Etiket arxivi: Bahəddin Həzi

Elman Eldaroğlu – SİFTƏ

SİFTƏ

Bahəddin Həzi – 60

1965-ci ildə Füzuli rayonunun Seyid Əhmədli kəndində dünyaya göz açıb. Bu kənddə boya-başa, ərsəyə çatıb. Və bir gün də doğma ata-baba yurdundan pərvazlanaraq Bakıya üz tutub, ali təhsil alıb, ev-eşik sahibi olub…

Deyir ki:- “Orta məktəb illərində dövrü mətbuatı, jurnalları oxuyurdum. Jurnalistikaya məndə həvəs yaranmışdı. O zaman Füzulidə “Araz” adlı qəzet çıxırdı. Məqalələrim həmin qəzetdə dərc olunsa da, nədənsə göndərdiyim şeirləri çap etmirdilər. Görünür ki, zəif şeirlər idi. Yaxşı ki, tez başa düşdüm ki, məndən şair çıxmaz, ona görə şeir yazmağın daşını atdım. Amma məqalələr yazırdım. Sonra respublika səviyyəli mətbuatda, “Azərbaycan gəncləri”ndə yazılarım, müəyyən xəbərlərim çıxırdı. Və Bakı Dövlət Universitetinə qəbul olundum. Jurnalistika fakültəsinə sənəd verməyə çalışdım, ancaq sənədlərimi götürmədilər. Tofiq Rüstəmov mənə dedi ki, qəbul edə bilmərik, sənədlərinizi başqa fakültəyə verin. O zaman jurnalistika və hüquq fakültəsinə sənəd vermək üçün ən azı 2 il iş stajı, ya da hərbi xidməti başa vurmaq tələb olunurdu. Fikirləşdim ki, sənədləri hara vermək olar, nisbətən təcrübəli abituriyentlərdən biri mənə məsləhət gördü ki, sənədlərimi kitabxanaçılıq fakültəsinə verim, sonra jurnalistika fakültəsinə dəyişərəm. O məqsədlə də kitabxanaçılıq fakültəsinə sənəd verdim və qəbul oldum. Elə oldu ki, birinci kursdan sonra hərbi xidmətə getdim. O vaxt qayda elə idi. Hərbi xidmətdən qayıdandan sonra yazılarım qəzetlərdə dərc olunmağa başladı. Jurnalistika fakültəsinin tələbələri ilə qaynayıb-qarışdıq. Fikirləşdim ki, fakültəni dəyişdirməyə də ehtiyac yoxdur. İş belə alındı ki, bu sahəni seçdim. Amma orta məktəbdə oxuyandan jurnalistliyə qərar vermişdim. Odur ki mətbuata gəldim…”

2006-cı il mayın 18-də beş nəfər naməlum şəxs tənqidi yazılarına görə qarşısını kəsərək, onu zorla avtomobilə əyləşdiriblər. Bakının kənarına apararaq, huşunu itirənədək döyüblər. Ayağının bir neçə yerdən sındığını, zədələrini görən yerli sakinlər onu xəstəxanaya çatdırıblar. Bu acı olaydan sonra bir il əziyyət çəkib, intensiv müalicə alıb…

“Bu, mənim həyatımın ən ağır məqamlarından biri idi. Təbii ki, insan həyatında cürbəcür çətinliklərlə qarşılaşır. Mən də bir çox çətinliklərlə qarşılaşmışam. Amma o hadisə, mənim həyatımda ən böyük sarsıntıdır. Heç vaxt yadımdan çıxmaz. Hələ də mənəvi ağrı-acılarını yaşayıram. Yəqin ki, heç vaxt da keçməyəcək.”- söyləyir.

İstedadlı jurnalist, yazışı-publisistdir. Maraqlı yazıları ilə ətrafına geniş oxucu audetoriyası toplaya bilib, həvəslə oxunur. Eyni zamanda, gözəl poeziya nümunələri yaradır. Necə deyərlər, dərd onu şairlik səviyyəsinə qaldıra bilib. Şeirlərinə, yazılarına hopan bu dərd, misra-misra, sətir-sətir ah çəkir, qəlbləri göynədir…

Ailədə yeddi uşaq olublar. Atası Füzuli rayonunda Suvarma Sistemləri İdarəsində fəhlə işləyib. Anası isə fəhlə olub…

Deyir ki:- “Mən ailədə üçüncü uşaq idim. Bizim ailə bir sıra qəzetləri, hətta rus dilində “Literaturnaya qazeta”nı da alırdı. Orta məktəbdə tatar müəlliməmiz vardı, bizim kəndə təzə gəlin gəlmişdi, ondan rus dilini öyrənmişdim. Artıq orta məktəbin son siniflərində rusca qəzetləri də oxuyurdum. Fəhlə ailəsi olsaq da, qəzet, kitab oxumaqdan qalmazdıq. Evimizdə çoxlu kitab vardı…”

Həssas təbiəti var. Möhkəmlik, dözümlülük, güclü iradə onun ən əhəmiyyətli xüsusiyyətləri sırasındadır. Kimsə onu asanlıqla istiqamətləndirə, idarə edə bilməz. Həyat yolunda sabit, mühafizəkar davranmağı xoşlayır. Sülh və əminamanlıq tərafdarıdır, amma mübarizəsindən heç zaman dönməz, əqidə adamıdır. İti zəkası var. Etibarlı və sədaqətlidir, əmanətə xəyanət etmək ruhuna ziddir. Dəyişkən, xəbis adamlardan həmişə uzaq dayanır. İradəsi güclü olduğundan çətinliklərin qarşısında ümidsizliyə düşmür, sarsılmır…

“Mən jurnalistikaya bir missiya kimi baxıram. Bu, mənim işimdir. Mən bu işdən ləzzət alır, bu işlə yaşayıram. Cəmiyyət nə qədər varsa, media da olacaq. İstərdim ki, bundan daha yaxşı şərtlər yaransın, jurnalistika ilə daha yaxşı məşğul olaq. Şükür ki, “Bizim Yol” qəzeti hələ də yaşayır və çalışırıq ki, sözümüzü deyək, cəmiyyəti daha da maarifləndirək.”- söyləyir.

Onu həyatda cəmi bir, ya da ki, iki dəfə görmüşəm. Yerişindən, duruşundan, davranışından az da olsa xəbərim var. Yazılarından isə, onu maraqlı və məzmunlu adam kimi tanımışam. Obrazlı desəm, çeşmələr kimi saf, dağ çayları kimi coşqun, dəniz kimi təlatümlüdür…

Ən böyük arzusu ailəsinin problemlərini həll etməyə qadir olmaq, övladlarının cəmiyyətdə layiqli yer tutmasıdır. Ümumi ictimai arzusu isə, ölkəmizi həmişə azad, insanlarını xoşbəxt görməkdir…

…Yəqin ki, söhbət zamanı işlətdiyim “Bizim yol qəzeti” kəlmələri kimdən danışdığımı sizə xatırlatdı. Bəli, mən “Bizim yol” media resurslarının rəhbəri şair, yazıçı-publisist, jurnalist Bahəddin Həzidən danışıram…

Aprelin 28-i Bahəddin bəyin yubileyidir, 60 yaşı tamam olur. Qoy bu söhbət, onun şəninə deyiləcək fikirlərə bir SİFTƏ olsun.
Bahəddin bəyə möhkəm can sağlığı, firavan həyat, yaradıcılıq uğurları arzulayıram.
Çox yaşasın!

Hörmətlə, Elman Eldaroğlu

BAHƏDDİN HƏZİNİN YAZILARI

QULU AĞSƏSİN YAZILARI

Elman Eldaroğlu təbrik edir

ZAUR USTACIN YAZILARI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

İsmayıl Şıxlının “Ölən dünyam” romanı – kitab.

Mən uşaqlıq, yeniyetməlik, ilk gənclik illərindən ədəbiyyata vurğun idim. Yazıçılarımızı, dünya ədəbiyyatını oxuyurdum. Qələm adamları haqqında metafora ilə düşünürdüm. Məsələn, Seyran Səxavət məndə həmişə dəli-dolu dağ çayı ilə assosiasiya olunub. Elə alimlər, yazıçılar, şairlər var idi ki, torpağın bağrından qopub Göy üzünə ucalan dağa bənzədirdim. Sonra Bakıya gəlib, burda yaşayıb, o insanları həyatda gördükcə, bəziləri kiçilib gözümdə təpə oldu, amma dağ ucalığını saxlayanlar da vardı. Hətta təsəvvür etdiyimdən daha uca olanlar da. Məsələn, Xudu Məmmədov, Aydın Məmmədov, Məmməd Araz…

Heç şübhəsiz, İsmayıl Şıxlı da öz qürurlu əzəməti ilə bu sırada dayanır. Mən İsmayıl müəllimin, demək olar, bütün əsərlərini oxumuşam. Bəli, “Dəli Kür” İsmayıl Şıxlının şah əsəri kimi qəbul olunub. Ancaq bu, çoxumuzun “Ölən dünyam” romanından hələ xəbərsiz qaldığımızdandır. Yaxud hələ alıb oxumamış olmağımızdan. Bu roman heç də “Dəli Kür”dən geri qalmır. Əsər 20-ci əsrin əvvəlində bolşevik-rus işğalının Qazax mahalında və ətraf civarlarda törətdiyi faciəvi hadisələrdən və ən başlıcası Gəncə üsyanından bəhs edir. Biz Gəncənin işğala, yadelli zülmə qarşı dirənişi deyəndə, göz önünə çox hadisələr, çox şəxsiyyətlər gəlir. Əlbəttə, qəhrəman Cavad xanı rəhmətlə, ehtiramla və qürurla xatırlayırıq.

Ancaq başqa tarix də var: 1920-ci il aprelin 28-də Bakıda milli hökumət devrildikdən sonra Gəncə rus-bolşevik işğalçılara təslim olmurdu və az qala bir aya yaxın – mayın 25-dək düşmənə müqavimət göstərdi. Gəncəlilər sözün tam anlamında son damla qanına qədər dəfələrlə üstün rus qoşunlarına və erməni silahlı dəstələrinə qarşı vuruşdu. Bu, Azərbaycan tarixində çox ağır, qanlı hadisələrdən, eyni zamanda Gəncənin və bütün millətimizin qürurvericu qəhrəmanlıq örnəklərindən biri idi. İsmayıl Şıxlı bu faciəli və qürurlu tarixi özünə xas olan ustalıqla elə təsvir edib ki… Bu əsəri oxumağı bütün dostlara tövsiyə edirəm.Başqa romanlarını, povestlərini, hekayələrini də.

Gənclərimiz İsmayıl Şıxlını oxumalıdır. Mütləq oxumalıdır. Elə yazıçılar, elə əsərlər var ki, onları oxumadan özünə intellektual, hətta zəngin dünyagörüşü olan insan deyə bilməzsən. İsmayıl Şıxlı həmin qələm ustalarından biridir. Millətin içindən çıxmış və millətinə həmişə bağlı olmuş, özünə hər zaman sadiq qalmış nəhəng ziyalımızdır. Fiziki olaraq yaşasaydı, 105 yaşı olardı. Ancaq təəssüf ki, bu yubileyini onsuz qeyd edirik. Millətimizi İsmayıl Şıxlı münasibətilə təbrik edirəm.Allah İsmayıl müəllimdən rəhmətini əsirgəməsin. Amin.

Müəllif: BAHƏDDİN HƏZİ

Mənbə: Sultan Əhmədova

Məlumatı hazırladı: Tuncay ŞƏHRİLİ

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru