O, BİR “75”

SƏKSƏN BİRİNCİ YAZI

O, BİR “75”
(Namiq Hacıheydərlinin yaradıcılığı)
Salam olsun, çox dəyərli oxucum! Notbukumu açıb, yazı masamı iş üçün hazırlayanda fikrim Cekinin (Cek London) “Ağ diş”i haqqında yazmaq idi. Ümumiyyətlə yanvar ayı gələndə fikrimdə ancaq yazıçılar assosiasiya edir. Bu dəfə də qəfil rəhmətlik Namiq Hacıheydərlini xatırladım və avtomatik olaraq mövzu dəyişdi.
    Müasir Azərbaycan poeziyasında elə sənətkarlar var ki, (Namiq çoxdan bizi tərk etsə də onun, həmçinin Qənirə Paşayevanın yoxluğuna inanmaq olmur. Onlar haqqında keçmiş zamanda danışa, yaza bilmirəm) onların yaradıcılığı təkcə estetik zövq formalaşdırmır, həm də milli yaddaşı oyadır, mənəvi məsuliyyəti diri saxlayır, oxucunu düşünməyə vadar edir, sorğu-suala çəkir. Tanınmış şair, fikir adamı Namiq Hacıheydərli məhz bu cür söz adamlarındandır. Onun poeziyası bir tərəfdən klassik türk–Azərbaycan şeir ənənəsinə söykənir, digər tərəfdən müasir insanın ağrılarını, qorxularını, ümidlərini cəsarətlə ifadə edir.
QISA ARAYIŞ
1975-ci il sentyabrın 8-də Salyan rayonunun Varlı kəndində doğulan Namiq Hacıheydərli həyatın içindən gələn, xalqın dərdini-sözünü bilavasitə yaşayan bir şair kimi formalaşıb. Filologiya təhsili (N. Tusi adına ADPU) onun sözə münasibətini elmi əsaslarla möhkəmləndirsə də, poeziyasının əsas qaynağı xalq ruhu, torpaq yaddaşı və milli kimlikdir.
1999-cu ildə yaratdığı “Dan yeri” Ədəbi Birliyi, sonralar Muğan bölgəsində ədəbi mühitin canlanmasında mühüm rol oynayıb. Azərbaycan Yazıçılar Birliyinin Muğan Bölməsinin sədri kimi fəaliyyəti, türk dünyası ilə bağlı təşəbbüsləri, beynəlxalq tədbirlərdə iştirakı onun yalnız şair deyil, həm də ictimai–mənəvi lider olduğunu təsdiqləyir.
Namiq Hacıheydərli poeziyasında aparıcı xətt ruh anlayışıdır. Onun məşhur “Ruhumuz ucadır” ifadəsi təsadüfi deyil. Bu poeziyada insanın cismani varlığından çox, ilahi mənşəyi, mənəvi ucalığı ön plana çəkilir. Şair üçün insan – torpaqla göy arasında bir körpüdür (eyni adlı şeirindən):
“Ruhumuz ucadır, yerlərə sinməz,
Nadanlar nə bilsin Ulu Tanrının
Uca yaratdığı göylərdən enməz…”

Bu misralar Namiq Hacıheydərlinin poetik kredosudur: insan alçala bilər, cəmiyyət korlana bilər, amma ruh əyilməməlidir.
Şairin sevgi şeirləri sırf romantik duyğuların ifadəsi deyil. “Sən mənim kimimsən?”, “Sən hardan alırsan bu gözəlliyi?”, “Yadıma sən düşürsən” kimi şeirlərdə sevgi ruhi qohumluq, kosmik yaxınlıq, ilahi bağ səviyyəsinə yüksəlir. Burada sevgili – bəzən qadın, bəzən Vətən, bəzən Tanrıya aparan yoldur:
“Bir kökdən yaranmasaq da,
Ruhumuz bir kökdən boy atmış…”

Bu yanaşma klassik sufizmlə müasir poetik düşüncənin vəhdətidir.
Namiq Hacıheydərli təkcə lirika şairi deyil, o, həm də zamanın vicdanı kimi çıxış edir. “Göylər deyir ki”, “Tanrıya səsləniş”, “Kişilər var idi” kimi mətnlərdə şair cəmiyyətə, ədalətsizliyə, ikili standartlara, mənəvi aşınmaya qarşı sərt mövqe tutur.
“Tanrıya səsləniş” şeiri çağdaş poeziyada nadir rast gəlinən fəlsəfi–publisistik monoloqdur. Burada şair Tanrı ilə polemikaya girir, amma bu üsyan yox, insanlıq adına edilən yalvarışdır. O, Tanrını sual altına almır, insanın məsuliyyətsizliyini ifşa edir.
Şairin “Bəyan” adlı şeiri onun yaradıcılığında xüsusi yer tutur. Bu əsər poetik mətn olmaqla yanaşı, metafizik manifest təsiri bağışlayır. Burada türk mifologiyası, dini tarix, fəlsəfi konsepsiyalar və poetik iddia birləşir. “Biz” anlayışı fərdi mənlikdən çıxaraq kollektiv şüura, ilkin yaddaşa çevrilir.
Bu cür mətnlər Namiq Hacıheydərlinin sırf emosional yox, konseptual şair olduğunu göstərir.
“Ey türk doğulan”, “Muğanın səsi”, “Yaralı Azərbaycan”, “Dağ Kolanı dastanı”, “Sözüm sənədi, Tanrım” və digər kitabları onun poeziyasının əsas istiqamətlərini – türkçülük, vətənpərvərlik, mənəviyyat, eşq və fəlsəfi düşüncə – sistemli şəkildə təqdim edir.
Onun şeirlərinin Türkiyə, Rusiya, Qazaxıstan, Hollandiya və digər ölkələrdə çap olunması, aldığı beynəlxalq mükafatlar (Şahmar Əkbərzadə adına mükafat, Türk dünyasına xidmət ödülləri) yaradıcılığının regional yox, ümumtürk miqyaslı olduğunu sübut edir.
Namiq Hacıheydərli Azərbaycan poeziyasında sözün məsuliyyətini daşıyan, ruhun ucalığını qoruyan, oxucunu təkcə duyğulandırmayan, həm də düşündürən şairlərdəndir. Onun poeziyası rahat oxunuş üçün deyil – oyanış üçündür. Bu yaradıcılıq bizə xatırladır ki, insanın ən böyük vəzifəsi ruhunu itirməməkdir.
O, öz sözləri ilə desək, hələ bu dünyada “nidada olan”, sual verən, cavab axtaran bir şairdir. Və bu suallar bitmədikcə, Namiq Hacıheydərlinin sözü də yaşayacaq.

Çox dəyərli oxucum, sona qədər həmsöhbət olduğunuz üçün təşəkkür edirəm. Elə insanlar var ki, onlar sanki dünyanı xilas etmək üçün doğulurlar. Namiq Hacıheydərli məhz belə – hər iki dünyada öz missiyası olan böyük insanlardan biridir…

Müəllif: Zaur USTAC

AYB və AJB-nin üzvü, “Yazarlar” jurnalının baş redaktoru, şair-publisist, tərcüməçi-nasir.

ZAUR USTACIN YAZILARI

Elman Eldaroğlunun yazıları

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir