Kant ağlın, əxlaqi məsuliyyətin və həqiqətin əhəmiyyətinə güclü vurğu edən maarifçiliyin aparıcı filosofu idi. Onun fəlsəfi çərçivəsi, ağıl və məntiqdən istifadə edərək üzə çıxara biləcəyimiz və axtarmalı olduğumuz obyektiv əxlaqi həqiqətlərin olduğunu bildirir. Bu, Kantın həqiqətin, hətta zərər versə də, son nəticədə insanları ondan qorumaqdan daha vacib olduğu fikrini xatırladır.Onun belə bir fikri var ki, həqiqət vəhyin səbəb ola biləcəyi hər hansı müvəqqəti ağrı və ya iztirabı əvəz edən özünəməxsus dəyər və mənəvi çəkiyə malikdir. Əlbəttə ki, həqiqəti bütün digər mülahizələrdən üstün tutmaq ideyası mürəkkəb və nüanslı bir fəlsəfi mübahisədir.Çox vaxt həqiqətin zərərli ola biləcəyi çətin vəziyyətlər olur və mərhəmət göstərmək, həqiqəti yumşaltmaq daha müdrik hərəkət yolu ola bilər. Bununla belə, Kantın bu fikri həqiqəti axtarmağın gücünə və əhəmiyyətinə sarsılmaz sadiqliyi ifadə edir. Bu, etika, əxlaq fəlsəfəsi və həqiqətin cəmiyyətdəki rolu ilə bağlı mühüm suallar doğuran düşündürücü bir hissdir.
Raci şəxsiyyətinə nəinki biganə, tam əksinə məftun olduğumdan onun şeir bağçasından bir dəstə gül dərməyi özümə borc bilirəm.Əbülhəsən Raci haqqında lap çocuq yaşlarımdan duymuşdum.Çox xırda idim.Göyçayın Əbəlfəzlil Abbas məscidində (Göyçaylılar bu məscidə daha çox Yuxarı məscid deyirlər) əzadarlıq məclislərinə (O vaxt Məhərrəmlikdə hər axşam mərsiyyələr deyilər, ehsanlar verilərdi ) atam və qardaşımla gedərdik.Şeirbaz bir ailənin övladı üçün canımızda, qanımızda ilk növbədə poeziya qaynadığından məni uzun bəyaz saqqallı, azman görünüşlü, qalın səsli növhə və mərsiyyə deyənlər, rövzəxanlar cəlb edərdi.Öncə axşam namazı qılınar, sonra samavar qaynadılar, armudu stəkanda çay və halva-çörək ehsanı paylanar, həzin mərsiyyələr, növhələr bir-birini əvəz edərdi.Bu məclislərdə mənə ən ləzzət edən böyüklərin şirincə söhbətləri və armudu stəkandakı çay olardı.Bir şakərim vardı…Əsasən oxunan qəzəllərin sonuncu beytindəki müəllifin adına fikir verərdim.Ya Füzuli, ya Natəvan, ya Seyid Əzim, ya Sərraf söylənilər, həp bərabər: -“Allah rəhmət eləsin!” uca səslə söyləyərdik. Bu həmin qəzəlxanın mükafatı sayılardı, zira əsrlər sonra ismini tələffüz edənlərin bulunmasından gözəl nə ola bilərdi axı?! Bu adlardan ən çox isə Raci çəkilərdi.Racinin bu xüsusda şeirləri hədsiz çoxdur.Atamdan soruşanda deyərdi ki, -“Bizim Təbrizdəndir Raci. Qəzəlxan kimi məşhurdur, Turan” Bir faktı da danışdı ki, Məkkədən gələndə Qırmızı dənizdə boğulub.Hal-qəziyyənin necə olduğunu ətraflı soruşmadım. Aylar ötüşdü, illər bir-birini qovarkən, həyat da məni qovup apardı Qırmızı dənizin sahillərinə.İşlədiyim kruiz gəmisi – “Armonia” adlanırdı.İtalyanlara məxsus olsa da məhz Qırmızı dəniz boyu səyahət edər, Limassol, Eilat, Şarm Əl-Şeyx – kurort şəhərlərini dövrə vurardıq. Gəminin müşahidə meydançasından Qırmızı dənizi seyrə dalarkən düşündüm ki, dalğalar qoynunda kimlər batmamış?! Təsəvvürümdə canlandı ki, axı deyəsən, Raci də təxminən buralarda suya qərq olmuşdu. 3 dəfə hayladım onu. -Məni eşitdimi? -Bilmirəm!
-Görəsən harda? -Budur burada! -bəlkə, burada?
birazda gedirik:
-Bəlkə də bu tərəfdə.
Dəqiq Qırmızı dənizdə.Tarix qırmızı-qırmızı bunu üzümüzə deyir ki, Raci məhz buralarda həlak olub. Amma ölməmişdən öncə hələ doğulmaq lazımdır axı…1831- ci ildə Təbrizdə Xiyaban məhəlləsində doğulub Əbülhəsən Raci.1-2 il o yan, bu yan da ola bilər, çünki müxtəlif rəqəmlər var.Təxminən 45 il ömür sürüb.Lap yeniyetmə illərindən şeirləri dillər əzbəri olub.Hətta xanəndələr toy-büsatda Raci əşarından nümunələr oxuyarmışlar.
De bir türki qəzəl, Raci, Oxusun bu gözəl, Raci. Bələd olsun əzəl Raci, Rümuzi-eşq dərdinə.
İşrət məclislərində oxunan şeirlərindən qat-qat çox isə şairin növhələri, mərsiyyələridir.Bu səbədən kədər, qəm, hüzn daha üstün gəlir tərəziyə qoysaq.Lakin bu şeirlərin başqa mərsiyyələrdən çox böyük fərqi var.Görünür balaca ikən məndə Raciyə vurğunluğu məhz bu səbəb yaradıb.: Racinin mərsiyyələri sanki süjetli şeirlərdir.İmam Hüseyn müsibətini nüans-nüans anladır, elə bilirsən ki, sən də həmin olaylara tanıq oımusan, sən də o vəhşəti görmüsən.Tarixi qaynaqlara əla bələdçiliyi varmış Hacının.Bir növhədə göründüyü kimi: Belə əhd eləmişəm, ey bacı, cananım ilən, Ərseyi-Kərbübəladə boyanım qanım ilən.
Çünki bu cami-əcəldə şəkərü- şəhdim var, Bu səbəbdən susuz ölməkliyə çox cəhdim var. Aləmi-zərrdə canan ilə bir əhdim var, Varam öz eylədiyim əhd ilə, peymanım ilən.
Ya Hüseyn, hövli-qiyamətdə yetiş imdadə, Raciyəm, bircə ümidim sənə var üqbadə. Ağlaram, olsa həyatım nə qədər dünyadə, Gecə-gündüz sənə bu dideyi-giryanım ilən.
Bu növhədə İmamın bacısı Xanım Zeynəb ilə mükaliməsi var.İmam Hüseyn məhz Kufəlilərin çağırışına cavab verib ora yollanmağını Allahla əhdinin olduğuna eyham vurur.
Raci şəxsi mütaliə yolu ilə klassik Şərq ədəbiyyatını da mənimsəmişdi.Racinin Şamaxılı Nişat Şirvani və başqa müasirləri ilə də çox güman ki, məktublaşması olub.Çünki Nişat Şirvani haqqında kiçik bir araşdırma edəndə Nişatın Raciyə yazdığı qəzəlini görürəm:
Ötən ay gəlmiş idim şəhrə ey Raci hilal asa, Məni üryani lağər görcəyin el baxmadı əsla.
Nişatam bir şeyim yoxdur ki, beytülmalıma qalsın, Dürri-nəzmimdən özgə əhli-Rum eylər nim yəğma.
Ömrü boyu ticarətlə məşğul olan Raci Həcc ziyarətindən gələrkən Qırmızı dənizdə tufana düşür, 300 sərnişinlə həlak olur.Türkcə və farsca qəzəllər, qəsidələr, təcnislər yazan, şeirləri toy-düyünü bəzəyən Raci özü də tufan ömrü yaşadı:
Növhəsində: Aləm niyə bəs olmadı viran, Əli Əkbər, Ol gün ki, səni saldılar atdan, Əli Əkbər? -deyənin özü dəryaya salınır, sular qoynunda həyata vida deyir.
Məşhur “olaydı” rədifli şeirin də ilk müəllifi məhz Racidir.Baxmayaraq ki, eyni məzmun və eyni intonasiyada X.Natəvanın və Hüsyn Cavidin də şeirləri məşhurdur.
Öncə Racinin “Olaydı” qəzəli:
Nə eşq olaydı, nə aşiq, nə hüsni-dilbər olaydı, Nə ayinə, nə səfa, ey könül, nə cövhər olaydı.
Nə zülf olaydı, nə ariz, nə xətt olaydı, nə xal, Nə müşk olaydı, nə məcmər, nə üdü-ənbər olaydı.
Məzaqi-Raci nə şirin olaydı, nə böylə təlx, Nə hicr, zəhri-həlahil, nə vəsl şəkkər olaydı.
İndi Natəvanın:
Nə mən olaydım, İlahi, nə də bu aləm olaydı, Nə də bu aləm əra dil müqəyyədi-qəm olaydı.
Nə hicr atəşinə odlanıb yanaydı dilim ki, Nə eşqin içrə könül böylə şadu – xürrəm olaydı.
Nə ah olaydı, nə əfsus, nə parə-parə könül, Nə Natəvanın, ilahi, həvəsi dəhrəm olaydı.
İndi Cavid əfəndinin:
Nə eşq olaydı, nə aşiq, nə nazlı afət olaydı, Nə xalq olaydı, nə xaliq, nə eşqi-həsrət olaydı.
Nə dərd olaydı, nə dərman, nə sur olaydı, nə matəm, Nə aşiyaneyi-vüslət, nə bari-firqət olaydı.
Tükəndi taqəti-səbrim, ədalət, ah! Ədalət! Nə öncə öylə səadət, nə böylə zillət olaydı.
Burada əlbəttə, mənimsəməkdən söhbət getmir. Sadəcə, bu hərəkət şeir estafetinin Təbrizli şairdən Şuşalıya, Şuşalıdan Naxçıvanlıya ötürülməsi kimi başa düşülməli. Bütün hallarda, Natəvanla təxminən yaşıd olsalar da zənnimcə, Raci daha öncə yazıb bu şeiri.Birincisi, ona görə ki, növhələri ağız-ağız dolaşan Racinin ola bilməz ki, bu şeiri Şuşaya gedib çıxmayaydı.İkincisi, Natəvanın növhələri sayca azdır və əsasən ömrünün sonrakı dövrünə təsadüf edir.Yəni Raci 45 yaşında artıq böyük bir şeiriyyat qoyub getmiş, Natəvanın əsas yaradıcılığı isə hələ qarşıda idi. -Bəs hara getmişdi Raci? -Gəldiyi yerə! -Türk nəslinin, türk soyunun, Təbriz mübarəklərinin hüzuruna. Köksündə İmam Hüseyn eşqi və poeziya coşğusu ilə dalğalar qoynundan, dəryalar ağuşundan, Qırmızı dənizdən bizə sarı boylanan var: Adı Əbülhəsən, təxəllüsü Raci – yəni ərəbcədən tərcümədə – “rica edən, xahiş edən” Elə isə mən də bir rica edim: Qırmızı dənizdən keçəndə 3 dəfə Raci çağırın! O sizi mütləq eşidəcək. Necə ki, 2013-cü ilin fevralında məni də duymuşdu.
(Yazımda atamdan, həmçinin uşaq ikən Göyçayın Əbəlfəzlil Abbas məscidində nurani kişilərdən eşitdiyim söhbətlərə və şəxsi xatirələrimə söykənmişəm) 11 iyun 2024-cü il.
Xoş gördük, doğma şəhərim! Axır ki, sən azadsan! Sənə doğru gedən yollar açıqdır.
Və mən 35 ildən sonra ilk dəfə sənin ziyarətinə gələ bildim.
Mən sənin hüzuruna turist kimi gəlməyə qıymırdım. Dəstələrə qoşulmadan, küyə düşüb selfi çəkdirməyə tələsmədən, qonaq kimi İsa bulağında yeyib-içməyi pak adına sığışdırmadan səbrlə gözlədim…
Və Böyük Qələbədən sonra yollar açılanda, gediş-gəliş icazəli olanda, səhhətim və sərvətim imkan verəndə öz arzumla, öz istəyimlə yola çıxdım.
Doğulduğum şəhərə salam verməyə, doğulduğum evi görməyə, doğulduğum havanı udmağa gəldim…
Müqəddəs şəhidlərin, igid qazilərin, qəhrəman sərkərdələrin min bir əziyyətlə keçib getdiyi dağlar üstündən, şanlı Zəfər yolu ilə keçib getdim…
İnsanlıqdan xəbəri olmayan vəhşi ermənilərin darmadağın etdiyi şəhərlərin, kəndlərin içindən qəzəblə keçdim. Tam yenidən qurulan, təzədən tikilən, od-alovdan dirçəldilən yurdumuza fərəhlə baxa-baxa getdim…
Dünyaya gələn kimi başladım ağlamağa, oxşadılar, ovutdular, aldatdılar doğmalarım, bürüdülər süd qoxulu təmiz ağa, elə bildim süd qoxuludu, ağdı dünya, qucaqda yaşamaqdı dünya. Gülüşlərimlə birgə doğuldu arzularım. Elə ki, başlandı qarlı qışım, qızmar yayım, xəzanlı payızım, çiçəkli baharım, isindim qayğıyla, ümidlə, öyrəşdim öpüşə, sığala, özüm də mat qaldım bu şirin nağıla. Bir ağ günlü oğul oldum, anamın həzin laylalarıyla, atamın gizlin qüruru ilə, nəzəri ilə böyüdüm. Hər gün bir darı dənəsi boy atdım, ağlaya-ağlaya, gülə-gülə. Şirinim, şəkərim deyənlərə şirni oldum, noğul oldum, bu dünyanın nağıllarına inanıb sonu məchul nağıl oldum…
İkinci hissə
Böyüdükcə quduz həyat qıcadı dişlərini acgöz yalquzaq kimi ağzı sulana-sulana, gözləri yana-yana. Baxdı mənə sümüyü bərkiməyən sütül bir uşaq kimi. Qoynuna sığındığım şəhər uddu məni, nə dərinmiş çinədanı, qapqara zülmət imiş hər tini, dar dalanı. Əzrayıl bildim “xozyayka”mı – Rübabə xalanı. Bərkitdi məni şəhər gözəllərinin kinayəli gülüşləri, eyhamları, məni dilbilməz, anlamaz sanan əli təsbehli, dodağı “Kazbek”li tin adamları. Sınağa çəkdi məni darıxdırıcı günlər, ehtiyac, Xəzərin dəli xəzrisi, mülayim gilavarı, kirayə qaldığım yarızirzəmi, yarızülmət pəncərəsiz evin alçaq tavanı, nəmli divarları…
Üçüncü hissə
Bu şəhərdə dişinə çəkdi məni “şəhər” adlı “səhra”nın nəfəskəsən bürküsü. Təngisə də nəfəsim, titrəmədi səsim, büdrəsəm də yıxılmadım, kəndimizin palıdları kimi möhkəm idi bünövrəm – ömür sarayımın təməli, hörgüsü. Bu şəhərdə nə ağacdan asılmış təbii nənni – çarpayı gördüm, nə də Koroğlunun dəliləri kimi hayqıran dəliqanlı dağ çayı gördüm. Burda dəniz gördüm – suları mazutlu, neft ləkəli. Nargini ölüm düşərgəsi, sükunəti təhlükəli. Balıqları batan gəmilər kimi “SOS”a gümanlı – “mənə təmiz su, hava, qida verin!” həyəcanlı. Bu şəhərdə əyri yollar gördüm – əngəlsiz, dümdüz, sonunda gözlərindən cin yağan küpəgirən qarı, ya da bədheybət Təpəgöz, hər ikisi bağlayıblar düz yolları. İblisvari adamlar hey irişir qucağını aça-aça. Doğru yolları sərt enişli, yoxuşlu, labirint toxunuşlu, əriş-arğaclı, tıxaclı, dalanları gedir çıxılmaza. Aldada bilmədi məni əyrim-üyrüm yolların başgicəlləndirən gəlhagəli, nazlana – nazlana göz süzdürüb oxuyan restoran gözəli. Bu şəhər – sınaq meydanı, bir-birindən fərqlənmirmiş mələyi, şeytanı…
Bu ziqzaqlı yolların düzlüyündə yeridim addım-addım, boz məmurun təkəbbürlü sifətinə baxa-baxa, heyrətlə, maddım-maddım. Elm adamı olmaq istəyimin üstündən qara xətt çəkdi bir məşhur akademik: “sənə yer yoxdu, adamımız çoxdu”, az qaldı barmağını gözümə soxa, əllərimə baxdı, inanmadı yoxa. Ancaq sındıra bilmədi məni saxta təbəssümlər, qrimli üzlər, hiyləgər baxışlı əyri “düz”lər. Dənizdə də üzdüm, dağlarda gəzdim, bəyazlıq, əzəmət, təmizlik görmədim bu şəhərin “dağ”larında. Hiylə gördüm, məkr gördüm gözəllərin kaleydoskop kimi min bir rəngli gözlərində, yanaqlarında. Kəndimizin təpələri məğrur idi bu “dağ”lardan, uşaqları da qürurluydu şəhərli “qoçaq”lardan. Qartal qanadlarım olsa da, heyhat, quşqonmaz zirvələr tapmadım burda. Mazut qoxuyurdu, yağışı, qarı, laqeyd idi tanışları, “dost”ları…
Beşinci hissə
Nə yaxşı ki, aldada bilmədi məni süni bər-bəzəkli, bulvarı saxta öpüşlü, bir neçə saatlıq “sevgi”li, ətəyi gödəkli şəhər. asfalt küçələr, ekzotik həyatlı gecələr, barlardakı körpə “cücə”lər üyüdə bilmədi məni şəhərin çax-çuxsuz dəyirmanında. Darıxdım tovuzquşu kimi alabəzək gözəllərin ormanında. Zirvə eşqi ilə yandım, alışdım, hey çalışdım, qalxım zirvəyə. Ayağımdan dartdılar: -Ay kəndli balası, hələ tezdi, – deyə. Arzularımdan uçan xalça toxumaq istədim, qırıldı ilmələri. Hayqırmaq, zildən oxumaq istədim, ağzımda qaldı kəlmələrim. Uçağan xəyallarım ilişdi zamanın qara buludlarına, amansız həyatın qovhaqovlarına, tuthatutlarına…
Altıncı hissə
Bu acı əngəllər bişirdi məni, inamım, əqidəm, əyilməzliyim bütün sınaqlardan keçirdi məni. Indi gəlib çıxmışam çoxfəsilli ömür dastanının sonuna, Tanrı, nə deyim, bu qaydasız oyununa?! Şəvə tellər seyrəldi payızda ağacların yarpağı kimi, bir-bir düşsələr də başımdan yorğun-yorğun saralda bilmədilər həyat eşqimi. Gözəllər baxdılar oğrun-oğrun, “ehh…”ləri sinəmi dəldi, düşündüm: “Payız nə tez gəldi?!” Üzüboz şəhər sahib çıxmasa da ürəyi dolu, cibi təmiz bir kəndli balasına, bənzəyirəm atamın, anamın müqəddəs ruhuyla, dostların, doğmaların arzusuyla ucaltdığım alınmaz qürur qalasına…