O, BİR “75” (Namiq Hacıheydərlinin yaradıcılığı) Salam olsun, çox dəyərli oxucum! Notbukumu açıb, yazı masamı iş üçün hazırlayanda fikrim Cekinin (Cek London) “Ağ diş”i haqqında yazmaq idi. Ümumiyyətlə yanvar ayı gələndə fikrimdə ancaq yazıçılar assosiasiya edir. Bu dəfə də qəfil rəhmətlik Namiq Hacıheydərlini xatırladım və avtomatik olaraq mövzu dəyişdi. Müasir Azərbaycan poeziyasında elə sənətkarlar var ki, (Namiq çoxdan bizi tərk etsə də onun, həmçinin Qənirə Paşayevanın yoxluğuna inanmaq olmur. Onlar haqqında keçmiş zamanda danışa, yaza bilmirəm) onların yaradıcılığı təkcə estetik zövq formalaşdırmır, həm də milli yaddaşı oyadır, mənəvi məsuliyyəti diri saxlayır, oxucunu düşünməyə vadar edir, sorğu-suala çəkir. Tanınmış şair, fikir adamı Namiq Hacıheydərli məhz bu cür söz adamlarındandır. Onun poeziyası bir tərəfdən klassik türk–Azərbaycan şeir ənənəsinə söykənir, digər tərəfdən müasir insanın ağrılarını, qorxularını, ümidlərini cəsarətlə ifadə edir. QISA ARAYIŞ 1975-ci il sentyabrın 8-də Salyan rayonunun Varlı kəndində doğulan Namiq Hacıheydərli həyatın içindən gələn, xalqın dərdini-sözünü bilavasitə yaşayan bir şair kimi formalaşıb. Filologiya təhsili (N. Tusi adına ADPU) onun sözə münasibətini elmi əsaslarla möhkəmləndirsə də, poeziyasının əsas qaynağı xalq ruhu, torpaq yaddaşı və milli kimlikdir. 1999-cu ildə yaratdığı “Dan yeri” Ədəbi Birliyi, sonralar Muğan bölgəsində ədəbi mühitin canlanmasında mühüm rol oynayıb. Azərbaycan Yazıçılar Birliyinin Muğan Bölməsinin sədri kimi fəaliyyəti, türk dünyası ilə bağlı təşəbbüsləri, beynəlxalq tədbirlərdə iştirakı onun yalnız şair deyil, həm də ictimai–mənəvi lider olduğunu təsdiqləyir. Namiq Hacıheydərli poeziyasında aparıcı xətt ruh anlayışıdır. Onun məşhur “Ruhumuz ucadır” ifadəsi təsadüfi deyil. Bu poeziyada insanın cismani varlığından çox, ilahi mənşəyi, mənəvi ucalığı ön plana çəkilir. Şair üçün insan – torpaqla göy arasında bir körpüdür (eyni adlı şeirindən): “Ruhumuz ucadır, yerlərə sinməz, Nadanlar nə bilsin Ulu Tanrının Uca yaratdığı göylərdən enməz…” Bu misralar Namiq Hacıheydərlinin poetik kredosudur: insan alçala bilər, cəmiyyət korlana bilər, amma ruh əyilməməlidir. Şairin sevgi şeirləri sırf romantik duyğuların ifadəsi deyil. “Sən mənim kimimsən?”, “Sən hardan alırsan bu gözəlliyi?”, “Yadıma sən düşürsən” kimi şeirlərdə sevgi ruhi qohumluq, kosmik yaxınlıq, ilahi bağ səviyyəsinə yüksəlir. Burada sevgili – bəzən qadın, bəzən Vətən, bəzən Tanrıya aparan yoldur: “Bir kökdən yaranmasaq da, Ruhumuz bir kökdən boy atmış…” Bu yanaşma klassik sufizmlə müasir poetik düşüncənin vəhdətidir. Namiq Hacıheydərli təkcə lirika şairi deyil, o, həm də zamanın vicdanı kimi çıxış edir. “Göylər deyir ki”, “Tanrıya səsləniş”, “Kişilər var idi” kimi mətnlərdə şair cəmiyyətə, ədalətsizliyə, ikili standartlara, mənəvi aşınmaya qarşı sərt mövqe tutur. “Tanrıya səsləniş” şeiri çağdaş poeziyada nadir rast gəlinən fəlsəfi–publisistik monoloqdur. Burada şair Tanrı ilə polemikaya girir, amma bu üsyan yox, insanlıq adına edilən yalvarışdır. O, Tanrını sual altına almır, insanın məsuliyyətsizliyini ifşa edir. Şairin “Bəyan” adlı şeiri onun yaradıcılığında xüsusi yer tutur. Bu əsər poetik mətn olmaqla yanaşı, metafizik manifest təsiri bağışlayır. Burada türk mifologiyası, dini tarix, fəlsəfi konsepsiyalar və poetik iddia birləşir. “Biz” anlayışı fərdi mənlikdən çıxaraq kollektiv şüura, ilkin yaddaşa çevrilir. Bu cür mətnlər Namiq Hacıheydərlinin sırf emosional yox, konseptual şair olduğunu göstərir. “Ey türk doğulan”, “Muğanın səsi”, “Yaralı Azərbaycan”, “Dağ Kolanı dastanı”, “Sözüm sənədi, Tanrım” və digər kitabları onun poeziyasının əsas istiqamətlərini – türkçülük, vətənpərvərlik, mənəviyyat, eşq və fəlsəfi düşüncə – sistemli şəkildə təqdim edir. Onun şeirlərinin Türkiyə, Rusiya, Qazaxıstan, Hollandiya və digər ölkələrdə çap olunması, aldığı beynəlxalq mükafatlar (Şahmar Əkbərzadə adına mükafat, Türk dünyasına xidmət ödülləri) yaradıcılığının regional yox, ümumtürk miqyaslı olduğunu sübut edir. Namiq Hacıheydərli Azərbaycan poeziyasında sözün məsuliyyətini daşıyan, ruhun ucalığını qoruyan, oxucunu təkcə duyğulandırmayan, həm də düşündürən şairlərdəndir. Onun poeziyası rahat oxunuş üçün deyil – oyanış üçündür. Bu yaradıcılıq bizə xatırladır ki, insanın ən böyük vəzifəsi ruhunu itirməməkdir. O, öz sözləri ilə desək, hələ bu dünyada “nidada olan”, sual verən, cavab axtaran bir şairdir. Və bu suallar bitmədikcə, Namiq Hacıheydərlinin sözü də yaşayacaq.
Çox dəyərli oxucum, sona qədər həmsöhbət olduğunuz üçün təşəkkür edirəm. Elə insanlar var ki, onlar sanki dünyanı xilas etmək üçün doğulurlar. Namiq Hacıheydərli məhz belə – hər iki dünyada öz missiyası olan böyük insanlardan biridir…
Bu gün Namiq Hacıheydərlinin 50 yaşı tamam olur… Məqamı ucadır. Ruhu şad olsun! Amin…
Namiq Hacıheydərli 1975-ci il sentyabrın 8-də Salyan rayonunun Varlı kəndində doğulub. 1990-cı ildə Varlı kənd əsas, 1992-ci ildə Salyan rayonu Yolüstü kənd orta məktəbini bitirib və elə həmin ildə N.Tusi adına Azərbaycan Dövlət Pedaqoji Universitetinin Filologiya fakültəsinə daxil olub. Ali məktəbi 1997-ci ildə bitirib. 1999-cu ildə Salyanın Qaraçala ərazisini əhatə edən “Dan yeri” Ədəbi Birliyini qurub. 2000-ci ildən Dünya Gənc Türk Yazarlar Birliyinin Məclis üzvü, 2002-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. 2008-ci ildə Azərbayacan Yazıçılar Birliyinin Salyanda keçirilən təsis konfransında Muğan bölməsinin sədri seçilib. Dünya Azərbaycanlılarının I Qurultayının, Azərbaycan Gənclərinin III Forumunun, Azərbaycan Yazıçılar Birliyinin XI Qurultayının, Krımın Yalta şəhərində keçirilən XIV Türk Dünyası Gənclik Günləri və Qurultayının və digər mühüm tədbirlərin iştirakçısıdır. 2010-cu ildə Türk Xalqları Mədəniyyət Vəqfinin Azərbaycan təmsilçisi seçilib. Şeirləri Türkiyədə, Rusiyada, Hollandiyada, Qazaxstanda və digər ölkələrdə çap olunub. 7 kitabın, yüzə qədər elmi, publisistik və pedaqoji məqalənin müəllifidir. 2015-ci ilin mayında Azərbaycan Yazıçılar Birliyinin Muğan Bölməsinin sədrliyindən bəyənatla istefa verib. 2009-cu ildə “Vektor” Beynəlxalq Elm Mərkəzi tərəfindən “Şahmar Əkbərzadə adına Beynəlxalq Ədəbiyyat Mükafatı”na layiq görülüb. 2013-cü ildə “Türk dünyasına xidmət ödülü”nə layiq görülüb. 2015-ci ilin avqust ayında türk dünyası ilə bağlı araşdırmalarına görə Türkiyə Sənət Platformu tərəfindən “2015 TÜRK DÜNYASI HİZMƏT ŞƏRƏF ÖDÜLÜ” ilə mükafatlandırılıb. Ey türk doğulan. (Bakı: 2012),Səni tapan itirməz( Bakı.),Söz sənindir. (Bakı “Vektor” Nəşrlər Evi, 2010) ,Dağ Kolanı dastanı. ( Bakı),Yaralı Azərbaycan (Bakı.), Sözüm sənədi, tanrım.(Bakı), Muğanın səsi. (Bakı) kitablarının müəllifidir. Namiq Hacıheydərlini 50 – yubiley yaşının tamam olduğu gündə rəhmətlə anırıq. Ruhu şad olsun…
RUHUMUZ UCADIR
Ürək döyüntünü dinlədim bu gün, Baş qoyub ətirli sinənin üstə. Söz ilə, and ilə qurmuşuq düyün Eşq ilə süslənmiş dünənin üstə…
Arada yüz dərə, yüz dəniz olsun, Bir gün yollarımız yovuşmalıdır. Əyər yer üzündə birləşəmməsək, Göylərdə ruhumuz qovuşmalıdır.
Gəlsin üstümüzə kədər sel kimi, Dünyalar yığılsın lap bizə qarşı. Qaranlıq işığı söndürə bilməz, Gecələr ha çıxsın gündüzə qarşı…
Bizi qorxutmayır tufan, qasırğa, Əzablı yolları azmı getmişik? Bəzən başımıza balta vurublar, Yenə var olmuşuq, yenə bitmişik.
Dərəyə dartsınlar, düzə çəksinlər, Ruhumuz ucadır, yerlərə sinməz. Nadanlar nə bilsin Ulu Tanrının Uca yaratdığı göylərdən enməz…
GÖYLƏR DEYİR Kİ
Şairləri əzilən bir şəhərə Göydən mələklər qarğış yağdırar Qutsal Ruhlar narahat dolanar bu şəhərin üzərində Bir gün bəlanın mütləq olduğunu bildikləri üçün Bəla var qarşıda; Tufan, qasırğa Bir də cana doymuş Xəzərin üsyanı var qarşıda. Qara qanını içib, gününü qara edənlərə qəzəb püskürəcək Bir gün… Günahkar şəhərin nəfəsindən Zaman-zaman udduğu murdar zibillər Qasırğaya qarışıb geri dönəcək; Çırpılacaq üzlərə Göylər qəzəblənəcək İldırımlarar nərə çəkəcək Şimşəklər toqquşacaq Hər şey bir anda baş verəcək; Şiddətli külək, qasırğa, tufan Bir də Xəzərin şahə qalxmış dalğaları… O zaman Qurtuluş olmayacaq Tikdiyiniz evlərə nicat olmayacaq; Şüşələri qırılacaq, qapıları yıxılacaq daşları uçacaq o zaman üçün Yeni evlər tikin; bünövrəsi halaldan daşları yaxşılıqdan qapısı sevgidən olsun! və… Şairləri incitməyin…
SƏN HARDAN ALIRSAN BU GÖZƏLLİYİ?
Üzün gül, baxışın işıq çeşməsi, Söhbətin bülbülün şirin nəğməsi, Ürəyin, düşüncən yurd xəzinəsi, Sən hardan alırsan bu gözəlliyi?!
Görüşə gələrsən, dünyamız gülər, Başının üstüylə ağ bulud gələr, Tək bircə nəfəsin min dərdi silər, Sən hardan alırsan bu gözəlliyi?!
Üzünü görüncə daş, dağ sevinər, Böyüklər gülümsər, uşaq sevinər, Ayağın toxunan torpaq sevinər, Sən hardan alırsan bu gözəlliyi?!
Namiq öz gücünü sözündən alır, Bulud ağlığını üzündən alır, Ay, ulduz işığı gözündən alır; Sən hardan alırsan bu gözəlliyi?!
SƏN MƏNİM KİMİMSƏN?
Hara baxsam təkcə səni görürəm, Yolumsan, Yerimsən, Göyümsən axı. Niyə səni mən bu qədər sevirəm, Sən mənim kimimsən, nəyimsən axı?!
Masmavi göylərdə ağappaq bulud, Günəş də, torpaq da, külək də sənsən. Ağaca, çiçəyə can verən su da, Çiçəkdə ətir də, çiçək də sənsən.
Qovuşdu, birləşdi iki saf bulaq, Bir bahar günündə axar çay oldu. Xəbərsiz doğulduq bir-birimizdən, Bax, ancaq, ruhumuz əkiztay oldu.
Ulduz arxasından enib gəlibsən, Atadan, anadan yaranmamısan. Sənin sığalını mələklər çəkib, Sən bəşər əliylə daranmamısan.
Niyə baxışınla alışar sinəm?! Harandan od alır bu odum mənim?! Qanadım deyilsən, ancaq, bəs nədən, Qəmlənsən qırılar qanadım mənim?!
Üzündə qəm, gözündə nəm görünsə, Aldığım nəfəs də daşa çevrilər. Sənin içindəki ağrı acılar, Mənim gözlərimdə yaşa çevrilər.
Biz qoşa bədəndə bütöv canıqmı; Dodağın qurusa; ciyərim yanar. Ayrıyıq, uzağıq, bəs niyə ruhum, Sənin varlığını varlığım sanar?!
Sənin ayağına batan bir tikan, Mənim ürəyimi qanatmış, gülüm! Anladım… Bir kökdən yaranmasaq da, Ruhumuz bir kökdən boy atmış gülüm…
Ruhu doğmalardı qohum olanlar, Bir ata – anadan doğulan deyil. Var olan dipdiri ruhu olandı, Ayağı, əlləri sağ olan deyil.
QALDIMI Bir zaman içində yanan alovdan, İçdə qığılcımın, közün qaldımı?! Ürəyin büsbütün söz dəniziydi, Ürəkdə Eşq dolu sözün qaldımı?!
Təmizlə dünyanı, dara, yu eşqim! Ruha sığal çəkər mənim qu eşqim. Deyirdin minillər sözməz bu eşqim, Eşqindən nişanə, izin qaldımı?
Yalan ah – üzlərdə yalançı boyaq. Vaxtsız yorulmağın adın nə qoyaq?! Bu uzun yolları gedəcək ayaq, Bu yükə dözəcək dizin qaldımı?!
Dünya dəmirçinin qaynar kürəsi Yandırar ağ bayraq qaldıran kəsi. İrəli getməyə yaşam həvəsi, Geriyə dönməyə üzün qaldımı?!
Aydın səma, bəyaz bulud görürəm, Yadıma sən düşürsən. Mələk rəngli qoşa qanad görürəm, Yadıma sən düşürsən.
Deyib-gülən iki cavan görürəm, Sevdiyindən sevgi uman görürəm, Yadıma sən düşürsən…
Narın-narın yağış yağır, baxıram; Cücələr sığınır öz anasına. Balaca pişiklər küncə sıxılır, Gizlicə qoyaraq göz anasına.
Bir quzu mələyir yanıqlı səslə, Baxdım ürəyimin başı açıldı. Küçədə sərgərdan qalan çocuğun, Anasını görüncə, gözündən ümidli işıq saçıldı.
Cəh-cəhini dayandırıb bülbüllər, Ağacdakı yuvasından asıldı. Dışarıda oynayan cüt yavrular, Bir təpənin daldasına qısıldı…
… Doğmam yoxdu qucağına qaçım mən, Ağacım yox budağından asılım. Yuvam yoxdu sığınım bir küncünə, Sən də yoxsan, indi kimə qısılım?!
Sənsiz bir kimsəsiz çocuq kimiyəm, Solduracaq məni yağış, qar axı. Yadıma sən, yadıma sən düşürsən; Mənim səndən doğma kimim var axı?!
KİŞİLƏR VAR İDİ
Kişilər var idi bu yer üzündə, Bir elin yükünü çəkən kişilər. Quduz sultanlara qılınc sıyırıb, Yetim qarşısında çökən kişilər.
Babalar var idi, bir kəlmə sözü, Qan söhbəti bağlamağa bəs idi. Nənələr var idi, nənə deyirəm; Təpədən dırnağa nur kündəsiydi.
Qadınlar var idi şimşək baxışlı, Qanında yüz ərin qeyrəti vardı. Nə oldu, necoldu ülvi adamlar, Torpaqmı gizlədi, yelmi apardı?!
Oğullar var idi, qaya parçası, Ölsələr, harama yanaşmazdılar. Qurban gedərdilər namus üstündə, Namusdan bir kərə danışmazdılar.
Obalar var idi, barlı-bəhərli, Bir giriş, bir çıxış cığırı vardı. Gələn yolçuları hələ uzaqdan, Təndir çörəyinin ətri vurardı…
…Günəş həmin Günəş, Ay həmin Aysa, Bəs niyə dəyişdi bu cahan belə?! Kök həmin kökdüsə, soy eyni soysa, Nədən cılızlaşdı bəs insan belə?!
HƏLƏ Kİ NİDAYAM
Dan yeri ağarır, oyağam hələ, Nə gözlər yumulur, nə qəlb dincəlir. Açılmaz səhərim ta innən belə, Baxma üfüqlərdə Günəş yüksəlir…
Dostları min olsun, nə faydası var, Əyər tənhadısa ruhu insanın. Duyulmaz oldusa bir qaydası var, Yüksələr göylərə ahı insanın.
Din gəzdim, ruhuma dinclik aradım, Sonunda gördüm ki, özüm dinmişəm. Yerlərdə, Göylərdə min sirr aradım, Dünyanın ən böyük sirri mənmişəm.
İnsan sirr, ömür sirr, bu Yer, bu Göy sirr, Beşikdən qəbrəcən sirri açılmaz. Sabah nə olacaq, bir kimsə bilmir; Yazısı dəyişməz, qədər – qaçılmaz.
Nə olsun milyondu hər yerdə sayı, Milyonlar içində təkdi hər adam. Bu göylər altında, bu yer üzündə, Bəxtəvər olmadı hələ bir adam…
…Nə arzu tükəndi, nə də ki dərdim, Yaxşı ki, dərd boyda min xəyalım var. Ömrü palaz kimi yollara sərdim, Göylərə verəcək çox sualım var.
Hələ ki nidayam bu yer üzündə, Heyrətlər içində çoxmu qalacam?! Ömrümə qoyulan işarə kimi, Ömrümün sonunda sual olacam…
GÖNDƏRİR
Adı gələr, yanaq olar qan kimi; Böyük bir günahdan utanan kimi… Səhərlər yuxudan oyanan kimi, Bir qız sevdiyinə salam göndərir.
Elə bil bir dəstə çiçək yollayar, Tufan olsun, yağış, külək… yollayar. İçində çırpınan ürək yollayar, Bir qız sevdiyinə salam göndərir.
Dayanar yolunda hər dağa hazır, Şaxtada, soyuqda donmağa hazır, Daş-qalaq olmağa, yanmağa hazır… Bir qız sevdiyinə salam göndərir.
SƏN
Sən eşqin bağında bitən çiçəksən, Eşq ilə yanmayan dərməsin səni. Qaranlıq ürəkli, donuq baxışlı, Sevgidən uzaq göz görməsin səni.
Adını çəkməsin; adını çəkən, Adında bal kimi dadı duymasa; Gəzməsin bu qutsal torpağın üstə, Özünü ən mutlu bəndə saymasa.
Cismiylə yerləri nura bələyib, Mələklə göylərdə yaşıyanımsan. Türküstan çölünün, Tanrı dağının, Ətrini ruhunda daşıyanımsan.
DEDİ Əllərimdən tutmasan, Bu yollarda azaram. Dedim: qoyma darıxım, Dedi: tez-tez yazaram.
Dedim: incitsəm səni, əfv edərmisən məni?! Dedi: acı kəlməni, Mən yaxşıya yozaram.
Dedim: qoyma baş qatam, Kədər gölündə batam… Dedi: sənə üz tutan Dərdə quyu qazaram…
Ah çəkdim yana-yana; “Mən atayam, sən ana…” Dedi: hər şey bir yana, Taleyimi pozaram.
Dedim: dərd oldum sənə… Dedi: eşqsiz yaşam nə? Ya yurd ollam eşqinə, Ya da sənə məzaram.
OLAR Ömrü yellərə vermək, Aqillərə ar olar. Bir mürşid yanılarsa, Min-min mürid xar olar.
Könüllərdə qalanlar; Dünyada iz salanlar. Var ikən yox olanlar, Yoxkən necə var olar?!
Ulus, yurd nədi bilməz; Canda varsa yad nəfəs. Özgədən süd əmən kəs, Özgələrə yar olar.
Bədbəxt kimdi; yol əyən, Qazancını yeməyən. Haqqı görüb deməyən, Kor olar, həm kar olar.
(Söz demə almayana, Tanrıdan dolmayana). Könlü tox olmayana, Geniş yer də dar olar.
Yox! – deyib batma yasa, Var! – söylə – var, hardasa; Üç-beş yaxşı olmasa, Yaşamaq çox zor olar.
TANRIYA SƏSLƏNİŞ Tanrım! Sənin qatında sayt varmı? Qəzet, jurnal çıxırmı orda? Gündəlik xəbərləri hardan alırsan? Günəş sistemində olanlardan xəbərin varmı? Yerin təhlükədə olduğunu bilirsənmi? Sənin yarartdığın Yerdə şərin hakimiyyət qurmasından, Dünyanı iblisin və iblisə xidmət edənlərin yönətməsindən Xəbərin varmı? Xəbərin varmı, sənin adını çəkib baş kəsirlər hər gün? Suriyadan, İraqdan, Yəməndən, Doğu Türküstandan… gələn Nalə səsləri bürüyüb dünyanı. Dağılmış şəhərlərin xarabalıqları, Parça-parça insan meyidləri, Gəlinciyinə sarılaraq can vermiş körpələrin Meyidi üzərində qələbə qeyd edir dünya ağaları… Yoxsa, Sən də yaxşısan ətrafın pisdi? Yoxsa, sənidəmi aldadır köməkçilərin? “Sənin müdrik siyasətin nəticəsində qalaktikalarda hər şey əladır, bütün güllər, çiçəklər xoşbəxtdi, bütün kəpənəklər səadət içində, insanlıq can deyib-can eşidir”-deyirlərmi sənə? Tanrım! Bizim qalaktikaya qubernator təyin eləmisənmi? İllik hesabat verirmi sənə? Yerdəki vəziyyətdən nə yazır? Yazırmı ki; Kosmos fəryad səslərinin mənfi enerjisindən dağılmaq üzrədir? Yazırmı; Qız uşaqlarını hələ də diri-diri basdırırlar, İnsan insan qatilidir, Yer özü boyda məhbəs olub, yazırmı?! Tanrım! Bəs, sənin “audit”in yoxmu?
Tanrım! Heç ordan baxanda Yer görünürümü? Görünürsə, çarə qıl… Görünmürsə… Kimə deyək dərdimizi?
BƏYAN Külli aləm zülmət idi, biz o zaman gündüz idik Bir nöqtəykən bütün varlıq, min illərdi doqquz idik.
O biz idik, Mudan çıxıb işıq yaydıq planetə Şumer, Misir, həm Babildə çözülməyən möcüz idik.
Oxuyub səcdə etdiyin ayələri nazil edən, 4 kitabda peyğəmbərə “biz” deyənlər həm biz idik.
Var ol dedik, oldu aləm, bir nöqtədən doğdu nə var, Əzəldən öncə var olan, sondan sonra ölməz idik
Söyləyən biz, söylədən biz, endirən həm enən bizdik Sina dağa gələn mələk, söz sahibi, həm söz idik.
İbrahimdik, Yusif, Musa, Məhəmmədlə İsa olduq Sulara hökm edən qüdrət, həm yol verən dəniz idik.
Bizə dindən bəhs eyləmə biz endirdik o dinləri Biz “sühuf”u yazanlarıq, öncə “lövhi-məhfuz” idik.
Əski yunanda Zevs olduq, Misirlilər Amon dedi Bir tərəfdə Yahovaydıq, Zərdüşt üçün Hörmüz idik.
Namiqə biz pıçıldadıq, özü yazdı söyləməyin, İnsan oğlu özü yoxdu, Özü bizik, biz Öz idik…