Etiket arxivi: ƏNVƏR RZA

ƏNVƏR RZA (1939-1987)

ƏNVƏR RZA

Rzayev Ənvər İsmayıl oğlu (Ənvər Rza; 3 mart 1939, Aşağı Ayrım, Kəlbəcər rayonu – 8 iyun 1987, Moskva) — Azərbaycan şairi, tərcüməçi, 1985-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, filologiya elmləri namizədi (1969), dosent (1983).

NƏ YAXŞI GÖRÜŞDÜK, NƏ YAXŞI YENƏ

Kəndin hər nemətdən yenə var payı –
Qayanın kəkotu, dağın qar payı…
Uzanıb yatdığım çəmən çarpayı,
Nə yaxşı görüşdük, nə yaxşı yenə!

Xəyalım buludtək burdan ötəndir,
Soruş: “Saçındaki bu dən nədəndir?”
Yanmayıb qəlbimi yandıran təndir,
Nə yaxşı görüşdük, nə yaxşı yenə!

Hər yan cənnət olar, qəşəng baxsalar,
Bağban can yandırsa, qəşəng bağ salar.
Ay qəşəng həyətlər, qəşəng baxçalar,
Nə yaxşı görüşdük, nə yaxşı yenə!

Bu da “yehərləyib” mindiyim boz daş…
Kövrəlmə, ürəyim, tab gətir, tablaş.
Ömrümün ləzzəti a köhnə dam-daş,
Nə yaxşı görüşdük, nə yaxşı yenə!

Vurğundur bu yala, yamaca Ənvər;
Meyl edər yarpıza, umaca Ənvər!
Ay quzu otaran balaca Ənvər,
Nə yaxşı görüşdük, nə yaxşı yenə!

GƏLMIŞƏM

Dağlar elsiz, çöl tütəksiz, çəmən lal,
Mən bu dərdi oxlamağa gəlmişəm.
Yaza nə var, yaylaqların payızda,
Vəfasını yoxlamağa gəlmişəm.

Susuz yurdum, tək məcmahı, tək simim,
Şair kimi sözlə hörüb köksünü.
Gözlə çəkib bu dağların əksini,
Ürəyimdə saxlamağa gəlmişəm.

Göy təpələr sarı örpək bürünür,
Duman, çiskin ayağına sürünür.
Ata yurdu, qardaş yeri görünür,
Bir doyunca ağlamağa gəlmişəm.

Naxış olub biçinçinin hər vəri,
Qızıl payız ilhamımın sərvəri.
Xəzan vaxtı bahar bilin Ənvəri,
Dağ çayıyam, çağlamağa gəlmişəm.

BIR BAX
(təcnis)

Tez ol, şan-şan eylə ox, nəştər ilə
Bəlkə yatan bəxtim oyana, bir bax.
Həsrət məqamında ox! Nəştər ilə
Deşib ürəyimi oyana bir bax!

Təbib davasıyla yaramı gözlər.
Süzülüb dikildi yaramı gözlər?
Min yol təzələsə yaramı gözlər,
Demərəm: Ay zalım, oyana bir bax.

Ənvəri eyləmə hədəf düşmənə,
Gen gəzib gözümdən, uzaq düş mənə.
Dönsəm ilqarımdan asi düş mənə
Deyim dərdli-dərdli: oy, ona bir bax.

GÖRÜŞDÜK, XƏYALMI BU?

Qoşun çəkər həsrətin
Ürəyimin başıyla.
Getdi, vüsal baharım,
Qaldım hicran qışıyla.

Ötüb keçdin köç kimi,
Yıxdın könül köşkümü.
Zalım qızı, eşqimi
Ölçdün üzük qaşıyla.

Güləndə də ağladım,
Qəmlə ülfət bağladım.
Küsdüm, küsü saxladım
Sizin bağın quşuyla.

Yazıldı qəlbə dağın
Min dərdi qəlbi dağın.
Bilmirdim, qəlb otağın
Hörülübmüş daşıyla.

Görüşdük, xəyalmı bu?
Yoxsa şirin bir yuxu?
Gözünün yaşını yu,
Yu, gözümün yaşıyla.

Müəllif: ƏNVƏR RZA

ƏNVƏR RZANIN DIGƏR YAZILARI

Daha çox məlumat burada

ZAUR USTACIN YAZILARI

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I