Etiket arxivi: Elman Eldaroğlu təbrik edir

Ana dilində rusdilli bakılı sayağı danışan xalq yazıçısı

Ana dilində rusdilli bakılı sayağı danışan xalq yazıçısı

Hər dəfə onu görəndə Ceki Can yadıma düşür. Yəni o mənə Ceki Canı xatırladır. Ceki Can ondan düz beş il qabaq, eyni gündə Honkonqda dünyaya gəlib, amma o, heç də Ceki Candan geri qalmır, necə deyərlər, ikisi də məşhuri cahandırlar. Doğrudur, Ceki Canı əlləri, ayaqları, cəldliyi, döyüşkənliyi məşhurlaşdırıb, onu isə əsərləri aləmə tanıtdırıb. Ancaq Ceki Can öz ana dilində səlis danışa bilsə də, o, Azərbaycan dilində fikrlərini ədəbi dildə deyil, Bakı ləhcəsi ilə ifadə edir. Üzdə olan beş-on məşhur azərbaycanlıdan biridir ki, bunu ona heç kim irad tutmur. Hamı başa düşür ki, həqiqətin məxsus olduğu dil və ləhcə yoxdur, hansı dildə, hansı ləhcə ilə desən, həqiqət elə həqiqətdir…

Deyir ki:- “Mənim anam bakılı olduğundan, mən də Bakı ləhcəsinə alışmışam. Bakı ləhcəsində danışmağım təbiidir. Bunda elə bir nöqsan görmürəm. İndi nə edək, mən də belə danışıram. Nizami Gəncəvinin İtaliyada abidəsi qoyuldu. O zaman iranlılar etiraz etdilər ki, Nizami Gəncəvi fars şairidir. Biz isə abidənin üstünə italyan dilində yazmışıq ki, Azərbaycan şairi Nizami Gəncəvi. Yəni, Nizami Gəncəvi fars dilində, İsmayıl bəy Qutqaşınlı fransız dilində, Maqsud İbrahimbəyov, Çingiz Aytmatov, Oljas Süleymenov, Fazil Abduloviç İsgəndər, Vasil Bıkov rus dilində yazıblar. O zaman belə çıxır ki, onlar öz ölkələrinin yazıçıları deyillər?! Bu, gülməli səslənir. İnsan özü bilir ki, hansı dinə, millətə məxsusdur. Manqurt obrazı yaratmış Çingiz Aytmatova irad tutmaq olardı ki, siz rus dilində yazırsınız, rus yazıçısısınız? Xeyr! Mən müharibə vaxtı 8 dəfə Rusiyada çıxış etmişəm. İndi mənə necə demək olar ki, rus yazıçısıdır?! Rus yazıçısı Azərbaycanı müdafiə edərmi?! 1990-cı ildə yaşanan 20 Yanvar faciəsi haqqında rus dilində rus ordusunun, sovet ordusunun əleyhinə “Qara Yanvar” adlı kitab yazmışam. Məgər bunu rus yazıçısı yazardımı?!”

O, 1959-cu ildə Bakı şəhərində dünyaya gəlib. Orta təhsilini 189 nömrəli məktəbdə bitirib. Sonra Azərbaycan Dövlət Universitetinin Hüquq fakültəsində ali təhsil alıb. Əmək fəaliyyətinə Bakı istehsalat birliyində hüquq məsləhətçisi kimi başlasa da, bir müddət sonra Bakı şəhəri Əzizbəyov rayonu icraiyyə komitəsində şöbə müdiri, KP-nin Qaradağ rayonu üzrə təşkilat şöbəsinin təlimatçısı, siyasi-maarif kabinetinin müdiri vəzifələrində çalışıb. 1988-ci ildə hüquq elmləri namizədi, 1991-ci ildə isə hüquq elmləri doktoru elmi dərəcələrinə yiyələnib. 1989-cu ildən indiyədək Azərbaycan Yazıçılar Birliyinin birinci katibidir. Xidmətlərinə görə “Qırmızı Əmək Bayrağı” və “Şöhrət” ordenlərnə layiq görülüb…

Hansı dildə, hansı ləhcədə danışsa da əsl ziyalıdır. Gördüklərini dilə gətirməkdən çəkinmir. Amma arada susur. Yəqin ki, nələrisə itirmək istəmir. Avropa, Asiya və eləcə də Amerikada da onu tanıyanlar var…

Onun da hamı kimi adı var- Çingiz! Soyadı isə Abdullayevdir. Bəli, Ceki Candan beş il sonra dünyaya gəlib. Biri filmlərdə yaratdığı obrazlara, o biri isə ərsəyə gətirdiyi əsərlərə görə sevilir…

Aprelin 7-si Ceki Canın 71, iki yüzdən çox kitabın müəllifi olan xalq yazıçısı Çingiz Abdullayevin isə 66 yaşları tamam olur. Hər ikisini də ad günləri münasibətilə təbrik edir, möhkəm can sağlığı, firəvan həyat arzulayıram.

Çox yaşasınlar!

Hörmətlə, Elman Eldaroğlu

Elman Eldaroğlu təbrik edir

ZAUR USTACIN YAZILARI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Elman Eldaroğlu – Sədaqətli Sədaqət xanım

Sədaqətli Sədaqət xanım

Yəqin ki, Sədaqət xanımın əsərlərini oxuyanlar, eləcə də ərsəyə gətirdiyi filmlərə tamaşa edənlər aranızda az deyil. Onun “Youtube” sosial şəbəkəsində rast gəldiyim, quruluşçu rejissor Elşən Zeynallı ilə birlikdə ərsəyə gətirdikləri “Soyuq günəş” filminə mən də tamaşa etmişəm. Və bu filmə görə ona təşəkkür etməyə şərait arzulayırdım. Budur, əlahəzrət zaman həmin şəraiti yaradıb. Martın 30-u Sədaqət xanımın növbəti ad günüdür…

Sədaqət Kərimova 1953-cü ildə Qusarda anadan olub. Orta təhsilini 1969-cu ildə Qusar şəhər 1 saylı məktəbdə başa vurub. Məktəb illərindən respublikanın bir sıra qəzet və jurnallarında şeir, hekayə və məqalələri ilə çıxış edən Sədaqət xanım, 1969-cu ildə Azərbaycan Dövlət Universitetinin jurnalistika fakültəsinə daxil olub. Tələbəlik illərində “Azərbaycan gəncləri” qəzetinin ştatdankənar müxbiri kimi, əxlaq mövzusunda yazdığı silsilə məqalələri ilə tanınmağa başlayıb…

Deyir ki:- ““Soyuq günəş” dramını 1998-ci ildə qələmə almışam. Arzum əsərin Azəbaycan və ya Dağıstanın hər hansı bir şəhər və ya əyalət teatrında səhnəyə qoyulması olub. Amma arzumu illər boyu reallaşdıra bilmədim və uzun illər bu əsəri ekranlaşdırmaq haqqında fikirləşdim. Nəhayət, bu arzumu həyata keçirmək üçün özüm hərəkət etməli olduğumu anladım və fəaliyyətə keçdim. Filmi ekranlaşdırmaq üçün tək ssenari müəllifi və bəstəkar olmaq kifayət etmirdi, prodüser olmaq da tələb olunurdu. Mən jurnalist taleyimdə çox insanla rastlaşmışam. Başdan-başa sədaqət, etibar, namus, ləyaqət rəmzi olan fədakar qadınların taleyi ilə çox üzləşmişəm. Həm Böyük Vətən, həm Birinci Qarabağ, həm də İkinci Qarabağ müharibələrinin qurbanları olan belə qadınların həyat hekayələri məni iliklərimə qədər sarsıdıb. Mənim “Soyuq günəş”im real hadisələr əsasında qələmə alınıb, barələrində söhbət gedən insanlar isə çoxdan bu dünyanı tərk ediblər. Amma bir yazıçı kimi mənim əsas məqsədim ümumiyyətlə böyük məhəbbətə, insan sədaqətinə və vəfasına, qadın şərəfinə bir abidə ucaltmaq olub…”

Özünə qarşı çox tələbkardır. Bəlkə də bundan irəli gəlir ki, qələmə aldığı əsərlər kifayət qədər gözəl alınır…

“Hər bir sənət insanlar üçündür. Adam özündən ötrü sənət yarada bilməz ki… Şairin arzusu şeirinin oxunmasıdırsa, yazıçı hər zaman kitablarının satılmasının həsrətindədir. Bəstəkar həmişə arzulayır ki, mahnıları daha çox sevgi qazansın. Deməli, sənət insanlar üçündür. Həmişə yaza-yaza fikirləşirsən ki, görəsən, yazdığım kiminsə xoşuna gələcəkmi? Məni də illər boyu üzən əbədi bir sual var: Bəlkə əbəs yerə yazıram?..”- söyləyir…

Universiteti bitirdikdən sonra Azərbaycan KP MK-nın “Sovet kəndi” qəzetində 17 il fasiləsiz çalışıb. Sonralar “Azərbaycan” qəzetində şöbə müdiri, “Günay” qəzetində baş redaktorun müavini kimi fəaliyyət göstərib. 1997-ci ildən üç dildə öz vəsaiti hesabına nəşr etdirdiyi “Samur” qəzetinin baş redaktoru işləyir. Jurnalistika sahəsindəki uğurlarına görə, hələ Sovet dövründə Azərbaycan Jurnalistlər İttifaqının “Qızıl qələm” və Həsənbəy Zərdabi adına mükafatlarına layiq görülüb. Azərbaycan, türk, rus və ləzgi dillərində çap olunmuş 9 mindən çox məqalənin, o cümlədən 40 nəzm və nəsr kitabının müəllifidir.

2017-ci ildə Türkiyədə, türk dilində müəllifin “Lezgiye” adlı, eləhəmin ildə də 500-dən çox ləzgi bayatısı əsasında “Mənim şair xalqım” adlı kitabları işıq üzü görüb.

Bütün bunlardan əlavə Sədaqət xanım tanınmış yazıç-jurnalist Müzəffər Məlikməmmədovla birlikdə “Ləzgicə-azərbaycanca lüğət” və “Azərbaycanca-ləzgicə lüğət” kitablarını da tərtib edib…

Deyir ki,- “İndiki bu çətin dövrdə, mənəvi dəyərlərin öz yerini qabalıqlara verdiyi, ətrafımızın etinasızlıq və biganəliklərlə dolduğu bir dövrdə insanlarda hər zaman sənətə bir ehtiyac, təşnə duyulur. Hər bir sənət yol göstərəndir. Mən oxucularımdan çoxlu məktublar alıram. Heç bir məktuba bu günədək biganə qalmamışam. Bu məktublar göstərir ki, insanların təsəlliyə, ümidverici, müdrik sözə hər zaman ehtiyacları var. Yazıçı ən gözlənilməz vaxtda, ən ağır şəraitdə belə yol göstərməyi bacarmalıdır. Nə qədər çətin olsa da, buna çalışmalıdır. Bizim nəslin adamlarının əksəriyyətinin ən böyük dostu kitablar olub. Hər şeyi kitablardan öyrənirdik. Yazıçılar bizim üçün böyük insanlar idilər…

2003-cü ildə Müzəffər Məlikməmmədov onun haqqında “Sədaqət” adlı sənədli-publisistik kitab nəşr etdirərək, həyat və yaradıcılığından ətraflı söhbət açıb. 2013-cü ildə Azərbaycan Respublikasının “Nobel” İnformasiya Mərkəzi tərəfindən isə filologiya elmləri namizədi Bəybala Ələsgərovun qələmə aldığı “Sədaqət Kərimovanın həyat və yaradıcılığı” adlı biblioqrafik vəsait çap olunub. Bunlardan əlavə 2014-cü ildə Azərbaycan Milli Kitabxanası Sədaqət Kərimovanın həyat və yaradıcılığını əks etdirən geniş biblioqrafik kitab hazırlayıb çapdan çıxarıb…

Maraqlıdır ki, Sədaqət Kərimova bəstəkar kimi də tanınır. Sözləri və musiqisi özünə məxsus olan 100-dən çox mahnısının mətnləri və notları onun 2018-ci ildə çapdan çııxmış “Mənim mahnılarım” adlı kitabına daxil edilib. Onun 1997-ci ildə yaratdığı “Suvar” Ləzgi Mahnı və Rəqs Ansamblına 20 il rəhbərlik edərək, 40-a yaxın ləzgi xalq melodiyasını yenidən işləyib və bir neçə yeni rəqs musiqisi də yaradıb. “Qarılar”, “Şən qızlar”, “Qu quşları”, “Dem”, “Kəpənəklər” və sair belə rəqslərdəndir…

Bəli, martın 30-u, həm də Ramazan bayramında ləzgi xalqının qarşısında böyük xidmətləri olan, bu əzmkar, yorulmadan çalışan istedadlı xanımın növbəti yaşı tamam olur. Onu bu münasibətlə təbrik edir, möhkəm can sağlığı və yaradıcılıq uğurları arzulayır, Ramazan bayramınız mübarək olsun, söyləyirəm…

Hörmətlə, Elman Eldaroğlu

Sədaqət Kərimovanın yazıları

Elman Eldaroğlu təbrik edir

ZAUR USTACIN YAZILARI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

İxtiraçı mühəndis şair olanda

Əli Ələmi- 77

77 ildir ki, yol gedir. Ağır günləri də olub, xoş keçənləri də. Xoş günlərində sevincini dostlarla bölüşsə də, ağır günlərində əlinə qələm götürüb, kədərini kağızlara köçürüb. Bir də görüb ki, kədərləri şeirlərə çevrilib, şeirləşib. Deyir ki;

“Keyfin yaxşı ola, cibin də dolu,
Qəşş edib, ürəkdən gülməyə nə var?
Çətinmi bölüşmək kimsəylə pulu,
Sevinc bəsimizdir, bölməyə nə var?

Ey gözəl, sən gəl ey daha, hardasan?
Bircə bildiyim bu, uzaqlardasan…
Səninçün, əzizim, asandan asan,
Arabir yuxuma gəlməyə nə var?

Yağdırma mənimçün yağışlarını,
Gizlətmə zümrüdü baxışlarını,
Yanımda olaydın, göz yaşlarını
Şirin busələrlə silməyə nə var?

De, kimçün yazılır bu şirin sözlər,
Məndən bu sözləri kim var ki, gözlər?
Sıxıram köksümə, titrəyir dizlər,
Nədəndir? Eh, bunu bilməyə nə var?

Məhəbbət dəryadır, dərindən dərin,
Ələmi, bihuşsan, axır gözlərin,
Səninçün ölərəm, deyən dilbərin
Köksünə baş qoyub ölməyə nə var?”

Haqqında söhbət açdığım Əli Əmirov 1948-ci ildə Hacıqabul rayonunda anadan olub. 1970-ci ildə Azərbaycan Neft və Kimya institutunu bitirib, ixtisasca “avtomatika və telemexanika” üzrə mühəndisdir.

Əmək fəaliyyətinə 1970-ci ildə Sumqayıt şəhərində, tanınmış elm ocağı olan “Neftkimyaavtomat” ETLİ-də (indiki “Neftqazavtomat” EİM) başlayıb. 1983-cü ildə Ukrayna EA “Elektrodinamika” institutunda dissertasiya işini müdafiə edərək texnika üzrə fəlsəfə doktoru alimlik dərəcəsinə yiyələnib.

Bir müddət “Neftqazavtomat” EİB-in tabeliyində olan Əli-Bayramlı “Cihazlar” zavodunda direktor vəzifəsində işləyib. Sonra isə 25 il “Neftqazavtomat” EİM-ə rəhbərlik edib. 2020-ci ildən Azərbaycan Milli Aerokosmik Agentliyində şöbə rəisi və eyni zamanda, Azərbaycan Texniki Universitetində dossent vəzifələrində çalışır…

Gəncliyindən texniki sahədə, məsul vəzifələrdə işləsə də, şairlik istedadı da var. O, ədəbi aləmdə şair-qəzəlxan kimi Ələmi təxəllüsü ilə tanınır. Əli Ələminin yaratdığı poeziya nüminələrindən bir neçəsi əlimə düşüb, istəyirəm ki, onları sizinlə də bölüşüm:

“Gizlin gəl, oxu şe’rimi, neynək, görürəm mən,
Mənlə sevişən tellərinə söz hörürəm mən.

Misra sənə doğru, necə gör, can atır, ey gül!
Can vermədəyəm, yarə bu cür can verirəm mən.

Səssiz oxuyan, yaş axıdan gözlərə qurban,
Göz yaşımı, yazdıqca da həm əndərirəm mən.

Bəlkə oxusan sözlərimi, rəhmə gələrsən,
Söz baxçasın, ey gül, gəzirəm, söz dərirəm mən.

Qibləm daha sənsən, yazıram mən üzü qarə,
Qarə üzümü sən tərəfə döndərirəm mən.

Hey yalvarıram badi-səbaya, səni görsün,
Bilməm, sənə yetmişmi, salam göndərirəm mən.

Gəlsən, de, pəyandazın olar bax bu vərəqlər!
Yaz, ver, Ələmi, şe’ri yol üstə sərirəm mən.”

Onun rəhbərliyi altında neft, qaz, neftkimya və energetika sənaye sahələri üçün çox sayda avtomatlaşdırılmış nəzarət və idarəetmə sistemləri, cihaz və qurğuları yaradılaraq, respublikamızda və xaricdə geniş surətdə tətbiq edilib. Eyni zamanda, onun rəhbərliyilə müdafiə sənayesi sahəsində bir sıra xüsusi təyinatlı məmulatlar yaradılıb və seriyalı istehsala buraxılaraq silahlı qüvvələrimizin istifadəsinə verilib. O, həm də ölkədə ixtiraçı-alim kimi də tanınır, bir sıra ixtiraların müəllifidir. Əli Əmirov bu xidətlərinə görə “Əməkdar mühəndis” fəxri adına və “Tərəqqi” medalına layiq görülüb.

Yüzlərlə qəzəlin, o cümlədən, şeirlər kitabının müəllifidir. Azərbaycan Yazıçılar Birliyinin üzvüdür.

“Ömür bitir, xəbər gəldi axır ki,
Dönüb baxdım geriyə mən bir anlıq,
Gördüm, elə əyri-əyri baxır ki,
Baş götürüb qaçır məndən cavanlıq.

O gəncliklə indi məndən qaçanlar,
Hər sözümlə qanad çalıb uçanlar,
Nə desəm də gecdi, məni gec anlar,
Vəfasıza qalar, dedim, yamanlıq.

Yol öndədir bir addım da geri yox,
Canım, nolub, kimin dərdi-səri yox?
Vallah, əsib-coşmağın da yeri yox,
Quru sözdə qalıbdı pəhlivanlıq.

O xırman ta bitib getdi, yox ardı,
Dolanışıq o xırmandan çıxardı,
Ələk, xəlbir unu, dəni apardı,
Mənə qalan oldu, gördüm, samanlıq.

Dümdüz yolda adam necə aşarmış,
Yaddaş itər, özün tapmaz, çaşarmış.
Gözüm görmür, bir az həmi yaşarmış,
Ətrafımda hökm eyləyir dumanlıq.

Ətrin gözəl, ey güldodaq, gül incə,-
Deyəcək hey yazıq şair ölüncə.
Ta nə deyim Ələmitək gülüncə,
Arzulayaq yalnız əminamanlıq!”

Adətən şairlər yaşa dolduqca onların təbi də qocalır. Bu şeirdə o, gəncliyinin tez ötüb keçdiyindən gileylənsə də, hələ də ruhunun cavan qaldığı hiss olunur. Onun yaradıcılığına yaxından bələd olduqca, bunun təsdiqini tapmaq olar. Sanki o, ikinci gəncliyini yaşayır…

Əzizlərim, bu söhbətimdə məqsədim Ələminin yaradıcılığını təhlil etmək yox, onu bu gün- martın 12-də qeyd etdiyi ad günü münasibətilə təbrik etməkdir. Odur ki, yaradıcılığına səthi toxunub, təhlil etməyi sizin ixtiyarınıza buraxıram…

Hörmətli, Əli Əmirov, ömrünüzün elə bir dövrüdür ki, sizə var-dövlət yox, sağlamlıq daha vacibdir. Mən də sizə can sağlığı, ağrı-acısız günlər arzulayıram.

Yeni yaşınız mübarək!

Hörmətlə, Elman Eldaroğlu

Elman Eldaroğlu təbrik edir

ZAUR USTACIN YAZILARI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Qafar Cəfərli- 68

Ədəbiyyatımızın cənub bölgəsindəki əsas təbliğatçısı

Qafar Cəfərli- 68

Desəm ki, əsərlərini oxumuşam, yalan danışaram. Heç özüylə də tanış deyilik. Amma imtahana hazırlaşan tələbələr kimi, arayıb axtarıb, onun haqqında xeyli məlumat toplaya bildim…

Filoloq-alim Elşad Səfərli onu belə xarakterizə edir: “Qafar Cəfərli imzasının məsuliyyətində orijinal üslublu, zəngin dilli və obrazlarının psixolojisində “davranan” bir yazıçının ədəbi hisslərini duydum. Mən hər yeni ədəbiyyat cəbhəsinə ayaq basan şairə, yazıçıya sadəlövh yanaşmağı xoşlamıram; üstəgəl, uzaq bölgələrdə, o cümlədən Lənkəranda yaşayıb-yaradan bir istedadlı qələm sahibi olsun.”

Ədəbiyyatşünas-tənqidçi Allahverdi Eminov isə söyləyir ki;- “Qafar Cəfərlinin “Saatın 61-ci dəqiqəsi” hekayələr və povestlər kitabını əlyazma halında oxuyanda, nə gizlədim, püxtələşmiş bir yazıçının nəsr dünyagörüşünü duyub yaşadım. Mən onun hekayələrində xarakterlərin davranışını, müəllifin süjet qurmaq fərdiliyini, yaxud avtobioqrafik xüsusiyyətini müşahidə etdim. Və mənə elə gəldi ki, yazıçılıq psixologiyasına xas keçirilən hisslərin hamısını özündə ehtiva edir.”

Bəli, bu günkü söhbətim AYB-nin Lənkəran Bölməsinin sədri, yazıçı, publisist Qafar Cəfərlidən olacaq. Onu sizə kəşf edib tanıdığım kimi, təqdim etmək istəyirəm. Ola bilsin ki, haradasa zəndim məni aldadar, amma əminəm ki, onun obrazını olduğu kimi təsvir etməyə gücüm çatacaq…

Müdrik adamdır, söylədikləri düşüncələrindən qaynaqlanır. Necə deyərlər, boğazdan yuxarı danışmır, fikirlərini yazıçılara xas ardıcıllıqla ifadə edir, sanki süjet xətti qurur. Rəsmiyyətə meyillidir, amma bunun arxasında sadə bir insanın gizləndiyi aydın nəzərə çarpır. Xarakteri güclüdür, adama “köhnə” kişiləri xatırladır. Qürurlu və məğrurdur. Heç vaxt müvazinətini itirmir. Videolentlərdəki çıxışlarını izlədikcə jestləri, “bədən dili” onun xeyirxah insan olduğundan xəbər verir…

Deyir ki,- “Lənkəran şəhəri orta əsrlərdən üzü bu yana həmişə bölgənin mədəniyyət mərkəzi olub. Təbii iqlim şəraitinin gözəlliyi və sərvətlərinin bolluğu şəhərin iqtisadi və mədəni inkişafında başlıca rol oynayıb. Təsadüfi deyil ki, buradan elmin müxtəlif sahələrində çalışan görkəmli alimlər, dövlət xadimləri ilə yanaşı, ciddi ədəbi fəaliyyətlə məşğul olan adamlar da çıxıb. Mənbələrdən məlum olur ki, hələ Xl-Xll əsrlərdə Lənkəranda məktəb və mədrəsələr, sufi ocaqları, təkyələri fəaliyyət göstərib. Məzarları müqəddəs ziyarətgaha çevrilən Şeyx Camaləddin və onun şagirdi, bütün Şərqdə məşhur olan Şeyx Zahid Gilaninin sufi məktəbləri buranın güclü elm mərkəzi olduğundan xəbər verir. Azərbaycanın müxtəlif şəhərlərindən elm öyrənmək üçün buraya gələnlərin arasında Şah İsmayıl Xətainin ulu babası Şeyx Səfiəddin də olub. Onlar təkcə təriqət başçıları olmayıb, eyni zamanda bədii yaradıcılıqla məşğul olmaqla, öz irfani fikirlərini şeirlə xalqa çatdırıblar. Əsərlərinin çox kiçik bir hissəsi bizə çatan bu böyük şəxsiyyətlərin yaradıcılığı bölgə ədəbiyyatının ilkin nümunələri kimi səslənir. Sonrakı əsrlərdə bu missiya davam etsə də, bir-birini əvəz edən feodal müharibələri zamanı kitabxanalar kütləvi şəkildə yandırıldığı üçün bizə gəlib çatmayıb.”

Söylədiklərində pafos axtarmağa dəyməz, nə də ki, yazıçı təxəyyülünün ifadəsi kimi yanaşmaq da olmaz. O, yerlibazlıqdan çox uzaqdır. Bəziləri kimi,- mənim elim bütün ellərdən yaxşıdır- düşüncəsindən də danışmır. Hadisələrə obyektiv dəyər verməyi bacarır…

Filologiya elmləri doktoru Vaqif Yusifli onun haqqında söyləyir;- “Öncə onu deyim ki, Qafar Cəfərli yaxşı yazıçı-publisistdir. Xalq yazıçısı Çingiz Abdullayevlə yanaşı, hal-hazırda detektiv janrda əsərlər yazan qələm sahibləri arasında seçilir, fərqlənir. “Günahsız mələk”, “Namus yarası”, “Gecənin lal fəryadı” və s. povestləri, hekayələri ilə oxucular yaxşı tanışdırlar. O, Birinci Qarabağ müharibəsinin iştirakçısı olub, “Tanrının göz yaşları” romanı da bir müharibə veteranının müşahidələrini əks etdirir. “Ömür yolu” avtobioqrafik romanı bir insan və yazıçının xatirələr dünyasını gözlərimiz qarşısında canlandırır və açığını deyim ki, onun keçirdiyi hisslər, başına gələn hadisələr, iyirmi ildən artıq hüquq-mühafizə sistemində fəaliyyəti zamanı çətin və mürəkkəb olaylarla, cinayət hadisələri ilə üz-üzə gəlməsi, ancaq bütün bunlarla yanaşı, ədəbiyyata sevgisi bir an belə səngiməyən bir insanın həmin o xatirələr dünyasının acılı-şirinli hekayətləridir.”

Ciddi görkəmi var. Bəlkə də, bu ciddilik uzun müddət çalışdığı sahənin xarakterindən vücuduna hopub, deyə bilmərəm, amma çox işgüzar adamdır. O, AYB-nin Lənkəran Bölməsinə sədr təyin olunandan bəri, bir sıra uğurlara imza atıb. Şəhərin yaradıcı adamları ilə mehriban münasibət qura bilib. Tez-tez ədəbi-bədii tədbirlər keçirib gənclərin maariflənməsinə töhfə verməyə çalışır. Professor Vaqif Yusifli fikirlərini belə yekunlaşdırır: “Qafar Cəfərli iki bədii filmə də çəkilib və maraqlı rollarla yadda qalıb. Amma o, həyatda öz rolunu – yazıçı Qafar Cəfərli obrazını mükəmməl icra edir.”

Bəli, güman edirəm ki, onun haqqında öyrənib bildiklərimi sizinlə bölüşə bildim. Martın 7-si Qafar Cəfərlinin doğum günüdür, 68 yaşı tamam olur. Onu bu münasibətlə təbrik edir, möhkəm can sağlığı və yaradıcılıq uğurları arzulayıram.
Çox yaşa, Qafar Cəfərli!

Hörmətlə, Elman Eldaroğlu

Elman Eldaroğlu təbrik edir

QAFAR CƏFƏRLİNİN YAZILARI

ZAUR USTACIN YAZILARI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Elman Eldaroğlu – Asif Mərzili – 65

Jurnalistikamızın dəyərli nümayəndələrindən biri…

Asif Mərzili- 65

Ömrünün böyük bir hissəsi mətbuatla bağlıdır. O vaxtki Nеft Kimya Sənayеsi Nazirliyinin “Böyük kimya uğrunda” çoxtirajlı qəzetinə baş redaktor təyin olunanda cəmi iyirmi doqquz yaşı var idi. Özünəməxsus yazı tərzi, üslubu ilə fərqləndiyinə və istedadlı qələm adamı olduğuna görə, onun 1982-1988-ci illərdə Azərbaycan Dövlət Tеlеviziya və Radiо Vеrilişləri Kоmitəsində ştatdankənar əməkdaş kimi fəaliyyətinə şərait yaradılıb.

1990-cı ildən Azərbaycan Nazirlər Sovetinin orqanı olan “Respublika” qəzetində müxbir kimi çalışsa da, bir il sonra Milli Məclisin indiki “Azərbaycan” qəzeti redaksiyasında parlament müxbiri vəzifəsinə təyin olunub. 1992-ci ildə “Ədalət” qəzetinin baş redaktorunun birinci müavini işləyib, 1993-cü ildən “Təzadlar” qəzetinin baş redaktorudur…

“Biz əyilmədik”, “Yеrin görünəcək”, “Mərzili və Mərzililər” (Ənvər Çingizoğlu və Asif Mərzili),”Qalxın, jurnalist gəlir!”, “Təzadlar” kitablarının müəllifi, 10-a yaxın kitabın isə rеdaktоrudur. Baş redaktoru olduğu qəzеt 2008-ci ilin yеkunlarına görə mərkəzi qərargahı Cеnеvrədə yеrləşən “Cеntury Intеrnatiоnal Quality Еra Award” Bеynəlxalq Təşkilatının “QC-100 İdarəеtmənin Ümumi Kеyfiyyət Mоdеlinin Əsrin Bеynəlxalq İnkişafı üzrə Qızıl ЕRA” mükafatına layiq görülüb…

Deyir ki:- “Səhv etmirəmsə, 2010-cu ildə Milli Mətbuat gününə iki gün qalmış gördük ki, işi-gücü nəşriyyatın koridorlarında söhbət etmək olanlara MŞ və KİVDF-dən dəvətnamələr verilib, bizə zəng edən yoxdur. Süleyman Osmanoğlu, mən və Rövşən Kəbirli danışdıq, zəng etdik MŞ-a, Rəhim Hüseynzadə ilə danışdıq. Dedi ki, bizlik deyil, aparatdan siyahını veriblər və s. Zəng etdik KİVDF-yə, yenə də eyni cavab. Süleyman bəy dedi ki, həmin gün birbaşa gedək “Gülüstan” Sarayına, qoy bizi tədbirə buraxmasınlar. Mən etiraz etdim, dedim, qoy bayram eləsinlər, Allah bu haqsızlığı və vicdansızlığı bağışlamaz… Amma Süleyman bəy təkid etdi, bizlərə olan bu münasibətdən çox pərt idi. 22 iyulda getdik “Gülüstan” sarayına. Gəlib-keçən “jurnalist”lərin kimliklərini seyr etdik, 70 faizini tanımadıq, çünki peşəkar, az-çox yazı-pozusu olanları sifətindən tanıyırdıq. Hətta nazirliklərdən, qohum-əqrabalardan da rastımıza çıxanlar oldu, irəli duran Süleyman bəyi buraxmadılar. Halbuki həmkarımız sayılanlar içəri maneəsiz keçirdilər, amma biri demədi ki, axı bu insanlar mətbuatımızda yetərinncə adı və imzası olanlardır. Nə isə… Dedim, Süleyman bəy, gedək nəşriyyata. O, kənara çəkilib “Gülüstan” Sarayının qarşısındakı daş pilləkanın üstündə oturdu, üzünü tutub bir ağlamaq elədi ki… Bu səhnəni sözlə ifadə etmək çox çətindir… Səhəri gün Süleyman bəyin sorağı xəstəxanadan gəldi. Ona edilən haqsızlığın xəstəliyini tapmışdı, bir neçə ay sonra dünyasını dəyişdi.
Ey milli mətbuatımıza iddialılar, özünü peşəkar sayanlar, yuxarı başda görənlər, biz bunları yaşaya-yaşaya gəlmişik, adını yaza bilməyənlər “Əməkdar jurnalist” oldu, “Tərəqqi” medalı aldı, “Şöhrət”ləndi, mənzil aldı”…

Qınamağa dəyməz, bu kəlmələr xidmətinə dəyər verilməyən bir insanın harayını, giley-güzarını özündə ehtiva edir. Axı müqayisə edəndə, indiyədək müxtəlif mükafatlara layiq görülən bir çox jurnalistdən istedadına və xidmətlərinə görə geri qalmır…

Haqqında məlumat toplamaqdan ötrü internetin imkanlarından istifadə etməli oldum. Xeyli faktlar qarşıma çıxdı. Məlum oldu ki, yazıların bəzilərində onu reket jurnalist kimi qələmə verənlər də az olmayıb. Adətən araşdırma, tənqidi yazılar yazan jurnalistlərin əksəriyyətini zəmanəmizdə belə adlandırırlar. Amma otuz illik jurnalistika təcrübəsi olan, ölkənin rəsmi mətbu orqanlarında çalışan bir jurnalisti reket adlandırmaq, heç də insafdan deyil. Peşə fəaliyyətinə görə başına nələr gəlməyib ki? Elşad Abdullayevin universitetində baş verən neqativ halları ictimailəşdirdiyinə görə 2009-cu ildə onu həbs ediblər. Evini, avtomobilini yandırıblar. Heç zaman geri çəkilməyib. Bəlkə də Azərbaycan jurnalistika tarixində ən çox müqavimət görən jurnalistlərdən biri də o, olub…

“Mətbuat cəmiyyətin güzgüsü olmalıdır. Güzgü cəmiyyəti ən azl olduğu kimi göstərmirsə, o heç kimə gərək deyil. Azərbaycan mətbuatının bu günkü durumu nəinki pisdir, çox pisdir. Təsəvvür edin, Prezident məmurları tənqid edə bilir, mətbuatımız isə susur. Susmaq razılıq əlamətidir. Tənqid yazan KİV-lər isə susdurulur, əsasən də MŞ tərəfindən. Bu çox pis haldır. Jurnalistikada araşdırma yazılar yoxdur, çünki araşdlrma yazı bəzilərinin gözündə tənqid etməkdir, pisləmək və əleyhinə yazmaqdır”- söyləyir.

Ciddi görkəmi, mehriban davranışı, qüruru, cəsarəti onu çoxlarına sevdirə bilib. Əzmkar, işgüzar, azad düşüncəli insandır. Hər zaman cəmiyyətə faydalı olmağa, xeyirxahlıq etməyə tələsir…

1960-cı ildə Ağdamda, Azərbaycanın böyük oğullarından biri, Xudu Məmmədovla eyni kənddə- Mərzilidə dünyaya gəlib. Yurd həsrəti onu heç zaman rahat buraxmayıb. Doğma yurdu haqqında qələmə aldığı yazıları oxuyanda onun nə böyda ürəyə sahib olduğu aydın görünür…

Bəli, hələ əsgəri xidmətdə olarkən, 1979-1981-ci illərdə Pribaltika Hərbi Dairəsinin “Za Rodinu” qəzetinin ştatdankənar müxbiri kimi jurnalist fəaliyyətinə başlayan Asif Mərzili Azərbaycan jurnalistikasının dəyərli nümayəndələrindən biridir. Yanvarın 9-u Asif bəyin 65 yaşı tamam olur. Bu münasibətlə onu təbrik edir, möhkəm can sağlığı arzulayıram…
Çox yaşasın!

Hörmətlə, Elman Eldaroğlu

Elman Eldaroğlu təbrik edir

ZAUR USTACIN YAZILARI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Aysel – “Ay işığının seli”, ad günün mübarək!

Aysel – “Ay işığının seli”, ad günün mübarək!

Deyir ki,- “Qismət adlı bir məfhum var, mən ona ürəkdən inanıram. Bəzən çox istədiyin bir şeyin arxasınca qaçırsan, qazanmaq üçün əlindən gələni edirsən. Ancaq nə qədər çalışsan da, istəsən də, alınmır. O zaman inad etməməli, hər şeyi olduğu kimi qəbul etməli insan. Çünki həyatın səninlə bağlı başqa planları var. Deməli, o, sənin qismətin deyil, taleyinə yazılmayıb. Həyat onu olduğu kimi qəbul etdiyiniz zaman tam sizin olacaq.”

İstedadın da üç növü var:- passiv, orta və parlaq. Haqqında söhbət açmaq istədiyim Aysel Əlizadə üçüncülərdəndir. İctimai fəaliyyətini, eləcə də yaradıcılığını izlədikcə buna şahid olmuşam…

“18 yaşım var idi. Elə qəribə qız idim ki, necə deyərlər, divara dırmaşırdım. Böyük arzuları olan, məktəbdə çox aktiv bir qız, təşkilatçı… Bayramları, tədbirləri özüm keçirirdim, tək başına. Fabriklərin bağlanma vaxtı idi. Sevil xala vardı, karamel fabrikində işləyirdi. Bu da işsiz qalmışdı. Mənə elə həyəcanla danışdı ki, ürəyim ağrıdı. Getdim karamel fabrikinə. Sonra da yazı yazdım. Zahid Səfəroğlu sağ olsun, mənə kömək elədi, çap elədi yazını. Onda “Yeni müsavat”ın gurultulu vaxtları idi. Sonra Space TV-yə getdim. Orda staj keçdim. Televiziyada “Yeni müsavat”da çap olunduğumu deyəndə çaşdılar. Xəbərlərdə çalışırdım. PKK-nın terror xəbərlərini ilk dəfə mən Azərbaycan türkcəsində çatdırmışdım. PKK-a işinə mən baxırdım. Sonra da ABA televiziyasına getdim. Efir üçün yazdıqlarımı çap etməyə başladım. Birinci yazım Azad Mirzəcanzadə haqqında idi. Çox yaxşı qarşılanmışdı. Şeir yazmağım da belə oldu. Ədəbi verilişlər hazırlayırdım. Bir dəfə Anar müəllimə dedim ki, şeir yazıram. Şeirlərimi göstərdim, çox bəyəndi. Dedi, mən yazıçıyam, şair deyiləm, ola bilsin, obyektiv fikir demərəm, ən yaxşısı sən Fikrət Qocaya göstər şeirlərini. Fikrət müəllimə göstərdim, o da çox böyük ruh verdi mənə. Az şeir yazdığımı dedim ona. Fikrət Qoca dedi ki, nə olsun, Natəvan da az yazıb. Məni elə şişirtdi ki… Ağız da büzə bilərdi, amma əksinə böyük mənəvi ruh verdi mənə.”- söyləyir.

Çox ağıllı, iti zəkalı, dərin düşüncəli xanımdır. Özü dediyi kimi, Aysel adının mənası “Ay işığının seli, ay seli” deməkdir. Və bu coşqu onun həyatında da biruzə verir. Bir də deyir ki:- “Sevincini uca səslə bölüşə bilmirsənsə, demək azad deyilsən!..”

Həyat düsturu- azadlıq üstəgəl(+) azadlıq çıx(-) azadlıq böl (:) azadlıq vur(x) azadlıq olan bu xanım haqqında geniş danışıb vaxtınızı almaq istəmirəm. Çünki ölkədə kifayət qədər tanınır, sosial platformalarda barəsində istənilən qədər məlumat var. Məqsədim, onu ad günü münasibəti ilə təbrik etməkdir. Axı yanvarın 3-ü Aysel Əlizadənin yubileyidir…

Arzuları çin olsun!

Hörmətlə, Elman Eldaroğlu

Elman Eldaroğlu təbrik edir

ZAUR USTACIN YAZILARI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Elman Eldaroğlu – Yeni ilin ilk günündə…

Əbülfət Mədətoğlu-66

Adətən yeni ilin ilk günündə baş qarışıq olur, kimisi qonaq gedir, kimisinə qonaq gəlir, kimisi də dünənin yorğunluğunu çıxarmağa çalışır. Necə deyərlər, bayram əhval-ruhiyyəsi hələ də davam edir…

Şair, publisist Əbülfət Mədətoğlu da 1959-cu iliin yanvar ayının 1-də dünyaya gəlib. Qarabağlıdır, Xocəvənd rayonunun Tuğ kəndində böyüyüb boya-başa çatıb. Azərbaycan Dövlət Universitetinin Tarix fakültəsində ali təhsilə yiyələnib. Eyni zamanda Jurnalist Sənətkarlığı İnstitutunu bitirib. Elə o vaxtdan da müxtəlif mətbu orqanlarında çalışıb. Hazırda Yenisəs. Az saytının baş redaktorudur.. Ötən müddət ərzində bir sıra ədəbi mükafatlarla yanaşı, “Əməkdar Jurnalist” fəxri adına da layiq görülüb…

Köhnə kişilərə xas olan təmkinlə ad günündən başlayaraq ilin son gününədək sonsuz ümidlərlə addımlayır. Hər yeni ilin gəlişi ilə bir yaş böyüyür, bir yaş da ucalır. Onun bir şair kimi yaratdıqlarından danışmaq fikrim yoxdur, çünki dövri mətbuatda bu barədə mütəxəsislərin kifayət qədər təhlili və şərhi var. Mən onun bir publisist, bir insan kimi fəaliyyətindən söhbət açmaq istəyirəm…

Deyir ki,- “Əlifbanı tanıyandan mütaliəni sevmişəm. Bizim kənd kitabxanamız çox zəngin olub. Kəndimiz işğal olunanadək evimizdə özümün də böyük kitabxanam var idi. Və kənddə bunu hamı bilirdi. Mən onların təqribən 3 min nüsxəsini kənddən çıxara bildim. Bu gün də Masazırdakı evimdə ayrıca bir kitabxanam var. Bu mənada mütaliə mənim işimə həmişə kömək olub. Həm qəzetdə, həm poeziyada. Ad çəkmədən deyim ki, dövri mətbuatda, o cümlədən sosial şəbəkələrdə yayımlanan şeir nümunələrinin hamısını oxumağa çalışıram. Ruhuma doğma olan şairlərimizin bir çoxunun kitabları masamın üstündədi. Tez-tez onlara üz tuturam. Allah dünyasını dəyişənlərə rəhmət etsin, yaşayanlara ömür versin!..”

Adətən biz “səxavətlidir” ifadəsini xeyriyyə işlərinə maddi vəsait ayıranlara şamil edirik, amma insanları xoş sözlə sevindirmək, kiməsə dəyər vermək özü də səxavət nümunəsidir. Əbülfət Mədətoğlu bu baxımdan böyük ürəkli adamdır. Əsərlərini təhlil edərək, o qədər müəllifə səxavət göstərib ki, say-hesabını bəlkə də çoxdan itirib…

“Mən ədəbi gəncliyi daim izləyirəm, onlarla səmimi münasibətim var. Rəhbərlik etdiyim “Yenisəs. Az” saytında ədəbi gəncliyə kifayət qədər yer ayrılıb və mən sevinirəm ki, bu gənclərin hansısa bir yazısının oxucularına təqdim olunmasında kiçik də olsa xidmətim olur. Mən Aysel Əlizadənin, Seymur Baycanın, Xuraman Hüseynzadənin, Elnur Aslanbəylinin, Qan Turalının, Aqşinin, Kənan Hacının, Cəlil Cavanşirinn, İradə Aytelin, Kəramət Böyükçölün, Həyat Şəminin, Nuranə Nurun, Zəka Vilayətoğlunun və digərlərinin yazılarını, bütövlükdə isə mətbuatda işıq üzü görən hər bir yazını oxumağa, izləməyə çalışıram.”- söyləyir.

Çox çətinliklərlə üz-üzə gəlib, həyatı boyu heç nəyi asanlıqla əldə etməyib. Nə qazanıbsa, necə deyərlər, dişlə, dırnaqla, ağır zəhmətlə əldə edib. Dünyanın ən yüngül işi sandığından heç kimə məsləhət verməyi xoşlamır. Ona görə də həmin o yüngül işi hər kəsin öz ixtiyarına buraxır. Düşünür ki, kim necə bacarırsa, hansı yolu seçibsə o yolla xalqımıza, ədəbiyyatımıza xidmət etməlidir…

Deyir ki,- “Həyatda elə yaşamlar var ki, onu sözlə ifadə etmək mümkün deyil. Lap elə qaçqınlığı götürək. Qaçqın olmayana bütün ürəyini də, bütün maddi sərvətini də bağışlasan belə, onun içində qırılıb çiliklənən, ölən, yaddaşında ağrı-acı guşəsi kimi qalan nəsnələri nə dəyişə bilməzsən, nə də unutdura bilməzsən. Göstərilən qayğı sadəcə diqqətdi. Yaşamağa ipucudu. Bu mənada 30 il ancaq xəyal etdiyin, ancaq yuxuda gördüyün kəndinə, evinə qayıtmaq bu gündən keçmişə dönüş deməkdir. Aradakı 30 il isə itirilən, əlindən zorla alınan ömürdü. Ona görə mən kəndimə səfər edəndə filmlərdəki kimi yuxuda keçmişə getmiş kimi oldum və o keçmiş mənə çox acıları təkrar yaşatdı. Çünki kəndimin yalnız coğrafi mənzərəsi yadımda qalmışdı. Mənim uşaqlığımın da, gəncliyimin də izləri, xatirələri güllələnmişdi. Evimin yerində qaratikan bitmişdi. Mənimlə orda danışan ancaq kədər idi, ağrı-acı idi. Çünki qarşılayanlar onlar idi məni…”

Bədii yaradıcılığa orta məktəbdə oxuyarkən başlayıb. Əvvəlcə qəzet və jurnallara yazılar ünvanlayıb. Haqsızlıqlar, biganəliklərlə çox qarşılaşsa da həyatda ona dəstək verən, əlindən tutan, yol göstərən insanlar da olub. Onları böyük minnətdarlıq hissi ilə xatırlayır. Yazıçılardan Əlisəfa Məmmədovun, Əlfi Qasımovun, şairlərdən- xalq şairi Bəxtiyar Vahabzadənin, Çingiz Əlioğlunun, Sabir Rüstəmxanlının, Nüsrət Kəsəmənlinin, Abbas Abdullanın, Məmməd İsmayılın, Vaqif Nəsib Sarıhüseyn oğlunun, Zülfüqar Şahsevənlinin, Vaqif İbrahimin və digərlərinin zamanında xeyir-dua verdiyini dilə gətirir. Məhz həmin xeyirxahların tələbkar qayğısı onu bugünkü yazarlara qaygı, diqqət göstərməyə yönəldib. Xüsusilə maraqlı, istedadlı, dəstəyə ehtiyacı olan gənclər onun üçün çox önəmlidir…

“Əlimdən tutublar, mən də təbii ki, gücüm daxilində əldən tutmağa çalışıram. Hər gün yazmaq, hər gün hay-küy salmaq və yaxud özünü hansısa qrupda təbliğ etmək mənə görə istedadın göstəricisi sayıla bilməz. Ad çəkmədən deyə bilərəm, elə gənclərimiz var ki, başını salıb aşağı heç bir qruplaşmaya qoşulmadan sözün fəhləliyini edir, özünə yol açmağa çalışırlar. Amma bəziləri də öz aralarında “işbirliyi” yaradır, bir-birini gündəmə daşımaqla məşğuldular. Çox istərdim ki, Allahın verdiyi istedadı böyük SÖZün xidmətində görək həmişə…”- söyləyir.

Qələm adamlarının qruplaşmasından çox narahatdır. İstəyir ki, ciddi əsərlərin sayı çoxalsın və azərbaycanlı müəlliflərin əsərləri ümumbəşəri əhəmiyyət daşısın. Yazarlarımz dünyada tanınsınlar. Necə deyərlər, “Nobel” mükafatının ayağı Azərbaycana da açılsın…

Bəli, yanvarın 1-də haqqında söhbət açdığım şair, publisist, əməkdar jurnalist Əbülfət Mədətoğlunun növbəti ad günüdür. Onu bu münasibətlə təbrik edir, möhkəm can sağlığı və yaradıcılıq uğurları arzulayıram. Çox yaşasın!

Hörmətlə, Elman Eldaroğlu

Elman Eldaroğlu təbrik edir

ZAUR USTACIN YAZILARI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Elman Eldaroğlu – Varsansa, demək hələ tükənməmisən…

Varsansa, demək hələ tükənməmisən…

Əsli-kökü Cənubi Azərbaycanın Qaradağ mahalındandır. Ulu babası o vaxt Qarabağa gələrək, orada məskunlaşıb. Şuşada doğulub böyüyən maarifpərvər, şair, pedaqoq, ədəbiyyatşünas, tərcüməçi, filoloq, tarixçi, xəttat, teatr xadimi Həsənəliağa xan Qadağskinin nəticəsidir.
Atası məşhur diktor, əməkdar artist, səsi ilə ürəklərdə yuva quran Aydın Qaradağlı, anası isə ölkəmizdə peşəkar diktorluq məktəbinin yaranmasında xüsusi xidmətləri olan, təmiz, cilalanmış, məlahətli səs sahibi Gültəkin xanım Cabbarlı olub.

Deyir ki:- “Biz cəmiyyətdə kitaba olan həvəsi, elmə olan marağı, intellekti qaldırmasaq, tamaşaçı zövqünü cilalaya bilmərik. Bu gün bütün telekanallar cəmiyyətin zövqünün əsirinə çevrilib. Axı verilişlər cəmiyyətin zövünə uyğun olmalıdır. Bu çox vacib məsələdir. Cəmiyyətin zövqünü formalaşdırmaq ümdə, ən böyük, ali bir məsələ olsa da, çox çətindir. Bildiyiniz kimi, ölkəmizdəki kanalların əksəriyyəti kommersiya kanalıdır.
Mən telekanala rəhbərlik edərkən məşhur “Ford Boyard”ın Azərbaycan versiyasını düz iki il keçirdik. Elə bilirsiniz o, çox reytinqli veriliş oldu? Zövqümüzə uyğun olmayan, baxmaq istəmədiyimiz verilişlərdən belə “Ford Boyard”ın reytinqi iki dəfə yarım aşağı oldu. İki dəfə yarım… Onun dəyəri isə, nə deyim sizə, bəlkə də yüz, yüz əlli dəfə artıq idi. Həmin o zövq məsələsini qabartmaq naminə buna getdik. “Aydın səs” layihəsi oldu. Heç bir kommersiya yükü yox idi, bu verilişin. Nə oldu reytinqi?..”

Haqqında söhbət açdığım Vüqar Qaradağlı 1966-cı ildə Bakıda anadan olub. 1983-cü ildə orta məktəbi, 1990-cı ildə Bakı Dövlət Universitetinin şərqşqnaslıq fakültəsinin ərəb dili şöbəsini bitirib. 1985–1987-ci illərdə hərbi xidmətdə olub.
Əmək fəaliyyətinə Bakı Dövlət Universitetindən başlayıb. 1990-1991-ci illərdə universitetin baş laborantı, 1991-1992-ci illərdə tədris hissəsinin böyük inspektoru, 1992-1994-cü illərdə ərəb filologiyası kafedrasının müəllimi, 1994-2006-cı illərdə baş müəllimi vəzifələrində çalışıb.
1994-cü ildən 1999-cu ilədək BDU-nun İlahiyyat fakültəsinin ilk dekan müavini işləyib. 2006-cı ilin dekabrından Bakı Dövlət Universitetinin Ərəb filologiyası kafedrasının dosentidir. 2012-2017-ci illərdə Azad Azərbaycan Müstəqil Tele Radio Kompaniyasının prezidenti olub. 2010-cu ildə əməkdar jurnalist fəxri adına layiq görülüb…

Artıq bir neçə ildir ki, televiziyadan uzaq düşsə də, elmi fəaliyyətlə məşğuldur. Siyasətdən çox uzaqdır. İnadkar, mərd, əqidəli adamdır. Ünsiyyətdə mehriban, şən olsa da, iradə göstərməyi, sözü üzə deməyi bacarır. Yarınmaq, yaltaqlıq etmək, kiminsə qarşısında qürurunu alçaltmaq onun ruhuna yaddır…

Bizdə belə bir məsəl var- “Yıxılana balta vuran çox olar.” Əslində vəzifədən azad olunmaq, uzaqlaşdırılmaq hələ “yıxılmaq”, “son” demək deyil. Çünki ömür davam edir, yaşayırsan. Yaşayırsansa demək, varsan, tükənməmisən…

Bəli, noyabrın 24-ü hamımızın adını ehtiramla çəkdiyimiz, məşhur diktor Aydın Qaradağlının yadigarı- Vüqar bəyin növbəti ad günüdür. Onu bu münasibətlə təbrik edir, möhkəm cansağlığı, firəvan həyat arzulayıram.
Yeni yaşı mübarək!

Hörmətlə: Elman Eldaroğlu

Elman Eldaroğlu təbrik edir

ZAUR USTACIN YAZILARI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Elman Eldaroğlu təbrik edir

“Modern. az-ı” ölkəyə tanıtdıran ADAM…

Cəbrayıl rayonunun Böyük Mərcanlı kəndində doğulub, boya-başa çatıb. Hərbi xidməti başa vurandan sonra Bakı Sosial İdarəetmə və Politologiya İnstitutunun idarəetmə fakültəsini bitirib. Jurnalistlik fəaliyyətinə 1998-ci ildə “Elita” qəzetində başlayıb. 2000-ci ildən sonra “Bu gün”, “Yeni yüzil”, “Xalq Cəbhəsi”, “Cümhuriyyət”, “Üç nöqtə”, “Xəzər” qəzetlərində çalışıb. 2009-ci ildən Modern.az saytının redaktorudur…

Deyir ki:- “Ötən əsrin 90-cı illərin ortalarında Azərbaycanda yeni müstəqil media orqanları yaranırdı. Mənim də yazı-pozuya həvəsim vardı. Əksər tələbələr kimi maddi sıxıntılarım olsa da, hər gün qəzet oxumadan keçinə bilmirdim. Oxuduğum Politologiya İnstitutunun tələbələri arasında o zaman ictimai-siyasi proseslərdə aktiv iştirak edənlər, mətbuat sahəsində çalışanlar çox idi. Mütamadi qəzet oxucusu kimi, mən də tələbə yoldaşlarımın vasitəsilə məqalələrimi ara-sıra mətbuat orqanlarında dərc etdirirdim.”

Tələbəlik illəri çətin olur. O da təhsil almaqla yanaşı müxtəlif işlərdə çalışıb. Hətta tələbə olarkən müəllimliyə də işə düzəlib və bir il ərzində orta məktəbdə, sonra da internatda dərs deyib. Yaxşı müəllim kimi etimad qazansa da, görüb ki, müəllimlik onluq deyil, dərs deməyə hövsələsi çatmır və mətbuata üz tutub…

“O zaman institutumuzdan mediaya bir axın var idi. Mən də qəzetlərdə iş axtaranda dostlardan biri çalışdığı “Elita” qəzetinə dəvət etdi. Onda həftəlik “Elita” ictimai-siyasi qəzet kimi az-çox tanınırdı. Başladım orada sosial yazar olaraq çalışmağa. Sonralar müxtəlif səbəblərdən bir neçə dəfə iş yerimi dəyişdim. Beləcə artıq 26 ildir bu sahədəyəm. Arada ixtisasıma uyğun başqa işlər də çıxdı, amma nədənsə jurnalistikada ilişib qaldım…”- söyləyir.

Çox keçmir ki, bu işə olan sevgisi onu mükəmməl media işçisinə çevirir. Tezliklə ölkədə tanınan sayt rəhbərlərindən biri olur…

Deyir ki:- “Çətinliklər həmişə, hər yerdə olur. Onlayn saytın işi elədir ki, daim gərgin rejimdə çalışmalı olursan, o da ki ola redaktorun işi. Oxucu xəbər, müsahibə, reportaj gözləyir. Bunu təmin etmək lazımdır. Modern.az “copy paste jurnalistikası” ilə məşğul deyil. Biz informasiya istehsal edirik, çalışırıq ki, oxucuya, hamının verdiyi gündəm xəbərləri ilə yanaşı, ondan da çox özəl materiallar təqdim edək. Bütün günü arı kimi işləməlisən. Modern.az fəaliyyətə başlayanda burada əsas iş mənim üzərimdə qurulmuşdu. Məndən mövzuların seçimi, materialları redaktə etmək, korrekturasına fikir vermək, sayta yerləşdirmək, şəkilləri yükləmək, eyni zamanda bunlarla yanaşı, həm də arada vaxt edib yazı yazmaq, operativliyi gözləmək, gündəmi əhatə etmək tələb olunurdu. İlk vaxtlar eyni vaxtda bir neçə işi yerinə yetirmək, sözsüz ki, zor idi. Amma saytı populyarlaşdırmaq üçün yığcam kollektivlə bu çətinliklərə dözməli olduq. Bu gərginlik indi də qalır. 2009-cu ilin sentyabrından Modern.az fəaliyyətə başlayıb, o vaxtdan indiyədək vaxt tapıb iki gün dalbadal dincələ bilməmişəm. Hətta bayramlarda da əməkdaşlarımız istirahətə gedəndə saytın işinə əsas cavabdeh kimi, mən həmin vaxtlarda, eyni zamanda bazar günlərində də işləməli oluram. Əvvəllər çalışdığım redaksiyalarda da bilirlər, xarakterim elədir ki, nə vaxtsa “xaltura” etməyə çalışmıram, işə məsuliyyətlə yanaşıram.”

Mehriban adamdır. Rəhbərlik etdiyi kollektivdə böyük hörmət qaznıb. Müəlliflərlə ünsiyyətdə çox ciddidir…

“Xeyli kənar müəllif saytımızla əməkdaşlıq edir, onların arasında jurnalistlər də var, mətbuatdan uzaq olan şəxslər də. Məsələn, deputatlar, QHT sədrləri də bəzən bizdə yazılar yazırlar. Əlbəttə, hamı qonorar üçün yazmır. Onlarla dil tapmaq vacibdir. Amma mənim işim həmin müəlliflərin yazılarına baxmaqdan, yeri gələndə redaktə etməkdən ibarətdir. İmza bolluğu var ki, bəzən müəllifin yazılarından imtina etməli oluruq. Məsələn, müxtəlif siyasi baxışlara malik kənar müəlliflər bəzən elə yazılar göndərib, saytda verilməsini xahiş edirlər ki, baxırsan onun məqaləsində ya hansısa iqtidar, ya da müxalifət funksioneri ilə bağlı təhqir elementləri var. Belə yazılar, jurnalistlərdən də, deputatlardan da, deputat köməkçilərindən də, QHT sədrlərindən də daxil olub. Amma biz onları ya redaktə etmişik, ya da verməmişik.”- söyləyir.

İşin çoxluğundan, vaxtın azlığından xeyli zamandır ki, müəllifi olduğu yazılar saytda görünmür. Niyə arada sən də köşə yazıları yazmırsan ki, imzan itib-batmasın- deyə ona irad tutanlar da olur…

Deyir ki:- “İnternet mediasında redaktor olmaq dayanmadan o qədər işləmək deməkdir ki… Ən müxtəlif mövzularda, müxtəlif üslublarda yazılmış məqalələri, bəzən də qarmaqarışıq xəbərləri redaktə etmək, press-relizləri “-mışdır; – müşdür” sonluqlarından təmizləmək, gündəmdən geri qalmamaq üçün digər elektron KİV-ləri izləmək yaradıcılığa mane olan şiddətli yorğunluq gətirir. Bir sözlə, çalışırıq ki, oxuculara xəbər, reportaj, araşdırma, müsahibə və digər janrlarda materiallar təqdim edək, gündəmi əhatə edək. Kənardan elə cəlbedici informasiyalar daxil olur ki, amma onları mötəbərliyinə inandığımız mənbəylə dəqiqləşdirmədən dərhal yazıb sayta yerləşdirmirik ki, bizi də mötəbər mənbə hesab edənləri xəyal qırıqlığına uğratmayaq.”

Bəli, Modern. az saytı bu gün ölkənin ən aparıcı media layihələrindən, lider saytlardan biridir. Və bu liderliyi Modern az-a haqqında söhbət açdığım Əfan Qafarlı gətirib,onu ölkəyə tanıtdırıb…

Bu günlərdə Əfqan Qafarlının növbəti ad günü olacaq. Onu bu münasibətlə təbrik edir, möhkəm can sağlığı arzulayıram.
Çox yaşasın!

Əfqan Qafarlının yazıları

Hörmətlə: Elman Eldaroğlu

Elman Eldaroğlu təbrik edir

ZAUR USTACIN YAZILARI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Mir Şahin Ağayev- 61

Mir Şahin Ağayev- 61

Bəli, əvvəl yaranırıq, sonra xatirəyə çevrilirik, daha sonra isə unuduluruq. Bəs onda biz kimik?..

Mir Şahin Ağayev deyəndə, nədənsə yadıma ilk düşən bu kəlmələr olur: Biz qəhrəmanlarımızı dar ağacında görməyə öyrəşmişik…

Nə yaxşı ki, Mir Şahin Ağayev özünü “dar ağacından” xilas edə bildi. Yaşayır, var və əski təhlükələrdən çox uzaqdır…

Mir Şahin Ağayev təkcə ölkənin böyük jurnalisti, peşəsinin AKADEMİYASI deyil, həm də gözəl şairdir. Haqqında söhbətimi nə vaxtsa qələmə aldığı bir şeirlə yekunlaşdırıb, onu astanasında dayandığı 61 yaşı münasibətilə təbrik edirəm!

“Yerləşmə

(Anti təlqin)

Gəldim çatdım…
Yerləşirəm, narahat olma!
Düzdü, bir az darısqaldır
Bir az soyuqdu
Amma burda bundan geniş,
bundan işıqlı, bundan isti
Bundan rahat otaq da yoxdu!

Burda təkəm, uzanmışam, dincəlir canım
Qarışqalar yem axtarır bəbəklərimdə…
Yatıb nəbzim, durub qəlbim, dincəlir qanım.
Səsi gəlmir vəd olunan mələklərin də
Hanı bunun odu, suyu, alma bağları?!

Uşaqların ruhlarından doğulan quşlar?!
Bir az qumdu, bir az torpaq buranın varı,
Bir də başım üstündəki laybalay daşlar…

Niyə belə qəfil düşdü yağış mövsümü?
Qorunmağa balaca bir çətir də yoxdu
Bu nə idi, çürüyürəm, yoxsa leş kimi?
Tərs kimi də üstümdə heç ətir də yoxdu…

Belə qonaq evi olar?
Bəsdi sən Allah!
Gör qar basınca otağımın damı sökülür…
Həşəratlar dabanımı qıdıqladıqca,
Gülmək tutur,
Uğunmaqdan ətim tökülür…

Bədənimi tükmü basıb?
Bəs niyə yaşıl?
Bərbər əli gəzən yerdə quzu dişləri
Suvarırlar, becərirlər sonra yeyirlər
Buranın da varmış demə əcəb işləri?

Hə beləcə yer üzündən uzaqlaşıram,
Bir az otda, bir az suda donuram yenə,
Yavaş-yavaş əriyirəm, torpaqlaşıram,
Yerləşirəm asta-asta dönürəm yerə.”

Hörmətlə: Elman Eldaroğlu

Elman Eldaroğlu təbrik edir

ZAUR USTACIN YAZILARI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru