SALAM, PAYIZ! Salam, payız! Yenə bizə xoş gəlmisən! İstin yoxdur, Soyuqlarla bol gəlmisən! Mənə danış, Sarı, ölmüş yarpaqlardan. Xəzəl olub, Ayaq altda qalanlardan. Külək vurub, Sındırılmış budaqlardan, Canı yanmış, Tənha qalan qadınlardan! Danış mənə, şairlərdən, Gecəyarı sərxoş olub, Yuxarıya deyənlərdən. Əcəl olub yuvamızda, Şirin-şirin gülənlərdən! Söylə mənə kimliklərdən, Beş köpüklük mütilərdən! Səsin yoxdur, a payız, Bilirəm ki, gəlməyəcək. Sənə yazdım gördüyümdən, Ölə-ölə, bilə-bilə Damarıma gömdüyümdən… Di gəl, payız, Ağrın alım… Onsuz sən də gedəcəksən! Salamat ol, qal hələlik Bir gün sən də bezəcəksən…
ƏZİZİM Daha yazılmır, əzizim, o çiçəkli, böcəkli şeirlər … Daha göylər də ağlamır, quruyur həyətimizdəki güllər. Mürəkkəb əvəzinə qan axır, tökülür asta-asta mərmilər.. Söz deməyə dil axtarır, bir busəyə ad axtarır. Xoş görməyə göz axtarır, ölür burda nakam şeirlər… Yarısı yazılır, başdan pozulur cırılıb atılır, qələm yorulur. Hisslər donur, qəm sovrulur doğulmadan ölür körpə şeirlər…. Kimlər ölmür ki, gün işığım, kimlər getmir ki, bircəciyim … Hamı gedir, sən getmə, Hamı bitir, sən bitmə Hamı ölür, sən ölmə… Qoy sağalmasın şairlər, Heç tükənməsin şeirlər…
KİM İndi kimsəsizəm,bir az da cəllad, İçimdəki fəryadı boğmağım gəlir. Gözlərim kövrəlib,damlalar durğun, Çıxıb hər kəsimdən getməyim gəlir. * * * Əllərim boş qalıb,gözlərim sərxoş, Güzgüdən əksimə gülməyim gəlir. Nə pismiş fələyin qisas oyunu, Torpaqla qol-boyun yatmağım gəlir.
ELƏ BİL Kİ… Elə bil ki, Milyon ilin ölüsü uyuyub içimdə, Paltarlarım təptəzə, asılqandan asılmış Geyinməyim yox, Nemətlər düzülmüş sıra ilə önümdə, Yeyib-içməyim yox. Ayaqqablarım gəzilməyə hazır, Düz pilləkənin dibində, Getməyim yox. Ruhumdan nigaranam, Qaytar onu özümə, Allah. * * * Hardan gəlib tapdı məni bu mirət Tank kimi üstündən keçdi ömrümün İliklərimə qatışıb, qandı bu mirət Axır ki sonuna çıxdı ömrümün. * * * Tənhalığın ipin çəkdim, atdım ocağa Ki bəlkə şadlığımı mənə qaytara Bəlkə sıxıntıdan yaxam qurtara Döndüm ki,çarə yox, döz, a bəxti qara! * * * Yarımadım dostumdan,nə tanışımdan Bezmişəm dünyanın pis axışından. Hər kəsimin yerinə utanıram yaşımdan Neçə zillət çəkmiş bu səbirsiz başımdan. * * * Gəl, Gəl dəymə bu bəndənin xətrinə Səndən ömür istəmirəm,gün istəmirəm Bircə harayına yetiş duamın Ruhumdan nigaranam, Qaytar onu özümə, Allah.
Altıncı sinifdə oxuyurduq. Köhnə məktəbimizin həyətində yığışmışdıq. O vaxt hamı daha səmimi, daha doğma idi… Yenə yağışlı günlərdən biri idi… O, məcbur olmadıqca sinif yoldaşlarımızla danışmazdı. Bir dəfə fiziki tərbiyə dərsində, kənardan bizə baxırdı.İlk dəfə orda söhbətləşdik, ilk dəfə mənimlə danışdı… Səsinin titrəyişindən, baxışlarındakı qəribə məyusluq hissindən, bilmək olurdu ağrısını… Atasının içki içmədiyi bir gün belə yox idi. Anasından isə onlara xeyir yox idi… Hər söhbətimizdə, qəlbinin saflığını, kövrəkliyini, qorxularını, məni necə dinlədiyini, dərdimə necə yandığını biruzə verirdi… Məktəbi bitirdik. Adətən bu dönəmlərdə, insanlar bir-birini itirir. Bir gün heç gözləmədiyim anda o çıxdı qarşıma. Gözlərimə inana bilmirdim, çox dəyişilmişdi. Saçını sarı rəngə boyamışdı, kəsmişdi dibinəcən. Niyə belə etdiyini soruşanda, demişdi ki, ömrüm də saçlarım qədərdir. Əhəmiyyət verməmişdim sözlərinə. Daha doğrusu, anlamamışdım. Tələsik halda nömrəmi telefonuna qeyd etdi, adımı “dostum” olaraq yazdı. Möhkəm qucaqladı məni, işə bax, yenə kövrəldi. Onu kövrək görüb mən də kövrəldim. “Yaxşı, ağlaşma qurmayaq!” deyib gülümsədi. Sağollaşdıq, gəldikləri maşın gözdən itənə qədər arxasınca baxdım… Hər gün öz dərdini unudub, mənim dərdlərimə qulaq verdi. Zəngləşdik, söhbətləşdik, köhnə günlərdən danışdıq. Bir gün ona yaza bilmədim.Tez mağazaya qaçıb, danışıq kartı alıb yüklədim.Yığdım nömrəsini, zəng çatmadı. İşi olduğunu düşündüm, sevincək whatsappa daxil olub, ard-arda mesajlar yazdım. Gülüşlər atdım. Mesajlarımı oxudu, amma cavab yazmadı. Düşündüm ki, məndən bərk inciyib.Axşama qədər fikirləşdim ki, axı, mən bu qıza neyləmişəm?! Gecənin bir yarısı ondan mesaj gəldi… Mesajda bu sözlər yazılmışdı: “Siz hələ bilmirsiniz? Adınızı da “Dostum” deyə qeyd edib.” Təəccübləndim. Düşündüm ki, telefonu anasında qalıb. Cavab olaraq yazdım ki, bəs o hardadır? Uzun bir səs yazısı gəldi. Açdım, bir bəy idi. O qədər qəhərə boğulmuşdu ki, nə dediyini anlamaq olmurdu. Göndərilən səsi dəfələrlə dinlədim. İnanmadım, yenə dinlədim. Yenə…Yenə… İlk dəfə mənimlə ünsiyyətdə olan o qəribə, sirrli, qarabuğdayı qız uzun müddətdir ki, ağır xəstəliyə düçar olubmuş. Sonuncu dəfə onunla görüşəndə, başqa bir ölkəyə müalicə olunmağa gedirmiş. Saçını da istəyərək dibəcən kəsmiyibmiş. Boğazına bağladığı rəngli yaylığı da heç vaxt çıxartmırmış… Artıq həyatda yox imiş… O an sındı bütün qol-qanadım.Simasını gözümün önünə gətirdim, təbəssümünə doyunca baxdım, son dəfə səmimi qucaqlaşmağımızın istiliyini hiss etdim… Mənim dostum əbədiyyə getmişdi. Torpağın sakini olmuşdu… Bu gün onun yoxluğundan neçə il keçir, heç bilmirəm. Unutmadığım tək bir şey, onunla yaşadığımız məktəb xatirələri və simasıdır…
Onlar yeni bir tarix yazırlar, özləri gedirlər, bəxş etdikləri gözəlliklər isə qalır.Əzəldən bəri belə olub… Kimi şənlərinə şeir, mahnı, dastan yazır.Kiminin bir ayağı xiyabanda, qəlbi isə ah fəğanda olur…
Oğlunu, dostunu, qardaşını, canını itirib hər şeyə lap əvvəldən başlamaq rahatdırmı?! Toxuna bilmədiyin, görə bilmədiyin, üz-üzə söhbət edə bilmədiyin bir yaxının məzar daşı ilə baxışmaq, danışmaq, bağrına basmaq rahatdırmı?! İnsanın həyatda hər kəsi öz yerində, hər şeyi öz qaydasında olanda, birdən o düzənsizlik pozulanda belə sıxıntı yaşayır.Di gəl ki, dağ boyda, aslan hünərli oğulları torpağa tapşırasan…
Biz o oğullardan yetim qaldıq xəbəriniz varmı sizin?! Bizə görə canını, qanını, gələcəyini qurban edən igidlərdən yetim qaldıq… Hər məzar daşının altında bir igidin həyatı, cismi, arzuları, son dəfə sevdiklərinə deyəcəyi kəlmələr yatır… Görəsən, son saniyələrində kimi görmək istəmişdilər? Kimi düşünmüşdülər? Son istəkləri nə olmuşdu? Adamı nakam ömürlərin ağrısı yandırır.Anaların fəryadı, ataların boynu bükük qalıb, heç kim eşitməsin deyə hıçqıra-hıçqıra gözünün yaşını silməyi yandırır… 27 sentyabr 2020-ci il, nə zillət imişsən sən?! Necə bir il imişsən sən?! O gündən sonra bütün günlər, bütün illər bağrına daş basıb yaşamağa çalışan adamlar çoxaldı, dərdlər artdı.Sevincini yaşaya bilməyən, ruhsuz canlar artdı.Atasız böyüyən övladlar, ata qucağı, ata üzü görməyən körpələr artdı.Dayağı olmadan, tək qadın gücü ilə övladlarına həm ata, həm ana olan qadınlar artdı… Bir evin dərdi, bir böyük məmləkətin dərdinə çevrildi.Oğul evdən getmədi, oğul eldən getdi…
Torpağı qaytaran oğullar, torpağın altında yatır.Xoşbəxtliyə, sevincə, toy-büsata layiq olan oğullar bizdən çox çox uzaqdadırlar… Bu həsrət, bu ağrı bir ömür boyu unudulan deyil. O tarixi biz canlı-canlı yaşamışıqsa, hansısa bir kitabdan deyil, məhz öz gözlərimizin şahidliyi ilə əzbər etmişiksə, o tarixi unutdurmaq, yad etməmək bizə yaraşmaz.Nəsildən-nəsilə, obadan-obaya ötürərək qəhrəmanlarımızı yaşadaq.Yaşadaq ki, bizə təbəssüm etsinlər.Yaşadaq ki, şad olsunlar…
Yaşadığımız hər saniyəni, gəzdiyimiz hər qarış vətən torpağını, azadlığımızı onlara borcluyuq, millət! Ruhları şad, şəhidlik mərtəbələri mübarək olsun…
Günümüzün ən aktual məsələlərindən biri də depresiya adlı vahimənin insanların həyatında idarəedici qüvvə olmağıdır.Maddi sıxıntıların bolluğu, mənəvi mövzularda əskik hiss etmək, özgüvən problemi və bir çox amillər depresiyaya düşməyə səbəb yaradır.Yaşından aslı olmayaraq çoxları bu məqamda özü ilə bacarmır, intihar edir və ya özünü yaşarayaq öldürən metodlara əl atır.Nəticə isə uçurumdur…. Əsas olan, xaotik vəziyyətində özünü bir daha tanımaqdır, yenidən kəşf etməkdir.Nə qədər mübariz olub, olmadığını analiz edib, həqiqi səni tapa bilməkdir.Ya bu nizamsızlığın təsirindən boşluq dediyimiz quyunun dibinə düşəcəksən, ya da nizamsızlığı bacardığın qədər bərpa edib, iki əlli özünü qucaqlayacaqsan… Sənin psixologiyanı, səndən başqa heç kim idarə edə bilməməlidir.Sən psixologiyanın sahibisən və onun hər bir detalını əzbər bilməlisən ki, çətin vəziyyətlərində özünə yol göstərəsən. Yaradan insanı canlıların ən şüurlusu olaraq yaratdı.Ona yaşamağı üçün imkanlar da yaratdı, ömür də verdi.Düzgün yolda, şüurlu şəkildə addımlamaq gələcəyimiz üçün kifayətdir. Bunun üçün sadəcə düşünməliyik.Əməllərimizi həyata keçirməmişdən əvvəl özümüzü sorğu-sual etməliyik, olacaqları, nəticəni göz önünə gətirməyi bacarmalıyıq.Ona görə dədə-babalarımız yaxşı deyib: “Yüz ölç, bir biç”. Problemlər sanki labirintdir.Sadəcə gedişatda bir səhvə yol verdinsə oyun davam etməyəcək.Lakin diqqətli olsaq və məntiqimizi işə salsaq, həyatda çox şeyin xəyallarımızdakı kimi olmayacağını özümüzə dərk etdirsək problemlər bizim üçün doğrudan da, sadəcə bir oyun olacaq və qalib gəldiyimiz zaman zövq alacağıq.
Ətrafınızda layiq olanlara sevgi işığınızı saçın.İnsanlar sevgi ilə böyüyür.Ruhumuzun qidası sevgidir.Hətta deyərdim ki, bu gün bizi ayaqda möhkəm durmağa vadar edən, bəlkə də bizə sevgi verən insanların varlığıdır.Onları möhkəm qucaqlayın, təbəssüm edin, xoş sözlər deyin.Sabaha onsuz da etibar yoxdur.Nə edəcəksinizə, bu gün edin.Həm də böyük bir enerji ilə…
Unutmayın:
“Heç bir şey asan deyil, asan yolu tapıb gələcəyə uğurla addımlamalıyıq.”
Sənə əta edirəm ; Bütün gələcəyimi, keçmişimdəki hər şeyi… Məndən sonra, yandırın yazdıqlarımı … Sağlığımda dinləmədiklərinizi, yoxluğumda oxumayın … Sənə diktə edirəm ; Bütün ölmüşlərinin ruhu ! Uzaq durun dincliyimindən ! Yalnızlığım zövq verir , çoxluqda özüm də ağrıyam… Deyirəm ki, yaxınlaşmayın bir addım ! Sənə lütf edirəm ; Gecələrin hüznünü oğrayıram, gündüzlərin nəşəsini … Saçımın hər telini yoluram, qəlbimin hər döyüntüsünü … Eybi yoxdur , bu da olsun sizə ərmağanım … Sənə şübhə edirəm ; Bundan sonra edəcəklərinizdən … Sənə ümid edirəm ; Ümid edirəm, pozmayacaqsız bu andı .. Sənə inanıram , İnanmaq da istəmirəm … Bilirsənmi, bu paradoksallığın içindən, mən 4 il əvvəl getmişəm … Sənə əmanət edirəm , bilmirəm bu neçənci şeirimi … Yox edəndə, elə ilk bundan başla … İndi isə hamınıza, kiçik qızdan “əlvida” …
09.02.2021.
* * *
Ruhumun ən şeirlik yerisən … Fəqət orda tufanlar qopur… Ağaclar özləri sındırır budaqlarını, Quşlar ötmür, yolur qanadlarını.. Çiçəklər açmır, boynun bükür, Yağışlar yağmır, buludlar küsür… Torpaq imdad diləyir ; elə yazıqca, elə saf, elə uşaqca… Ana qayğısına ehtiyac duyan, hələ yetişməmiş körpə kimi… Ruhumun ən şeirlik yerisən… Qollarım sənə çatmır, uzatdıqca, sənə gələn yollar daha da uzanır… Uzanır… Biri yox, mini kəsir qollarımı. Bir qucaqlamağı belə, çox görürlər bir qızın ümidinə… Qaranlığın ən dib yerlərindəki, dərin- dərin quyudayam… Adını çağırır dilim, Çağırır… Çağırır… Ah…İlahi… Axı o yoxdur… Unutmuşdum əlçatmazlığını.. Mən bir dostam, Altayın əsərlərindən addım- addım qaçmışam… Qaçmışam … Qaçmışam ki, görən, xəyal necə olur… Mən xəyalam… İşləmişəm sümüklərinin düz iliyinə kimi … Qanındakı eritrositlərin rənginə kimi … Qanam mən… Qıp-qırmızı… Axıram bədəninin hər nahiyəsinə, dövr edirəm, yaşayasan deyə… Əlindəki silahınam, güllələr dolub cismimə… İstəyəndə atırsan, tuş gələndə vururam… Keçəcək dövran, uçacaq ömür… Bir simurq quşunun lələklərində, özümə gün ağlayacam… Səni yenə arzulayacam… Qocalacam… Ağaracaq saçım, başım… əsəcək əllərim, bəlkə də görməyəcək gözlərim… Bir qəlbim qalacaq, hər zərrəsi sənə aid… Döyünəcək… Döyünəcək… Birdən dayanacaq… Amma sən bitməyəcəksən, sən getməyəcəksən… Torpağa qarışan bədənimin tikə-tikə çürüyən parçaları haqqı, səmalardan sənə baxıb, gülümsəyən ruhumun özü haqqı… Məndən getmiyəcəksən… Sən? Səndə isə yoxa çıxacam, unudulacam, bilirəm . Amma sən yenə də unutma məni, əzizim, unutma … 3 – 6.01.2021.
* * *
Saat 10-a,13dəqiqə işləmiş, Yenə qaranlıqda,asta meh Və yenə xülyalar buludlarla uçuşur. Ağacların rüzgarla rəqsi dayanmır Küləyin üzündəki əsintisi Yerdən uzaqlaşmaq istəyi Bütün sevdiklərin Torpaqdakı əmanətlərin Hamısı ovcunda… Bərk tutmusan yumuruğunu Heç biri düşüb gözdən itməsin… Sinənə sıxırsan əbədi Ordan qəlbinə keçsin. Harmoniyalar yaradır sevdiklərimiz İtirdikcə sol tərəfimiz iflic olur. Sağımızı qopar ,o heç bizə də lazım deyil. İçimizdə səs salan dirilər Susqunlaşıb bir küncə sıxılıb ölülər… Qidaları anılmaqdır. Afrodita onlara qulluq edir, İnanır … Qoy qocalmasınlar daxildə Çürüməsin ruhları Yoxsa,ifrat iy verir… Hey ,yaşlı dünya… Mən sənin hələ körpə sakinin Addımbaşı cümlələrim səni öyrənir,
Üşüdükcə hərflərim üstümə yorğan. Burdan baxıram cisminin bir nöqtəsinə Psixologiyalar parçalanıb Amansız faşist olmuş adamlar Sanki hər dəqiqə paradox yaşayır. Döş xərçəngindən çürümüş qadınlar Ümidləri də xəyanətlərə qurban gedib. Bir kiçik daxma görürəm Səfalətdən lüt gəzir pəncərələri Köhnə taxtaları bir-bir üsyan edir. Yetimlər görürəm, Bir qarnı ac,bir qarnı tox Ayaqlarında kiminsə pay verdiyi Rusun o məşhur bir cüt qara qaloş. Üz-gözləri çirk,pas Saçları dağınıq ,xəyalları böyük Məsum balacalar…. Görürəm, o tərəfdə bərk yağış yağır Qırışları üzünə meydan oxuyan Saçı saqqalı qardan bəyaz Nurani qoca.. Ağlamağa halı da yoxdu Onsuz da qocalıb Bu gün, sabah o iş ‘deyərəkdən Hələ də , Onu bayıra atan oğullarını düşünür… Payızın sürrüeal təsvirində Çoxu payız depresiyasına məruz qalıb. Deyirəm axı,psixologiyalar arzğınlaşıb Sərhəd tanımaq istəmir vətəndaş Milli dəyərlər turistlərdə yatır Dollarlara satılmış kağızlarla ödəşir Gənc qız görürəm, Sevdiyini itirib,nağılları bitib Göydən üç alma da düşmədən. Yatmaqdan qorxur,əriyib olub mum Diaqnozu hipnofobiya… Bir ailə görürəm Paramparça Bir ayaqları yetimlikdə Atasızlıq sindromu yaşayırlar. Bir ağıl xəstəxanasının Rəngi paslanmış küncü Nəvazişdən uzaq yalqızlaşlan Gur saçları çoxdan tökülmüş Orta yaşlı bir şizofren… Qəbirlər görürəm Ruhu cəsədini çoxdan tərk eləmiş Sümükləri sızlamaqdan torpaqları çatlamış Bir zaman həyatda var olan O əziz adamlar… Çiyinlərimdə bu adamların dərdləri Uçmağa qoymur,tonlarla ağırlıq var Qaldırmağa çalışır ruhumla bədənim Bizim yer Bizim dünya Sən hər fırlandıqca ədalətlər dövr eləsin Həyatdakı “təbiətin qanunudur’ dediyimiz, Üstündən adladığımız, Vicdanımızın üstə gül örtdüyümüz Əlimizdən uçub gedən qurbanlar… Söz verirəm,sənə Tanrının hüzüruna Bütün mənliyimi içib Bədbinliyimi soyunub gedəcəm.. 22.05.2020.
Bu gün Şəhidimiz Mayor Emin Süleymanovun doğum günüdür… Bəs, dostum, bilirsənmi şəhid kimdir? Şəhid- fəda edəndir, canını, qanını, gəncliyini, ömrünü! Biz rifah, azad, hüzur içində yaşayaq deyə, öz ailəsini hüzursuz, gözüyaşlı qoyandır.Balalarını ömürlük ata həsrəti ilə tək buraxıb gedəndir, sırf millət naminə! Sırf vətən naminə! Qanı yerdə qalmalıdırmı? -Əsla! Unudulmalıdırmı? -Əsla! Nə qədər ki, nəfəs alırıq, onların yaşaya bilmədikləri həyatı yaşaya bilirik, onları qəlblərdə yaşatmalıyıq! Şəhid unudulanda, inciyər.Unudulanda, küsər.And olsun ki, unudulanda ölər… Emin qardaşımız ailəlidir.Bir oğlu və bir qızı var.Arxasından gözünün yaşı qurumayan, oğlunu tanıtdırmaq üçün, oğlunun unudulmaması üçün məğrur dayanan dünyalar gözəli anası var.Elə Eminimiz haqqında məlumatı paylaşmağı da anamız xahiş etdi… Bir gözü yaşlıdı, bir gözü qürurlu… Gəlin, şəhidimizi daha yaxından tanıyaq. Emin Süleymanov 1977-ci ilin iyul ayının 21-də İmişli rayonunun Xubyarlı kəndində anadan olmuşdur… Öz zəhməti ilə daim çalışmış, vətənə borcunu hər fürsətdə ödəyəmə can atmışdı.Sonunda şirin canını da uğrumuzda fəda etdi… Azərbaycan ordusunun mayoru olan Şəhid Emin Süleymanov Vətən müharibəsi zamanı Laçının azadlığı uğrunda qəhrəmanlıqla savaşmış, noyabr ayının 8-də Laçın döyüşlərində ən yüksək zirvəyə ucalmışdır… Elə bir zirvəyə ki, o zirvəyə ucalmaq hər adama nəsib olmur…
Doğum günün qutlu olsun, cənab mayor! Haqqını halal et…
Yadındadır o günlər? Sizə gələrdik … Gülərdik, əylənərdik, sonra qəfildən hamımız bircə-bircə susardıq… Bir də görərdik ki, uzaqların lap uca məqamından gözlərimizə baxırsan… Gizlətmə məndən ; Ha tərəfə dalırdı gözlərin? Şəhid qardaşının, hələ cavan yaşda, beli bükülən ananın, sənə həyan olan, o sadə atanın yanına ? Uzaqlara? Çox darıxırdın, gözünə qurban? kimsəsizliyin çox mu dərd olurdu, ömrün boyu yük daşıyan başına? Səninləyəm e, torpağına həsrət, Cavab ver … Çoxmu əzab çəkirdin ölüm yatağında? Susma … Yaxşı, sus… Sən sus, mən danışım… Xatırlayırsan? bir konfeti, bir almanı, bir çörəyi yarı bölərdin, düz üçümüzün arasında. Götürməsək, söz edərdin… Bəs indi dillən görüm, son istəyin nə oldu ? Nəyi dadmaq istədin? Kimi görmək istədin ? Hansımızın adı əzbərində idi? Lənət oxudun mu bizə ? İncidinmi, bu yad doğmalardan, küsdünmü, biriciyim? Necə dirəndin bu səfalətə, necə dirəndin bu ağrılara, bu səfilliyə, bu alçaqlığa ?! Çox yaxşı xatırlayıram… Son görüşlərimizdə, divarları nəmdən paslanmış, soyuq xəstəxananın bir küncündə, astadan danışdın; Dedin, aparın məni… Çox aciz idim, çox uşaq idim, yanında idim, amma əlim çatmırdı sənə. Görərdin xeyir yoxdur kimsədən, bir sığal çəkərdin, İndi əllərinə möhtac qalan, ucu qırıq-qırıq saçıma. Sən gedəndən küsüb e, uzanmır ki bu mirət… Yoxluğundan 3 həftə əvvəl, burnumun ucu göynədi sənə; baxışına, duruşuna, sözlərinə kimi. sözlərinin hərflərinə kimi . Varlığını düşündüm hər gecə, hamıdan xəbərsiz. Amma bağışla, hamı ilə birgə yoxluğunu düşünə bilmədim. Ağrını, Xəstəliyini, sənin də darıxdığını, düşünə bilmədim … Bilmədim sənsizliyə az qalıb… Yuxuma girdin dəfələrlə, yuxularda mesajlaşdıq biz… Əl etdin, qaçdın, gəldin, amma birdən getdin … Bu dəfə röyalarda yox, reallıqda heçə döndün… Sən onları bağışlayarsan, körpədir sənin qəlbin, incədir, qıymaz heç kimə, bilirəm… Amma mən bağışlamayacam heç kimi ; Özümü, Onu, Bunu, heç kəsi, heç bir kəsi, heç vaxt bağışlamayacam…. Son dəfəki gülümsəmən, bir iz qoydu beynimin sağ yarımkürəsində. Hansı ki, çarəsizlikdən, kimsəsizlikdən, yetimlikdən kinayə ilə gülürdün… Neçənci gündür yoxsan? Neçənci yuxundasan? Gəlim, oyadım səni? gəl, yuxuma… Gəl elə yuxumdaca, səssizcə apar məni öz yanına… Qayıtmayaq bir də… Görməyək heç kimi, kimsəylə danışmayaq… İnsanlar pisdir, dostum… Gəl ruh olaq, dalaq göy üzünün ənginliklərinə, gülək bir-birimizin üzünə… Bu dəfə kinayə ilə yox, daxildən gülək, qəhqəhə ataq, dolaşaq göy üzündə… Amma nə olar, haçansa, bir də, əsla, buralara enməyək … Qayıtmayaq, dostum, qayıtmayaq ….
Zərif romantikadan, xəyalların başlandığı yerdən, sərhədsiz duyğulardan, rənglərin sehrindən söhbət açsaq, məncə, ilk ağıla gələn rəssamlıq sənəti olacaq.Elə lap əvvəldən də aləmdə məşhur, görkəmli rəssamlar yaratdığı sənət əsərləri ilə cəmiyyətə mesaj verməyə, beyinlərdə iz qoyacaq dərin düşüncələrin təməlinə yol açmışlar… Diqqətlə müşahidə etsək görərik ki, adətən incə sənətlə məşğul olan insanlar daha həssas, daha fərqli və düşüncələri ilə hər zaman seçilən şəxslər olurlar.Belə rəssamlardan biri də, Qax rayonunun Qaratala kənd sakini, 18 yaşlı Ramazan Məmmədlidir.Həmişə ətrafındakılara öz təbəssümü ilə, həyat dolu baxışı ilə işıq saçan gənc, cılız bədəninə dünya boyda güc sığışdırıb sanki… Gəlin, onu daha yaxından tanıyaq. Halhazırda, Azərbaycan Memarlıq və İnşaat universitetin tələbəsi olan Ramazan, içində böyütdüyü gizli vətən eşqi ilə diqqətimi çəkdi. Doğrusu, bu barədə ona heç bir sual verməmişəm.Hiss edilməsi lazım olanlar və gördüklərim kifayətdir.Şəhid qardaşlarımızın portretini çəkib, şəhid analarının könlünü azca da olsa sevindirən gəncin ruhu elə həssas, elə dərindir ki… Bu hissləri yaradıcı insanlar daha yaxşı izah edə bilər; fırça, musiqi və təklik= Hüzur… Ramazanda olan bu fitri istedada heyran qalmamaq əldə deyil.İncə detalların öhdəsindən gəlmək, bu barədə heç bir təhsili olmadan özünəməxsus şəkildə gözəl təsvirlər yaratmaq alqışa layiqdir.Xüsusən də bu isteddan vətən üçün, millət üçün kiçik də olsa, böyük sevinclər yaratmaq hər özünü “insan” adlandıranların işi deyil… Ramazanın çəkdiyi rəsmlərdə qaranlıqdan işığa doğru ümid qığılcımları var.O, ümidlərin tez ölməyini istəmir.Yaşamağın, yaratmağın, var olmağın tərəfdarıdır.Elə bu məziyyətlərinə görə bir çoxumuzun rəğbətini qazanmışdır.Əgər onun daxilində aydın və gələcəyin gözünə dik baxan gənc olmasa, belə gözəl təsvirlər yarada bilməzdi.Əgər onun düşüncələri, hissiyatı ötəri və dayaz olsaydı, beyni ilə dərk etdiklərini görüb, kağız parçasına həkk edə bilməzdi… Bu məmləkətin, öz ayaqları üstdə möhkəm dayana bilən, gələcəyə ümidlə baxan, millətinin hər daim yanında olan, vətənini candan sevən övladlara ehtiyacı var. Belə gənclərə dayaq olaq ki, sabah övladlarımıza, millətimizə də onlar dayaq olsun.Ölkəmizə layiqli vətəndaş, hər zaman qürurla xatırlayacağımız şəxslər olsunlar. Ramazan kimi gənclərlə qürur duyur, işlərində böyük uğurlar arzu edirik! Bu vətən sizin kimi gənclərlə daim çiçəklənəcək…
Salam, dost… Bu məktubu sənə, bir ağıl xəstəxanasının 2-ci mərtəbəsindən yazıram… Məni görsən, yazığın gəlməsin.Saçlarım tökülüb, göz altlarım qaralıb, rəngim solğunlaşıb, gözlərim iriləşib, arıqlamışam…Və buralar… Buralar soyuqdur… Bəzən çox üşüyürəm… Yeməklər də soyuqdur.Bir də tibb bacıları var, vaxtı çatdıqca qəribə dadlı həblər verirlər, iynələr vururlar.Qışqırıram, “Mən dəli deyiləm” – deyirəm , inanmırlar.Əsəbləşirəm, sakitləşdirici iynəni yeridirlər canıma… Əlimdən heç nə gəlmir,gözlərimi qapadaraq gülümsünürəm… Və sabahısı gün hər şey yenidən təkrarlanır.Hər gün dünənkindən daha çox ölürəm…. Mən evimi istəyirəm, dost! İtirdiyim anamı, atamı, qardaşımı, bacılarımı istəyirəm! Qurtar məni bu uçurumdan, taqətim qalmıyıb artıq ,ölümlə üz-üzəyəm… 23.07.2018.
Bu iki absazlıq məktubu sənə yazdıqdan sonra illər bir-birini qovdu.Nə sən gəldin, nə də mənim həyat tərzim dəyişdi.Əvvəlki qədər üsyankar deyiləm.Bu ağ xalatlı həkimlərə, xəstəxananın bir köşəsində gah özünü Hitler sayıb “salam ” verən , gah da özünü hələ də evində sayıb, qohumlarının adını bir-bir çağıran aciz amma azad xəstələrə , dörd divara çox öyrəşmişəm.Doğlamaşmışıq.Qəribədir, canımdan, qanımdan olanlarım bir yaddı, onlar isə özüm, ən yaxınım… Sizin dilinizlə desəm dəli olduğuma özümü inandırmışam, ya da deyəsən, zaman keçdikcə həqiqətən ruhum xəstələnir… Artıq heç nəyə sıxılmıram, soyuq yeməklərə də öyrəşmişəm.Deyirəm bircə yaz gəlsəydi, bizi həyətə çıxarardılar.Yazı sevirəm, o fəsli sevməyən insan olmaz.Şəxsən mənə yaşamaq həvəsi verir.Hələ günəşin isti şüaları, quşların civiltisi,torpaqdan təzə boylanan xırda çiçəklər, o çəmənlik … Ruhum tazələnir… Hətta deyərdim ki, hər bu fəsil gələndə var olmağıma sevinirəm… Hərdən ildə iki , ya üç dəfə sizinkilərdən yanıma gələnlər olur… Əvvəllər bu hala sevinirdim ki, gəlirlər.Gəlirlər ki, çıxararlar məni burdan.Amma istədiyim kimi olmur.Yeməklər gətirirlər, cürbəcür şirələr, şirniyyatlar…Dadıram,çıxıb gedirlər.Yəqin vicdanlarını rahatlatmaq üçündü bütün bunlar… İndi oturmuşam soyuq xəstəxanın buz küncündə.Kiminsə gəlib məni burdan çıxarmağını arzulamıram … Yanımda bir neçə mənim kimilər var.Bura evimdir, onlar da itirdiyim sizlər-ailəm … Mən siqaret çəkənləri anlamırdım heç vaxt.”Axı o tütün qurusundan nə ləzzət ala bilərlər?”-deyə düşünürdüm.İndi isə özüm aludəçisi olmuşam.Burdakıların xasiyyətini də götürmüşəm, yad adam görən kimi siqaret istəyirik. Götürürük, çəkirik, vaxt gedir, gün bitir… 16.07.2019.
Bu sənə yazdığım 3-cü məktumdu…. Bilirəm, hərdən yuxularına girirəm. Bilirəm, hələ uşaqsan.Məni xilas edə bilməyəcəksən…. Mənim ruhum bütün orqanlarımla birgə xəstələndi.Budur, o məşhur “xərçəng” xəstəliyindən əziyyət çəkirəm… Ən pisi isə əvvəllər mənə yardım edən həkimlər, artıq bir ölü kimi kənara tullayıblar məni… Doğmalarım yanımda yoxdur.Mən əzab çəkirəm. Elə əzab çəkirəm ki… Yarımcan qalmışam… Siz yoxsunuz, son nəfəsimdə əlimi tutacaq insanlar yoxdur… Yoxluğumla baş-başa, ruhumu da aparıb gedirəm…