Baharla birgə qədəm qoydu Azərbaycan torpağına, baharı gətirdi Azərbaycana… Səməd kimi doğuldu, Vurğun kimi böyüdü, Vəkillik etdi Azərbaycana… Yeni gündə gəldi dünyaya, yenilik gətirdi Azərbaycana, Azərbaycan ədəbiyyatına… Bu gün dahi söz adamının, böyük el sənətkarı Azərbaycan durduqca yaşayacaq, hər Azərbaycan kəlməsi deyiləndə, eşidiləndə, yazılanda yenidən doğulacaq, Azərbaycanın özü kimi qədim, dağları qədər vüqarlı, həmişəcavan, həmişəyaşar Səməd Vurğunnun anadan olduğu gündür. Doğum günündə böyük ustadı rəhmətlə anırıq. Ruhu şad olsun. Amin.
Səməd VURĞUN – Səməd Yusif oğlu Vəkilov 1906-cı il martın 21-də Qazax rayonunun Yuxarı Salahlı kəndində bəy nəslinə mənsub bir ailədə anadan olmuşdur. Vəkilağalılar, sonralar isə Vəkilovlar adlanan nəslin 300 illik tarixi məlumdur. Şairin anası da həmin nəsildəndir. Vəkilağalılardan çox cürətli hərbiçilər, maarifçilər, həkimlər, şairlər yetişmişdir. Onlar çar Rusiyası dövründə Qazaxda, Tiflisdə, başqa yerlərdə yaşamış və işləmişlər. Şairin atası Yusif ağa kənddə, ömrünün son illərini isə Qazaxda yaşamışdır. O, çox səxavətli olduğundan öz var-dövlətini əlində saxlaya bilməmiş, yoxsullaşmışdır.Balaca Səmədin uşaqlığı çox acınacaqlı olmuşdur. 6 yaşı olanda anası Məhbub xanım 28 yaşında vəfat edir. Səməd atası Yusif ağanın və ana nənəsi Aişə xanımın himayəsində yaşayır. Aişə xanımın əri-şairin babası Mehdixan ağa öz dövründə elində, obasında Kuhənsal ləqəbi ilə tanınan şair idi. Görkəmli Azərbaycan şairi, Qarabağ xanı İbrahim xanın vəziri Molla Pənah Vaqif (1719-1797) də bu nəslə mənsub olmuşdur.Şair uşaqlıq illərini doğma kəndində keçirmiş, ilk təhsilini kənd məktəbində almışdır.1918-ci ildə görkəmli ədəbiyyatşünas və maarifçi Firudin bəy Köçərli Qori müəllimlər seminariyasının Azərbaycan şöbəsini Qazaxa köçürərək Qazax müəllimlər seminariyasını təşkil edir. Seminariya mütərəqqi bir maarif ocağı idi. Bu məktəbə qəbul olunan kənd uşaqları arasında Səməd və Mehdixan Vəkilov qardaşları da var idilər. Firudin bəy Köçərlinin həyat yoldaşı Badisəba xanım Vəkilova (Köçərli) şairin yaxın qohumu idi.Səməd Vəkilov gəncliyində o hər şeylə maraqlanan, həssas, şıltaq, bədəncə zəif, bununla yanaşı çox cürətli, möhkəm iradəli, hazırcavab idi. Təhsilə başladığı ilk günlərdən ondakı fitri istedad özünü göstərməyə başlamışdı. Bu illərdə o, Vaqif, Vidadi, Zakir və Sabir yaradıcılığı ilə yanaşı, A.S.Puşkinin, Y.M.Lermontovun və türk yazıçılarından Tofiq Fikrətin, Namiq Kamalın, Məhməd Əminin əsərləri ilə də tanış olur. Səsi olduğundan gözəl oxuyur, məharətlə şeir deyir, həvəskar tamaşalarda çıxış edirdi.1922-ci ildə şairin atası Yusif ağa, bir il sonra isə nənəsi Aişə xanım vəfat edir. Bundan sonra Səmədə və qardaşı Mehdixana onların bibisi qızı Xanqızı Vəkilova qayğı göstərir.Seminariyada o, ilk şeirlərini qələmə alır. Bunlar xalq poeziyası formasından biri olan lirik qoşmalar idi. Yazdığı şeirlər seminariyanın divar qazetində çıxırdı.Şairin ilk çap əsəri olan «Cavanlara xitab» şeiri 1925-ci ildə Tiflisdə çıxan «Yeni fikir» qazetində dərc olunmuşdur. Bu şeiri o, seminariyanı qurtarması münasibətilə yazmışdı.Seminariyanı bitirdikdən sonra Səməd Vəkilov Azərbaycanın bir sıra kənd və rayonlarında, o cümlədən Qazaxda, Qubada və dahi Nizaminin vətəni Gəncədə Azərbaycan dili və ədəbiyyatını tədris etməyə başlayır.Poeziya get-gedə şairin bütün varlığına hakim kəsilir. Gənc şair öz xalqını, vətənini, doğma torpağının əsrarəngiz təbiətini sevdiyi üçün «Vürğün» təxəllüsünü götürür. O, özü sonralar belə yazırdı:
Aşiqəm insana və təbiətə, Əlim qələm tutub yazandan bəri…
1929-cu ildə Səməd Vurğun İkinci Moskva Universitetinin ədəbiyyat fəkültəsinə daxil olur. Moskvadakı təhsil illərində o, fəal yaradıcılıqla da məşğul olur.Həmin illər yazdığı siyasi məzmunlu və lirik şeirlər onun 1930-cu ildə çap olunmuş «Şairin andı» adlı ilk kitabında toplanmışdır.1930-1940-cı illər-Vurğun istedadının çiçəklənməsi və yüksəlişi dövrüdür. 1934-cü ildə şairin «Könül dəftəri» və 1935-ci ildə «Şeirlər» adlı kitabları nəşr olunmuşdur. Bu dövrdə şair, poeziyamızın dilini bir çox əcnəbi sözlərdən təmizləyərək, ədəbiyyatımızı, dramaturgiyamızı yeni əsərlər hesabına zənginləşdirmişdir. Yalnız 1935-ci ildə Səməd Vurğun 7 poema və 100-ə yaxın şeir yazmışdır. 1934-cü ildə yazılmış «Azərbaycan» şeiri Azərbaycan ədəbiyyatının incilərindəndir. Bu şeirdə doğma Azərbaycanın qədim tarixi, təbii gözəlliyi, nemətləri, xalqımızın xeyirxahlığı, açıqürəkliyi və qonaqpərvərliyi öz əksini tapmışdır:Elə həmin il Səməd Vurğunun şəxsi həyatında yenilik baş vermişdir. O, Abdulla Şaiqin baldızı Xavər xanım Mirzəbəyova ilə ailə həyatı qurmuşdur.O, çox qayğıkeş və mehriban ata idi. Həyat yoldaşı Xavər xanım uşaqların şıltaqlığından şikayətlənəndə, Səməd Vurğun demişdi ki, mən özüm ana, ata qayğısından məhrum olmuşam, qoy uşaqlarım sərbəst böyüsünlər. Şairin Xavər xanıma və uşaqlarına həsr etdiyi şeirlər bu münasibətin gözəl ifadəsidir:
Yusifin, Vaqifin görüm var olsun, Aybəniz hamıdan bəxtiyar olsun. Yüz il də Vurğuna Xavər yar olsun, Ən əziz sirdaşım, köməyim sənsən .
Səməd Vurğun 1936-37-ci illərdə yeni əsərlər yazmaqla yanaşı tərcüməçiliklə də məşğul olaraq, A. S. Puşkinin «Yevgeni Onegin» mənzum romanını Azərbaycan dilinə tərcümə etmişdir:
Axıtdım alnımın inci tərini, Yanmadım ömrümün iki ilinə. Rusiya şeirinin şah əsərini Çevirdim ilk dəfə türkün dilinə.
Bu mənzum romanın tərcüməsinə görə şairə Puşkin komitəsinin «A. S. Puşkin medalı» təqdim olunmuşdur. Bu illər şair Şota Rustavelinin «Pələng dərisi geymiş pəhvəlan» əsərinin bir hissəsisini böyük ustalıqla tərcümə etmiş, bunun üçün Gürcüstan SSR MİK-in fəxri fərmanı ilə təltif edilmişdir. Eləcə də şair Taras Şevçenkonun, İlya Çavçavadzenin, Cambulun bir çox şeirlərini dilimizə tərcümə etmişdir.1937-ci ilin ikinci yarısında Səməd Vurğun özünün ölməz dram əsərini – «Vaqif»i yazır. «Vaqif» dramını 3-4 həftə ərzində, heyrətləndirici bir sürətlə tamamlayan şair əsərdə Molla Pənah Vaqifin faciəli həyatını, şair böyüklüyünü, insanlıq kamilliyini ustalıqla, məhəbbətlə əks etmişdir. «Vaqif» dramına görə Səməd Vurğun 1941-ci ildə «Stalin mükafatı laureatı» adına layiq görülmüşdü.1937-1938-ci illərin məlum hadisələri – qanlı represiyalar Səməd Vurğunu da «unutmamışdı». Onun yüksək sənət qüdrəti, nüfuzu və ona olan xalq məhəbbətinə qısqanan adamlar şairi millətçilik böhtanları ilə ləkələmək və cərgədən çıxartmağa can atırdılar. Müxtəlif dairələrdə dəfələrlə «onun məsələsinə» baxılmış, böyük şair «olum və ya ölüm» dilemması qarşısında qalmalı olmuşdur. Şairi «lazımi idarələrə» tez-tez çağırırdılar. Lakin Səməd Vurğun mənəvi iztirab keçirsə də, əyilməz iradəsi, cürəti, məntiqi və təsirli danışıqları ilə əleyhdarlarının planlarını pozmuşdu.Nizami Gəncəvinin 800 illik yubileyinə hazırlıq işində fəal iştirak edən Səməd Vurğun 1939-cu ildən başlayaraq Nizami haqqında məqalələr yazmış, elmi məruzələrlə çıxış etmiş, onun «Leyli və Məcnun» poemasını məharətlə dilimizə çevirmişdir.1939-cu ildə şair inqilabçı Xanlar Səfərəliyevin həyatından bəhs edən ikinci mənzum dram əsəri olan «Xanlar»ı yazmışdır. Həmin il onun «Azad ilham» kitabı nəşr edilir.1941-ci ildə Səməd Vurğun Nizaminin «Xosrov və Şirin» poemasının motivləri əsasında «Fərhad və Şirin» mənzum dramını yazır. Muharibə dövründə yazılmış bu dramda böyük vətənpərvərlik duyğularının tərənnümü xüsusi məna kəsb edirdi. Səməd Vurğun 1942-ci ildə bu əsərə görə ikinci dəfə «Stalin mükafatı layuratı» adına layiq görülür.Şairin yaradıcılığında Böyük Vətən müharibəsi dövrü xüsusi yer tütür. Müharibənin başlandığı gün Səməd Vurğunun yazdığı:
Bilsin ana torpaq, eşitsin Vətən, Müsəlləh əsgərəm mən də bu gündən.
– misraları şairin Xalq və Vətən qarşısında andı idi. Bu misralar təkcə şairin deyil, bütün Azərbaycan poeziyasının müharibə dövründəki yaradıcılıq proqramına, yaradıcılıq devizinə çevrilmişdi.Müharibə illərində sənətkar 60-dan artıq şeir, bir neçə poema, o cümlədən «Bakının dastanı»nı yazmışdı.Bu illərdə Səməd Vurğun sənətinin şöhrət miqyası çox genişlənir. Onun yazdığı «Ukrayna partizanlarına» şeirinin mətnləri təyyarədən Ukrayna meşələrinə səpələnərək partizanlara çatdırılmışdır.1943-cü ildə Amerikada keçirdiyi müharibə əleyhinə yazılmış ən dəyərli əsərlər müsabiqəsində şairin yazdığı «Ananın öyüdü» şeiri çox yüksək qiymətləndirilmiş və bütün dünya ədəbiyyatında bu mövzüda yazılan ən qiymətli 20 əsərdən biri kimi Nyu-Yorkda çap etdirilərək hərbiçilər arasında yayılmışdır. Müharibə illərində vətənpərvər şairin atəşin səsi ön cəbhədə, xəstəxanalarda, radioda daha əzəmətli səslənirdi. Müharibənin ağır şəraitində Səməd Vurğun Krım, Mozdok, Qroznı, Novorossiysk cəbhələrində olmuşdur. 1943-cü ildə onun təşəbbüsü ilə hərbi tədbirlər, cəbhəçilər və onların doğmaları ilə görüşlər keçirmək üçün Fizuli adına Ziyalılar evi yaranmışdır.1945-ci ildə yazdığı fəlsəfi dram olan «İnsan»da şair gələcəyi romantik vüsətlə əks etdirməyə çalışmış, müharibənin odlu-alovlu günləri içərisində insan zəkasının qüdrətini göstərmişdir. Səməd Vurğun məqalələrinin birində yazırdı: «Mən «İnsan» adlı beş pərdəli mənzum dram üzərində işləyirəm. «İnsan» mənim dördüncü mənzum dramımdır. Əsər üzərində böyük bir zövqlə işləyirəm, çünki tarixi mövzuda yazılmış əvvəlki üç pyesimdən fərqli olaraq mən birinci dəfə öz müasirlərimin surətinə müraciət etmişəm, onların gələcək nəslini təsvir etmək əzmindəyəm.»Şairin «İnsan» əsərində yaratdığı «Qardaşlıq şəhəri»ndə dünyanın eyni arzu və ideallarla yaşayan insanları toplaşmışdır. Müəllifin həmin pyesdə qoyduğu «Qalib gələcəkmi cahanda kamal?» dərin bəşəri, fəlsəfi, ritorik sual bu gün də və gələcək zamanlar üçün də aktual olaraq qalır.Səməd Vurğun təkcə məşhur şair deyil, eyni zamanda böyük alim, əvvəzsiz təşkilatçı və nəzəriyyəçi idi. 1945-cı ildə o, Azərbaycan SSR Elmlər Akademiyasının akademiki seçilmişdir. Elə həmin il Bakıda İranla Mədəni Əlaqələr Cəmiyyəti yaranır. Bu cəmiyyətin başçısı Səməd Vurğun təyin edilir. İlk günnən şair tərəfindən cəmiyyətin qarşısında duran vəzifələr təyin edilir. O, İran Azərbaycanı ilə Azərbaycan SSR-i arasında mədəni körpü yaradılması işində fəal iştirak edir.Müharibədən sonrakı illərdə Səməd Vurğun görkəmli ictimai xadim kimi dünyada sülhün bərqərar olması işində fəal iştirak etmişdir. SSRİ Ali Sovetinin deputatı kimi şair 1947-ci ildə görkəmli ədəbiyyat və mədəniyyət xadimləri ilə birgə Londona səfər etmiş, yolüstü Berlində də olmuşdur. Burada şairi böyük sevinc gözləyirdi. Onun «Vaqif» dramı Berlin teatrında səhnəyə qoyulmuşdu. Teatrın yaradıcı kollektivinə müəlliflə görüşmək, onun fikrini öyrənmək çox maraqlı olur. Alman rejissoru kiçik dəyişiklik etmiş, Qacarın obrazında Hitlerə məxsus cizgilər vermişdir.1948-ci ildə Səməd Vurğun Polşanın Vrotslav şəhərində keçirilən Mədəniyyət Xadimlərinin Ümumdünya Konqresinin iştirakçısı olmuş, konqresdən qayıtdıqdan sonra şair «Zəncinin arzuları» poemasını yazmışdır. Həmin il poema Polşada çap edilmişdir. Xarici səfərlərlə bağlı yazdığı şeirlərini Səməd Vurğun məşhur «Avropa xatirələri» adı ilə çap etdirmişdir.1951-ci ildə şair «Bolqar-sovet dostluğu cəmiyyəti»nin xəttilə Bolqarıstanda olmuşdur.O dövrün xarici mətbuatında Səməd Vurğunun xaricdə çıxışları, keçirilən görüşlərdə məzmunlu, məntiqli söhbətləri haqqında yazılar dərc edilmiş, yaradıcılığından nümunələr çap edilmişdir. Böyük rus yazıçısı və şairi Konstantin Simonovun yazdığı «Dostum Səməd Vurğunun Londonda ziyafətdə nitqi» şeiri çox yayılmış, ədəbi ictimaiyyət tərəfindən yüksək qiymətləndirilmişdi.Səməd Vurğunun müharibədən sonrakı dövr yaradıcılığı da çox məhsuldar olmuşdur. Şair bir-birinin ardınca «Muğan» (1948), «Aygün» (1950-51) və «Zamanın bayraqdarı» (1952) poemalarını qələmə almışdır.Həyatının son illərində yazdığı şeirləri onun yaradıcılığının yeni mərhələsini təşkil edir. Onlar rəngarəngliyi və poetikliyi ilə seçilən şeirlərdir. Bu şeirlər həyata bağlılıq, insanların dotluq və xeyirxahlıq kimi keyfiyyətlərini əks etdirməklə yanaşı, şairin vətən və xalq qarşısındakı müqəddəs borcunun ifadəsi idi.Səməd Vurğunun bu illərdə yaradıcılıq uğurlarına baxmayaraq o, yenə 1953-cü illərdə haqsız hücumlara, təziqlərə məruz qalır. «Aygün» poeması tənqid edilir şairin Moskvada çap edilmiş «Şairin hüquqları» məqaləsi ona qarşı hücumları daha da kəskinləşdirir. Respublika rəhbərliyinin göstərişi əsasında məqalə Azərbaycan Yazıçılar ittifaqında müzakirə edillir, onun əleyhinə məktub yazılıb Moskvaya göndərilir. Şair yenə də millətçilikdə təqsirləndirilir. Kitablarının kitabxanalardan, dramlarının səhnədən götürülməsinə göstəriş verilir. Şairə şəhərdən çıxmaq qadağan edilir. Söz yayılır ki, Vurğun tutulub. Bu düz olmasa da, 1953-cü ilin sentyabr ayında həbs edilməsi üçün order yazılması həqiqət idi. Lakin 1953-cü ilin yayında SSRİ və Respublika rəhbərliyində edilən dəyişikliklər nəticəsində bu tədbir baş tutmur… (1956-cı ilin yanvar ayında o zamanki, respublika rəhbəri M.C.Bağırovun və dəstəsinin məhkəməsində, onların «Azərbaycanın sevıimli şairi görkəmli sovet yazıçılarından biri Səməd Vurğunu aradan götürmək cəhdləri» ifşa edilmiş, bu məqsədlə topladıqları böhtan dolu iki qovluq material, o cümlədən həbsi üçün order əşyayi-dəlil gətirilmişdir.)1953-cü ildə ölkədə və respublikada böyük dəyişikliklər baş verir. Səməd Vurğunu Elmlər Akademiyasının vitse-prezidenti vəzifəsinə təyin edirlər. İşlədiyi dövrdə ictimai elmlər qarşısında böyük problemlər qoyur, saatlarla bu problemlərin, elmi əsərlərin müzakirələrini keçirir, problemlərin həllini təşkil edir. Həddən ziyadə xeyirxah bir insan olan Səməd Vurğun vitse-prezident vəzifəsində çalışdığı zaman da, ayrı-ayrı insanlara öz kömək əlini uzatmışdır. Akademiklərdən Sara Aşurbəyovanın, Püstəxanım Əzizbəyovanın Elmlər Akademiyasına gəlmələri Səməd Vurğunla bağlıdır. Bundan əlavə, dilçi alimlərdən Türkan Əfəndiyeva, Vaqif Aslanov, filosof Camal Mustafayev, tarixçi Mahal Məmmdov və onlarla belə insanların elmə gəlməsi Səməd Vurğunun təkidi və köməkliyi nəticəsində olub. Moskvaya oxumağa göndərdiyi aspirantların ailəsinə kömək edər, təqaüdü az olanlara maddi yardım göstərərdi.O zamanki SSRİ məkanında Səməd Vurğunun böyük nüfuzu var idi. O, müxtəlif illərdə SSRİ-nin ən yüksək orden və medalları ilə təltif edilmiş, sovet xalqlarının sevimli şairi olmuşdu. 1954-cü ildə Sovet yazıçıların ikinci ümumittifaq qurultayında «Sovet poeziyası haqqında» məruzə ona tapşırılmışdı. Bu, o dövrdə xalqımız üçün olduqca iftixaredici bir hadisə idi.1955-ci ilin oktyabr ayında Səməd Vurğun SSRİ nümayəndə heyəti tərkibində Vyetnama gedərkən yolda xəstələnir və səfərini yarımçıq saxlamalı olur. Çində onu Pekin xəstəxanasında müayinə edirlər. Şair xəstəxanada olduğu müddətdə tezliklə sağalmaq və fəal həyata qayıdmaq arzusu ilə yaşayır. Yataqda yazdığı kiçik şeir onun böyük iradəsini və mətanətini göstərir:
Vaxtsız əcəl, məndən uzaq dolan, dur Qürbət eldə can vermərəm ölümə! Qılıncını məndən uzaq dolandır Onu bil ki, qələm aldım əlimə, Qürbət eldə can vermərəm ölümə.
Bir neçə həftədən sonra şair vətənə qayıdır. Onun xəstəliyi şiddətlənir…1956-cı ilin mart ayında Səməd Vurğunun 50 yaşı tamam olur. Xalqımız şairin yubileyinin keçirilməsinə hazırlaşır. Azərbaycanın rəhbərliyi tərəfindən «Azərbaycanın xalq şairi» adı təsis edilir və ilk dəfə bu ada Səməd Vurğun layiq
görülür. May ayının 12-də opera və balet teatrında SSRİ-nin ədəbi ictimaiyyətinin və xarici qonaqların iştirakı ilə şairin təntənəli yubiley gecəsi keçirilir. Yubiley təntənəsindən iki həftə sonra 1956-cı il may ayının 27-də, saat 19:30-da şairin gözləri əbədi yumulur. Amansız ölüm şairin həyat eşqilə çırpınan ürəyini, yaradıcılıq atəşi ilə odlanan qəlbini əbədi susdurur. May ayının 28-dən 30-na kimi şairin cənazəsi Azərbaycan Dövlət Filarmoniyasının binasında qoyulur. O günlər bütün Azərbaycan matəm içərisində idi. Üç gün xalqımız şairlə vidalaşmağa gəlir, izdihamlı insan axının arda-arası kəsilmirdi. Şair may ayının 30-da Bakıda Fəxri xiyabanda dəfn edilir.Matəm günlərində şairin ailəsinin adına ölkəmizin bütün guşələrindən baş sağlığı teleqramları gəlirdi. Ürək ağrısı ilə yazılmış belə teleqramların birində: «Təsəlliniz o olmalıdır ki, Səməd Vurğunun öldüyü gündən onun yeni həyatı – şair ölümsüzlüyü başlanır» – sözləri yazılmışdı. Bu həqiqət idi…Şairin adı ölümündən sonra müxtəlif yerlərdə əbədiləşmişdir. Bakıda şairin möhtəşəm heykəli ucaldılmış, meydana və mərkəzi küçələrdən birinə şairin adı verilmişdir. Bundan başqa Azərbaycan Rus Dram Teatrı, Dənizkənarı parkdakı yay kino-teatrı, neft tankeri də Səməd Vurğunun adını daşıyır. Mossovetin qərarı ilə Moskva küçələrindən biri, Kiyev şəhərində kitabxana, Düşənbə şəhərində 57 saylı məktəb və Bolqarıstanda texnikum şairin adını daşıyır.Respublikamızın bütün rayonlarında Səməd Vurğun adına onlarla məktəb, mədəniyyət evi, küçə, park vardır. Vaxtilə respublikada bir çox kolxoz və sovxozlar da şairin adını daşıyırdılar. Şəhər və kəndlərdə şairin heykəlləri, büstləri qoyulmuşdur. Müxtəlif yerlərdə şairə həsr olunmuş güşələr və kiçik muzeylər yaranmışdır. Bunların içərisində Qax şəhərində müəllim Məmməd Aşurovun öz həyətində inşa etdiyi evdə yaratdığı «Səməd Vurğun muzeyi» xüsusi yer tutur.1975-ci ildə Bakıda «Sovet ədəbiyyatı günləri»ndə ölkənin ədəbi ictimayətinin iştirakı ilə «Səməd Vurğunun ev-muzeyi»nin təntənəli açılışı olmuş və bir il sonra, 1976-cı ildə şairin doğma kəndi Yuxarı Salahlıda ev-muzeyinin filialı – «Səməd Vurğunun poeziya evi» yaradılmışdır.
DAĞLAR
Binələri çadır- çadır Çox gəzmişəm özüm, dağlar! Qüdrətini sizdən aldı Mənim sazım, sözüm, dağlar!
Hər obanın bir yaylağı, Hər tərlanın öz oylağı; Dolaylarda bahar çağı: Bir doyunca gəzim, dağlar!
Qayaları baş – başadır, Güneyləri tamaşadır. Gödək ömrü çox yaşadır, Canım dağlar, gözüm dağlar!
Bir qonağam bu dünyada, Bir gün ömrüm gedər bada; Vurğunu da salar yada Düz ilqarlı bizim dağlar
1943
ŞAİR, NƏ TEZ QOCALDIN SƏN!
Nemətsə də gözəl şer, Şair olan qəm də yeyir. Ömrü keçir bu adətlə, Uğurlu bir səadətlə. Görən məni nədir deyir: Saçlarına düşən bu dən? Şair, nə tez qocaldın sən!
Dünən mənə öz əlində Gül gətirən bir gəlin də Gözlərində min bir sual Heykəl kimi dayandı lal… O bəxtəvər gözəlin də Mən oxudum gözlərindən: Şair, nə tez qocaldın sən!
Ovçuluğa meyil saldım, Gecə – gündüz çöldə qaldım, Dağ başından enib düzə Bir ox kimi süzə – süzə Neçə ceyran nişan aldım; Cavab gəldi güllələrdən: Şair, nə tez qocaldın sən?
Bəzən uca, bəzən asta, Ötür sazım min sim üstə. Andı yalan, eşqi yalan, Dostluğu da rüşvət olan, Ürək yıxan bir iblis də Üzəvari deyir hərdən: Şair, nə tez qocaldın sən!
Saç ağardı, ancaq ürək Alovludur əvvəlki tək. Saç ağardı, ancaq nə qəm! Əlimdədir hələ qələm… Bilirəm ki, deməyəcək Bir sevgilim , bir də Vətən: -Şair, nə tez qocaldın sən!
BAHAR GƏLİR Ürək coşur, gəlir dilə, Salam deyir təzə ilə, Sevinc qonur hər könülə, Oyan könül,bahar gəlir. * * * Şəkərbura, qoğal bisir, Səməni uzanır, şişir, Novruzgülü daşı deşir, Oyan könül,bahar gəlir. * * * Şən uşaqlar tonqal çatır, Səsdən, küydən qulaq batır, Tək – tək soyuq damcı atır, Oyan könül,bahar gəlir. * * * Hər tərəfə rəng çəkilir, Çöl daranır,yer əkilir, Göydən yerə nur tökülür, Oyan könül,bahar gəlir. * * * Çəmən,çiçək,hər yan gülür, Üzlərdən fərəh tökülür, Elə bil dünya yekəlir, Oyan könül,bahar gəlir. Müəllif: Mayıl Dostu
“Keçmiş zabit olmur. Ehtiyatda olan zabit var, istefada olan zabit var. Zabit dediyin savaş adamı… onlar döyüşə bir bütöv tam olaraq girərlər. Həm ruhları ilə həm xatirələri ilə həm də arzuları ilə təkcə “Vətən naminə”, təki “Vətən sağ olsun” deyə savaşarlar…” Şahin Musaoğlu
Şahin Musaoğludan yuxarıdakı sitatı əbəs yerə gətirmədim. Azərbaycan Ordusunun qurulmasında, möhkəmlənməsində Şahin Musaoğlunun əməyi, zəhməti, xidmətləri danılmazdır. O, çox nadir şəxslərdəndir ki, ordumuzun bütün mənsublarının, qazilərimizin, orduda xidmət keçənlərin doğmalarının bir sözlə cümlə vətənpərvər vətəndaşlarımızın qəlbində öz adı ilə, öz sözü ilə, öz bəstəsi ilə eyni dərəcədə rəğbətlə yüksələn uca taxt qurmuşdur. Ən çətin məqamlarda onun “İGİD ƏSGƏR MÖHKƏM DAYAN” nidası əsgərlərimizə necə dayaq olubsa, “HAY VER MƏNƏ CƏNAB LEYTENANT”ı da zabitlərimizə təpər, onların yolunu gözləyənlərə bir təsəlli olub.
Əsgərə dayaqdır, zabitə ilham,
Onun sayəsində belə gümraham!!!
Ali Hərbi Məktəbdə gələcəyin zabitləri ilə keçirilmiş bu tədbir olduqca təqdirəlayiq və vacib hadisədir. Görüşdə məktəbin komanda və müdavim heyəti ilə yanaşı ölkəmizin tanınmış incəsənət xadimləri də iştirak edib. İştirakçılar Şahin Musaoğlunun özünün və sənətçilərin ifasında əsərlərini dinləyib, maraqlı xatirələrlə tanış olublar. Sonda Şahin Musaoğluna fəxri fərman təqdim olunub və xatirə şəkilləri çəkilib.
Şahin Musaoğlu — (Şahin Əbilov) Azərbaycan Yazıçılar Birliyinin üzvüdür,AYB Hərbi Vətənpərvərlik Komisiyasının sədri,İlesam Türkiyə Elm və Ədəbiyyat Əsəri Sahibləri Məsləklər Birliyinin üzvü,MDB Beynəlxalq Yazıçılar Birliyinin üzvü, “Qızıl Qələm” mükafatı laueratıdır. Dünya Tibbi Araşdırmalar Texnik və Etik Bilimlər Akademiyasının (WAMBES) idarə heyətinin üzvü.
Şahin Musa oğlu Əbilov 1963-cü il iyulun 11-də Masallı rayonunun Qızılağac kəndində anadan olub. Bu kənddə orta məktəb təhsili alan Şahinin sonrakı taleyi isə qısa fasilələrlə Bakı şəhəri ilə bağlanıb.1980-86-cı illərdə N.Nərimanov adına Azərbaycan Tibb institutunda (indiki ATU) təhsili alan Ş.Musaoğlu müalicə-profilaktika fakültəsini bitirərək həkim kimi fəaliyyətə başlayır. İlk təyinatı isə Biləsuvar rayonuna olur. 4 il burada həkim kimi çalışdıqdan sonra paytaxta dönür. 1990-cı ildə Qədirli adına Xəzər Dəniz Hövzə Xəstəxanasında işə düzələn Ş.Musaoğlu o zaman çox da geniş yayılmayan bir sahə — USM üzrə öz həkimlik ixtisasını artırmağa başlayır. Müasir texnoloji biliklərə əsaslanan tibbin bu modern sahəsində əldə etdiyi təcrübəsi sonradan onu bu işin ən yaxşı mütəxəssislərindən birinə çevirir.
Ş.Musaoğlunun Bakıdakı həkimlik fəaliyyətinin ilk illərində ölkədə müharibə hökm sürürdü. Azərbaycan-Ermənistan savaşının qızğın vaxtlarında Şahin Musaoğlu Müdafiə Nazirliyi Tibb İdarəsi, HET idarəsi və Müdafiə Nazirliyi Sənədli Filmlər Kinotelestudiyasının əməkdaşı olaraq Qarabağ döyüşlərində yaralanan əsgər və zabitlərə məxsus ilk hərbi-tibbi arxivi yaradır.1992-ci ildə, görkəmli bəstəkar Cavanşır Quliyevin məşhur “Əsgər marşı”ndan savayı hərbi-vətənpərvərlik mövzusunda əsərlərin hələ yazılmadığı bir vaxtda, Şahin Musaoğlu özünün ilk türküsünü bəstələyir. Azərbaycanın Milli Qəhrəmanı Yusif Mirzəyevin xatirəsinə həsr olunmuş bu mahnı-“İgid Əsgər, Möhkəm Dayan! “ ilk dəfə televiziya ekranında səslənir. Çox az müddətdə populyarlıq qazanaraq dillərdə dolaşan bu mahnıdan sonra Şahin növbəti savaş türkülərini yazır. 20 Yanvar şəhidlərininin xatirəsinə həsr olunmuş “Qərib Karvan” , Milli Ordunun ilk batalyonu haqda yazılan “Birinci Batalyon” , “Cənab Leytenant” və.s bu kimi bir-birinin ardınca Şahinin bəstələdiyi mahnılar ona daha çox şöhrət qazandırır. Ş.Musaoğlu sonradan da həm hərbi, həm də vətənpərvərlik mövzusunda yaradıcılıq fəaliyyətini davam etdirir. Sözləri böyük şairimiz Bəxtiyar Vahabzadəyə məxsus “Bay yurdum” , həmişəyaşar istiqlal nəğməkarı Əhməd Cavadın sözlərinə yazdığı “Bismillah”, yaşadığımız dünyanın ən böyük söz adamlarından biri olan Ramiz Rövşənin şeri əsasında bəstələdiyi “Yalquzaq” poeziyamıza Bozqurd harayı gətirmiş Rüstəm Behrudinin məşhur “Salam Dar ağacı” şeirinin sözlərinə bəstələdiyi eyni adlı mahnı və başqa türküləri ilə o, başladığı işi uğurla davam etdirərək bu musiqi janrına xeyli qiymətli töhfələr verir.
KİTABLARI:
1.”İgid Əsgər Möhkəm Dayan” ,
2. “Yaşamaq gözəldir,Yaşatmaq sonsuz” ,
3. “Ağ Ümid” ,
4. “Cəng əsgəri – ييجيت سولدير الوقوف ثابتة”.
və onlarla bədii ,elmi məqalələrin müəllifi olan Ş.Musaoğlunun yaradıcılıq işi nəticəsində üç audio kasset- “İgid əsgər, möhkəm dayan” , “Vətən çağırır” və “Bozqurd harayı” (sonuncu Almaniyada istehsal olunub) həmçinin “Öncə Vətəndir”, “İgid əsgər möhkəm dayan”,”Cənab Leytenant”, “Şahin Musaoğlunun müəllif mahnıları” adlı kompakt diskləri dinləyicilərinin ixtiyarına verilib.
Indiyədək bəstələdiyi 30-dan çox mahnının əksər sözlərinin də müəllifi olan Ş. Musaoğlunun şeirləri müxtəlif şeir toplularında və mətbuat orqanlarında, o cümlədən xarici ölkələrin (İran,Türkiyə,Küveyt,Rusiya) populyar dərgi,qəzet və internet saytlarında işıq üzü görüb.
Hal hazırda Medservis özəl tibb mərkəzinin poliklinika müdiri və MedEra Hospital klinikasının dioqnostika şöbəsinin müdiri vəzifəsində çalışır.
Ailəlidir, iki oğlu var.
Şahin Musaoğlunun əsərləri və bəstələri
“İgid Əsgər Möhkəm Dayan”
“Çağırır Vətən”
“Vətən Əmanəti”
“Öncə Vətəndir”
“İstiqlal marşı”
“And İçirik”
“Cənab Leytenant”
“Ağ Ümid”
“Birinci Batalyon”
“Səma Şahinləri”
“Səfərbərlik Marşı”
“Yurd həsrəti”
“Azadlıq yanğısı”
“Qəlbin Payızı”
“Bismillah”
“Yalquzaq”
“Torpaq”
“Salam,dar ağacı”
“Yollar Yordumu Səni”
“Bay Yurdum”
“Türkün bayrağına”
“Veteran marşı”
“Çağırışçı marşı”
“Elegiya”
“Tanrımı apardı,özünmü getdin?”
“Daha Ayrılmarıq”
“Rəqqas insan”
Şahin Musaoğlunun esseləri
On altı ilin savaş hekayəsi
Bir əsrlik yaşam marşı və ya 100-cü doğum gününə iki ay qalmış susan ürəyin hekayəsi.
Adları əbədi yaşayacaqdır” və ya “Yalnız Tanrı bilir
İlk dəfə 6-cı sinifdə oxuyanda ağdamlı görmüşəm. Qaraşın adamlar idi. Ya günəş yandırmışdı, ya doğrudan da qaraşın doğulmuşdular, bilmirəm. Dayım Eldəniz onları nənəmgilə gətirmişdi. Nənəm Bikəxanım “xoş gəlmisiz” deyib mətbəxə keçdi ki, çay-çörək hazırlasın. Pıçıltı ilə dayımdan soruşdu ki, “bunlar kimdir”. Dayım dedi ki, “maşın ustalarıdır, gətirmişəm müştərilərim çoxalsın”. O iki ağdamlı uzun müddət nənəmgildə qaldılar. Dayım proflaktoriya işlədirdi, özü də usta idi, əlinin qızıl olmasına görə rayonda ad çıxarmışdı. Görünür, gəlirini artırmaq istəyirmiş. Axşamlar yorğun gəlib “Ceyran” sobasının yanında çöküb qalardılar. Baməzə idilər, həm də çılğın danışırdılar. “Peredok” belə getdi, “filtr” elə gəldi, bir sözlə, danışdıqları maşından idi. Onlar gələndən dayımın gəliri artdı, pullarını da qəşəng verirdi ki, narazı qalmasınlar. Altı aydan sonra getdilər. Ya evdən çağırımışdılar, ya da gedib orda öz proflaktoriyalarını açacaqdılar. Getməzdən əvvəl verdiyim suala hələ də gülürəm. Soruşmuşdum ki, “sizdə bütün evlərin damı ağ rəngdə olur?” Cavab belə olmuşdu ki, “o adamların damı ağdır ki, ağ gündə yaşayırlar”. Hardan biləydilər ki, üstündən neçə il keçəndən sonra ağ həyatları qara rəngə boyanacaq. Bunu deyən uzunsov sifətli, ovurdları batmış ağdamlı idi. Sonra televizordan Qədir Rüstəmovu gördüm. Onun da ovurdları batmışdı. Və alt şüuruma belə fikir hakim kəsildi ki, bütün ağdamlıların ovurdları batıq olur. Universitetdəki Şən və Haızrcavablar Klubunda konsertlər verəndə orda bir ağdamlımız vardı, ya təsadüfən, ya nədənsə, onun da ovurdları batırdı, sifəti uzunsov idi. Bu yaşımacan harda elə sifət quruluşlu adam görürəmsə, düşünürəm ki, yüz faiz ağdamlıdır. İkinci Ağdam barədə təəssüratım 1987-ci ildə yaranmışdı. Atam təsərrüfatlararası tikinti idarəsində baş mühəndis idi. Hansısa inşaat məsələsinə görə Ağdama yola düşdü, məni də apardı ki, “gedək, Ağdamı da görərsən”. Orda çay evində çay içdik. Yuxarıdan şəhəri seyr edirdim, atamla ağdamlı həmkarı tikintidən danışırdılar. O çay evində elə pürrəngi çay dəmləyərdilər ki… Neçə çaydan içdik, mixəkli, kəklikotulu, bir də sarı çiçəkli. O çaydan yalnız 20 il sonra Tovuzdakı dəmiryol idarəsinin yanındakı çayxanada içdim, amma Ağdamdakının yerini vermədi. Mən ağdamlı deyiləm. Dişləmədən yaranan qaşıntıdan bir həftə özünə gəlmədiyin iri-iri ağcaqanadlar olan, ayaqqabındakı sarı palçığı ən sürətli axan çayın da yuyub aparmadığı Sabirabaddanam. Ağdam barədə ağdamlıdan bir çıqqan da gözəl yaza bilmərəm. Həm də ixtisasım telejurnalistika olduğundan qısa danışığa üstünlük verənin biriyəm. Yaxşı ki, neçə saatlıq yolda Vüsalə Mahirqızı, Elman Babayev və Elnur Məmmədli ilə yaxında əyləşmişdim. Ağdama qədər söhbət etdik. Ağdama çatanda daha söhbət edə bilmədik. Çünki fikrimiz şəhərin xarabaqlıqlarında qaldı. “Qaldı” desəm düz olmaz, gözümüz axdı o xarabalıqlara. Və ucsuz-bucaqsız xarabalıqlara baxdıqca dövlətimə ürəyim yandı ki, quruculuq işini hardan başlayıb harda qurtaracaq? Adam düşünürdü ki, bəlkə bu dağıntıların bir sonu olar, amma qurtarmaq bilmirdi. Gözüm azacıq doldu. Erməni azərbaycanlının mənəviyyatı, mənliyi ilə oynamışdı. Dünyanın ən güclü texnologiyası insan gözünün gördüyünü əks etdirə bilməz. Hər adam öz gözləri ilə görməlidir o xarabalıqları, bunu yaxından duymalıdır. Evlərin şiferlərini söküb aparıblar. Baxıblar ki, ev çay daşından tikilib, ona dəyməmişdilər, ancaq qəşəng mişar daşından olan evləri bünövrəsinə qədər say-seçmə edib daşımışdılar. Ağdamın digər rayonlardan fərqi həm də burdakı evlərin 2-3 mərtəbədən tikilməsi olub. İnşaat işlərində müasirliyə can atıblar. Yerli qoca danışırdı ki, burda bəzi imarətlərdə lift də quraşdırılıbmış. Təsəvvürə gətirmək çətindir ki, bütün bunlar sovet rejiminin qadağası içində baş verib. Yol kənarında “Zaparojets”, “Jiquli” maşınlarının ancaq karkasını görmək olardı, içini tamamilə söküb aparmışdı ermənilər. Nar ağacları isə üstündəki çürümüş barla yetim qalmışdı. Ermənilər hər il burdan yeşiklərlə nar aparıblar. 44 günlük müharibə nar mövsümünə düşdüyündən, bu dəfə narları apara bilməmişdilər. Allahverdi Bağırovun qəbrini ziyarət edəndən sonra beş-altısını yığdım, ikisinin dadına baxdım. Çox yeri çürümüşdü, salamat yerindən daddım, yurdun narı da dadlı idi. Belə narı olan rayona qıymaq vallah olmazdı, billah olmazdı. Elə o narlardan avtobus tərəfə gələnlərə verdim ki, dadsınlar. Bəzən vətən torpağının dadını onun meyvəsində taparsan. Cümə məscidinə gedən yolda qızıl dükanı, üzümçülər binasının xarabağlığının qarşısından keçəndə nəzərimi paslı avtomat telefon cəlb etdi. Neçə-neçə ağdamlı oğlan qızlara zəng edib, qəpik qurtaranda yoldan keçəndən istəyiblər ki, qəpiyiniz olmaz ki? Həmin xoşbəxt gənclərin həyatına barıt qoxusu yayıldı. O oğlanlardan neçəsi şəhid oldu, qızlar didərgin düşdü, saçları vaxtsız ağardı. Qəpiklərin qurtarmasından kəsilən telefon danışıqları həyatlarını da beləcə yarımçıq kəsmişdi. Ağdamlı qoca dedi ki, “o vaxtlar respublikada hər qızıl dükanının qarşısında belə avtomat telefon quraşdırardılar. Kimsə oğurluq qızıl gətirəndə satıcılar tez çıxıb milisə xəbər versinlər. Amma axşamlar qızıl dükanı bağlanardı, gedib istədiklərimizlə danışardıq. Bir də növbəti günün qürub çağını gözləyərdik ki, qaçaq avtomat telefona”. O qocanın gözləri dolmadı. Yəqin dolmağa başqa pis xatirələri çox idi. Pis xatirə təkcə qocanın gözlərinə yox, Cümə məscidinin divarına da hopmuşdu. Bu divar Xocalıdan gətirilən meyidləri görmüşdü, ağlayan doğmaların harayını çəkmişdi içinə. Yaşamışdı azdır, divarlarına hopmuşdu. İndi qələbədən sonra az qala divarında gizli güllər açmışdı sevindiyindən. Təkcə adamlar sevinmir ki… Ağdamdan çıxanda bir ovuc torpaq götürüb selafona bükdüm. enli gödəkçəmin cibinə qoydum. Anama dedim ki, “Gəncəyə getməmişdim, Ağdamdan gəlirəm”. Əvvəldən deməmişdim ki, minadan partlayacağım üşəntisini yaşamasın. Torpağı çıxardım. Anam torpağa baxıb dedi ki, “nə qara torpaqdır, elə et ki, soxulcanları evə düşməsin”. Diqqətlə baxdıq, soxulcan yox idi. Anam dedi: -Deyəsən ermənilər torpağın soxulcanını da çıxarıb aparıblar. Fikrə getdim.
Salam olsun! Siz bu yazını oxuduğunuz zaman indiyə qədər çap olunmuş “Yazarlar” jurnalının istənilən nömrəsini sifariş etməklə əldə edə bilərsiniz. Əlaqə vasitələri:
MÜBARİZ (Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimova həsr olunur) Əlində ucalan qeyrət bayrağı, Çəkdi düşmənlərə dağ üstə dağı. Adınla öyündü vətən torpağı, Böyük hünərinə alqış, Mübariz ! * * * Qılınca döndərdin dəyanətini, Qırdın ümidsizlik əsarətini, Göstərdin cahana cəsarətini, Böyük hünərinə alqış, Mübariz ! * * * Keçdin yurd uğrunda öz həyatından , Şəhidlər vətənin çıxmaz yadından Zəfər ətri gəldi sənin adından, Böyük hünərinə alqış , Mübariz!
QUCAĞINI GENIŞ AÇ… ( Gizir Pəncəli Teymurova həsr olunur.) Qucağını geniş aç, gəlirəm Ana Torpaq, Çox döymüşdüm qapını, səhər-axşam taq-taraq, Hər gəlirəm deyəndə, əlimdə vardı bayraq, O qutsal əmanətin, ünvanına yetibdi… Sancmışam Sancağımı, rahat gəlirəm indi…
* * * Səhər-axşam deyərdim, bu canım sənə fəda, Nə olur mənə olsun, təki sən görmə qada, “Komandir yaxşı olsa, ordunu verməz bada”, Komutanım öndədir, gül-çiçək düz yoluna… Sıra ilə gəlirik, yer ver girək qoynuna… * * * Çox dilək diləmişdim, Bayraq olsun kəfənim, Xəyalım gerçək olub, sevinməsin düşmənim, Dualarım qəbuldu, ağlamasın sevənim, Ana, sən də gözünün qorasını sıxma ha… “Oğul düşmən çəpəri”, qurban gedər torpağa… 12.04.2016. Bakı.
Əli Kərim (tam adı: Kərimov Əli Paşa oğlu) — azərbaycanlı şair, tərcüməçi, 1954-cü ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü.
Həyatı,
Əli Kərim (Əli Paşa oğlu Kərimov) 1931-ci il mart ayının 18-də Azərbaycanın Göyçay şəhərində anadan olmuşdur. Atası Paşa kişi fəhlə işləmişdir. 1948-ci ildə Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsinə daxil olur, burada ehtiyacı olduğu yataqxana olmadığından Teatr İnstitutunun teatrşünaslıq fakültəsinə keçir, III kursdan Moskvada, M.Qorki adına Dünya Ədəbiyyatı İnstitutunda təhsilini davam etdirir və 1955-ci ildə oranı fərqlənmə diplomu ilə bitirir. Bakıya qayıtdıqdan sonra «Azərbaycan» jurnalının redaksiyasında işləmiş, şeir şöbəsinin müdiri olmuşdur.
Yaradıcılığı,
Əli Kərimin ömrü,öz şair sözü kimi,poeziyada atributa çevrildi. Bu gün onun üslubunu,deyim tərzini,söz-obrazlarını davam etdirən şairlər var. İlk nəşr olunan əsəri 1948-ci ildə «Azərbaycan pioneri» qəzetində çıxmış «Təzə müəllim» şeiri olmuşdur. 1957-ci ildə Moskvada keçirilən tələbələrin VI Ümumdünya Festivalında «İlk simfoniya» poeması mükafata layiq görülmüşdür. İlk kitabı 1958-ci ildə Azərbaycan ədəbiyyatı dekadası münasibəti ilə Moskvada rusca çıxan «İki sevgili» kitabı olmuşdur.
«İki sevgi» (1960), «Həmişə səfərdə» (1963), «Qızıl qanad» (1965), «Qaytar ana borcunu» (1970), «Uşaqlar və ulduzlar» (1971) «Səfərdən sonra» (1972), «Pillələr» (1978), «Gül və çörək» (1978), «Seçilmiş əçərləri» (I cild, 1974, II cild 1975), «Qayıt» (1983), «Pillələr» (1987), Seçilmiş əsərləri» (2 cilddə, 1991), «Mavi nəğmənin sahilində» (1991), «Neyləyim, şeirlə dərd söyləyirəm, (1999) və s. kitabları nəşr edilmişdir. Ona həsr edilmiş Feyzi Mustafayevin «Dinmə, ey kədər» (1986), Elza Kərimin «Nə xoşbəxt imişəm», Altay Məmmədovun «Tanıdığım Əli Kərim» xatirələr kitabları çapdan çıxmışdır. Şairin bədii yaradıcılığının tədqiqinə həsr edilmiş Cavanşir Yusiflinin «Azərbaycan poeziyasında Əli Kərim mərhələsi» (2005), «Əli Kərim üslubu, yaxud fərdi yaradıcılıqdan ədəbiyyat tarixinə baxış» (2010), Sona Xəyalın «Əli Kərim» (2011) və b. monoqrafiya və məqalələrin adlarını çəkimək olar. Şairin əsərlərindən bir çoxu ölümündən sonra işıq üzü görmüşdür. Əli Kərim 1969-cu ilin 30 iyununda Bakıda vəfat etmiş, Göyçayda dəfn edilmişdir. Dəfn edildiyi yerdə Əli Kərim parkı salınmışdır. Sumqayıt şəhərində Əli Kərim poeziya klubu fəaliyyət göstərir. Əli Kərim ədəbiyyata özünə məxsus üslubu ilə gəlmiş, ilk şeirlərindən parlaq istedadı ilə şeirsevərlərin diqqətini cəlb etmiş, özündən sonra gələn bir sıra şairlərə güclü təsir etmiş sənətkarlardandır. AMEA-nın Həqiqi üzvü, professor Tofiq Hacıyev onun yaradıcılığı barədə yazır: «Ə.Kərimin ömrü, öz şair sözü kimi poeziyada atributa çevrildi. Bu gün onun üslubunu, deyim tərzini, söz-obrazlarını davam etdirən şairlər var. Əli Kərim mövzu məhdudluğu bilməyib, mövzu əlvanlığı, həm də seçilmiş mövzunu orijinal işləmə tərzi onun yaradıcılığını səciyyələndirən cəhətləndəndir. Mövzuların bir qismi yalnız onun özünə məxsusdur, yəni onları o görüb, o mənalandırıb: «Babəkin qolları»nda məşhur Babək bir yanda qalır, onun kəsilmiş – Babəki xalq qəhrəmanı edən qolları qəhrəman seçilir; «Heykəl və heykəlin qardaşı» poeması da həmin prinsiplə yazılmışdır – qəhrəmanın özü yox, hekəlidir. «Gül və çörək», «Sevirəm», «Bomba üstündə ev», «Çiçəklər iclasda» kimi şeirlərdə də vəziyyət eynidir, bu əsərlərdə mövzu orijinallığı ideya-məzmun orijinallığı ilə, poetik forma yenilikləri ilə uyğun gəlir.
Həyat faktlarına xüsusilə poetik yanaşma, onlar üçün xüsusi poetik mühit yaratmaq üsulu şairin iri həcmli əsərlərində – poemalarında da saxlanır. İdman mövzusunda yazdığı «Bir santimetr haqqında ballada» poemasında iradə ilə ətalətin mübarizəsi gözəl, şairanə ekrana çevrilir və bu ekranda şairliklə kommentatorluq çox təbii əlaqələndirilir. Əli Kərimdə oxucunu poetik mühitinə salmaq istedadı vardır: «İlk simfoniya» poemasını oxuyarkn əvvəldən axıra musiqi dünyasına düşürsən, buradakı obrazların timsalında musiqiçilərin sənətini, ailə-məişət ziddiyyətlərini təbii lövhələrlə yaşayırsan, şair oxucunu musiqi salonundan çıxarıb, qəhrəmanının ardınca yollara, bağlara, parklara izlətdikcə qulaqlarında melodiya cingiltisi kəsilmir. «Heykəl və heykəlin qardaşı» poemasında müharibə səhnələri ilə sülh dövrünü təsərrüfat-quruculuq mənzəsinin poetik ritmləri sənətkarlıqla növbələşir, müxtəlif mövzular ustalıqla bütövləşir…»
,Şeirlərinə yazılmış mahnılar,
· Aybəniz Haşımova, Nə gəlməz oldun, musiqi: Oqtay Kazımi
· Flora Kərimova, Nə gəlməz oldun, musiqi: Oqtay Kazımi
· Səbinə Ərəbli, Yar gəldi, musiqi: Adil Gəray
· Yaqub Zurufçu, Yar gəldi, musiqi: Adil Gəray
· Vaqif Şıxəliyev, Azərbaycanım mənim, musiqi: Hacı Zirəddin Tağıyev
Haqqında yazılmış kitablar,
· Feyzi Mustafayev – “Dinmə, ey kədər”
· Cavanşir Yusifli – “Əli Kərim üslubu, yaxud fərdi yaradıcılıqdan ədəbiyyat tarixinə baxış”
· Cavanşir Yusifli – “Azərbaycan poeziyasında Əli Kərim mərhələsi”
· Altay Məmmədov – “Tanıdığım Əli Kərim”
· Sona Xəyal – “Əli Kərim”
· Elza Kərimova – “Nə xoşbəxt imişəm”
Əsərləri,
Əli Kərimin Təbrizdə nəşr olunan Qaytar Ana Borcunu kitabı
1. İki sevgili. Bakı: Azərnəşr, 1960, 60 səh.
2. Həmişə səfərdə. Bakı: Azərnəşr, 1963, 63 səh.
3. Qızıl qanad. Bakı: Azərnəşr, 1965, 132 səh.
4. Qaytar ana borcunu. Bakı: Gənclik, 1970, 223 səh.
5. Uşaqlar və ulduzlar. Bakı: Gənclik, 1971, 71 səh.
6. Səfərdən sonra. Bakı: Azərnəşr, 1972, 192 səh.
7. Tənbəl ayı balası. Bakı: Uşaqgəncnəşr, 1973, 15 səh.
8. Seçilmiş əsərləri (iki cilddə). I cild. Bakı: Azərnəşr, 1974, 407 səh.
9. Seçilmiş əsərləri (iki cilddə). II cild. Bakı: Azərnəşr, 1975, 185 səh.