Hər bir işdə mənə naşı dedilər, Niyə çıxmır gözün yaşı dedilər, Dərdlərini dağa daşı dedilər, Gecələri dərd daşıdım arandan. * * * Hər addımda mənə tələ qurdular, Yol dəyişdim məndən öndə durdular, Harda gəldi , necə gəldi vurdular, Mədəd umdum hər başımı yarandan. * * * Bilmədilər bu dünyadan keçmişəm, Kəfənimi öz əlimlə biçmişəm, Mən ruhumla haqq dərgaha köçmüşəm, Yapışmışam O Tanrıdan , Qurandan. * * * Köçüb getdim şaman kimi , qam kimi, Laməkanı dolaşıram qan kimi, Bu dünyada qaldım cəsəd , can kimi, Göy üzünə əbədilik varandan. Müəllif: Sərvər Məsum
Qurban olum, ayrılmayaq belə biz… (4+4+3 bölgüsü ilə) Gəl səninlə dönək ötən anlara, Eşqimizi bəyan edək elə biz. Açıq gözlə bir qovuşaq danlara, Birgə coşaq, bənzər olaq selə biz… * * * Seyr edərdik gül-çiçəkli dağları, Cüt gəzərdik bağçaları, bağları. O mənalı, o duyğulu çağları, Axı nədən gətirməyək dilə biz… * * * Çılğın sevgi hiss edirəm sözündə, Gözüm qalıb o can alan gözündə. İnsaflı ol, bir yada sal özün də, O günləri necə verək yelə biz?.. * * * Heç sormadın, bu Əjdərin dərdi nə, Paxıllarım yollarıma sərdi nə?.. Razı olma, xeyir susa, şər dinə, Qurban olum, ayrılmayaq belə biz… 13.03.2021. Müəllif: Əjdər Əlizadə
Söz halallıqdır. Söz dəyərdir… Söz hikmətdir… Bu gün ilahidən gələn hikmətin – Sözünün halallığını ən uca dəyər kimi qoruya bilən və öz şəxsində dəyər anlayışını bütövləşdirən Seyran Səxavət müdriklik nərdivanının 75-ci məqamından yaşadıqlarına nəzər salır. Zirvədən yaşananlara boylananda geridə işıqlı bir cığır açmağı, şərəfli bir yol salmağı adamın bərqərar olduğu məqamı bir az da ucaldır. Düşünürsən ki, bütün maddi yoxluqlara, mənəvi əngəllərə rəğmən alın açıqlığı ilə bu uzunluqda yol qət eləyə bilmişəmsə, demək ki, yaşamağa dəyər… Və bu gün o yolun enişini, yoxuşunu, çalasını, çökəyini, cəfasını, səfasını xatırlayanda vicdanın başının altındakı qu tükündən balış kimi Səni dinləndirir, ruhuna rahatlıq gətirirsə, demək ki, yaşananlara da dəyər.
Bu dünyaya gələn hər bir insan qismətinə düşən ömür payını yaşayır, yaradır, yaşlanır. Amma yaşa dolduqca kamilləşmək, müdrikləşmək hər kəsə nəsib olmur… Kamillik, müdriklik özü bir Tanrı vergisidir ki, Tanrı onu sevdiyi, seçdiyi bəndələrinə ərməğan edər, öz ilahi nurundan ona pay verər. Seyran Səxavət məhz belə insanlardandır. Üzünün nuru sözlərinə tökülən, bütün yaxşılıqlara körpü salan, xalqının – millətinin, məmləkətinin Haqq səsi olan, şərəfli ömrünü fədakarlıqla cəmiyyətinin maariflənməsinə həsr edən vətəndaş ziyalı…
Qələminin yazdığı hər bir əsər də elə bu böyük İnsanın özü kimi mənəvi işığa körpü olmaq üçün hesablanıb sanki…
Təəssüflər olsun ki, “biz indi diş məcunundan tutmuş qəbir daşına kimi hər şeyin reklam olunduğu bir zəmanədə yaşayırıq. Ona görə də bu mexanikiləşmiş, robotlaşmış bir dövrdə” ümumiyyətlə, dəyər anlayışını – mənəviyyatı, sevgini, saflığı, əxlaqı, vicdanı, doğrunu, istedadı, bütün korşalmış, aşınmış hissləri, duyğuları və s. təbliğ etmək lazımdı. O hissləri, həqiqətən də, təbliğ eləməyin vaxtıdı. Yoxsa, bir də görəcəyik ki, hamısını tamamən unutmuşuq.
Seyran Səxavət unutduğumuz bütün dəyərlərimizi, tariximizi, milli kimliyimizi, keçmişimizi əsərləri vasitəsilə oxuculara çatdıran maarifpərvər bir yazıçıdır. Ədibin həm “Nekroloq”, “Yəhudi əlifbası”, “Daş evlər”, “Qaçhaqaç” “Palıd toxumu” kimi irihəcmli romanları, həm də “Qızıl teşt”, “Sanatoriya”, “Ocaq daşı”, “Bir stəkan hava”, “Gözü işığa düşmüş adam”, “Dar köynək”, “Qapıların o üzündə qalan dünya”, “Ağrı” və s. kimi povestləri, eləcə də “İt intervüsü”, insanın ruhən paklaşması, mənəvi-əxlaqi cəhətdən kamilləşməsinə həsr olunmuş ümumbəşəri problemləri özündə əks etdirir.
Seyran Səxavətin qələminin orijinallığı həm də ondadır ki, o əsərlərində qoyduğu özünüdərk problemini, əxlaqi dəyər anlayışını təkcə insan cəmiyyətinin – insan həqiqətlərinin fonunda deyil, o cümlədən, heyvan əxlaqı ilə müqayisədə təsvir edir.
Hələ XIX əsrdə fransız yazıçısı Balzak özünün məşhur “Bəşəri komediyası”nın giriş sözündə yazırdı ki, bu əsərin ideyası insanlarla heyvanların müqayisəsindən yaranıb. O deyirdi ki, cəmiyyət də təbiət kimi rəngarəngdi. Soldatın, fəhlənin, alimin, dənizçinin, dilənçinin, şairin, keşişin biri-birindən fərqi şirin, canavarın, qarğanın, köpək balığının, maralın bir-biriylə fərqindən heç də az deyil. Amma Balzakın dediyi kimi, heyvanlar aləmindəki müxtəlifliyə təbiət müəyyən sərhədlər qoysa da, cəmiyyət insanlar üçün o sərhədləri qoruyub saxlaya bilmir.
Quranı, İncili, Tövratı, dövlət konstitusiyasını, cinayət məcəlləsini əzbər bilən Adəm övladı cəmiyyətin insan üçün müəyyənləşdirdiyi davranış qaydalarına qətiyyən riayət etmir. İnsanlardan fərqli olaraq heyvanların nə öz konstitusiyası, nə də cinayət məcəlləsi var. Cəmiyyətin yazılmış qanunlarına insanlar riayət eləməsə də, təbiətin yazılmamış qanunlarına bütün heyvanlar riayət eləyir.
Robert Hayndın “Heyvanların davranışı” əsərində bütün faunanın – qarışqasından filinəcən, istisnasız olaraq heyvanların hamısının davranış qaydaları – hansı situasiyada necə hərəkət etdiyi təsvir olunur. Yəni, bu kitabı oxuyan adam hər hansı bir heyvanla, məsələn, fillə qarşılaşsa, xortumunun və qulaqlarının hərəkətindən onun qorxduğunu və ya qəzəbləndiyini hiss edə bilər. Çünki təbiətin heyvanlara qoyduğu qaydaları heç bir heyvan dəyişməyə cəhd etmir, otyeyən heyvan heç vaxt ət yemir və s. Amma gəlin diqqətimizi insanlara yönəldək: dünən topluma özünü quzu kimi sırıyan adam bu gün canavara dönüb onların qanını içir, sabah dovşan kimi qaçıb aradan çıxır.
İnsan cəmiyyəti ilə heyvanlar aləmi arasındakı müqayisəyə gəlməz dərəcədə böyük olan bu kimi uçurumları Seyran Səxavətin əsərlərindəki zoomorfik obrazların timsalında müşahidə etmək mümkündür. Bu baxımdan yazıçının “İt intervüsü” hekayəsi sözün həqiqi mənasında fəlsəfi pritça təsiri bağışlayır. “İt intervüsü” hekayəsi bütövlükdə Azərbaycan nəsrində yeni və cəsarətli bədii fikrə qoyulmuş söz abidəsidir. Əsərdə “it dilini bilən” jurnalistlə it arasında gedən davamlı dialoqlarda “it həqiqəti” ilə “adam həqiqəti” arasındakı münasibətlər bütün çılpaqlığı ilə ortaya qoyulur. Və itin verdiyi cavablar insanın indiki durumunu, hardan hara gəldiyini, mənfi vərdişlərini, insan cəmiyyətinin faciə qarşısında dayandığını yumoristik dillə gözlərimiz önündə canlandırır. Müxbirin “Adamlara münasibətiniz” sualına itin verdiyi cavablar oxucunu həm güldürür, həm də düşündürür. İt “Adamlar qudurub” – deyə cavab verir.
Axı qudurmaq it peşəsidir. İt qudurar, adam yox.
Qudurmuş adam qudurmuş itdən min dəfə quduz olur. Biz itlər tək-tük qudururuq. Siz isə… bir də gördün bir ölkənin adamları qudurdu, cumdu o biri ölkənin üstünə. Siz bizi də aldatmısınız. Biz canavar nəslindənik. Qabağımıza sür-sümük atdınız, öyrəşdirdiniz özünüzə. Sonra da yiyə durmadınız, saldınız bizi çöllərə. Yal verdiniz. Biz də başladıq yala hürməyə. Yala hürə-hürə qurd oğlu qurd dönüb oldu it oğlu it”.
Bu cavab tərs şillə kimi adamın üzünə dəyir. Bəxtiyar Vahabzadə Seyran Səxavətin bu hekayəsi ilə bağlı təəssüratlarını “Ədəbiyyat” qəzetində “Oxudum, heyran oldum” başlıqlı məqaləsində belə ifadə edir: “Axı it düzünü deyir: itin əcdadı, doğrudan da, qurd idi. Bəs necə oldu ki, it öz qurd babasını inkar edib itə döndü? Bəli, insanlar qurdu yala öyrədib onun qurdluğunu, mərdliyini əlindən aldı. Düşündükcə adamı dəhşət götürür. Və bu sətirlərin arxasında çox məchullar məluma dönür. İkinci tərəfdən insanın quduzu itin quduzundan daha qorxulu deyilmi? Bir itin qudurması o qədər dəhşətli deyil, vay o günə ki, bütöv bir millət qudurub başqa bir millətin dədə-baba torpaqlarına sahib çıxa”.
Sonrakı səhifələrdə it insana xas olan eybəcər sifətləri – yaltaqlığı, oğurluğu, tamahkarlığı çox kəskin və ibrətamiz faktlarla lənətləyir. İt sözünə davam edir:
– Burun iy bilmək üçündür, qulaq eşitmək üçün. Ayaqlar təhlükədən qaçmaq üçündür. Bəs quyruq nə üçündür? –sualına özü cavab verir.
– Quyruq da bulamaq üçündür. Mən itəm quyruğumu bulayıram, ay adam, sənin ki, quyruğun yoxdur. Sən niyə olmayan quyruğunu bulayırsan?.
“İtin həqiqətində” adamın ikili xislətinin, daha doğrusu, onun insana çevrilməsini əngəlləyən dağıdıcı təbiətin naqislikləri açıqlanır. İtin açıqlamasında qrotesk səviyyəsinə qaldırılmış bir acı və yandırıcı sarkazm duyulmaqdadır: “İndiki itlər oğurluq eləmir ee, sümsünür. İndi özün de, hansı görkəmli oğrudu, – it yoxsa adam? Canavar hər şeyi təbiətdən öyrənir, it isə adamdan… Əgər itlər adamların tökdüyünün hamısını götürsəydi, -adamxasiyyət, adamxislət olsaydılar, dünya çoxdan dağılmışdı. İt olduğuma görə demirəm, bu mənim it həqiqətimdi”.
Yazıçının quyruq məsələsinə münasibəti də ibrətamiz və düşündürücüdür. İtin öz sahibi qarşısında quyruq bulaması bu həssas və kövrək məxluqun instiktiv vərdişlərindəndir. “Mən itəm, quyruğum var, bulayıram, sənin ki, quyruğun yoxdur, sən niyə olmayan quyruğunu bulayırsan, həə, ay adam? Quyruq bulayan it də, yaltaq adam da eyni şeydi, ikisi də nəfsinin quludu. Nəfs itin ancaq quyruğunu tərpədirsə, adam çönüb olur bütöv bir quyruq, yəni adam şəklindən çıxır” – deməklə it adamlıqdan çıxmağın ağır mənəvi fəsadlarını dilə gətirmiş olur.
Əsər boyu yazıçının üslubunda diqqəti cəlb edən lakonizm fikri ifadə etmək üçün istifadə etdiyi boyaların rəngarəngliyi, fikir zənginliyi, sözlərin assosiativ məna çalarlarının bolluğu “İt intervüsü” hekayəsini, ümumiyyətlə, bədii nəsrin çox böyük uğurlarından biri kimi qiymətləndirməyə əsas verir.
Mərhum professor Mürşüd Məmmədli yazırdı ki: “Əgər bu əsər P.Koelyo, X.Borxes və yaxud dünya ədəbiyyatının digər nümayəndələrindən biri tərəfindən yazılsaydı, gerçəkliyə postmodernist baxışın tərəfdarları onu çoxdan bütün dövrlərin unikal bədii şedevrlərindən biri hesab edərdilər”.
Seyran Səxavət sosial-psixoloji təhlilin dərinliyi, bədii psixoloji məqam və momentlərə xüsusi diqqət yetirməsi ilə öz oxucu auditoriyasını daim genişləndirməkdə və zənginləşdirməkdədir. Sənət əsərinin psixoloji və bədii əhəmiyyətinin vacibliyini dərk edən müəllif əsərlərində dərin psixologizmə, psixoloji təhlilə böyük əhəmiyyət və yer verir.
Çox təssüflər olsun ki, Mirzə Fətəli Axundzadənin, Mirzə Ələkbər Sabirin, Cəlil Məmmədquluzadənin, Hüseyn Cavidin, Cəfər Cabbarlının, İsmayıl Şıxlının, İsa Muğannanın, Yusif Səmədoğlunun, Vaqif Sultanlının, eləcə də Seyran Səxavətin insanın özünüdərki, milli-mənəvi yaddaş məsələsi, cəmiyyətdə özgələşmə, yadlaşma, şəxsiyyətin deformasiyası problemi və s. mövzularda əsərlər yazmasından illər keçməsinə baxmayaraq cəmiyyət hələ də irəliyə, inkişafa doğru heç bir addım atmamış, mövcud sosial-siyasi problemlər öz aktuallığını qoruyub-saxlamış, hələ də öz həllini tapmamışdır. Toplumun içində yaltaqlığın lirikası olan yalan və qorxaqlıq, zülm və ədalətsizlik hökm sürməkdədir. Əsarətdə olan insanların getdikcə yaddaşsızlaşdığını, yaddaşsızlaşan insanın manqurtlaşmaq təhlükəsi gözlədiyini, manqurtlaşan insanın isə tamamən Vətən, millət və mənəviyyat duyğusundan uzaqlaşdığını, milli düşüncəsi olmayan millətin isə ölü millət olduğunu vurğulayan yazıçılar əsərləri vasitəsilə insanları özünüdərkə çağırır.
Katarsis nəzəriyyəsini Aristotel antik faciələrin təsiri ilə tamaşaçıların ruhən təmizlənməsi prosesi kimi səciyyələndirmişdir. Daha geniş mənada, katarsis real həyatda istər ayrı – ayrı insanların, istərsə də cəmiyyətin milli əzablardan, sarsıntılardan keçib öz günahlarını – tarixi səhvlərini dərk edib ruhən saflaşması, təmizlənməsi, durulması prosesidir. Əslində, hər bir şəxsin mənəvi yüksəlişində və ya milli intibahın kökündə bir katarsis vardır. Böyük elmi kəşflər, böyük sənət əsərləri, əslində, katarsisin məhsulu olan böyük ehtirasların təzahürləridir. Hər hansı bir şəxs və ya millət əzablı yollar keçib səbəb və nəticələri dərindən dərk etmirsə, günahları və səhvləri səmimi etiraf etmirsə, o, katarsisə yetişmir və nəticədə yeni – yeni sarsıntılara məruz qalır.
Ədəbiyyat, vicdanlı yazıçı, şair cəmiyyətə sadəcə olaraq xəbərdarlıq etməyi və düzgün olan yolu göstərməyi bacarır. Əgər ziyalıların, yazıçıların həyəcan siqnalı eşidilmirsə, yaxud eşidilib etinasızcasına qulaqardına vurulursa, bu artıq yazıçının yox, cəmiyyətin günahıdır.
Biz ayna bizi çirkin göstərəndə özümüzü – eyiblərimizi düzəltmək əvəzinə aynaları sındıran adamlarıq, Ustad!…
Bizi məzur qıl…
Bir gün nə zamansa Səni anlayacağıq, mütləq anlayacağıq… Sən yaz… Yaz ki, yolumuzu itirəndə korafəhim səndələməyək, gözümüzə işıq gəlsin… Qələmin yolumuza çıraq olsun!
Sən Özün Sözün böyüklükdə Dəyərsən, Ustad!
Dediklərin Söz bizə əmanətdir – Tanrının əmanəti…
Yaxşı ki, Varsan, Ustad! Yüz yaşa! Var ol!
Bütün qəlbimlə inanıram ki, Səni dinləyəndə – anlayanda Biz təmizlənəcəyik…
Xəstə təfəkkürləri ciddi ədəbiyyatın sağalda biləcəyini anlaya bilsək, Biz təmizlənəcəyik…
“İt həqiqətləri” ilə “adam həqiqətləri” arasındakı sərhəddi aşa bilsək, Biz təmizlənəcəyik…
Biz o müqəddəs yola – Aydınlığa, aydınlanmağa doğru gedirik.
Biz Səni anlayanda, Səndən keçib durulanda Həqiqətə çatacağıq, Ustad! Yolumuz Aydınlanacaq…
Yolumuzun başında Sən varsan, Səndən keçib durulacağıq, Ustad!
Bu gün Nargis xanımın ad günüdür! Ad günü münasibəti ilə Nargis xanımı təbrik edir, uzun və sağlıqlı bir ömür, yeni-yeni yaradıcılıq uğurları arzu edirik! Uğurlarınız bol olsun!!!
QISA ARAYIŞ:
İsmayılova (Nargis) Nərgiz Rəfail qızı 1986-cı ildə mart ayının 12-də Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunun Əndəmic kəndində anadan olmuşdur.
1993-cü ildə Zaqatala rayonunda orta məktəbə, 1999-cu ildə Ordubad Türk liseyinə daxil olmuş və 2004-cü ildə həmin liseydən məzun olmuşdur.
2004-cü ildə Naxçıvan Dövlət Universitetində tələbə adı alaraq 2008-ci ildə həmin universitetin “Azərbaycan dili və ədəbiyyatı” ixtisası üzrə fərqlənmə diplomu ilə məzun olmuşdur.
2009-cu ildə Gəncə Dövlət Universitetinə daxil olaraq 2012-ci ildə həmin universitetin “Xarici ölkələr ədəbiyyatı” ixtisasını magistr pilləsi üzrə fərqlənmə diplomu ilə bitirmişdir.
Nargis Azərbaycan MEA-nın Naxçıvan Bölməsinin Ədəbiyyat və İncəsənət İnstitutu Ədəbiyyatşünaslıq Şöbəsində elmi işçi vəzifəsində çalışır. 2013-cü ildən isə həmin Bölmənin “Azərbaycan ədəbiyyatı” ixtisası üzrə dissertantıdır. “XIX-XX əsrlər Naxçıvan ədəbi mühitində Şərq və Qərb meyilləri” mövzusunda dissertasiya müdafiə edib? Filologiya üzrə fəlsəfə doktorudur. “Şərq qapısı” qəzetində müxbir kimi fəaliyyət göstərir.
“Ədəbiyyat” qəzetinin köşə yazarıdır.
28 elmi, 200-dən çox qəzet məqaləsinin müəllifidir. Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. Azərbaycan Prezidenti mükafatçısıdır. 2017-ci ildə Azərbaycan Yazıçılar Birliyinin və “Ədəbiyyat qəzetinin” birgə təsis etdiyi Əli bəy Hüseynzadə mükafatı”na və Naxçıvan Muxtar Respublikasında “İlin yazıçısı”, “İlin jurnalisti” ünvanına layiq görülüb.
Nargis istər orta məktəb, istərsə də liseydə təhsil aldığı illərdə qələm hər zaman olunla olmuş duyğularını daima şerlər, denemələr, pritçalar, hekayələr halında ifadə etmişdir. Bu bağlılıq onu Naxçıvan Dövlət Universitetində ədəbiyyat üzrə ali təhsil Gəncə Dövlət Universitetində magistr təhsili almağa və Azərbaycan Elmlər Akademiyasının Naxçıvan Bölməsində ədəbiyyat üzrə elmi araşdırmalara qədər aparmışdır.
Nargisin son dövrlər yazdığı bir çox hekayələrdən ibarət “İçimdəki Merilin” kitabı 2015-cü ildə Bakı şəhərində “Qanun” nəşriyyatı tərəfindən nəşr olunmuş eyni zamanda Türkiyəli yazıçı Kahraman Tazeoğlunun “Seni içimden terk ediyorum” şeirlər və “Bukre” roman kitablarını şair Elxan Yurdoğlu ilə birlikdə Azərbaycan türkçəsinə tərcümə edilmişdir. 2015-ci ildə “İçimdeki Marilyn” Minval yayınları tərəfindən nəşr edilmişdir.
2016-cı ildə “Xan” nəşriyyatı tərəfindən “Qardələn” kitabı işıq üzü görmüşdür.
2016-cı ildə “Əcəmi” nəşriyyatı tərəfindən “ Müqəddəs məkan Naxçıvan” kitabı yayımlanıb.
2017-ci ildə “Xan” nəşriyyatı tərəfindən Çağdaş ədəbiyyat silsiləsindən “Beklenen Dolunay” romanı işıq üzü görüb.
2016-ci ildə filologiya üzrə fəlsəfə doktorluq dissertasiyasını müdafiə edib.
Zaur Ustac Nargis xanımı təbrik edir. 12.03.2020. AYB – Natəvan zalı. Bakı ş.Zaur Ustac Nargis xanıma “Ziyadar”ı təqdim edir. 12.03.2020. AYB – Natəvan zalı. Bakı ş.Nargis xanımZaur Ustac üçün “Metakədər” imzalayır. 12.03.2020. AYB – Natəvan zalı. Bakı ş.Rəşad Məcid “Metakədər”ə göz atarkən. 12.03.2020. AYB – Natəvan zalı. Bakı ş.
QEYD:
Fotolar düz bir il əvvəl, pandemiya ilə əlaqədar məhdulaşdırıcı tədbirlər nəzərdə tutulmamış 12.03.2020. AYB – Natəvan zalında (Bakı ş.) Nargis xanımın “Metakədər” adlı kitabınının təqdimatı zamanı şəkilib.
Bir daha Nargis xanımı təbrik edir, uzun və sağlıqlı bir ömür, yeni-yeni yaradıcılıq uğurları arzu edirik! Uğurlarınız bol olsun!!!
MƏBƏS BAYRAMINIZ MÜBARƏK Nələr etdi mənə dövran, nələr çəkdim, bilirsən ki. Bilirsən ki, daha yoxdur dözüm könlümdə hicranə. * * * Vüsalınla məni hicrin əzabından qutarmazsan, Qutarmazsan, odur daim dönər bağrım başı qanə. * * * Həmişə ehtiyat etmiş bəşər əhli gədalərdən, Gədalərdən xeyir gəlməz cahanda bircə insanə. * * * Bu dünya arifü dana üçün sanki cəhənnəmdir, Cəhənnəmdir o dünyada məkan, əlbəttə, nadanə. * * * Tapıb məbud Sənə bənzər müsəlmanlar inanmazlar, Inanmazlar da kafirlər bu gün ayati-Qur,anə. * * * Bizə göndərdiyin elçi, o ali şəxs Mühəmməddir, Mühəmməddir hidayət eyləyən əhli-müsəlmanə. * * * Tutub Həqqin yolun daim, Sona, Allahə şükr eylə, Şükür eylə bu dünyada verilmiş böylə imkanə.
Ölkəmizin ərazi bütövlüyü uğrunda rəşadətlə vuruşan, qanıyla Tarix yazan, adını tarixə çevirən 26 yaşlı Vətən müharibəsi qəhrəmanı şəhid Azər Nazim oğlu Yusiflinin yarımçıq ömrünün yarısını həsr etdiyi dillərə dastan olan sevgisinə Elegiya…
“Bir gün Süleyman peyğəmbər yol gedərkən belində torpaq daşıyan bir qarışqaya rast gəlir. Torpağı hara daşıdığını soruşur qarışqadan… Qarışqa cavab verir: mən birinin eşqinə tutulmuşam. O mənə deyir ki, əgər sevgində doğrusansa, onda bu təpənin torpağını qarşıdakı təpəyə daşı. Süleyman peyğəmbər gülür: Axı, sənin ömrün yetməz bir təpənin torpağını o birinə daşıyasan. Təpəni yerindən eləməyə bir qarışqa ömrü bəs eləməz. Qarışqa cavab verir: Bilirəm, ömrüm yetməz. Amma onu da bilirəm ki, ömrüm bir eşqin cəfasını çəkməkdə keçəcək.”
Nə qutsal bir eşq… Nə fədakar bir ömür, İlahi… Bütün ömrünü bir eşqin cəfasına həsr etmək… Bunun adı nə sevgi, nə də fədakarlıq deyil. Bu duyğuların adı yoxdu dilimizdə… Bir ömrün buna yetməyəcəyini bilə – bilə ağır olduğu qədər də müqəddəs yükü daşımaq… və sevgisinə, sevdiyinə ilahi sədaqət… İzaholunmaz bağlılıqdı… Mənim qəhrəmanlarım – Azərlə Songülün yaşadığı ilahi məhəbbət, bağlılıq kimi…
Azər… Yusifli Azər Nazim oğlu… Vətən Müharibəsi Qəhrəmanı…
Azər – ölkəmizin ərazi bütövlüyü uğrunda rəşadətlə vuruşan, son damla qanına kimi düşmən hücumuna mərdliklə sinə gərən, qanıyla tarix yazan, adını tarixə yazan, azad etdiyi 26 ərazidə şanlı Azərbaycan bayrağını ucaldan 26 yaşlı Cəsur Qəhrəman…
Azər – Songülün Qəhrəmanı… Ona həyatının bütün ilklərini yaşadan Böyük Sevginin Adı…
Azər – toy mağarı qurulmamış, xonçası bəzənməmiş, şaxı qalxmamış, xınası islanmamış, sevdalısı gözü yaşlı, arzuları yarı yolda, taleyi yarımçıq qalmış, Vətənin azadlığını bütün arzularından uca tutan, şəhadətiylə ürəklərdə Ucalan Qəhrəman…
Azər – yarımçıq ömrünün tən yarısını həsr etdiyi böyük sevgisini Vətən boyda ürəyində özüylə əbədiyyətə aparan Azadlıq sevdalı Şəhid…
Bu dünyaya gələn hər bir insanın son mənzili olur. İnsanların yaşamına, ömür yoluna nəzər saldıqca bəzən adama elə gəlir ki, sanki hamı bir-birinin yaşamını təkrarlayır… Amma Azər Yusifli gənc yaşında bənzərsiz bir ömür yaşadı və mən düşünürəm ki, onun ömrü bu məmləkətdə nəsil-nəsil insanlardan ötrü bir örnək, əvəzsiz bir nümunə olacaq – namus, qeyrət, şərəf, ləyaqət, kişilik, mərdlik və fədakarlıq nümunəsi…
Bu dünyada insanlar bir-birinə oxşadığı kimi talelər, sevgilər də bəzən bir – birinə bənzəyir. Amma Azərlə Songülün bağlılığı heç kimi təkrarlamayan bir bərabərlik, bir ilahi sevgiydi, ki, elə sonu da bənzərsiz oldu…
Nakam ömrü bənzərsiz olan Azərin taleyi, o böyük ürəyində daşıdığı ülvi sevgisi də bənzərsizliyi ilə ürəklərdə iz saldı, ürəklərə Azərin yoxluğu böyüklükdə dağ oldu… Nişanlısı – ömrün gənc çağında gül kimi açılmaq yerinə bənövşətək boynunu bükən Songül xanım Azərin yoxluğuna hələ də heç cür inana bilmir. Yazır ki: “Azər! Sən “istiqamət Zəngilan, istiqamət Zəngilan” – deyərək gülə – gülə getdiyin Zəngilanın mən adını belə çəkə bilmirəm. Bilmirəm ki, gedə bilərəmmi o torpaqlara nə vaxtsa? Nə üçün gedərəm… Bəlkə də bir ümid aparar – Səni taparam deyə… Son nəfəsini verdiyin yerdə qoxlayam torpağı, arayam, axtaram Səni gözüm qanlı yaşlarla…” Songül xanımın Azərli xatirələrini hönkürtüsüz dinləmək, yazdığı gündəliyini sakit tonla oxumaq olmur. Qəhər bir tikə yavan çörək kimi boğazımda düyünləyir, udquna bilmirəm.
Vətən savaşının bitdiyi, Ermənistan tərəfin kapitulyasiyaya – təslimolma aktına əyilməyə məcbur olduğu gün, müzəffər ordumuzun rəşadətlə, üzüağ, alnıaçıq qələbə çaldığı gün, Azərin – Azərlərin müqəddəs ruhunun rahatlıq tapdığı gün – 10 noyabr tarixdə Songül xanım Azərə yazır: “Bu gün Sənin qanınla yazdığın tarixdir, Azərim! Zəfərin mübarək! Sənin bəylik paltarın ucaltdığın bayrağın oldu… mənim borcum isə son nəfəsiməcən Sənin adına, sevginə – Sənin ucalığına layiq yaşamaq… Əgər bunun adı yaşamaqdırsa… Mən Sənin qəlbində getdim, Sən mənim qəlbimdə yaşayırsan. İndi ölən kimdi, yaşayan kimdi, Sevdiyim?! Əbədi həyatda qovuşacağıq, Azərim!”
Songülü dinlədikcə, gündəliyini oxuduqca bir daha ürəkdən inanıram ki, bu Vətənin bayrağını ucaldan Azər Yusifli kimi mərd, qeyrətli oğullardırsa, bu xalqın başını ucaldan İlhamın Fərizəsi, Mehdinin Mələyi, Azərin Songülü kimi qar kimi tərtəmiz, namuslu, ləyaqətli, şərəf mücəssəməsi olan, sevgisinə, Sevdiyinə son nəfəsinəcən sadiq qalan sədaqətli qızlarımızdır… Və bu xalqın hərb meydanında dünyaya meydan oxuyan Azərləri cəsarət, qeyrət məktəbidirsə, Songülləri əhdinə vəfa örnəyi, ülviyyət rəmzi, sədaqət simvoludur. Belə övladlar yetirən xalqı heç nə məğlub edə bilməz…
Nakam eşqi, ayrılığı, lap elə bədbəxtliyin özünü də ünvanladığın Eşqin – aşiqinin xatirinə əzizləyib oxşamaq, Dərdi Alın yazısı kimi sinəyə çəkməyi bacarmaq da bir cür böyüklükdü.
Mən Səni Sənin özün qədər duyuram, hiss edirəm, anlayıram, Songülüm… Heç kəsi nigaran qoymamaq üçün o məsum çöhrənə qondurduğun təbəssümün altındakı üzündə özünə “qum şırımı” kimi iz açan kədəri, gözlərində gizlətdiyin nisgili, başını hər qaldırıb işıqlı dünyaya baxanda göylərə bülənd olan ahını… hamısını duyuram.
Əzabdı bu dünya başdan, binadan,
Yalandı baharın çiçəyi, gülü.
Sənin məzarının üstə gəlirəm,
Ürəyi qubarlı, boynu bükülü.
Qaldıra bilmirəm kirpiklərimi,
Durub göy üzünə boylanım, baxım.
Bir zaman qartal tək uçardın orda,
İndi o səmaya ucalır ahım…
Mən Sənin təkcə Azərli xatirələrini, danışdıqlarını, gündəliyinə yazdıqlarını yox, yazmadıqlarını da “oxuyuram” – hiss edirəm… Və hərdən mənə elə gəlirdi ki, bu cümlələrin arxasında “Ürəyimin içində diş ağrısı kimisən, Azər” deyə pıçıldayırsan…
Gedənlər özləri ilə bərabər hər şeyimizi apardı, Songül! – ruhumuzu, üzümüzün gülüşünü, ağzımızın dadını… hər şeyimizi…
Ruhumuzu apardılar – hər şeyə dözən, səbir eliyən quruca canımız qaldı… Canımızı dişimizə tutub yaşamağı öyrəndik…
Üzümüzün gülüşünü apardılar – Guya ki güldük… yıxılmadığımızı, ayaqda olduğumuzu göstərmək üçün güldük… İçimiz ağlayırdı əslində…
Gözümüzün işığını apardılar – İşıqsız qaldıq. Qaranlıqda qoydular bizi, qaramatdan xilas olmağa səndələyə – səndələyə yol axtardıq…
Dilimizin sözünü apardılar – Bu boyda insan dənizinin içində ruhumuz tənhalaşdı, bir kəlmə kəsə bilmədik bir Allah bəndəsiylə…
Hənirtimizi apardılar – canımıza titrətmə düşdü. Ağrı içimizdə ocaq qaladı, yandıq, külümüz çıxdı. Amma o ocağın isinmədik istisinə, kor olduq tüstüsünə…
Ağzımızın dadını apardılar – bu dünyanın aşını, daşını, şəkərini, zəhərini yedik, şirinin – acının, heç nəyin fərqini, dadını bilmədik.
Biz səninlə hələ görüşməmişik. Səni görməmişəm, əllərinə toxunmamışam, Songül bacım! Amma o pak ruhunu, nisgilli ürəyinin içindəkiləri vərəq – vərəq oxumuşam. Və elə bir ilahi doğmalıq hiss etmişəm ki, görmədiyim gözlərindəki həsrəti, buz bağlamış əllərindəki həniri duymuşam. Elə məhrəm olmusan ki, içimə.
Bu dünyada tək canına bütöv bir sevgi yükünün altına çiyinlərini təslim etmək, bu yüklə sevməyi bacarmaq bütün varlığıyla, ruhuyla özünü fəda edə bilməkdi…
Bu dünyada təkbaşına Biz olmağı bacarmaq və o “Biz”i qorumaq – Tanrının ən müqəddəs yükünü çiyinlərinə almaq, Azəri ürəyində, ruhunda, sevgində yaşatmaq deməkdi…
Mən Sənin bu müqəddəsliyin, təmizliyin, paklığın, sədaqətin, nurlu üzün və böyük ürəyin qarşısında baş əyirəm,Songülüm!
Doğum günündü bu gün Sənin… Gündəliyində yazırsan ki, “Hər il 00:01-də aldığım təbriki bu il ala bilmədim. Mən Sənsiz qeyd etdiyim ad günlərimi xatırlamıram ki, Azər… Bu ad günün tam fərqli olacaq, – demişdin. Bu qədər fərqli olacağını düşünmürdüm. Şahdağa gedəcəyik, demişdin… Ordakı bütün qarlar, buzlar mənim ürəyimə doldu, sevdiyim… Telefon alacam sənə, demişdin… Telefon nəyimə lazım, mən bir ömür Sənin səsinə həsrət qaldım… Mən səndən sonra heç böyümədim… Mən də oktyabrın 21-də Səninlə getdim bu dünyadan, Sən cismən, mən isə ruhən yoxam bu həyatda… Səndən sonra nə yaşaya bildim, nə də ki ölə… Qaldığım arafın adını belə bilmirəm, Sevdiyim…” – Doğum günündə Sənin Azərə yazdığın bu cümlələr sətir-sətir iliklərimə qədər üşütdü ruhumu… Dünyam dağıldı… parça-parça oldum, Songülüm… Doğum günündə adamı təbrik etmək üçün nəsə arzular deyərlər… Mən ömrü boyu sözlə işləyən adam Sənə demək üçün bir kəlmə söz tapa bilmədim, Songülüm… Bütün günü bir yanıqlı nəğməm içimdə qovruldu:
Tutalım ki, mən aşığam…
Axı necə saz çalım…
Mizrab qırıq, tellər sınıq…
Barmaqlar qan içində…
Qarşınızda danışmağa sözlərimiz də acizdir… Bu gün bütün qəlbimlə anlayıram ki, şəhid olan təkcə bayrağa büküb torpağa əmanət etdiyimiz Azər deyil, o Azərin bizə əmanət etdiyi sevdalısı da şəhiddi… Şəhidlik məqamı təkcə Vətən yolunda canından keçmək deyil… Şəhidlik həm də torpağa əmanət etdiyin yarınla bərabər, xoşbəxtliyini, arzularını, bütün işıqlı gələcəyini Vətənin qaranlıqdan xilas olması üçün fəda edə bilməkdi… Vətəni Məcnuntək sevən Oğulların Leylalarının qarşısında son nəfəsimizədək minnətdarıq… Udduğumuz hava üçün, gəzdiyimiz torpaq üçün, başını sığalladığımız körpələrimiz üçün Sizə minnətdarıq… Haqqınızı halal edin, məmləkəti işığa çıxarmaq üçün ömrünü qaranlığa qərq edən Leylalar… Haqqınızı heç zaman ödəyə bilməyəcəyik, Azərin Songülü… Azərin qoxusuna doya bilmədiyi Gülü!…
4 yanvar 2021-ci il…
*****
*****
Bildim qəmini sənin ki, çoxdu,
Qəm çəkməyə bir hərif yoxdu…
Gəldim olam qəmin hərifi
Gəl təcrübə eylə mən zəifi…
“Leyli və Məcnun” poemasındakı bu misralar həm o talehsiz Məcnuna, həm ömrü külə dönmüş Leyliyə, həm də elə Füzulinin özünə aiddi. Füzuli bu dünyanın yiyəsiz qəminə yiyə durmağa, öz xoşuna “qəmin hərifi” olmağa gəlmişdi…
Bu qəmlər ki, mənim vardır, bəyirin başına qoysan,
Keçər kafər cəhənnəmdən, gülər əhli – əzab oynar…
-yazır Füzuli. “Bəyir” – dəvəyə deyirlər. “İncil”də də, “Tövrat”da da belə bir məqam var: “Dəvə iynənin gözündən keçərsə əgər, günah əhli, kafirlər yalnız o zaman bağışlanar.” Uşaq vaxtı Füzulini oxuyanda o böyüklükdə beytin mahiyyətini anlamamışdım. Sonra təsadüfən İncildə qarşılaşanda elə bil məni ildırım vurdu: Füzulinin Qəm yükü nə qədər böyükmüş, İlahi, deyə pıçıldadım öz – özümə. O qədər böyük ki, onu bəyirin – dəvənin belinə qoyanda bəyiri iynənin gözündən keçirəcək, kafiri cəhənnəmdən çıxaracaq…
Qəm yükü bu dünyanın ən ağır, həm də ən müqəddəs yüküdü…
Allah həmişə dağına baxır, qar verir, ağacına baxır, bar verir… Heç görmüsünüzmü qanmazın, hissizin, duyğusuz – duyarsızın birinə Allah dərd verə? Görə bilməzsiniz… Çünki Dərd o qədər müqəddəs şeydir ki, Allah onu da qanana – seçdiyi bəndəsinə – dərd qədri bilənə verir. Verir, sonra o dərdin Adamın üzündə necə şəkilləndiyinə, bəndəsinin o Dərdi sevdiyi yar təkin əzizlədiyinə – canının parçası kimi sahib çıxdığına Allah özü də məəttəl qalır…
… Mənim kəşf elədiyim, ruhunu oxuduğum, kədərini sətir-sətir içimə çəkdiyim, acısını bütün varlığımla hiss elədiyim, öz dünyamda müqəddəsləşdirdiyim Songül xanım məhz Allahın belə seçdiyi bəndəsidi – Seçilmişlərdəndi, zərif çiyinlərini səssiz-səmirsiz qəm yükünə təslim edənlərdəndi…
Hamı kimi yaşamağa, hamı kimi olmağa nə var ki?! Hamının görmədiyini görməkdi Songül olmaq…Yaşadığın, nəfəs aldığın halda əslində yaşamamaqdı, sevdalısının bayraq örpənmiş torpağına hopmaq, ruhən köçməkdi bu həyatdan Songül olmaq… Adamların var olanları sevməyə təpəri yox ikən, bəxtinə yazılan yazını – Azərini yoxluğunda belə sayğıyla yaşatmağı bacarmaqdı Songül olmaq… Bütün ömrünü Azərin anası Yeganə xanımın çöhrəsində bircə kərə də olsa təbəssüm yaratmağa həsr eləməkdi, ömrünü Şəhid yarına fəda eləməkdi Songül olmaq…
Bu ömrü yaşamaq həm də əzabdır və Songül bu taledən qaçmağa çalışır, əslində. Amma nə qədər qaçırsa, yenə də Ona doğru gedir. Qaça bilmədiyi tale o böyük ürək, mənəviyyat sahibini ömrünü həsr elədiyi ən böyük Həqiqətlə üzləşdiyi yerə gətirib çıxarır. Ölüm bu dünyanın ən böyük həqiqətidi… Songülün nakam ömrü beləcə başlayır. Bu ömür ona dünyanı hamının gördüyü kimi görməyə imkan vermir. Daha duyarlı olmaq daha çox əzabla yaşamaq deməkdir.
Barışmaq nə qədər çətin olsa da, bu, Songülün taleyidi. Bu ömrün səfası, rahatlığı, dincliyi yoxdu, bu ömür başdan başa cəfadı, hər anı, hər dəqiqəsi dərddi, əzabdı, taleylə vuruşdu, döyüşdü, uzun bir yolda ağır-ağır addımlayan qəm karvanıdı…
“Mən bütün həyatımı, xəyallarımı Səninlə və Sənə görə qurmuşdum, Azər… Gedişinlə hər şeyimi apardın. Bir saat sonra, bir gün sonra nə edəcəyimi bilməyəcək qədər çarəsizəm. Kaş məni Allaha tapşırdığın kimi, özümə də nə edəcəyimi tapşırıb gedərdin. Sözündən çıxmazdım ki… Sənsiz hər şeyimi itirmiş limansız gəmi kimi dənizin ortasında qalmışam…
Həyatım dediyin insanı itirəndə… itirdiyin təkcə O olmur… Bütün ümidlərini, arzularını, xəyallarını, gələcəyini itirir insan… Əlində yerlə bir olmuş, çiliklənmiş dünya, sıfırlanmış həyat qalır… Sonra uzun-uzun düşünürsən, heç bir çarə və ümid işartısı tapa bilmirsən yenidən qurmağa o dünyanı… Bir gün başqa bir aləmdə qaldığımız yerdən davam edəcəyimiz ümidiylə… həyata tutunmağa çalışırsan…
Azər… sirdaşım, can yoldaşım… Üzümü güldürən, acımı dindirən İnsan… Səadəti yarım qalan yarım…Qəhrəmanım… İnsan ən sevdiyi ilə imtahan olunarmış… Səninlə dünya bir nağıl, yuxu idi… Amma biz yuxuda olsaq da, dünya nağıl dünyası deyil ki… imtahan dünyasıdı və sən mənim ən ağır imtahanım oldun…
Həyatımda olduğun hər gün mənim üçün bayram idi… Mən bayramları yox, səni görəcəyim günü həvəslə gözləyirdim. Zaman keçdikcə içimdəki yara daha da dərinləşir…
Sən Vətəni həyatındakı hər şeydən uca tutdun… Təsəllim odur ki, Xocalıdakı körpələrin qisasını aldığın üçün ruhun rahatdır, Qəhrəman Şəhidim… Yarım qalan ömrünüz, canınız, qanınız bahasına da olsa, Vətənimizin ərazi bütövlüyünü bərpa etdiniz… Şükürlər olsun ki, Azərbaycanın qan yaddaşı silindi… amma mənim, minlərlə məni kimi taleyi yarım qalan insanın qan yaddaşı yazıldı…
İndi mənim həyata tutunacaq ən böyük səbəbim bütün acılarımla sığındığım Rəbbim və Sənin ürəklərdə, könüllərdə ən böyük ucalıqda, zirvədə olmağındır…
Bundan sonra mənim yaşayacağım (?!) ömrüm Sənin yolun qədər çətin olsa da, Sənin adını daşıyacağı üçün şərəflidir…”
Bu sətirlər Vətənə Məcnuntək sevdalanan Azərin Songülünün gündəliyindən idi… Özümü qanandan əli kitablı olsam da, indi anlayıram ki, biz bugünəcən bütün duyğuların sadəcə təsvirini oxumuşuq… Songülün yazısında mən yaşanılan duyğuların ağrısı və yaşanılmamış ömrün acısını duydum. Sadəcə kədəri içində çəkən yox, bütün varlığıyla kədəri içinə çəkəndi Songül…
Bu qədər dərdin qabağında İnsan nə qədər böyük ürəyə sahib olar ki, hər gələn bəlanı sinəyə çəkib Tanrıya şükür etməyi bacara!
Oxuduqca Songülün hər sətrində Rəbbinə sığındığını, Allahın hər kəramətinə şükranlıq etdiyini gördüm, onu bir daha ürəkdən alqışladım.
Azərin adına, ucalığına layiq olan bu dəyanətli xanımın, mətin olduğu qədər də şükür eləməyi bacarmaq kimi ilahi bir keyfiyyətə sahib olduğunu gördüm. Şükrə yüksələn insan ilahi firavanlıq qazanır, elə Tanrı qatında sevgili yarının ucaldığı şəhidlik məqamı qədər ali mərtəbəyə ucalır.
Ruhundakı dinmək bilməyən ağrılarını kağıza köçürür Songül… İstisinə isinə bilmədiyi, tüstüsünə kor olduğu, ruhunu darmadağın edən nakam sevgisindən, o sevgini doya – doya yaşamağa qoymayıb araya qəfil hicran salan zamansız ölümdən… yazır. Yazır ki, bəlkə ürəyi boşala… Yazır ki, bir az səbbi alına… Yazır ki, unuda yaşadıqlarını… Amma “unutmağı öyrənmək” istədiyi halda əksinə yazdıqca bütün yaşananları daha da unudulmaz edir, əbədiləşdirir, xatirəyə – Sözə çevirir.
Songülün elə sevgilisi Azər kimi bənzərsizliyi ondadır ki, o, cavan ömrünü gültək solduran, onu bənövşətək boynubükük qoyan vaxtsız Ölümü “qarğımır, daş-qalaq eləmir”, onu alnına yazılan yazı kimi qarşılayır… Sadəcə bir gün əbədiyyətdə qovuşacağı ümidilə təqvimdəki günləri yarpaq-yarpaq ömründən qoparır…
Baharı xəzan olan Gəlin… Arzuları üşüyən Gəlin… Nəfəsi buz bağlayan Gəlin… Bəyaz Gəlinlik paltarı qırmızı bel bağına həsrət qalan Gəlin… Xınası islanmamış Gəlin… Xonçası açılmamış Gəlin… Hələ cehiziylə evini bəzəməyə, yuvasını yapmağa macal tapmayan Gəlin…
Qara paltarlı Gəlin… Yollara dikilən gözləri nəmli, hicran yükü daşıyan yorğun çiyinli, köksü param-parça, ürəyi qəmli Gəlin… Gözlərinə baxa bilmədiyim Gəlin… Adını çəkməyə nitqimin lal olduğu Gəlin…
Nə qutsal bir eşq…
Sevdiyinin adı, əmanəti kimi qoruduğun o uca alnından öpürəm! Bacarsan, bizi bağışla… Beşik yırğalaya bilmədiyin üçün bizi bağışla, sevginizin meyvəsi kimi pöhrələyəcək Sevgi adlı bir Nur parçasına Ana ola bilmədiyin üçün bizi bağışla! Bayramlarını qızıl gülə qərq edən oğlanın gənc ömrünü xarıbülbülün ömrünə fəda etdiyi üçün bizi bağışla! Üşüyən əllərin, heç gəlməyəcək baharın üçün bizi bağışla! Biz özümüzü bağışlaya bilməyəcəyik amma…
(“Gülüzənin şeirləri” kitabından) tədqiqat müstəvisində)
Elmi rəhbər:
Ramazan Qafarlı,
filologiya üzrə elmlər doktoru, professor
GİRİŞ: Uşaq ömrü öz dəcəlliyi, ərköyünlüyü, yaşının kiçik illərində bizi “əsəbiləşdirdiyi” məqamları ilə zaman ötdükscə şirinləşib əz əziz xatirəyə çevrilib yaddaşlara həkk olan bir dünyadır. Artıq baba, nənə olduğumuz illərdə övladımızın körpə yaşlarında “başımıza açdığı oyunlara”indiki günlərimizdə bir az bal-şəkər şirinliyi, bir az da məzə qatıb danışıb-gülür, həzz alır, xoşlanırıq.
Məsələn, qəfil yadımıza düşə bilər ki… Oğlumla dostlaşmış iki sərçə vardı, hansı ki adına “Babəkin sərçələri” deyirdik. Oğlum eyvana çıxdımı, sərçələr əvvəlcə onun çiyinlərinə qonar, sonra qollarının üstü ilə yeriyə-yeriyə gəlib ovcundakı çörək qırıntılarından birini götürüb “pırr” edib havaya qalxardılar. Bu hal Babəkin ovcundakı çörək qırıntıları qurtarana qədər davam edərdi.
Yaxşı dil açmadığı vaxtlardı. Bir də görürdün gözləri sevincdən parıldaya-parıldaya nəyi isə göstərirdi: “Bax, çənbərənin yanında çepin üstündə mətənək donub”. Pəncərənin yanındakı çöpün üstünə kəpənək qonduğunu bizə belə başa salırdı.
Yaxud, ilk dəfə işıqforun işığının yanıb-sönməsini görəndən sonra nəinki işıqforun, evdəki lampaların da yanıb-sönməsi onun üçün “danq” kəlməsilə ifadə olunurdu. Deyək ki demək istəyirdi ki, “lampanı yandırın”. Bu fikrini belə ifadə edirdi: “danq”. “Lampanı söndürün” tələbi də onun üçün “danq” idi.
Olurdu ki, mənzilin girişindəki lampa unudulub söndürülməyib. Mənzilin girişində qoyulmuş şkafın sol qapısını açıb ustufca divara çırpırdı. Və qürurla bizə baxırdı: “danq”. Yəni ki, gördüz, işığı söndürdüm.
O illərdən 40 ilə qədər zaman ötüb. İndi nəvələrimdə bunabənzər şirinlikləri müşahidə edəndə, 40 il əvvəl oğlumda gördüklərimiz yada düşür və bu xatiratları xatırlayıb ürək dolusu həzz alırıq.
ARAŞDIRMA: Z.Ustacın yeni təqdimatda və yeni tərtibatda işıq üzü görən “Gülüzənin şeirləri”ndəki “Sətirlərdə uşaq obrazları” bölümünə [4. s.83-96]daxil edilən şeirlər də beləcə real həyat hadisələrindən qələmə alınan əsərlər, bu əsərlərin qəhrəmanları isə özlüyündə müxtəlif xarakter bilməcələrilə yaddaşlara hopası təxminən bir-birinin eyni olan oxşar təbiətli azyaşlılardır. Biri sadəlövh, digəri çoxbilmiş, üçüncüsü yox yerdən dava qoparan, sonrakı nəfsinə yiyəlik etməyi bacarmayan… Fakt olanı isə budur ki, onların hər biri həyatdan bizlərə tanışdır, adını xatırlaya bilmədiyimiz haçanca “qarşılaşdığımız” uşaqlardan biridir.
Məsələn, Etibarla Ehtiram bir-birini başa düşən, bir-birilə hesablaşan uşaqlardır. Hansı işi necə yerinə yetirmək lazımdırsa, hər ikisi eyni düşüncədə olur. Belə ki, qaranquşların hansı səbəbdən görünmədiklərindən anlaqsız olan uşaqlar havaların soyumasından, qarlı-şaxtalı günlərdə quşların ac qala, yaxud xəstələnə biləcəklərindən narahatdırlar. Odur elan yazıb divara yağışdırırlar ki, kim qaranquşların yerini bilirsə, onlara desin:
Etibarla Ehtiram
Yazdılar belə elan:
“Qaranquşlar itibdir,
Varmı xəbəri olan?”
(“Etibar və Ehtiram”)
Şeiri oxuyan hər hansı azyaşlı elə o andaca özünə sual edir ki, görəsən quşlar niyə qəfil yoxa çıxıblar? Təbii ki, uşaq (burada, Etibarla Ehtiram) sualı cavablandırmaq imkanında olsaydılar, qaranquşları elan vasitəsilə axtarmaq məcburiyətində qalmazdılar. Sualın cavabı müəllim, yaxud valideyn tərəfindən aydınlaşdırılır. Məlum olur ki, quşların başında heç bir qəzavü-qədər yoxdur, onlar itməyiblər, sadəcə havalar soyuduğundan uçub isti ölkələrə gediblər, qaranquşların təbiəti belədir, onlar bu xislətdədirlər.
Belə olan halda “o hansı quşdur ki, yaşadığı yeri heç vaxt tərk etmir” sualı meydana çıxa bilir. Sualın cavablandırılması məktəbliyə əlavə bilgi vermək şansı yaradır. Azyaşlı müəlliminin, yaxud valideynin köməyilə öyrənir ki, sən demə havalar soyuyanda yaşadığı yeri tərk etməyən quş da varmış və bu quşun adı sərçədir
Müəllif Etibar və Ehtiram obrazlarını yaratmaqla eyni zamanda bəzi dəcəl uşaqlara onu da başa salmaq istəyir ki, quşları sevmək, onlara qarşı qayğıkeş olmaq lazımdır.
Balaca qəhrəmanlar öz saflıqları, səmimiyyətləri ilə bir-birlərinə bənzər olduqları kimi, fərqlilikləri də var. Məhz bu və bunabənzər xarakterə malik olmaqlarıdır əsəri oxucuya sevdirən, gündəmdə qalmasına yardımçı olan, yoruculuq, usanmaq kimi bir haldan oxucunun yaxasını qurtaran. Bu isə xüsusilə uşaq ədəbiyyatı üçün vacib şərtlərdəndir.
Məsələn,
Jalə, Damla və Şəbnəm
Yola getmirdi heç vaxt.
Bir gün Yağmur dillənib,
Hamısını qoydu mat.
(“Jalə, Damla, Şəbnəm və Yağmur”)
Yaxud, Zümrüdlə Zamin heç vəhclə yola getmirlər. Problem isə Zümrüdün hərisliyindədir, gözü hər gördüyündən kirə istəyir. Hər dəfə də onların mübahisəsini n üstünə su səpmək, yoluna qoymaq Zəhranın öhdəsinə düşür:
Zanbağı görən kimi,
Zümrüd dedi Zaminə,
Paxıl deyilsən əgər,
Zanbağını ver mənə.
Zəhra qarışdı işə,
Sonra dedi, bu qədər
Tənbəl deyilsən əgər,
Zəhmət çək, özün becər!
(“Zümrüd, Zamin və Zəhra”)
Mirzə İbrahimovun “Sənət, sənətkar və zəmanə” məqaləsində yazdığı kimi. obraz real həyat hadisələrinə əsasən yaranır, “həmişə təbiətin, varlığın, canlı insanın bədii inikasıdır, onun əsas, tipik xüsusiyyətlərini saxlamaqla həm mənasını, həm də formasını doğru əks etdirir” [3. s.74]. Bu fikri bir qədər başqa tərzdə ifadə edən Xalid Əlimirzəyevə görə, “Yazıçının şəxsiyyəti, əqli mühakimələri və mənəvi dünyası onun yaratdığı obrazların, xarakterlərin ruhuna, varlığına hopur. Bu obrazlar ictimai varlığı, həyat həqiqətini əks etdirməklə bərabər, həm də sənətkarın zəkasının, dünyagörüşünün, ictimai ideal və amalının, vətəndaşlıq mövqeyinin, milli bəşəri duyğularının süzgəcindən keçərək formalaşır, onun dühasının, bədii təxəllüyünün işığında canlanır, həyata vəsiqə alır” [1. s.17].
Bölümə uşaq obrazlarına aidliyi yetən 28 şeir daxil edilib. Ancaq bu o demək deyil ki, “Sətirlərdə uşaq obrazları”nın qəhrəmanları cəmi 28 nəfərdir, xeyr. Elə şeir var onda iki, bəzən üç obrazla qarşılaşırıq. X.Əlimirzəyevin yazdığı kimi, yazıçı şəxsiyyətinin, əqli mühakiməsinin və mənəvi dünyasının məhsulu olan bu ədəbi qəhrəmanlar arasında təbiət etibarı ilə bir-birinin oxşarı olub bir-birilə yola gedənlər də var, xaraktercə bir-birindən fərqli olanlar da. Ancaq başlıca məziyyət bundadır ki, bu “İnsan xarakterlərinə, ehtiraslarına, fikir və arzularına biz hər şeydən qabaq həyatda rast gəlirik” [3. s.76].
Məsələn, “Vahid” şeiri I Qarabağ müharibəsində şəhadət zirvəsinə ucalmış Vahid Abbasovun xatirəsinə həsr olunub. Cəmi dörd misradan ibarət şeirdə müəllif qətiyyətli, sözünün sahibi, vətənpərvər bir Azərbaycan övladının obrazını yaratmağa müvəffəq olub. Azərbaycanlı xarakterinə sahib kişi obrazı,
Vahid getdi əsgərə,
Həmişə dedi: – “Oldu!”
Postunu tərk etmədi,
Vətənçün şəhid oldu.
Əsərdə ““Vahid” adı hansı hərflə başlayır”, “V” hərfi ilə başlayan daha hansı insan adı bilirsiniz”, “Əsgər niyə həmişə “Oldu!” deyə cavab verməlidir”, “Vahid Abbasov kimdir, kimlərlə döyüşdə və hansı cəbhədə şəhid olub”, “Şəhid olmaq nə deməkdir və kimlərə “şəhid” deyilir”, “Vətən uğrunda şəhid olan hansı Milli Qəhrəmanlarımızı tanıyırsınız” sualları qoyulmaqla şagirddə düşünmək qabiliyyəti formalaşdırmaq və onun əlavə bilgi əldə etməsi üçün tələbat doğuran şərait yaradılmış olur.
Yetişməkdə olan nəsildə vətənpərvərlik duyğuları aşılayan başqa bir şeir isə “Ömər və Əsmər” adlanır. Şeirdə vətənpərlik və vətəndaşlıq duyğularının Ömərin qanında-canında olduğu diqqətə çatdırılır:
Söhbət edirdi,
Ömərlə Əsmər.
Ömər dedi ki,
Olacaq əsgər!
Yetişməkdə olan nəsildə vətənsevərlik duyğularının aşılanmasını qarşıya məqsəd qoyan müəllif yeniyetməyə aşağıdakı sualları ünvanlayıb: “Səncə əsgər olmaq nə deməkdir”, “Sən böyüyəndə kim olacaqsan?”
Azyaşlıya bu kimi duyğuların ruhən hakim kəsilməsi üçün əsgərlərin orduda istifadə etdiyi və uşaqlara da oyunlardan, cizgi filimlərindən, filimlərdən tanış olan “tapança”, “tank” kimi vasitələrdən bəhrələnilir.
Natiq tutdu Tofiqi,
Əlində tapançası.
Tofiq təslim olmuşdu,
Yer yox idi qaçası.
(“Natiq və Tofiq”)
Yaxud,
Tuncay topu tulladı,
Tutu, topu tut görək!
Top-top mənə yaraşmaz,
Mən tankçı olum gərək!
(“Tuncay”)
“Sətirlərdə uşaq obrazları” bölümünə daxil edilən şeirlər üç yarımsərlövhə altında qruplaşdırılıb: 1 – “Bir ad bir şeir”; 2 – “İki və daha artıq şəxs adına ünvanlanan şeirlər; 3 – “Tam və bitkin şeirlər”.
“Bir ad bir şeir” yarımbaşlığı altında 16 şeir (“Tuncay”, “Nağı”, “Yusif”, “Leyla”, “Raul”, “Rəna”, “Malik”, “Qaşay”…), “İki və daha artıq şəxs adına ünvanlanan şeirlər”də 9 şeir (“Natiq və Tofiq”, “Rahib və Əkbər”, “Fuad və Fərid”, “Jalə, Damla, Şəbnəm və Yağmur”…), “Tam və bitkin şeirlər”də isə 3 şeir (“Ağıllı Gülər”, “Oyanın, bahar gəlib”, “Balaca reklamçı”) daxil edilmişdir.
“Bir ad bir şeir” və “İki və daha artıq şəxs adına ünvanlanan şeirlər” bölgülərinə uşaq adlarına yazılan şeirlər daxil edilib. Həmin adın daşıyıcısı olan uşağın hansı təbiətdə olması, orta təhsilini başa çatdırandan sonra həyatda kim olacağı haqda düşüncələri gündəmə gətirilir. Şeirlərin sonluğunda hərflər və adlarla əlaqəli suallar, yaxud tapşırıqlar da verilir ki, bütün bunlar azyaşlının dünyagörüşünün genişlənməsinə, iti düşünmə qabiliyyətinin formalaşmasına xidmət edən xüsusatlardır.
“Bir ad bir şeir” yarımbaşlığı altında qruplaşdırılan şeirlər əsasən dörd misradan ibarət olub birbəndlik şeirlərdir. Məsələn, “Uğur”, “Jalə”, yaxud “Zahir”. Adları çəkilən uşaqların hər biri özünəməxsus təbiətə malikdir. Müəllifin qarşıya qoyduğu məqsəd də elə budur: qəhrəmanının hansı isə bir cəhəti, yaxud məşğuliyyəti ilə oxucusunu tanış etmək.
Məsələn, “Uğur” mühəndis, “Jalə” jurnalist olmaq arzusundadır. Uğur bu arzusunu göylərlə bölüşür, Jalə isə babası ilə:
Uğur baxıb göylərə,
Dedi, usta olacam!
Uca bir qüllə tikib,
Ulduzlara çatacam!
“Jalə” şeirində isə oxuyuruq:
Jalə aldı jurnalı,
Baba, ver baxacağam!
Böyüyəndə istəsəm,
Jurnalist olacağam!
Zahir isə, öz kəlmələri ilə ifadə etsək, gəmiçi olmaq arzusundadır:
Zahir düzəltdi,
Balaca gəmi.
Dedi: – Bu gəmi,
Mən də gəmiçi.
Tədris prosesi zamanı məktəbliyə “Uğur böyüyəndə usta, yaxud mühəndis, Jalə jurnalist, Zahir gəmiçi olmaq arzusundadır, sən böyüyəndə kim olmaq, yaxud hansı sənətə yiyələnmək istəyirsən” suallarını ünvanlamaqla (şair Uğur, Jalə və Zahir obrazlarını şeiriyyət müstəvisinə gətirməklə) azyaşlı oxucusuna demək istəyir ki, heç də hamının ali təhsil alması vacib deyil, həyatda başqa peşələr, sənətlər də var.
Təqdim olunan şeirin mövzusuna uyğun sualların tərtib edilməsi məktəblinin dünyagörüşünün genişlənməsinə diqqət çəkən vacib cəhətlərdən biridir. Məqamı ikən xatırlamaq yerinə düşər ki, XX əsri 60-70-ci illərində ümumtəhsil məktəblərində əlavə məşğələ saatları təşkil olunardı ki, bu proqram çərçivəsində məktəblilər əlavə biliklərə yiyələnmək imkanı əldə edərdilər. “Ülkər” adlandırılan şeirdə bu anlayışı şeir mövzusu seçməklə müəllifin nəyə işarə etdiyi, Ülkər və Günəş adlarının haradan götürüldüyü, “Jalə, Damla, Şəbnəm və Yağmur” şeirində “mat qoymaq nə deməkdir” sorğusunun qoyulması, “Hümmət”dən bəhs edən şeirdə “hümmət” istilahının hansı məna daşıdığı, Azərbaycanda hansı zaman kəsiyində “Hümmət” adında təşkilat olduğu və bu təşkilatın hansı məqsədlərə xidmət göstərdiyi (və s.) şagirdin əlavə bilgi əldə etməsinə, nəticə etibarı ilə dünyagörüşünü genişləndirməyə yönəlmiş imkanlardır.
Hümmətin beş yaşı var,
Hazırcavab uşaqdır.
Həvəsi var yazmağa,
Oxumaqda qoçaqdır.
Şeirin sonunda məktəbliyə “Hümmət” kəlməsinə uyarlığı yetən suallar ünvanlanıb. Bu sualların cavablandırılması sayəsində şagird öyrənir ki, “Hümmət” sözü “cəhd”, “səy”, “qeyrət”, “əl-ələ verib çalışmaq”, “təşəbbüs” mənalarını verir. “Hümmət etmək” kömək etmək, yardım etmək, əlindən tutmaq anlamlarında işlənir. “Hümmət” sözü vasitəsilə şagird başqa informasiya da əldə etmək imkanı qazanır. Məlum olur ki, 1904-cü ildə Məhəmməd Əmin Rəsulzadə və onun dostları tərəfindən “Hümmət” Sosial-Demokrat Müsəlman Təşkilatı yaradılıb. Təşkilatın rəhbəri əvvəlcə M.Ə.Rəsulzadə olub, sonra Nəriman Nərimanov. Bundan əlavə, təşkilatın “Hümmət” adında qəzeti də çıxıb. İlk nömrəsi 1904-cü ilin oktyabrında nəşr olunub. Qəzetin cəmi 6 nömrəsi işıq üzü görüb. Qəzet 1905-ci lin fevralında bağlanıb…
Ədəbiyyatşünasların ümumi qənaətinə görə, qafiyə şeirin gözəlliyini artıran, poetik nümunəyə musiqilik, oynaqlıq, rövnəqlik gətirən vasitə, Rafiq Yusifoğluya görə, hər hansı fikri ifadə edən misraların bədii, emosional təsirini artıran, poetik əsəri zənginləşdirən bədii ünsürdür. “Qafiyə şeirin məzmununun açılmasını, bədii-məntiqi və obrazlılığın güclənməsini şərtləndirir” [2. s.222]. Bu məzmunda “Ağıllı Gülər” şeirində “sərçəcik”, “cik-cik” təkrar səsləri diqqət çəkir. Müəllif “sərçəcik” (4 dəfə) və “cik-cik” (4 dəfə) epiforalarından istifadə etməklə şeiri emosional tələffüz axarına salmış, təkrar yox, təkrir sayəsində yaranan ritm, intonasiya və bunların ahəngindən formalaşan ümumi ahəng təqdim olunan əsərə poetiklik bəxş etmiş, oxucunun (burada məktəblinin) yaddaşına asanlıqla “yazılmasına” yardımçı olmuşdur.
Bizim balaca Gülər,
Həm ağlayar, həm gülər.
Günlərin bir günündə,
Soyuq qış səhərində,
Gülər çölə çıxanda,
Əl-üzünü yuyanda
Gördü kiçik sərçəcik.
Sərçə edirdi “cik-cik”.
Gördü üşüyür sərçə,
Bayırda qalıb təkcə.
Gülər istədi getsin,
Gedib çörək gətirsin.
Elə bu an sərçəcik,
Yenə elədi:
“Cik-cik”.
Gülər tez evə qaçıb,
Anadan çörək alıb
Gəlib eyvana, ovdu.
Yanına su da qoydu.
Yenidən edib cik-cik,
Ora qondu sərçəcik.
Əvvəl çörəyi yedi,
Sonra da suyu içdi.
Bir dəfə sağa baxdı,
Bir dəfə sola baxdı.
Təşəkkür etdi:
“Cik-cik”
Uçub getdi sərçəcik.
***
Nəticə: Z.Ustacın uşaq şeirləri haqda son olaraq bu qənaətə gəlmək olar ki, nədən, yaxud kimdən yazmasından asılı olmayaraq təqdim etdikləri yeni görünür, diqqətə çatdırılanlar təbiidir, səmimidir, ürəyəyatımlıdır, obrazlar elə xarakterizə olunur ki, onlar haqqında deyilənlərin həqiqət olduğuna şəkk-şübhən qalmır. Bunun bir səbəbi əgər yazıçının intellektidən irəli gəlirsə, digər səbəbi müəllifin ixtisas, peşə yönümü ilə izah oluna bilər. Axı Zaur Ustac müəllimdir, uşaq dünyasına hamıdan çox bələdliyi yetən bir ixtisas sahibi.
Ey mənim könlümə yüz yarə vuran, canıma bax, Gözlərimdən tökülən yaş əvəzi qanıma bax. * * * Baş alıb çöllərə qaçdım qəm əlindən, lakin Yoxdu bir canıı gəlib hərlənə dörd yanıma, bax. * * * Nalələr eyləyirəm, bəlkə yetişsin yarə, Kar qulaqdan nə umur, sən dili-viranıma bax. * * * Arzulardım onu mən bəlkə görəm röyadə, Gecələr yatmaq üçün olmayan imkanıma bax. * * * Ömrü beş gündür əgər hər adamın dünyadə, Sürdüyüm üç gün ola, olmaya, dövranıma bax. * * * Hər gələn yetməlidir Tanrısına son gündə, Bu sözə şəkk eləsən, ayeyi-Quranıma bax. * * * Məni fəqr əhli görüb sözlərimi heç sanma, Sona, sən surətə yox, qəlbdə imanıma bax. Müəllif: Sona XƏYAL