Bu gün hava da mülayimdir, Günəş də öz hərarətini Yer üzünə xüsusi bir həvəslə yayır. Çünki bu gün çox maraqlı bir insan sevdiklərinin, dostlarının, ailəsinin ətrafında dünyaya gəlişini qeyd edir. Qadın olmaq gözəldir, ana olmaq möhtəşəmdir, nənə olmaq xöşbəxtlikdir. Bunların hər üçünə nail olmaq isə böyük məsuliyyətdir. Sevimli Flora xanım bu nailiyyətlərin hamısına çatmış biridir. Düşünəndə ki, bütün bunlarla yanaşı o, həm də alimdir, elmlər doktorudur, professordur, jurnalın baş redaktorudur, AJBnin üzvüdür, yazıçıdır, publisistdir, tərcüməçidir, yaxşı mənada heyrətlənməmək olmur. Flora xanımdan çox danişmaq olar, bir gün onu mütləq “Səmimi söhbət”imə qonaq edəcəyimə söz verirəm. Bu gün isə əziz rəfiqəmi, çox sevdiyim insanı, dostluqda etibarlı, işində məsuliyyətli Flora Nacini yaşının üstünə gələn yeni yaşı münasibətilə ən xoş və səmimi arzularla təbrik edirəm. Yaşa və öz həyatsevərliyinlə, pozitiv enerjinlə bu fani dünyanı gözəlləşdir, Flora Naci!
Дорогая Флора, поздравляю с днём рождения! Ты удивительная женщина – кладезь мудрости, научных познаний и позитивной энергетики. Тебе многого удалось достигнуть. Прежде всего, ты достойная мать , добрейшая бабушка и верный друг. Уважаемый профессор, писательница, поэтесса, переводчица, главный редактор научного журнала и т.д. Года пусть прибавят только знания, опыт и стремление дальше покорять вершины. Желаю никогда не сомневаться в своих силах и ни при каких обстоятельствах не терять своего ориентира. Будь успешна в своих начинаниях! Будь здорова и крепка духом! Будь уверена в себе, люби жизнь, стремись двигаться вперёд и никогда не опускать рук!
Sən… heç üşüdünmü İsti yay günündə? Alovu saçlarını qarsan soba dibində Barmaqların soyuqdan titrədimi? Sahibsiz köpəklərlə bölüşdünmü Əllərinin hərarətini? Rühün süzüldümü Nəhəng ticarət mərkəzlərinin Basırıq dəhlizlərindən? Reklam lövhələrində Alın yazını oxudunmu heç, Qızcığaz?… Sən hardan bilirsən tənhalıq nədir?
Sən… Heç Sevgiylə qətl edildinmi? Ruhunu asdılarımı Özgə istəklərinin dar ağacından… Gözlərini açdınmı Alnından süzülən Soyuq tər damlalarının Titrəyişinə? Yas tutdunmu heç Sevdiklərinin gəlişinə? Sevə-sevə zorladılarmı İçindəki məsum sevdaları?… Doğmalar arasında özgə oldunmu? Kölgə oldunmu Ruhunu zorla daşıyan Soyuq bədəninə? Milyonların arasında Tək qalmayasan deyə Ruhunu Zərrələrə böldünmü heç? Öz içində Gündə yüz yol doğuldunmu, öldünmü heç, Qızcığaz? Sən hardan bilirsən tənhalıq nədir?
Səadət QƏRİB – Rzayeva Səadət Arif qızı – Goranboy rayonunun Dəlməmmədli şəhərində 10 iyun 1970-ci ildə anadan olub. Orta məktəbi əla qiymətlərlə başa vuran Səadət xanım Gəncə şəhərində Qəmbər Hüseynli adına musiq məktəbində təhsilini davam etdirib. 2 kitab müəllifi, 2023-cü ildən AYB üzvüdür. Şeirləri Azərbaycan və Türkiyə saytlarında, qəzetlərdə, dərgilərdə mütəmadi olaraq dərc olunur. Şeirlərinə bəstələnmiş mahnılar Azərbaycanın titullu (Əməkdar, Xalq) artistlərinin repertuarına daxildir.Səadət QƏRİBin 3 -cü kitabı Türkiyədə çapa hazırlanır. Türkiyə şeir yarışması qalibi, “Ziyadar” mükafatı laureatıdır.
YAZARLAR cameəsi adından Səadət xanımı doğum günü münasibətilə təbrik edir, bütün fəaliyyətində yeni-yeni nailiyyətlər arzulayırıq!
Eşqim uca idi hər şeydən uca, Sevgimi qorudum ömür boyunca. Sarıla bilmədim ona doyunca, Təkcə xatirəyə sarılmağım var.
Bilmirəm həyatda yoxam ya varam , Baxdıqca geriyə sızlayır yaram. Özümü heç bir vaxt bağışlamaram , Ən çox da özümə daralmağım var.
Sən yalandan gülürsən
Haqsızlıq içrə sən ey, lal olub susan qadın, Qərib tənhalığında öfkəsin qucan qadın, Səbri dar ağac edib, özünü asan qadın, Üzün pak, gözün gülür, hər an təbəssümlüsən, And ola o Allaha, sən yalandan gülursən!
Günah mənimdir deyib, özünü qınayırsan, Yaşadığın hər günü qürub Günəş sayırsan, Təbəssümünlə bəlkə , hər kəsi sınayırsan, Gecələr yatır, ölür, sübh səhər dirilirsən, And ola o Allaha, sən yalandan gülürsən.
Yuvasında bir qərib qaranquşa bənzədin, Baharın ortasinda soyuq qışa bənzədin, Sərtləsdi əl-ayağın qaya, daşa bənzədin, Kipriyin kölgəsində sığınıb, gizlənmisən, And ola o Allaha sən yalandan gülürsən.
O nakam arzuları yada salırsan hərdən, Qırılan ümidlərə düyün vurursan hərdən, Ucurub xəyalları, gah da qurursan hərdən, Sən cənnətin qızısan, buluddan süzülmüsən And ola o Allaha sən yalandan gülursən!!!….
Susduğuna inandım
Qələmimin içinə eşqdən mürəkkəb qoysam, Seirlərim sevginin rənginə bürünəcək. Dərddən mürəkkəb qoysam , aglayacaq şeirlər, naley- fəryad edəcək, qəm – qubar görünəcək… Bu gün mürəkkəbim eşq, eşqdən yenə yazıram. Nəğmələrdə , şeirdə sevgimi yaşayıram. Buludlarla dolsam da, Günəşlə ovunuram . Cismən ayrı qalsam da , qəlbimdə qovuşuram. Amma çoxdan eşqimin qırılıbdır dizləri Mən eşqimi böyütdüm , yazdığıma inandım. Ən çox unutqan olan unutmaram deyəndi- Dediklərinə deyil , susduğuna inandım.
Nə biləydim
Nə biləydim, sevinc məndən qaçanda, xəyallar da yarpaq-yarpaq solarmış, Nə biləydim bulud kimi dolanda, yağış mənim gözlərimdən axarmış.
Sevgi dolu , gülərüz bir qız idim, Ürəyimdə kədər izi yox idi. Göyüzündə parlayan ulduz idim, Həyatımda xoşbəxt günlər çox idi.
İndi sənsiz,yaman səssiz olmuşam, Susub duyğularım daha çağlamır. Yerlə göyün arasında qalmışam, Yaralarım nədən qabıq bağlamır?…
Nə biləydim , axı hardan biləydim, Yarım qala bilər eşq hekayəmiz. Hüznə ara verə bilsəydi qəlbim Xatirənlə bəslənərdi sevgimiz.
Yanağıma barmaqların dəymədən, Gözyaşımı qurutmaq çox çətindi. Tanrı yazan yazını yaşamadan , Nə biləydim ayrılıq qismətimdi.
Əziz adamım
Nə gözəl söyləyib böyük Nizami:- “Aldat sən özünü bir ümid ilə, Yeməkdən yaxşıdır ümid min kərə!” Mən də ümid ilə başladım günə..
Səni yaşadacam ürəyimdə mən, Yiğilsa da ora dərd təpə-təpə. Hər səhər “günaydın” pıçıldar dilim, Xatirən üstünə gül səpə-səpə.
Ölümün ,əcəlin gücü yetməz ki, Səni ürəyimdən çəkib almağa İndi əlim sənə çatmasa da bil, Səni bənzədirəm uca bir dağa.
Ümidlə yoluma davam edirəm Qırılıb sınsa da qolum, qanadım. Bir gün yenə sənə qovuşacağam Hər yerdə sən varsan əziz adamım.
Yaman qəribsəmişəm
Elə darıxıram … Sükutun yastığına dayamışam başımı. İntizar gözlərimdə öldürmüşəm yuxumu.. Göylərin kölgəsində, həsrətin qollarında , birgə çəkiləsi dərdimizi,sərimizi çəkirəm səndən xəbərsiz.. Haray edən ürəyimin də səsi batıb, duyğularım susub, fikirlərim qarışıb, gözyaşlarım quruyub. Günlər uzanıb gözümdə, saatlar durub sanki.. Nə gecə bitir, nə gündüz.. Solumu-sağımı bürüyüb sənli xatirələr.. Beynimdə dolanırsan… Evimiz də darıxır sənsiz… Çarəsizcə pıçıldayır dodaqlarım gəl deyə.. Gəl ,qıyma duyğularımın xiffət çəkməsinə.. Axı mən … yaşarkən….ölmədən ölmüşəm… Mən sən gedəli bu dünyada yaman qəribsəmişəm..
Səni özündən çox sevənin varsa
Sevinc də də gözəldi, qəm də gözəldi, Səninlə ağlayıb, gülənin varsa, Buludtət çağlayıb yağmağa nə var Əgər ki göz yaşın silənin varsa.
Bir könül ağrısın “dərməyə” nə var, Dərdini gün üstə sərməyə nə var, Bir canı yar üçün verməyə nə var, Əgər ki qədrini bilənin varsa.
Ürək sirr otağı, alınmaz qala, Həsrət sevənlərçün şirin bir bəla, Həsrətin yanında vüsal da ola, Hicran da gözəldi gələnin varsa.
Ömür keçməkəşli, dərdlər ocağı, Ölüm də bir yandan açır qucağı, Şirindir hər eşqin son ömür çağı, Sevginə bir ağı deyənin varsa.
Ürək qidasıdır sevgi-məhəbbət, Birazca nəvaziş, birazca şəfqət, Bax, odur yaşamaq, odur səadət, Səni özündən çox sevənin varsa!..
İstədim
Həsrətin bıçaqtək səbrim kəsəndə, Zamanın dərisin soymaq istədim. Mənə bic-bic baxan fələyin hərdən, O bic gözlərini oymaq istədim.
Qəlbimin içində bərq vurub sancım, Sürünüb ardımca kölgətək acım, Bəzən də, bir başqa yananda canım, Biryolluq dünyadan qaçmaq istədim.
Qaşların hey çatıb ağlama könlüm, Bu zalım dünyada mən nələr gördüm. Bəzən üsyan etdim, bəzən də küsdüm, Ürək danışanda, susmaq istədim.
Hər kəs yazısıyla dünyaya gəlib, Bir gözüm ağlayıb, bir gözüm gülüb, Dəliqanlı qəlbim onu çox sevib, Sevgim sevinəndə uçmaq istədim.
Haçansa bitəcək bu iztirablar, Yenidən ruhumda olacaq bahar. Yaxşı ki həsrətin ümid yolu var. Ayaq səslərini duymaq istədim.
Ev tikir
Bir qadın var:- Gecələr, Baxın gör nələr tikir. Kərpic – kərpic əruzda, Şeirdən evlər tikir…
Divarları misradan, Pəncərəsi hecadan. Həsrət qoxur bacadan, Şeirdən evlər tikir…
Bənd – bənd artır arzusu, Həcəs bəhri duyğusu. Hər gün qaçır yuxusu, Şeirdən evlər tikir…
Yasəmən, süsən qadın, Hər şeyə dözən qadın, Özündən küsən qadın, Şeirdən evlər tikir….
Qaçmaq istəyirəm çox uzaqlara
Bəzən ətrafimda hər şey qaralir, O zaman bilmirəm gedim mən hara. O anda qəlbindən bir istək keçir Qaçmaq istəyirəm çox uzaqlara.
Elə bir yerə ki, orda ümidin, Qoynunda bir bağı, bir gölü ola, Gölün qıragında kiçik bir koma, Qapısı,bacasi lap uçuq ola.
Qaçmaq istəyirəm o yerlərə ki, Orda gəncliyimi qoyub gəlmişəm. Bu ömür təngnəfəs yanımdan keçib, Mən onun səsini hiss etməmişəm.
İçimde hay- haray salan kelmələr Qəlbimin içinde açıblar yara. Ardımca “ getmə, qal” deyənim de yox, Qaçmaq istəyirəm çox uzaqlara….
Ömür
Zaman axıb gedir, ömür tükənir, Təqvimdən vərəqlər bir- bir tökülür. Mənimlə ağlayır yenə də payız, Ürəkdən ümidlər qopur, sökülür.
Nə zaman qəlbimə bahar gəldisə, Tələsik özünü yetirdi payız. Saralan duyğular xəzəl olduqca, Leysan yağışları töküldü saysız.
Vüsalın yolları görünməz olub, Fələk yollarıma çəkib sədləri. Ürəyim bir köhnə məzarlıq olub, Nə qədər arzumun var cəsədləri .
Kəfənsiz dəfn etdim xəyallarımı, Sevgimin cücərən şirin çağında. Hansı birisini söyləyim indi, Hələ də qalmışam hicran dağında.
Bir yol sevinmədi pərişan könlüm, Bir ürəkdolusu sözüm olsa da Daha vüsalına gümanım yoxdur, Sevdiyim adamda gözüm qalsa da…
İnsan ömür boyu yıxılıb qalxar
Bir gündə yaşarsan bəzən dörd fəsli, Bir anda ömründə şimşəklər çaxar. Bitməz ki həyatın fırtınaları, İnsan neçə dəfə yıxılıb qalxar?
Susasa ürəyin zəmzəm suyuna, Dumanlı bir hava çöksə ruhuna, Hay verməzsə ümid, əğər hayına İnsan neçə dəfə yıxılıb qalxar?
Fərq etməz ömrünün hansı yaşında, Səbr bardağın hey ,dolub daşanda, Çarəsiz olmağa məruz qalanda, İnsan neçə dəfə yıxılıb qalxar?
Çiynindəki yükün ağır olduqda, Haqsızlıq içində duyduqlarında, Məcbur susduğunda, susduqlarında, İnsan neçə dəfə yıxılıb qalxar?
Dünya boyda dərdi daşıyır insan, Yıxılsa da qalxıb yaşayır insan, Bəzən də yenidən başlayır insan, İnsan ömür boyu yıxılıb qalxar.
Yanına çağır
Qayadan süzülən şəlalə kimi Elə süzülürsən yanaqlarımda. Gur -gur guruldayan şimşəklər kimi, Səsin məskən salıb qulaqlarımda.
Bilmirəm nə edim darıxanda mən, Çarəsiz gözlərim dikilir göyə. Elə dolmuşam ki buludlar kimi Ürəyim ayrılıb iki hissəyəə
Bağışla ,hələ də yaşayıram mən, Kaş buna yaşamaq deyə bilsəydim. Gücsüz görünməyə ixtiyarım yox, Kaş yenə ürəkdən gülə bilsəydim.
Sən orda mənsizsən, mən burda sənsiz. Belə ayrılıqlar ağırdan ağır. Mən səni çağıra bilmirəm axı, Nə olar sən məni yanına çağır.
Sığınmışam misralardakı sənə (esse)
Bir səssizlik var bu qürbət şəhərdə, Bəlkə də qəlbimin gurultulu səsindən qulaqlarım duya bilmir şəhərin küylü səsini, Bəlkə də qulağım kar olub səslərə… Yaşamla ölüm arasındakı yolda yürüyərək yaşamaq üçün çabalıyıram.. Hər günün sonunda hələ də nəfəs aldığım üçün şükür edirəm Tanrıma.. Canciyər olmuşam yalnızlığımla… Görməməzlikdən gəlirəm bəzən qapanmayan yaralarımı… Amma nə qədər bunu bacarıram deyə bilmərəm. Çünki, boş qalan stulda yerini gördükcə acıların ən başına dönürəm… Və o zaman ürəyimin hər küncü sızlayır… Sənsizliyə öyrəşə bilmirəm… Ömrümün çoxu sənin yanında keçib, necə alışım heç özüm də bilmirəm. Tək bildiyim şey odur ki , ümidin ən soyuq, ən sərt fəslindəyəm… Mən sənlə çox bütün idim, indi isə yarım qaldım…, çox azam, bəlkə də, bəlkə də heç yoxam… Sığınmışam yarı yuxulu, yarı oyaq həsrətə.. Bir də yazdığım misralardakı “sənə”…
Bu şeri AYB-də çoxlarının sevimlisi olan şair dostum Zaur Ustaca həsr eləmişəm. ZAUR müəllim Azərbaycanın qəhrəman oğullarından biridir. 1-ci və 2-ci Qarabağ savaşında iştirak edib, qazidir. Şirin dili, gözəl qələmi var.
O ağacın altı bu gün boş qalıb
Atamdan yadigar həyətımızdə, Dostluğun məbədi nar ağacı var. O nar ağacını sevirik biz də, Narın meyvəsinin çox əlacı var.
Çoxdandır, Zauru gözəl insanı, Narı ziyarətə çağırmışam mən O, igid, qəhrəman, qazi oğlanı, Ülvi sevgisiylə bişirmiş Vətən.
Onun qəlbindəki duyğular,hisslər, Gözəl Qarabağın mayasındandır. Şuşanın üzünü bəzəyən çislər, Ağdamın saf təmiz havasındandır.
Ağ üzlü Ağdamın zəvvarı olan, Hələ ziyarətə gəlməyib narı. Vətənin qazisi, şairi oğlan, Gözü yolda qoyub dost olanları.
Bahardır, rəvamı belə gözəl gün, Nar ağacımızın altı boş qala?. Sındırıb şeytanın qıçını bu gün, Zaur öz dostunun qonağı ola.
Oturaq altında biz gözəl narın, Şirin söhətlərlə dincələk bir az. Udub nəfəsini gözəl baharın, Döşəməli aşdan yesək pis olmaz.
O ağacın altı boş qalıb Zaur, Sənin qulaqların cingildəmirmi? Şəhərdə qaldığın daha bəsdir, dur, Ruhun dincələcək dost istəmirmi? Göyçay şəhəri
Günellə qonşuyduq; onunla bağlı xatirələri yaddaşımda axtarışa verəndə bir neçə görüntünün təkrarlandığı gördüm: üzündəki zərif təbəssümlə yolun o biri başından əl edir ki, gözlə, o tərəfə keçirəm… Məhlədəki xudmani marketin kassasında əlindəkiləri göstərib gülə-gülə deyir ki, guya dietaya başlayıram… Fərəhli günlərdə onların həyətində voleybol oynayırıq, övladlarımız bizim uşaqlaşmağımıza sevinib yan-yörəmizdə atılıb-düşürlər… Voleybol oynadığımız günlərdə kimin zərbəsindən topa kənara çıxsa, dalınca özü qaçırdı. Hiss edirdim ki, bunu həyətin sükutunu gülüşə qərq edən uşaqların sevincinə görə edir. Heç vaxt oyunun bitməsini istəmirdi, neçə saaatının, nə qədər ayının, ilinin, gününün qaldığını bilmədiyimiz ömrün fərəhli anını bir az da uzatmağa çalışırdı. Səadətdən heç yerə tələsmədiyi üçün topun dalınca tələsirdi. Market kassasının qarşısında gülə-gülə öz iradəsindən gileylənsə də, aldıqlarından görünürdü ki, hər şey evdəkilərin sevincinə, gülüşünə, rahatlığına hesablanıb, məsələn, vanilli dondurma, kinder sürpriz, birdəfəlik istifadə üçün təraş bıçağı. Çünki bəzən çöldə cibindən alınmalı şeylərin siyahısını çıxarır, bir-bir hamının sifarişini gülə-gülə, səsli oxuyur, sonra başı yeyilmiş balaca karandaşla yerinə yetirilmiş missiyaların üstündən xətt çəkirdi. Hər dəfə yolu biz tərəfə keçəndə salam-kəlamsız eyni cümləni deyirdi: Niyə bizə gəlmirsiz? Sonra əlavə edirdi: Yığışsanız, mütləq mənə də xəbər edin.
İndi, onsuz sətirdən sətirə keçirdiyimiz günlərin ildönümündə düşünürəm ki, Günel bu dəfə başqa bir yolun o tayına keçib, bu dəfə sirrini heç vaxt bilməyəcəyimiz bir səbəbdən öz doğum günündə öz adının üstündən xətt çəkib, bu dəfə dalınca tələsdiyi top Zərdüştün, Mövludun, Mahmudun olduğu yerə düşüb…
MİRZƏ ŞƏFİ VAZEH – Azərbaycan şairi, mütəfəkkiri və filosofu
OĞURLANMIŞ ŞAİR (Bu rubrikanı sözü qutsal sayan şairlərimizə həsr edirəm)
Dostlar, şəkk etməsin qoy buna heç kəs, Şahlara xoş gəlməz haqqın nəfəsi. Xətri istəsə də, həzm edə bilməz Haqqı, həqiqəti şahın mədəsi.
Həqiqət carçısı Mirzə Şəfi belə şeirlərdən çox yazıb. -Təkcə haqq, ədalət davası idimi davası? -Məncə, yox! Feodal zənginliyinə, despotizmə cild-cild şeirlər yazanın aşiqanə şeirləri də xətriniz istəyən qədərdir.
Cənnət qapısını bu dünyada sən, Açmısan üzümə, ey nazəndə qız. -yaxud
Nə mavi göydəki şux mələklərə, Nə bağlar qoynunda tər çiçəklərə, Nə Aya, nə Günə, eşitsin hamı- Bərabər tutmaram mən Züleyxamı
-deyən də yenə Mirzə Şəfi Vazeh idi. Türk oğlu türk, gəncəli balası, danışdığı lisan türk, irqi (milləti) türk.Özü belə yazırdı… -Bəs tale ona nə yazmışdı? Kimdir Mirzə Şəfi? Adı Şəfi, atasının ismi Kərbəlayi Sadıq, ədəbi təxəllüsü isə Vazehdir.
Haşiyə: Vazeh ərəbcədən tərcümədə “açıq”, “aydın”, “aşkar” mənasını verir.
Gerçəkdən də bütün mətləblərini pünhan deyil, aşkarda söyləyən şairimizə bu təxəllüs lap əyninə görə biçilib. Atası Sadıq kişi Cavad xanın sarayında memarlıq edərmiş.Mirzə Şəfinin doğum tarixinə fərqli araşdırmaçılar fərqli yanaşıblar.Əli Əjdər Səidzadə onun 1792-ci ildə (Mən bu versiyanı doğru sayıram, səbəbini yazımın sonlarında yazmışam), Feyzulla Qasımzadə 1794-cü ildə, Yenikolopov isə 1804-cü ilə aid edirlər.Məncə, 3-cü variant tamamilə qüsurludur.Çünki 1826-cı ildə Vazeh artıq sayılıb-seçilən şəxslərdən, mirzələrdən idi. -Onu deyrdim axı…Memarlıq edərmiş şairin atası Sadıq kişi.Taleyə bax, ilahi! Oğlu şeirimizin memarı, atası isə Gəncəmizin memarı.Biri şeirimizi düzəldir, biri şəhərimizi. Ancaq kaş ki, erkən vəfat etməsəydi Kəbleyi!!! Şəfi də düşməseydi çölə, biyabana.Bəlkə də kim bilir, yaxşısı belə imiş?! Bir qapı bağlanmasa, başqa qapı açılmaz ki. Şəfi Yaxın Şərqi gəzib – dolanır, nə yaxşı ki, Təbrizdən qayıdan varlı bir tacirlə – Hacı Abdulla ilə sırf taleyin diqtəsi ilə qarşılaşır.Hər şey də bundan sonra başlayır.Panteist dünyagörüşünü mənimsəyən Mirzə Şəfinin Gəncədə yaşaması əneyi – müsibət olur.Mədrəsədən çıxır.Başlayır mirzəlik etməyə.1831–ci ildə Hacı Abdulla haqqa qovuşur, hamisini itirən Mirzə Şəfi tələbəsini tapır- Fətəlini.Daha doğrusu, Fətəli bulur ustadını.Hal-qəziyyə bu sayaq olur:
“Gəncə mədrəsəsində hücrələrin birində bu vilayət əhalisindən Mirzə Şəfi adlı birisi yaşayırdı.Bu adam növbənöv elmlərdən başqa, nəstəliq yazısını da çox yaxşı yazırdı.Bu həmin Mirzə Şəfidir ki, Almaniya məmləkətində onun həyatı və farsca şeirdə malik olduğu fəziləti haqqında məlumatlar yazıblar.Mən atalığımın buyruğu ilə hər gün bu şəxsin yanına gedər, nəstəliq yazısının məşqini edərdim.Beləki, get-gedə mənimlə bu möhtərəm şəxsin arasında ülfət və ünsiyyət hasil oldu.Bir gün bu möhtərəm şəxs məndən soruşdu: -Mirzə Fətəli, elmləri təhsil etməkdə məqsədin nədir? -Ruhani olmaq istəyirəm. -Sən də riyakar olmaq istəyirsən? Təəccüb və heyrət elədim ki, bu nə sözdür.Mirzə Şəfi mənim halıma baxaraq dedi: -Mirzə Fətəli, öz həyatını bu qaragüruhun içində puç etmə.Başqa bir məşğuliyyət qəbul et”.
Gəlin görək, nəstəliq yazısı nə imiş ki, Vazeh bu yazıda mahir sayılırmış.
Qeyd: Nəstəliq, ərəbcə təliq sözündəndir.4 mənası var: 1) asma; 2) əlaqədar etmə, bağlama; 3) təxir etmə, yubatma; 4) ərəb yazısının növlərindən biridir.
Burada 4-cü mənada işlənir ki, Vazeh həm də hüsnü-xətdə ad çıxarmış şairlərdən idi.
Şairin Tiflis həyatı isə 1840-cı ildə başlayır.Mirzə Fətəlinin dünyagörüşündə misilsiz rol oynamış Vazehə tələbəsi də borclu qalmır.Axundzadə Tiflis qəza məktəbində dərs dediyi yerini müəlliminə verir. Mirzə Şəfi 1840-cı ilin noyabrından başlayır dərs deməyə: Türkcə (azərbaycan) və farsca dərs dediyi müddət 6 ildir. Bodenştedtlə – şeir oğrusu ilə tanışlıq da məhz bu illərin yadigarıdır. 1844-cü il…Mirzə Şəfi “Divani-hikmət” adlı bir məclis təşkil edir.Bu məclisdə ziyalılar ədəbi-fəlsəfi görüşlərini ortaya qoyardılar.Ziyalılıqla ziyanlılığı tərs-avand başa düşən Bodenştdet də tələbələr arasında olurmuş.Guya fars dilini və şərq poeziyasını öyrənərmək niyyəti ilə.
HAŞİYƏ: Bəlkə də bu doğru faktdır.Amma şəxsən mən – Turan Uğur o qədər sadəlövh deyiləm ki, bu yazılanlara inanım.Ölmüşdü Xankişi…Avropanın göbəyində nemes balası oturub ki, könlümə Şərq poeziyası düşüb, göndərin məni öncə Moskvaya, sonra Qafqaza, gedim bir-iki ağız farsca, ya türkcə şeirlər dinləyim. Bu, yüz illərdir başımızı qatan maraqlı nağıllardır, amma nağılların ilk missiyası bizi məhz yuxuya verməkdir, biləsiniz.Fikrimcə, Bodenştdet kimiləri ilk növbədə missioner kimi göndərilirdilər, məmləkətimizdə hər ölkənin ta qədimdən gözü olduğu üçün xüsusi insanlar hazırlanar və bura şeir, sənət həvəskarları kimi göndərilərdi.Əlbəttə, həmin dövrün tələbləri indikindən fərqlidir və əsasən xristianlığı çeşidli yollarla yaymaq prioritet istiqamət sayılırdı.
Bu məclisin bir üstün tərəfi o idi ki, Şəfi də Bodenştdet vasitəslə Qərb haqqında biliklər əldə edir.Alman şairlərindən: Höte, Heyne, Şillerin əsərləri ilə tanışlıq üçün alman tələbəsi əla bir vəsilə olur. 1846-cı ildə Almaniyada nəşr olunan “Şərqdə 1001 gün” əsəri Bodenştedtə Almaniyada və bütün Avropada məşhurluq gətirdi.1851-ci ildə isə “Mirzə Şəfi nəğmələri” adlı tərcümə kitabını nəşr etdirən Bodenştedt daha böyük uğur qazanır.Almaniyada kitabın 26 il ərzində 50 dəfə nəşr olunma faktı dediklərmə dəlildir.Dediklərimə başqa dəlillər də var: 1884-cü ildə italyan Cüzeppe Romsi “Şərqilər”i italyancaya tərcümə edir ki, bu da sonralar əsərin fransız, ingilis, isveç, holland, ispan, portuqal, rus, çex, macar, yəhudi dillərinə tərcüməsinə yol açır. Amma təəssüf ki, başqa dəlillər də var. 1873-cü ildən başlayaraq Fridrix müəlliminin şairliyini inkar edir, özünü bu əsərlərin əsl müəllifi kimi qələmə verir, nacinsliyini bütün gücüylə göstərir. Uğurlardan başı gicəllənən, məsti-xumar olan alman tələbəsi alman dəqiqliyini şöhrətə qurban verir, necə deyərlər, başlayır cığallıq eləməyə.Bu işdə ona züy tutan da var idi: Şərqşünas Adolf Berje. Yağışlar yağmış, çatlaqlar örtülmüşdü.Daha nə Mirzə Şəfi var idi, nə də başqa bir şahid. Amma nə yaxşı ki, qızıl bir qaydası var bu dünyanın: -Yazıya pozu yoxdu…Oğru Bodenştedt və onun züy tutanı Berje elə öz yazıları ilə özlərini ifşa edirlər. Hələ 3 il öncə 1870-ci ildə A.Berjenin M.Ş.Vazeh haqqında bioqrafik hekayəsi dərc olunmuşdu. Nə yazılsa yaxşıdır: “Tiflis küçələrində tez-tez rast gəldiyim 60 yaşlı bu türk müəllimini mən 1851-ci ildə görmüşdüm.Bir il sonra şairlə yenidən görüşmək istəyəndə dedilər ki, üzüm yeyib mədəsi pozulduğundan vəfat edib” Demək, Berje onu şair və müəllim kimi tanıyırmış.Hətta bu yazı ilə öyrənirik ki, Mirzə Şəfi 1852-ci ildə təxminən 61 yaşında vəfat edib.Deməli, şairin təvəllüdü barədə yazılan Əli Əjdər Səidzadənin variantı daha doğru gəlir, nəinki başqalarının. Berjenin cığallığından ruhlanan başqa bir cığal Bodenştdet daha da irəli gedir: “Mən Mirzə Şəfinin adını zarafatca götürmüşəm və iki “ff” lə yazmışam: Şaff yəni, qoyun.Nə yaxşı ki, başqa bir alman Müller “İslamın tarixi” kitabında heç olmasa şairlə bağlı başqa bir faktı qəbul edir:
Mirzə Şəfi fars deyil, gəncəli türkdür.Onun fars olması iddiaları da ən azı korafəhmlikdir. Kişi özü yazıb ki: “İrqim türk, danışdığım lisan türkdür”
Neyləyək ki, alman Bodenştedtin çıxardığı hoqqabazlıqdan sonra uzun illər Mirzə Şəfinin şöhrət havası qara dumana bürünür, qarmaşıq fikirlər uzun illər boyu oxucunu çaş-baş salır.Akademik Krımskinin də dediyi kimi: Həqiqi Mirzə Şəfidən Bodenştedtdə az qalıb” Bodenştedt oğru əxlaqı ilə Vazehin bəzi şeirlərini orijinaldan uzaqlaşdırmış, iz buraxmasın deyə şeirlərə özündən neçə-neçə misralar uydurmuş, alman ovqatı saçan sətirlər əlavə eləmişdi.
Məni qəbul edib şah izzət ilə, Giley-güzar etdi şikayət ilə: Ona həqiqəti söyləmir heç kəs. Özüm həqiqəti açıb söylədim, O məni paytaxtdan sürgün elədi.
Bu kimi tipik Şərq həyatı ilə bağlı misraları təhrif etmək isə Fridrixin xörəyi deyildi.Görünür Qafqazda bulunduğu dövrlərdə Bodenştdet bizim xörəklərin ləzzətini az dadmış kimi, şeirlərimizə də az bələd olubmuş.Yoxsa: Ustadına kəm baxanın, gözlərinə qan damar-damar misralarını qulaqardına vurmazdı.
(Məqaləmdə Mikayıl Rəfilinin, Salman Mümtazın, Firudin bəy Köçərlinin, Əli Əjdər Səidzadənin, Xəlil Rzanın, Akademik Krımskinin yazılarına və xatirələrinə, habelə şəxsi mülahizələrimə söykənmişəm)