Arif Babayev

Əziz dostlar, noyabırın 11-i görkəmli alim, əməkdar elm xadimi, fizika-riyaziyyat elmləri doktoru, AMEA-nın müxbir üzvü, professor Arif Babayevin doğum günüdür. Arif müəllimi 1964-cü ildən, universitetin birinci kursunda oxuduğum vaxtdan tanıyırdım. O, 1966-cı ildə 32 yaşında olarkən, Tiflisdə böyük müvəffəqiyyətlə doktorluq dissertasiyası müdafiə etmişdi. Hələ gənc yaşlarından istedadlı riyaziyyatçı alim kimi, universitetdə böyük nüfuz sahibi idi. Arif Babayev 1965-ci ildən ömrünün sonunadək 33 il Bakı Dövlət Universitetinin Mexanika- riyaziyyat fakültəsinin, Riyazi analiz kafedrasının müdiri olmuş, 1976-cı ildə AMEA-nın müxbir üzvü seçilmiş, 1978-1994-cü illərdə, 16 il Mexanika- riyaziyyat fakültəsinin dekanı vəzifəsində işləmişdir. Bu böyük alimi 12 il (1978-1989) birlikdə, o dekan, mən dekan müavini işlədiyim vaxt daha yaxşı tanıdım. O, istedadlı bir alim kimi ölkəmizdə qeyri xətti sinqulyar inteqral tənliklər nəzəriyyəsi sahəsində çox böyük uğurlara imza atmış, nüfuzlu bir elmi məktəb yaratmışdı. Təəssüf ki, Arif müəllim həyatdan çox tez köçdü, cəmi 64 il yaşadı. Çox iti yaddaşlı, xeyirxah, ədalətli, yeri gələndə sözünü deyən, yalnız riyaziyyat sahəsində deyil, tarix və ədəbiyyat sahələrində də dərin biliyi olan böyük şəxsiyyət idi. Allah rəhmət eləsin, məkanı cənnət olsun.
P.S. Yaxşı xatırlayıram Hacı Zeynəlabdin Tağıyev və Məhəmməd Əmin Rəsulzadə haqqında danışmağın yasaq olduğu bir dövrdə Arif müəllim onlar haqqında bildiyi məlumatları heç kəsdən çəkinmədən danışardı.


Arif Babayev Azərbaycanın həqiqi tarixini də çox yaxşı bilirdi. Bakı şəhərindəki qədim binaların kimlər tərəfindən və nə vaxt inşa edilməsi haqqında onunla çox söhbətlərimiz olub.

Mənbə və müəllif: Misir Mərdanov

Misir Mərdanovun digər yazıları

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir