını dəyişir. O, bu gün də şagirdi olduğu və digər məktəblərdə yad edilir. Onun yaşıdlarına və ondan balacalara qürurla danışılır. Elə qəhrəman soydaşlarımız var ki, hissələrə ayrılmış vücudundan dəfnində yalnız qolunu basdırırlar. Yusif kimi. Bəlkə də , adları, yaşları bilinmir, amma bu qanlı və şanlı tarixin üzərindən illər ötdükcə, hər il onları da görməyə gəlirlər. Kim olduğundan agah olmadığımız o rəşadətli kəslər onları ziyarət edişimizlə təsəlli, təskinlik tapırlar. İnsanlığın bətərini görmədiyi, şənliklər yaraşığını qana bulayıb matəm çiçəyi edən Azərbaycanın bu qara tarixi indiki və sonrakı nəsillər dərk etdikcə anılacaq və anılmalıdır. Unudulması qeyri-mümkün olan bu vahiməli və dəhşət dolu hadisələr bu torpağa məxsus hamının əbədi matəmidir. Onlar bizim üçün öldülər, amma bizim üçün ölməyəcəklər.
Artıq 40 günə yaxındır ki, daha bir el ağsaqqalı aramızdan gedib. Sanki dünyamızın bir tərəfi boş qalıb. Çünki o, el-oba arasında, qonum-qonşu yanında yeri görünənlərdən idi. Söhbət Yardımlı rayonunun Alçabulaq kəndindən olan Dadaş Musa oğlu Mənsimovdan gedir.2025-ci il dekabrin 10-da, uzun sürən xəstəlikdən sonra haqqa qovuşub. Onunla ilk dəfə 2001-ci il noyabr ayının 14-də Sumqayıtda görüşmüşəm. Mənim bacım qızı Könüllə onun bacısı oğlu Aftilin toyunda. Ucaboylu, səliqə-sahmanlı biri idi. Mikrofonu götürüb ağsaqqal kimi çıxış edərək bəy-gəlinə müdrikanə xeyir-dua verməsindən necə bir ağırtaxta kişi olduğunu görüb duymuşam. Sonrakı yaxınlıqlar zənnimdə zərrəcə yanılmadığımı göstərib. …Adının mənası: “Dadaş” sözü böyük qardaş”, “mərd”, “cəsur”, “igid” mənalarını verir. Dürüstlük, sözə bağlılıq, qorxmazlıq və yardımsevərlik kimi xüsusiyyətləri ifadə edən bu xitab kişi adı olaraq xüsusi isim səviyyəsinə qalxıb. Elə uzun illər Yardımlıda hərbi komissarın müavini, Sumqayıtda yataqxanalar birliyinin rəisi olmuş rəhmətlik atası Musa kişi ona bu adı qoyanda həmin məziyyətlərin sahibi olmasını arzu edib. Beləliklə, 1940-cı ildə doğulan, 2025-ci ildə 85 yaşında dünyasını dəyişən Dadaş kişi adının önəmini azaltmayıb, əksinə artıra bilib. …Soyadının mənası: “Mənsim”in sırf ayrıca anlamı olmasa da, məsum, yəni günahsız, təmiz, heç bir qəbahəti olmayan mənasını verən sözün dəyişmiş ifadəsində kimlik bildirir. Dadaş kişi öz adına olduğu kimi, soyadına da uyğun həyat mövqeyi ilə tanınıb. Zahirən də məsum çöhrəli idi. Ümumtəhsil məktəbini doğma Alçabulaq kəndində bitirən Dadaş Mənsimov əvvəlcə texnikumda mühasiblik peşəsinə yiyələnib. Bir müddət Sumqayıtda çalışdıqdan, ovaxtkı Xalq təsərrüfatı İnstitutunu (indiki İqtisad Universiteti) bitirib diplom aldıqdan sonra Yardımlıya qayıdıb. Kolxoz və sovxozlarda baş mühasiblik edib, rayon partiya komitəsi (indiki icra hakimiyyəti) hüquq şöbəsinin müdiri, sovxoz direktoru, şərab zavodunun, aqrar-sənaye birliyinin baş direktoru olub. Sonuncu iş yeri – ƏƏSMN-nin rayon Məşğulluq İdarəsinin direktorluğundan təqaüdə çıxıb. Təltifləri, mükafatları da çox olub. …Xarakterinin mayası.Əsas odur ki, harada və hansı vəzifədə çalışmağından asılı olmayaraq, Dadaş Mənsimov etimadı doğruldub, hörmət-izzət qazanıb. Elə vəfatı barədə xəbəri eşidənlərin təsirlənməsindən də göründü ki, Dadaş kişi elin kisəsindən gedənlərdəndir. XVII əsr ispan mütəfəkkiri Baltasar Qrasia “Kamillil elmi” adlı məşhur fəlsəfi traktatında yazırdı: “Cahilin bədbəxtliyi ondadır ki, o, həyat amalını, məşğuliyyətini, doğma diyarda, dostlar arasında yerini seçməkdə səhv edir”. Bu baxımdan Dadaş kişi kamillik göstərib və Yardımlıda, el-oba arasında çalışmağı üstün tutub. Bəsirətli, həssas, lütfkar, xoş məramlı şəxsiyyət kimi ürəklərdə taxt-tac qura bilib. Dadaş kişi ziyalılar ailəsinin başçısıdır. Böyük oğlu Qurban Mənsimov Yardımlıda Sırıq inzibati ərazi dairəsi üzrə icra nümayəndəsidir. Şahin Mənsimov Sumqayıtın tanınmış stomatoloqlarındandır. Uzun müddət Şəhər Tibbi Bədən Tərbiyəsi Dispanserində baş həkim olub. İndi də sevimli peşəsində çalışır. Bacısı Qönçə xanımın Yardımlıda dəfn mərasimindən Sumqayıta qayıdandan sonra ona başsağlığı verməyə gedən qohum-əqrabaya dediyinə görə, yas məclisinə rayon rəhbərliyi, geniş ictimaiyyət nümayəndələri, eşidən-bilən hər kəs gəlmişdi. Şahingil onu haqq dünyasına layiq olduğu səviyyədə, necə deyərlər, böyük urvatla uğurlayıblar… …Sonluq əvəzi.Onun xətir-hörməti Yardımlıdan üzübelə – Masallı, Cəlilabad, Salyan, Bakı, Sumqayıt coğrafiyasını əhatə edirdi. Masallıdan olan qələmdaşlarımdan gətirdiyim aşağıdakı sitatlar, məncə, yerinə düşər: Tələbə yoldaşım, yazıçı-publisist Nurəddin Ədiloğlu yazır ki, gedənin arxasında yarımçıq qalan sözlər, yazılmamış sətirlər, deyilməmiş xatirələr qalır. Elə insanlar var ki, cismani olaraq bu dünyadan köçsələr də, yoxluqları ilə daha çox görünürlər. Onlar yaşadıqları ömrün mənası, əməllərinin izi, dost yaddaşında qoyduqları səs-küy qədər ölümsüz olurlar.Dadaş kişi də elələrindəndir. Digər qələm dostum Nurməmməd Ağa isə yazır: Varlığın yaşayır yoxluğunda da, Səni həsrət ilə anır dostların. Ölüm haqq olsa da… Gerçək olsa da, Sənin ölümünə yanır dostların. Mənsə Dadaş kişinin itkisinin yaratdığı ağrının, xatirələrin və sükutun içindən süzülüb gələn bu ehtiram yazısını 40 mərasimi ərəfəsində onun ruhuna ərməğan edirəm. Hədislərdə vəfat edən üçün 40 mərasimi keçirilməsinin vacibliyi qeyd olunur. Əsas məram dünyadan köçən əzizimizi anmaqdır. İnsanların oraya gəlməsi doğmasını itirən şəxsin kədərini paylaşmaqdır. Çünki sevinci paylaşan zaman çoxalır, qəmə isə şərik olanda azalır. Allah Dadaş kişinin o dünyasını versin… Müəllif: Əlir Nəcəfxanlı