Etiket arxivi: Misir Mərdanov

Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik yubileyinə həsr olunmuş tədbir

Bu gün Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik yubileyinə həsr olunmuş tədbir keçirilib. Tədbirdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iştirak edib.

Prezident İlham Əliyevin çıxışı
-Hörmətli xanımlar və cənablar.

Hörmətli qonaqlar.

Hörmətli alimlər.

Mən sizi Milli Elmlər Akademiyasının 80 illik yubileyi münasibətilə ürəkdən təbrik edirəm, Akademiyanın gələcək fəaliyyətinə uğurlar arzulayıram. Əminəm ki, Azərbaycan Milli Elmlər Akademiyası, Azərbaycan alimləri bundan sonra da ölkəmizin uğurlu inkişafına öz töhfələrini verəcəklər.

Akademiya 80 il ərzində böyük yol keçmişdir, Azərbaycanda elmin inkişafında aparıcı rol oynamışdır. Bu illər ərzində biz müxtəlif ictimai-siyasi quruluşlarda yaşasaq da, Azərbaycan hər zaman öz elminin inkişafına böyük diqqət yetirirdi. Sirr deyil ki, Ulu Öndər Heydər Əliyev hər zaman Azərbaycan alimlərini dəstəkləmək üçün öz səylərini əsirgəmirdi. Hələ ötən əsrin 70-ci illərində onun rəhbərliyi ilə Akademiyanın fəaliyyəti təkmilləşdi, bir neçə yeni elmi-tədqiqat institutu yaradıldı, elmin inkişafına böyük vəsait ayrılırdı. Faktiki olaraq bu siyasət müstəqillik illərində də davam etdirilirdi. Ulu Öndərin təşəbbüsü ilə keçən əsrin 70-ci illərindən başlayaraq yüz minlərlə Azərbaycan gənci o vaxt Sovet İttifaqının aparıcı ali məktəblərinə göndərilmişdir və beləliklə, ölkəmizdə intellektual potensial daha da güclənmişdir. Eyni siyasəti biz müstəqillik illərində də aparırıq. Bu gün də on minlərlə Azərbaycan gənci artıq dünyanın aparıcı ali məktəblərinə ezam olunur. Onların böyük əksəriyyəti oxuyub Vətənə qayıdırlar və beləliklə, ölkəmizin inkişafına öz dəyərli töhfələrini verirlər.

Müstəqilliyin ilk illəri çox ağır idi, faciəvi idi. O vaxt məhz Heydər Əliyevin qətiyyəti, iradəsi, xalqa olan bağlılığı bizi böyük bəlalardan qurtara bilmişdir. O da çox böyük göstəricidir ki, onun hakimiyyətə qayıdışından sonra Azərbaycan ziyalıları ilə, Azərbaycan ictimaiyyəti ilə ilk görüşü məhz 1993-cü ildə Milli Elmlər Akademiyasında olmuşdur. Beləliklə, o, bir daha müstəqil Azərbaycanın, yəni, yeniləşən Azərbaycanın prioritetlərini açıq şəkildə bəyan etmişdir. Düzdür, o vaxt bizim maliyyə imkanlarımız çox məhdud idi, demək olar ki, yox idi, xəzinə boş idi. Azərbaycan böyük humanitar fəlakətlə üz-üzə idi. Bir milyondan çox qaçqın və məcburi köçkün, torpaqlarımızın işğal altına düşməsi və çox böyük iqtisadi, maliyyə çətinlikləri. Amma buna baxmayaraq, yenə də Akademiyanın işinə, Akademiyanın qorunmasına, alimlərin fəaliyyəti üçün vəsait ayrılırdı.

Təbii ki, illər keçdikcə, Azərbaycan inkişaf etdikcə bu vəsait daha böyük həcmdə ayrılır. Son on il ərzində Azərbaycan elminə ayrılan vəsait iki dəfədən çox artmışdır. Mənim prezidentlik dövrümdə də bu istiqamətdə, yəni, Azərbaycan elminin inkişafına göstərilən diqqət Ulu Öndərin siyasətinə uyğun şəkildə aparıldı. Bir çox addımlar atıldı. Akademiyanın maddi-texniki bazası möhkəmləndirilmişdir və burada yerləşən, bu akademiya şəhərciyində yerləşən binaların təmiri aparıldı. Buraya, elmə aidiyyəti olmayan, akademiyanın bəzi binalarını zəbt etmiş qurumlar buradan çıxarıldı. Yeni böyük elmi kitabxana inşa edilmişdir. Milli Ensiklopediya üçün yeni bina inşa edilmişdir. Elmi-tədqiqat institutlarının, dediyim kimi, təmiri və avadanlıqlarla təchizi təmin edilmişdir. Elm Fondu hələ 2009-cu ildə yaradılmışdır. O vaxt bu Fondun yaradılmasının əsas məqsədi Azərbaycan alimlərinə maddi dəstək vermək, elmin inkişafına qrantlar çərçivəsində təkan vermək idi. Elmin inkişafı üzrə Milli Strategiya qəbul edilmişdir. “Elm haqqında” Qanun qəbul edilmişdir, Dövlət Proqramı qəbul edilmişdir. Yəni, görülmüş bütün işləri sadalamaq üçün çox vaxt lazımdır. Sadəcə olaraq, bunu bildirməliyəm ki, bütün başqa sahələrdə olduğu kimi, bu istiqamətdə də Heydər Əliyev siyasəti davam edir, yaşayır, yeni formalarla zənginləşir.

Mən 10 il bundan əvvəl – Akademiyanın 70 illiyində bax bu salonda alimlər qarşısında çıxış etmişdim və çalışırdım ki, bu 10 il ərzində ölkə qarşısında duran bütün başqa vəzifələrlə yanaşı, elmin inkişafına da öz dəstəyimi göstərim. Bu gün bəzi fikirlərimi sizinlə bölüşmək istəyirəm. Çünki son 10 il ərzində həm dünyada, həm Azərbaycanda köklü dəyişikliklər baş vermişdir. Dünya iqtisadiyyatı tamamilə dəyişmiş, dünyada gedən siyasi proseslər, müharibələr, hərbi toqquşmalar, beynəlxalq hüququn pozulması, mövcud olan qaydaların tamamilə aradan qaldırılması göz önündədir. Azərbaycana gəldikdə, son 10 il bizim üçün inkişaf və zəfərlərlə zəngin illər olmuşdur. Əsas vəzifə – torpaqlarımızın azad edilməsi, ərazi bütövlüyümüzün bərpası, suverenliyimizin bərpası layiqincə təmin edilmişdir. Bu gün Azərbaycan bütün suveren torpaqlara sahibdir. Bizim ərazimizdə işğalçı qüvvələr yoxdur. Bizim ərazimizdə xarici hərbi birləşmələr yoxdur. Bu gün biz bu torpaqlarda qurub-yaradırıq. Biz bir neçə gündən sonra şanlı Zəfərimizin beşinci ildönümünü qeyd edəcəyik. Son beş il ərzində dünyada bir çox yerlərdə müharibələr, toqquşmalar, münaqişələr baş verirdi və hər şey müqayisə ilə ölçülür. Bunu da alimlər yaxşı bilir. Deyə bilərəm ki, bizim qədər parlaq, tam və mütləq Qələbə qazanan ikinci ölkə olmamışdır.

Azərbaycan tamamilə yeni vəziyyətdə yaşayır və əlbəttə ki, öz addımlarımızı dəyişən dünyada gedən proseslərə həm uyğunlaşdırmalıyıq, həm də ki, bir çox təşəbbüslər irəli sürməliyik. Ona görə təbii ki, illər keçdikcə qarşıda duran vəzifələr də dəyişir. Ona görə bugünkü inkişafla bağlı, inkişafın gələcək istiqamətləri ilə bağlı əlbəttə ki, prioritetlər əvvəlki dövrdən fərqlənir. Bu gün sirr deyil ki, hər bir ölkənin inkişafını, eyni zamanda, təhlükəsizliyini o ölkənin texnoloji imkanları şərtləndirir. Bu gün biz bunu iqtisadi inkişafda görürük, yeni texnologiyaların tətbiqində görürük, yeni müharibələrdə görürük. Ona görə texnoloji inkişaf bizim üçün əsas prioritet olmalıdır və əlbəttə, burada Azərbaycan alimlərinin üzərinə böyük vəzifə düşür. Təbii ki, Azərbaycan dövlətinin üzərinə böyük vəzifə düşür ki, biz bu texnoloji inkişafı bütün sahələrdə tətbiq edək və beləliklə, bizim inkişafımız dayanıqlı olsun.

Artıq hər kəs görür və bilir ki, hər bir ölkənin inkişafını təbii resurslar yox, məhz cəmiyyətin intellektual potensialı, texnoloji inkişaf, elmin inkişafı müəyyən edir. Yəni, təbii resurslar bizim üçün sadəcə olaraq bir vasitədir, bir imkandır ki, biz təbii resursların ixracından əldə etdiyimiz vəsaiti insan kapitalına yönəldək, texnoloji inkişafa yönəldək ki, gələcəkdə bizim inkişafımız dayanıqlı olsun. Hər kəs yaxşı bilir ki, təbii sərvətlər tükənən sərvətlərdir, gec-tez tükənəcək. Tükənməz sərvət isə intellektual potensialdır, amma o halda əgər buna sərmayə qoyularsa. O sərmayəni dövlət qoymalıdır. Ölkənin elm ictimaiyyəti, alimlər bu istiqamətdə öz səylərini göstərməlidirlər. Ona görə bu gün əsas vəzifələrdən biri texnoloji inkişafdır.

Süni intellekt. On il bundan əvvəl bu barədə heç kim heç nə danışmırdı. Bu gün artıq bu, ölkələrin gələcək inkişafının ayrılmaz hissəsidir. Biz burada geri qalmamalıyıq. Ona görə dövlət lazımi addımları atır. Biz hər zaman əsas aparıcı xəttin, yəni, “mainstream”in, əgər belə demək mümkündürsə, arxasınca gedirik və geri qalmamalıyıq. Ona görə Azərbaycanda süni intellektin həm inkişafı, həm də həyatda, iqtisadiyyatda, texnoloji inkişafda tətbiqi bu gün reallıqdır və əlbəttə ki, biz burada Azərbaycan alimlərinin fəal iştirakını gözləyirik.

Bu istiqamətdə aparılan digər islahatlar nəticəsində əldə edilmiş uğurlar rəqəmsallaşma ilə bağlıdır. Biz rəqəmsallaşmanı ölkəmizdə geniş miqyasda tətbiq edirik və bunun faydasını görürük. Yəni, bəlkə də geniş ictimaiyyət bunu yaxından izləmir. Ancaq biz görürük ki, rəqəmsallaşma olan sahələrdə artıq işin keyfiyyətinin əmsalı da artır, səmərə də artır və nəticə etibarilə daha gözəl nəticələr hasil edilir. Ona görə təsadüfi deyil ki, artıq bir müddət bundan əvvəl bizim hökumət strukturunda nazirliyə “Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi” adı verilmişdir və bu istiqamətdə də addımlar atılır. Azərbaycan alimlərini burada yenə də fəal olmağa dəvət edirəm.

Digər vacib məsələ kibertəhlükəsizliklə bağlıdır. İndi dünyada kiberhücumlar geniş vüsət alıb. Azərbaycan da bu hücumlara bu il məruz qalmışdır və Kibertəhlükəsizlik Mərkəzinin yaradılması vaxtında atılmış addımdır. Biz beynəlxalq tərəfdaşlarla, bu sahədə böyük təcrübəyə malik olan şirkətlərlə çox geniş proqramlar üzərində işləyirik ki, özümüzü maksimum dərəcədə qoruya bilək, müdafiə edə bilək. Çünki kibertəhlükəsizlik, yəni, virtual təhlükəsizlik deyil. Bu, hər bir ölkənin fiziki təhlükəsizliyidir. Bu gün həm müharibələrin, deməli, aparılma qaydaları dəyişir, təhlükələrin mənbələri dəyişir və dünya dəyişir. Ona görə bu sahəyə əgər lazımi diqqət göstərilməsə, heç bir başqa müdafiə imkanı bizi böyük problemlərdən qoruya bilməz. Ona görə kibertəhlükəsizliklə bağlı həm dövlət, həm Azərbaycanın elm ictimaiyyəti birgə işləməlidir. Əlbəttə ki, eyni zamanda, bizə qarşı kiberhücumlar təşkil edən ölkələr, ya tərəflər, ya qurumlar cəzasız qalmamalıdır. Biz həm özümüzü müdafiə etməliyik, həm də ki, bizə zərər vermək istəyənlərə də layiqli cavab verməliyik.

Bu gün bildiyiniz kimi, Azərbaycanda hərbi sənaye sürətlə inkişaf edir və artıq uzun illər ərzində bu sahəyə böyük vəsait ayrılır, bu sahədə fəaliyyət göstərən şirkətlərin fəaliyyəti təkmilləşir. Eyni zamanda, bu yaxınlarda biz bu sahəni özəl sektor üçün də açmışıq. Çünki bu istiqamətdə ən böyük uğurlar əldə etmiş ölkələrdə hərbi təyinatlı məhsullar məhz özəl şirkətlər tərəfindən istehsal olunur. Ona görə biz də burada lisenziyaları verməklə özəl sektoru cəlb etmişik. Eyni zamanda, mənim tərəfimdən də onlara çağırış olub və bu gün özəl şirkətlər artıq hərbi təyinatlı məhsulların istehsalı ilə məşğul olmağa başlamışlar. Deyə bilərəm ki, hələlik bu proses icra mərhələsindədir, amma yəqin ki, yaxın gələcəkdə bir çox Azərbaycan şirkətləri artıq dünya səviyyəli keyfiyyətli hərbi təyinatlı məhsullar istehsal edəcəklər. Eyni zamanda, dövlət xətti ilə bu istiqamətdə işlər aparılır və biz öz hərbi imkanlarımızı artıq böyük dərəcədə yerli istehsal hesabına genişləndiririk, öz tələbatımızı böyük dərəcədə ödəyirik. Artıq bir çox ölkələrə hərbi təyinatlı məhsul ixrac edirik və qarşıya vəzifə qoyulub ki, həm daxili tələbatı ödəmək, həm də ixrac etmək üçün bizdə bu istiqamətdə çox ciddi sənaye klasteri yaradılsın. Çünki bu, çox gəlirli sahədir və nəzərə alsaq ki, bu gün dünyanın bütün yerlərində müharibələr alovlanır, dayanmır, əfsuslar olsun ki, hərbi təyinatlı məhsullara bundan sonra da ehtiyac olacaq. Ona görə bu istiqamətdə bu gün biz çox fəal işləyirik. Yenə də deyirəm, biz təbii ki, dövlət və özəl şirkətlərimizi, eyni zamanda, Azərbaycan alimlərini bu istiqamətə dəvət edirik.

Bizim şanlı Vətən müharibəmiz. Bildiyiniz kimi, onun hər bir mərhələsi, hər bir günü öyrənilir, öyrənilib və bir çox beynəlxalq hərbi ali məktəblərində də tədqiq edilir. O cümlədən pilotsuz uçuş aparatlarının tətbiqi. Müharibədə məhz birinci biz bunu tətbiq etmişik. Bu gün müasir müharibələri bunsuz təsəvvür etmək mümkün deyil. Yəni, bunun təməlini biz qoymuşuq və bu gün bu istiqamətdə Azərbaycanda çox böyük işlər görülür. Biz bu məhsulları həm xarici bazarlardan tədarük edirik, eyni zamanda, özümüz də bir çox növdən ibarət pilotsuz uçuş aparatlarını istehsal etməyə başlamışıq və bunu davam etdirəcəyik. Burada da təbii ki, Azərbaycan elmi ictimaiyyəti üçün çox böyük fəaliyyət meydançası yaradılır.

Mən bütövlükdə bildirmək istəyirəm ki, elm iqtisadiyyatla, sənaye ilə sıx bağlı olmalıdır. Burada bu kürsüdən dövlət strukturlarına da göstəriş vermək istəyirəm ki, Azərbaycan alimləri ilə daha sıx işləsinlər.

Çünki bu gün bizim elmimizin praktik nəticələri olmalıdır. Təkcə elmi əsərlərdə yox, həyatda və iqtisadiyyatın sürətli inkişafını nəzərə alaraq, əlbəttə ki, burada əlaqələndirmə, uzlaşma yüksək səviyyədə olmalıdır. Əminəm ki, bu sözlərdən sonra bizim dövlət qurumlarımız Azərbaycan alimləri ilə daha fəal işləyəcəklər.

Bizim iqtisadi göstəricilərimiz çox müsbətdir. Düzdür, ümumi daxili məhsul çox artmır. Bunun da əsas səbəbi neft hasilatının obyektiv səbəblərə görə aşağı düşməsidir. Ancaq bu gün iqtisadiyyatımızın aparıcı təkanverici qüvvəsi qeyri-neft sektordur. Bu, bizim ümumi iqtisadiyyatımızın əksəriyyətini təşkil edir. Bu gün dünyanın aparıcı reytinq agentlikləri – iki aparıcı beynəlxalq reytinq agentliyi bizim kredit reytinqimizi qaldırıb və bunu investisiya reytinqinə uyğun səviyyədə artırıb. Bu, əlbəttə ki, ölkəmizdə gedən iqtisadi islahatların təzahürüdür. Çünki bu gün bizim iqtisadiyyat sağlam iqtisadiyyatdır. Biz heç kimdən asılı deyilik. İqtisadi müstəqillik təbii olaraq siyasi müstəqilliyi də gücləndirir. Bizim xarici borcumuz çox aşağı səviyyədədir. Sirr deyil ki, bir çox inkişaf etmiş ölkələrdə xarici borc o ölkələrin ümumi daxili məhsulunun yüz faizini, bəlkə də daha çox təşkil edir. Bizdə isə bu, cəmi 6 faizdən bir qədər çoxdur. Bizim valyuta ehtiyatlarımız ildən-ilə artır və bu il də əhəmiyyətli dərəcədə artıb, 80 milyard dolları ötüb. Bizim valyuta ehtiyatlarımız xarici borcumuzdan 16 dəfə çoxdur. Biz əgər istəsək, xarici borcumuzu bir neçə ay ərzində sıfırlaya bilərik. Yəni, bu göstəriciyə görə Azərbaycan bu gün dünya miqyasında aparıcı yerlərdədir. Əlbəttə ki, iqtisadi və maliyyə dayanıqlılığı bizə imkan verir ki, böyük investisiya layihələrini icra edək. Təbiidir ki, bu gün əsas investisiya layihələrinin istiqaməti Qarabağ və Şərqi Zəngəzurdur. Azad edilmiş bu torpaqlarda da dünyada misli görülməmiş işlər görülür. Yəni, Azərbaycan ictimaiyyəti müntəzəm olaraq bu barədə məlumatlandırılır və bir çox vətəndaşlarımız artıq azad edilmiş torpaqlara gediblər. Dəfələrlə orada olublar və gedən inkişafı öz gözləri ilə görürlər. Yəni, bizim güclü iqtisadiyyatımız bizə həm əminlik verir, həm də azad edilmiş torpaqların tezliklə bərpa edilməsinə imkan verir. Güclü hərbi potensialı yaratmaq üçün imkan verir. Çünki yenə də demək istəyirəm ki, bu gün dünyada qaydalar tamamilə dəyişib. Beynəlxalq təşkilatlar, yəni, onların bir çoxu iflic vəziyyətindədir. Onların qərarları icra edilmir. Necə ki, BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi 30 il icra edilməmişdir. Əgər biz öz torpaqlarımızı hərbi yolla azad etməsəydik, hələ bundan sonra 100 il də icra edilməyəcəkdi. Beynəlxalq təşkilatların nüfuzu böyük dərəcədə aşağı düşüb. Bu gün güc amili dünyada aparıcı amildir. Yəni, bugünkü dünya budur və belə olan halda təhlükəsizlik, müdafiə potensialı, hərbi güc əsas məsələdir. Əlbəttə ki, güclü iqtisadiyyat, maliyyə resursları olmadan bunu əldə etmək mümkün olmayacaq.

Bu gün yeni sahələr arasında əsas yerdə bərpaolunan enerji növlərinin yaradılmasıdır. Burada da Azərbaycan ön sıralardadır. Bu gün Azərbaycanda icra edilən bərpaolunan enerji layihələri çox genişmiqyaslıdır. Təkcə Qarabağda və Şərqi Zəngəzurda son 5 il ərzində 30-dan çox su elektrik stansiyası inşa edilmişdir. Onların toplam generasiya gücü 300 meqavatdan çoxdur. Günəş və külək elektrik stansiyalarının inşası gedir. Bu yaxınlarda Cəbrayıl rayonunda 100 meqavatlıq iki stansiyanın təməli qoyuldu. O stansiyaların yanında 240 meqavat gücündə üçüncü Günəş elektrik stansiyası inşa edilir. Bütövlükdə 2030-cu ilə qədər Günəş, külək və su elektrik stansiyalarının generasiya gücü 6 min meqavata çatmalıdır. Bu, böyük bir sənaye sahəsidir, sənayenin inkişafının növbəti istiqamətidir. Azərbaycan alimlərini burada da fəal olmağa dəvət edirəm.

Geoloji kəşfiyyat işləri xüsusilə Qarabağda və Şərqi Zəngəzurda çox böyük əhəmiyyət kəsb edir. Çünki bu ərazi sovet vaxtında lazımınca tədqiq edilməmişdir və tədqiq edilsə idi belə, yenə də ovaxtkı texnologiyalarla onları tam öyrənmək mümkün deyildi. Yəni, bu gün müasir texnologiyalarla peykdən tədqiqat, zondlama aparılır. Təbii resurslar, o cümlədən qeyri-ənənəvi neft yataqlarının aşkarlanması bir çox hallarda fiziki, yəni, əraziyə girmədən müəyyən edilir. Ona görə mənim göstərişimlə artıq bir neçə aydır ki, Qarabağda və Şərqi Zəngəzurda böyük geoloji işlər aparılır. Azərbaycan alimlərini bu işlərə dəvət edirəm, dövlət strukturlarına da göstəriş verirəm. Hesab edirəm ki, yaxın bir neçə ay ərzində bizə çox yaxşı xəbərlər gələcək. Bizim çox zəngin təbii resurslarımız var – qızıl, gümüş, mis yataqları, polimetal yataqlar. Onların aşkarlanması, kəşfiyyatı, işlənməsi bizə böyük xeyir gətirəcək, Qarabağ və Şərqi Zəngəzur regionlarımızda iş yerlərinin böyük sayda yaradılmasına gətirib çıxaracaqdır.

Təbii ki, Qarabağ və Şərqi Zəngəzur haqqında danışdıqda Azərbaycan tarixi haqqında da danışmalıyıq. Bizim zəngin tariximiz əfsuslar olsun ki, Ermənistan tərəfindən, erməni diasporu tərəfindən uzun illər ərzində təhrif edilmişdir və bu istiqamətdə bizə qarşı aparılan təbliğat bu gün də dayanmır. Ona görə bunun qabağına biz öz həqiqətlərimizi qoymalıyıq. Bu barədə mən 10 il bundan əvvəl Akademiyanın 70 illiyində danışmışam. Bu gün də bu barədə danışmaq istəyirəm ki, biz öz tariximizi tədqiq və təbliğ etməliyik. Azərbaycan vətəndaşları, Azərbaycan gəncləri bizim zəngin tariximizi bilməlidirlər. Bilməlidirlər ki, Azərbaycan xalqının tarixi, dövlətçilik tariximiz, xalqımızın qurub-yaratma qabiliyyəti çoxəsrlidir. Azərbaycan xalqı böyük coğrafiyada yaşayıb və yaşayır. Təkcə onu demək kifayətdir ki, bizim hüdudlarımızın o tayında hər istiqamət üzrə Azərbaycan əhalisi yaşayır. Ermənistanda da yaşayıb, amma oradan qovulub. Amma əminəm ki, yenə də yaşayacaq. Çünki biz bu gün bütün qonşu ölkələrlə sərhədlərimizin o tayında görürük ki, orada Azərbaycan əhalisi öz əzəli tarixi torpaqlarında yaşayır və yaşadıqları ölkələrdə ləyaqətli vətəndaşlar kimi yaşayırlar. Azərbaycanlılar heç vaxt separatizm xəstəliyinə düçar olmamışlar. Bizim xalqımız yaşadığı ölkələrin dövlətçiliyinə töhfə verib və bu gün heç bir ölkədə azərbaycanlılar heç bir dövlət üçün, heç bir başqa xalq üçün problem yaratmır və yaratmayacaq. Ona görə azərbaycanlıların indiki Ermənistana qayıtması Ermənistan xalqını və dövlətini qorxutmamalıdır. Mən bunu artıq bir müddət bundan əvvəl demişəm. Biz öz tarixi torpaqlarımıza qayıtmalıyıq, tanklarla yox, avtomobillərlə qayıtmalıyıq. Bunu etmək üçün, əlbəttə ki, əsas vəzifə dövlətin üzərinə düşür. İctimai təşkilatlar və eyni zamanda, Azərbaycan alimləri, mən bilirəm və izləyirəm ki, bu istiqamətdə bir çox elmi əsərlər yaradıb. Onların sayı daha çox olmalıdır. Həm elmi əsərlər, sərgilər, təqdimatlar, tarixi xəritələrin dərc edilməsi. Təkcə XX əsrin əvvəllərində çar Rusiyası tərəfindən dərc edilmiş xəritələrə baxmaq kifayətdir hər kəs görsün ki, indiki Ermənistan ərazisində toponimlərin mütləq əksəriyyəti Azərbaycan mənşəlidir. O xəritələrdə Sevan gölü adlı göl yoxdur. O xəritələrdə Göyçə gölüdür və bütün digər bizim istifadə etdiyimiz tarixi toponimlərimiz orada öz əksini tapıb. O xəritələri biz tərtib etməmişik ki, kimsə desin biz burada saxtakarlıq eləyirik. Bunu çar Rusiyası edib. Həmin o çar Rusiyası ki, vaxtilə erməniləri İrandan və Şərqi Anadoludan gətirərək bizim Qarabağ torpağında yerləşdirib ki, burada etnik və dini tərkib dəyişsin. Yəni, bu xəritələr tamamilə tarixi həqiqətə əsaslanan xəritələrdir. Ona görə biz bunu təbliğ etməliyik, tədqiq etməliyik. Daha çox elmi əsərlər, daha çox hətta kiçikhəcmli bukletlər hazırlanmalıdır ki, həm Azərbaycan gəncləri öz tarixini yaxından bilsinlər, həm dünya ictimaiyyəti bilsin və eyni zamanda, indiki Ermənistana bizim qayıdışımız da tamamilə məntiqli və ədalətli səslənsin. Ona görə Azərbaycan tarixi ilə bağlı bax, bu istiqamətdə əlbəttə ki, əlavə addımlara ehtiyac var. Bütövlükdə müstəqil Azərbaycan dövlətinin tarixi ilə bağlı sanballı elmi əsərlərə də böyük ehtiyac var. Artıq 30 ildən çoxdur ki, biz müstəqil dövlət kimi yaşayırıq və Azərbaycan xalqının çoxəsrlik dövlətçilik tarixində Azərbaycan bugünkü qədər güclü olmamışdır. Ona görə müstəqil Azərbaycanın tarixini tədqiq edən, təbliğ edən bir çox əsərlərə ehtiyac var.

On il bundan əvvəl mən bu kürsüdən, eyni zamanda, Azərbaycan dili haqqında danışmışdım, öz narahatlığımı ifadə etmişdim. Deyə bilərəm ki, son 10 il ərzində bu istiqamətdə lazımi addımlar atılıb. Ancaq desəm ki, vəziyyət məni tam qane edir, əlbəttə ki, səmimi olmaram. Azərbaycan dili çox zəngin dildir. Bu gün 50 milyondan çox insan üçün Azərbaycan dili ana dilidir. Ancaq təmiz, saf, ədəbi Azərbaycan dilinin qoruyucuları bizik – müstəqil Azərbaycan dövləti. Mən azərbaycanlıların yaşadıqları müxtəlif bölgələrdə vəziyyətlə müntəzəm surətdə olaraq tanış oluram, diqqətdə saxlayıram, lazımi tədbirlər görürəm. Görürəm ki, bəzi yerlərdə bizim ədəbi dilimiz digər ölkələrdə yaşayan azərbaycanlılar arasında itirilir. Daha çox məişət dili kimi istifadə olunur, xarici kəlmələrlə dolu olur. Ona görə biz öz dilimizi qorumasaq, dilimizi təmiz, saf saxlamasaq, onda yavaş-yavaş dilimizi itirə bilərik. Hər bir millət, hər bir xalq üçün onun Ana dili onun milli mənsubiyyətinin əsas amilidir və bu istiqamətdə bütün ictimai fəallar, bütün ictimaiyyət bir nöqtəyə vurmalıdır. Bizim dilimiz qədimdir. Yenə də deyirəm, 50 milyondan çox insan üçün Ana dilidir, çox zəngindir və xarici kəlmələrə ehtiyac da yoxdur. Düzdür, beynəlxalq leksikon var və hər birimiz bu leksikondan istifadə edirik. Amma əgər Azərbaycan dilində əzəli bir kəlmə varsa, başqa dildən kəlməni gətirib əvəzləmək nə məqsəd daşıyır? Bu, ya səhvdir, ya təxribatdır. Hər ikisi də qəbuledilməzdir.

Azərbaycan dilinin saflığının qorunması hər bir Azərbaycan vətəndaşının işi olmalıdır. Yəni, dövlət, alimlər, dilçilər, yazıçılar, şairlər, jurnalistlər, siyasətlə məşğul olanlar bu məsələyə çox böyük diqqət verməlidirlər. Yenə də deyirəm, 10 il bundan əvvəl mən bu məsələni qaldırmışdım. Çünki bu, məni narahat edirdi. On il ərzində lazımi tədbirlər görüldü ki, biz dilimizi kənar kəlmələrdən qoruya bilək. Amma yenə də oradan-buradan eşidirəm, – həm televiziyalarda, həm yazılı mediada, həm bəzi insanların çıxışlarında, – buna heç bir gərək yoxdur. Yəni, biz xalq kimi, millət kimi öz dilimizi qorumasaq, onda yavaş-yavaş bizim milli kimliyimiz də sarsıla bilər. Əminəm ki, mənim sözlərim hər kəsə çatacaq və özüm də daim bu məsələ ilə bağlı məşğul olacağam, izləyəcəyəm, lazımi tədbirlər görəcəyəm. Azərbaycan alimlərindən də bax, bu məsələyə də öz münasibətini və dəstəyini göstərmək çağırışını edirəm.

Qeyd etdiyim kimi, bir neçə gündən sonra biz tarixi Zəfərimizin beş illiyini qeyd edəcəyik. Hərbi parad təşkil ediləcək. Beş il əvvəl, 2020-ci ilin dekabrında Zəfər paradı keçirilmişdir. 2023-cü ildə Xankəndidə hərbi parad keçirilmişdir ki, Azərbaycanın suverenliyi tam bərpa edilmişdir. Bir neçə gündən sonra Azadlıq meydanında hərbi paradın keçirilməsi böyük hadisədir, qürurverici hadisədir. Azərbaycan xalqı bu Şanlı Zəfərlə bundan sonra əbədi fəxr edəcək.

Mən sizi, bütün Azərbaycan xalqını həm Milli Elmlər Akademiyasının 80 illiyi münasibətilə, həm də qarşıdan gələn Zəfər Günü və Bayraq Günü münasibətilə təbrik edirəm. Sizə cansağlığı, uğurlar arzulayıram. Sağ olun.

Mənbə: Misir Mərdanov

Misir Mərdanovun digər yazıları

Rüstəm Sultanov – 25 oktyabr 1910

Rüstəm Sultanov

Əziz dostlar, oktyabrın 25-i Bakı Dövlət Univetsitetinin nüfuzlu müəllimlərindən biri Rüstəm Sultanovun doğum günüdür. O, 1964-1965-ci illərdə bizə – Mexanika-riyaziyyat fakültəsinin tələbələrinə Ali cəbr və xətti cəbrdən mühazirə oxumuşdu. Rüstəm müəllim, Moskva Dövlət Pedaqoji Universitetini bitirmiş, namizədlik dissertasiyası müdafiə etdikdən sonra, fakültədə dosent vəzifəsində çalışırdı. Mehdi Əliyevin rektorluğu dövründə universitetin tədris işləri üzrə prorektoru vəzisində işləyirdi. Sonralar Cəbr kafedrasının müdiri, fakültənin dekanı vəzifəsində işlədi, professor elmi adına layiq görüldü.
Rüstəm müəllim universitetin sanballı, ağsaqqal, böyük nüfuza malik, səliqəli, səhmanlı professorlarından biri idi. Təəssüf ki, indi belə müəllimlərin sayı çox azdır. Allah rəhmət eləsin.

Sultanov Rüstəm Maksun oğlu, funksional analizin inteqral tənliklərə tətbiqi sahəsində mütəxəssis, 25 oktyabr 1910-cu ildə Naxçıvan şəhərində anadan olmuş, orta təhsilini Naxçıvan şəhərində almış, 1927-ci ildə Naxçıvan Pedaqoji Texnikumunu bitirmiş, 1932-1937-ci illərdə ali təhsilini Moskva Vilayət Pedaqoji İnstitutunun fizika-riyaziyyat fakültəsinin “Riyaziyyat” şöbəsində almış, riyaziyyatçı ixtisasına yiyələnmiş, 1944-1946-cı illərdə Azərbaycan SSR-nin EA-nın aspirantı olmuşdur. 1947-ci ildə Azərbaycan Dövlət Universitetinin Elmi Şurasında “Abel mənada operator qruplarının açıq cəm şəklində olan dövrlü yarımqruplara ayrılışı” mövzusunda namizədlik dissertasiyasını müdafiə edərək fizika-riyaziyyat elmləri namizədi elmi dərəcəsini almışdır.
O, 1949-cu ildə “Funksiyalar nəzəriyyəsi və cəbr” kafedrası üzrə dosent elmi adına layiq görülmüşdür. 1927-1928-ci illərdə Naxçıvan şəhərinin Yengicə kənd ibtidai, 1928-1929-cu illərdə Naxçıvan 7 illik məktəblərində, 1929-1932-ci illər ərzində Tbilisi şəhərinin 97 nömrəli əmək məktəbində fizika və riyaziyyat müəllimi, 1937-1940-cı illərdə Azərbaycan Dövlət Qiyabi Pedaqoji İnstitutunda müəllim, 1939-1941-ci illər ərzində Xəzər Ali Hərbi-Dəniz, 1942-1943-cü illərdə F.E.Dzerjinski adına Mühəndis Ali Hərbi-Dəniz Məktəblərinin, Azərbaycan Politexnik İnstitutunun “Ali riyaziyyat” kafedralarında baş müəllim vəzifəsində və Azərbaycan SSR EA Fizika və Riyaziyyat İnstitutunda çalışmışdır.
Sultanov Rüstəm 1938-1947-ci illərdə Azərbaycan Dövlət Universitetinin fizika-riyaziyyat fakültəsində müəllim, baş müəllim, 1942-ci və 1950-ci illərdə mexanika-riyaziyyat fakültəsinin dekan müavini, 1948-1971-ci illərdə “Funksiyalar nəzəriyyəsi və cəbr” kafedrasında dosent, 1965-1971-ci illər ərzində universitetin tədris hissəsi üzrə prorektoru, 1971-1988-ci illərdə “Cəbr və topologiya” kafedrasında professor, 1966-cı ildə müvəqqəti olaraq rektor, 1975-1978-ci illərdə mexanika-riyaziyyat fakültəsinin dekanı, 1980-1982-ci illərdə “Cəbr və topologiya” kafedrasının müdiri vəzifələrində çalışmışdır.
1988-ci ildə təqaüdə çıxmışdır. 40-dan çox elmi məqalənin, metodik və dərs vəsaitinin müəllifi olmuş, ali məktəblər üçün nəzərdə tutulan ali cəbr və riyazi analizə dair kitabları rus dilindən Azərbaycan dilinə tərcümə etmişdir.
Rüstəm Sultanov 1988-ci ildə Bakıda vəfat etmişdir.

Mənbə və müəllif: Misir Mərdanov

Misir Mərdanovun digər yazıları

Azərbaycan riyaziyyatçısı, fizika-riyaziyyat elmləri doktoru, Böyük Vətən Müharibəsi iştirakçısı Qoşqar Teymur oğlu Əhmədov

Q.Əhmədov M.Mərdanovun kitabının üz qapağında

Qoşqar Teymur oğlu Əhmədov

Adını ibtidai sinifdə oxuduğum illərdə babamdan eşitmişdim. Həm təhsilə marağımızın oyanması, həm də yaxşı insan olmağa çalışmağımız üçün Qoşqar Əhmədovdan danışardı.

Görkəmli sovet və Azərbaycan riyaziyyatçısı, fizika-riyaziyyat elmləri doktoru, Böyük Vətən Müharibəsi iştirakçısı Qoşqar Teymur oğlu Əhmədov 1917-ci il oktyabrın 25-də, indiki Azərbaycan Respublikası Gədəbəy rayonunun Söyüdlü kəndində ziyalı ailəsində anadan olmuşdur.

1930-33-cü illərdə Bakı Beynəl­miləl Pedaqoji Texni­kumunda təhsil almış, 1940-cı ildə Azər­baycan Dövlət Universite­tinin Fizika-riyaziy­yat fakültəsini, 1942-ci ildə F.Dzerjinski adına Hərbi Akademiyanı bitir­miş­dir. O, 1950-ci ildə fəlsəfə doktoruluğu, 1960-cı ildə elmlər doktorluğu dis­ser­tasiyasını müdafiə etmiş, 1961-ci ildə profes­sor elmi adını almış, 1969-cu ildə AEA-nın müxbir üzvü seçilmişdir.
1942-1946-cı illərdə Bakı qarnizonu komandanının zenit artilleriyası üzrə müavini, 1946-1961-ci illərdə Azərbaycan Dövlət Universitetində assis­tent, do­sent, dekan müavini, 1958-ci ildən ömrünün sonuna qədər Diferensial və inteq­ral tənliklər kafedrasının müdiri, 1970-1972-ci illərdə Mexanika-riyaziyyat fakül­təsinin dekanı işləmişdir.

Əhmədov Moskva Riyaziyyat Cəmiyyətinin və keçmiş SSRİ Ali Təh­sil Nazirliyi nəzdnində Riyaziyyat üzrə Metodik Şuranın üzvü olmuşdur.

AMEA-nın müxbir üzvü Qoşqar Əhmədov 1975-ci ildə Bakıda vəfat etmişdir.

Məlumatı hazıladı: PƏRVANƏ BAYRAMQIZI

PƏRVANƏ BAYRAMQIZININ YAZILARI

Pərvanə Bayramqızı digər mənbələrdə


>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<


Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Bu gün tarix elmləri doktoru, professor Həsən Həsənovun 85 yaşı tamam olur – təbrik

Əziz dostlar, oktyabrın 20-si Azərbaycanın siyasi və dövlət xadimi, diplomat, görkəmli tarixçi-alim, tarix elmləri doktoru, professor Həsən Həsənovun 85 yaşı tamam olur. Bu münasibətlə hörmətli Həsən müəllimi ürəkdən təbrik edir, ona möhkəm can sağlığı, sağlam uzun ömür və fəaliyyətində daha böyük uğurlar arzu edirəm. Onunla bağlı hazırladığım məqaləni diqqətinizə çatdırıram.

Ötən əsrin 90-cı illəri Azərbaycan tarixinin ən mürəkkəb mərhələlərindən olmuşdur. Bugünkü sabitliyi, rahat həyat tərzini, firavanlığı görən insanlar üçün həmin dövrün xaosunu təsəvvür etmək çox çətin olar. Hesab edirəm ki, o günlərin şahidi olmuş, həmin vaxtlarda yaşamış bizim nəslin nümayəndələri gördükləri hadisələri qələmə almalıdırlar ki, ibrət dərsi götürməli olduğumuz tarix unudulmasın.

Beləliklə, 1992-ci ilin mayın 6-sı. Həmin vaxt xalq təhsili nazirinin (indiki elm və təhsil nazirinin) müavini vəzifəsində işləyirdim. Yaxşı xatırlayıram, nazir Rafiq Feyzullayev məni çağırıb tapşırdı ki, təcili Nazirlər Sovetinin (indiki Nazirlər Kabinetinin) qarşısına get, orada Nazirlər Sovetinin sədri (indiki Baş nazir) Həsən Həsənovun əleyhinə piket keçirilir, gör tanıdığın adamlar varsa, onları bu işdən çəkindir.

“Mən hara, piketə müdaxilə etmək hara?”, düşünərək, etiraz etmək istədim, ancaq Feyzullayev kimi sərt, bir az da özündən razı nazirin bir sözünü iki eləmək mümkün deyildi, razılaşıb çıxdım. Həqiqətən siyasi proseslərdən kənarda qalmağın tərəfdarı idim, bir ziyalı kimi ölkənin taleyinin çətin durumda olduğundan narahatlıq keçirsəm də, çox qarışıq olan vəziyyətdə qeyri-müəyyən siyasi proseslərə qoşulub bir az da qarışıqlıq yaratmaq istəmirdim, öz işlərimi görüb vəzifə borclarımı yerinə yetirməyi üstün tuturdum.

Həmin vaxtlarda şəhərin müxtəlif yerlərində cürbəcür siyasi aksiyalar keçirilirdi, Bakı qaynar qazana bənzəyirdi. Bir az əvvəl, fevralın 26-da Xocalı soyqırımı baş vermişdi, həmin faciənin dalğasında, martın əvvəllərində Ayaz Mütəllibov və parlamentin spikeri Elmira Qafarova istefaya göndərilmiş, professor Yaqub Məmmədov Milli Məclisin sədri seçilmişdi və dövlət başçısı vəzifəsi də ona həvalə edilmişdi. Xalq Cəbhəsi hakimiyyətə gəlmək uğrunda inadla mübarizə aparırdı, qaragüruhçuların da həvəslə qoşulduğu bu insanların siyasi addımları çox vaxt başıpozuq kampaniyaya çevrilirdi. Bu mübarizəni xaosa çevirən amillərdən biri də bu idi ki, Xalq Cəbhəsinin daxilində parçalanma baş vermişdi, ayrı-ayrı liderlər, yeni partiyalar yaranmışdı və onların hər birinin prezidentliyə öz namizədi, öz tərəfdarları, öz “planları” var idi. Bir tərəfdə də yenicə hakimiyyətin “dadını görmüş” Yaqub Məmmədovun tərəfdarları bu “ləzzəti” heç kəslə bölüşmək istəmir, onu prezident kürsüsünə doğru itələyirdilər. Ayaz Mütəllibov və onun “silahdaşları” hələ də ümidlərini itirməmişdilər, “bəlkə də qaytardılar” arzusu ilə gizli və açıq mübarizə aparırdılar. Düzünü demək lazımdır ki, 1992-ci ilin mayında mövcud olan bu qarışıqlıqda Heydər Əliyevin adı hallanmırdı, var idisə də, çox məhdud çərçivədə idi. Hələ tarix öz sözünü deməmişdi, xalqın və ziyalıların bir qismi Əbülfəz Elçibəyin hakimiyyətə gəlməsi ilə hər şeyin yoluna qoyulacağına ümid edirdi, bir qismi Etibar Məmmədov kimi siyasi xadimlərin vəziyyəti düzəldə biləcəyinə inanırdı, başqa bir hissəsi professor olduğuna görə ziyalı kimi Yaqub Məmmədova güvənirdi.

Belə bir vəziyyətdə xalqın və ölkə ziyalılarının əksəriyyəti Nazirlər Sovetinin sədri Həsən Həsənovu daha real namizəd görürdü. Sağlam düşüncəli bu kateqoriyadan olan insanlar həyat yoluna, siyasi təcrübəsinə, imicinə və yüksək mənəvi keyfiyyətlərinə görə Həsən Həsənovu digərlərindən daha üstün tuturdular. Hələ tələbəlik dövründə qrup, fakültə və institut (indiki Azərbaycan Texniki Universiteti) Komsomol Komitəsinin katibi olmuş bu istedadlı insan 1962-ci ildə, 22 yaşında olarkən Azərbaycan tələbələrinin təmsilçisi kimi Moskvada keçirilən XIV Ümumittifaq Komsomol Qurultayına nümayəndə seçilmişdi. Hamı bilirdi ki, gənc yaşlarından Azərbaycanın və SSRİ-nin bir sıra gənclər təşkilatlarının üzvü olan Həsən Həsənov 1960-cı ildən 1963-cü ilə qədər Bakı şəhər Tələbə Şurasının sədri, Bakı Şəhər Komsomol Komitəsində təlimatçı, Yasamal rayon Komsomol Komitəsinin katibi, Respublika Komsomol Komitəsinin MK-də bölmə müdiri və digər vəzifələrdə, 1967-1969-cu illərdə AKP MK-da (indiki Prezident Administrasiyası) təlimatçı vəzifəsində çalışmışdı. 1969-cu ildə o zamanlar üçün çox böyük etimad olan Moskvada Ümumittifaq Komsomolunun Mərkəzi Komitəsində məsul təşkilatçı vəzifəsinə təyinat almışdı.

Heydər Əliyevin Azərbaycanda hakimiyyətə gələndən sonra gənc və istedadlı kadrlara göstərdiyi etimadın ən parlaq nümayəndələrindən biri olan Həsən Həsənov 1971-ci ildə şəxsən Ulu öndərin təşəbbüsü ilə Vətənə qayıtmış, Azərbaycan Kommunist Partiyasının Mərkəzi Komitəsində əvvəl təlimatçı, sonra bölmə müdiri, şöbə müdirinin müavini vəzifələrində çalışmışdı.
31 yaşında olarkən, 1971-ci ildə Bakı şəhər Səbail Rayon Partiya Komitəsinin Birinci katibi, 1978-ci ildə Sumqayıt Şəhər Partiya Komitəsinin Birinci katibi, 1979-cu ildən 1981-ci ilə kimi Gəncə Şəhər Partiya Komitəsinin Birinci katibi vəzifələrində çalışmışdı. Yaxşı xatırlayıram, cəmi iki il rəhbərlik etdiyi Gəncədə həm qurucu, həm də vətənpərvər bir ziyalı kimi dərin rəğbət qazanmışdı. Yeni tikintilərlə qədim Gəncənin simasını dəyişdirmiş, onun tarixi abidələrini bərpa etmiş, klassik memarlıq üslubunu özünə qaytarmışdı. Bu günə kimi hamı xatırlayır ki, Həsən müəllimə Gəncədəki memarlıq fəaliyyətinə görə “kərpic Həsən” təxəllüsünü qoymuşdular. Gəncənin qədim memarlıq abidələrini, binaları, hasarları yenidən kərpiclə tikdirmək üçün Ulu öndərin köməyi ilə Ümumittifaq büdcəsindən əlavə vəsait alınmasına nail olmuş, Gəncədə Kərpic zavodu inşa etdirmişdi. Bununla yanaşı, sovet ideologiyasının, necə deyərlər, “qılıncının dalının, qabağının kəsdiyi” illərdə “Kirovabad” (SSRİ-nin keçmiş rəhbərlərindən biri olan Sergey Kirovun şərəfinə 1935-1989-cu illərdə Gəncənin adı) adlanan şəhərin adını dəyişdirməyə gücü çatmasa da, şəhəri iki yerə bölmüş, onları Kəpəz və Gəncə rayonları adlandıraraq “Gəncə” sözünü unutmağa məhkum edilmiş xalqın yaddaşını “qıcıqlandırmışdı”.

Bu insanın xalq arasında nüfuzu çox yüksək idi, onun Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin İdeoloji məsələlər üzrə katibi, Tikinti məsələləri üzrə katibi, sonra isə İqtisadiyyat məsələləri üzrə katibi olduğu 1981-1990-cı illərdə həm ideoloji baxımdan “xalqın adamı” olduğu, həm də tikinti və iqtisadiyyatı mükəmməl bildiyi hamıya gün kimi aydın olmuşdu. Məhz bu keyfiyyətlərinə görə Nazirlər Sovetinin sədri təyin edilən Həsən müəllim vəzifə iddiasında olan rəqiblərindən fərqli olaraq heç bir umacağı olmadığı halda, onların nəzərində “çox təhlükəli namizəd” hesab olunurdu…

Həmin 1992-ci il mayın 6-da bir qrup insan Nazirlər Kabinetinin qarşısına göndərilmiş, “Həsən Həsənova istefa”, “Vəzifəni tərk et” şüarları ilə piket təşkil olunmuşdu. Ancaq bu piket çox uğursuz alınmış, ürəklərinin çağırışı ilə gəlməyən insanlar mənim də təklifim daxil olmaqla deyilən bir neçə haqlı iraddan sonra dağılışmışdılar. Vəziyyəti belə görən Yaqub Məmmədov səlahiyyətlərindən başqa cür istifadə etmək qərarına gəldi, həmin tarixdə, 1992-ci il 6 may tarixində Azərbaycan Respublikasının BMT-də Daimi Nümayəndəliyinin rəsmi olaraq yaradılması haqqında Sərəncam imzaladı və o gündən Həsən Həsənov Azərbaycan Respublikasının BMT-də hələ mövcud olmayan Nümayəndəliyin ilk Daimi Nümayəndəsi oldu. O, Nazirlər Sovetinin sədri vəzifəsindən azad edildi, Nümayəndəliyin işini təşkil etmək üçün Nyu-Yorka yola salındı və beləliklə, ən “təhlükəli rəqib” neytrallaşdırıldı.

Yeri gəlmişkən qeyd edirəm ki, 1992-ci ilin mayında yanlış da olsa Nyu-Yorka göndərilən Həsən Həsənovun BMT-də Daimi Nümayəndəmiz olması 1993-cü il aprelin 30-da böyük siyasi əhəmiyyəti olan və Azərbaycan tarixinə düşmüş hadisə kimi yaddaşlarda qalan BMT Təhlükəsizlik Şurasının Ermənistan-Azərbaycan münaqişəsinə dair məşhur 822 saylı, iyulun 29-da isə 853 saylı qətnamələrin qəbul edilməsi ilə nəticələndi.

Tarix göstərdi ki, dağ çaylarının coşqun sellərinin qarşısını almaq mümkün olmadığı kimi, qüdrətli şəxsiyyətlərin də, haqqın, ədalətin də qarşısını almaq olmur. Ancaq həmin piketin tezliklə dağılması, həmin gün eşitdiyim bir sıra söhbətlər, işə qayıtdıqdan sonra maraq dairəmə düşən Həsən Həsənov haqqında soruşub öyrəndiyim bəzi həqiqətlər, onun tez-tələsik Nyu-Yorka göndərilməsi və digər hadisələr bu şəxsə qarşı ürəyimdə böyük bir rəğbət yaratdı. Xoşbəxtlikdən, həyatımın sonrakı mərhələlərində dəfələrlə onunla görüşmək, ünsiyyətdə olmaq şansım yaransa da, həmişə mənə elə gəlir ki, 1992-ci il mayın 6-da Həsən Həsənovla ilk təmasım baş tutmuşdur.

Əslində, onu ilk dəfə yaxından görməyim isə tam təsadüf nəticəsində bu hadisədən 11 il əvvəl, 1981-ci il sentyabrın 1-də olmuşdu. O vaxtlar dərslər həmin gün başlayırdı və mən də Mexanika-riyaziyyat fakültəsinin dekan müavini kimi az qala hamıdan qabaq gəlib universitetdə yeni tədris ilinin başlanmasıyla bağlı yaranan problemlərin həlli ilə məşğul idim. İşin çoxluğundan iştirak edə bilmədiyim təntənəli tədbir, çıxışlar, təbriklər gedən dəqiqələrdə dördüncü mərtəbəyə, dərslər keçirilən auditoriyaların yerləşdiyi yerə qalxmışdım. Dedilər ki, Mərkəzi Komitənin Katibi də bu tədbirdə iştirak edir və sonra dərslərə baxmağa yuxarı qalxacaq. Açığını deyim ki, o zamanlar 40 yaşı olsa da, xalq arasında Səbail (o vaxtlar 26 Bakı Komissarı) rayonunun, Sumqayıtın, xüsusən də Gəncənin birinci katibi (indiki İcra başçısı) kimi məşhur sima olan Həsən Həsənovu çox görmək istəyirdim.

Bir məsələni də qeyd etmək istəyirəm ki, həmin 70-ci illərin sonu, 80-ci illərin əvvəllərində 60-cı illərdən başlanan milli təəssübkeşlik, vətənpərvərlik kimi hisslər gizli də olsa, çox qabarıq formada hər kəsin daxilində mövcud idi. Bəxtiyar Vahabzadənin “Gülüstan” poeması, Şıxəli Qurbanovun Novruz bayramı ilə əlaqədar fəaliyyəti, milli duyğularına görə fərqlənən Nazim Hacıyev adlı Mərkəzi Komitə katibinin 38 yaşında müəmmalı ölümü və digər bu kimi hadisələr ölkədə vətən və xalq sevgisini xeyli alovlandırmışdı. Deyim ki, Həsən Həsənov da həmin o “xalq siyahısında” var idi və zaman göstərdi ki, xalqın proqnozları heç vaxt yalan çıxmır. O, ideologiya məsələləri üzrə katib olduğu dövrdə Azərbaycanın milli vətənpərvər ziyalılarını – Bəxtiyar Vahabzadəni, Xəlil Rza Ulutürkü, Məmməd Arazı və digərlərini “qanadının altına” almışdı, onlarla şəxsi dostluq münasibətləri saxlayır, şeirlərinin, kitablarının çapına, efirdəki çıxışlarına qoyulan qadağaları ləğv etdirir, yeri gəldikcə onları yüksək mükafatlara təqdim edirdi. Belə münasibət, heç şübhəsiz, ölkə başçısının razılığı ilə baş tuturdu, ancaq Heydər Əliyevin açıq edə bilmədiklərini də Həsən Həsənov gizli-gizli həyata keçirir, dövrün və beləliklə, siyasi quruluşun amansız qadağalarına qalib gəlirdi.

Xatırlayıram ki, keçmiş SSRİ dağılanda ən izdihamlı mitinqlər, ən kəskin etiraz dalğaları Azərbaycanda olurdu, o vaxtın sosioloji tədqiqat mərkəzləri qeyd edirdi ki, bizim ölkəmizin insanları arasında vətənpərvərlik hissləri digər respublikalarda olandan xeyli yüksəkdir. Bütün məhrumiyyətlərə, siyasi qarışıqlıqlara, yaradılan Qarabağ probleminə, Qərbi Azərbaycandan gələn qaçqınlara, iqtisadi çətinliklərə baxmayaraq, Azərbaycan öz müstəqilliyini ilk elan edən respublika oldu. Hərdən düşünürəm ki, bizim xalqın milli məsələlərdə bu qədər həssas olmasının səbəbkarlarından biri də Həsən Həsənov, onun gördüyü işlər, atdığı cəsarətli addımlar, fədakarlıq olmuşdur.

Hələ sadalanan hadisələrin baş verməsinə 7-8 il qalırdı, 1981-ci il idi, ancaq Həsən Həsənovların xidmətləri ilə Azərbaycan yeni bir dövrə hazırlaşırdı. Hamı da bunu bilirdi, bilirdilər ki, Şıxəli Qurbanovların, Nazim Hacıyevlərin, Heydər Hüseynovların faciəli talelərinə baxmayaraq, heç nədən çəkinməyən Həsən Həsənov indi hökumətdə həmin missiyanı yerinə yetirməkdədir. Ona görə də xalq ona daha çox “kərpic Həsən” yox, “türkçü Həsən” deyirdi. Bu “türkçü”, “vətənçi”, “millətçi” Həsəni yaxından görmək istəyim bütün digər duyğularımı üstələmişdi və dördüncü mərtəbənin foyesində dayanıb onu gözləyirdim. Nəhayət, rektor Faiq Bağırzadə, “partkom” Qurban Bayramov, prorektor Teymur Vəliyev, daha bir neçə nəfər pilləkənləri qalxanda onların arasında qara saçları arxaya daranmış, qalın eynəkli, üzügülər Həsən Həsənovu o dəqiqə seçdim və gəlib yanımdan keçib gedənə kimi baxışlarımı ondan çəkmədim. Bəlkə də rektor, ya başqa kimsə mənim belə heyranlıqla ona tamaşa etməyimi düzgün anlamadı, ancaq bu böyük, 40 yaşında ürəklərdə abidəsini yaratmağı bacarmış şəxsiyyətə heyranlığımı gizlədə bilməzdim, heç gizlətmədim də… Çünki yaxından tanıdıqca rəğbətimin bir az da artdığı, Texniki Universiteti bitirmiş olsa da, tarixdən, özü də xalqın tarixindən namizədlik və doktorluq dissertasiyaları müdafiə edən, Türk xalqlarının tarixinə, mədəniyyətinə, adət-ənənlərinə aid neçə-neçə kitab yazan, sözün əsl mənasında vətəni canından çox sevən bu insanı sevməmək mümkün deyil.

Həsən müəllimin zəngin həyat yolu haqqında düşünərkən yadıma bir xatirə də düşür. 1988-ci ilin qarlı-şaxtalı noyabr-dekabr aylarında erməni daşnaqları rus-sovet ordusunun köməyi və dəstəyi ilə Qərbi Azərbaycanda, o cümlədən bizim Qaraqoyunlu dərəsində, həmçinin doğma Salah kəndində yaşayan bütün soydaşlarımızı ata-baba yurdundan qovurlar. Bununla bağlı, həmin dövrdə Salahda Kolxoz sədri vəzifəsində işləyən Safaya Məmməd qızı Həsənova danışırdı ki, 1988-ci ilin noyabrında İcevan rayon İcraiyyə Komitəsinin sədri Ordinyan məni rayon mərkəzinə dəvət edib dedi ki, Safaya xanım, vəziyyət çox gərgindir, biz istəmirik ki, Salah kəndinin camaatı arasında ölən və yaralanan olsun, ona görə də Siz 3 gün müddətində camaatı kənddən çıxarmalısınız. Safaya xanım soruşur ki, bəs camaatın mal-qarası, ev əşyaları necə olacaq. Ordinyan cavab verir ki, camaatı xüsusi ayrılmış avtobuslarla çıxaracağıq, ev əşyalarına gəldikdə isə, o barədə düşünmək lazımdır. Az sonra gecə ikən rayon Daxili işlər idarəsinin təşkilatçılığı ilə kəndə avtobuslar göndərilir və əhali evindən heç bir əşya götürə bilməyərək, zorla avtobuslara doldurulub Qazax şəhərinə aparılır.

İlk günlər kəndin əksər əhalisi Qazaxda qohum-əqrabasının, dost-tanışının evlərində gecələməli olurlar. Safaya xanım danışır ki, həmin dövrdə Qazax rayon partiya komitəsinin birinci katibi vəzifəsində işləyən Murad Aşurovla görüşdüm. Onu vəziyyətlə tanış etdim və dedim ki, camaat buradan birbaşa Qarabağa getmək istəyir, xahiş edirəm bizə kömək edin. Murad Aşurov dedi ki, bu məsələni Azərbaycan rəhbərliyinin razılığı ilə həll etmək olar. O, böyük çətinliklə olsa da, mənimlə həmin dövrdə Azərbaycan Respublikasının Baş naziri vəzifəsində işləyən Həsən Həsənov arasında telefon əlaqəsi yaratdı. Mən camaatın istəyini ona çatdırdım. Müdrik şəxsiyyət və böyük vətənpərvər insan olan Həsən Həsənov məni diqqətlə dinlədi və köçkünlərin arzusunu nəzərə alıb Qarabağa getməyimizə razılıq verdi. Murad Aşurov bizə kömək etdi və Azərbaycanın qonşu rayon rəhbərləri ilə əlaqə saxlayıb, bizim Qarabağa köçməyimizi təşkil etdi. Maşınlar ayrıldı və yalnız bizim kəndimiz yox, o zaman Qazaxa qaçmağa məcbur olmuş bütün Qərbi azərbaycanlılar Qarabağ istiqamətində yola çıxdı. Gəncəyə yaxınlaşanda bizi saxladılar və dedilər ki, respublika rəhbərliyi bizim Qarabağa köçməyimizə razı deyil. Biz Gəncə yaxınlığında, indiki Göy-göl rayonunda məskunlaşmalı olduq. Belə düşünmək olar ki, əgər o zaman Həsən Həsənovun dediyi olsaydı, sonradan dəqiq bildiyimizə görə, Moskvadan icazə almaq istəyən Ayaz Mütəllibovun etirazı ilə rastlaşmasaydıq, köçürülmüş insanlar Qarabağda yerləşdirilsəydi, bəlkə də sonralar başımıza bəlalar gətirən Dağlıq Qarabağ problemi də olmazdı…

Həsən Həsənovun zəngin həyat yolunda Azərbaycan Respublikasının tarixinin ən çətin vaxtlarında, xaricdən təcrid olunduğu, Qarabağ müharibəsinin gərgin fazasının yaşandığı dövrdə xarici işlər naziri olması xüsusi mərhələdir. Ona görə də, bu barədə ayrıca danışmaq istəyirəm. 1993-cü ildə Ulu öndər tərəfindən Həsən Həsənovun xarici işlər naziri təyin olunması, təcrübəli və intellektual bir şəxsiyyətin diplomatiyaya rəhbərlik etməsi baxımından strateji əhəmiyyət kəsb edirdi. Həmin ağır illərdə o, bir sıra ölkələrlə diplomatik münasibətlərin qurulmasına və Azərbaycanın xarici siyasət xəttini müəyyən edən ilkin protokolların hazırlanmasına şəxsən rəhbərlik etdi, Azərbaycanın beynəlxalq aləmdə tanınması prosesi, BMT və ATƏT kimi qurumlarla daha aktiv əməkdaşlığın qurulması, xarici ölkələrdə ilk diplomatik nümayəndəliklərin açılması, Ermənistan-Azərbaycan münaqişəsinin beynəlxalq müstəviyə çıxarılması kimi çətin və məsuliyyətli vəzifələrin öhdəsindən bacarıqla gəldi. Həsən Həsənovun çıxışlarında və danışıqlarında təmkin, rasionallıq, diplomatik etika, ritorik məharət, tarixə dərindən bələdlik, intellektual zənginlik diplomatik münasibətlərin qurulmasında həlledici rol oynayırdı. Xarici işlər naziri olduğu dövrdə böyük təcrübəyə malik bir siyasətçi kimi ünsiyyətdə peşəkarlıq nümayiş etdirərək Azərbaycanın beynəlxalq mövqeyinin möhkəmləndirilməsi istiqamətində çox səmərəli fəaliyyət göstərə bilmişdi.

Həsən müəllim 2004-cü ildən 2010-cu ilədək Azərbaycanın Macarıstanda Fövqəladə və Səlahiyyətli Səfiri olmuşdur. Həmin illəri Azərbaycan-Macarıstan dostluğunun intibah dövrü də adlandırmaq olar. Həsən Həsənov səfirliyi zamanı təkcə diplomatik əlaqələri gücləndirtməklə kifayətlənməmiş, elmi-mədəni layihələr, kitab nəşrləri, media və ictimai təşəbbüsləri birləşdirərək Azərbaycan-Macarıstan münasibətlərində əhəmiyyətli dönüş yaratmışdı. 60-dan çox Azərbaycan kitabı, o cümlədən “Dədə Qorqud”, “Koroğlu” dastanları, Füzuli, Mirzə Fətəli Axundov, Cəlil Məmmədquluzadə və Heydər Əliyev haqqında çoxcildli nəşrlər macar dilində çap olunaraq böyük kitabxanalara təqdim edilmişdi. “Azərbaycan-Macarıstan: mədəniyyətlərin dialoqu” mövzusunda beynəlxalq konfransların təşkili Həsən Həsənovun təşəbbüsü ilə sistemli şəkildə həyata keçirilmiş, böyük ali məktəblərdən biri olan Danube Universitetinin Elmi kitabxanasında Azərbaycan kitab guşəsi açılmışdı. Budapeştin böyük konsert salonlarında, Mərkəzi Avropa Universiteti kimi nüfuzlu məkanlarda mütəmadi klassik və xalq musiqisi konsertləri, o cümlədən muğam və simfonik musiqi gecələri, Azərbaycan rəssamlarının əsərlərindən ibarət, Azərbaycan musiqi alətləri, milli geyimləri, mətbəxi, digər mədəniyyət nümunələri ilə bağlı çoxsaylı sərgilər təşkil etmişdi.

2010-cu il martın 10-dan 13-dək Boloniya prosesinə üzv dövlətlərin təhsil nazirlərinin Konfransında iştirak etmək üçün getdiyim bu səfərdə ən çox yadımda qalan və məni heyrətləndirən səfirliyimizin tərtibatı idi. Artıq on iki il idi ki, nazir idim və müxtəlif ölkələrdə ezamiyyətdə olarkən mütləq səfirliklərdə olur, həm səfirlə, həm də respublikamızı bu yad ölkədə təmsil edən bina ilə, oradakı şəraitlə yaxından tanış olurdum. Açığını desəm, yəqin heç kəs inciməz, Budapeştdəki səfirlikdə gördüyüm cah-calal, təmtəraq, ölkənin və xalqın təqdimatı üçün yaradılan şəraiti heç yerdə görməmişəm. Elə bil Azərbaycanın ən dilbər guşəsində, ən gözəl şəhərində, ən füsunkar mənzərəsinin önündəsən. O zaman Şuşanın azad olunmasına hələ 10 il qalırdı, ancaq elə bil Şuşa qalasının yanında dayanıb Cıdır düzünü seyr edirsən, ya da Həkəri çayının sahilindəsən… Həsən müəllim nə mümkündürsə etmişdi, tablolar, fotolar, albomlar, xəritələr, əyani vəsaitlər, bayraqlar… Elə zənn etdim ki, Azərbaycan tarixi muzeyindəyəm, ya da Qobustanda, Yanardağda, Atəşgahda… İnsanda nə qədər vətən sevgisi olarmış!!!

Həsən Həsənov yalnız məsələnin görünən tərəfi ilə məşğul olan, necə deyərlər, “gözə kül üfürmək üçün” işləyən şəxslərdən deyil. Macarıstanda səfir işləyəndə də Gəncədə rəhbər olduğu kimi vəzifəsinə bütün varlığı ilə bağlanan, bütün enerjisini bu istiqamətə yönəldən, mümkün ola bilən hər şeyi edən bu insan Azərbaycan alimlərini Budapeştə dəvət edərək onları Macar-Azərbaycan xalqları arasında qohumluq əlaqələrinin araşdırılması istiqamətində tədqiqatlara yönləndirmişdi. Türk dünyasının, Macarıstanın tanınmış türkoloqlarının iştirakı ilə bu mövzuda bir neçə elmi konfrans, simpozium və digər tədbirlər keçirən Həsən müəllim etimologiyaları haqda müxtəlif mülahizələr mövcud olan Macarıstan cəmiyyətində onların almanlardan, slavyanlardan, romalılardan, keltlərdən daha çox türklərə bağlı olması barədə fikir formalaşdıra bilmişdi. Bu, çox gərgin bir işin, həm də milli dəyərlərə səmimiyyətlə bağlılığın ən bariz nümunəsi hesab oluna bilər. Bu gün Macarıstanın dövlət başçısının Türk dövlətləri toplantılarında müşahidəçi kimi iştirak etməsini heç bir mübaliğəyə yol vermədən Həsən Həsənovun o illərdəki xidmətləri ilə bilavasitə bağlı hesab etmək olar.

Məmnuniyyətlə qeyd etmək istəyirəm ki, 2013-cü il yanvarın 30-dan fevralın 3-dək Avropa Şurasının Parlament Assambleyasının tədbirində iştirak etmək üçün Polşada olduğum günlərdə də analoji hadisələrin şahidi olmuşam. Həm səfirlik kiçik bir Azərbaycan idi, həm də sanki Polşanın qonşusu, müttəfiqi, dostu yox idi, onun ürəyi yalnız Azərbaycanla döyünürdü. Hər yerdə Azərbaycan rəmzləri, konsertləri, sərgiləri, gecələri, konfransları gedirdi, Azərbaycan alimləri Polşa-Azərbaycan elmi münasibətlərini, xalqların tarixi bağlılığını, dostluğunu, Azərbaycan Cümhuriyyəti nümayəndələrinin mühacirət dövrünü yaşadığı Polşa mühitini, ədəbi əlaqələri və digər məsələləri öyrənməyə cəlb edilmişdi, Azərbaycan ədəbiyyatı nümunələri polyak dilinə tərcümə edilərək kitabxanalara bağışlanılırdı, kitab mağazalarında satılırdı, 2017-ci ildə Varşavada “Polşanın və Azərbaycanın müstəqilliyi uğrunda döyüşən qəhrəmanlar” abidəsi açılmışdı və s. Bütün bunların isə bircə səbəbi var idi – Həsən Həsənov həmin dövrdə Polşada səfir idi!

Yeri gəlmişkən qeyd edim ki, Polşada səfir olarkən, 2011-ci ilin əvvəllərində mənə zəng etmişdi: “Misir müəllim, Polşa universitetlərində Azərbaycan dilini öyrənmək istəyirlər (!!!), tələbələr üçün “Azərbaycan dili” kitabının hazırlanmasında mənə köməyiniz lazımdır”.

Ona belə nəcib işin müqabilinə nə cavab vermək olardı? Axı dünyanın onlarla ölkəsində səfirliyimiz var, onların heç birində Azərbaycan dilini öyrənmək istəmirlər, necə olub ki, bircə Polşada qəfildən dilimizə maraq əmələ gəlib. O da başqaları kimi ildə üç-dörd tədbir keçirməklə günlərini keçirə bilərdi, istirahət edərdi, Polşanın gəzməli, görməli yerlərinə səfər edərdi, ancaq oranın təhsil naziri ilə, universitetlərin rektorları ilə görüşüb, onları inandırıb ki, Azərbaycan dilinin tədrisi olduqca vacibdir, indi də mənə zəng edib, bu qədər vaxt itirib, əsəb sərf edib, müxtəlif cavablara hazır olaraq dediyini həyata keçirmək əzmindədir. Axı nəyə görə? Beləsinə başqa nə demək olardı:

  • Baş üstə, Həsən müəllim!

Nəşriyyat şöbəsinin müdirini və digər əlaqədar şəxsləri dəvət etdim, oturub xeyli müzakirə etdik. Kitabın polyak dilində yazılması, əlifbadan müasir dilimizə, ədəbiyyatımıza qədər bütün sahələri əhatə etməsi, aydın, anlaşıqlı, həm də maraqlı, cəlbedici olması üçün təklifləri dinlədim, ümumi qərara gəldik. Polyak dili üzrə Dillər Universitetindən Fəridə Səfiyeva adlı bir mütəxəssis tapdıq, onun Azərbaycan dilini və dilçiliyini də mükəmməl bilməsi haqda dəqiqləşdirmə apardıq. Sonra həmin xanımı dəvət edib mütəxəssislərlə birlikdə kitabla bağlı geniş müzakirə keçirdik, nəhayət bir müddətdən sonra dərslik hazır oldu. Həmin xanımı kitablarla birgə Varşavaya yola saldıq, beləliklə, Həsən müəllimin fədakarlığı nəticəsində Polşa universitetlərində dilimiz tədris edilməyə başladı.

Polşada səfir işlədiyi 2018-ci ildə (o vaxt Riyaziyyat və Mexanika İnstitutunun direktoru idim) Həsən müəllim mənə zəng etdi ki, Nəsirəddin Tusi ilə bağlı yeni tədqiqatlar aparmağa başlamışam və çox maraqlı faktlar üzə çıxarmışam. Bakıdan bu işə dəstək verilməsi barədə araşdıranda gördüm ki, onunla bağlı az-çox rəhbərlik etdiyiniz İnstitutda işlər görülüb, konfranslar keçirmisiniz, ona görə də Sizə zəng etmişəm.

Yenə də bu insanın əməksevərliyinə, patriotluğuna heyrət edib düşündüm ki, ay Həsən müəllim, axı Sizin nəyinizə lazımdır Nəsirəddin Tusi? İxtisasınız mühəndislik, vəzifəniz səfirlik, doktorluq işiniz isə tarixin fəlsəfəsindən. Astronom, riyaziyyatçı Nəsirəddin Tusi hara, tarixin fəlsəfəsi, yaxud səfirlik hara?! Ay qardaş, sakitcə otur səfirliklə məşğul ol, qoy biz də günümüzü keçirək də… Ancaq Həsən Həsənov bir çərçivədə qalıb hadisələri seyr etməklə məşğul olan insanlardan deyil. Vətənin hər kiçik uğuru onun nəhəng sevinc mənbəyi, hər şəxsiyyəti onun ürəyini dağa döndərən ümid çırağıdır! O ki qalsın Nəsirəddin Tusi kimi görkəmli tarixi simalar ola! Söhbət edəndə yana-yana deyir ki, mən etməsəm, sən etməsən, kölgədə qalmışların, unudulmuşların üstündən tozu kim silib bu xalqa tanıdacaq? Axı xalq bizə savad verib, səlahiyyət verib, şərait yaradıb ki, onun ümidlərini doğruldaq, ona xidmət edək, onun dünya boyda şöhrətə layiq olsa da, tanınmayan şəxsiyyətlərini özünə qovuşduraq!

Onun yanğı ilə danışdığı məsələlərdən biri də belədir: “Dünyanın çox yerində olub görmüşəm ki, bizim dahilərin əlinə su tökməyə layiq olmayan birisini o qədər tərifləyib dağ başına qoyublar, adlarına küçələr, aeroportlar, muzeylər, heykəllər düzəldiblər, adlarını dərsliklərə salıblar və dünyaya reklam ediblər ki, bunun tayı bərabəri yoxdur və cəmiyyət də onu olduğu kimi yox, elə təqdim edildiyi kimi tanıyır. Bizim şəxsiyyətləri nə özümüz tanıyırıq, nə də dünyaya tanıdırıq…”

…Razılaşdıq ki, Bakıya gələndə bu məsələni ətraflı müzakirə edərik. Bir müddət keçmişdi ki, gəldi və birlikdə Akademiyanın o vaxtkı prezidenti Akif Əlizadənin qəbuluna getdik. Nəsirəddin Tusi ilə bağlı Həsən müəllimin elmi əsaslarla ətraflı məlumatlarından, dəmir məntiqli fikirlərindən sonra qərara gəldik ki, Akademiyada onun adına Mərkəz yaradılsın və Həsən müəllim də həmin Mərkəzin rəhbəri olsun. Doğrusu, belə böyük, dünyanın bərkini-boşunu, dürlü-dürlü vəzifələrini, çətinliklərini və xoşbəxliklərini görmüş bir insanın Nəsirəddin Tusi Mərkəzinin açılması barədə ilkin razılaşmadan bu qədər sevinəcəyini gözləmirdim. Elə bil dünyanı ona bağışlamışdılar, ayrılana kimi Nəsirəddin Tusinin xidmətlərindən, onu dünyaya tanıtmaq üçün bu Mərkəz vasitəsilə görməyi planlaşdırdığı işlərdən ürək dolusu danışdı. Ancaq sən saydığını say, gör fələk nə sayır, deyiblər… Akif Əlizadə bizim planlarımız barədə Prezident Administrasiyasında məlumat verəndən sonra (ştatların açılması, bina ayrılması və digər texniki problemlər üçün razılaşdırılmaq zəruri idi), Ramiz Mehdiyev ömrü boyu məhz milli təəssübkeşliyinə görə kölgəsini qılıncladığı Həsən Həsənovun adını eşidən kimi etirazını bildirib, “bir Nəsirəddin Tusi qalmışdı mərkəzini açaq?!” deyərək qəti imtina edib. Bununla da, necə deyərlər, “qurduğumuz xəyallar”, əksər hallarda olduğu kimi, bir məmurun subyektiv münasibətinə görə ürəyimizdə qaldı.

Doğrusunu deyim ki, bir müddət sonra həmin hadisəni tamam unutdum, işdə, ailədə, həyatın digər sahələrində baş verən müxtəlif əhvalatlar xalqımızın böyük bir nümayəndəsi ilə bağlı yaratmaq istədiyimiz o Mərkəzin planlarının üzərini yavaş-yavaş bağladı və bir də 6 il sonra bərk təəssüfləndim ki, kaş o Mərkəz açılmış olaydı. 2024-cü il iyulun 3-də Riyaziyyat və Mexanika İnstitutunun təşkilatçılığı ilə Nəsirəddin Tusiyə həsr olunmuş “Riyaziyyat və mexanikanın müasir problemləri” adlı XI beynəlxalq konfrans keçirməyi planlaşdırmışdıq. Elanları, bildirişləri mətbuatda yerləşdirəndən sonra Həsən müəllimdən zəng gəldi:

  • Misir müəllim, Nəsirəddin Tusi ilə bağlı tədbir keçirirsiniz, bəs mənə niyə demirsiniz?
  • Ay Həsən müəllim, bu, riyaziyyatçıların toplantısıdır, Sizi narahat etmək istəmədim.

Əslində, onun Nəsirəddin Tusi ilə əlaqədar olan söhbətləri unutmuşdum deyə, Həsən müəllimə demək heç yadıma düşməmişdi. Digər tərəfdən fikirləşmişdim ki, riyaziyyatla bağlı belə tədbirə görə, artıq heç yerdə işləməyən, Bakıda sakit bir həyat yaşayan bu görkəmli şəxsiyyəti narahat etmək düzgün olmaz. Demə, o, heç də sakit həyat yaşamır, bütün günü oxumaqla, yazmaqla, xalqı üçün faydalı nə isə etməklə məşğul olaraq kifayət qədər gərgin bir ömür sürür.

  • Misir müəllim, heç bir narahatlığı yoxdur, icazə versəniz, mən də iştirak edərəm, imkan olsa, çıxışım da ola bilər.
  • Böyük məmnuniyyətlə, Həsən müəllim, təki Siz gəlin!

İyulun 3-də keçirilən tədbirdə məndən savayı, Akademiyanın prezidenti İsa Həbibbəyli, AMEA-nın müxbir üzvü Əminağa Sadıxov, Türkiyədən və Özbəkistandan gələn tanınmış alimlər və başqaları çıxış etdilər, Həsən Həsənov da danışdı. Bir həqiqəti etiraf etmək istəyirəm ki, uzun müddət bu çıxışlara hazırlaşmış, ixtisas yönümü yaxın olan biz alimlərin çıxışı bir tərəfə oldu, diplomat, siyasətçi, tarixçi alim, inşaatçı Həsən Həsənovun çıxışı bir tərəfə. Bu insan həmin çıxışla nə qədər zəngin bir şəxsiyyət, dərin analitik təfəkkür sahibi, mükəmməl biliyə malik alim, xalqı, vətəni ürəkdən sevən patriot, yüksək natiqlik məharətinə malik istedad olduğunu bir daha sübut etdi. Biz hamımız Nəsirəddin Tusini xalqın fəxri olan bir riyaziyyatçı alim kimi səciyyələndirdik (bir az da bir-birimizi təkrar edib şablon cümlələr işlətdik), o isə Azərbaycanda astronomiya ənənəsindən, Tusinin dünya elmində və xəritəçilik elmində rolundan, eləcə də böyük mütəfəkkirin milli-mənşəyindən, Tusinin yüksək nailiyyətləri və uzaqgörənliyi ilə dünya elmini bir neçə əsr qabaqlayan yüksək zəkaya malik elm xəzinəsi olmasından, onun elmi irsinin, zəngin yaradıcılığının daha dərindən öyrənilməsinin zəruriliyindən elmi əsaslandırmalarla elə maraqlı danışdı ki, hamımız heyrət etdik.

Elə bil ömrü boyu nə xarici işlər naziri olub, nə Gəncənin rəhbəri, nə diplomatik fəaliyyət göstərib, nə də Baş nazir vəzifəsində işləyib, bütün həyatını Nəsirəddin Tusiyə həsr edib, onu araşdırıb, öyrənib, indi də uzun onilliklər boyu öyrəndiklərini bizə danışır. Bəs görəsən, hər biri 300-500 səhifə olan və Əlimərdan bəy Topçubaşova həsr edilən “Top gurultusu altında diplomatiya”, Azərbaycan və bütün müsəlman dünyası tarixində ilk demokratik respublikanın müstəqilliyinə gedən yolunu və yaranması prosesini əks etdirən “Birinci Respublikaya aparan yolda”, Bakı bütpərəstlik kompleksini, Bakı Qız qalasını, Qobustanın nadir qayaüstü təsvirlərini hərtərəfli tədqiq edən “Bakı tanrıçılıq kompleksi”, Antik dövr Azərbaycanının görkəmli dövlət xadimi Atropat və onun Makedoniyalı İsgəndərlə əməkdaşlığına dair “Makedoniyalı İsgəndər və Atropat”, Bakının, Qız qalasının, həmçinin çoxsaylı toponim və antroponimlərin şifrini açan “Bakı Qız qalası”, Ümummilli lider Heydər Əliyevə həsr edilmiş “Parlaq, xarizmatik şəxsiyyət haqqında xatirələr” kitablarını və digər çoxsaylı və çox sanballı elmi əsərləri kim yazıb?! Nə vaxt yazıb?! Necə çatdıra bilib?!

Vətənpərvərliyi dilə gətirmək asandır, onu əməllərdə yaşatmaq isə çox çətindir. Həsən Həsənov bu çətin yolu seçənlərdən olub – ömrü boyu səhnədə yox, səhnəarxasında vətən üçün çalışıb. Doğru deyilmişdir ki, “vətənpərvərlik içki məclislərində boğazdan yuxarı xalqın şərəfinə tost demək, “Qarabağ” havası ilə rəqs eləmək deyil”, Vətən üçün nə isə etməkdir. Onun həyat yoluna baxanda milyonlardan fərqli bir tale görmək olur. İnsanların əksəriyyəti kimi sabit və hamar, necə deyərlər, “düzxətli, bərabərsürətli” yol keçməmişdir, bir ömürdə gah inşaatçı, gah mühəndis, gah səfir, gah iqtisadçı, gah Baş nazir, gah xarici işlər naziri, gah BMT-də Azərbaycan Respublikasının Daimi Nümayəndəsi, gah İcra başçısı, gah Mərkəzi Komitənin katibi, gah da unudulmuş bir ziyalı… Bütün bu müxtəlifliyi birləşdirən isə Vətən sevgisi və fədakarlıq hesab edilə bilər…

Bu gün 85 yaşında da yorulmadan, gənclik həvəsi ilə çalışan Həsən Həsənov Türk Dövlətləri Təşkilatının Ağsaqqallar Şurasının Azərbaycandan olan nümayəndəsidir. 60-70 il bundan əvvəl olduğu kimi, bu gün də nəcib duyğularla, böyük arzularla yaşayır-Türk xalqlarının vahid amallar və məqsədlər yolunda birləşməsi ən müqəddəs istəklərindən biridir, yaxın onilliklərdə bu arzusunun həyata keçəcəyinə inanır. Biz də 15 il sonra qeyd ediləcək yubileyində özünün bu xəbəri xalqımıza çatdırmasını arzulayırıq!

Həsən müəllim haqqında kitab-kitab məqalə yazmaq olar, saatlarla danışmaq olar, nə yorularsan, nə bezərsən, nə də mövzu bitər! Ancaq mən bu yazını yekunlaşdırmaq istəyirəm və sonda tariximizin Qızıl fonduna daxil olan bu insanla bağlı Xalq şairi Cabir Novruzun bir misrasını qeyd edirəm: “Sağlığında qiymət verin insanlara…”

Mənbə və müəllif: Misir Mərdanov

Misir Mərdanovun digər yazıları

Bu gün akademik Mirzə İbrahimovun doğum günüdür

Əziz dostlar, oktyabrın 15-i Xalq yazıçısı, Azərbaycan ədəbiyyatı tarixinə nasir, dramaturq, mütərcim kimi düşmüş, elm və təhsil təşkilatçısı, ictimai-siyasi xadim, sosialist əməyi qəhrəmanı, dövlət mükafatları laureatı, akademik Mirzə İbrahimovun doğum günüdür.
Mirzə Əjdər oğlu İbrahimov 1911-ci il oktyabrın 15-də Cənubi Azərbaycanın Sərab mahalının Evə kəndində anadan olmuşdur.
Valideynləri zəhmətsevər insanlar olan Mirzə uşaqlıqdan əməyə alışmış, onlardan yorulmazlıq, insanlara qayğıkeşlik, ruhdan düşməmək, mehribanlıq və səadət öyrənmişdir. 7 yaşındaikən anasını itirmiş, 1918-ci ildə atası və böyük qardaşı ilə Bakıya gəlmişdir. 1919-cu ildə atası, bir həftə sonra isə qardaşı Rza vəfat edəndən sonra kiçik yaşlarından Balaxanı və Zabrat kəndlərində muzdurluq edib çörək pulu qazanmış, Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra 1926–1930-cu illərdə Balaxanı fabrik-zavod məktəbində oxumuş və işləmişdir. Bədii yaradıcılığa da Zabrat fəhlə ədəbiyyat dərnəyinin üzvlüyündən başlamışdır. 1930-cu ilin sonlarında bu kimsəsiz 19 yaşlı yetim oğlanı Azərbaycan Proletar Yazıçıları Cəmiyyətinə üzv qəbul edirlər. Fabrik-zavod məktəbini bitirdikdən sonra mədəndə usta köməkçisi işləyir, sonra Neft-Sənaye Texnikumuna, 1931-ci ildə isə Neft və Sənaye Texnikomunu bitirdikdən sonra Azərbaycan Dövlət Elmi Tədqiqat İnstitutunun ikiillik hazırlıq şöbəsinə daxil olur. 1932-ci ildə beşilliklərin nəhəng tikintilərini və sosialist sənayesinin inkişaf sürətini öyrənmək məqsədi ilə Ukraynaya – Donbas şaxtalarına, Dnepropetrovsk sənaye müəssisələrinə səfər etmiş, “Giqantlar ölkəsində” adlı oçerklər kitabını qələmə almışdır. Həmin ildə 21 yaşlı Mirzə İbrahimovu Yazıçılar İttifaqının təşkilat komitəsinin məsul katibi seçirlər. Öz zəkası, dürüstlüyü, zəhmətsevərliyi ilə cəmiyyətdə böyük nüfuz sahibinə çevrilməkdə olan bu “İranlı yetim oğlan” təhsilini dava etdirmək üçün 1935-ci ildə SSRİ Elmlər Akademiyasının Leninqraddakı (indiki Sankt-Peterburq) Şərqşünaslıq İnstitutunun aspiranturasına (doktorantura) göndərilir.

Burada həmin kimsəsiz oğlan dünya şöhrətli, görkəmli şərqşünas alim Yevgeni Bertensin rəhbərliyi ilə namizədlik dissertasiyasını müdafiə edir. Həmin ildə Bakıya qayıdan Mirzəni Axundov adına Opera və Balet Teatrına direktor vəzifəsinə təyin edirlər. Az sonra onu Xalq Komissarları Soveti yanında İncəsənət İşləri İdarəsinin rəisi vəzifəsinə göndərirlər. Beləliklə, 19 yaşına kimi Sabunçu Dəmiryol Vağzalında su satan Mirzə yeddi ildən sonra 26 yaşında böyük nüfuz sahibinə çevrilir. Tarixi mənbələrdən məlum olur ki, 1937-ci ilin çətin sınaqları zamanı o, bir neçə tanınmış şəxsin həyatında həlledici rol oynayır. Xatirələrdən məlum olur ki, 1937-ci ildə Azərbaycan Mərkəzi Komitəsinin iclaslarından birində Mircəfər Bağırov hirslənərək deyir.

Üzeyir Hacıbəyovda, Səməd Vurğunda xalq düşmənidir. Buna nə deyirsiniz? Əlbətdə tədbirdəkilərin hamısı susur, yalnız Mirzə İbrahimov əl qaldırb deyir ki:

Üzeyir Hacıbəyov necə vətən xainidir ki, “Koroğlu” operasını yazıb, Səməd Vurğun necə xalq düşmənidir ki, “Vaqif” dramını yazıb.
Bağırov əsəbiləşərək – Sən də onların tayısan deyəndə, Mirzə müəllim Əgər mən xalq düşməniyəmsə, onda burada nə işim var deyib zalı tərk edir. 1941-ci ildə Sovet Ordusu sıralarında Cənubi Azərbaycanda olarkən “Vətən yolunda” qəzetinin məsul redaktoru vəzifəsində işləmişdir.
O, dövrünün gözüaçıq, dərin zəkalı sənətkarlarından idi. 1942-ci ildə 31 yaşında ikən Azərbaycan Xalq Maarif Komissarı vəzifəsinə təyin olunmuş və 1942–1946-cı illər ərzində Azərbaycan SSR Maarif naziri sonra isə Xalq Komissarları Sovetinin incəsənət işləri idarəsinin rəisi kimi ölkədə təhsilin və mədəniyyətin inkişafına səy göstərmişdir.


1945-ci ildə Azərbaycan Elmlər Akademiyası təsis olunduqda 34 yaşlı Mirzə İbrahimov akademiyanın ilk seçilən 15 həqiqi üzvündən biri olmuş və daim elmi fəaliyyətlə məşğul olmuşdur.

Mirzə İbrahimov 1947–1950-ci illərdə Azərbaycan Respublikası Nazirlər Soveti sədrinin müavini, 1948–1954-cü illərdə Azərbaycan Yazıçılar İttifaqı İdarə Heyətinin sədri, 1954-1958-ci illərdə Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin sədri vəzifəsində işləmişdir. 1956-cı ildə məhz onun təşəbbüsü və birbaşa iştirakı ilə Azərbaycan SSR-in Konstitusiyasına “Azərbaycan SSR-in dövlət dili” haqqında maddə əlavə olunmuşdur.
Mirzə İbrahimov 1977-ci ildən Asiya və Afrika ölkələri ilə Sovet Həmrəylik Komitəsinin sədri kimi dəfələrlə Amerika, İngiltərə, Fransa, Portuqaliya, Misir, İskəndəriyyə, Kipr, Suriya, Zambiya ölkələrində səfərdə olmuş, Beynəlxalq konqres, sessiya və müşavirələrdə Sovet nümayəndə heyətinin başçısı kimi iştirak etmişdir.

Mirzə İbrahimovun əməyi dövlət tərəfindən həmişə yüksək qiymətləndirilmiş, 1938-ci ildə “Qırmızı Əmək Bayrağı” ordeni ilə təltif olunmuş, 1943-cü ildə “Azərbaycan SSR əməkdar incəsənət xadimi” fəxri adına layiq görülmüş, 3 dəfə (1946,1967, 1981) “Lenin” ordeni ilə təltif olunmuş, iki dəfə “Stalin” mükafatına (1948,1951), 1961-ci ildə “Azərbaycan SSR xalq yazıçısı” fəxri adına layiq görülmüş, 1965-ci ildə Mirzə Fətəli Axundov adına Azərbaycan SSR Dövlət mükafatını almış, 1971-ci ildə “Oktyabr İnqilabı” ordeni ilə təltif olunmuş, 1979-cu ildə Beynəlxalq Nehru mükafatına, 1981-ci ildə “Sosialist Əməyi Qəhrəmanı” adına layiq görülmüşdür.

Yaxşı xatırlayıram orta və ali məktəblərdə təhsil aldığımız illərdə Mirzə İbrahimovun “Həyat” piyesi, “Gələcək gün”, “Böyük dayaq”, “Pərvanə” və digər əsərləri hər kəsin stolüstü kitabına çevrilmişdi.
Mirzə İbrahimov Mirzə Fətəli Axundzadə, Həsən bəy Zərdabi, Cəlil Məmmədquluzadə, Əli bəy Hüseynzadə, Hacı Zeynalabdin Tağıyev kimi millət və vətən fədaisi idi. O, uzun, şərəfli həyatı boyu, müxtəlif illərdə sovet dövlətinə rəhbərlik etmiş Stalin, Xruşşov, Brejnev və Qorbaçovla təmasda olmuş, Bağırovun və Voroşirovun müavini vəzifələrində çalışmış, heç zaman haqq sözünü deməkdən çəkinməmiş, Üzeyir Hacıbəyov, Səməd Vurğun kimi Azərbaycanın böyük oğullarının başları üstündə qara buludlar dolaşarkən onları müdafiə etmişdir.
O, 1993-cü il dekabrın 17-də Bakıda vəfat etmiş, Fəxri Xiyabanda dəfn olunmuşdur. Allah rəhmət eləsin.

Mənbə və müəllif: Misir Mərdanov

Misir Mərdanovun digər yazıları

29 sentyabr akademik Azad Mirzəcanzadənin doğum günüdür

Əziz dostlar, sentyabrın 29-u görkəmli alim, Əməkdar elm xadimi, Dövlət mükafatı laureatı, akademik Azad Mirzəcanzadənin doğum günüdür. Allah rəhmət eləsin.

Dünyada demək olar ki, bütün insanların ad günləri qeyd edilir. Uşaq ikən yalnız valideynləri və ən yaxın qohumları, bir az sonra sinif yoldaşları, yaşıdları, dostları həmin gün onun yanında olurlar. Zaman keçdikcə bu insan ətrafındakılardan seçilərək şəxsiyyətə çevrilə bilirsə, onun ad günləri – 50, 60, 70 və s. illik yubiley tədbirləri geniş çərçivədə keçirilir. Məşhur şəxsiyyətlərin arasında elə seçilmişlər də olur ki, onlar öz əməlləri, xidmətləri, fərdi xüsusiyyətləri ilə yalnız yubileylərində yox, hər ad günündə, bəlkə də hər gün, hər saat xatırlanırlar. Xalqımızın XX əsrdə yetişdirdiyi belə xoşbəxt insanlardan biri də universal zəka sahibi, zəngin məntiqi təfəkkürlü görkəmli alim, aldığı məlumatı bir anda aşılayıb yeni keyfiyyətlərlə ideyalar çoxluğuna çevirmək bacarığına malik fitri istedad, geniş elmi maraqları olan unikal şəxsiyyət, ən mürəkkəb fikirləri adi insanların başa düşəcəyi tərzdə şərh edə bilən mahir pedaqoq və digər qeyri-adi fenomenal xüsusiyyətləri ilə adı tarixə yazılmış akademik Azad Mirzəcanzadədir.
Zənnimcə, o, Azərbaycan elmində elə bir iz qoyub getmişdir ki, bugünkü gənclik onu yaxşı tanıyır və bəlkə də onun titullarını və tərcümeyi-halını yazmağa ehtiyac yoxdur. Bu məqalədə qeyd edilməsə də, hamı bilir ki, 78 illik ömründə insan nə edə bilərsə, hamısının artıqlaması ilə öhdəsindən gəlmiş Azad Xəlil oğlu Mirzəcanzadə ölkəmizdə neft və qaz mədən mexanikası, texnikası, texnologiyası və işlənməsi üzrə fundamental elmi istiqamətlərin banisi, Azərbaycan Milli Elmlər Akademiyası, Rusiya Təbiət Elmləri Akademiyası, Başqırdıstan Elmlər Akademiyası və Ukrayna Neft qaz Akademiyasının həqiqi üzvü, Fəxri neftçi, Fəxri qaz sənayesi işçisi, iki dəfə Azərbaycan Dövlət mükafatı, üç dəfə İ.M.Qubkin adına mükafat, 2 dəfə “Qırmızı əmək bayrağı” ordeni, Azərbaycan Respublikasının “İstiqlal” ordeni laureatı, Azərbaycan Respublikasının Əməkdar elm və texnika xadimi, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü olmuşdur.
Azərbaycan elminin inkişafında mühüm tarixi xidmətləri, tətbiqi mexanika və neft-mədən işləri sahəsində qiymətli tədqiqatları olan, neftin çıxarılmasında texnoloji proseslərin mexanikası, riyazi fizika metodlarının neft sahəsində tətbiqini araşdıran akademik Azad Mirzəcanzadə mürəkkəb və şərəfli bir həyat yolu keçmişdir.
1928-ci il sentyabrın 29-da Bakıda anadan olmuş Azad Mirzəcanzadə 1936-cı ildə 14 nömrəli məktəbin birinci sinfinə getmişdir. Onun uşaqlıq və gənclik dövrü İkinci Dünya müharibəsi illərinə təsadüf etmişdir. Sonralar həmin məktəb hərbi hospitala çevrildiyindən o, sinif yoldaşları ilə bərabər 18 nömrəli məktəbə köçürülmüşdür. Məktəbdə oxuduğu illərdə xüsusi riyazi qabiliyyəti ilə seçilən Azad eksternat yolu ilə imtahan verərək vaxtından əvvəl – 15 yaşında orta məktəbi bitirmişdir.
Müharibənin yaratdığı ağır şərait, anası – Asya xanım və bacısı – İradə xanımla birgə yaşadıqları çətin həyat onu hələ gənc yaşlarından zəhmətə, mübarizəyə alışdırmışdı. 15 yaşından axşam fəhlə-gənclər məktəbində riyaziyyatdan dərs deməklə ailəsinə kömək edən Azad bu fəaliyyətini 1944-1951-ci illərdə orta məktəbdə dərs deməklə davam etdirmişdir.
Orta məktəbi bitirdikdən sonra o, Azərbaycan Sənaye İnstitutuna (indiki ADNSU) sənəd vermək istəyir. Yaşı az olduğundan onun sənədləri qəbul edilmir. Gənc Azad institutun rektoruna müraciət edir. Rektor institutun neft-mədən ixtisasında oxumaq istəyənlərin sayı az olduğundan, müstəsna hal kimi onun həmin fakültəyə qəbul olunmasına razılıq verir. Azadı dərin ağıl, böyük istedad sahibi hesab edən sinif yoldaşları bu “ədalətsiz” qərarla razılaşmır və hətta “neftçi” ixtisasına qəbul olmağa razılıq verdiyinə görə onu qınayırlar. Azad cavabında deyir: “siz yerin təkinin hansı elmi imkanlarının olduğunu başa düşmürsünüz”.
O, 1948-1958-ci illərdə Azərbaycan Elmlər Akademiyasının Neft İnstitutunda və Neft Ekspedisiyasında baş laborant, kiçik elmi işçi, böyük elmi işçi və şöbə müdiri vəzifələrində çalışmış, 1958-1968-ci illərdə Azərbaycan Neft Sənayesi Nazirliyi nəzdində Elmi Tədqiqat Neftçıxarma İnstitutunda, həmçinin 1966-1969-cu illərdə Moskvada SSRİ Elmlər Akademiyasının Mexanika Problemləri İnstitutunda laboratoriya müdiri olmuş, 1969-1973-cü illərdə SSRİ Elmlər Akademiyası və Neft Sənayesi Nazirliyinin müştərək laboratoriyasının, 1973-1989-cu illərdə keçmiş Ümumittifaq Elmi Tədqiqat Neft İnstitutunun neft-qaz dinamikası laboratoriyasının müdiri, 1992-ci ildən isə Azərbaycan Dövlət Neft Akademiyası (indiki ADNSU) nəzdində Neft-Qaz Geotexnoloji Problemləri və Kimya Elmi-Tədqiqat İnstitutunun direktoru vəzifələrində işləmişdir.
Azad Mirzəcanzadə həyatını gənc nəslin təlim-tərbiyəsinə həsr edərək 1951-1957-ci illərdə Azərbaycan Dövlət Universitetinin (indiki BDU) nəzəri mexanika kafedrasının dosenti, 1957-1959-cu illərdə professoru, 1959-cu ildən ömrünün sonunadək Azərbaycan Dövlət Neft Akademiyasında (indiki ADNSU) kafedra müdiri işləmişdir. Elmi-pedaqoji fəaliyyəti ilə yanaşı, Azad Mirzəcanzadə elmin təşkili və idarə olunması prosesində fəal iştirak edərək 1992-2001-ci illərdə Azərbaycan Ali Attestasiya Komissiyasının sədri olmuş, 1993-2001-ci illərdə Dövlət Elm və Texnika Komitəsinə rəhbərlik etmişdir.
Özünəməxsus xarakteri olan Azad Mirzəcanzadə ətrafındakı istedadlı insanlara çox diqqətlə yanaşardı, ancaq daha böyük uğurlar əldə etməsi naminə həmin insan hətta gözəçarpacaq elmi nailiyyətlər əldə edəndə belə, onu tərifləməzdi. Özünə də, ətrafdakılara da tələbkarlıqla yanaşan akademik deyərdi ki, “Mənim arzum özümdən sonra yolumu davam etdirən, məndən çox bilən, öz işini sevən professionallar yetişdirməkdən ibarətdir”.
Ondan soruşanda ki, tələbələrinizin təhsilinə çox üstünlük verirsiniz, yoxsa intizamına, belə deyərdi: “Nə oxumaq, nə də intizam əsas deyildir, bunlar ancaq nəticədir. Əsas isə insanın mənlik və talantının olmasıdır. Bu iki amil olduqda təhsil də, intizam da öz-özünə əmələ gəlir.
Düşünmədən cavab verdi ki, heç bir elm sahəsi riyaziyyatdan ayrı deyil! Ədəbiyyatın özündə də riyaziyyat var. Yer üzündə elə bir sahə yoxdur ki, orada riyaziyyat olmasın. Riyaziyyat bütün elmlərin açarıdır. İnformatika riyaziyyatdır, fizika riyaziyyatdır, ədəbiyyat, tarix, kimya, coğrafiya, biologiya riyaziyyatdır. Riyaziyyatsız nə var? Heç nə! Ona görə də şagirdə birinci riyaziyyatı sevdirmək lazımdır.
Yaxşı xatırlayıram, Qərbi Azərbaycanın ucqar bir kəndində orta məktəbdə oxuduğum 1960-cı illərdə bizə riyaziyyatdan dərs deyən Mürsəl müəllim böyük fəxrlə danışırdı ki, Bakıda bir cavan riyaziyyatçı-alim meydana çıxıb, deyilənə görə çox istedadlı adamdır, qeyri-adi zəkası var, 23 yaşında (o dövrdə!!!) namizədlik, 29 yaşında doktorluq dissertasiyası müdafiə edib, 34 yaşında Akademiyanın müxbir üzvü seçilib. Moskvanın və Rusiyanın bütün alimləri ona heyran qalıblar. Mürsəl müəllim ağızdolusu danışdıqca biz kənd məktəbinin şagirdləri ona heyranlıqla qulaq asır, haqqında danışdığı Azad müəllimi görmək arzusu ürəyimizi pörşələyirdi. O biri uşaqları dəqiq deyə bilmərəm, şəxsən mənim Bakıya gəlib ali məktəbə daxil olmaq arzumu şərtləndirən səbəblərdən biri də Azad Mirzəcanzadəni görmək ehtirası idi. Ancaq mən onu ilk dəfə yaxından 1964-cü ildə Bakıya gəlişimdən 33 il sonra – 1997-ci ildə Bakı Dövlət Universitetinin rektoru olarkən görə bildim. Himnimizin sözlərinin müəllifi, istiqlal şairimiz Əhməd Cavadın oğlu Yılmaz Axundzadənin vasitəsilə tanış olduq. Mən bu böyük insanın nə qədər unikal, qeyri-adi zəka sahibi olduğuna məəttəl qaldım və uzun müddət gözlədiyim bu günü görməyimdən çox məmnun oldum, həm də 35 ildən artıq ürəyimdə saxladığım bir sualı yarızarafat, yarıgerçək ondan soruşdum:

-Azad müəllim, bizə orta məktəb müəllimimiz Sizi riyaziyyatçı kimi tanıtmışdı. Ancaq sonralar bildim ki, Siz neft-mədən ixtisası üzrə təhsil almısınız və neft-qaz mexanikası sahəsində mütəxəssissiniz. Mənə doğma olan riyaziyyatın neftə nə qədər aidiyyəti var?
Düşünmədən cavab verdi ki, heç bir elm sahəsi riyaziyyatdan ayrı deyil! Ədəbiyyatın özündə də riyaziyyat var. Yer üzündə elə bir sahə yoxdur ki, orada riyaziyyat olmasın. Riyaziyyat bütün elmlərin açarıdır. İnformatika riyaziyyatdır, fizika riyaziyyatdır, ədəbiyyat, tarix, kimya, coğrafiya, biologiya riyaziyyatdır. Riyaziyyatsız nə var? Heç nə! Ona görə də şagirdə birinci riyaziyyatı sevdirmək lazımdır.
Sonralar bildim ki, Azad müəllim özü yaratdığı 147 nömrəli Texniki-humanitar liseydə hər şənbə şagirdlərə mühazirə oxuyarkən məşhur riyaziyyatçı A.Kolmoqorovun elmi işləri haqqında geniş məlumat verirmiş və onlara riyaziyyatı sevdirməyə çalışırmış. Musiqi alətlərində professional şəkildə ifa etməyi bacaran Azad Mirzəcanzadə musiqi melodiyalarının strukturunda, qanın kapilyarlarda və damarların hərəkətində, neftin boru kəmərləri ilə axını və məsamələrdə süzülməsində riyazi məntiq elementlərinin olmasını sübut edirdi.
Akademik Azad Mirzəcanzadə Qərbi Sibirdə, Tümen vilayətində, Tatarıstanda, Almaniyada, Başqırdıstanda, Əlcəzairdə, Vyetnamda, Çində və digər ölkələrdə geniş elmi-pedaqoji fəaliyyətlə məşğul olmuş, 1962, 1965, 1966 və 1972-ci illərdə Polşada, 1965 və 1966-cı illərdə Almaniya Federativ Respublikasında, 1969, 1972 və 1986-cı illərdə Almaniya Demokratik Respublikasının Frayberq şəhərində keçirilən konfranslarda, 1967-ci ildə Azərbaycanın hökumət nümayəndə heyətinin tərkibində Kanada EKSPO-67 sərgisində, Yaponiya, Kanada, Rumıniya, Norveç və İngiltərədə keçirilən Beynəlxalq Elmi konqreslərdə, o cümlədən 1969-cu ildə Yaponiyanın Kioto şəhərində Beynəlxalq Hidravlik Tədqiqatlar Assosiasiyasının XIII konqresində iştirak etmiş və Əlcəzair, Suriya, Türkiyə, Bolqarıstan və Vyetnamda neft sənayesi işçilərinə mühazirələr oxumuş və məsləhətlər vermişdir. Azad müəllim 1973-1987-ci illərdə Başqırdıstan Dövlət Universitetində, 1979-cu ildən ömrünün sonuna qədər hər il Ufada Neft və neft məhsullarının nəqli, yığımı və hazırlanması Ümumittifaq Elmi Tədqiqat İnstitutunda “Neft və neft məhsullarının boru kəmərləri ilə nəqlində hidrodinamika, texniki diaqnostika və təhlükəsizlik məsələləri” və 1967-ci ildən başlayaraq Almetyevsk, Kiyev, Tümen, Bakı, İvano-Frankovsk, Krasnodar və s. kimi şəhərlərdə hər il “Yuyucu mayelərin və tamponaj məhlulların hidravlikası” mövzularında elmi seminarlar keçirmiş və mühazirələr oxumuşdur. 1975-1985-ci illər ərzində Tümen şəhərində keçirilən “Neft-qaz mexanikasının problemləri” seminarlarına rəhbərlik etmişdir. Belə geniş beynəlxalq nüfuzunun nəticəsi idi ki, dərs dediyi universitetdən kənara bir addım atmayan, Rusiyanın bir çox tanınmış alimləri Azad Mirzəcanzadənin dühası qarşısında heç bir söz demədən Bakıdakı elmi konfranslarda, simpoziumlarda məmnuniyyətlə iştirak edərdilər. Bunların sırasında SSRİ Elmlər Akademiyasının vitse-prezidenti akademik M.D.Millionşikov, akademiklər L.İ.Sedov, A.Y.İşlinski, S.A.Xristanoviç, P.A.Rebinder, X.A.Raxmatullin, A.A.İlyuşin, Q.Q.Çornıy, Yeryomenko, professorlar Q.İ.Barenblatt, L.A.Qalin, P.M.Oqibalov kimi dövrün məşhur alimləri var idi.
Yadımdadır ki, ABŞ-da, Çində, Norveçdə və Almaniyada xidməti ezamiyyətdə olarkən və həmin ölkələrdə Azad Mirzəcanzadənin görkəmli alim kimi tanındığını və dəyərləndirildiyini eşidərkən bir azərbaycanlı kimi qürur hissi keçirirdim.
Bu böyük alimin elmi irsinə dünyanın nüfuzlu jurnallarında çap olunmuş 500-ə yaxın elmi məqalə, 100-ə yaxın monoqrafiya, dərslik, dərs vəsaiti, 50 ixtira və elmi kütləvi əsərlər daxildir.
Fikrimizcə, akademik Azad Mirzəcanzadə dünyanın nadir alimlərindən biri, bəlkə də yeganə şəxsdir ki, elmi fəaliyyəti ərzində 100-ə yaxın elmlər doktoru, 300-dən çox elmlər namizədi yetişdirmişdir. Bu sahədə dünya üzrə dəqiq hesabat aparılsaydı, Azad müəllim hətta Ginnesin rekordlar kitabına da düşə bilərdi, çünki bir ömür ərzində bu qədər doktorluq və namizədlik işinə rəhbərlik etmək, 400 ideya, yeni mövzu, istiqamət müəyyənləşdirmək, onları həyata keçirmək üçün qeyri-adi istedad sahibi, parlaq və fenomenal insan, yorulmaz və fədakar alim, çoxşaxəli fəaliyyəti uzlaşdıran şəxsiyyət olmaq lazım idi. Həm də yetişdirdiyi alimlər yalnız Azərbaycan vətəndaşları olmayıblar, 20-yə yaxın ölkənin kadrları ilə paralel işləyərək akademik Azad Mirzəcanzadə ölkəmizin beynəlxalq nüfuzunun yüksəlməsində öz xidmətlərini göstərib. Qeyd edim ki, Azad müəllimin rəhbərliyi ilə yalnız Başqıdıstanda 34 nəfər elmlər namizədi, 18 nəfər elmlər doktoru hazırlanmışdır. Ondan soruşanda ki, bir rəhbərin 400 alim yetişdirməsi nə qədər realdır? Cavabında belə deyərdi: “Mənim yüzlərlə ideyalarım olmuşdur ki, həmin ideyalar həm geologiya, həm qazma, həm neft və qazın hasilatının, nəqlinin, mədən mexanikasının və s. elm sahələrinin əsaslarının formalaşmasına xidmət etmişdir. Beləliklə, bir ideya bir neçə istiqamətin elmi bünövrəsini təşkil edərsə, onda burada qeyri-adi bir şey yoxdur”.
Azad müəllim azad adam idi – zəkası insan təxəyyülünün çata biləcəyi ən uzaq nöqtələrinə qədər inkişaf etmiş bu şəxsiyyətin məhdudiyyətsiz təfəkkürü kimi, hərəkətləri, münasibəti, qərarları da çərçivəsiz idi. Onun üçün kiminsə vəzifəsi, hökmü, səlahiyyəti, yaxud imkanı, nüfuzu, var-dövləti heç bir əhəmiyyətə malik deyildi. Dünyanın ali, xüsusi istedadlı dahi şəxsiyyətlərin əksəriyyəti kimi onun üçün də həqiqət, ədalət, mərdlik, əyilməzlik hər şeydən yüksək idi. Ali Attestasiya Komissiyasının və Dövlət Elm və Texnika Komitəsinin sədrliyi kimi yüksək vəzifələrdən istefa verəndə də, Azərbaycan Dövlət Neft Akademiyasının (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) kafedra müdirliyindən “papağını götürüb gedəndə” də Azad müəllim heç kəsin qarşısında əyilmədi, həmişə kişi jesti etdi. Onun nəinki sınmağını, hətta bir balaca əyilməyini görmək istəyən bədxahlarının arzusu isə həmişə ürəklərində qaldı.
Gördüyü və həyata keçirdiyi bu ölçüyəgəlməz işlərin, xidmətlərin müqabilində Azad müəllim “Mən hələ xalqıma çox borcluyam” deyirdi. Bu, əsl Azad Mirzəcanzadə milli vətəndaşlığı idi. O, öz mövqeyi, məhsuldar əməyi, parlaq ideyaları, yüksək mədəniyyəti, mənəviyyatı, şəxsi nümunəsi ilə bütün məsləkdaşlarını elmi axtarışların əlçatmaz zirvəsinə sövq edir, doğma Azərbaycanımıza vicdanla, ləyaqətlə xidmət etməyə səsləyirdi.
Xatirimdədir, Azad müəllim Ali Attestasiya Komissiyasının sədri işlədiyi 9 il ərzində onu müxtəlif yollarla ələ almağa çalışan saxta alimlərin birini də yaxın buraxmırdı, bir insan kimi nə qədər humanist, xeyirxah olsa da, bu məsələdə çox sərtlik, prinsipiallıq nümayiş etdirirdi. Ən maraqlısı budur ki, ixtisas baxımından mexanik olsa da, bu adam o qədər zəngin və hərtərəfli biliyə malik idi ki, istər filologiya, tarix, hüquq, ya tibb sahəsi olsun, istərsə də elmin yeni istiqamətlərindən biri, AAK-a gələn dissertasiyaları özü vərəqləyib onun elmi səviyyəsini müəyyən edirdi, yalnız bundan sonra ekspert komissiyasına göndərirdi. Böyük zəhmət hesabına başa gəlsə də belə şəffaf, obyektiv və sərt yanaşması ilə Azərbaycan elmini təsadüfi adamlardan qoruyaraq milli təəssübkeşliyi sözdə yox, əməldə həyata keçirməyi bacardı.
Açıq deyirəm ki, əgər istəsəydi, Azad müəllim dövrünün ən imkanlı adamlarından biri ola bilərdi, ancaq ləyaqəti, milli mənafeyi hər zaman uca tutan bu müdrik şəxsiyyət imzasını var-dövlətə satmadı. Müdrik Azad müəllim əyri yollarla elmi dərəcə almaq istəyən adamlar haqqında deyirdi ki, “bunlar professor adını ancaq öləndə başdaşı üzərində yazdırmaq üçün istəyirlər”. Mən şahidəm ki, hətta çox yüksək mənsəb sahibləri də, onunla bir məclisdə əyləşib əhvali-ruhiyyəsinin yüksək olmasından istifadə etmək arzusunda olanlar da Azad müəllimin sərt reaksiyası ilə rastlaşardı, sahibsiz, “qohum”suz, “adam”sız onlarla istedadlı alim isə çox qısa müddətdə dissertasiyasının təsdiqini alardı.
Onlarla, bəlkə də yüzlərlə şahid var ki, bu fikirləri təsdiq edər. Mən onlardan birini, görkəmli alim, Əməkdar hüquqşünas Firudin Səməndərovun xatirələrini yada salmaq istəyirəm. O danışırdı: “Bir gün mənə dedilər ki, Azad Mirzəcanzadə səni öz yanına dəvət edir. Doğrusu, narahat oldum, şəxsən tanımasam da, onun qəribə xasiyyətləri haqda eşitmişdim, bilirdim ki, nəinki kitab, dissertasiya, hətta hansısa məqaləni oxuyub bəyənməsə, amansız münasibət bildirəcək, həm də vəzifədə olan adamlara qarşı çox sərt mövqeyi var. Digər tərəfdən, təbiət elmləri sahəsində mütəxəssis olsa da, bütün elmləri, o cümlədən hüququ da yaxşı bilir, pisi-yaxşını dəqiq ayırd edir, o zamanlar neçə-neçə vəzifəli şəxsin namizədlik, doktorluq dissertasiyasını plagiat, ya da zəif olduğuna görə müəllifin gözləri qarşısında cırıb zibil qabına atmışdı. “Görəsən hansı yazım xoşuna gəlməyib, mənə nə deyəcək”, – fikirləşə-fikirləşə ehtiyatla qapısını döydüm. Rus dilində “zaxodite” (gəlin) qışqırtısından bir az da özümü itirib içəri keçdim. “Kimsiniz, nə istəyirsiniz?” soruşdu, özümü təqdim edəndə ayağa qalxıb ikiəlli görüşdü, yer göstərdi. “Cinayət hüququ. Cinayət və cəza məsələləri” kitabımla bağlı suallar verməyə başladı. Elə suallar ki, bu sualları dünyanın cinayət hüququ üzrə ən yaxşı mütəxəssisləri fikirləşə bilərdi. Onun güclü aurasının təsiri altında özümü böyük həyat təcrübəsinə malik insan, universitetdə rektor, Hüquq fakültəsində dekan işləmiş, uzun illər mühazirə oxumuş müəllimdən daha çox 5-ci sinif uşağı kimi hiss edirdim. Digər tərəfdən isə onun bu dərin, həm də bilavasitə ixtisasla bağlı suallarına cavab verdikcə rənginin açıldığını görüb özümə gəlirdim. Nəhayət, soruşdu ki, niyə doktorluq işi müdafiə etməmisiniz? Dedim ki, Azad müəllim, doğrusu, həmişə vaxt problemim olub, ancaq gələn ilə planlaşdırıram. “Xeyr”, – dedi, “bu iş gələn ilə qalmamalıdır. Siz yazdığınız kitablara və intellektinizə görə həmin ada bu gündən layiqsiniz”. Düyməni basıb kimisə çağırdı, sənədlərin hazırlanmasını tapşırdı, “bugünkü tarixdən Siz elmlər doktorusunuz, gedə bilərsiniz”, – deyib əlimi sıxdı.
Həqiqətən, bir müddət sonra məni AAK-a dəvət edib həmin tarixlə Hüquq elmləri doktoru diplomunu təqdim etdilər”.
Xoş hisslərlə xatırlayıram ki, onun Dövlət Elm və Texnika Komitəsinə və Ali Attestasiya Komissiyasına rəhbərlik etdiyi dövrdə mən də Azərbaycan təhsilinə rəhbərlik etmişəm və bu səbəbdən onunla arabir görüşürdük. Onun çox maraqlı, həm də qəribə xüsusiyyətləri var idi. Məsələn, bu adam neft sənayesi üzrə böyük mütəxəssis olsa da, iş otağında və evində masasının üzərində yalnız Üzeyir Hacıbəylinin şəkli olardı. Ali Attestasiya Komissiyasının sədri olan zaman stolunun üstü dəftər-kitabla, müxtəlif qeydlərlə, kağız-kuğuzla dolu olardı. Çox səliqəsiz, üst-üstə yığılmış bu kağız qalaqları adamı darıxdırdı. Ancaq Azad müəllim istənilən kitabı və ya dissertasiyanı kağızların arasından o dəqiqə tapa bilirdi. Maraqlı idi ki, iş masasının üstünü təmizləməyi, oranı sahmana salmağı qadağan etmişdi. Deyərdi ki, masanın üzərindəki qarışıqlıq onun həyat tərzini, iş rejimini əks etdirir.
Akademikin elmi əsərləri və monoqrafiyaları ingilis, fransız, türk, polyak, rus, bolqar, Çin və digər onlarla dilə tərcümə edilmişdir. Hazırda dünyanın bir çox ölkələrində “Mirzəcanzadə məktəbi”, “Mirzəcanzadə tənliyi”, “Mirzəcanzadə modeli”, “Mirzəcanzadə qanunu” və s. ifadələri elmi ədəbiyyatda geniş surətdə işlədilir və həmyerlimiz elmi əsərlərinə dünyada ən çox istinad edilən alimlər sırasındadır.
Gördüyü və həyata keçirdiyi bu ölçüyəgəlməz işlərin, xidmətlərin müqabilində Azad müəllim “Mən hələ xalqıma çox borcluyam” deyirdi. Bu, əsl Azad Mirzəcanzadə milli vətəndaşlığı idi. O, öz mövqeyi, məhsuldar əməyi, parlaq ideyaları, yüksək mədəniyyəti, mənəviyyatı, şəxsi nümunəsi ilə bütün məsləkdaşlarını elmi axtarışların əlçatmaz zirvəsinə sövq edir, doğma Azərbaycanımıza vicdanla, ləyaqətlə xidmət etməyə səsləyirdi.
Hesab edirəm ki, Azad Mirzəcanzadənin adı Azərbaycan xalqının son min ildə yetişdirdiyi Nizami Gəncəvi, Nəsirəddin Tusi, Üzeyir Hacıbəyli, Lütfi Zadə, Yusif Məmmədəliyev və digərləri kimi dühalarla bir sırada çəkilməli şərəfli adlardandır.
Özünün məşhur ifadəsi ilə desək, bilmirəm “deyə bildimmi?”, Azad müəllim.

Allah rəhmət eləsin..

Mənbə və müəllif: Misir Mərdanov

Filds medalına layiq görülən yeganə müsəlman qadın olan Məryəm Mirzəxani haqqında

Əziz dostlar, Sizə riyaziyyat sahəsində Nobel mükafatına bərabər hesab edilən Filds medalına layiq görülən yeganə müsəlman qadın olan Məryəm Mirzəxani haqqında qısa məlumat vermək istəyirəm.
O, 3 may 1977-ci ildə İran İslam Respublikasının Tehran şəhərində anadan olmuşdur. Atası Əhməd Mirzəxani elektrik mühəndisi, anası Zəhra Mirzəxani evdar qadın idi. Ailədə üç uşaq – iki bacı, bir qardaş olublar.
Məryəm ibtidai təhsilini Tehrandakı adi məktəbdə almış, orta təhsilini isə Nadir İstedadlıların İnkişafı liseyində davam etdirmiş, həmin illərdə riyaziyyat üzrə İran Milli Olimpiadasının iştirakçısı olmuşdur. O, 1994-1995-ci illərdə Beynəlxalq Riyaziyyat Olimpiadasında İranı təmsil etmiş, 1994-cü ildə qızıl, 1995-ci ildə isə ən yüksək bal toplayaraq yenə də qızıl medal almışdır.
1999-cu ildə İranın Şərif Texnologiya Universitetinin bakalavr pilləsini bitirmiş, sonra ABŞ-a köçmüş və təhsilini Harvard Universitetində davam etdirmişdir.
2004-cü ildə Filds Medal laureatı Curdis T. McMullenin elmi rəhbərliyi ilə “Hiperbolik səthlərdə sadə geodezik əyrilər və əyrilərin modul fəzasının həcmi” mövzusunda dissertasiya müdafiə etmişdir.
Məryəm 2004-cü ildə ABŞ-ın Clay Riyaziyyat İnstitutunda tədqiqatçı və Prinston Universitetində professor olmuşdur. 2008-ci ildən fəaliyyətini Stanford Universitetində professor kimi davam etdirmişdir.
2005-ci ildə Mirzəxani Stanford Universitetində professoru Jan Vodrakla ailə həyatı qurmuşdur. Onların Anahita adında bir qız övladları olmuşdur.

Məryəmə 2013-cü ildə süd vəzi xərçəngi diaqnozu qoyulmuşdur. O, 2014-cü ildə riyaziyyat sahəsində ən nüfuzlu mükafat olan Filds medalı almış ilk və yeganə müsəlmandır.
2016-cı ildə xərçəng sümük və qara ciyərinə yayılmış, 14 iyul 2017-ci ildə Kaliforniyada xəstəxanada 40 yaşında vəfat etmişdir. .
Şərif Universiteti təhsil aldığı riyaziyyat fakültəsinə Mirzəxaninin adının veriləcəyini bəyan etmişdir.

Mənbə və müəllif: Misir Mərdanov