Etiket arxivi: HAQQINDA

ÖMRÜMDƏ ƏBƏDİYAŞAR ARİF – AYƏTXAN ZİYAD

Dəmirov Arif İmanbala oğlu 1959-cu ilin 10 noyabrında doğulub.

ÖMRÜMDƏ ƏBƏDİYAŞAR ARİF

Ömrümdə bir Arif var olub: mənim üçün süd qardaşım, həyat yoldaşım üçün öz böyük övladı dərəcəsində qəbul olunmuş kiçik qayın, Sevdamın “snikers” əmisi, Babəkimin hər uğuruna öz qələbəsi qədərində qürurlanan əmisi.

Atamla anam onu (həmçinin digər üç qardaşını da) öz övladı qismində böyüdüblər. 1960-cı ilin yayında (həmin il məndən bir neçə ay böyük xalam öğlu Yasəf birinci sinifə gedəsiydi) təzəyin içində evə gətirilən və körpələrini çimizdirmək üçün yandırılan odun peçində partlayan bombadan xalamın qılçası qırıldı. Allahın möcüzəsinə bax, onda Arif xalamın qucağında olub. Arifin başı qoyulan diz bombanın zərbindən qırıldı, xalamın (anamdan kiçik bacının) qılçası müalicə məqsədi ilə səkkiz ay mildə qaldı. Atam baldızını da, onun uşaqlarını da yığışdırıb Pirsaat kəndindən Hacı­qabula gətirdi, həyətinin sağ tərəfində palçıqdan kəsilmiş kərpicdən beş kubik daş üzərində birotaqlı ev tikib baldızının ailəsini ora yığdı.

Anam Qızxanımın sözlərindən yaddaşımda qalan budur ki, xalam xəstəxanada qılçasından müalicədə olduğu 8 ay ərzində ana südündən ötəri özünü yeyib-tökən çağanın (Arifin) ağlamağının qabağını almaq üçün anam döşünü uşağa verirmiş. Təsəvvür edirsinizmi? Beş ildir sinəsi süd görməyən qadının döşlərinə süd gəlmişdi (məndən kişik qardaşım Rəfayıl 10 sentyabr 1954-cü il təvəllüdlüdür, Arif isə 1959-cu ilin 10 noyabrında doğulub). Bu üzdən mən həmişə Arifi “süd qardaşımdı” deyib təqdim etmişəm, o isə mənə “Ayad” deyə müraciət edib. Məqamı ikən qeyd edim ki, mənim üçün qədərsiz əziz olan bu müraciət mənə üç nəfər tərəfindən ünvanlanıb: anam, ömür-gün yoldaşım və Arif tərəfindən.

Tez-tez deyərdi, “sən mənə “süd qardaşımsan” deyirsən, mənsə səni həmişə öz idealım bilmişəm, Ayad. “Addımlarını” mənim­sə­dim, həyata baxışlarını mənimsədim. Hamının idealı arzula­rında olur, hamı öz idealını kitablarda axtarır, mənimsə idealım canlıdı, həyatdadı, gözlərimin önündədi. Başım az çəkməyib. Həmişə də hamıdan öncə, özümdən böyük üç qardaşımdan da, bir dayımdan da qabaq yanımda səni gördüm. Hər hansı prob­lemlə üzləşəndə özüm-özümdən soruşuram: “görən bu məqamda Ayad neyləyərdi”. Və gəldiyim qənaətə uyğun addım atıram. Həm də artıq sənə gənəşmədən. Çünki düşünürəm ki, əgər sən belə edərdinsə, deməli, yanlış addım atmış olmaram.

…Haqqımda söhbət gedən istənilən ünvanda deyirmiş ki, tanıyanlardan kimsə qələt edib deməsin ki Ayad kiməsə heç olmazsa bircə dəfə də olsa yardımçı olmayıb.

Anası Lalaxanım bir dəfə atama müraciətlə demişdi: – Dadaş, onsuz da Arifi Siz saxlayırsınız, birdəfəlik rəsmiləşdirib keçirin öz ayağınıza, Sizin də üç oğlunuz olsun, mənim də.

Mənə ilk dəfə “baba” deyib müraciət edən də Arifin övladları olub. Qapını açıb otağa daxil olanda, hələ bircə kəlmə danışıq bilməyən Yanar mənə baxıb-baxıb və qəflətən, kimsənin gözləmədiyi məqamda, “baba” deyib qucağıma çırpınıb.

Sonra Yanarə dünyaya gəldi. O da elə.

Bu gün də belədir.

…Kiminlə ailə qurmasının da səbəbkarı həyat yoldaşımla mən olmuşuq.

Bu da Allahın işidi. Təsadüfən atam da kənddə (Şamaxının Kürdəmic kəndində) idi. Yoldaşım mənimlə xısınlaşdı: “Yaxşı fürsətdi, atan da burdadı. Mən nənəni (bacım Çimnazın qayınanasını nəzərdə tuturdu. Çox hökmlü qadın idi rəhmətlik. Onun “hə” dediyi sözün qabağında kimsə dayana bilməzdi) razı salım, sən get qızın atasını bir dilnən gətir evə, xala qızı ilə xala oğlunun izdivacını həll edək…”.

…Nənənin xeyir-duası qabağında kimsə dayana bilmədi.

Həmin axşam Ariflə Zeynəbin “şirnisi” içildi…

***

Göz açıb böyüyə-böyüyə məndən bunları görmüşdü:

– Dərsdən yayınmışdı, Novruzqabağı yumurta döyüşdürənlərin “tamaşasın­dan” ayırıb məktəbə aparıb müəllimindən onu cəzalandırmasını tələb etmişdim;

– Sahə müvəkkilinin onu cana doydurmasından xəbər tutub sahə müvəkkilindən yaxasını qurtarmışdım;

– 1990-cı ilin hadisələri də həmçinin. Hər ikimiz xalq hərəka­tının içində idik. Meydan hərəkatı, xalqın kükrəyən dalğası… Onda Bakının Əhmədli rayonunda, V.İ.Lenin adına toxuculuq kombinatının yaxınlığındakı qəbiristana bitişik gecəqondulardan aldığım evdə yaşayırdım. Arif də məhəllənin ayağındakı həyət evlərindən birində kirayədə olurdu. Hər səhər həyət darvazasını açıb “sabahınız xeyir” söyləyib işə yollanar, işdən qayıdanda “axşamınız xeyir” söyləyib evinə dönərdi. Xalq hərəkatının dalğalandığı həmin axşamların birində işdən qayıdanda mənim adətən Meydan hərəkatına yollandığım günlərdə geyindiyim cins şalvarı və kürkü əynimdə görüb soruşdu:

– “Hara belə?

– “Ruporla elan verdilər ki, Əzizbəyov (indi “Koroğlu”) metro stansiyasının yanına yığışmaq lazımdı. Deyəsən, nə isə qarışıqlıq olacaq. Qalmaq olmaz”.

– “Bir az ləngi, mən də paltarımı dəyişib gəlirəm”.

Az keçməmiş Arif içəri daxil oldu, onun da ardınca qarabasma xalam Lalaxanım (anası).

– “Özü atasız böyüdü, hara aparırsan bunu. Gedib bu da öləcək, balalarını yetim qoyacaq”.

Nə illah etdim, Arif məndən ayrılmadı: “Sən gedirsənsə, mən də gedirəm” deyib, “nırx”, inadından dönmədi. Xalamın hayqıran göz yaşları, Arifin ayağını geri götürməməsi… Qalmağa məcbur oldum. Həmin geçə – 1990-ci il yanvarın 19-dan 20-nə keçən geçə Bakıda qan töküldü…

Dəmirov Arif və Ayətxan Ziyad – 1990 cı il.

…Sonuncu şəhidin 40-ı çıxana qədər mənimlə Arif də “QIRX” saxladıq, düz 52 gün (o günlərin xatirəsi olan foto bu gün də qorunur).

İndi ağrınıram ki, Birinci Qarabağ müharibəsinin odları-alovları içərisindən onu iki dəfə qoruyub qaçıra bildim (Tərtər döyüşləri­nin iştirakçısı olub), sakit həyatda dadına yetişə bilmədim.

Yaddaşımda ağrı ilə yaşanacaq

2021-ci ilin Novruz axşamı idi, mənə evə telefon açdı. Həmişə belə etməzdi. Ailəsini də götürüb gələrdi. Bu dəfə telefon etdi: – Nə var, necəsən? Kim gəlib sizinlə bayramlaşmağa?

– Kim olacaq?! Bir Rəfayıldı (Rəfayıl məndən kiçik qardaşımdı), xəstədi, çox yeriyə, ayaq üstdə çox dura bilmir. Bir Babəklə Sevdamdı (oğlumla qızım), bir də sən. Sizlərdən başqa kimim var ki… Hamı da öz evində, ailəsinin üstündə.

Telefon dəstəyinin o başındakı səs dondu. Özümün də hiss etmədən “vurduğum sillə” bərk dəymişdi. Gərginliyi sındırmaq üçün sükutu mən pozdum: “Uşaqların bayramını təbrik elərsən. Bayramın mübarək!” Və dəstəyi asdım.

…Axır vaxtlar dalğın dolandığından şübhəli idim. Elə bil həyat gözündə sönmüşdü, gərəksizləşmişdi. Hamıdan qaçırdı elə bil. Bir yandan da mənim özümü cilovlaya bilməyib incikliyimi ifadə edən küskün cavabım.

Mart ayının sonlarındakı başqa bir telefon danışığımızda, ailədə hansı isə narahatlığın dolaşdığından xoflanmışdım (ailə böyü­dük­cə, həlliqaçılmaz problemlər də çoxalır). Oğul nəvəsi – 20 gün yaşayıb elə xəstəxanadaca dünyasını dəyişən, hələ yaş kağızı (doğum haqqında şəhadətnamə) yazılmağa macal tapılmamış Damla (21.09.2021-10.10.2021) tələf olandan sonra ailədə nə isə dolaşıqlıq yarandığı hiss olunurdu. Elə deyirdim bu gün-sabah gedib maraq­­­lanaram, günü-günə sata-sata qaldım, “macal” edə bilmə­dim.

Sonda Arif özü bizləri tərk edib getdi. Dalğınlığının mənə qaranlıq ünvanını da özü ilə apardı. Kimsəyə bildirmədən, kimsəyə bircə kəlmə aydınlatmadan.

Ömründə bircə dəfə həkim “üzü görməyən”, “xəstələndim” kəlməsini dilinə gətirməyən Arifin xəstəxanaya düşməsi də qəfil olub. Novruz axşamı telefon danışığımızdan sonra, aprel ayının 1-də gəlini telefon açdı: – Baba, ata iki gündü operasiya olunub, Mərkəzi Klinikadadı. Hələ reanimasiyadadı, yanına kimsəni buraxmırlar.

Həkiminin telefonunu əldə edib, görüş üçün icazə aldım. Yanında bir-iki dəqiqə olmaq imkanı verimişdi, reanimasiyadı axı.

Dincəlirdi. Səsimi eşidəndə gözlərini açdı. Səhhətinin yaxşı olduğunu, ya sabah, ya da biri gün palataya dəyişiləcəyini, elə həmin gün də evə yazılacağını söylədi. Zarafatlaşdıq da: “Eşitmişəm, şıltaqlıq edirsən, buranın yeməyini bəyənmirsən. Mənə söz verirsənmi ki, yemək yeyəcəksən”. Gülümsündü. Baxışları ilə “hə” cavabını verdi. Tibb bacısı vaxtın daraldığını mənə xatırladanda, sağollaşıb palatanı tərk etdim.

***

Bu gün bu iki “görüş” mənim üçün təsəlli ünvanıdı: 1 – Arifin Novruz axşamı mənə telefon açması, 2 – Mərkəzi klinikada olan vida görüşümüz (nə yaxşı ki, bu telefon zəngi ilə xəstəxanadakı görüşümüz baş tutan olub).

***

Sabah Arifsiz yaşadığımızın 7-ci günüdür. Uşaqların anası dedi ki, Babək (oğlum) Arifin cümə axşamlarından birini öz öhdəsinə götürür. Xatirimə dəfn günü gəldi. Hamı qəbiristandan aralan­mışdı. Ən birinci elə mənim özüm. Mərasimdə olanların mənim hansı halda olduğumu görməmələri üçün. Babək isə təkcənə məzar yerində qalmışdı. Ariflə nə pıçıldaşmışdı, nə danışməşdı, Allah bilr… Bizlərə qoşulanda rəngi üstündə deyildi.

***

Həmişə deyirdim ki, mənim həyatda üç itkim olub: bir – 1977-ci il təvəllüdlü, hələ döğum haqqında şəhadətnaməsi alınmamış dörd ayında ikən öz qollarım üstündə canını tapşırmış kiçik qızım Xanım (bu haqda ətraflı “Kişilər ağlamaz, ağlayanda da…” hekayəsində (“Məndən sonra…” kitabı, Bakı- Ulu- 2010)); 2 – atam İsgəndərov Ziyatxan Dədəqulu oğlu (1926 – 1998); 3 – anam Səmədova Qızxanım Sahab qızı (1919 – 2006).

Süd qardaşım Arif (Dəmirov Arif İmanbala oğlu) dördüncü sağalmaz yaram oldu həyatımda (10 noyabr 1959 – 3 aprel 2021).

…Ömrümdə daim yaşayacaq bir Arif ünvanı var: yorğun, ağrılı baxışları daim düşüncəli, sabaha inamlı ümiddə, oğlunun haçansa ona bəxş edəcəyi nəvə şirinliyini dadacağı günə təşnə.

…Arif bu sadaladıqlarımda, 70 yaşlı ömrümün çiskinli günlərilə birlikdə yaşayacaq.

Amma 2021-ci ilin 3 aprel günlərindən sonrakı ömür yolumu mən Arifsiz addımlayacağam.

Nə qədər, hansı boşluqda?.. 

8 aprel 2021-ci il.

Müəllif: Ayətxan Ziyad (İsgəndərov)

Azərbaycan Yazıçılar

və Jurnalistlər birliklərinin üzvü,

yazıçı-jurnalist, tədqiqatçı.


YAZARLAR.AZ

===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ>>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Araz Şəhrili – İSTANBUL, YOXSA İSLAMBUL?

Araz Şəhrili yazır:
İSTANBUL, YOXSA İSLAMBUL?

İstanbul şəhərinin adı Osmanlı mənbələrində İslambul formasında göstərilmişdir. 1730-cu ilə aid Osmanlı metal pulunun üzərində məhz bu ad həkk olunmuşdur. Övliya Çələbinin (1611-1682) məşhur əsərində də şəhərin adı İslambul formasında göstərilmişdir. Deyilənə görə, Sultan II Mehmet Fateh (1432-1481) Bizans imperiyasının (395-1453) paytaxtını yunan sılahlılarından azad etdildən sonra şəhərin əvvəlki Konstantinopol adını dəyişərək onu İslambul (yəni, İslam ol) adlandırmışdır. Qeyd etmək lazımdır ki, bugün də türk dillərinin əksəriyyətində “ol” sözü “bol” formasındadır. Digər ehtimala əsasən, Osmanlı imperiyasının (1299-1922) yeni paytaxtının adı “İslamın bol olduğu yer” kimi mənanı ifadə edirdi. Amma zənnimizcə, birinci variant daha həqiqətəuyğun görünür. Güman edilir ki, Sultan II Mehmet Fateh İslambul adını seçərkən həm onun Konstantinopol adına bənzədiyini nəzərə almış, həm də addəyişməyə simvolizm çaları vermişdir.
Lakin sonradan əsasən qərblilərin ola bilsin ki, məqsədli təsiri altında şəhərin adı İstanbul formasına salınmışdır.

Daha vacib və maraqlı, elmi şəkildə müxtəlif mötəbər mənbələrə istinad olunaraq əsaslandırılmış məlumatları  Araz Şəhrilinin “Səfəvilər: paralellər, ehtimallar, həqiqətlər” kitabından əldə etmək olar.


Müəllif: Araz ŞƏHRİLİ


===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ>>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.r

XXI ƏSRİN YENİ KİTAB FORMATI-ELEKTRON DƏRSLİKLƏR

Dr. Zərövşən Babayeva

Təhsil sis­te­mi­nin sür­ət­li in­­for­masiyalaşdırılması prosesi təhsildə elektron dərslik­lə­rin isti­­fa­­də­sinə həm geniş imkanlar açmış, həm də zərurət yaratmışdır. Elektron dərslik­lər öyrə­nən­lə­rə təhsil pro­se­sində fə­al iştirak et­mək, onların öyrənmə prosesini fər­­diləş­dir­mək, yeni bilik əldə et­mək və öz im­kanlarını qiy­mət­lən­dirmək imkanı ve­rir. Elek­­tron dərslik həmçinin bö­yük həcmdə tədris və tə­lim material­la­rını əha­tə edə­­rək ye­ni tədris metod­la­rı­nın inkişafına təkan verməklə ənənəvi öy­rən­mə for­ma­­la­rı­nı zənginləşdirir. Zaman keçdikcə cəmiyyətdə, ictimaiyyətdə olduğu kimi tədris sahəsində də zəruri keyfiy­yət dəyişiklikləri baş verir. Yaşadığımız pandemiya səbə­bin­dən həyatın bütün sahə­lə­rində olduğu kimi, təhsil sahəsində də fəaliyyətin yal­nız texnologiya­lar­dan istifadə sayə­sində davam etdiril­mə­si zərurəti artıq yeni dünya formatına uyğunlaşmağı diktə edir. Hesab edirik ki, ali və orta mək­təb­lər üçün ha­zır­­la­nan dərsliklərin formatını da dəyişməyin vaxtı çatmışdır. Fikri­miz­cə, artıq ali məktəblərdə metodik, dərs vəsaitləri və dərslik­lə­rin ha­zır­lan­ma­sında elektron və interaktiv formatlara da keçməyin vaxtıdır. Bu gün infor­ma­siya və ra­bi­tə tex­­nolo­giyalarının istifadəsi sahəsində aparıcı istiqamətlərdən biri təlim fəaliy­yə­tində kom­pü­ter tex­no­logiyalarından effektiv istifadə edilməsidir. Bu fəaliyyətin həyata keçiril­mə­sin­də əsas məsələ təhsilin keyfiy­yə­ti­­­nin yaxşılaşdırıl­ma­­sına imkan yaradan elektron dərs resurslarının ya­ra­dıl­ması və mövcud mənbə­lə­rin modernləşdirilməsindən ibarətdir.

          Hazırda hə­ya­­tımızın ayrıl­maz tər­kib hissə­si­nə çe­vrilmiş informasiya texnologiyaları bir çox elm sa­hə­lə­ri kimi, biologiya el­min­­də də bö­­yük kəşflərə, nai­liy­­­yətlərə gə­ti­rib çı­xa­rmışdır. Biolo­gi­yada gen mühən­dis­­liyi sa­­hə­­sin­də apa­rı­lan işlər infor­ma­siya tex­no­lo­giya­la­rı­nın gü­nü­­­müz­­­dəki dəyərini qiy­mət­lən­dir­məyə im­kan ve­rir. Tədqiqatlar gös­tərir ki, təhsilin mo­dern­ləşdirilmə­si­nin əsas məq­­sədi ona yeni keyfiyyət qa­zan­dı­rıb yeni nə­­ti­cə­lər almaq­­dır. İKT əsasında yeni təh­­sil mü­hi­ti­nin for­ma­laşdırıl­ması və biologiyanın tədri­sin­­də onun me­todik əsasının ay­dın­laş­dı­rıl­ması yeni nə­sil müəl­limlərin hazır­lan­masında pe­şə­karlığın atırılmasına hesablanmışdır. Elek­tron təhsil resurs­la­rı­nın di­dak­tik imkanlarının analizi informasiya təlim mü­hi­­tinin həyata keçiril­mə­si prob­le­mi­nin həllinə istiqa­mət­lən­mişdir. Elektron cihazların köməyi ilə istifadə olu­nan dərs material­larına elek­tron dərs resursları deyilir. Elektron dərsliklərin üstünlükləri onların müxtəlif istifadə for­­mat­­larıdır – onlayn və ya offlayn rejimdə; kompüter, planşet, mobil telefon vasi­tə­silə dərs­­­liklərin is­ti­fadə imkanının olması; əyani vəsaitlərin mövcud­lu­ğu – qrafika, ani­ma­siya, interaktiv fəaliyyət və digər multimedia xü­su­siyyətləri; bö­yük həcmli mə­lumatların saxlanması; mətnlər üzərində qeyd­lə­rin aparılması mümkün­lü­yü; rahat istifadə – axtarış sis­te­mi­nin möv­cud­lu­­ğu; mo­billik – hər yerdə və hər zaman. Elektron dərsliklərin üstünlükləri onların müxtəlif istifadə for­­mat­­larıdır – onlayn və ya offlayn rejimdə; kompüter, planşet, mobil telefon vasi­tə­silə dərs­­­liklərin is­ti­fadə imkanının olması; əyani vəsaitlərin mövcud­lu­ğu – qrafika, ani­ma­siya, interaktiv fəaliyyət və digər multimedia xü­su­siyyətləri; bö­yük həcmli mə­lumatların saxlanması; mətnlər üzərində qeyd­lə­rin aparılması mümkün­lü­yü; rahat istifadə – axtarış sis­te­mi­nin möv­cud­lu­­ğu; mo­billik – hər yerdə və hər zaman. Elektron dərsliklər istifadəçilərin təh­sil prosesində fəal iş­tirak etmək, onların öyrənmə prosesini fərdiləşdirmək üçün optimal şərait yaradır.             Dünyada çoxdan təsdiqini tapmış onlayn və offlayn universitetlərin yaradılması, kadr potensialı ilə təmin olunması problemləri artıq qarşıda həllini gözləyən aktual problemlərə çevrilmişdir. 2014-cü ildə Cənubi Koreya universitetləri ilə tanışlığımız universitetlərdə gələcəyin kadrlarını yetişdirməkdə gecikməməyi öyrətdi. Bunun üçün müxtəlif beynəlxalq səviyyəli kurs və treyninqlərdə iştirak edilməsi perspektivləri dəyərləndirilməlidir.

Düşü­nürük ki, fənlər üz­rə elek­­tron kitabların hazırlan­ma­­sı eyni za­­manda bir neçə kitabın bir arada istifa­də­sinə, anında is­tə­nilən mə­lu­ma­­tın təkrar edilmə­sinə im­kan yaradar. Xüsusilə, biologiya fənlərinin tədrisi və öy­rə­nil­məsi zamanı bu cür E-book­ların is­ti­fadəsi yüksək səmə­rə verər. Artıq in­­­­­te­raktiv, elek­­tron dərs və me­­todik vəsait­lə­rin, dərsliklərin tərtibi za­­­manı bu faktorlar nə­zə­rə alınmalıdır. Belə olduqda tə­biətşü­nas­lıqdan tutmuş, ümu­mi bio­lo­gi­ya­ya qə­dər elm sahəsini təş­kil edən bu cür elektron kitablarda öy­rənənlər is­tə­­­nilən bioloji fakt və ha­di­səni tək­rar öyrənə, ya­­xud müqayisə edə bilmək im­ka­nı­na malik olacaqdır. Ya­xın gə­ləcəkdə elek­­tron ki­­tab­la­rın tədris sahə­si­nə geniş şə­kil­də daxil olacağına inanırıq. Çünki, bütün bu im­kan­ları təd­ris pro­se­sinə qa­zan­dıran YTT (yeni təlim texnologiyaları) səmərəsini get-gedə artır­maq­­da­ və zərurətə çevirməkdədir. Ənə­nəvi ka­gız kitablarla elektron kitabları mü­qayisə etsək: «1.Elek­tron ki­tab­da mətndə ax­ta­rış, böyük is­ti­nadlara keçid, qeyd və seçmə təsvir edilə bi­lər; 2.Bir qur­ğu­da 1000-dən artıq kitab saxlanıla b­i­lər; 3.Ki­çik həc­­m və ölçüyə ma­lik ol­du­ğu üçün da­şı­nması asandır; 4.Şrif­tin forma­sı­nı və öl­çü­sü­nü dəyişmək müm­­­­kün­­­dür; 5.Anima­si­ya­lı şəkil­lərə, mul­ti­me­di­yalı təqdi­matlara ba­xmağa im­kan verir; 6.Elek­tron kitabın ka­ğız kitab­dan baha ol­masına bax­mayaraq, elek­tron mətn kağız mətn­dən xey­li ucuz­­dur; 7.Daxili proq­ram­lar, nitq sinteza­tor­la­rı, mətni səs­lən­­dirməyə im­­kan verir və s. Elek­­tron kitabların di­gər özəlliyi isə oxu­cu­­­nu dinləyiciyə cevirmək xüsu­siy­yətidir ki, bu da müx­təlif varianlarda öyrə­nə­nin işi­ni yüngülləş­dir­mə­yə xid­mət edir. Bu vasitə ilə XXI əsr insanını daha çox elmi və bə­dii ədəbiy­yat­la­rın oxu­n­ma­­sına istiqamət­lən­dirmək müm­kün­dür. Hə­qi­qə­tən də internetdən, elek­tron re­­surs­lardan isti­fa­­də edənlər üçün elektron kitab­lar­ daha cəlbedici hesab olunur.

       Məlumdur ki, Elek­tron Təh­sil Re­surs­­la­rı (ETR) – tədris məzmunlu elek­tron for­ma­dır və onları səs­­lən­dir­mək üçün müx­­­tə­lif elek­tron me­xa­nizm və ma­­şınlar­dan istifadə edilir. ETR-lər adi dərs­likdən fərq­­lə­­nir və interaktivliyi isə şa­­gir­din müs­­tə­qil işləmə­si­ni təmin edir. ETR – mətn, teks­toq­ra­fik və mul­time­di­­­aya ay­­rı­lır. Elektron re­surs­­ların müxtəlif isti­fa­də formaları keçi­lə­cək ma­terialın həm mətn variantını, həm eyni zamanda mətn və di­aq­­ram, şəkil, cəd­­­­vəl şək­lin­də, həm də mul­ti­medialı təq­di­mat ki­mi, illüstra­si­ya­lar, səsli, tərki­bin­­­də video, animasiya, au­­dio, məzmun və interaktiv üsullardan is­ti­fadəsinə imkan ya­ra­dır. Tə­lim məq­səd­lə­rinin ye­­rinə ye­tiril­­mə­sin­­­də va­cib şərti təlimin məzmu­nu­nun uy­­ğun ol­ma­sı­nın təmin edil­­­­məsi və yeni stan­dart­la­rın qəbul olun­­­ma­­sı­, infor­ma­siya tex­no­lo­gi­ya­­­la­rı­nın öy­­rə­­nil­məsinə geniş yer veril­mə­sidir. Təlim texno­lo­gi­ya­larının durmadan tək­mil­ləş­məsi təd­­­ris pro­­se­sinə hər ke­çən gün yeni imkanlar yaradır. Yaxın il­­lərdə kütləvi xarakter daşı­ya­ca­ğına inan­dı­­ğımız «Elektron ki­tab və ya E-book – 16 Mb elektron ki­tab fləş-yad­­da­şın kö­mə­yi ilə 3200 mətn səhifəsini və ya 10-a qədər orta həcmli ki­­tabı yad­daş­­da sax­la­mağa qadirdir. Micro­soft Word mətn redak­tor­la­rın­da yaradılan DOC forma­tın­da, HTML və ya ZIP, RAR, ARJ mətn­­ləri HTML dilinin vasi­tə­silə müxtə­lif freym struktur­la­rın ya­ra­dıl­ma­­sı, mətn və şəkillərin forma­laş­dı­rıl­ma­sı, siyahı və cəd­­vəl struk­tur­la­rı­nın təş­kil edil­­mə­si, şərh və is­ti­­nadların da­xil edil­məsi əsa­sın­da ya­­­radılır. İKT-nin sürətlə inkişaf etdiyi bir dövrdə hər bir müəllim daha da keyfiy­yət­li, sə­mə­rəli dərs təşkil etmək üçün texnologiyalardan istifadəyə üstünlük verməlidir. Eyni zaman­da elektron dərsl­ərin gerçəkləşməsi bir çox layihələrin ya­ran­ma­sı­na səbəb olmuş­dur. Buna misal olaraq qeyd edə bilərik ki, hal-hazırda elek­tron kitabxanalar, elek­tron test sistemi, elektron təhsil və s. elektron xidmətlər bu günki təhsil sis­te­mi­mi­­zin əsasını təşkil edir. Bu dərslər vasitəsilə uşaqlarda informasiyanın əha­­təsi da­ha da genişlənir və əlçat­maz ob­yektlər öyrənənlərin canlı müşa­hi­də­si­nə çevrilir. Elektron tədris vasitələrin­dən is­tifadə zamanı sinfə gətirilə bilmə­yən, yaxud ta­pıl­mayan əyani vəsaitləri asan­lıq­la izləmək mümkündür. Mənfi cəhətlərindən biri isə isə tez-tez hazır material­lar­dan istifadə edil­dik­də yaradıcı təxəyyülün inkişafını ləngitməsidir. Bu baxımdan dərs prosesinin təşkilində möv­zu­ya uyğun metod və üsul­ların seçilməsi, dəyiş­di­ril­mə­si, əyani vəsaitlərdən istifadə, interaktiv reji­min yaradılması vasib şərt­lər­dən­dir.

         Elektron, yoxsa ənənəvi kitab? İntern­e­tin geniş im­kan­ları artıq ənənəvi ki­tab­la­ra da təsir göstərmişdir. Belə ki, müasir dövrdə inter­ne­tin zən­gin infor­ma­si­ya ehti­yat­ları ilə ya­na­şı, kağız kitab­ları əvəz­­­ləyən elek­tron for­mat­da kitabların, elektron kitabxana və ensiklopediyaların mey­dana gəl­məsi həyatın bütün sahələrinə təsir etməkdədir. Xüsusən də yeni nəs­lin adi kitab­lar­dan daha çox elektron ki­tablara üstün­lük verməsi inter­ne­tin müəyyən qədər ki­tab­ların yerinə keçəsəyi ehtimalını artırır. Hazırda planşet və digər mobil cihazlardan elektron kitab oxu­yanların sa­yı kitabxanalarda kitab axtaranlardan çoxdur.

Bəs elektron kitablar həqiqətən də ənənəvi kitabları əvəz edə bilərmi? Və nə üçün gənclər elektron ki­tablara da­ha çox üstünlük verirlər? Əksəriyyət belə hesab edir ki, məh­sul olaraq elek­tron və kağız ki­tabın fərqi yoxdur. Lakin elektron kitablar daha rahat və mü­na­­sibdir. Əlbəttə za­man keçdikcə elektron cihazlarla kitab oxunması rahat ol­du­ğundan bəziləri üçün ka­ğız kitabları əvəzləyəcəyi müm­kün­dür. Bəzi tədqiqatçılar isə he­sab edir ki, dün­yada olduqca aktual olan elek­tron kitablar elektron qurğular va­sitəsilə daha da geniş yayılmaqdadır. Bütün bunlar ölkəmizdə də elektron ki­tab­lara tələbatı ar­tır­dı­ğın­dan bu sahədə müəy­yən çatışmazlıqlar nəzərə çarpır. Bu boşluğu aradan qal­dır­maq üçün ali mək­təb­lərdə professor-müəllim heyəti hazırladıqları dərslik və dərs vəsaitlərini elek­tron for­mata keçirmək üzərin­də düşünməlidirlər. Bəzi mütəxəs­sis­lər iddia edir ki, elek­tron kitabların çoxal­ma­sı, kağız nəşrlərin sayının azalması isə ağacları kə­silməkdən qoruyacaqdır.

         Bundan başqa, elektron dərsliklərdə axtarış funksiyaları möv­cud­­­dur ki, bu da xüsusi məlu­mat­ların axtarılması prosesini sürətləndirir və asan­­­­­­­­­laşdırır. Elektron dərs­liklər asanlıqla daşınan cihazlarda, o cümlədən kom­­­­­­­­pü­terdə, lep­top, planşet və mobil telefonlarda istifadə oluna bilir. Elek­tron kitabda fayl dedikdə oraya – şəkil, qrafik, diaqram, səs də daxil edi­lə bi­lər. Elektron kitabları planşet kompüter sinfinə da­xil etmək olar. Plan­şet fərdi kom­püterin adi kompüterdən fərqi onun məhdud funk­siyaları av­tonom iş za­ma­nı geniş vaxta malik olmasıdır. Müasir elektron kitab­lar adətən, sensorlu ekran ilə təchiz edilirlər və geniş funksiyalar toplusuna malik olur­lar ki, bu da istifadəçinin təlabatlarını daha çox ödəyir. Ali məktəblərdə tələbə­lə­rin seminara hazırlıq, sər­bəst işlərin hazırlanması zamanı verdiyimiz tapşırıqlar nəticəsində multimedialı təqdimatların hazırlanması və nümayişi bacarıqlarının for­ma­laşdırılması onların orta məktəb təc­rü­bə­lərində pedaqoji prose­sin interaktiv üsul və texnologiyalarla təşki­lində mü­hüm rol oynayır.

Artıq elek­­tron tə­lim resurs­la­rı­­nın (ETR) di­dak­tik imkanlarının analizi informasiya təlim mü­hi­­tinin həyata keçi­ril­­­mə­si prob­le­mi­nin həllinə istiqa­mət­lən­mişdir. Bu sahədə rəqəmsal kitabxanaların, elektron ensiklopediyaların da rolu bö­­yükdür. Qloballaşma şəraitində təhsilin ən yeni və effektiv texnologiya­la­rı­na, o cümlədən bu istiqamətdə potensiallı kadrlara da ehtiyac yaranmışdır. Bu səbəbdən istər ali təh­sil müəssisələ­rin­də tələbələrin, istərsə də orta məktəblərdə şagirdlərin müasir təhsil stan­dartlarına uyğun hazır­lan­ma­sı qar­şı­da duran əsas vəzifələrdən biridir. Həmçinin öyrənənlərin tədqiqatçılıq meyllərinin və yaradıcılıq potensialının inkişafı da nəzərdən qaçırılmamalıdır. Cəmiyyətlərin inkişafı təhsilə qoyulan yatırımlardan asılıdır. Bu işdə pro­fessor-müəllim heyəti yeni­lik­ləri iz­lə­yən, müasir, dünya təcrü­bəsindən xə­bər­dar, ən yeni texnologiya­lar­dan isti­fa­də etmək potensialı­na malik olmalı və bu­na xüsusi səy göstərməlidirlər. Son aylar yaşadığımız problemlər bütün dünyada modern texnologiya və proqramlardan istifadənin zərurətini dərk etdirməklə yanaşı, müxtəlif sahə mütəxəssislərinin öz sahəsində yeniliklər etmək məcburuyyəti yaratmışdır. Qədəm qoyduğumuz yeni dünyada bizi hansı sürprizlərin göz­lə­diyini bilməsək də perspektiv planların hazırlanmasına başlamalıyıq. Bunun üçün də yeni formatda yaşamağa uyğunlaşmaq tələbinə şəxsi fəaliyyətlə cavab verilməlidir. Bu səbəbdən  Azərbaycan dövləti istifadəmizə geniş imkanlar vermişdir. Naxçıvan MR və Naxçıvan Dövlət Universiteti, bütövlükdə Azərbaycan cəmiyyəti bütün dövrlərdə müxtəlif sahələrdə ilklərə imza atmışdır. Ümidvarıq ki, XXI əsrin təhsil sisteminə də öz töhfələrimizi verəcəyik.

Müəllif: Zərövşən Babayeva

 Naxçıvan Dövlət Universiteti

Zoologiya kafedrasının dosenti,

 pedaqogika üzrə elmlər doktoru

                                                                                             dr.zarifbabayeva@gmail.com



YAZARLAR.AZ

===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ>>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

XANIM İSMAYILQIZINI TƏBRİK EDİRİK!

Xanım İsmayılqızı – şair, bəstəkar, tərcüməçi.

Bu gün gözəl insan, milyonların sevimlisi Xanım İsmayılqızının doğum günüdür! Ad günü münasibətilə dəyərli ziyalımızı təbrik edir, yeni-yeni yaradıcılıq uğurları arzu edirik!

“Ziyadar” Mükafatı – (diplom ) XANIM İSMAYILQIZI N: 069 10.04.2021 – BAKI.

Xanım İsmayılqızı eyni zamanda “Adı olmayan fəsil” adlı yeni kitabının işıq üzü görməsi münasibəti ilə “Yazarlar” jurnalı tərəfindən “Ziyadar” Mükafatına (XANIM İSMAYILQIZI N: 069 10.04.2021 – BAKI.) layiq görülüb.


YAZARLAR.AZ

===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ>>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

ZAUR USTAC – NƏZMİ ŞAH və ya KƏMALƏDDİN QƏDİM

Zaur Ustac – şair, publisist.

     NƏZMİ ŞAH və  ya  KƏMALƏDDİN QƏDİM

 ON  DOQQUZUNCU  YAZI

        Salam olsun, ey dəyərli insan, əziz və çox hörmətli oxucum. Dünyadakı kəlmələrin sayı qədər uca Yaradana şükürlər olsun ki, yeni bir söhbəti bizə ərmağan etdi. Sizlərlə yeni bir görüş şansı verdi, bizlərə… Bu dəfə işığına yığışıb, hənirtisinə isinəcəyimiz sözün-söhbətin sahibi, səbəbkarı tanınmış söz adamı, sevimli şairimiz sözü də özü kimi qədimi-qayim olan Kəmaləddin Qədimdir. And olsun uca Yaradana ki, mən bu kişini min illərdir tanıyıram (…bəziləri birisi haqqında söhbətə başlayanda deyir ha, mən bu adamı 5-6 ildir filan yerdən tanıyıram, məhz onlar üçün…), ruhum ruhunu, sözüm sözünü, fikrim fikrini tanıyır… Eyni coğrafiyada yaşayıb, eyni havanı uduruq, eyni suyu içirik, eyni dərdi çəkirik…  Yuxarıda əbəs yerə qeyd etmədim ki, sözü də özü kimi qədim. Sözün bu yerində qısa bir haşiyəyə çıxmaq istəyirəm. Ümumiyyətlə hansısa bir məclisdə söz düşəndə, və ya kimsə şəxsən müraciət edib məsləhət istəyəndə  mən həmişə adların insanın həyatında (hətta cansız əşyaların da məsələn kitabın, hər hansı ixtira olunmuş cihazın və s.) mühüm rol oynadığını qeyd edir və xüsusi ilə gənclərə öz övladlarına ad verəndə diqqətli olmağı tövsiyə edirəm. İndi qayıdaq söhbətimizə. Bəli Kəmalədin Qədimin  sözü-söhbəti çox qədim, zəngin və rəngarəng, eyni zamanda zamansız, ümumbəşəri və aktualdır. Bu qədimlik və  kamillik heç də təsadüfi deyil. Bütün mövcudatın bir səbəb və məqsədi olduğu kimi bu göz önündə olan “Qoca palıd”-ın torpağın altında qalan kökləri də var əlbət. Qəhrəmanımızın, böyüyüb boya başa çatdığı coğrafiyaya, mühitə, aldığı təlim-tərbiyəyə, təhsilə, yiyələndiyi  ixtisasa baxaq… Daşıdığı ada, özünə götürdüyi əslindən, nəslindən əsrlərdən bəri süzülüb gələn təxəllüsə baxaq (…bir daha vurğulamaq istəyirəm ya adlar bizi axtarıb tapır, ya biz adlara görə inkişaf edirik-uyğunlaşırıq…) Kəmaləddin Qədimin dünyaya göz açdığı məkan, qədəm basıb yeridiyi torpaq Adəmin keçdiyi, Nuhun endiyi, “Mağara əhlin” uçduğu, Arazın min illərdir bütün bunları sakitcə seyr etdiyi (… suyun lal axanı…), Günəşin yandırıb yaxdığı, amansız şaxtaların dondurduğu bəşəriyyətin və dünya alimlərinin qədim bilib, müqəddəs hesab etdikləri bir yerdir. Mən istənilən şəxsin  xüsusi ilə uşqalıq ilərini – təxminən 6-7 yaşa – məktəbə gedənə qədər hansı mühitdə, necə keçirməyinin, ətrafdakı  yaşlı insanlardan nələr əxz etdiklərinin onun bütün gələcək həyatının tam yarısını formalaşdırdığına əminəm. Əsldən-nəsldən gələnləri bura əlavə etsək, üstəgəl dünyanın mədəniyyətlərin birləşib qovuşduğu, bəlkə də yaranıb paylaşıldığı, Qərbin Şərq üçün qapı hesab etdiyi, Şərqin Qərbə pəncərə bildiyi nöqtəsində yaradıcı şəxsiyyət kimi formalaşdığını göz önünə gətirib, yuxarıda qeyd olunan fikirləri  bir daha həqiqət çırağında şüurun süzgəcindən keçirib əminliklə söhbətimizə davam etmək istəyirəm.

Sözü-söhbəti qədim söz adamının yazdıqlarına gəlincə, hal-hazırda mənim iki dəfə tam sıfırlanıb  (dağılmış-tam paylanmış), dəfələrlə seyrəldilmiş (ən azı üçdə ikisi paylanmış) kitabxanmda Kəmaləddin Qədimin “Burdan ayrılıq keçib”, “Günahı yazan mələk”, “Yolu ürəyimin üstdə gedirəm” adlı kitabları var. Bunu qeyd etməkdə qəsdim, yəni min illərdir bir-birimizi tanısaq da yazdıqları ilə də kifayət qədər tanışam. Bugünkü söhbətimizi uca Yaradanın izni və yardımı ilə bu yaxınlarda işıq üzü görmüş, yeni olan “Yolu ürəyimin üstdə gedirəm”  adlı kitabının daha doğrusu bu kitaba daxil edilmiş şeirlərinin üzərində qurmağa çalışacam. Söz-söhbət yenə özünü çəkir ad məsələsinin üstünə. Əslində kitabın adı artıq içindəkilər barədə oxucuya kifayət qədər informasiya ötürür (necə deyərlər, “arifə bir işarə bəs eylər”). Sözsüz ki, bu müəllifin ən başlıca uğurudur. Kitaba daxil edilmiş ilk şerin hər bənddə təkrarlanan bir sətrin həmin şeirə başlıq seçilməsi, sonra kitabın üzünə çıxarılması, ad seçilməsi heç də təsadüfi deyil və bu şeirdəki, bu misradakı fikir, qayə demək olar ki, heç yolundan  sapmadan kitabın sonuna qədər davam edir (onu qeyd edim ki, başqa-başqa şeirlərdən ibarət olub, ayrı-ayrı zaman və məkanlarda qələmə alınmış nəzm əsərlərindən ibarət bir kitabda bunu gözləmək elə də asan məsələ olmayıb, hər müəllifə də nəsib olmur ), kitabın sonundakı adsız şeirdə “…yenə səni düşünürəm…” deyən şair, yolun davam etdiyini, axtarışda olduğunu bildirir. Məncə bu arayış haqq aşiqinin ömrü boyu davam edir və hətta belə insanların özləri cismani olaraq həyatda olmadıqları zamanlarda belə, cismən var olan başqaları onların sözlərində haqqı aramağı davam edirlər. Bizim bəxtimiz onda gətirib ki, şairin sağlığında onun sözü haqqında söz demək qismətimiz olub. Hansı məsələ onu qane etmirsə və ya hansı fikirlə razı deyilsə iradları qəbul etməyə və dinləməyə hazırıq. Ümumiyyətlə, düşünürəm ki, bu qəbildən olan yazılarda biz nə qədər çalışsaq da söz sahibinin nə demək istədiyini yüzdəyüz aça bilmirik məhz bu səbəbdəndir ki, kimsə nə vaxtsa üç bəndlik bir şeir yazır, əsrlər boyu digərləri onu anlamağa, anlatmağa çalışır. Rübailəri, bayatıları çözələməyə çalışırıq. Xalı-xalçalarımızdakı naxışları öyrənirik… Yer üzündə müqəddəs amalına doğru addımlayan haqq aşiqi  bu yolda ayağını qoymağa yer tapmır. Onun bu yolu “Bu dərd-Vətəndi”, “Çəkilər Tanrının verdiyi cəza”,”Axirətin bayram olsun”,”Məddah”,”Mənə də Vətən verin”,”İllər yorğunu qadın”,”Gedirəm, dur yola sal”, “Ölürsəm…,” misrası ilə başlayan adsız şeirlərində ümidləndiyi enişli,ümidsizliyə qapıldığı  yoxuşlu dağlardan, qəfil haqlamış yaz yağışnda islanıb yuyunduğu, ruhu arındırıb, qəlbi fərahlandıran yamaclardan, buz bulaqlarından içib rahatlıq tapdığı yaylaqlardan, pis fikirləri dondurub yox edən qarlı-şaxtalı düzlərdən keçir. Alatoranda sanki, göyüzündən asılmış kimi görsənən sağda, solda sıralanmış leylək yuvalarının arasından keçən bu yol sonda öz xeyməsinə çatır. Cism məkanı qəbul edib rahatlıq tapsa da,  ruh dincəlmir,  zamana – məkana sığımır. Aramaqda, düşünməkdə davam edir. Məhz bu arayış yaşadır insanı, söz adamını. Aramaqda davam edin. Ata sözlərinin əhəmiyyəti böyükdür: “Axtaran tapar”

“Yolu ürəyimin üstdə gedirəm”  kitabındakı şeirləri oxuduqca, yuxarıda qeyd etdiyim kimi, şeirlər müxtəlif adlarla adlandırılmasına və adsız olaraq sıralanmasına baxmayaraq, ilk misradan sonadək sözün əsl mənasında ayağımız yerə dəymədən şairin fikir dünyasının yaratdığı çəkisizlik şəraitinə düşür, necə deyərlər əlimiz-ayağımız yerdən-göydən üzülür, sanki, ruh kimi söz dünyasının ənginliklərində süzürük… Bu boyda (…əlbətdə nisbi olaraq…) dünyada nəinki ayağını qoymağa bir qarış yer tapmayan , hətta baş barmağının  ucunda  belə gəzməyə hazır  olsa da, fəqət Yer üzündə belə bir nöqtə olmadığından yox olan varları yüklənib, varmış kimi görsənən əslində yox olan yoxluqda bizi öz ardınca səyahətə aparır. Şairin ayaq izlərinə basaraq addımladığımız bu yolda nələri görmürük, İlahi??? Film kimi seyr etdiyimiz səhnələrdə yayın istisində, qışın soyuğunda azyaşlı pinəçi uşağın gün ərzində qazandığı qəpik-quruşla, polisi, dilənçini, dönərçini, aptekçini, sonda qoca gülsatanı və nəhayət məhəllə dükançısını sevindirdikdən sonra üzündəki xüsusi nəşə ilə qaça-qaça evlərinə girib anasını da necə sevindirdiyini görürük. Ancaq, yolun o biri tərəfində müştərisindən indicə bir milyon ödəniş alıb, onu gözləyən borclu olduğu iş ortaqlarına yüz min, iki yüz min, beş yüz min elə ordaca paylayıb, çatmayan ortağına utana-utana, and-aman edə-edə iki yüzü uzadıb sən Allah bir az səbr et indi gətirəcəklər onda verərəm deyib, on dəqiqə ərzində üç başqa-başqa yeniyetmə  varlı dayı ovçusundan gələn zənglərə hə canım, hə balam, deyə-deyə cavablarla razı salıb, fırladan  yaşı altmışı çoxdan keçmiş, artıq nəfdən yaşayan  adı milyonçu iş adamı, digər tərəfdə bu iş adamının pullu xala ovuna çıxmış yeniyetmə ilə mazaqlaşan  halalca zövcəsinin səsi deyib gülsə də üzündəki, gözündəki kədər… Bu yolla getdikcə sanki, gah doxsanıncı illərdən əvvəlki dünyanın insanları, gah da müasirlərimizlə rastlaşırıq… Heç nəyi olmayıb, kasadlıq içində xoşbəxt olan insanlar və hər şeyi olub, boluq içində  bədbəxt, kədərli görünən insanlar keçir gözümüz önündən… Kəmaləddin Qədim sözünün qüdrəti ondadır ki, bu görüşlər lokal, məhəlli xarakter daşımır. Bu fikirlər necə ki, Suriya, Livan, və s. Şərq ölkələrinə aiddir, Böyük  Britaniya, Fransa və başqa irəlidə olduğu söylənlən bu kimi Qərb ölkələrinə də şamil etmək olar. Yəni insan dünyanın harasında olursa olsun, insandır və şairin qaldırdığı problemlər hər yanda mövcuddur. Sanki, dünya insanının dünyadan əli üzülüb, sadəcə oturub sonun çatmasını, cənabi Əzrailin zühurunu gözləyirlər… Belə götürəndə yəni insan vətəndə vətənsiz, dünyada dünyasız qalıb və bunun yeganə günahkarı da məhz insan özüdür. Şairin bütün kitab boyu demək istədiyini qısa şəkildə  şəxsən mən özüm üçün belə ümumiləşdirirəm.

Kəmaləddin Qədim sözünün gücü yuxarıda qeyd etdiyimiz mənbələrdən əlavə, sözsüz ki, onun yaşadığı zamanın iki əsrin ən keşməkeşli kəsmlərindən keçməsi ilə əlaqəli ola bilər. Hər halda bu qeyd etdiklərimiz bizim mülahizələr və tamamilə subyektiv fikirdir. Ancaq, bütün bunlarla belə bizim və sizin nə düşünməyimizdən asılı olmayaraq, Nizami sözü nə qədər nizamlı, Dədə  sözü nə qədər ürfanidirsə, Vurğun sözü nə qədər Azərbaycana vurğunluqdan qaynaqlanırsa, Kəmaləddin Qədim sözü də o qədər qədim və düşündürücüdür. Xüsusi ilə indi yazan yoxdur deyib, nümunə gəzən  gənclərə tövsiyəm odur ki, Kəmaləddin Qədimi oxuyanların hamısı ondan razıdır. Baxmayaraq ki, ondan razı olanlar bir-birlərindən narazıdırlar.

Sona qədər həmsöhbət olduğunuz üçün dərin təşəkkürlərimi bildirir, uca Yaradanın dünyanın bəzəyi olan insana bəxş etdiyi ən dəyərli nemət olan zamanınız bu sətirləri oxumağa həsr etdiyinizə görə minnətdar olduğumu nəzərinizə çatdırır, qarşınızda baş əyirəm. Var olasız. Yeni-yeni görüşlər ümidi ilə. Hələlik.

08.03.2019, Bakı.


QEYD:

Məqalə müxtəlif vaxtlarda fərqli saytlarda yayımlanmaqla yanaşı “YARADANLA BAŞ-BAŞA” və “QƏLƏMDAR” kitablarında ON DOQQUZUNCU yazı kimi müstəqil məqalə şəklində yer almışdır. Eyni zamanda“Nəzmi şah və ya Kəmaləddin Qədim”, “Həftə içi”, 12.03.2019, say: 47 (3095), s.8. dərc olunmuşdur. 


Müəllif:
 Zaur USTAC

YAZARLAR.AZ
===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ>>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Araz Şəhrilinin “Səfəvilər: paralellər, ehtimallar, həqiqətlər” kitabından – “YASİN”

F

Araz Şəhrilinin “Səfəvilər: paralellər, ehtimallar, həqiqətlər” kitabından

YASA – YASNA – YASN – YASİN

Müqəddəs “Qurani-Kərim”in 36-cı surəsinin adı “Yasin”- dir. 83 ayədən ibarət olan bu surəyə “Quran”ın qəlbi də deyilir. “Yasin” sözünün dəqiq mənası bəlli deyil. Bəzi təfsirçilər onun sadəcə ərəb dilindəki “ya” və “sin” hərflərindən ibarət olduğunu deyir, digərləri həmin surədəki “ya” və  “sin” hərflərinin sayında müəyyən qanunauyğunluq axtarır, başqaları “ey insan” anlamı verdiyini ehtimal edirlər. Bir təfsirə görə, “Yasin” adı altında Muhəmməd Peyğəmbər nəzərdə tutulmuşdur. Qeyd etmək lazımdır ki, “Yasin” surəsinin 2 – 4- cü ayələrinin məzmunu da faktiki olaraq sonuncu fikri təsdiq edir.

Zərdüştilərin “Avesta” kitabının birinci və zərdüştiliyin ən mühüm qaydalarının əks olunduğu hissəsinin adı “Yasna”-dır. Bu söz parfiyalıarın dilində  “Yasn” formasında olmuş və  “ibadət et” mənasını vermişdir. “Yasna” həyatın üç dövrü haqqında təlimdir. Birinci dövrdə ruhani və material aləmdə xeyir hökm sürmüşdür  ikinci dövrdə xeyirlə şər arasında mübarizə gedir, üçüncü dövrdə isə xeyir şərə qalib gələcəkdir.

Yeri gəlmişkən “Yasin”  surəsini də şərti olaraq üç hissəyə – Tovhid (Allahın təkliyi, başqa sözlə, xeyirin mütləq və şəriksiz hakimiyyəti), Nübuvvət (Peyğəmbərlər, yəni xeyirlə şərin mübarizəsi) və Qiyamət (xeyirin şər üzərində tam qələbəsi) haqqında ayələrə bölmək olar.

Qədim türklər və monqollar öz qanunlarına cəm halında “Yasa” deyirdilər. Yasa sözünün monqol dilindəki “jasaq” (təşkil et, idarə et və s.) sözündən yarandığı da iddia edilir.

Ola bilsin ki,  bu oxşar sözlərin ifadə etdiyi bir məna da “yaşa, yaşam”, yəni “həyat”dır. Yeri gəlmişkən, “Tövrat”ın birinci kitabı olan, dünyanın və həyatın yaranmasından bəhs edən “Sefer maase be-reşit” in adı ivrit dilində “ilk, başlanğıc, əvvəldə” və ya “həyatın  əvvəli haqqında kitab” mənalarını  verir. Bu ad Avropa dillərinə “Genesis” (mənşə, yaradılış), rus dilinə “Бытие” (həyat, olum), Türkiyə türkcəsinə “Tekvin” (yaradılış) kimi tərcümə olunmuşdur.

Daha vacib və maraqlı, elmi şəkildə müxtəlif mötəbər mənbələrə istinad olunaraq əsaslandırılmış məlumatları  Araz Şəhrilinin “Səfəvilər: paralellər, ehtimallar, həqiqətlər” kitabından əldə etmək olar.


Müəllif: Araz ŞƏHRİLİ


===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ>>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.r

Mahirə NAĞIQIZI ADPU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru təyin olunub

Professor Mahirə Hüseynova

Professor Mahirə Hüseynova ADPU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru təyin olunub

Azərbaycan Respublikasının Təhsil nazirinin müvafiq əmri ilə professor Mahirə Hüseynova Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Beynəlxalq əlaqələr üzrə prorektoru təyin olunub.

QISA ARAYIŞ

Professor Mahirə Hüseynova 1960-cı ildə Naxçıvan Muxtar Respublikasının Babək rayonunda anadan olmuşdur. 1968-ci ildə Xalxal kənd səkkizillik orta məktəbin birinci sinifinə daxil olmuş, orta təhsilini Mehdi Hüseynzadə adına Novxanı qəsəbə 1 saylı orta məktəbində davam etdirmişdir. 1980-ci ildə V.İ.Lenin adına Azərbaycan Pedaqoji İnstitutunun (indiki ADPU-nun) Filologiya fakültəsinə daxil olmuşdur. Təhsil aldığı illərdə xüsusi fəallığı ilə seçilmiş və 1984-cü ildə fərqlənmə diplomu ilə məzun olmuşdur. Məzun olduqdan sonra bir müddət orta məktəbdə müəllim işləmiş, fəaliyyəti dövründə Təhsil Nazirliyi tərəfindən “Respublikanın qabaqcıl təhsil işçisi” adına layiq görülmüşdür. 2003-cü ildə “İlin nümunəvi müəllimi” Respublika müsabiqəsinin qalibi olmuş, I dərəcəli diplom almışdır. 2012-ci ildə namizədlik dissertasiyasını müdafiə edərək “filologiya üzrə fəlsəfə doktoru” elmi adını almışdır. 2015-ci ilin mayında ADPU-nun Müasir Azərbaycan dili kafedrasının dosenti, dekabrında isə müdiri olmuşdur. Mahirə Hüseynova 2017-ci ildə filologiya üzrə elmlər doktoru elmi dərəcəsini almışdır. 1 il sonra isə ADPU-nun Müasir Azərbaycan dili kafedrasının professoru seçilmişdir. 2018-ci ildən ADPU-nun “Filologiya” fakültəsinin dekanı vəzifəsində çalışmışdır. Mahirə Hüseynova həmçinin Prezident təqaüdçüsü, “Qızıl qələm” və “İlin alimi” Media Mükafatı laureatıdır. Mahirə Hüseynova 30-dan çox elmi, 15 bədii kitabın və 1000-ə yaxın şeirin müəllifidir. 100-dən çox şeirinə musiqi bəstələnmişdir. 2020-ci ildə Türkiyədə keçirilmiş musiqi festivalında M.Hüseynovanın müəllifi olduğu “Vətəndir” şeirinə məşhur türk bəstəkar Ərdoğan Tozoğlu musiqi bəstələmişdir.

Mahirə Nağıqızı “Filoloq” qəzetini incələrkən

Bu yeni təyinat münasibəti ilə Mahirə xanımı təbrik edir, yaradıcılıqda, elmi və pedaqoji fəaliyyətində yeni-yeni uğurlar arzu edirik! Uğurlarınız bol olsun, mahirə xanım!!!


YAZARLAR.AZ

===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ>>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

“YAZARLAR” JURNALININ APREL SAYI İŞIQ ÜZÜ GÖRÜB – YAZARLAR

YAZARLAR JURNALININ APREL SAYI

JURNALIN BU SAYI DƏDƏ ƏLƏSGƏRƏ HƏSR OLUNUB

BU  SAYDA YER  ALAN  YAZARLAR:

Baş redaktorun guşəsi………………………………………….. 3

Ayətxan Ziyad (İsgəndərov). II Qarabağ Müharibəsinin

salnaməsini yazanlar……………………..4

Taleh Xəlilov. Gənc tədqiqatçının ilk əsəri………………………………………………15

Təranə Məmməd. Qaranlıqdan işığa…18

Mehmet Faruk Habiboğlu. Dağlar……27

Leyla Koçak Oruç. Coşma………………..28

Lalə İsmayıl. Daş imiş………………………32

Zaur Ustac. Məşəqqət………………………..35

“TƏRƏFSİZ ƏDƏBİYYAT TARİXDİR!” layihəsi çərçivəsində ödənişsiz əsaslarla nəşr olunur. Qiyməti: Pulsuz

 ∑ = 41 səh.                Çapa imzalanıb: 05.04.2021.

YAZARLAR JURNALININ APREL NÖMRƏSİ

YAZARLAR JURNALININ APREL SAYI PDF:

“YAZARLAR” JURNALININ DİGƏR SAYLARI

Baş redaktor: Zaur USTAC

YAZARLAR.AZ
===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ>>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Xəyalə Zərrabqızı – Vaxtdan uca Adam…

İmdat Avşar – yazar.

Vaxtdan uca Adam…

İllər öncə mətbuatda qarşılaşdığım bir fotonu uzun zamandır qəlpə kimi ruhumda, ağrı kimi yaddaşımda daşıyıram: Yəməndə bir müxbir məlum hadisələrdən sonra körpə bir qızcığazın rəsmini çəkmək amacıyla fotoaparatın obyektivini dağıntıların üstündə oynayan həmin uşağa sarı tuşlayır. Əlində yavan çörək yeyən, nimdaş əyin-başından, baxışlarında düyünlənən bir gilə göz yaşı qarışıq intizardan, balaca varlığından kədər yağan 4 yaşlı Hayde adlı bu məsum yavru fotoaparatı silah zənn etdiyindən hər iki əlini havaya qaldırıb təslim olduğunu göstərir. İllər ötüb o şəklin üstündən… Amma bu gün də Haydeni xatırlayanda həyat onun balaca əlindəki yavan çörək kimi boğazımda düyünlənir, udquna bilmirəm…

Müharibə dünyanın ən böyük ədalətsizliyidi… Orda uşaqlar ölürlər… Məsələ fiziki ölüm deyil.. Uşaqların əllərindən alınan, öldürülən uşaqlığıdır müharibə…

Corc Oruellin “Boğuluram” romanının qəhrəmanı savaşdan öncəki dövrü belə təsvir edir – “müharibədən əvvəl həmişə yay idi”… Çox uğurlu ifadədir. Müharibədən öncəki qarlı-sazaqlı qış belə sənin yaddaşında yay kimi qalır, qayğısız, xoş, rəngarəng…

İndi İmdat Avşarın “Kafa kağıdı” hekayəsini oxuduqca bir həqiqəti özlüyümdə dəqiqləşdirir və bütün qəlbimlə anlayıram ki, müxtəlif dillərdə qonuşan, fərqli gələnəklərə sahib olan insanların, ələlxüsus da körpələrin göy qurşağını andıran rəngli dünyalarını bomboz bozardan boyanın (?!), lüğətdəki  heç bir sözlə ifadə olunmayacaq ən böyük ədalətsizliyin adıdır müharibə… “Göy üzünün sehirli çubuğu hər mövsüm başqa bir rəngə boyayırdı bağları… Sonra bir tufan qopur, sarı xəzan boyasını çəkib alırdı bağçaların üstündən; ağacları soldurub bəmbəyaz qış boyası çiləyirdi bağçalara… ”

İmdat bəyin əlindən yapışıb uşaqlıq dünyasına səyahət edirəm, qarşımda geniş üfüqlər açılır… Mənə elə gəlir ki, sehrinə düşdüyüm aləm – bu sirli dünya yazarın ana vətənidir… Bir uşaq yaddaşına hopan və heç zaman çalarlarını itirməyəcək bəzəkli dünya, min rəngə bələnən təbiət, yerlə göyün ideal harmoniyası… Yazıçının bu təsvirləri uşaqlığın qayğısız rənglərini özündə ehtiva edir sanki… 

Hətta bu əlvan dünyaya müəllif təhkiyəsi ilə bir başqa çalar də əlavə olunur: “toyuqların ayaqlarına bağlanan rəngli şıbaklar… onları bir uşaq kimi aid olduqları ailənin üzvünə çevirirdi. Biz də yaddaşımıza yazırdıq o rəngləri, damğaları, işarələri… O kiçik dünyadakı hər kəs həmin rənglərin və işarələrin dilini bilirdi. Bir də ehtiyacın və yoxsulluğun dilini…”

Göy üzünün pəmbə buludlarla əhatələndiyi, bütün çatışmazlıqlara, ehtiyaca və yoxsulluğa rəğmən dünyanın gözəl zamanlarının tablosunu çizir İmdat bəy… Hər simgəsi bir başqa çalarlı, hər detalı dərin bir anlam daşıyan… Hər cümləsi məna yükü ilə dolu…

“Kafa kağıdı”nı oxuduqca düşünürəm ki, bizim təkcə ədəbiyyatlarımız qardaş deyil, bizim həm də Analarımız doğmaca bacı imiş. Əbdürrəhim bəy Haqverdiyevin “Mütrüb dəftəri”ndəki  “Novruz bayramı ilə aşura bir günə düşən ili”, “Gün tutulan ili” doğulanların törəməsiyik biz də… Təkcə köklərimiz, gələnəklərimizlə bir-birimizə bağlı deyilik, ağrıları eyni boyutda, kədəri eyni rəngdə, taleyi bir-birinə bənzəyən adamlarıq…

…“Qara məktəbli formasında ibtidai sinfə gedirdik. Formalarımız da bəxtimizə işarə edirdi, sanki. Məktəbin qar kimi dümağ həyətinə səpiləndə o kağızın üzərində qara nöqtələrə dönürdük, bir-birimizin arxasında cərgələnirdik” – deyən İmdat bəy sanki şahmat taxtasına oxşayan dünyanın üzərindəki fiqurlar kimi təsvir edir uşaq dünyasının sakinlərini…

Hamısının şəcərəsi nənəsiylə başlayan bu cocuqların işıqsız evləri də bir-birinə bənzəyir, sol yanı yarım qalan çiləkeş anaları da…

Əsər boyunca Anasının sözlə rəsmini çəkir – obrazını yaradır İmdat Avşar… Ən doğma adamımla qarşılaşıram sanki  o danışanda… Çoxdan tanıyıram mən o nur topası qadını… “Anamın saatları”ndan doğmalaşmışıq… Heç oxuma-yazması olmasa da, bircə hərf tanımasa belə bu Ana dünyanın ən böyük adamıdır… Müəllimi dövlət, dediyi sözü fərman bilən qocayürəkli Ana… Kimliyi olmayan körpə bir yavruya qol-qanad gərib, ərsəyə gətirən… İmdat Avşar düşüncədə bir övlad yetişdirən Ana… Dünyaya xeyirxahlıq, yaxşılıq toxumu səpən səxavətli bir Ana… Özünü  yavrularına fəda edən, onları qaranlıq dünyadan işığa çıxarmaq üçün ömrünü körpüyə çevirən Ana… Ciyərparəsinin yaşıdlarından seçilməsinə qıymayan, şəhadətnaməsini ala bilməsi üçün dünyanın ən məsum “rüşvət”ini müəllimə yollayan safqəlbli Ana… “Anam ağızbaağız doldurduğu bir çinik lobyanı torbaya boşaltdı, şələlədi kürəyimə: “Di, yüyür!” – dedi. -“Bunu müəlliminə ver, şəhadətnaməni al, gəl!”. Lobya torbası kürəyimdə elə qaçırdım ki, elə bil, uçurdum… Sanki topuqlarım kürəyimə dəyirdi… Qaçırdım, amma bir tərəddüd vardı içimdə. Qiymət cədvəlimdə dərslərin qarşısında “əla” yazılmışdı. Görəsən, şəhadətnamədə də elə yazılacaqdımı?”

 Müəllifin dili o qədər aydın, rəvan, təhkiyəsi o qədər axıcı və görümlüdür ki, təsvir etdiyi hadisələr sanki kino lenti kimi oxucunun gözlərində canlanır.

“Kafa kağıdı” sıradan bir hekayə deyil, İmdat Avşarın kimliyidir, əslində… Yaradıcılığından bir tək bu əsəri oxumaqla İmdat bəyi şəxsiyyət kimi dərk edə bilir adam… Hekayədə ədib həm obraz baxımından özünü yaradır, həm də əsərin problematikasına söykənərək hətta insanın öz-özünə etiraf edə bilmədiklərini,  bütövlükdə xatakterinin hər yanını aça bilir.

İnsanlar kimi sanki əsərlərin də, obrazların da taleləri arasında doğmalıq, bağlılıq olur. “Kafa kağıdı”nı oxuduqca nədənsə qeyri-ixtiyari İmdat Avşarın “İtmiş bahar nərgizi” hekayəsi beynimdə canlandı. “Kafa kağıdı”ndakı körpənin “İtmiş baharın nərgizi”ndəki çiçəklə bir mübhəm bağlılığını və bütün bunların yazarın ağrılı uşaqlıq xatirələri ilə assosiasiyası olduğunu düşünürəm.

Balaca yavru “kafa kağıdı”nı, balaca nərgiz fidanı isə “bahar”ını itirib. Hər ikisi itkidi… İtirməyin yaşatdığı ağrıdı… İtkinin açdığı və heç bir məlhəmlə sağalmayacaq dərin izdi, qaysaq tutmayan duyğulardı…

Yaratdığı obrazın müəllifin öz daxili dünyasının bir parçası, prototipi, ruporu olduğunu düşünsək, İmdat bəy hələ çoçuqluğundan daxilindəki özgürlük və ruhani azadlığa meyil, bağımsızlıq düşüncəsi ilə hamıdan seçilib, təkcə kimliyinin olmamasıyla yox…

“İtmiş bahar nərgizi”ndə çiçəyin doğuluşunun təsviri “Kafa kağıdı”nda məktəblinin uşaqlıq çağı ilə yaxından səsləşir. Nənəmə: “Madəm ki, yer üzünə çıxanda o qədər rəngli, gözəl oluruq, o halda biz çiçəklər niyə bu qaranlıq zindanda gözləyirik?”-deyirəm.

Əslində, bu hekayədə “nərgiz” azadlığın, özgürlüyün işartısı olmaqla bərabər həm də qaranlığa və soyuğa üsyandır. “Buzu əridən bir eşq atəşi var biz nərgizlərdə… Bir qığılcımla bədənimizə eşq atəşi düşüncə bu qaranlığı yara-yara çıxarıq gün üzünə” deyir nərgiz.

İmdat Avşar öz içindəki bağımsızlıq eşqini məqamı gəldikcə hətta təbiət hadisələrinin də üzərinə köçürür və bu detal olduqca uğurlu alınır. “Bu qaranlıq pərdəsini yırtmaq istəyirəm. Torpağı, üstümüzdəki buz qatlarını dəlib başımı günəşə uzatmaq…” Bu, sadəcə bir nərgiz fidanının nə olursa olsun, bütün əzablara göğüs gərmək, günəşi görmək çırpınışları deyil, bu İmdatın içindəki məndir, daxilindəki hayrırışdır, ilahi səsdir, balaca, savunmasız bir körpəni İmdat Avşar edən iradədir, misilsiz zəhmətdir, həyata inad mənəvi dirənişdir…

         Ondan kimliyinin axtarışını tələb edən həyatın kəşməkəşində başını itirən körpə İmdat… Anasını “Div anası”ndan qorumaq üçün özünü sipər edən və səsi kimi xisləti də eybəcər dövlət qadının susdurduğu kimliksiz körpə… köməksiz körpə…

-“ Ey, sən! Sən nə istəyirsən?

Anamın “Div anası”nın qarşısında susduğunu, söz deyə bilmədiyini görüb sinəmi irəli verdim:

– Mənim “kafa kağıdı”m yoxdu!

“Div anası” barıt kimi partladı:

– Sən sus, kirpi!

Acıdan keçməyən şərqilər əksik olduğu kimi acılardan keçib durulmayan insan da yarımçıq kimidir… Ən böyük “Doğuluş” insanın mənəvi ağrıların bətnindən qopduğu, öz içindəki əzablardan keçərək durulduğu andır…

Zaman bütün acıların məlhəmidir… Zaman keçdikcə şahmat taxtasının üstündə mat olan fiqurlar…, qoparılmamaq, tapdanmamaq üçün köklərini nənəsinin kökünə saran, ona sıx – sıx sarılan nərgiz fidanları, işıqsız evlərdə “bir nənə, bir ana, dörd oğlan, üç qız” oynaya-oynaya qaranlığın səsini batıran, zülmətlərə meydan oxuyan körpələr yoluna qoyur ədalət tərəzisi əyilən dünyanın ölçü – mizanını, zaman çarxını…

“Qəribə bir kədər bürümüşdü məni, dürməyimi dişləyirdim, di gəl, dişlədiyimi udammırdım. Anam dayandı, bir rayona tərəf baxdı, bir də kənd tərəfə… Kəndə yaxınlaşmışdıq. Çarəsiz anamın gücü təsəlliyə çatırdı: Ağlama, quzum, ağlama… Atan gələr, “kafa kağıdı”nı da alar, laklı ayaqqabılar da…”

Dişlədiyi dürməyi ağzında böyüyən, bir loxma çörəyi boğazında qəhərə çevrilən, əlində kimliyi, ayağında laklı ayaqqabısı olmasa da İmdatın köksünə sığmayan böyük ürəyi vardı… Bu Tanrının ən böyük lütfü idi ki, onu balaca İmdata ərməğan etmişdi. Və İmdat o ürəyin işığına bürünüb bütün qaranlıqlara, zülmətlərə meydan oxuyacaq, bir zaman anasına bağıran, ona həqarətlə “sus, kirpi!” deyə susduran “div anaları”nın zəhər saçan dilini əbədiyyən lal edəcəkdi. Əzablara sinə gərərək böyüyən, çoçuqlar daha böyük adam olur. Bu, həyatın yazılmamış qanunudur…

İndi bütün dünya susub, İmdat danışır… İlahi ədalətin təcəllisi elə budur. Bu, aşağılanmağı o balaca ürəyinə sığışdırmayan, mayəsi saflıqdan və halallıqdan yoğrulan körpənin Tanrıya inamı və səbrinin mükafatıdır.

         Yazdıqları da başdan-başa İmdat bəyin özüdür, ürəyinin səsinin kağızın yaddaşın yaddaşına hopan əksidir.

Yaratdığı hər bir obraz isə müəllifin dünyaya baxdığı pəncərədən görünən bir bucaqdır. İmdat bəyin qələmində “Günəş” və “işıq” obrazları, günəşin şəfəqləri, gündoğumu ilə bağlı metaforlar onun içindəki ziyadan və bir insan olaraq düşüncəsindəki aydınlıqdan xəbər verir. “Kafa kağıdı”nda Günəşi “Aydınlıq atlısı” adlandırır İmdat Avşar. Sadəcə “aydınlıq” yox, həm də atlanan aydınlıq, qanadlanan aydınlıq…

Qanad demişkən, İmdat bəyin obrazlar qalereyasında “qayçının qanadları”, “dəftərin qanadları” kimi detallar diqqətimi çəkdi ki, bu da heç şübhəsiz, yazarın özgürlük düşüncəsi ilə birbaşa bağlıdır. Adidən adi bir kağız parçasında – dəftərdə, və ya bir dəmir parçasında – qayçıda qanad görə bilmək üçün elə qanadlı düşünməyi bacarmaq və dünyaya qanadlı baxmaq gərəkir.

Nədənsə mənə elə gəlir ki, qanadlı yazmağı, görməyi, düşünməyi,  bacarmaq üçün gərək adamın özünün də qanadları olsun… İmdat Avşar kimi…

İmdat Avşarın kitabı

Bəli, İmdat Avşar qanadları olan Adamdır… Bir qanadında üçrəngli Azərbaycan, bir qanadında isə şanlı Türk hilalı olan bu böyük insan hər iki qanadının altına sığdırdığı böyük Ədəbiyyatı türk dünyası və türk dühası üçün döyünən qoca ürəyində birləşdirir. Ürəyin var olsun, Böyük Adam!

İmdat Avşar adı ədəbiyyat üçün çox şey deməkdir. Ümumiyyətlə, bədii yaradıcılıqla məşğul olmasaydı, heç bircə sətir yazmasaydı belə sadəcə tərcümə işinə sərf etdiyi nəhayətsiz əməyi və ölçüyəgəlməz xidmətləri ilə İmdat Avşar imzası hər iki xalqın ədəbiyyatında – söz mülkündə öz dəyərini mütləq alacaqdı…

Ədəbiyyatımızın fədakar dostu, əziz İmdat bəy uşaqdan böyüyəcən bizim hamımızdan ötrü Dəyərdi… Sözü də… Özü də… Bu gün də belədir, sabah da belə olacaq…

Müsahibələrindən birində doğulduğu günün qeyri-dəqiqliyi ilə bağlı məqamı açıqlayan İmdat bəyin həmin kövrək söhbətini oxuyanda elə yazarın “Anamın saatları”, “Kafa kağıdı” hekayəsi qədər ağrıdım. Amma sonra elə İmdat bəyin qələmindən düşüncəmə sirayət edən işıqla, nikbin baxdım yaşananlara… Zamanın nə önəmi?!

Önəmli olan doğulmaqdı! Önəmli olan ömür sürmək yox, ömrü İmdat Avşar kimi dəyərləndirə bilməkdi… Önəmli olan yaşamaqdı, yaşamağı bacarmaqdı… Önəmli olan var olmaqdı… Varlığını təsdiq edə bilməkdi… kimliyin, təqvimin, vaxtın  mahiyyəti isə bu boyda Varoluşun qarşısında bir heçdir… sadəcə rəqəm və ya kağız parçası…

AYB sədri Anar İmdat Avşara ödül təqdim edərkən

Sözüylə, qələmiylə, düşüncəsiylə bütün bu nəsnələrin fövqündə dayanan İmdat Avşar şəxsiyyəti artıq Ədəbiyyat adına, Sənət adına, Böyük Söz adına fədakarlığın, dostluğun, qardaşlığın, bağlılığın kimliyinə, brendinə çevrilib…

Vaxtın nə önəmi?! Taleyinə meydan oxuyan, qədərinə qalib gələ bilən kəs  Vaxtdan uca Adamdır… İmdat Avşar kimi…



Müəllif:
Xəyalə ZƏRRABQIZI

filologiya üzrə fəlsəfə doktoru

XƏYALƏ ZƏRRABQIZININ DİGƏR YAZILARI



YAZARLAR.AZ

===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ>>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

PROFESSOR MAHİRƏ XANIM “FİLOLOQ” QƏZETİNİN YENİ SAYINI İNCƏLƏRKƏN

Mahirə Nağıqızı – alim, şair.

PROFESSOR MAHİRƏ XANIM “FİLOLOQ” QƏZETİNİN YENİ İŞIQ ÜZÜ GÖRMÜŞ NÖVBƏTİ SAYINI NƏZƏRDƏN KEÇİRİR.


Təqdim etdi: Tuncay ŞƏHRİLİ 


YAZARLAR.AZ

===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ>>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru