QATIQ Qatıq deyib, fors eləmə qardaşım, Bir çox evdə süfrələrin padşahı. Baxırsan ki, bığlarınıda “bığ yağı”, Fors eləyir, cibində yox bir şahı. * * * Qatıq deyib, fors eləmə qardaşım, Bir çox evdə onun adı yavanlıq. Baxırsan ki, düz əməlli adamdır, Yazıq olub, evin yıxıb cavanlıq. * * * Qatıq deyib, fors eləmə qardaşım, Bir çox evdə kiçik dünya ibrəti. Nehrə onu elə qəşəng çalxayır, Söz artıqdı, tutan tutdu söhbəti… * * * Qatıq deyib, fors eləmə qardaşım, Ustac görüb tuluq-tuluq turş qatıq, İndi “yağ”dır “vitrin”ləri bəzəyir. Ya “şor” olub, ya “turş ayran”, ya “atıq”… 12.11.2022. Bakı.
Bəzən iddia olunur ki, Məhəmməd Füzulinin və Şah İsmayıl Xətainin əsərləri Azərbaycan dilinə vurulmuş ən böyük zərbədir. Və bu məsələni sübut etməyə çalışan bəzi şəxslər belə bir ifadə işlədirlər ki, “biz bu ədiblərin dilini başa düşmürük, müasir Azərbaycan dili ilə heçbir əlaqəsi yoxdur.”
Birincisi onu qeyd edək ki, Azərbaycan dilinin inkişaf prosesi qısa bir zaman kəsiyində deyil, uzun müddət davam etmişdir. Belə ki, ümumxalq dilinin formalaşması XIII-XVI əsrləri, ədəbi dilin formalaşması isə XVII və XX əsrləri əhatə edir. Ümumxalq dilimizə ən böyük töhfəni verən şəxslər də məhz klassik ədiblərimiz hesab edilir. Orta əsrlər dövründə yazıb-yaratmış İzzəddin Həsənoğlunun əlimizdə olan külliyyatı yazılı Azərbaycan dilinin qədimliyinin ən böyük göstəricisidir.
Apardı könlümü bir xoş qəmərüz canfəza dilbər,
Nə dilbər? Dilbəri-şahid. Nə şahid? Şahidi-sərvər.
Müasir dilçilik aspektindən bu beytin təhlilatına qalxmaq ən böyük cahillikdir. Çünki fars dilinin ədəbiyyatda tüğyan etdiyi dövrdə türk dilində yazmaq ənənəsi yeni başlamışdır.
Səfəvilər dövlətinin hakimiyyətə gəldiyi dönəmdə xüsusən də Xətainin zamanında ümumixalq dilimiz kifayət qədər inkişaf etmişdir.
Bu cümlədən оl nədəndürür piş?
Kim, məndən apara nuşi-biniş?
Linqvistik baxımdan beytdə nəzər yetirsək nədəndürür sözünün müasir dilimizdə nədəndir sözü ilə paralellik təşkil etdiyinin şahidi olarıq. Belə ki, orta əsrlər dövründə dır şəkilçisinin iki dəfə istifadə olunması müasir Azərbaycan dilinin tələblərinə uyğun olmadığı üçün səsdüşümünə məruz qalmışdır. Bundan əlavə Xətayi yaradıcılığında vurmaq sözü urmaq kimi rastımıza çıxmışdır. Müasir dilimizdə buna səsartımı deyilir. Sözügedən elementlər onu göstərir ki, dilimiz müasir səviyyəyə gələndə qədər müəyyən mərhələlərdən keçmişdir və bu mərhələlərdən keçirdənlər də klassik söz ustalarımız idi.
Düzdür Xətai türk dili ilə yanaşı fars dilində də yazıb yaratmışdır. Lakin onun fars dilini bilməsi dilimzə mənfi təsir göstərmir, əksinə ədibin savadlı olmasının bariz isbatıdır.
Pəs təcrübə kərdim dǝr in deyre-mökafat:
Ba Ali-Əli hər ke dar oftad, bər oftad!
Məhəmməd Füzuli yaradıcılığına gəldikdə isə Azərbaycan filologiyasının banilərindən olan Bəkir Çobanzadə qeyd edir ki, “…“Füzuliyə “mübaliğəçi”, “safdil” deyə biliriz. Lakin
Bu gün də, yarın da “yalançı”, “masalçı” deyəməyiz.”
Filoloqların gəldiyi qənaət budur ki, Füzulinin şeir dili orta əsr azərbaycanlısının saf xalq dili üslubunda idi. Misal üçün:
Bəni candan usandırdı, cəfadan yar usanmazmı?!
Fələklər yandı ahimdən muradım şəmi yanmazmı?!
Bu beytdə Bəni sözünün müasir qarşılığı məni sözüdür. Dövr irəlilədikcə B həri M hərfini əvəz etmişdir. Lakin əsl xalis söz Bən sözüdür. Belə ki, dilimizdə II şəxsin təki və cəmi S hərfi ilə (Sən, Siz), III şəxs də (O, Onlar) O hərfi ilə başlayır. Türk dili üçün səciyyəvi olan xasiyyət də budur ki, I şəxsin təki və cəmi də eyni hərflə başlamalıdır. I şəxsin cəmi Biz ikinci şəxsin təki Mən ola bilməz. Biz Orta əsrləri incələdikdə Füzulidə Bən sözünün istifadə edilməsinin şahidi oluruq. Bütün bunlar onu göstərir ki, Orta əsr klassiklərimiz öz dövrlərinin dil tələblərinə uyğun formada yazıb – yaratmışdırlar. Müasir dil aspektindən orta əsr insanının dilinə nəzər yetirmək cahillikdir. Düzdür, Füzuli tək Azərbaycan dilində deyil, eyni zamanda ərəb və fars dillərində də yazıb – yaratmışdır.
Misal üçün:
Əşrəqət min fələkil-behcətü şəmsün və biha
Mələəl-aləmə nurən və sürurən və bəha
Az öncə qeyd etdiyimiz kimi Füzulidə həmçinin Xətai kimi mütəfəkkir şair olduğu üçün ərəb dilinə də müraciət edirdi. Bu gün də müasir Azərbaycan şairləri dünyanın aparıcı dillərində, xüsusən də ingilis dilində əsərlər yazırlar, əgər biz müasir ədiblərimizi bu əsərlərinə görə Azərbaycan dilinə zərbəvuran kimi qiymətləndirsək, böyük xəta etmiş olarıq.
Mənbələr:
Nizami Xudiyev- Azərbaycan ədəbi dilinin tarixi- Bakı 2012 səh. 331-332
DƏNİZ NƏĞMƏLƏRİ – MƏHƏBBƏT NƏĞMƏLƏRİ (“Qəm karvanı” kitabına yazılan ön söz)
İş elə gətirdi ki, bu məqaləni sübh namazından sonra yazmağa başladım. Burada qeyri-adi, daha doğrusu, elə böyük bir sir olmasa da, bunun mənası və səbəbi var. Və həmin o əsas səbəb də ondan ibarətdir ki, yazmağa başladığım bu məqalənin baş qəhrəmanı, səbəbkarı uzun illərin yol yoldaşı, qələm dostum, şair dostum, ən nəhayət, dəniz dostum Rafiq Yusifoğludur. Əslində mən “dəniz dostum” kəlmələrini cümlənin əvvəlində işlətməliydim. Çünki gəlib elə bir vaxta çatmışıq ki, qələm, söz, istedad və qabiliyyət ucuzlaşıb, hətta bir az da dəbdən düşüb. İndi dəbdə olan, meydanlarda at çapan, maraq doğuran çox şey var, bircə ağıl və bacarıq, istedad və qabiliyyət, kişilik və mərdlik bu siyahıda yoxdur. Şəxsən mənim üçün və Rafiq üçün həmişə dəbdə olan, solmayan, təzə-tər qalan, heç vaxt köhnəlməyən, dəyişməyən bir sirli-sehrli, cənnətməkan ünvan, əbədi bir mövzu var – Xəzər dənizi! Biz hər gün səhər tezdən Xəzərin mavi qoynunda görüşür, hər il beş-altı ay onun bir az duzlu, bir az meyxoş suyunda doyunca çimir, köpüklü dalğalarında atılıb-düşür, bərkdən-boşdan çıxır, sonra hərəmiz bir dünya sevinclə ev-eşiyimizə qayıdır, işə yollanırıq. Bu, həyatın, taleyin bizə bəxş etdiyi ən böyük səadət və mükafatdır. İkimiz də bu taleyə, bu səadətə, bu mükafata görə Allaha minnətdarıq. Çünki həyatda çox mükafatı, var-dövləti, cah-cəlalı, mal-mülkü, taxt-tacı olan adam var, amma onların heç birisinin Xəzər kimi ali mükafatı yoxdur. Allah-Təala Azərbaycana, biz azərbaycanlılara çox böyük bir sərvət, var-dövlət, nadir inci, ləl-cəvahirat bağışlayıb. Ancaq əfsuslar olsun ki, çoxumuz nankorluq edir, bu boyda mükafatın, var-dövlətin ya qədir-qiymətini bilmirik, ya da onu layiqincə dəyaərləndirməyi bacarmırıq. …Bədii əsərlərdə həmişə bir və ya bir neçə müsbət qəhrəman olur. Mənim qeydlərimin də iki səbəbkarı, iki qolu, iki müsbət qəhrəmanı var: biri Rafiq Yusifoğlu, o biri Xəzər dənizi… Əvvəllər dənizə gələn dostlarımız lap çox olub. Tədricən onlar azalıb. Azalanlar, oyundan çıxanlar kimlər olub? Bizimlə yol gedə, ayaqlaşa bilməyənlər – ürəksizlər, məsləksizlər, diləksizlər, acgözlər, mənsəbpərəstlər, buqələmunlar… Dəfələrlə bizə qoşulan, lakin dəstəmizin əsas, aparıcı üzvləri ilə ayaqlaşa bilməyənlərə, yəni mənən bizə yaxın olmayan cılız ürək sahiblərinin şax üzlərinə demişəm: “Xahiş eləyirəm, sbahdan gəlməyin bizim dənizə. Hər cür eyş-işrəti, var-dövləti vermişik sizə, barı qoy bu dəniz bizə qalsın! Murdarlamayın Xəzərimizi!” “Bizim dənizimiz” ifadəsini təsadüfi işlətmədim. Doğrudan da, bu boyda dəniz bizimdir. Bizim deyəndə, yəni mənim kimi yüzlərin, minlərindir Xəzər. Ancaq küləkli günlərdə bizdən savayı bir kimsəni görmək qeyri-mümkündür onun sahillərində… Xəzərlı bağlı söz-söhbətim bir qədər uzansa da, bu uzun söhbət Rafiqlə, onun yaradıcılığı və yeni şeir kitabı ilə sıx surətdə əlaqəlidir. Məqsədim bu əlaqənin bəzi “düyün” və nüanslarını açmaqdan ibarətdir. Rafiq Qubadlıdan Azərbaycan Dövlət Pedaqoji Universitetinə gəlib oranı bitirsə də, o, bu gün özü də etiraf edib deyəcək ki, şairliyinə, ziyalılığına, üstəlik həyatda və elmdə qazandığı bütün uğurlara görə Xəzərə minnətdardır. Uzağa niyə gedək, “Qəm karvanı” poemasından savayı onun təzə kitabındakı bütün şeirlər ya bilavasitə Xəzərlə bağlıdır, ya da dəniz məhəbbəti, bu sevginin ona bəxş etdiyi ovqatla köklənən lirik şeirlərdir. – Xeyir, elə “Qəm karvanı” poemasının yazılmasında da dənizin rolu var, – deyə Rafiq sözümə düzəliş verir. – Sən ki yaxşı bilirsən mənim vəziyyətimi! Əgər Xəzərlə dostluğum olmasaydı, bəlkə elə ağır cərrahiyyə əməliyyatından da sağ-salamat çıxmazdım. Sağ olsun Xəzər ki, onu sevən ürəyim məni bu ağır imtahandan sağ-salamat çıxardı… Yoxsa “Qəm karvanı” yaranardımı?! Söhbət “Qəm karvanı”ndan düşdüyü üçün bir dost, qələm yoldaşı kimi yox, məhz kitabın redaktoru kimi mən Rafiqi dahi söz ustası, ölməz Füzulinin sevgi dünyasına, onun ümumbəşəri yaradıcılığına məhəbbətini də hər şeydən öncə gördüm. Vaxtilə poemanı qəzetdə oxusam, radioda, televiziyada dinləsəm də, etiraf edim ki, Rafiqin bu cür “Məcnunluğunu” görməmişdim. O, poetik siqlətli misraları ilə ölməz Füzulinin şeeir-sənət dünyasına yaxınlaşır, onun zəngin obrazına yeni ştrixlər əlavə edir: Qəlbimi dünyada kədər yaşatdı, Mələklər eşqinə göz yaşı tökdüm. Gözəllər o qədər mənə daş atdı, Yığıb özüm üçün qəmxanə tikdim… Əla deyilib! Hətta deyərdim ki, Rafiqin bu tipli misraları onun füzulişünaslığa şair töhfəsidir. Elə bu misralar da həmçinin: Babam, yetməsən də nazlı yara sən, Sevən ürəklərə nur ələmisən. Qoşun çəkməsən də bir diyara sən, Dünyanı sözünlə fəth eləmisən! Sözsüz, ədəbiyyatda, sənətdə hərənin öz uğuru, öz cığırı var. Birində bu uğur çox, digərində azdır. Tale elə gətirib ki, ədəbi uğurlarımız da bir-birimizin gözü qarşısında olub. Mən “Ədəbiyyat və incəsənət”, daha sonra “Bakı”, “Baku” qəzetləri redaksiyasında işləmişəm, o isə “Göyərçin” jurnalı redaksiyasında. O, vaxtaşırı bu qəzetlərdə çıxış edib, mən də “Göyərçin” jurnalında. Sonra yollarımız haçalanıb. Əməkdaşlıq əlaqələrimiz isə qırılmayıb. Mən Sumqayıtda “168 saat” qəzetinin redaktoru işləmişəm. Rafiq redaksiyamızın ştatlı işçisi olmasa da, onun ən fəal əməkdaşı – müxbiri sayılıb. Daha doğrusu, qəzetin hər sayını birlikdə buraxmışıq, birlikdə müzakirə etmişik. Qəzetdə o, təkcə şair kimi yox, publisist, ədəbiyyatşünas alim kimi yox, həm də əl boyda xırda, şirin, duzlu, yumorli hekayələrlə çıxış edib. Ona görə də cəsarətlə deyə bilərəm ki, “168 saat” qəzetinin oxunaqlı çıxmasında, az-çox uğur qazanmasında Rafiqin də rolu, əməyi vardır. Əlbəttə, Rafiq Yusifoğlu filologiya elmləri namizədi olsa da, doktorluq dissertasiyasını yazıb tamamlasa da, o, hər şeydən öncə şairdir, “Yusifoğlu” təxəllüsünü də məhz şair kimi qazanıb və bu gün ədəbi ictimaiyyət Rafiq Yusifoğlu imzasını daha çox şair imzası kimi tanıyır. Rafiqin nəşriyyatımıza təqdim etdiyi “Qəm karvanı” kitabının əlyazmaları ilə, necə deyərlər, üz-üzə, göz-gözə dayanıb “168 ssaat” qəzetini varaqlayıram. Az qala qəzetin hər sayında onun imzası ilə rastlaşıram. “Üç daş” şeiri diqqətimi cəlb edir. Nə üçün “Üç daş”? Yuxarıda qeyd etdiyim kimi, biz hər gün səhərimizi dənizdə açırıq və hər gün neçə-neçə xırda, alabəzək daş yığırıq. Elə daş ki, hərəsi bir rəssam əsəri, torpağın nadir incisi, möcüzəsi təsiri bağışlayır. Mən nəvələrim, o isə balaları, dərs dediyi tələbələr üçün yığır bu daşları. Hələ neçə dostunu da bu daşlara “qonaq” edir. Birdən “Üç daş” şeirinin misraları dilə gəlir və mən şairin lirik “mən”inin həzin pıçıltısını, ürək döyüntülərini eşidirəm: Üç daş bağışladım sənə bu səhər, Dəniz göndərmişdi onları sənə. Duyana adi daş gövhərdi, gövhər, Bəxş etdim duyğulu anları sənə. Təbəssüm bəzədi nurlu üzünü, Sevindin, gözündən boylandı yaşlar. Kim bilir, bəlkə də su pərisinin Donmuş göz yaşıydı bu xırda daşlar?! Bu üç daş üç kiçik toxuma bənzər, Heç biri zərrəcə götürməz ləkə. Üç daş bağışladım sənə bu səhər, Dedim: – ”Daş ürəyin” yumşaldı bəlkə?! Sənə aydın olar sözümün ardı, Fikirləş, üç daşın mənasını tap: Biri ürəyim tək cadar-cadardı, Biri sənin əlin, o biri mizrab. Üç daş bağışladım sənə bu səhər, Nədən qorxurdumsa, gəldi başıma. Məhəbbət ocağı köz tutsa əgər, Onlar dönə bilər ocaq daşına. Duysan o daşları, gözün dolacaq, Qaçıb gələcəksən qarşıma bir gün. Ya onlar ömrünə bəzək olacaq, Ya da çırpılacaq başıma bir gün… Oxucu fikirləşər ki, şeir burda bitir. Düzdür, şeir bitir, ancaq şairin bitib-tükənməyən arzu və məhəbbəti yaz bulağı kimi, dağ şəlaləsi kimi aşıb-daşır, çağlayır. O məhəbbət bir sevgi ağacı kimi gənc bir aşiqin ürəyində göyərir, yeni şeirə – “Ürəkdə bitən ağac”a çevrilir. Səni görən gündən dincliyim itib, Taleyim belədi, cəfakeşəm mən. Yazırsan: –Qəlbində bir ağac bitib, – Toxum cücərtməkdə gecikmişəm mən. Bəlkə xoş söz çəkdim dodaqlarından, Bəlkə bu sevdaya ellər gülüşdü?! Bəlkə o ağacın budaqlarından Mənim qismətimə üç alma düşdü?! İçimdə közərir gizli bir ocaq, Qəlbimdə bir təzə sevda doğulmuş. Bəlkə o üç alma xatırladacaq: Bu, sevda deyilmiş, şirin nağılmış?… Sağalmaz bir yara yoxdu dünyada, Bilirəm, sevdalı qəlbin kövrəkdi. Toxum cücərdənlər çoxdu dünyada, Mənə daş göyərdən ürək gərəkdi… Şairin məhəbbəti böyük, istəyi isə çox cüzidir: Sənin ürəyində bitən ağacın Üstündən bir şair nəfəsi əsdi. Meyvəsi kiməsə qismət olacaq, Mənə o ağacın kölgəsi bəsdi… Adam var ona dünyanı bağışlasan belə, yenə qane olmaz, acgözlük edər, deyər ki, azdır. Adam da var nəfsinin qulu deyil, mənən toxdur, aza da qane olur. Əslində bu da Rafiqin öz qənaətidir, yəni o, heç vaxt ad-san üçün döyüşməyib, özünü oda-közə atmayıb, taleyin ona verdiyi nə varsa, onunla qane olub, kifayətlənib. Qəzetimizin digər bir sayında Rafiqin “Necə yazacaq?” şeiri dərc olunub. Bu şeirin maraqlı yaranma tarixçəsi var. Onda (oktyabr-noyabr 1995) respublika parlamentinə namizədlər qeydə alınırdı. Ağal, qabiliyyət, bacarıq yarışından savayı hər cür əyri, naqis yarışlar gedirdi. Rafiq bu biabırçı, iyrənc mənzərəni görüb, sesmadı, öz şair səsini ucaltdı: Bu da bir yarışdı, düşüb bəhsabəhs, Ey xalqım, sən dostu, düşməni tanı. Bu gün ”Şirvan” verib imza alan kəs, Sabah sata bilər Azərbaycanı. Daralır boynuma ilişən halqa, Gəlir üstümüzə qara bir duman. Vedrəyə aldanıb səs verən xalqa Vedrə bağlayacaq tarix bir zaman. Çaşma hər yetənə uğur diləyib, Sınaq günlərimiz yaxınlaşır, ha! Çoxları mandatı qalxan eyləyib, Qılınc oynatmağa hazırlaşır, ha! Qoymayın düşməni bizə gülməyə, Nadanlar millətə qəbir qazacaq. Adını, soyunu yaza bilməyən Xalqın taleyini necə yazağaq?! Deyim ki, o vaxt bu şeir şəhərə əməlli-başlı səs saldı, ciddi söz-söhbətə səbəb oldu. Rafiqin qənaəti düzgün idi. O, gördüyünü, əsl həqiqəti qələmə almışdı. Axı, doğrudan da, xalq, millət seçicilərə vedrə paylayıb səs toplayan elçisindən nə gözləyə bilər? Belə millət vəkilləri kimə və nəyə lazımdıqr?! Əfsuslar olsun ki, şair harayını eşidən, ona məhəl qoyan tapılmadı. Deputatların böyük əksəriyyəti əvvəlcədən tərtib olunmuş siyahı ilə “seçildi”. Düzdür, haqqında söz açdığım bu şeir kitaba daxıl edilməyib. Ona görə ki, Rafiqin yeni kitabında ancaq onun dəniz nəğmələri, lirik ovqatlı, gənclik təravətln məhəbbət şeirləri toplanıb. Həm də bu, şairin öz arzu və istəyi ilə olub. Lakin nəzərə alsaq ki, hər bir qələm sahibi, daha çox şair eyni zamanda dövrün, zamanın salnaməçisidir və o, ən çətin məqamda belə susmamalı, bütün həyat həqiqətlərinə öz münasibətini bildirməlidir. Bu nöqteyi-nəzərdən Rafiqin real həyata publicist münasibətdən yaranan şeirə müraciət etməyi vacib sandım. Oxucu yəqin hiss etdi ki, mən qeydlərimdə Rafiq Yusifoğlunun kitabında toplanmış şeirlərdən çox dənizdən söz açdım. Bunu mən bilərəkdən etmişəm. Çünki bu kitabı Rafiqə məhz dəniz yazdırıb, onun dənizə olan sonsuz məhəbbəti, həm də bu dənizi ona sevdirən gözəllər yazdırıb. Görün şair birşeirində dənizi ona bağışlayan bir gözələ nə deyir: Yanğımı söndürmək olmaz, Dalğayla, yağışla, gözəl! Dəniz elə mənimkidir, Özünü bağışla, gözəl! Əgər Rafiq Yusifoğlu dənizi özününküləşdirirsə, onun haqqında geniş danışmağa da dəyər. Bəli, dəniz ilk növbədə onu sevənlərindir, qədir-qiymətini bilənlərindir. Bu siyahıda Rafiq də var, bu sətirlərin müəllifi də. Şair “Dənizlə söhbət” şeirində özünün dəniz məhəbbətini daha da böyütmək, genişləndirmək istəyir. Bu arzu və istəklə üzünü sevgilisinə tutub deyir: Gülüm, dəniz səni tanımır hələ, Deyir ki, qoy o da sənə qoşulsun, Ya dalğaya dönsün, ya da quş olsun. Məsəl var deyərlər: “Dost dosta tən gərək, tən olmasa, gen gərək”. Nə qədər Rafiq Yusifoğlunun ayrı biçimli, ayrı ovqatlı şeirlərindən söz ağmaq istəsəm də, dənizin məftunedici cazibəsindən çıxa bilmirəm, yenə dəniz nəğməli, dəniz ətirli şeirlər diqqətimi cəlb edir. Görürəm ki, bu “yanlış da bir naxış”dır. Həm də bu, çox təbiidir. İkimiz də dəniz aşiqi, dəniz dəlisi olduğumuzdan söz-söhbətimiz dənizdən yan keçə bilmir. Həm də ki, dəniz sevgisi, dənizə sonsuz məhəbbət kitabdakı şeirlərin canına hopub, qanına işləyib və onların hamısında bir isti nəfəs var: dəniz nəfəsi, dəniz ətri. Özü də bu şeirlər sanki bir himə bənddilər. Əgər onlara bir bəstəkar nəfəsi, musiqiçi, müğənni əli, barmağı toxunsa, misralar, beyt və bəndlər dərhal dilə gələr, şirin, yaddaqalan şərqiyə, nəğməyə dönər… Siz “Mənim dənizzim” şeirindəki bu həzin, kövrək misraların pıçıltısına baxın: Söz deyirəm ərk ilə, Arı qonmaz hər gülə. Ya qucaqla boynumu, Ya qoynunda qərq elə. Aşiqlərin ürəyi yuxa, kövrək olur. Biz, əlbəttə, lirik “mən”ə “qoynunda qərq olmaq” arzulamazdıq. Ancaq “qucaqla boynumu” deyərdik. Rafiq Yusifoğlunun bir neçə şeirinə bəstəkarlar, müğənnilər müraciət etsələr də, hələ bir xeylisi növbə gözləyir. Kitabda öz-özünə oxumaq istəyən, bəstələnmək arzusuyla yaşayan o qədər şeir var ki, yəqin ki, onlara da növbə çatacaq. Qeyd etdiyim kimi, kitabda şairin dəniz mövzusunda və yaxud dəniz ovqatı ilə yazılan silsilə şeirlərə geniş yer verilmişdir. Çətinlik çəkirəm deyim ki, bu şeirlərin ən yaxşı, yaddaqalanı hansıdır? Ona görə bu sualla şairin özünə müraciət etdim. –Dəniz haqqında ən yaxşı şeirimi hələ yazmamışam. Ümumiyyətlə dəniz elə bir əbədi, bəşəri mövzudur ki, hələ onu heç kim onun özündən yaxşı, sanballı vəsf edə bilməyib. Dəniz mənim ürəyimə, gözlərimə köçüb… Rafiqin fikri ilə razılaşıram. Eybi yox, qoy öz dediyi kimi olsun, bütün sənətkarlar kimi o da dənizə borclu qalsın… Redaktor hardasa buğda zəmisində alaq təmizləyənə oxşayır. Bu mənada Rafiqin “poeziya zəmisi” hər cür alaqdan xalidir… …Özüm bilə-bilə kitabda toplanmış şeirlər barədə geniş söhbət açmıram. Bunu tləbkar oxucuların öhdəsinə verirəm. Qoy onlar diqqətlə oxusunlar, rəy söyləsinlər. Mənim məqsədim dostum haqqında bir-iki xoş söz demək idi. Bilmirəm bu borcumu yerinə yetirə bildimmi?! Oxucu bu qeydlərimi necə qarşılayacaq, oxuyanda ağız büzməyəcək ki, onu deyə bilmərəm. Bircə onu deyə bilərəm ki, “Dəniz nəğmələri –məhəbbət nəğmələri” sərlövhəsinə sadiq qalmağa çalışmışam, şairin sevgi dolu şeir çələnginə məhəbbətlə yanaşmışam. Sən də bu nəğmə çələngini sevə-sevə, məhəbbətlə oxu, əziz oxucu! 1-4 avqust, 1997
Yer üzünün əşrəfi insandır. Belə deyirlər, belə də var. İnsanlığın şah əsəri də anadır! Ana! Anaya “müqəddəs varlıq” təsadüfi olaraq deyilmir. Odur ki, insan üçün mühüm əhəmiyyətli bir çox anlayışların qarşısında “ana” sözü yazılır: ana Vətən, ana dili, ana təbiət, ana yurd, ana torpaq.
Ana mövzusu həmişəyaşar, əbədi, əzəli və həm də yeni bir mövzudur. Ana obrazı həmişə məhəbbətlə tərənnüm olunub. Hər bir qadının şərəfi, böyüklüyü, ülviliyi onun analığındadır. Həyatdakı bütün uğurluğumuz üçün anaya borcluyuq və nə qədər çalışsaq da, onun borcunu qaytara bilmərik. Ana körpəlikdən ta həyatı sönənə kimi bizim qulluğumuzda durur, qayğımıza qalır, bizdən ötrü narahat, nigaran olur, gecələr sübhədək beşiyimiz başında oyaq qalır, xoşbəxtliyimiz naminə ömrünü şam kimi yandırır.
Yaradıcı simalar ona görə də qadın gözəlliyini ana obrazında ümumiləşdirmiş və əbədi obraza, qəhrəmana çevirmişlər.
Rembrant misli görünməmiş sənətkarlıqla çəkdiyi ana rəsmini “Madonna” adlandırmışdır. Bu əsər dünya incəsənətinin son dərəcə qiymətli sərvətlərindən biridir.
“Madonna” italyan dilində “Allahın anası”, “ilahi qadın” deməkdir. Rəssam rənglərin sehrli dili ilə ananı müqəddəsləşdirmiş və onu ən ülvi məqamda – ana qəlbinin hərarətini körpəsi ilə bölüşəndə canlandırmışdır. Sonralar bir çox madonna rəsmləri meydana gəlmişdir. Həmin portretlərin hər birində uşaq ananın sol qoynunda təsvir edilib. Niyə? Bu təsadüfdürmü? Yoxsa burada bir qanunauyğunluq var?
Sən demə, körpə ananın bətnində ananın ürək ritminə öyrənir. Dünyaya gələndən sonra uşaq sol qoyunda tutulanda ananın ürək döyüntülərinin sədaları altında özünü rahat hiss edir, sakitlik, dinclik tapır, ananı incitmədən yuxuya gedir.
Müasir analar da, çox güman ki, bu möcüzədən xəbərdardırlar, onlar da uşaqları qucaqlarına alanda övladlarını sol qoyunlarında tuturlar.
Körpəni yatıranda ana ona layla çalır. Həzin laylanın sədaları altında uşaq tezcə yuxuya gedir.
Şair Adil Cəmilin “Anama layla” şeirlər kitabını (Bakı: Elm və təhsil, 2020) oxuyanda xəyal məni qanadlarına alıb uzaqlara – analı günlərimə, anasız illərimə apardı. Valideyni, xüsusən də ananı itirmək çox böyük dərd, qüssə, fəlakətdir. Ana itkisi sarsıdıcıdır. Babalarımız təsadüfən deməmişdir: “Uşaq atadan deyil, anadan yetim qalır!”
“Anama layla!” Necə gözəl mənalandırmadır! Kaş övladlar anaya laylanı onun sağlığında çalaydılar. Ana yorğun olanda, ana dilxor olanda, ana narahat olanda, ananın yuxusu gələndə niyə ona layla çalmayaq?!
Kaş analar dünyalarını dəyişməyəydilər! Onsuz da analar dünyadan köçmürlər, daim bizimlədirlər!
Laylanı balalarına, övladlarına analar çalırlar. İnsanların ən zərif, kövrək hissləri övladla bağlıdır. Fəqət Adil Cəmil “Anaya layla” deyir. İtirdiyi anasını yada salaraq kövrəlir, ağlamsınır, bu gen dünya ona dar gəlir:
Hicran məni dara çəkir,
Sən yatan məzara çəkir.
Ey dərdimə yanan, lay-lay,
Anam lay-lay, anam lay-lay.
Adil Cəmilin kövəkliyindən, böyüklüyündən, zənginliyindən irəli gələn bir təşəbbüsdür, çox gözəl, çox uğurlu deyilişidir: “Anama layla!”
Anam deyib öyündüyüm,
Həsrətində üyündüyüm
Daş sükutlu sonam, lay-lay,
Anam lay-lay, anam lay-lay.
Şairi ağrıdan, için-için ağladan bir ana yoxluğudur, bir də Vətən dərdi. Çörəyi dizi üstə olan, şərəfsiz ermənilər şairin doğma yurd-yuvasını tutublar. Ananı doğma torpaqda dəfn etmək oğula qismət olmadı. Ana yurd həsrəti ilə dünyasını dəyişdi:
İndi ananın ruhu şaddır, oğul da sevinclidir. Doğma torpaqlarımız düşməndən azad edilib. Ali Baş Komandanın başçılığı altında müzəffər silahlı qüvvələrimiz erməni ordusunu darmadağın etmiş, düşməni torpaqlarımızdan, o cümlədən 1993-cü il aprelin 2-də erməni faşist işğalçılarının əlinə keçmiş Kəlbəcərdən də qovmuşdur!
Adil Cəmil ana niskili ilə “Anamın xatırəsinə” şerini də qələmə alıb. Ana heç zaman unudulmur, xatirəsi həmişə əzizdir, sağlığında da, cismən həyatdan köçəndə də. İfadə tərzinin mükəmməlliyi diqqət çəkir:
Bir qəmli dastan idi
Bu sabah bitdi anam.
Şair yaşadığı ağrını acı-acı, göz yaşı tökə-tökə, sızıldaya-sızıldaya, ürəyi sıxıla-sıxıla dilə gətirir:
Canımdan can qoparıb,
Son mənzilə o varıb
Dünyanı da aparıb
Dünyadan getdi anam.
Şairin qənaətincə, “dünyadan köçən anası dünyanı da özü ilə aparıb”. Budur, Adil Cəmilin ustalığı. Söz oynatmır, sözdən çələng hörür, sözün qüdrətini önə çəkir.
“Anama layla” kitabında ana mövzusundan başqa bir çox mövzularda şeirlər də vardır ki, onlar da maraqla oxunur, onlar düşündürür, tərbiyələndirir, yaxşı şeir yazmağın yolunu göstərir. “O yanda, bu yanda” bu kitaba daxil edilmiş birinci şeirdir. Elə bu ilk şerilə şair adamı öz təsiri altına salaraq, kitabı vərəqləməyə, digər şeirlərlə də tanış olmağa səsləyir:
O yanda yer qazılır
Kəhrizə çıxmaq üçün.
Bu yanda çay tələsir
Dənizə çıxmaq üçün.
İblis qatır aranı
Qan dizə çıxmaq üçün.
Hamı Həccə tələsir
Təmizə çıxmaq umun.
Yaşayırıq – gecədən
Gündüzə çıxmaq üçün (“O yanda, bu yanda” şeirindən).
Var ol, şair! Bəli, elə anlar olur ki, insan həyatdan küsür, bezir, xoşbəxtliyə çata bilmir, bir tikə çörəyə möhtac olur, şərə düşür, tora düşür – onda gecəsi-gündüzü ona haram olur. Yalnız “Yaşayırıq – gecədən, Gündüzə çıxmaq üçün”.
Bəzi harın adamlar da, məsləki – pul, məqsədi – yarınmaq, yalaqlanmaq, satılmaq, satmaq, mərdimazarlıq və pislik etmək, tor qurmaq olanların da aqibəti belə olur.
Adil Cəmil əslən Kəlbəcərdəndir. Bu rayon ölkəmizin dilbər guşəsidir. Havası təmiz, suyu ondan da tərtəmiz, dağlar qoynunda məskən salıb, yaşıllığa qərq olub, bulaqları bumbuz. Təbiəti gözəl! Belə yerin adamları da saf olur, dostcanlı, mərd, comərd, əli, dili düz, qonaqsevən olur.
Bu yerlərin sakinləri 30 illik həsrət çəkdilər. Adil kimi. Ağı dedilər, bayatı oxudular. “Vətən, hey!” səsləndilər.
“Anama layla” ərsəyə gələndə hələ torpaqlarımız azad olunmamışdı. Doğma yurdu üçün qəribsəyən, darıxan, özünə yer tapmayan Adil Cəmil qələmə sarıldı. Ah çəkməkdən usanmadı. “Qürbətdə qalan vətənə” baxa-baxa yazdı:
Ah çəkib uzaqdan Murova baxdım,
Kəlbəcər adında girova baxdım.
Dən düşən saçımda qırova baxdım…
Yazdan ayrılmamış qış hardan gəldi? (“Hardan gəldi” şeirindən).
Necə də gözəl ifadə olunub: “Ah çəkib uzaqdan Murova baxdım, Kəlbəcər adında girova baxdım”.
Kəlbəcər kimi gözəl diyarın girov olmağı, düşmənin burada at oynatması nəinki Adilin, eləcə də uzun müddət bizim hamımızın dərdi idi. Fəqət hamıdan daha çox Adil yandı-yaxıldı: “Gündoğan tərəfə baxan kəndimin, Qibləsi dəyişib günbatan oldu” – deyə haray qopardı, axşamlar kəndini yuxuda gördü, gündüzlər gözləri önündə canlandırdı, əzizlədi, oxşadı.
Adil Cəmil şeirlərində bu gününü, sabahını fikirləşməyi, ömrü mənalı yaşamağı, onu bada verməməyi insanlara tövsiyə edir. Şairin qənaətincə, həyatın mənası barədə düşünməyən, xoşbəxtliyin yollarını arayıb tapa bilməyənlər axırda peşman olur. Şeirdəki şəxs kimi:
Mən ömrümü “qurban olum” –
Deyə-deyə qurban verdim (“Qurban verdim” şerindən).
İnsanlar başqalarından ötrü fədakarlıq göstərməklə yanaşı özlərini də düşünməli, ömürlərini bihudə yerə qurban verməməlidirlər:
Sən demə arzular xam xəyal imiş,
Xəyallar Adili xamladı getdi (“Karvan köç elədi” şeirindən)
Şairin “İşğal günü” şeiri də maraqla oxunur, poçtalyonun yurd yerini tərk etməməsi adamda bir yandan fərəh, qurur hissi oyadır, digər yandan onu gözləyən acı tale təəssüf hissi oyadır:
Kəndimizin poçtalyonu
Kənddə qaldı işğal günü.
Obaya xəbər daşıyan
O insandan
Heç çıxmadı xəbər-ətər.
İşğal günü kəndi tərk etməyən poçtalyonu burada qalmağa vadar edən müəyyən səbəblər var. Əvvəla, o, yataq xəstəsi idi. Yalvarırdı ki, onu yerindən tərpətməsinlər. “Qurumuşdu ayaqları, Söz tutmurdu dodaqları”. İkincisi, onu kənddə qalmağa, burada ölməyə məcbur edən Vətən sevgisi idi: “Bura mənim obamdır, ömrüm-günüm burada keçib, qalıb burada ölüm” – deyirdi.
Poçtalyonun taleyi, təbii ki, bəllidir. Qocaya, xəstəyə, körpə uşağa, qadına rəhm etməyən erməni faşistləri, söz yox ki, poçtalyonu tapan kimi, şübhəsiz, qanına qəltan etmişdilər. Adil Cəmil demişkən:
Zülm varmı bundan betər
Ölüm varmı bundan betər.
Kitabda qandonduran bir fəryad var: oğul dərdi, oğul yoxluğu. Valideyn üçün övladı itirməkdən böyük dərd-sər təsəvvürə gəlməzdir.
Adil Cəmi onu için-için ağladan, sızladan bu hiss (dərsinə şərik oluram, əziz dost) dilə belə gətirir:
Daha varlığıma bu dünya dardı,
İşıqlı nə varsa aparıb getdin.
Dilimdə bir “oğul” kəlməsi vardı,
Onu da dilimdən qoparıb getdin (“Ay oğul atası, oğulsan tabla” şeirindən. Orxana ithaf).
Adil Cəmilin kitabda toplanmış digər şeirləri də uğurludur. Diqqət yetirək: “Soruşmayın əhvalımı” (Dünya fani, ömür hədər, Gedən gəlməz, gələn gedər), “Göy üzü səs saxlancıdır” (Məməm-mənəm deyənlərin, Mənliyində “Mən” yoxmuş), “Fikir adlı şum yerində” (Dağlar mənə dağ çəkəndən, Dağ görmədim dağım kimi), “Ay zalım fələk” (Gürşad əvəzinə, leysan yerinə, Gözümün yaşını tökdürdün mənə), “Dərdim” (Belimdə şələ var vallah öluncə, Neçəki diriyəm diridi dərdim) və s.
Kitabdakı şeirlərin bir qismində qardaş Qırğızıstan, onun təbiəti, insanları anılır. “Böyükçöl”, “Qırğız yaylasında”, “Ər Manasın aulunda”, “Bir vadidən gördüklərim”, “Çu çayı” və s. şeirlər bu qəbildəndir.
“Anama layla” kitabını vərəqləyib sona çatırdım. Öz-özümə: “Adil nə əcəb kitaba sevgi şeirləri daxil etməyib?” – deyə fikirləşirdim ki, nəhayət, axtardığımı tapdım: ”Uzanan ayrılıq ömür qısaldır”, “Bizim sevgi”, “Görüş yerində”, “Yanmağıma yanmıram”, “Səni düşünərkən”, “Bir sevda dəlisiyəm”. “O eşqin sarayı uçmayıb, gülüm”, “Sən”, ”Sən görmədin”, “Keçib” və s.
Sinəsində yeridiyin
Yamac oldum – sən görmədin.
Yollarına kölgə salan
Ağac oldum – sən görmədin.
Bu yerdə üzümüzü Adil Cəmilə tutaraq deyirik: başqa sevənlər də sən dərdə olublar, ürəyini sıxma. Gözəl şeirlər yaz, ürəyini də sıxma. Sevilən şairsən!